Super User

Super User

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon MKS-nin Padar kənd kitabxana filialında böyük Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyi münasibətilə “Xaqani Şirvani – 900 " adlı informasiya günü keçirilib.

 

Tədbirdə iştirakçılara Xaqani Şirvaninin həyatı və zəngin ədəbi irsi haqqında ətraflı məlumat verilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam barədə danışılıb.

Bildirilib ki, Xaqani Şirvani Azərbaycan ədəbiyyatının ən görkəmli lirik şairlərindən biri olub. Onun qəzəl, qəsidə və rübailəri Azərbaycan poeziyasının inkişafında mühüm rol oynayıb, klassik ədəbi ənənələrin formalaşmasına böyük töhfə verib. Şairin zəngin bədii irsi, dərin fəlsəfi düşüncələri və özünəməxsus poetik üslubu bu gün də yüksək dəyərini qoruyub saxlayır.

Sonda vurğulanıb ki, Azərbaycan xalqının zəngin mədəni və ədəbi irsini qorumaq, klassik söz ustalarının yaradıcılığını öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Xaqani Şirvani kimi dahilərin irsinin təbliği milli-mənəvi dəyərlərimizin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından böyük əhəmiyyət daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

 

 

 

 

 

Ülviyyə Əbülfəzqızı,

 “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.

Bu dəfə ekspress sorğumuza "İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin üzvləri cavab verdilər.

Beləliklə, sual və cavabları Sizə təqdim edirik.

 

 Süni intellektin musiqi bəstələdiyi və səs tonlarını təqlid etdiyi bir dövrdə canlı ifa ilə izləyiciləri necə ovsunlamaq olar?

 

Turanə Orucova, "İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi"nin sədri:

-Süni intellekt musiqi yaratmaqda və səs tonlarını təqlid etməkdə sürətlə inkişaf etsə də, o, insan ruhunu, səhnə enerjisini və canlı ifanın yaratdığı emosional bağı tam əvəz edə bilməz. Canlı ifanın ən böyük gücü sənətçinin dinləyici ilə qurduğu səmimi ünsiyyətdə, improvizasiyasında və hər ifada yaşanan fərqli hisslərdədir.

Xüsusilə Azərbaycan musiqisi, muğam, xalq musiqisi və klassik ifaçılıq məktəbi dərin mənəvi zənginliyə, improvizasiya ənənəsinə söykənir. Bu incəliklər yalnız texniki səslənmə deyil, illərlə formalaşan sənət təcrübəsi, duyğu və mədəni yaddaşın vəhdətidir. Süni intellekt müəyyən üslubu təqlid edə bilər, lakin ifa zamanı yaranan həyəcanı, nəfəsin ritmini, auditoriyanın reaksiyasına uyğun dəyişən interpretasiyanı və sənətkarın qəlbindən gələn enerjini yarada bilməz.

Bu gün izləyicini ovsunlamağın yolu təkcə gözəl səsdən deyil, həm də səmimiyyətdən, peşəkarlıqdan, səhnə mədəniyyətindən və canlı emosiyalardan keçir. Texnologiya sənətə dəstək ola bilər, amma əsl sənəti yaradan və yaşadan yenə də insandır.

 

Şahbaz Ali, müğənni, prodüsser:

-Süni intellektin bizim muğamımızdan xəbəri yoxdur. Ümumiyyətlə, muğam çox dərin bir janrdır, onu çox az xanəndə sonuna qədər bilir, o qaldı ki, süni intellekt bilsin. Azərbaycanda bəstələnən, aranjiman olunan mahnılar muğamlar ən çox da "Bayatı-Şiraz" üzərində qurulur. Yəni, muğamdan bir az anlayışı olan insan mahnının süni intellekt tərəfindən bəstələnib-bəstələnmədiyini dərhal anlaya bilər, məncə. Əlavə olaraq, emosiyalar və vokal performans baxımından süni intellekt ciddi səhvlər edir, peşəkar musiqiçi bunları eşidib rahatlıqla ayıra bilir.  

 

Sevda Əşrəfova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi:

Mənim fikrimcə, süni intellekt işləri asanlaşdırır, amma hansısa bəstəkarın əli dəyməmiş musiqi və ya söz təbii ki də quru alınır.

Məncə, süni intellekt bizim işimizi asanlaşdırır amma, bəstəkarı və ya musiqiçini əsla əvəz edə bilmir.

 

Kamran Eldarov, Azərbaycan Milli Konservatoriyasında magistrantı:

-Mən, ümumiyyətlə, nəinki süni intellekt, heç fonoqramla olan ifanı belə dəstəkləmirəm, çünki hər bir ifaçı öz ifasını sərbəst şəkildə hər zaman ifa edə biləcək vəziyyətdə olmalıdır. Qaldı ki süni intellektə, o bizim muğamları düzgün bilə bilməz. Muğam sənəti çox ağır və sərbəst sənətdir, neçə ilin xanəndəsi bu şöbə və guşələri oxumağa çətinlik çəkir, qaldı ki süni intellekt bu çətin işin öhdəsindən gələ bilsin.

 

Aysu Dəmirova, Bakı Mühəndislik Universitetinin tələbəsi:

-Texnologiya nə qədər inkişaf etsə də, süni intellekt insanın hisslərini, səhnədə yaşadığı həyəcanı və tamaşaçı ilə qurduğu canlı emosional əlaqəni tam əvəz edə bilməz. Süni intellekt musiqi bəstələyə və səsi təqlid edə bilər, lakin hər canlı ifa özünəməxsus anlar, improvizasiya və səmimiyyət daşıyır. İzləyicini ovsunlamağın yolu təkcə güclü səsdən deyil, ifaçının enerjisindən, səhnə mədəniyyətindən, tamaşaçı ilə ünsiyyətindən və musiqini ürəkdən təqdim etməsindən keçir. İnsanlar konsertə yalnız mahnı dinləməyə deyil, hiss etməyə, duyğulanmağa və unudulmaz xatirələr qazanmağa gəlirlər. Düşünürəm ki, gələcəkdə süni intellekt musiqi sahəsində köməkçi vasitə kimi istifadə oluna bilər, amma canlı ifanın ruhunu və insan toxunuşunu əvəz edə bilməyəcək. Çünki sənətin əsasında emosiya, səmimiyyət və insan faktoru dayanır.

 

Zənurə Həsənli, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi:

-Süni intellekt nə qədər inkişaf etsə də, məncə, canlı ifanın yerini tam tuta bilməz. Çünki insanlar yalnız səsi deyil, hissi də dinləyirlər. Səhnədə səmimi olmaq, mahnını ürəkdən oxumaq, tamaşaçı ilə göz təması qurmaq və onlarla ünsiyyət yaratmaq ifanı daha təsirli edir. Hər canlı ifa fərqlidir və məhz bu fərqlilik onu xüsusi edir. Süni intellekt musiqi yarada bilər, amma insanın hisslərini və səhnədə yaratdığı o xüsusi ab-havanı eyni şəkildə çatdıra bilmir. Buna görə də izləyicini ovsunlamağın ən yaxşı yolu səmimi, enerjili və ürəkdən gələn bir ifadır.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

 

Bazar ertəsi, 13 İyul 2026 13:33

O qatarın arxasınca baxma...

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

İnsan həyatında bəzi səhnələr var ki, onlar bir neçə saniyə davam etsə də, ömrün yaddaşında illərlə yaşayır. Vağzalda yavaş-yavaş hərəkət edən bir qatar, pəncərədən son dəfə əl yelləyən bir insan, platformada donub qalan baxışlar... Qatar uzaqlaşdıqca sanki təkcə relslərin səsi eşidilmir, həm də ürəyin içində qırılan xəyalların səsi duyulur.

 

Amma bəlkə də həyatın bizə öyrətmək istədiyi ən böyük həqiqət budur: o qatarın arxasınca baxma. Çünki hər gedən qatar geri dönmək üçün yola çıxmır.

İnsan qəribə varlıqdır. Gedəni saxlaya bilməyəndə onun arxasınca baxaraq təsəlli tapacağını düşünür. Elə bilir ki, son dəfə baxmaq ayrılığı yüngülləşdirəcək. Halbuki o son baxış ayrılığı bitirmir, əksinə, onu daha da uzadır. Qatar gözdən itir, amma insanın baxışları hələ də relslərin üstündə qalır.

Həyat da buna bənzəyir. Bəzən bir insan gedir. Bəzən bir dostluq bitir. Bəzən illərlə qurduğun bir xəyal dağılır. Bəzən isə geri qaytarmaq üçün hər şeyi verməyə hazır olduğun bir zaman əllərinin arasından sürüşüb gedir. Sən isə olduğun yerdə dayanıb yalnız uzaqlaşanı izləyirsən.

Halbuki həyat heç vaxt dayanıb gözləmir. Vağzalda bir qatar gedəndə başqa bir qatar artıq gəlmək üçün yoldadır. Təbiətin qanunu da budur. Boşalan yer dolur, bitən yol yenisinə çevrilir. Gedənin ardınca sonsuz baxmaq isə gələnin səsini eşitməyə mane olur.

Ən ağır yük keçmişin özü deyil. Ən ağır yük keçmişi buraxa bilməməkdir.

İnsan bəzən yaddaşını evə çevirir. Hər gün köhnə xatirələrin qapısını açır, eyni söhbətləri düşünür, eyni səhvləri təkrar yaşayır. O artıq keçmişdə baş verənləri yaşamır, keçmiş onu yaşayır.

Elə buna görə də bəzi insanlar irəli gedə bilmirlər. Ayaqları bu gündə olsa da, ruhları illər əvvəl yola düşmüş bir qatarın son vaqonundan yapışıb qalır.

Hər ayrılıq itki deyil. Bəzən gedən insan həyatından çıxmalı idi ki, sən özünü tapa biləsən. Bəzən bitən münasibət səni məhv etmək üçün yox, daha güclü etmək üçün bitir. Bəzən bağlanan qapı cəza deyil, yanlış otaqdan çıxışdır.

Bunu yalnız zaman öyrədir. İllər sonra geriyə baxanda insan anlayır ki, vaxtilə ağladığı bəzi ayrılıqlar əslində onun xilası imiş. Əgər o qatar dayanıb səni də özü ilə aparsaydı, bəlkə də bu gün sahib olduğun bütün gözəlliklərdən məhrum qalacaqdın.

Həyatın paradoksu da budur. Biz çox vaxt itirdiklərimizə yas tuturuq, amma onların bizi hansı itkilərdən qoruduğunu bilmirik.

Qatar metaforu təsadüfi deyil. Qatar relslər üzərində yalnız irəli gedir. O geri dönərək eyni yolu təkrar yaşamır. Təbiət də belədir. Zaman da belədir. İnsan ömrü də belə olmalıdır.

Keçmişdən dərs almaq lazımdır, amma keçmişdə yaşamaq yox. Çünki geriyə baxaraq irəlidəki yolu görmək mümkün deyil.

Ən gözəl günlərin çoxu hələ yaşanmayıb. Ən gözəl insanlar hələ tanış olmayıb. Ən gözəl sözlər hələ deyilməyib. Ən böyük uğurlar hələ qazanılmayıb. Ancaq bütün bunlar yalnız başını qaldırıb qabağa baxan insanlar üçündür.

Platformada saatlarla gedən qatarın arxasınca baxan adam isə gələn qatarı qaçırır. Bu, yalnız dəmir yolunun qaydası deyil, həyatın da qaydasıdır.

Bəzən insan "kaş" sözünün əsiri olur. Kaş o sözü deməsəydim. Kaş o gün getsəydim. Kaş saxlasaydım. Kaş dəyişsəydim.

Ancaq "kaş" heç vaxt zamanı geri qaytarmır. O yalnız insanın bu gününü oğurlayır.

Əsl cəsarət keçmişi dəyişmək deyil. Əsl cəsarət dəyişdirə bilmədiyini qəbul edib yenidən yoluna davam etməkdir. Çünki həyat heç kimi gözləmir.

Vağzallarda ən təsirli səhnələrdən biri də budur: biri gedir, biri qalır. Gedən yoluna davam edir. Qalan isə elə bilir ki, həyat onunla birlikdə dayanıb.

Əslində isə relslərin o biri başında başqa şəhərlər, başqa insanlar, başqa talelər var. Sənin də.

Bəlkə də bu gün itirdiyini düşündüyün şey sabah minnətdarlıqla xatırlayacağın bir ayrılıq olacaq. Bəlkə də bu gün bağlanan qapı sabah açılacaq on qapının başlanğıcıdır.

İnsan bunu yalnız irəli addımlayanda görə bilir.

Ona görə də gedənə dua et, amma arxasınca ömür sərf etmə. Bitənə hörmət et, amma həyatını onun məzarı üzərində qurma. Xatirələri sev, amma gələcəyini onlara girov vermə.

Çünki relslər yalnız keçmişə yox, gələcəyə də uzanır. Və hər vağzalda yeni bir qatar dayanır.

Bəzən gecikir, bəzən gözlənilmədən gəlir, bəzən isə insan onu ilk baxışda tanımır. Amma gəlir.

Yetər ki, sən hələ də çoxdan gözdən itmiş bir qatarın arxasınca baxıb qalma.

Başını qaldır. Dərin bir nəfəs al. Çamadanını götür. Yeni biletini cibinə qoy.

Və unutma:

Həyat gedən qatarların arxasında deyil. Həyat minməyə cəsarət etdiyin növbəti qatardadır.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

 

 

Sumqayıt Bələdiyyəsinin 2026-cı ilin birinci yarısında fəaliyyətinin əsas nəticələrinə dair hesabatı yığıncağı keçirilib

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Kim deyir ki bələdiyyələr arabanın 5-ci təkəridir? Bələdiyyələrin lazımsız, nüfuzsuz təşkilat olmasından bəhs edənlərin Sumqayıt Bələdiyyəsinin fəaliyyətindən xəbərləri vardırmı?

 

Sumqayıt şəhərinin inkişafı təsadüflərin yox, məqsədyönlü fəaliyyətin nəticəsidir. Son altı ay ərzində Sumqayıt Bələdiyyəsi sakinlərin rifahının yüksəldilməsi, şəhər infrastrukturunun yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və ictimai xidmətlərin keyfiyyətinin artırılması istiqamətində ardıcıl fəaliyyət göstərib. Xüsusilə vurğulayaq ki, Sumqayıt şəhəri son 10 il ərzində sözün əsil mənasında böyük inkişafa nail olunub. Ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əzimkar və yorulmaz fəaliyyəti nəticəsində şəhər abad və gözəl diyara çevrilib.

Bu fikirlər  YAP-nın Sumqayıt şəhər təşkilatının inzibatı binasında  keçirilən Sumqayıt Bələdiyyəsinin 2026-cı ilin birinci yarısında fəaliyyətinin əsas nəticələrinə dair hesabatı yığıncağında səsləndirilib. Sədr Adil Xudadatov hesabat məruzəsi ilə geniş çıxış edib. Bildirib ki, 2026-cı ilin 6 ayı ərzində ümumilikdə Sumqayıt Bələdiyyəsinə daxil olmuş müraciətlər və digər zəruri məsələlər əsasında 18 bələdiyyə  iclası keçirilib və bu iclaslarda müxtəlif səpkidə 761 məsələ müzakirəyə çıxarılıb.

Bələdiyyə rəhbərliyinin və icra aparatının şöbələrində qəbulda 1085 nəfər vətəndaş olub. Daxil olan ərizə və müraciətlərin baxılması qanunla müəyyən edimiş müddət ərzində təmin edilib. Bundan əlavə Sumqayıt Bələdiyyəsində şəhid ailələri və qazilər qəbul olunaraq onların müraciətləri dinlənilib, qayğı və problemləri ilə yaxından maraqlanılıb. Şəhid ailələri və qazılara göstərilən diqqət və qayğı dövlət-vətəndaş həmrəyliyinin, milli-mənəvi dəyərlərə verilən yüksək önəmin bariz nümunəsidir.

Sədr hər kəsin diqqətinə çatdırıb ki, 2026-cı ilin may ayının 16-dan 22-dək Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov və bələdiyyənin nümayəndə heyəti Türkiyə Respublikası Samsun Bələdiyyəsinin sədri Halit Doğanın dəvəti ilə partnyor şəhərə səfər edib. Nümayəndələr Samsun şəhərində 19 may - Atatürkü Anma, Gənclər və İdman bayramına  həsr edilmiş tədbirlərdə iştirak ediblər.

Sumqayıt Bələdiyyəsinin 2026-cı ilə yerli sosial müdafiə proqramı əsasında bir sıra layihələr icra olunub. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı 8 may tarixində Milli Qəhrəman Əliyar Əliyev küçəsi,Yaşıldərə Yeni Yaşayış Massivi ərazisində “Bələdiyyə parkı”nın  açılış tədbiri keçirilib. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.

Novruz Bayramı münasibəti ilə keçirilən ümumşəhər tədbirinin ardınca Yaşıldərə yaşayış massivindəki Bələdiyyə parkında  aztəminatlı ailələr , eləcə də massiv sakinləri üçün şənlik təşkil edilib.

Sumqayıt Bələdiyyəsinin 2026-cı ilə yerli sosial inkişaf proqramı çərçivəsində cari ilin birinci yarısında, sahəsi 1700 kv.metr təşkil edən Sumqayıt Bulvarında yerləşən yeni inzibati binanın alınması olub.

Bununla yanaşı cari ilin birinci yarısında bələdiyyənin sifarişləri əsasında icra edilmiş layihələr şəhər ərazisinin abadlaşdırılması, küçə və avtobus marşrutları boyu üzrə yolların əsaslı və cari təmiri, Sülh prospekti boyu məhəccərlərin quraşdırılması, “Bələdiyyə parkı”nın saxlanılması, küçələrin işıqlandırılması, Yeni Yaşayış Massivində yaşıllıq zonasının salınması və digər layihələr uğurla icra edilib. Cari ilin birinci yarısında yerliözünüidarəetmə orqanın sifarişləri əsasında Sarıqaya bağlar ərazisində 17 və 18 saylı avtobus marşurutu boyu yola yeni asfalt örtüyü qoyulub. Şəhid Milli Qəhrəman Əliyar Əliyev küçəsi 39 saylı marşurut istiqaməti,o cümlədən 33 saylı və 10 A saylı avtobus yolu da abadlaşdırılaraq asfaltlanıb.

Sumqayıt  Bələdiyyəsinin  Məhəllə komitələri tərəfindən  2026-cı ilin 6 ayı ərzində (yanvar-iyun)  bir sıra layihələr həyata keçirilib. Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə məhəllə komitəsinin ərazisində İşağa Quliyev küçəsinə 2 min kv.m hissəsi asfalt örtüyü döşənmiş, Böyük Qafqaz küçəsinə isə  600 kv. metr hissəsinə asfalt qırıqları səpilmişdir.  Sumqayıt şəhər İcra Hakimiyyəti əməkdaşları ilə kordinasiyalı fəaliyyət nəticəsində Bələdiyyə qulluqçuları küçə ticarətinə qarşı reydlər təşkil edib. Şəhər Nəqliyyatında maarifləndirici tədbirlər keçirilib.

İlin əvvəlindən “Bələdiyyə parkı”nda 19 min kv.metr qazona daimi xidmət göstərilib.

Şəhərimizin mühüm mədəniyyət ocaqlarından biri olan “Muğam və Yaradıcılıq Mərkəzi” 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Sonradan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun Sumqayıt Bələdiyyəsinə göstərdiyi etimad nəticəsində Muğam Mərkəzi bələdiyyənin mülkiyyətinə verilib. Muğam və Yaradıcılıq Mərkəzində ilk rəsmi tədbir 21 yanvar 2026-cı il tarixində keçirilib və həmin gün Sumqayıt Bələdiyyəsinin 2025-ci ilin fəaliyyətinə dair hesabat iclası təşkil olunub. Hesabat iclasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, eyni zamanda Azərbaycan Respublikası Şəhər Bələdiyyələri Milli Asossasiyasının sədri Təmraz Tağıyev, millət Vəkilləri və şəhər ictimayəti iştirak ediblər. Cari ilin ötən dövrü ərzində Mərkəz şəhərin ictimai-mədəni həyatında mühüm rol oynayaraq 15-dən artıq müxtəlif tədbirə ev sahibliyi edib.

Yeni Yaşayış Massivi 2-ci məhəllə ərazisində Dəmir yolundan əraziyə keçid üçün beton panelli körpü tikilib.

 Həmçinin ərazidə çirkab sularının axıdılması məqsədilə 250 metr uzunluğunda kanalizasiya xətti çəkilib.  İnşaatçı 1 saylı məhəllə komitəsinin ərazisində diametri 300 mm olan kanalizasiya boruları təmizlənmiş, ərazidəki məktəb yoluna yeni  kanalizasiya borusu salınıb .

Hesabat dövründə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılıb.   

 Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilir, müxtəlif telekanalların vasitəsi ilə yayımlanır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılmasında bələdiyyənin elektron səhifəsi, poçtu, sosial şəbəkə hesabları,  məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir. Bələdiyyənin təşkil etdiyi müxtəlif tədbirlərlə bağlı paylaşımlar apa.az, belediyye.info, belediyye-info.az , Den.az, Denmedia.az “Sumqayıt” qəzeti və müxtəlif mətbuat orqanlarında işıqlandırılıb.

Daha sonra Sumqayıt Bələdiyyəsinin sədr müavinləri Nərmin Mehdiyeva, Orxan Bəndəliyev, Orxan Adıgözəlov xidməti sahələri üzrə fəaliyyətlərinə dair hesabat veriblər.

Ardınca Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Əli Ələkbərli, Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi Hüseyn Məmmədov, Azərbaycan Bələdiyyələri Milli Assosiasiyasının "Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi" QSC-nin direktoru Adil Əhmədov, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəis müavini Bayram Bayramzadə,  Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisi Anar Həsənov, Ədliyyə İdarəsinin əməkdaşı Rüfanə Ömərova, Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri Eldar İsmayılov və Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Gündüz Əliyev çıxış edərək, Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin qənaətbəxş hesab ediblər. Sonda bir sıra Bələdiyyə qulluqçusuna Fəxri Fərmanlar təqdim edilib.

Sumqayıt 3-cü miniliyin dinamik inkişaf tempinə uyğun inkişaf edən Azərbaycan şəhəridir, orada fəaliyyət göstərən hər bir qurum, hər bir şəxs bu inkişaf tempinə uyğunlaşaraq şəhərin böyüməsinə, gözəlləşməsinə öz töhfəsini verir.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun quruluşunda Xalq şairi, “Şöhrət” və “Şərəf” ordenli görkəmli xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında yazıçının "Sürgün sevgi" əsəri əsasında eyniadlı iki hissəli milli faciə janrında yeni tamaşa hazırlanır. 

 

XX əsrdə Azərbaycan xalqının üzləşdiyi repressiyalar, sürgünlər, milli faciələr və insan talelərindən bəhs edən təsirli səhnə əsərində 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə hökm sürən ictimai-siyasi gərginlik, xaos, vətəndaş qarşıdurması və həmin dövrün ağır ictimai reallıqları bədii müstəvidə əks olunur. Müəllif sovet hakimiyyəti illərində baş vermiş repressiyaları, ziyalıların təqibini, ailələrin parçalanmasını, sürgün və faciələrlə müşayiət olunan insan talelərini bədii dillə tamaşaçıya çatdırır.

Əsərdə vurğulanır ki, sovet totalitar rejimi dövründə minlərlə günahsız insan həbs olunub, güllələnib və ya sürgünə göndərilib. Repressiyalar yalnız həmin şəxsləri deyil, onların ailə üzvlərini, övladlarını və yaxın qohumlarını da əhatə edib. Tamaşa bu ağrılı tarixi hadisələrin insanların taleyində buraxdığı dərin izləri emosional və təsirli səhnələrlə canlandırır.

Səhnə əsərində eyni zamanda 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, ölkədə vətəndaş qarşıdurmasının qarşısının alınması, dövlətçiliyin qorunması istiqamətində atdığı addımlar, eləcə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan və çətin dövrlərdə xalqın yanında olan ziyalıların fəaliyyəti bədii şəkildə təqdim edilir.

Müəllif Sabir Rüstəmxanlı və quruluşçu rejissor Ağalar İdrisoğlu tarixi hadisələri dərin məzmunlu dialoqlar, kəskin dramatik qarşıdurmalar və təsirli səhnə həlləri vasitəsilə tamaşaçıya təqdim edirlər. Tamaşada vətən sevgisi, azadlıq uğrunda mübarizə, insan ləyaqəti, sevgi və sədaqət kimi ali dəyərlər ön plana çəkilir.

Tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, xormeysteri Əməkdar müəllim Firəngiz Xəlilova, quruluşçu rəssamı Osman Osmanov, tərtibatçı rəssamı Nizami Dadaşov, plastik hərəkətlər üzrə quruluşçusu Kamil Ağazadə, videoqrafı Rais Bəhrami, rejissor assistenti isə Fazilə Rzayevadır.

Zəngin səhnə tərtibatı, maraqlı mizanlar və kütləvi səhnələrlə seçilən tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, İlahə Səfərova, Xatirə Süleymanova, Elmira Kərimova, Fəranə Musayeva, Sədaqət Nuriyeva, aktyorlar Vəfa Qurbanova, Mətanət Əmirullayeva, Yeganə Məmmədova, Əjdər Zeynalov, Habil Xanlarov, Elay Xasıyev, Rövşən Əsgərov, Məryəm Hüseynli, Aysel Hümbətova, Emil Həmidov, Şəhriyar Aşkari, Günəş Bağırsoy, Cavanşir Eyyubzadə, Şəms Abdullayeva, Elmir Mehdiyev, Ramazan Xanlarov, İlham Səfərli, Dağlar Rüstəmov, Şəhla Məmmədova, Akif Mirzəyev, Rövşad İlyasov, Səyavuş Mahmudov, Kamran Muradlı və digər aktyorlar müxtəlif xarakterli obrazlar yaradırlar. Kütləvi səhnələrdə isə teatrın bütün yaradıcı kollektivi iştirak edir.

“Sürgün sevgi” tamaşasının premyerasının növbəti teatr mövsümündə - sentyabr ayının sonlarında keçirilməsi nəzərdə tutulur. Tarixi hadisələrə fərqli bədii prizmadan yanaşan bu səhnə əsərinin tamaşaçılar tərəfindən maraqla qarşılanacağı gözlənilir. Tamaşa yalnız bir sevgi hekayəsini deyil, həm də bütöv bir xalqın yaddaşında silinməz iz qoymuş hadisələri, milli-mənəvi dəyərləri və azadlıq uğrunda mübarizə ruhunu səhnədə əks etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycanda hər il müzakirə olunan mövzulardan biri də rus bölməsində təhsil məsələsidir. Cəmiyyətdə belə bir fikir var ki, rus bölməsində oxuyan şagirdlər Azərbaycan dilində sərbəst danışmaq, yazmaq və oxumaqda çətinlik çəkirlər. Bu fikir bəzi hallarda öz təsdiqini tapsa da, bütün rus bölməsi məzunlarına şamil edilə bilməz. Çünki ana dilinə münasibət yalnız tədris dilindən deyil, ailə mühitindən, şəxsi maraqdan və mütaliədən də asılıdır.

 

Eyni zamanda, hər bir Azərbaycan vətəndaşı dövlət dilini yüksək səviyyədə bilməli və ondan düzgün istifadə etməlidir. Buna görə də həm Azərbaycan, həm də rus bölməsində təhsil alan şagirdlərdə dövlət dilinin öyrədilməsinə xüsusi diqqət yetirilməlidir. Beləliklə, problemi ümumiləşdirmək deyil, onun həlli yollarını axtarmaq cəmiyyət üçün daha faydalı yanaşmadır.

Filologiya elmləri doktoru, professor Vüsalə Ağabəyli mövzu ilə bağlı "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verib. O qeyd edib ki, Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir və dövlət dilinin mövqeyinin möhkəmləndirilməsi təhsil siyasətinin əsas istiqamətlərindən biri olmalıdır:

"Bu baxımdan, tədrisin Azərbaycan dilində keyfiyyətinin yüksəldilməsi, dərslik və metodik bazanın gücləndirilməsi, müəllim hazırlığının təkmilləşdirilməsi və valideynlərin dövlət dilində təhsilə marağının artırılması xüsusi əhəmiyyət daşıyır.

Rus bölmələrinin mərhələli şəkildə Azərbaycan bölməsi ilə əvəzlənməsi məsələsi isə kifayət qədər həssas və çoxşaxəli yanaşma tələb edir. Belə bir dəyişiklik yalnız inzibati qərarla deyil, cəmiyyətin sosial tələbatı, təhsil sisteminin hazırlıq səviyyəsi, müəllim potensialı və tədrisin keyfiyyəti nəzərə alınmaqla həyata keçirilə bilər. Əsas məqsəd hansı dildə təhsil almaqdan daha çox, dövlət dilində yüksək səviyyədə təhsil almaq imkanlarını təmin etmək olmalıdır.

Mən hesab edirəm ki, bu məsələyə emosional deyil, strateji yanaşmaq lazımdır. Son dövrlər rus bölmələrinin bağlanması və ya mərhələli şəkildə ləğvi ilə bağlı müzakirələr intensivləşib. Ancaq eyni zamanda ölkəmizdə ingilis dilində tədris aparan özəl məktəblər də fəaliyyət göstərir və onlar da kifayət qədər şagird kontingentinə malikdir".

 

 

Müsahibimizin sözlərinə görə, əgər məqsəd xarici dildə təhsilin özünü problem kimi təqdim etməkdirsə, onda eyni yanaşma bütün xarici dilli təhsil modellərinə şamil olunmalıdır:

"Əks halda, bu məsələyə selektiv yanaşma cəmiyyətdə haqlı suallar doğurur. Məncə, əsas sual bu olmalıdır: rus bölmələrinin məhdudlaşdırılması ilə biz konkret olaraq nə əldə edəcəyik? Əgər bu addım dövlət dilinin mövqeyini gücləndirmək məqsədi daşıyırsa, bunun ən səmərəli yolu qadağalar deyil, Azərbaycan dilində təhsilin keyfiyyətini daha da yüksəltməkdir. Valideyni seçim etməyə məcbur edən amil çox vaxt tədrisin dili deyil, təhsilin keyfiyyəti, məktəbin mühiti və gələcək perspektivləridir.

Bizim əsas məqsədimiz milli-mənəvi dəyərlərə bağlı, dövlət dilinə və milli ideologiyaya sadiq, eyni zamanda müasir dünyanın çağırışlarına cavab verən və rəqabətqabiliyyətli mütəxəssislər yetişdirmək olmalıdır. Belə vətəndaşın bir neçə xarici dili bilməsi isə yalnız üstünlükdür. Xarici dil bilmək milli kimliyə alternativ deyil; əksinə, öz milli kimliyinə və ana dilinə möhkəm bağlı olan insan başqa dilləri də mənimsəyərək ölkəsini beynəlxalq müstəvidə daha uğurla təmsil edə bilər.

Bu baxımdan hesab edirəm ki, diqqətimizi təhsilin dilindən daha çox, təhsilin məzmununa və keyfiyyətinə yönəltməliyik. Güclü Azərbaycan dili, keyfiyyətli təhsil, milli dəyərlərə söykənən tərbiyə və yüksək peşəkarlıq birlikdə formalaşdıqda, dövlət dilinin nüfuzu da təbii şəkildə möhkəmlənəcək".

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

Bazar ertəsi, 13 İyul 2026 15:44

Eli yağmalanan rəssam

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ötən əsrin əvvəlləri...

Azərbaycan tarixinin ən qarmaqarışıq və ziddiyyətli vaxtları...

1908-ci ildə İrəvanda Həsən Qazıyevin ailəsində Şamil adlı bir oğlan uşağı dünyaya gəldi. Şamilim 12 yaşı olanadək ailə bu doğma şəhərdə yaşadı. Sonra isə...

 

Həmin dövrdə xalqımız çətin günlər yaşayırdı. Daşnakların 1917-1920-ci illərdə İrəvanda, Zəngəzurda və onlara yaxın bir çox Azərbaycan şəhərlərində, kəndlərində müsəlmanlara qarşı törətdikləri soyqırımlar zamanı yüzlərlə ailə Qərbi Azərbaycanımızdan Azərbaycanın digər bölgələrinə — Naxçıvan, Gəncə və Qarabağa köçməyə məcbur oldu...

Belə ailələrdən biri də Şamil Qazıyevin ailəsi idi. Atası Həsən bəy 1920-ci ildə evini, yaşadığı elini arxada buraxıb, Naxçıvana pənah gətirdi.

Hələ uşaqkən Şamil Qazıyevin rəsm çəkməyə böyük marağı vardı. Əvvəllər Naxçıvan Pedaqoji Texnikumunda oxusa da, təsviri incəsənətə olan marağı pedaqoji təhsilini davam etdirməyə mane oldu.

Uşaqlıqdan qəlbinə hakim kəsilən rəng və fırça ilə işləmək arzusu onu Bakıya, Rəssamlıq Məktəbinə gətirdi. O, 1929-cu ildə həmin məktəbi bitirsə də, müəllimlərə olan ehtiyac ucbatından Azərbaycan Maarif Komissarlığı Şamil Qazıyevi Naxçıvan Pedaqoji Texnikumuna rəsm müəllimi vəzifəsinə göndərdi. O zaman atası Həsən Qazıyev də bu məktəbdə işləyirdi.

Şamil Qazıyev xatirələrində yazırdı:

 "1932-ci ildə rejissor Yusif Ulduzun quruluşunda Naxçıvan teatrında tamaşaya qoyulmuş "Hamlet" əsərinə tərtibat verdim. Lakin o vaxt mən teatrda həvəskar kimi iştirak edirdim. 1934-cü ildə xalq artisti Sidqi Ruhulla məni teatra rəssam vəzifəsinə çağırdı və onunla "Hacı Qara", "Namus" tamaşalarına tərtibat verdik".

Naxçıvan teatrında tamaşaya qoyulan 120 əsərin bədii tərtibatı məhz rəssam Şamil Qazıyevə məxsus olub. Rəssamın yaradıcılığına, fırça ilə işləmək qabiliyyətinə, öz fantaziyası ilə rənglərin vəhdətindən orijinal əsərlər yaratmaq istedadına yaxından bələd olan məşhur karikaturaçı Əzim Əzimzadə həmkarını "Kommunist" qəzetində işləməyə dəvət edib.

O zaman Əzim Əzimzadə bu qəzetin redaksiyasında baş rəssam vəzifəsində çalışıb. Şamil Qazıyev təklifi qəbul etsə də, Bakıda çox işləməyib və yenidən Naxçıvana qayıtmaq məcburiyyətində qalıb. O, burada Naxçıvan Musiqili Dövlət Dram Teatrında baş rəssam vəzifəsində çalışıb. Məhz onun təşəbbüsü ilə Naxçıvan şəhərində 1939-cu ildə rəssamlıq məktəbi açılıb.

1939-1940-cı illərdə Naxçıvanda yeni fəaliyyətə başlamış həmin rəssamlıq məktəbinə direktorluq edib. 1944-cü ildə "Naxçıvan MSSR Əməkdar incəsənət xadimi" fəxri adı, 1946-cı ildə "Əməkdə rəşadətə görə" döş ordeni ilə təltif olunub. "Çoban" əsəri ilə "Tretyakov" qalereyasında Azərbaycanı təmsil edənŞamil Qazıyev bu nüfuza nail olan ilk azərbaycanlı rəssamdır.

1948-ci ildə yenidən Bakıya dönən rəssam 40 ilə yaxın "Azərbaycan gəncləri" qəzeti ilə əməkdaşlıq edib. Şamil Qazıyev 1980-ci ildə Bakıda vəfat edib. 2018-ci ildə "Azərbaycan Respublikasının Xalq Rəssamı" fəxri adına layiq görülüb. Şamil Qazıyevin böyük oğlu, Arif Qazıyev Azərbaycanın xalq rəssamı, Vaqif Qazıyev isə heykəltəraşdır. Nəvələri Samir, Mədinə, İlahə heykəltəraş və rəssam olmaqla, babalarının yolunu davam etdirirlər

1979-cu ildə Naxçıvan şəhərində Şamil Qazıyevin fərdi sərgisi açılıb. Sərgidə rəssamın çoxsaylı əsərləri nümayiş etdirilib. Həm mövzu, həm də janr etibarilə diqqət çəkən bu rənglər dünyası seyrçilər tərəfindən maraqla qarşılanıb. Həmin əsərlərin əhəmiyyətli cəhəti haqqında o dövrün mətbuatı belə yazırdı: "Bu təsvirlərdə Azərbaycanın ən qədim guşəsi olan Naxçıvanın keçmiş tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapmışdır".

Rəssamın "Biçinçilər", "Xırman", "Molla məktəbi", "Qalayçılar", "Su dəyirmanı", "Çörək bişirən qadınlar", "Köhnə Naxçıvan", "Qaçqınlar", "Çarıqçılar", "Beş qardaş", "Sıldırımlı dağ", "Dağların simfoniyası" və digər əsərləri mədəniyyət tariximiz üçün olduqca qiymətlidir.

Rəssam 13 iyul 1980-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Dünənki tarix – 12 iyul tariximizə altından xətt şçəkilərək yazılıbdır, çünki həmin gün böyük zəfərin addım səsləri eşidilmişdi...

 

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutması ilə regionda vəziyyət kəskinləşdi. Ermənistan rəhbərliyi bu istiqamətdə hücuma keçməklə bir neçə mühüm strateji hədəf güdürdü:

Enerji və nəqliyyat dəhlizlərini təhdid etmək:

Tovuz rayonu Azərbaycanın və regionun taleyini həll edən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qafqaz Qaz Boru Kəməri (TANAP-ın tərkib hissəsi) və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçdiyi strateji nəqliyyat-kommunikasiya qovşağına çox yaxın yerləşir. Ermənistan bu yüksəklikləri ələ keçirməklə Avropanın enerji təhlükəsizliyini təhdid etmək rıçaqı qazanmaq istəyirdi.

 Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Münaqişəyə Cəlb Etmək: Dövlət sərhədində hərbi əməliyyatlara başlamaqla Ermənistan, Azərbaycanın cavab zərbələrini öz rəsmi ərazisinə yönəltməyi və bununla da üzv olduğu KTMT-ni Azərbaycana qarşı müharibəyə sürükləməyi planlaşdırırdı. Lakin Azərbaycan diplomatiyası və ordusunun dəqiq gedişləri bu planı iflasa uğratdı.

 Ermənistanın Daxili Böhranını Gizlətmək:

 Ermənistanda mövcud olan daxili siyasi gərginliyi, iqtisadi tənəzzülü və pandemiya uğursuzluqlarını ictimaiyyətin diqqətindən yayındırmaq üçün "xarici düşmən" kartından istifadə edilirdi.

 

Qarabağ" və "Anif" mövqeləri uğrunda şiddətli döyüşlər

Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını dərhal və qətiyyətlə aldı. Sərhəd boyu yerləşən və strateji əhəmiyyət kəsb edən yüksəkliklər uğrunda bir neçə gün davam edən amansız artilleriya və minaatan döyüşləri başladı. Azərbaycanın hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları (PUA) işə salındı. Keçirilən cavab atəşi və əks-həmlə əməliyyatları nəticəsində Ermənistan ordusunun dayaq məntəqələri, atəş mövqeləri, hərbi texnikası və canlı qüvvəsi darmadağın edildi. Düşmən bir neçə yüz itki verərək geri çəkilməyə məcbur oldu və sərhədin bu xəttində heç bir metr belə irəliləyə bilmədi.

 

 Generalın şəhadəti: ön xətdə yazılan qəhrəmanlıq

Tovuz döyüşlərini dünya hərb tarixində unikal edən ən mühüm məqamlardan biri komanda heyətinin əsgərlərlə çiyin-çiyinə, ən təhlükəli ön xətdə vuruşması oldu. İyulun 14-də döyüşlərin ən qızğın çağında Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də digər zabit və əsgərlərimiz qəhrəmancasına şəhid oldular.

Müasir müharibələrdə generalın səngərdə, ön xətdə şəhid olması nadir hadisələrdəndir. Polad Həşimovun şəhadəti Azərbaycan əsgərinə və xalqına böyük təsir göstərdi. Bu hadisə orduda sarsıntı yaratmadı, əksinə, düşmənə qarşı intiqam hissini və mübarizə əzmini monolit bir qüvvəyə çevirdi.

 

 Milli oyanış və "orduya dəstək" hərəkatı

Tovuz döyüşləri Azərbaycan cəmiyyətində görünməmiş bir milli həmrəylik dalğası yaratdı. İyulun 14-dən 15-nə keçən gecə Bakıda və ölkənin digər şəhərlərində yüz minlərlə insan küçələrə axışaraq "Şəhidlər ölməz, Vətən bölünməz!", "Ali Baş Komandan, bizə silah ver!" şüarları ilə orduya dəstək nümayiş etdirdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qısa müddətdə 50 mindən çox gənc könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdi. Bu hadisə xalqın müharibəyə və torpaqların azad olunmasına tam hazır olduğunun açıq mesajı idi.

 

 Tovuzdan Şuşaya: zəfərin başlanğıcı

Tovuz döyüşləri fəsadları və nəticələri baxımından 44 günlük Vətən Müharibəsinin anonsu və faktiki olaraq ilk mərhələsi idi. Məhz bu döyüşlərdən sonra Azərbaycan dövləti və ordusu düşmənin növbəti genişmiqyaslı hücum planlarını tam ifşaladı, hərbi hazırlıqları maksimum səviyyəyə çatdırdı. Cəmi iki ay sonra – 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları (Vətən Müharibəsi) Tovuzda yarımçıq qalan hesabın bağlanması, Polad Həşimovun və bütün şəhidlərimizin qisasının döyüş meydanında alınması ilə nəticələndi. Tovuzda nümayiş etdirilən əzmkarlıq, Şuşada ucaldılan Zəfər bayrağının təməl daşı oldu.

 

 Və beləcə...

Tovuz döyüşləri bizim həm qürur, həm də ağrılı səhifəmizdir. Azərbaycan xalqı bu döyüşlərdə öz qəhrəman övladlarını itirsə də, dünyaya öz sarsılmaz birliyini və işğalla heç vaxt barışmayacağını sübut etdi. Bu gün həmin şanlı tarixin ildönümündə, canlarını vətən torpağının bütövlüyü naminə fəda etmiş bütün qəhrəmanlarımızı dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə anırıq. Onların xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

Bazar ertəsi, 13 İyul 2026 10:39

Dövlət Pantomim teatrının yaradıcısı

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onun haqqında danışanda ilk olaraq bu cümlə işlədilir – Azərbaycan Dövlət Pantomim Tetarının yaradıcısı və baş rejissoru...

Bu gün onun -Azərbaycan Respublikasının xalq artisti Bəxtiyar Xanızadənin doğum günüdür, 69 yaşı tamam olur...

 

Bəxtiyar Xanızadə 1957-ci ilin 13 iyulunda Bakının Şağan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib. Azərbaycan SSR Əməkdar Artisti Hamlet Xanızadənin yaxın qohumudur.

1978-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1981 – 1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982–1983-cü illərdə Azərbaycanfilm kinostudiyasında aktyor, 1983-cü ildə İncəsənət İnstitutunda müəllim işləyib. 1994-cü ildə Bəxtiyar Xanı-Zadəyə "Səhnə hərəkəti və xoreoqrafiya sənəti" kafedrasının dosenti elmi adı verilib.

16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbələrə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmrinə əsasın Azərbaycanda "Dəli yığıncağı" adlı ilk Pantomim teatr studiyası yaradıb. Bəxtiyar Xanı-Zadə Gürcüstanda və Bolqarıstanda keçirilən teatr seminarlarında iştirak edib və sertifikatlarla təltif edilib.

O, "Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU – əlbəyaxa döyüş növünün əhəmiyyəti" (1991), "Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar" (1992), "Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti" (1993) adlı elmi əsərlərin, "Bayraqdarlar", "Kvaksafon", Samurayın ölümü", "Eşq", "Zibillik pərvanələri", "Kölgə adlı ilk Azərbaycan pantomim pyeslərinin müəllifidir.

 

2000-ci il 6 mart tarixində "Dəli yığıncağı" Pantomim teatr-studiyasına Dövlət statusu verilib. Bəxtiyar Xanı-Zadə həmin vaxtdan teatrın bədii rəhbəri və direktoru, 2006-cı il yanvarın 12-dən isə Dövlət Pantomim Teatrında bədii rəhbər vəzifəsində işləyir. Bəxtiyar Xanı-Zadə Ə. Atakişiyev "Qərib cinlər diyarında" – (Qərib), O. Mirqasımov "Ovsunçu" – (Rəsul), R. Həsənoğlu "Hüseyn Cavid" – (A. M. Şərifzadə) filmlərində çəkilib.

O, Ramiz Həsənoğlunun "Fatehlərin divanı", "Nigarançılıq", "Dədə-Qorqud" tamaşalarına plastik həll üzrə rejissor kimi quruluş vermişdir. Dövlət Pantomim teatrında quruluş verdiyi tamaşalar: Bəxtiyar Xanı-Zadə "Nağaraçılar", "Pantomim buketi", Slavomir Mrojek "Karol xofu", Məhəmməd Füzuli "Gəldim ki, olam ğəmin hərifi" ("Leyli və Məcnun" poemasının motivləri əsasında), Əbdürrəhimbəy Haqverdiyev "Kimdir müqəssir?" tamaşalarına quruluş verilib.

Bəxtiyar Xanı-Zadə Gürcüstanda (Tiflis, aprel 1999. "Teatr+Vodeo" festivalı), Rusiyada (Moskva, 26–30 aprel 1999. "Azərbaycan mədəniyyət günləri"), Fransada (Paris, "Dədə Qorqud-1300"), Türkiyədə (1999-cu il 18–28 noyabr, 4-cü Ankara teatr festivalı), Türkiyə (Trabzon 1–13 may 2006-cı il 7-ci uluslar arası Karadeniz tiyatro festivalı) Beynəlxalq Teatr Festivalında iştirak edib.

28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar İncəsənət xadimi fəxri adına layiq görülüb. 2013-cü ildə Azərbaycanın xalq artisti adına, 2003, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına, 7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

Filmoqrafiya

- Qərib cinlər diyarında (film, 1977)

- Dantenin yubileyi (film, 1978)

- İşgüzar səfər (film, 1982)

- Salur Qazanın evi talandığı boy (film, 2001)

- Fatehlərin divanı

- Nigarançılıq (film, 1998)

- Ovsunçu (film, 2002)

- Cavid ömrü (film, 2007)

- Günaydın, mələyim! (film, 2008)

- Sübhün səfiri (film, 2012)

- Qisas almadan ölmə. Keçmişdən məktublar

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

Bazar ertəsi, 13 İyul 2026 09:06

Teatra xərcələnən upuzun bir ömür

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Düz on iki il əvvəl -13 iyul 2014-cü ildə akytor ƏləddinAbbasovvəfatetdi, Gəncə şəhərFəxrixiyabanındadəfnedildi. O, uzuzn bir ömür yaşadı – tam 92 il.

Və cəsarətlə deyə bilərik ki, bu uzun ömrü büsbütün teatra həsr etdi…

 

Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncə şəhərində doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır.

Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.

Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Xarakterik səs tembri, ifadəli sifət cifət cizgiləri, cazibəli səhnə görkəmi var. Aktyorluq təhsili yoxdur, lakin yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.

 "Mən ki gözəl deyildim" (İmran), "Özgə vaxt" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır. Aktyor yüzə yaxın personaja səhnə ömrü verib. Onların daha məşhurlarını iki qismə bölüb təqdim etmək olar:

 

Faciə və dram rolları

Aydın, Qurban, Fərhad, Baxşı, İbad ("Aydın", "Solğun çiçəklər", "Nəsrəddin şah", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Xanmurad, Ziyad Şahsuvarov, Həsənzadə, Sahib ("Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" və "Mənim günahım", İlyas Əfəndiyev), Şükri Cəfəroğlu ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Frayman, Hakim ("Kəllə" və "Demoklsin qılıncı", Nazim Hikmət), Kassio və Otello ("Otello", Vilyam Şekspir)

 

Komediya obrazları

Rövşən, Murad, Kəblə Muxtar, Camal ("Əliqulu evlənir", "Aşnalar", "Küləklər" və "Nişanlı qız", Sabit Rəhman), Həsənağa ("Göz həkimi", İslam Səfərli), Dövran ("Məzəlizadələr", Səttar Axundov), Silvio ("İki ağanın bir nökəri", Karlo Haldoni), Yevgeni Lukaşin ("Həmişə təmizlikdə", Emil Braginski və Eldar Ryazanov), Dəli Domrul ("Dəli Domrul", Altay Məmmədov), Zeynal kişi ("Gəl qohum olaq")

 

Filmoqrafiya

-  Bizi dağlarda axtarın (film, 1976)

- Dəli Kür (film, 1969)

- Dörd bazar günü (film, 1975)

- Əfsanəyə çevrilən adam. Ələddin Abbasov (film, 2013)

- Gəl qohum olaq (film, 2001)

- Gözlə məni (film, 1980)

- Xatirələr sahili (film, 1972)

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 20 may 1958

- "Şərəf nişanı" ordeni — 9 iyun 1959

- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1971

- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 24 dekabr 1981

- 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 11 mart 1985

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 2003

- "Qızıl Dərviş" mükafatı — 2005

- "Teatr Xadimi" qızıl medalı — 2005

- Milli Kino Mükafatı — 2013.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.