Super User
“Biri ikisində” Təranə Vahid Ramiz Həsənoğlu barədə
“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Təranə Vahidin Ramiz Həsənoğlu yaradıcılığı barədə qeydləri təqdim edilir.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
Təranə VAHİD
“GÜNAHSIZ ABDULLA”, 62 DƏQİQƏLİK ŞEDEVR VƏ 42 İL
“Bu tamaşa bir teleağı idi bütün dünyanın günahsız bəndələrindən ötrü...”
Aydın Talıbzadə
...1984-cü il... Mart ayının sonuncu səhəri... Ucqar dağ kəndində çiskinli havadır. Adamların ovqatı onsuz da dünəndən korlanıb, “Günhasız Abdulla”ya baxandan...
Uzaq Borçalı mahalının Sarvan qəzasında iynənin ucu boyda günahı olmayan Abdullaya haqsızlıq olunub. Adam gözgörəti şərə düşüb. Bütün KƏND Abdullanın müsibətindən danışır...
İllər sonra bu tamaşaya təkrar-təkrar baxıb məğzini anladıqca, bu təkrarsız teletamaşanın uğurunun səbəbini, köklərini aradıqca tanınmış teatrşünas Aydın Talıbzadənin “Ustad və ayna” kitabından ““Günhasız Abdulla”nın qapalı orbiti”nə boylanıram. Mənə elə gəlir ki, heç kim bu tamaşanı Aydın Talıbzadə qədər uğurlu təhlil etməyib, qaranlıqdakı gizlinlərin üstünə belə gur işıq salmayıb, günah və günahsızlığı sənətşünaslıq süzgəcindən belə məharətlə keçirməyib. Nəhayətdə, bu tamaşanın tərifini verib: “Azərbaycan teleteatrı üçün 62 dəqiqəlik ŞEDEVR”.
Şedevr hələm-hələm yaranmır, bu sənət əsərinin təməlini gürcü yazıçısı Mixail Cavaxaşvili qoyub. Unikal rejissor Ramiz Həsənoğlu bu əsəri oxuyandan sonra istedadlı insanları ətrafına toplayaraq kefi istəyən bir teletamaşa hazırlayıb. Nəticədə bu tamaşa 42 ildir insanları gizlində və aşkarda göz yaşına boğur...
İllər sonra şair, tərcüməçi, dramaturq Dilsuz Mustafayev “Günahsız Abdulla”nı belə xatırlayır:
“Bu əsərin müəllifi gürcü ədəbiyyatının klassiki Mixail Cavaxaşvilidir. Cavaxaşvilinin, demək olar ki, bütün əsərlərində azərbaycanlı obrazı var.
Mən televiziyada işləyən vaxtlarda Ramiz Həsənoğlu təklif elədi ki, “Günahsız Abdulla” povesti əsasında ssenari yazım. Bu teletamaşa Ramiz Həsənoğlu ilə bizim ilk işimiz olsa da, sözün düzü, uğurlu alındı. Teletamaşanın musiqisini bəstəkar Cavanşir Quliyev yazdı.
Abdulla rolunu Mikayıl Mirzə oynayırdı və mənə elə gəlir ki, onun heç bir oyunu “Günahsız Abdulla”dakı qədər uğurlu alınmayıb. Çünki Mikayıl Mirzənin xarakteri ilə o obrazın xarakterində üstü-üstə düşən məqamlar vardı.
“Günahsız Abdulla”da Mikayıl Mirzədən daha çox, Ramizin hərəkətləri yadımda qalıb. Necə həyəcan keçirirdi, necə aşağı-yuxarı gedib-gəlirdi, necə əli ilə üzünü tuturdu. Kaş o məqamları gizli kamera ilə çəkib saxlamaq mümkün olaydı. Mən Ramizi sakit adam kimi tanıyırdım. İş prosesində gördüm ki, o öz hisslərinə hakim ola bilmir, hisslərinin əsiri olur. Mən o məqamları görmüşəm, o məqamlar mənim üçün maraqlıdır”.
Bəstəkar Cavanşir Quliyev:
“Əslində, o zaman biz böyük bir iş görəcəyimizi düşünmürdük. Ramiz televiziyanın rejissoru idi, bu tamaşa da onun planlı işlərindən biri idi. Bu teletamaşadan əvvəl “Topal Teymur” teletamaşasında birlikdə işləmişdik, ikinci işimiz “Günahsız Abdulla” oldu. O illərdə mənim teatr aləmində çoxlu rejissor, aktyor dostlarım vardı. Hərdən qədimi meydan teatrı barədə danışırdılar. “Günahsız Abdulla”nın meydan teatrı üslubunda tamaşaya qoyulması mənə daha maraqlı göründü.
İllər ötür, xatirimdə qalan odur ki, bu teletamaşada çox həvəslə işlədik. Lazım olandan da artıq həvəs göstərirdik. Nəticədə çox duyğulu tamaşa alındı. Düşünürəm ki, nə yaxşı o vaxt Ramiz bu tamaşanı hazırladı. Yoxsa Mikayıl Mirzədən nə qalacaqdı?
Teletamaşanın baş qəhrəmanı Mikayıl idi. Abdulla rolunu çox gözəl oynayırdı, sanki bu rol ona biçilmişdi.
Dediyim kimi, teletamaşada meydan teatrının ünsürləri vardı, hər şey tamaşaçının gözünün qabağında baş verirdi. Səhnə dəyişəndə belə, gözünün qabağında dəyişirdi. Onun televiziyada tətbiqini ilk dəfə Ramiz həyata keçirdi. Və o zamankı mütəxəssislərin dediklərinə görə, teletamaşa uğurlu alınmışdı. Alınmasaydı, 30 ildən sonra biz o tamaşa barədə danışmazdıq ki...
O ki qaldı musiqiyə, tamaşaçılar yəqin ki, diqqət ediblər tamaşanın musiqisində bir dənə də olsun musiqi aləti yoxdur. Hamısı insan səsləridir. Rejissorla belə qərara gəldik ki, tamaşanın musiqisini yalnız insan səsləri ilə həll eləyək. Əslində, dünyanın ən gözəl musiqisi elə insan səsidir. Çünki insan səsinin rəngləri çoxdur. Bu hikmətin bir daha şahidi olduq və əmin olduq ki, insan səsiylə, hətta tamaşanın da musiqisini qurmaq olar.
Tamaşada Abdullaya yerə-göyə sığmayan haqsızlıq edilir. Onu ifadə eləmək üçün çox duyğusal, emosional musiqi lazım idi. Tamaşada xor, duet, solo oxumaqlar var.
Musiqini çəkilişlərdən əvvəl yazdıq, çünki elə səhnələr var idi ki, musiqinin fonunda çəkilməli idi. Azərbaycan televiziyasının xorunu sərəncamımıza verdilər. Brilliant Dadaşova o zaman yeni-yeni oxumağa başlayırdı və onu hələ heç kim tanımırdı. Tamaşaya tanınmayan səs lazımdır, əgər belə olmasa, tamaşanın sirri itir, rejissorun məqsədi puç olur.
Tamaşadakı mahnılardan bir neçəsini Brilliant oxudu, kişi səsləri ilə olan mahnıları məcbur olub özüm oxudum. Çünki müğənni kimi məni kimsə tanımırdı. O üzdən musiqiləri çəkilişdən əvvəl bəstələdim, lentə alındı və ondan sonra çəkilişlər başladı.
Hər dəfə bu tamaşaya baxanda, ruslar demiş, deyirəm “neujeli” bu tamaşanı biz hazırlamışıq (Gülür). Əcaba, bu bizimmi işimizdir? İnsan gənc olanda çox enerjili olur, çox müsbət hisslərlə irəli baxdığından əlindən çıxan işlər də elə işıqlı, həyatsevər, enerjili olur”.
Rejissor, Xalq artisti Ramiz Həsənoğlu:
“Tamaşanın ideyası, deməzdim, birdən-birə yarandı. 1981-ci ildə Riqada teletamaşalar festivalı keçirilirdi mən də ora bir tamaşa aparmışdım. Bu festivalda Gürcüstandan gələn Tomaz Qodezişvili ilə tanış oldum. Onlar festivala Cavaxaşvilinin “Uçqun” romanı əsasında səhnələşdirilmiş gözəl bir tamaşa gətirmişdilər.
Festivalın bağlanışında Riqa televizyasında çəkilişlər oldu, hərə bir fikir söylədi, mən də təklif elədim ki, qarşılıqlı təcrübə mübadiləsi olsun, məsələn, gürcü əsərini bizim rejissor tamaşaya qoysun, onlar bizim əsəri tamaşaya qoysunlar. O görüşdən sonra Tomaz məsləhət gördü ki, Cavaxaşvilinin “Günhasız Abdulla” əsərini oxuyum.
Bakıya dönəndən sonra bu povesti tapıb oxudum. Məqsədimiz bu idi ki, mən bu əsəri Gürcüstan televiziyasında, gürcü aktyorları ilə hazırlayım, gürcü rejissoru da gəlib bizim televiziyada dramaturqlarımızdan birinin əsərini tamaşaya qoysun. Təəssüf ki, bu arzumuz həyata keçmədi, amma televiziyanın o vaxtkı rəhbəri Elşad Quliyev razılıq verdi ki, bu tamaşanın çəkilişlərinə başlayaq.
Dilsuza təklif elədim ki, bu əsəri tərcümə eləsin. Tərcümə elədi və finalı dəyişdi. Final belə idi ki, Abdulla məhbəsdən qaçıb Mustafanı öldürür. Bunu tuturlar təzədən mühakimə eləyirlər və sonda bəraət qazanır.
Dilsuza dedim ki, gəl bunu öldürək. Belə də oldu, yadımdadır ki, tamaşa yaxşı mənada çox böyük səs-küyə səbəb oldu”.
Haşiyə: İllər sonra teatrşünas Aydın Talıbzadə tamaşa barədə belə yazacaqdı: “Ramiz Həsənoğlu yaradıcılığında öz güclü energetikasına görə ikinci belə tamaşa yoxdur”.
– Mənim bioqrafiyamda o tamaşa çox möhkəm yer tutur. İllər keçir, o tamaşalar tarixə çevrilir, tamaşadakı insanların çoxu artıq həyatda yoxdu. Həyatda olanlara da allah cansağlığı versin, yaşa dolublar. Mən o illəri nostalji hisslərlə xatırlayıram...
Tamaşanın musiqisi barədə isə onu deyə bilərəm ki, Cavanşirlə danışdıq ki, bu hadisə Azərbaycandan bir az kənarda, ancaq azərbaycanlıların məskunlaşdığı bölgədə baş verdiyindən bayatılardan, holavarlardan gələn bəzi xallarla yanaşı, gürcü elementlərindən də istifadə edək. Cavanşir bunları ustalıqla tamaşaya tətbiq elədi və çox gözəl nəticə alındı.
Çox qəribədir ki, Dilsuz şair olsa da, bu tamaşaya şeir yox, bayatılar seçdi. Və o bayatılar da, mənə elə gəlir ki, çox uğurlu seçilmişdi.
Aktyor seçmək də həmişə mənə çətin olub. Mən aktyor ailəsindənəm. Bilirəm o aktyorlar nələr çəkir. Aktyor seçimində səhv etdiyim məqamlar da olub, bu səhvlərimə görə Allah məni bağışlasın.
O tamaşadan bir il əvvəl Mikayıla “Topal Teymur”da Şair Kirmani rolunu vermişdim. Fikirləşirdim ki, Abdulla rolunda kim olsun, kim olsun, kim olsun, baxıb görürdüm ki, o piramidanın başında Mikayıl Mirzə dayanır. Heç bir tərəddüd eləmədən rolu Mikayıla verdim.
Mənim iş prinsipim belədir ki, çox dəqiq operatorla, aktyorla, rəssamla işimi qururam. Və hamı bilir ki, mən nə istəyirəm. Xüsusi ilə aktyorlar. Mikayılda isə bir qədər fərqli idi. Mən onun fəhminə inanırdım. Üstəlik, bu tamaşanı meydan teatrı əsasında qururdum, meydan teatrının prinsiplərindən biri də odur ki, aktyora bir az sərbəstlik, meydan vermək lazımdır və Mikayıl bunu məndən xahiş elədi. Mən də ona meydan verdim... ”
“Günahsız Abdulla” – Mikayıl Mirzə
2004-cü ildə Xalq artisti Mikayıl Mirzə Aydın Talıbzadənin “Ustda və ayna” kitabının təqdimatında ona uğur gətirən bu teletamaşa, Ramiz Həsənoğlunun yaradıcılığı barədə çoxdan ürəyində gəzdirdiyi sözləri deməyə fürsət tapacaq, bu tarixi çıxışı lentin yaddaşına köçüb əbədiləşəcəkdi:
“...Tale elə gətirdi ki, Ramiz mənə Abdulla rolunu təklif elədi gördüm ki, dəhşət bir roldur. Kiçik bir əsərdi, amma burda yerin, göyün günahları var. Ramizə dedim ki, mənə meydan ver. Dedi, sənə meydan verəcəm. Ona görə də bu tamaşanı Ramiz meydan ruhunda qurdu. Bu tamaşa Azərbaycan televiziyasında yeni bir mərhələ idi. Bu Azərbaycan teatrının modeli idi. “Günahsız Abdulla” Azərbaycan teatrı tarixində yaranmış möcüzə tamaşalardan biri idi. Yaradıcısı Ramiz idi...
...Sonda mən özümü boğmurdum, Aydın çox gözəl deyib kitabda, əslində, günahlarımı boğurdum. Mən Mustafanı boğduğum kəndiri əlimdə gətirmişdim. Və orda variantlar var idi, özümü nə cür boğum. Birinci dublda kəndir əlimdədir necə ki, şərf mənim əlimdə oyuncaq idi, indi əlimdə kəndir idi bir də gördüm kəndir dolanıb ey mənim boynuma. Artıq mən boğulmuşam Ramiz sənətində, Ramiz kəndirində...”
“GünhasızAbdulla”dan danışarkən teletamaşanın operatoru Eldar Məmmədovun, rəssam Rəfael Əlizadənin, eləcə də tamaşada iştirak edən Sofa Bəsirzadənin, Hamlet Qurbanovun, Ramiz Məlikovn, Səidə Quliyevanın adını çəkməli, hər bir aktyorun tamaşanın uğurunda payı olduğunu xatırlamalıyıq.
...40 ildə “Günahsız Abdulla” unudulmadı və deyəsən, qarşıdakı 40 ildə də unudulmaycaq. Lentin yaddaşından Mikayıl Mirzənin səsi gəlir: “...Eşq olsun sənə, pultda qal, Ramiz!!!”
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
Corco Armani - İtaliya zərifliyinin ən gözəl simalarından biri
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ondanbaşlayaqki, musiqivə kinoulduzlarının əksəriyyətini dünyaşöhrətli italyan modelyer Corco Armani geyindiribdir. Bəs həmin ulduzlar ona sağlığında necə qiymət veriblər?
Elə bundan başlayaq.
Leonardo Di Kaprio: "Armani geyimləri mənə həmişə özümü rahat və eyni zamanda zərif hiss etdirib."
(Di Kaprio uzun illərdir Armani kostyumlarını müxtəlif mükafat mərasimlərində geyinən aktyorlardan biridir).
Keyt Blançett: "Armani zərifliyin əsl mənasını bilir."
(Blançett dəfələrlə Armani geyimləri ilə qırmızı xalçada çıxış edib və onun sadə, lakin mükəmməl üslubunu tərifləyib).
Riçard Gir: "Corco mənim üçün sadəcə dizayner deyil, yaxın dostdur."
(1980-ci ildə çəkilən American Gigolo filmində Riçard Girin Armani kostyumları geyinməsi brendin dünya şöhrəti qazanmasında mühüm rol oynayıb).
Sofi Loren:"Armani İtaliya zərifliyinin ən gözəl simalarından biridir."
Mişel Obama: “Onun klassik dizaynları mükəmməldir”.
(Obama müxtəlif rəsmi tədbirlərdə Armani geyimlərinə üstünlük verib və onun klassik dizaynlarını yüksək qiymətləndirib).
Ledi Qaqa: “Armani ilə əməkdaşlıq yaradıcılıq və sənətin mükəmməl birləşməsidir.
Martin Skorsese: “Armanini modanı kino dili ilə danışdıran dizaynerlərdən
Tom Kruz: “Armani kostyumları insana klassik, zamansız görünüş bəxş edir”.
David Bekhem: “Armaninin kişi modası kişi zərifliyinin simvoludur!.
Vogue jurnalının baş redaktoru Anna Vintur isə Armani haqqında deyib: "Armani modada ardıcıllığın, intizamın və zamansız üslubun ən böyük nümunələrindən biridir."
Giorgio Armani haqqında deyilən məşhur fikirlər məgər birdir, ikidir?
"Armani lüksü nümayiş etdirmir, onu hiss etdirir."
"O, kişi kostyumunu yenidən kəşf edən dizaynerdir."
"Minimalizmi dəbdəbəyə çevirən insan."
"Onun yaratdığı üslub modadan daha çox həyat tərzidir."
Armani moda tarixində xüsusilə sadəlik, zəriflik və zamansız dizayn anlayışını formalaşdıran dizaynerlərdən biri hesab olunur. Onun haqqında deyilən fikirlərin böyük əksəriyyəti məhz bu xüsusiyyətləri vurğulayır.
Bildirək ki, Fəxri Legion ordeninin kavaleri Corco Armani 11 İyul 1934-cü ildə İtaliyanın Pyaçentsa şəhərində dünyaya gəlib. Pyaçentsa universitetində tibb üzrə təhsil alıb, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmayıb. 1964-cü ildə N. Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlayıb. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlayıb.
Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilib. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilən şalvarlı kostyumlar əlavə edib. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olub.
Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşib.
O, "Olimpia Milano" basketbol klubunun prezidenti olub. Britaniya idmançılarını da geyindirib. Rusiyalı iş adamı Roman Abramoviçin dövründə "Çelsi" futbol klubu oyunçuları üçün kostyumlar hazırlayıb.
2025-ci ilin 4 sentyabrında Milan şəhərində dünya modasının ulduzu sönüb, Armani vəfat edib. Amma “Armani” lıyuks moda evi hələ bundan sonra da uzun illər zənginləri geyindirəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
Mir Cəlal adına V Hekayə Müsabiqəsindən seçmələr
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi artıq tarixə qovuşub. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçilib və mükafatlandırılıblar. Onları bir daha xatırladırıq:
3-cü yer
Turan Uğurun “Əbabil Quşu” hekayəsi;
Həmid Piriyevin “Müjdə” hekayəsi;
Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;
2-ci yer
Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;
Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;
1-ci yer
Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.
Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq. Bu həftədən etibarən bütün mükafatçı hekayələr də portalımız vasitəsilə sizlərə təqdim ediləcək.
NURANƏ ABBASOVA
ZALIM PADŞAHIN YEGANƏ SADİQ QULU
Nənəmin qara toxum olub vərəqə səpilməyən söz boğçasından...
Biri var idi, biri yox idi, Allahın bəndəsi çox idi. Çox əsrlər bundan əqdəm Şərqin ən gözəl diyarlarından birində Mustafa adlı zalım bir padşah yaşayırdı. Bu padşah qana o qədər susamışdı ki, az qala hər gün bir baş kəsdirməyincə rahat ola bilmirdi. Kəsdiyi başa rəhmi gələnin də dilini gödəldərdilər. Ancaq zülmün ərşə dayandığı bu məmləkətdə hər yer güllük-gülüstanlıq, hər kəs şad-xürrəm idi. Bunun da səbəbi qorxu idi. Zalımın zülmündən qorxan insanlar padşahın əmri ilə heç vaxt kədərlənməz, öz kölgələrindən belə qorxar olmuşdular. Di gəl ki, bu insanlar əllərini padşahın ətəyindən üzməz, ona daim sadiq olduqlarını sübut etməyə çalışarmışlar. Bundan xoşhallanan padşaha əslində bu sədaqətin arxasında qorxunun dayandığı gün kimi aydın idi. Lakin yenə də qullarının onu görən kimi dil-ağız etməsi, əl-ətək öpməsi padşahı sevindirirdi.
Bu padşah elə-belə padşah deyildi. Dovşana qaç, tazıya tut deyir, ilanı Seyidəhməd əli ilə tuturdu.
İllər qanadlı at olub uçur, padşah qocalır, rəiyyətin də tezliklə bu zülmdən canları qurtarar deyə ümidləri cücərərdi.
Bir gün vəzir padşahı öz taxtında fikir dəryasına qərq olmuş halda görüb təəccüblənir. Kefinin hansı çağında olduğunu bilmədiyi üçün padşaha da yaxınlaşıb səbəbini soruşmağa cürət etmir. Bir az keçir, padşah özü dərin bir ah çəkərək vəziri yaxınına çağırır.
- Vəzir!, - deyə padşahın gurultusundan sarayın divarlarını lərzəyə gətirən səsi eşidilir, - Yaxşı deyiblər, nə qədər qulun o qədər qənimin. Ölkəmdə hamı məni sevdiyini, hörmət etdiyini deyir. Ancaq mən bilirəm ki, onların hamısının əlində imkan olsa, dərimə saman səpərlər. Bu sevgi, bu sədaqət hamısı yalandır.
Padşah danışdıqca vəzir rəng verib-rəng alırdı. Dişi bağırsağını kəsirdi ki, görəsən, padşah ondanmı şübhələnir. Axı padşahın qarasınca deyinənlərdən ən birincisi elə vəzir idi. Hər fürsətdə onu yamanlayır, intiqam eşqi ilə alışıb-yanırdı. Vəzir fikirdən ayılanda padşah hələ də danışmağa davam edirdi:
- Görəsən, bu məmləkətdə mənə həqiqətən sadiq olan, məni qorxduğu üçün deyil, mən olduğum üçün sevən qulum varmı?
Vəzir əllərini çataqlayaraq padşahın hüzurunda gözləri dörd olmuş dayanmışdı.
Ağılbənd vəzirindən səs çıxmadığını görən hiyləgər padşah əvvəlcə öz-özünə düşündü:
- Yaxşı, vəzir, demək, sənin də mənə sədaqətin saxta imiş. Bu qədər fikirləşincə, ən birinci özünü deməli idin. Səninlə hesabım qalsın sonraya. İndi mənə lazımsan.
Padşah bu dəfə ucadan dedi:
- Sənə əmr edirəm!. Mənə bu məmləkətin ən sadiq qulunu axtar tap. Sözdə-dildə yox, məni ürəkdən sevən biri olsun. Bunu da əməlində göstərsin.
Vəzir necə çıxılmaz vəziyyətlə üzləşdiyini görsə də, çarəsiz halda “Baş üstə, padşahım” deyib dal-dalı çəkildi.
Padşahın hüzurundan uzaqlaşan vəzir ikiiəlli başına döyməyə başladı:
- Ağ qoyun, qara qoyun, başımı mən hara qoyum?! Samanlıqda iynə tapmaq kimidir sadiq qulu tapmaq. Mən qulun sadiq olub-olmadığını necə ayırd edəcəm. Kim qorxusundan əksini deyər? Onda gərək hamının boynu vurula.
Vəzir qərara gəldi ki, vaxt itirmədən işə qoyulsun. Bir-bir qapıları dinləsin. Kim ki padşahın hüzurundan kənarda onu tərifləyir, sadiq qul da odur. Vəzir düşündü ki, padşaha ən sadiq qulları ondan ənam alan zənginlər məhəlləsində axtarsın. Acın nəyi var ki, hələ bir padşaha da sağ ol desin.
Vəzir yola düzəlməyində olsun, sizə kimdən deyim Əhməddən.
Əhməd bu dünyanın ən fağır, ən yaxşı, pislik bilməyən, halal, düzgün adamı idi. Onun vur-tut gözünün ağı-qarası, aydan arı, sudan duru bir qızı var idi. Elə bil Allah könlü olanda yaradıb. Ancaq Allah Əhmədi bala sarıdan sevindirməmişdi. Bu gözəllikdə qızın gözləri kor, ayaqları şikəst idi. Əhməd qızına baxdıqca ürəyi qubar bağlayır, yükünü qoyarkən dünyasını dəyişmiş arvadından ötrü hər gün göz yaşı tökürdü. Əhmədlə arvadı çox gec sinnidə bala sevinci yaşamışdılar. Uzun sözün qısası, Əhmədin uçuq-sökük daxmasında qızından başqa həyanı yox idi...
Aylar keçir, vəzir padşahı sevdiklərini düşündüyü insanların arasında sadiq qul tapa bilmir. Dinlədiyi bütün qapıların arxasında hər gün padşahın qarasınca deyinir, onu öldürmək üçün əllərinə fürsət düşməməsindən heyfsilənirdilər. Bütün bunlar vəzirə heç də təəccüblü gəlmədi. Çünki özü də gizlində padşahı az yamanlamamışdı.
Padşahın möhlətinin sonunun yaxınlaşdığını görən vəzir çar-naçar üz tutur kasıblar məhəlləsinə. Yolda düşünür ki, varlı padşahın qarasınca deyinirsə, kasıb niyə tərəfini tutsun? Acın imanı, toxun gümanı olmaz. Bu xəmirin çox su aparacağını görən vəzir qərara gəlir ki, sadiq qulu tapmasa, elə bu kasıblardan birinə bir axça qızıl verər, onu padşahın hüzuruna aparar. Padşah hər necə sınasa, canı bahasına da olsa, bütün sınaqlardan keçər.
Vəzir tozlu-torpaqlı küçələri gəzə-gəzə gəlir çıxır Əhmədin qapısına. Adəti üzrə qapını dinləməyə başlayır və eşitdiklərinə inanmır. İçəridən gələn səs:
- Ey ulu Tanrım! Sən padşahımı, məmləkətimi qoru. Onu başımızdan əskik etmə! Canını sağ, ömrünü uzun eylə! – deyir.
Vəzirin gözləri kəlləsinə çıxmışdı. Düşündü ki, bəlkə də şahın gizli əmrinin sorağı bura kimi gəlib çıxıb və bu kişi də biclik işlədir. Vəzir barmağını dişləyib, saraya qayıdır. Qərara gəlir ki, növbəti günlərdə də həmin qapını dinləsin...
Aylar keçir, vəzir hər gün Əhmədin qapısını pusur. Əhməd də hər gün padşahı üçün eyni duanı edir. Vəzir qərara gəlir ki, mətləbi padşaha ərz eləsin. Sadiq qulu tapdığını desin.
Vəziri eşidən padşah Əhmədin sədaqətinə inanmır. “Barmağının kirini soranın birimi mənə sadiqdir deyirsən” deyə qəzəblənir. Onu sınamaq qərarına gəlir. Əmr edir ki, Əhmədin yeganə qazanc vasitəsi olan qotur öküzünü öldürsünlər. Padşahın əmri yerinə yetirilir. Vəzir növbəti gün yola qoyulur. Eşitdikləri yenə onu özündən çıxarır. Əhməd yenə padşaha uzun ömür diləyib deyirdi:
- Ey ulu Tanrım! Yaxşı ki öküzümü əlimdən aldın. Ahıl vaxtımda mənə ağır yük idi. O yazığın da canı qurtardı, sən padşahıma dəymə!
Vəzir eşitdiklərini padşaha çatdırır. Padşah əmr edir Əhmədin bağındakı meyvə ağaclarını kəsirlər ki, heç bir qazanc yeri olmasın. Vəzir növbəti qulaqasmada yenə Əhmədin padşaha dua etdiyini eşidir:
- Ey ulu Tanrım! Sən onu padşah yaratmısan. Bir bildiyi var, yəqin! Padşahımın canına dəymə!
Padşah artıq hirsindən zəncir çeynəyir. Bu işdə bir iş olduğunu güman edir. Əmr edir, Əhmədin gözünün ağı-qarası bircə balasını öldürsünlər. Padşah da, vəzir də düşünür ki, daha Əhməd padşaha kin qusacaq, onu Allaha tapşıracaq.
Günlər keçir Əhmədin qapısını dinləyən vəzir heç nə eşitmir. Əhməd daha Allah buyurandan, bəndə anlayandan demirdi. Bu onu bərk şübhəyə salır. Bir yandan da sevinir ki, özünü padşahın sadiq qulu kimi göstərən bu kələkbaz daha sədaqətindən vaz keçib. Vəziri Əhmədin qapısında yuxu tutur. Gözünü açanda görür ki, Əhməd it qurddan seçilməzdən durub günbəzli daxmaya keçdi. Vəzir cəld ayağa qalxdı. Əhməddən padşahın ünvanına nalayiq ifadə eşidəcəyi ümidi ilə onu güdməyə başladı. Ancaq bu gördükləri vəzirə birə-beş od qoydu.
Əhməd əllərini göyə qaldırıb deyirdi:
- Ey dünyaları yaradan, bəndələrini sevən Tanrım. Nəyi nə vaxt edəcəyini sən bizdən yaxşı bilirsən. Sən padşahıma dəymə. Qalan ömrümdən kəs, onun ömrünə cala.
Əhmədin yenə şahın canına dua etdiyini görən vəzirin canına vicvicə düşür. Fikirləşir ki, “ayə, yoxsa bütün bunlar şahın mənə oyunudur?!”. Vəzir yenə başı lovlu, dabanbasaraq padşahın hüzuruna gəlir, bilaaram danışmağa başlayır.
Riyakar şahın hirsindən burun pərələri genəldi, başından tüstü çıxdı:
“Bu düdəmə, yoxsa, məni ələ salır?! Gətirin onu hüzuruma!”.
Dəngəsər olmuş vəzir çar-naçar yenidən Əhmədin evinin yolunu tutur. Əhmədi padşahın hüzuruna gətirirlər. Əhməd padşahın qarşısında ikiqat olub, yenə ona dua edir:
- Qayım-qədim olasan, şahım!
Padşah ona etdiklərini bir-bir Əhmədə danışandan sonra hələ də ona nə üçün dua etdiyini soruşur.
- Şah sağ olsun, Taxçadakı qarnımda, boğçadakı əynimdədi. Mənim ən böyük var-dövlətim bircə qızım idi, - deyə Əhməd cavab verir.
Padşahla vəzir bir-birlərinə baxırlar. Padşah deyir:
- Axı qızını da mən öldürtmüşəm. Kim qızını öldürən padşahı sevər ki?!
Əhməd iki gözü bir çeşmə danışmağa başlayır:
- Padşah sağ olsun! Qızım doğulanda anasını itirdik. Elə həmin gündən mənim bir qorxum olub. Yaşlı adamam, kimsəmiz yoxdur. Mən ölsəm, gül camallı qızım kimin əllərində qalacaq. Vəziriniz, görünür, dualarımı axıra qədər dinləməyib. Tanrıdan hər gün bir istəyim olub: onu məndən sonraya saxlama. Əlil övladı olan ana-atanın bu dünyada tək qorxusu övladından qabaq ölməkdir. Sən qızımı öldürdəndə mən nə Tanrıdan küsdüm, nə də səndən. Nə qədər sevimli bəndə olduğumu anladım. Səni Tanrının bir elçisi bildim, ona görə küfr etmədim, küsmədim, incimədim.
Əhmədin bu sözləri zalım padşahın ürəyini yuxaya döndərdi. “Yarana necə məlhəm ola bilərəm” deyə soruşdu. Əhməd gözlərini endirib ürəyi yana-yana dedi:
Şirvanın ağ alması,
Yeyilir ağ alması,
Qiyamət günə qaldı,
Yaramın sağalması...
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
“Maraqlı söhbətlər”də dünyanın ən böyük ensiklopediyası
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Dünyanın ən böyük ensiklopediyası 11 095 cilddən ibarət Çin ensiklopediyasıdır. Söhbət bəşəriyyət tarixində ən böyük qeyri-elektron ensiklopediyadan olan məşhur "Yunle Ensiklopediyası"ndan gedir.
Ensiklopediya 1403-1408-ci illər arasında İmperator Çju Dinin (Min sülaləsi) əmri ilə 2000-dən çox alim tərəfindən yaradılmışdır. Bu, bəşəriyyət tarixində ən böyük ensiklopediya olaraq qalır.
Ensiklopediya o dövrdə məlum olan demək olar ki, fəlsəfə, tarix və tibbdən tutmuş sənətə, astronomiyaya və geologiyaya qədər bütün bilikləri əhatə edirdi. Buraya 7000–8000 qədim kitab və traktatdan parçalar daxil idi.
Təəssüf ki, orijinal əlyazma nüsxəsi yanğınlar və müharibələr zamanı demək olar ki, tamamilə məhv olub. Bu günə qədər yalnız 400 cild (orijinal həcmin 4%-dən az hissəsi) qalıb və onlar hazırda dünyanın müxtəlif muzeylərində və kitabxanalarında saxlanılır.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
Oğuzda Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyi münasibətilə tədbir keçirilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon MKS-nin Padar kənd kitabxana filialında böyük Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyi münasibətilə “Xaqani Şirvani – 900 " adlı informasiya günü keçirilib.
Tədbirdə iştirakçılara Xaqani Şirvaninin həyatı və zəngin ədəbi irsi haqqında ətraflı məlumat verilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam barədə danışılıb.
Bildirilib ki, Xaqani Şirvani Azərbaycan ədəbiyyatının ən görkəmli lirik şairlərindən biri olub. Onun qəzəl, qəsidə və rübailəri Azərbaycan poeziyasının inkişafında mühüm rol oynayıb, klassik ədəbi ənənələrin formalaşmasına böyük töhfə verib. Şairin zəngin bədii irsi, dərin fəlsəfi düşüncələri və özünəməxsus poetik üslubu bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Sonda vurğulanıb ki, Azərbaycan xalqının zəngin mədəni və ədəbi irsini qorumaq, klassik söz ustalarının yaradıcılığını öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Xaqani Şirvani kimi dahilərin irsinin təbliği milli-mənəvi dəyərlərimizin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından böyük əhəmiyyət daşıyır.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
Ekspress-sorğuda mövzu süni intellekt və musiqidir
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.
Bu dəfə ekspress sorğumuza "İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin üzvləri cavab verdilər.
Beləliklə, sual və cavabları Sizə təqdim edirik.
Süni intellektin musiqi bəstələdiyi və səs tonlarını təqlid etdiyi bir dövrdə canlı ifa ilə izləyiciləri necə ovsunlamaq olar?
Turanə Orucova, "İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi"nin sədri:
-Süni intellekt musiqi yaratmaqda və səs tonlarını təqlid etməkdə sürətlə inkişaf etsə də, o, insan ruhunu, səhnə enerjisini və canlı ifanın yaratdığı emosional bağı tam əvəz edə bilməz. Canlı ifanın ən böyük gücü sənətçinin dinləyici ilə qurduğu səmimi ünsiyyətdə, improvizasiyasında və hər ifada yaşanan fərqli hisslərdədir.
Xüsusilə Azərbaycan musiqisi, muğam, xalq musiqisi və klassik ifaçılıq məktəbi dərin mənəvi zənginliyə, improvizasiya ənənəsinə söykənir. Bu incəliklər yalnız texniki səslənmə deyil, illərlə formalaşan sənət təcrübəsi, duyğu və mədəni yaddaşın vəhdətidir. Süni intellekt müəyyən üslubu təqlid edə bilər, lakin ifa zamanı yaranan həyəcanı, nəfəsin ritmini, auditoriyanın reaksiyasına uyğun dəyişən interpretasiyanı və sənətkarın qəlbindən gələn enerjini yarada bilməz.
Bu gün izləyicini ovsunlamağın yolu təkcə gözəl səsdən deyil, həm də səmimiyyətdən, peşəkarlıqdan, səhnə mədəniyyətindən və canlı emosiyalardan keçir. Texnologiya sənətə dəstək ola bilər, amma əsl sənəti yaradan və yaşadan yenə də insandır.
Şahbaz Ali, müğənni, prodüsser:
-Süni intellektin bizim muğamımızdan xəbəri yoxdur. Ümumiyyətlə, muğam çox dərin bir janrdır, onu çox az xanəndə sonuna qədər bilir, o qaldı ki, süni intellekt bilsin. Azərbaycanda bəstələnən, aranjiman olunan mahnılar muğamlar ən çox da "Bayatı-Şiraz" üzərində qurulur. Yəni, muğamdan bir az anlayışı olan insan mahnının süni intellekt tərəfindən bəstələnib-bəstələnmədiyini dərhal anlaya bilər, məncə. Əlavə olaraq, emosiyalar və vokal performans baxımından süni intellekt ciddi səhvlər edir, peşəkar musiqiçi bunları eşidib rahatlıqla ayıra bilir.
Sevda Əşrəfova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi:
Mənim fikrimcə, süni intellekt işləri asanlaşdırır, amma hansısa bəstəkarın əli dəyməmiş musiqi və ya söz təbii ki də quru alınır.
Məncə, süni intellekt bizim işimizi asanlaşdırır amma, bəstəkarı və ya musiqiçini əsla əvəz edə bilmir.
Kamran Eldarov, Azərbaycan Milli Konservatoriyasında magistrantı:
-Mən, ümumiyyətlə, nəinki süni intellekt, heç fonoqramla olan ifanı belə dəstəkləmirəm, çünki hər bir ifaçı öz ifasını sərbəst şəkildə hər zaman ifa edə biləcək vəziyyətdə olmalıdır. Qaldı ki süni intellektə, o bizim muğamları düzgün bilə bilməz. Muğam sənəti çox ağır və sərbəst sənətdir, neçə ilin xanəndəsi bu şöbə və guşələri oxumağa çətinlik çəkir, qaldı ki süni intellekt bu çətin işin öhdəsindən gələ bilsin.
Aysu Dəmirova, Bakı Mühəndislik Universitetinin tələbəsi:
-Texnologiya nə qədər inkişaf etsə də, süni intellekt insanın hisslərini, səhnədə yaşadığı həyəcanı və tamaşaçı ilə qurduğu canlı emosional əlaqəni tam əvəz edə bilməz. Süni intellekt musiqi bəstələyə və səsi təqlid edə bilər, lakin hər canlı ifa özünəməxsus anlar, improvizasiya və səmimiyyət daşıyır. İzləyicini ovsunlamağın yolu təkcə güclü səsdən deyil, ifaçının enerjisindən, səhnə mədəniyyətindən, tamaşaçı ilə ünsiyyətindən və musiqini ürəkdən təqdim etməsindən keçir. İnsanlar konsertə yalnız mahnı dinləməyə deyil, hiss etməyə, duyğulanmağa və unudulmaz xatirələr qazanmağa gəlirlər. Düşünürəm ki, gələcəkdə süni intellekt musiqi sahəsində köməkçi vasitə kimi istifadə oluna bilər, amma canlı ifanın ruhunu və insan toxunuşunu əvəz edə bilməyəcək. Çünki sənətin əsasında emosiya, səmimiyyət və insan faktoru dayanır.
Zənurə Həsənli, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi:
-Süni intellekt nə qədər inkişaf etsə də, məncə, canlı ifanın yerini tam tuta bilməz. Çünki insanlar yalnız səsi deyil, hissi də dinləyirlər. Səhnədə səmimi olmaq, mahnını ürəkdən oxumaq, tamaşaçı ilə göz təması qurmaq və onlarla ünsiyyət yaratmaq ifanı daha təsirli edir. Hər canlı ifa fərqlidir və məhz bu fərqlilik onu xüsusi edir. Süni intellekt musiqi yarada bilər, amma insanın hisslərini və səhnədə yaratdığı o xüsusi ab-havanı eyni şəkildə çatdıra bilmir. Buna görə də izləyicini ovsunlamağın ən yaxşı yolu səmimi, enerjili və ürəkdən gələn bir ifadır.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
O qatarın arxasınca baxma...
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
İnsan həyatında bəzi səhnələr var ki, onlar bir neçə saniyə davam etsə də, ömrün yaddaşında illərlə yaşayır. Vağzalda yavaş-yavaş hərəkət edən bir qatar, pəncərədən son dəfə əl yelləyən bir insan, platformada donub qalan baxışlar... Qatar uzaqlaşdıqca sanki təkcə relslərin səsi eşidilmir, həm də ürəyin içində qırılan xəyalların səsi duyulur.
Amma bəlkə də həyatın bizə öyrətmək istədiyi ən böyük həqiqət budur: o qatarın arxasınca baxma. Çünki hər gedən qatar geri dönmək üçün yola çıxmır.
İnsan qəribə varlıqdır. Gedəni saxlaya bilməyəndə onun arxasınca baxaraq təsəlli tapacağını düşünür. Elə bilir ki, son dəfə baxmaq ayrılığı yüngülləşdirəcək. Halbuki o son baxış ayrılığı bitirmir, əksinə, onu daha da uzadır. Qatar gözdən itir, amma insanın baxışları hələ də relslərin üstündə qalır.
Həyat da buna bənzəyir. Bəzən bir insan gedir. Bəzən bir dostluq bitir. Bəzən illərlə qurduğun bir xəyal dağılır. Bəzən isə geri qaytarmaq üçün hər şeyi verməyə hazır olduğun bir zaman əllərinin arasından sürüşüb gedir. Sən isə olduğun yerdə dayanıb yalnız uzaqlaşanı izləyirsən.
Halbuki həyat heç vaxt dayanıb gözləmir. Vağzalda bir qatar gedəndə başqa bir qatar artıq gəlmək üçün yoldadır. Təbiətin qanunu da budur. Boşalan yer dolur, bitən yol yenisinə çevrilir. Gedənin ardınca sonsuz baxmaq isə gələnin səsini eşitməyə mane olur.
Ən ağır yük keçmişin özü deyil. Ən ağır yük keçmişi buraxa bilməməkdir.
İnsan bəzən yaddaşını evə çevirir. Hər gün köhnə xatirələrin qapısını açır, eyni söhbətləri düşünür, eyni səhvləri təkrar yaşayır. O artıq keçmişdə baş verənləri yaşamır, keçmiş onu yaşayır.
Elə buna görə də bəzi insanlar irəli gedə bilmirlər. Ayaqları bu gündə olsa da, ruhları illər əvvəl yola düşmüş bir qatarın son vaqonundan yapışıb qalır.
Hər ayrılıq itki deyil. Bəzən gedən insan həyatından çıxmalı idi ki, sən özünü tapa biləsən. Bəzən bitən münasibət səni məhv etmək üçün yox, daha güclü etmək üçün bitir. Bəzən bağlanan qapı cəza deyil, yanlış otaqdan çıxışdır.
Bunu yalnız zaman öyrədir. İllər sonra geriyə baxanda insan anlayır ki, vaxtilə ağladığı bəzi ayrılıqlar əslində onun xilası imiş. Əgər o qatar dayanıb səni də özü ilə aparsaydı, bəlkə də bu gün sahib olduğun bütün gözəlliklərdən məhrum qalacaqdın.
Həyatın paradoksu da budur. Biz çox vaxt itirdiklərimizə yas tuturuq, amma onların bizi hansı itkilərdən qoruduğunu bilmirik.
Qatar metaforu təsadüfi deyil. Qatar relslər üzərində yalnız irəli gedir. O geri dönərək eyni yolu təkrar yaşamır. Təbiət də belədir. Zaman da belədir. İnsan ömrü də belə olmalıdır.
Keçmişdən dərs almaq lazımdır, amma keçmişdə yaşamaq yox. Çünki geriyə baxaraq irəlidəki yolu görmək mümkün deyil.
Ən gözəl günlərin çoxu hələ yaşanmayıb. Ən gözəl insanlar hələ tanış olmayıb. Ən gözəl sözlər hələ deyilməyib. Ən böyük uğurlar hələ qazanılmayıb. Ancaq bütün bunlar yalnız başını qaldırıb qabağa baxan insanlar üçündür.
Platformada saatlarla gedən qatarın arxasınca baxan adam isə gələn qatarı qaçırır. Bu, yalnız dəmir yolunun qaydası deyil, həyatın da qaydasıdır.
Bəzən insan "kaş" sözünün əsiri olur. Kaş o sözü deməsəydim. Kaş o gün getsəydim. Kaş saxlasaydım. Kaş dəyişsəydim.
Ancaq "kaş" heç vaxt zamanı geri qaytarmır. O yalnız insanın bu gününü oğurlayır.
Əsl cəsarət keçmişi dəyişmək deyil. Əsl cəsarət dəyişdirə bilmədiyini qəbul edib yenidən yoluna davam etməkdir. Çünki həyat heç kimi gözləmir.
Vağzallarda ən təsirli səhnələrdən biri də budur: biri gedir, biri qalır. Gedən yoluna davam edir. Qalan isə elə bilir ki, həyat onunla birlikdə dayanıb.
Əslində isə relslərin o biri başında başqa şəhərlər, başqa insanlar, başqa talelər var. Sənin də.
Bəlkə də bu gün itirdiyini düşündüyün şey sabah minnətdarlıqla xatırlayacağın bir ayrılıq olacaq. Bəlkə də bu gün bağlanan qapı sabah açılacaq on qapının başlanğıcıdır.
İnsan bunu yalnız irəli addımlayanda görə bilir.
Ona görə də gedənə dua et, amma arxasınca ömür sərf etmə. Bitənə hörmət et, amma həyatını onun məzarı üzərində qurma. Xatirələri sev, amma gələcəyini onlara girov vermə.
Çünki relslər yalnız keçmişə yox, gələcəyə də uzanır. Və hər vağzalda yeni bir qatar dayanır.
Bəzən gecikir, bəzən gözlənilmədən gəlir, bəzən isə insan onu ilk baxışda tanımır. Amma gəlir.
Yetər ki, sən hələ də çoxdan gözdən itmiş bir qatarın arxasınca baxıb qalma.
Başını qaldır. Dərin bir nəfəs al. Çamadanını götür. Yeni biletini cibinə qoy.
Və unutma:
Həyat gedən qatarların arxasında deyil. Həyat minməyə cəsarət etdiyin növbəti qatardadır.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
Böyüyən, çiçəklənən şəhərə layiq olmaq prinsipi
Sumqayıt Bələdiyyəsinin 2026-cı ilin birinci yarısında fəaliyyətinin əsas nəticələrinə dair hesabatı yığıncağı keçirilib
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Kim deyir ki bələdiyyələr arabanın 5-ci təkəridir? Bələdiyyələrin lazımsız, nüfuzsuz təşkilat olmasından bəhs edənlərin Sumqayıt Bələdiyyəsinin fəaliyyətindən xəbərləri vardırmı?
Sumqayıt şəhərinin inkişafı təsadüflərin yox, məqsədyönlü fəaliyyətin nəticəsidir. Son altı ay ərzində Sumqayıt Bələdiyyəsi sakinlərin rifahının yüksəldilməsi, şəhər infrastrukturunun yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və ictimai xidmətlərin keyfiyyətinin artırılması istiqamətində ardıcıl fəaliyyət göstərib. Xüsusilə vurğulayaq ki, Sumqayıt şəhəri son 10 il ərzində sözün əsil mənasında böyük inkişafa nail olunub. Ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əzimkar və yorulmaz fəaliyyəti nəticəsində şəhər abad və gözəl diyara çevrilib.
Bu fikirlər YAP-nın Sumqayıt şəhər təşkilatının inzibatı binasında keçirilən Sumqayıt Bələdiyyəsinin 2026-cı ilin birinci yarısında fəaliyyətinin əsas nəticələrinə dair hesabatı yığıncağında səsləndirilib. Sədr Adil Xudadatov hesabat məruzəsi ilə geniş çıxış edib. Bildirib ki, 2026-cı ilin 6 ayı ərzində ümumilikdə Sumqayıt Bələdiyyəsinə daxil olmuş müraciətlər və digər zəruri məsələlər əsasında 18 bələdiyyə iclası keçirilib və bu iclaslarda müxtəlif səpkidə 761 məsələ müzakirəyə çıxarılıb.
Bələdiyyə rəhbərliyinin və icra aparatının şöbələrində qəbulda 1085 nəfər vətəndaş olub. Daxil olan ərizə və müraciətlərin baxılması qanunla müəyyən edimiş müddət ərzində təmin edilib. Bundan əlavə Sumqayıt Bələdiyyəsində şəhid ailələri və qazilər qəbul olunaraq onların müraciətləri dinlənilib, qayğı və problemləri ilə yaxından maraqlanılıb. Şəhid ailələri və qazılara göstərilən diqqət və qayğı dövlət-vətəndaş həmrəyliyinin, milli-mənəvi dəyərlərə verilən yüksək önəmin bariz nümunəsidir.
Sədr hər kəsin diqqətinə çatdırıb ki, 2026-cı ilin may ayının 16-dan 22-dək Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov və bələdiyyənin nümayəndə heyəti Türkiyə Respublikası Samsun Bələdiyyəsinin sədri Halit Doğanın dəvəti ilə partnyor şəhərə səfər edib. Nümayəndələr Samsun şəhərində 19 may - Atatürkü Anma, Gənclər və İdman bayramına həsr edilmiş tədbirlərdə iştirak ediblər.
Sumqayıt Bələdiyyəsinin 2026-cı ilə yerli sosial müdafiə proqramı əsasında bir sıra layihələr icra olunub. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı 8 may tarixində Milli Qəhrəman Əliyar Əliyev küçəsi,Yaşıldərə Yeni Yaşayış Massivi ərazisində “Bələdiyyə parkı”nın açılış tədbiri keçirilib. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.
Novruz Bayramı münasibəti ilə keçirilən ümumşəhər tədbirinin ardınca Yaşıldərə yaşayış massivindəki Bələdiyyə parkında aztəminatlı ailələr , eləcə də massiv sakinləri üçün şənlik təşkil edilib.
Sumqayıt Bələdiyyəsinin 2026-cı ilə yerli sosial inkişaf proqramı çərçivəsində cari ilin birinci yarısında, sahəsi 1700 kv.metr təşkil edən Sumqayıt Bulvarında yerləşən yeni inzibati binanın alınması olub.
Bununla yanaşı cari ilin birinci yarısında bələdiyyənin sifarişləri əsasında icra edilmiş layihələr şəhər ərazisinin abadlaşdırılması, küçə və avtobus marşrutları boyu üzrə yolların əsaslı və cari təmiri, Sülh prospekti boyu məhəccərlərin quraşdırılması, “Bələdiyyə parkı”nın saxlanılması, küçələrin işıqlandırılması, Yeni Yaşayış Massivində yaşıllıq zonasının salınması və digər layihələr uğurla icra edilib. Cari ilin birinci yarısında yerliözünüidarəetmə orqanın sifarişləri əsasında Sarıqaya bağlar ərazisində 17 və 18 saylı avtobus marşurutu boyu yola yeni asfalt örtüyü qoyulub. Şəhid Milli Qəhrəman Əliyar Əliyev küçəsi 39 saylı marşurut istiqaməti,o cümlədən 33 saylı və 10 A saylı avtobus yolu da abadlaşdırılaraq asfaltlanıb.
Sumqayıt Bələdiyyəsinin Məhəllə komitələri tərəfindən 2026-cı ilin 6 ayı ərzində (yanvar-iyun) bir sıra layihələr həyata keçirilib. Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə məhəllə komitəsinin ərazisində İşağa Quliyev küçəsinə 2 min kv.m hissəsi asfalt örtüyü döşənmiş, Böyük Qafqaz küçəsinə isə 600 kv. metr hissəsinə asfalt qırıqları səpilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti əməkdaşları ilə kordinasiyalı fəaliyyət nəticəsində Bələdiyyə qulluqçuları küçə ticarətinə qarşı reydlər təşkil edib. Şəhər Nəqliyyatında maarifləndirici tədbirlər keçirilib.
İlin əvvəlindən “Bələdiyyə parkı”nda 19 min kv.metr qazona daimi xidmət göstərilib.
Şəhərimizin mühüm mədəniyyət ocaqlarından biri olan “Muğam və Yaradıcılıq Mərkəzi” 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Sonradan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun Sumqayıt Bələdiyyəsinə göstərdiyi etimad nəticəsində Muğam Mərkəzi bələdiyyənin mülkiyyətinə verilib. Muğam və Yaradıcılıq Mərkəzində ilk rəsmi tədbir 21 yanvar 2026-cı il tarixində keçirilib və həmin gün Sumqayıt Bələdiyyəsinin 2025-ci ilin fəaliyyətinə dair hesabat iclası təşkil olunub. Hesabat iclasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, eyni zamanda Azərbaycan Respublikası Şəhər Bələdiyyələri Milli Asossasiyasının sədri Təmraz Tağıyev, millət Vəkilləri və şəhər ictimayəti iştirak ediblər. Cari ilin ötən dövrü ərzində Mərkəz şəhərin ictimai-mədəni həyatında mühüm rol oynayaraq 15-dən artıq müxtəlif tədbirə ev sahibliyi edib.
Yeni Yaşayış Massivi 2-ci məhəllə ərazisində Dəmir yolundan əraziyə keçid üçün beton panelli körpü tikilib.
Həmçinin ərazidə çirkab sularının axıdılması məqsədilə 250 metr uzunluğunda kanalizasiya xətti çəkilib. İnşaatçı 1 saylı məhəllə komitəsinin ərazisində diametri 300 mm olan kanalizasiya boruları təmizlənmiş, ərazidəki məktəb yoluna yeni kanalizasiya borusu salınıb .
Hesabat dövründə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılıb.
Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilir, müxtəlif telekanalların vasitəsi ilə yayımlanır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılmasında bələdiyyənin elektron səhifəsi, poçtu, sosial şəbəkə hesabları, məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir. Bələdiyyənin təşkil etdiyi müxtəlif tədbirlərlə bağlı paylaşımlar apa.az, belediyye.info, belediyye-info.az , Den.az, Denmedia.az “Sumqayıt” qəzeti və müxtəlif mətbuat orqanlarında işıqlandırılıb.
Daha sonra Sumqayıt Bələdiyyəsinin sədr müavinləri Nərmin Mehdiyeva, Orxan Bəndəliyev, Orxan Adıgözəlov xidməti sahələri üzrə fəaliyyətlərinə dair hesabat veriblər.
Ardınca Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Əli Ələkbərli, Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi Hüseyn Məmmədov, Azərbaycan Bələdiyyələri Milli Assosiasiyasının "Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi" QSC-nin direktoru Adil Əhmədov, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəis müavini Bayram Bayramzadə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisi Anar Həsənov, Ədliyyə İdarəsinin əməkdaşı Rüfanə Ömərova, Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri Eldar İsmayılov və Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Gündüz Əliyev çıxış edərək, Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin qənaətbəxş hesab ediblər. Sonda bir sıra Bələdiyyə qulluqçusuna Fəxri Fərmanlar təqdim edilib.
Sumqayıt 3-cü miniliyin dinamik inkişaf tempinə uyğun inkişaf edən Azərbaycan şəhəridir, orada fəaliyyət göstərən hər bir qurum, hər bir şəxs bu inkişaf tempinə uyğunlaşaraq şəhərin böyüməsinə, gözəlləşməsinə öz töhfəsini verir.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
Xalq şairi Sabir Rüstəmxanlının “Sürgün sevgi” tamaşası hazırlanır
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun quruluşunda Xalq şairi, “Şöhrət” və “Şərəf” ordenli görkəmli xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında yazıçının "Sürgün sevgi" əsəri əsasında eyniadlı iki hissəli milli faciə janrında yeni tamaşa hazırlanır.
XX əsrdə Azərbaycan xalqının üzləşdiyi repressiyalar, sürgünlər, milli faciələr və insan talelərindən bəhs edən təsirli səhnə əsərində 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə hökm sürən ictimai-siyasi gərginlik, xaos, vətəndaş qarşıdurması və həmin dövrün ağır ictimai reallıqları bədii müstəvidə əks olunur. Müəllif sovet hakimiyyəti illərində baş vermiş repressiyaları, ziyalıların təqibini, ailələrin parçalanmasını, sürgün və faciələrlə müşayiət olunan insan talelərini bədii dillə tamaşaçıya çatdırır.
Əsərdə vurğulanır ki, sovet totalitar rejimi dövründə minlərlə günahsız insan həbs olunub, güllələnib və ya sürgünə göndərilib. Repressiyalar yalnız həmin şəxsləri deyil, onların ailə üzvlərini, övladlarını və yaxın qohumlarını da əhatə edib. Tamaşa bu ağrılı tarixi hadisələrin insanların taleyində buraxdığı dərin izləri emosional və təsirli səhnələrlə canlandırır.
Səhnə əsərində eyni zamanda 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, ölkədə vətəndaş qarşıdurmasının qarşısının alınması, dövlətçiliyin qorunması istiqamətində atdığı addımlar, eləcə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan və çətin dövrlərdə xalqın yanında olan ziyalıların fəaliyyəti bədii şəkildə təqdim edilir.
Müəllif Sabir Rüstəmxanlı və quruluşçu rejissor Ağalar İdrisoğlu tarixi hadisələri dərin məzmunlu dialoqlar, kəskin dramatik qarşıdurmalar və təsirli səhnə həlləri vasitəsilə tamaşaçıya təqdim edirlər. Tamaşada vətən sevgisi, azadlıq uğrunda mübarizə, insan ləyaqəti, sevgi və sədaqət kimi ali dəyərlər ön plana çəkilir.
Tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, xormeysteri Əməkdar müəllim Firəngiz Xəlilova, quruluşçu rəssamı Osman Osmanov, tərtibatçı rəssamı Nizami Dadaşov, plastik hərəkətlər üzrə quruluşçusu Kamil Ağazadə, videoqrafı Rais Bəhrami, rejissor assistenti isə Fazilə Rzayevadır.
Zəngin səhnə tərtibatı, maraqlı mizanlar və kütləvi səhnələrlə seçilən tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, İlahə Səfərova, Xatirə Süleymanova, Elmira Kərimova, Fəranə Musayeva, Sədaqət Nuriyeva, aktyorlar Vəfa Qurbanova, Mətanət Əmirullayeva, Yeganə Məmmədova, Əjdər Zeynalov, Habil Xanlarov, Elay Xasıyev, Rövşən Əsgərov, Məryəm Hüseynli, Aysel Hümbətova, Emil Həmidov, Şəhriyar Aşkari, Günəş Bağırsoy, Cavanşir Eyyubzadə, Şəms Abdullayeva, Elmir Mehdiyev, Ramazan Xanlarov, İlham Səfərli, Dağlar Rüstəmov, Şəhla Məmmədova, Akif Mirzəyev, Rövşad İlyasov, Səyavuş Mahmudov, Kamran Muradlı və digər aktyorlar müxtəlif xarakterli obrazlar yaradırlar. Kütləvi səhnələrdə isə teatrın bütün yaradıcı kollektivi iştirak edir.
“Sürgün sevgi” tamaşasının premyerasının növbəti teatr mövsümündə - sentyabr ayının sonlarında keçirilməsi nəzərdə tutulur. Tarixi hadisələrə fərqli bədii prizmadan yanaşan bu səhnə əsərinin tamaşaçılar tərəfindən maraqla qarşılanacağı gözlənilir. Tamaşa yalnız bir sevgi hekayəsini deyil, həm də bütöv bir xalqın yaddaşında silinməz iz qoymuş hadisələri, milli-mənəvi dəyərləri və azadlıq uğrunda mübarizə ruhunu səhnədə əks etdirir.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
“Bu məsələyə emosional deyil, strateji yanaşmaq lazımdır...”
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanda hər il müzakirə olunan mövzulardan biri də rus bölməsində təhsil məsələsidir. Cəmiyyətdə belə bir fikir var ki, rus bölməsində oxuyan şagirdlər Azərbaycan dilində sərbəst danışmaq, yazmaq və oxumaqda çətinlik çəkirlər. Bu fikir bəzi hallarda öz təsdiqini tapsa da, bütün rus bölməsi məzunlarına şamil edilə bilməz. Çünki ana dilinə münasibət yalnız tədris dilindən deyil, ailə mühitindən, şəxsi maraqdan və mütaliədən də asılıdır.
Eyni zamanda, hər bir Azərbaycan vətəndaşı dövlət dilini yüksək səviyyədə bilməli və ondan düzgün istifadə etməlidir. Buna görə də həm Azərbaycan, həm də rus bölməsində təhsil alan şagirdlərdə dövlət dilinin öyrədilməsinə xüsusi diqqət yetirilməlidir. Beləliklə, problemi ümumiləşdirmək deyil, onun həlli yollarını axtarmaq cəmiyyət üçün daha faydalı yanaşmadır.
Filologiya elmləri doktoru, professor Vüsalə Ağabəyli mövzu ilə bağlı "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verib. O qeyd edib ki, Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir və dövlət dilinin mövqeyinin möhkəmləndirilməsi təhsil siyasətinin əsas istiqamətlərindən biri olmalıdır:
"Bu baxımdan, tədrisin Azərbaycan dilində keyfiyyətinin yüksəldilməsi, dərslik və metodik bazanın gücləndirilməsi, müəllim hazırlığının təkmilləşdirilməsi və valideynlərin dövlət dilində təhsilə marağının artırılması xüsusi əhəmiyyət daşıyır.
Rus bölmələrinin mərhələli şəkildə Azərbaycan bölməsi ilə əvəzlənməsi məsələsi isə kifayət qədər həssas və çoxşaxəli yanaşma tələb edir. Belə bir dəyişiklik yalnız inzibati qərarla deyil, cəmiyyətin sosial tələbatı, təhsil sisteminin hazırlıq səviyyəsi, müəllim potensialı və tədrisin keyfiyyəti nəzərə alınmaqla həyata keçirilə bilər. Əsas məqsəd hansı dildə təhsil almaqdan daha çox, dövlət dilində yüksək səviyyədə təhsil almaq imkanlarını təmin etmək olmalıdır.
Mən hesab edirəm ki, bu məsələyə emosional deyil, strateji yanaşmaq lazımdır. Son dövrlər rus bölmələrinin bağlanması və ya mərhələli şəkildə ləğvi ilə bağlı müzakirələr intensivləşib. Ancaq eyni zamanda ölkəmizdə ingilis dilində tədris aparan özəl məktəblər də fəaliyyət göstərir və onlar da kifayət qədər şagird kontingentinə malikdir".
Müsahibimizin sözlərinə görə, əgər məqsəd xarici dildə təhsilin özünü problem kimi təqdim etməkdirsə, onda eyni yanaşma bütün xarici dilli təhsil modellərinə şamil olunmalıdır:
"Əks halda, bu məsələyə selektiv yanaşma cəmiyyətdə haqlı suallar doğurur. Məncə, əsas sual bu olmalıdır: rus bölmələrinin məhdudlaşdırılması ilə biz konkret olaraq nə əldə edəcəyik? Əgər bu addım dövlət dilinin mövqeyini gücləndirmək məqsədi daşıyırsa, bunun ən səmərəli yolu qadağalar deyil, Azərbaycan dilində təhsilin keyfiyyətini daha da yüksəltməkdir. Valideyni seçim etməyə məcbur edən amil çox vaxt tədrisin dili deyil, təhsilin keyfiyyəti, məktəbin mühiti və gələcək perspektivləridir.
Bizim əsas məqsədimiz milli-mənəvi dəyərlərə bağlı, dövlət dilinə və milli ideologiyaya sadiq, eyni zamanda müasir dünyanın çağırışlarına cavab verən və rəqabətqabiliyyətli mütəxəssislər yetişdirmək olmalıdır. Belə vətəndaşın bir neçə xarici dili bilməsi isə yalnız üstünlükdür. Xarici dil bilmək milli kimliyə alternativ deyil; əksinə, öz milli kimliyinə və ana dilinə möhkəm bağlı olan insan başqa dilləri də mənimsəyərək ölkəsini beynəlxalq müstəvidə daha uğurla təmsil edə bilər.
Bu baxımdan hesab edirəm ki, diqqətimizi təhsilin dilindən daha çox, təhsilin məzmununa və keyfiyyətinə yönəltməliyik. Güclü Azərbaycan dili, keyfiyyətli təhsil, milli dəyərlərə söykənən tərbiyə və yüksək peşəkarlıq birlikdə formalaşdıqda, dövlət dilinin nüfuzu da təbii şəkildə möhkəmlənəcək".
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)


