Super User
İki milli Qəhrəmanın - Polad Həşimov və İlqar Mirzəyevin anım günüdür
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Eyni səbəb, eyni məqsəd, fərqli cisimlər - Bu gün Birinci Qarabağ müharibəsinin başlaması səbəbi ilə sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə verən, canları və qanları ilə tarixə adlarını yazan iki şəxsiyyətin, iki milli Qəhrəmanın - Polad Həşimov və İlqar Mirzəyevin anım günüdür.
POLAD HƏŞİMOV
Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olub. 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlib və hərbçi olmağı qərara aldığını bildirib. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib.
1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov oranı "Motoatıcı" ixtisası üzrə bitirib. Daha sonra o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub və "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alıb.
1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşıb. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla ilçəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilib.
Polad Həşimov 28 yaşı olanda "mayor" hərbi rütbəsi alıb və Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl–Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilib. Kirayə mənzildə yaşamasına baxmayaraq Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlayıb.
2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib. Bununla da XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan birinci hərbçi olub.
İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Həmin gün saat 13:00-da müdafiə nazirinin müavini Kərim Vəliyev canlı yayımda açıqlama verib:
Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdur. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksəkrütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəsüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbir diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq
General-leytenant Kərim Vəliyev
General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhid olub.
İyulun 14-də günorta saatlarında Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə gətirilib. Hələ səhər saatlarından vida mərasimi üçün minlərlə insan Qəbələ şəhərindən Vəndam qəsəbəsinə axın edib. Doğma yurdunda vida mərasimi baş tutandan sonra Polad Həşimovun nəşi böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə yola salınıb. Axşamüstü Polad Həşimovun nəşi minlərlə insanın izdihamı ilə evinə gətirilib. Dəfn mərasimi bir gün sonra baş tutub.
2021-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. Polad Həşimovun şəhid olmasından sonra əsasən Qəbələ rayonunda olmaqla yeni doğulan oğlan uşaqlarına "Polad" adı verilib.
2020-ci ilin avqust ayında Polad Həşimova həsr olunan 2 kitab işıq üzü görüb. Əvvəlcə Qanun Nəşriyyatı tərəfindən "Polad Generalımız" adlı kitab, daha sonra isə "Hədəf" Nəşrləri və "XAN" Nəşriyyatı tərəfindən Polad Həşimova həsr olunan növbəti kitab nəşr edilib
"General Polad Həşimov xatirələrdə" adlanan kitabda Polad Həşimovun anası, həyat yoldaşı, qızı, həmçinin xidmət yoldaşlarının onun haqda xatirələri yer alıb. 2023-cü ildən Polad Həşimovun şəxsi əşyaları — hərbi forması, qələmi, əlyazması və fotoşəkilləri ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir və orada nümayiş olunur.
Qəbələ, Quba və Sumqayıt şəhərlərində mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib Polad Həşimovun adı verilib. Bakıda Pavel Naximov küçəsinin adı Polad Həşimov olaraq dəyişdirilib. Bakının Xətai rayonunda Polad Həşimovun adını daşıyan park istifadəyə verilib.
Mükafatları
1. "Vətən uğrunda" medalı
2. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
3. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
4. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
5. "Hərbi xidmətlərə görə" medalı
6. "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
7. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
8. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
9. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
10. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
11. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
12. "Qızıl Ulduz" medalı (ölümündən sonra)
13. "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
14. "Vətənə xidmətə görə" 2-ci dərəcəli ordeni
15. "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni
İLQAR MİRZƏYEV
"Artilleriyanın atası" ləqəbli İlqar Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olub. Qardabani şəhərində tam orta məktəbdə təhsil alıb. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olub. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verib.
1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub və 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirib. İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub və təhsilini uğurla başa vurub.
Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar, Tank Artilleriya Kursantları, Kursantlar Taborunun Kursantlar Bölüyünün Taqım Komandiri və Komandiri vəzifəsində xidmət edib. O, baş leytenant, kapitan, mayor, polkovnik hərbi rütbələri ilə təltif edilib.
Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilib və 7 strateji nöqtə işğaldan azad edilib.
İlqar Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Həmin gün saat 13:00-da müdafiə nazirinin müavini Kərim Vəliyev canlı yayımda açıqlama verib:
Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdu. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəsüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbir diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimiz, yaralıların qanı yerdə qalmayacaq..
General-leytenant Kərim Vəliyev
Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olub. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Komandir müavini olan general-mayor Polad Həşimov, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhid olub.
İyulun 14-də günorta saatlarında İlqar Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə, axşamüstü isə minlərlə insanın izdihamı ilə evinə gətirilib. Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi eyni gündə, iyulun 15-də baş tutub. Mirzəyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.
2021-ci ilin aprel ayında İlqar Mirzəyevin Xətai rayonunda yaşadığı binanın önündə xatirəsi lövhəsi qoyulub və binanın həyəti abadlaşdırılaraq orada bağ salınıb. 2021-ci ildə Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin adı verilib.
Təltifləri
1. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
2. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
3. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
4. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
5. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
6. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
7. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
8. "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
9. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
10. "Qızıl Ulduz" medalı (ölümündən sonra)
11. "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)
Əfsanəyə çevrilən xalq generalı: Polad Həşimovun ömür və şəhadət dastanı
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan hərb tarixinin ən parlaq, ən unudulmaz səhifələrindən biri də heç şübhəsiz general-mayor Polad Həşimovun adı ilə bağlıdır. O, təkcə rütbəsi və sərkərdəlik bacarığı ilə deyil, həm də əsgərlərinə olan ata qayğısı, sarsılmaz mənəviyyatı və dillərə dastan olan sadəliyi ilə fərqlənən unikal bir sima idi. Müasir Azərbaycan ordusunun qurucularından olan Polad Həşimov döyüş meydanında, ön xətdə şəhid olan ilk və yeganə general-mayorumuz kimi əbədiyyətə qovuşdu. Onun 2020-ci ilin iyulunda Tovuz səmasında ucalan şəhadəti, cəmi iki ay sonra başlayacaq böyük Vətən Müharibəsinin və Qarabağın azadlığının rəmzi qığılcımına çevrildi.
Mühəndislikdən səngərə ucalan yol
Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçən Polad, hələ məktəb illərindən dəqiq elmlərə, xüsusilə riyaziyyata olan böyük marağı ilə seçilirdi. Olimpiadalarda fərqlənən bir gənc kimi ailəsi onun gələcəkdə böyük bir mühəndis olacağını düşünürdü. Lakin 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsinin başlaması, torpaqlarımızın işğalı Poladın qəlbindəki vətən sevgisini alovlandırdı. O, mühəndislik sənədlərini geri götürərək Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə daxil oldu və həyatını tamamilə hərbiyə həsr etdi.
Murovun sərt şaxtasından Aprel döyüşlərinin zəfərinə
Polad Həşimov hələ gənc bir kursant və zabit olarkən müharibənin ən çətin sınaqlarından keçdi. 1992–1994-cü illərdə Ağdamın müdafiəsində, daha sonra isə Murovdağ silsiləsindəki dözülməz iqlim şəraitində yerləşən strateji postların qorunmasında misilsiz şücaət göstərdi.
Onun hərbi dühası 2016-cı ilin şanlı Aprel döyüşlərində özünü bir daha sübut etdi. 1-ci Ordu Korpusunun Qərargah rəisi olan Polad Həşimov, Tərtər rayonunun Talış qəsəbəsi və ətrafındakı strateji yüksəkliklərin düşməndən təmizlənməsi əməliyyatına birbaşa rəhbərlik etdi. Döyüş zamanı xəsarət almasına baxmayaraq, səngəri tərk etmədi. Bu zəfərdən sonra o, dövlət tərəfindən II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırıldı. 2019-cu ildə isə ona ali hərbi rütbə — general-mayor rütbəsi təqdim olundu.
Kabineti səngərə dəyişən sərkərdə: Tovuz döyüşləri
2020-ci ilin iyul ayında Ermənistan Silahlı Qüvvələri Qarabağdan uzaqda, strateji kommunikasiya xətlərinin keçdiyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəfil və xain bir hücuma keçdi.
General rütbəsi daşıyan Polad Həşimov kabinet rahatlığını tamamilə rədd edərək, hadisələrin başladığı ilk andan etibarən dərhal ön xəttə, əsgər və zabitlərinin yanına yollandı. O, tabeliyindəki hər bir əsgərin həyatını öz canından üstün tuturdu. 14 iyul 2020-ci il tarixində səhər saatlarında, Tovuzun Ağdam kəndi istiqamətindəki ön xətt sığınacağında döyüşü idarə edərkən, düşmən artilleriyasının hədəfli zərbəsi nəticəsində general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 5 igid hərbçimiz qəhrəmancasına şəhid oldu.
İnsanlığı ilə tarix yazan "xalq generalı"
Polad Həşimovu əfsanələşdirən təkcə onun hərbi uğurları deyil, uca şəxsiyyəti və insanlığı idi. Orduda onun haqqında yayılan xatirələr bu gün də hər kəsin qəlbinə toxunur:
Maaşını əsgərlərinə paylayan komandir: O, hər ay maaş alan kimi ehtiyacı olan əsgərlərinin ailələrinə gizlicə pul göndərir, postlarda hərbi xidmət edən gənclərin isti geyim və qida təminatı ilə şəxsən maraqlanırdı.
Dövlətin verdiyi evi bağışlayan qəhrəman: Aprel döyüşlərindəki xidmətlərinə görə dövlət tərəfindən ona Sumqayıtda mənzil verilərkən, Polad həmin mənzili özü götürməmiş, mənzilə ehtiyacı olan bir şəhid ailəsinə bağışlamışdı.
Əsgəri ilə çörək kəsən sadəlik: O, heç vaxt özünü əsgərlərindən ayırmır, onlarla eyni qazandan xörək yeyir, çətin anlarda səngərdə çiyin-çiyinə dözürdü.
Şəhadətin doğurduğu böyük oyanış və tarixi qisas
Polad Həşimovun şəhid olması xəbəri bütün Azərbaycanda görünməmiş bir izdihama və milli oyanışa səbəb oldu. İyulun 14-ü və 15-də on minlərlə insan Bakı, Sumqayıt və digər şəhərlərin küçələrinə axışaraq "Poladın qisası alınsın!", "Orduya dəstək!" şüarları ilə kütləvi yürüşlər keçirdi. Bu, xalqın öz ordusuna və generalına olan sonsuz sevgisinin ən böyük sübutu idi. Minlərlə gənc könüllü olaraq orduya yazılmaq üçün müraciət etdi.
Şəhid generalın II Fəxri Xiyabandakı dəfni milli birliyin simvoluna çevrildi. Məhz bu daxili qisas ruhu və Polad Həşimovun yarımçıq qalan arzusu cəmi iki ay sonra — 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsində ordumuzu zəfərə apardı. Şuşada, Füzulidə, Kəlbəcərdə düşmənə endirilən hər bir sarsıdıcı zərbədə "Poladın qisası" var idi.
Əbədi ehtiram və dövlət təltifləri
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında müstəsna xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdiyi rəşadətə görə general-mayor Polad Həşimov ölümündən sonra da ən ali mükafatlara layiq görülmüşdür:
"Azərbaycanın Milli Qəhrəmanı" adı (9 dekabr 2020, ölümündən sonra)
II dərəcəli "Vətənə xidmətə görə" ordeni (2016)
III dərəcəli "Vətənə xidmətə görə" ordeni (2014)
"Vətən uğrunda" medalı (2009)
"Hərbi xidmətlərə görə" medalı (2003)
Bu gün Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Bakı və Sumqayıtda Polad Həşimovun adını daşıyan küçələr, parklar və məktəblər var. O, öz şərəfli ömrü və əfsanəvi şəhadəti ilə adını tariximizə silinməz mürəkkəblə yazdırdı. Ruhun şad olsun, Böyük Komandir!
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)
Qəbirstanlığa məktub - HEKAYƏ
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Payız kəndə həmişə asta-asta gəlirdi. Əvvəlcə həyətlərdəki tut ağaclarının yarpaqları saralır, sonra səhərlər torpağın üzərinə nazik duman çökür, axşamlar isə havada yaş torpağın və qurumuş yarpaqların qoxusu duyulurdu. Günəş hələ də doğurdu, amma artıq əvvəlki kimi isitmirdi. Sanki fəsillə birlikdə insanların qəlbində də görünməz bir sakitlik, bir yorğunluq yaranırdı.
Kəndin mərkəzindən bir qədər aralıda yerləşən köhnə poçt şöbəsi də həmin payız mənzərəsinin ayrılmaz hissəsi idi. Vaxtilə kəndin ən gur yerlərindən biri sayılan bu balaca bina indi sükut içində yaşayırdı. Solmuş divarlar, rəngi ağarmış taxta pəncərələr, illərin izi qalmış dəmir qapı... Buraya baxan hər kəs anlayırdı ki, bu bina çox şey görüb, çox insanın sevincinə, kədərinə şahidlik edib.
Bir zamanlar hər səhər poçtun qarşısında növbələr yaranardı. Əsgər oğlundan xəbər gözləyən analar, şəhərdə oxuyan övladlarına bağlama göndərən valideynlər, uzaq ellərdə çalışan həyat yoldaşından məktub alan qadınlar... Hər məktub bir nəfəs, hər zərf bir ümid idi.
İndi isə hər şey dəyişmişdi. Mobil telefonlar, internet və ani mesajlaşma insanların yazmaq vərdişini əlindən almışdı. Kağıza köçürülən hisslər getdikcə azalmış, məktublar xatirəyə çevrilmişdi. Poçt şöbəsinə gələnlər əsasən pensiyasını alan yaşlılar və ya rəsmi sənəd göndərən adamlar olurdu. Sevinclə yazılmış məktublar isə sanki illər əvvəl itib getmişdi.
Poçt şöbəsinin müdiri Əli kişi otuz ildən çox idi ki, burada işləyirdi. Saçları çoxdan ağarmış, üzündə dərin qırışlar əmələ gəlmişdi. Onun üçün poçt sadəcə iş yeri deyildi. Hər məktubun arxasında bir insan taleyi olduğuna inanırdı. Buna görə də zərflərə heç vaxt adi kağız parçası kimi baxmazdı.
Hər səhər gün doğmamış gəlir, qapını açır, masaların tozunu silir, köhnə divar saatını qurur, sonra pəncərənin önündəki gülləri sulayırdı. Bu adətlər illərlə dəyişməmişdi. Hətta məktub gəlməyən günlərdə belə masanın üstündə boş bir yer saxlayardı. Elə bil ürəyində həmişə bir ümid yaşayırdı ki, qapı açılacaq və kimsə içəri girib deyəcək:
— Mən məktub göndərmək istəyirəm.
Həmin gün də adi günlərdən biri kimi başlamışdı. Səhərdən yağış çisələmiş, günortaya yaxın hava açılmışdı. Günəş buludların arasından görünürdü. Əli kişi köhnə qəzetləri səliqəyə salarkən qapının cingiltisi eşidildi. Başını qaldırdı. İçəri on iki-on üç yaşlarında bir qız daxil oldu. Qızın əynində sadə məktəb forması, çiyinlərində köhnəlmiş çanta vardı. Yağışdan islanmış saçlarının bir neçə teli alnına yapışmışdı. O, ehtiyatla yaxınlaşdı, sanki ilk dəfə idi ki, bu qapını açırdı. Əlində bərk-bərk sıxdığı ağ zərf diqqəti cəlb edirdi.
Əli kişi mehribanlıqla gülümsədi.
— Xoş gəlmisən, qızım.
Qız sakit səslə salam verdi.
— Məktub göndərmək istəyirəm.
Bu cümlə Əli kişinin üzündə qəribə bir sevinc yaratdı.
Neçə ay idi ki, heç kim belə söz deməmişdi.
— Demək, hələ məktub yazanlar da var...
Qız utancaq şəkildə gülümsədi.
— Mən hər il yazıram.
— Kimə?
Qız cavab vermədi. Sadəcə zərfi masanın üstünə qoydu. Əli kişi markanı götürüb ünvanı oxumaq istədi. Elə həmin an baxışları dondu. Zərfin üzərində küçə adı yox idi.Ev nömrəsi yox idi.Şəhər adı da yazılmamışdı. Ünvan belə idi:
"Atamın məzarına..." Altında isə qəbiristanlığın adı qeyd olunmuşdu.
Əli kişi bir neçə saniyə heç nə deyə bilmədi. Qız onun baxışlarını hiss etdi.
— Təəccüblənməyin... Bilirəm, belə ünvan olmur.
Əli kişi asta səslə soruşdu:
— Atan...?
— Üç il əvvəl dünyasını dəyişib.
Sükut çökdü.Qız pəncərədən həyətə baxırdı.Sanki danışmaq onun üçün çətin idi.Bir qədər sonra asta səslə davam etdi:
— İlk vaxtlar hər gün qəbiristanlığa gedirdim. Sonra məktəb başladı. Anam işləyir. Hər dəfə gedə bilmirəm. Bir gün düşündüm ki, insanlar bir-birlərinə məktub yazırlar. Mən niyə atama yazmayım?
Əli kişi dinləyirdi.Qızın səsində nə şikayət vardı, nə də üsyan.Sadəcə darıxmaq vardı.Dərin, səssiz və illərlə azalmayan darıxmaq.
— İlk məktubu yazanda elə bildim cavab gələcək...Sonra özümə güldüm. Amma məktub yazandan sonra ürəyim yüngülləşdi.Elə bil demək istədiklərimi ona çatdıra bildim.O gündən bəri hər il doğum günündə bir məktub yazıram.
Əli kişi hiss etdi ki, boğazı düyünlənir.Otuz ildən çox poçtda işləməsinə baxmayaraq, belə məktub görməmişdi.Əslində bu məktubun ünvanı yer üzündə deyildi.Bu, insanın qəlbindən çıxıb xatirələrinə doğru gedən bir yol idi.O, heç nə soruşmadı.Markanı yapışdırdı.Möhürü vurdu.Sonra zərfi ehtiyatla çekmecəsinə qoydu.Qız pulunu ödəyib qapıya tərəf addımladı.Birdən geri çevrildi.
— Əmi...
— Buyur, qızım.
— Sizcə... məktublar göyə çata bilər?
Əli kişi cavab verməyə tələsmədi.Pəncərədən görünən boz səmaya baxdı.Sonra sakit səslə dedi:
— Əgər ürəkdən yazılıbsa, heç bir məktub yolda itmir.
Qız ilk dəfə ürəkdən gülümsədi.
— Mən də elə düşünürəm.
O çıxıb getdi.Poçt şöbəsində yenidən sakitlik yarandı.Amma bu dəfə həmin sakitlik əvvəlki kimi deyildi.Masanın siyirməsindəki bir zərf sanki bütün otağın havasını dəyişmişdi.Axşam iş bitəndə Əli kişi çekmecəni açdı.Zərfi əlinə aldı.Bir an tərəddüd etdi.Sonra pencəyini geyinib poçt şöbəsinin qapısını bağladı.Payız küləyi yarpaqları ayaqlarının altına sərirdi.O, kənd qəbiristanlığına tərəf addımlayırdı.Əlində isə ünvanı torpaq, alıcısı isə xatirə olan bir məktub vardı...
Qəbiristanlığa aparan yol kəndin ən sakit yollarından biri idi. Payız küləyi ağacların budaqlarını yavaşca tərpədir, saralmış yarpaqlar torpağın üzərinə səssizcə düzülürdü. Günəş artıq üfüqə enirdi. Onun solğun işığı məzar daşlarının üzərinə düşərək qəribə bir sakitlik yaradırdı.
Əli kişi bu yolla dəfələrlə keçmişdi. Hər dəfə kiminsə dəfnində, kiminsə qırxında, ya da tanış bir adamın məzarını ziyarət edərkən. Ancaq bu dəfə addımları tamam başqa hisslərlə ağırlaşmışdı. Əlində tutduğu zərf adi məktub deyildi. Onu nə poçt maşını aparacaqdı, nə də hansısa poçtalyon sahibinə təqdim edəcəkdi.
Qızın göstərdiyi məzarı tapmaq çətin olmadı.Baş daşı yeni idi. Üzərində cəmi bir neçə il əvvəl vəfat etmiş bir insanın adı yazılmışdı. Daşın önündə qurumuş qərənfillər, bir neçə solmuş çöl çiçəyi və balaca oyuncaqlardan biri diqqət çəkirdi. Görünür, qız atasını ziyarətə gələndə hər dəfə özü ilə nəsə gətirirdi.Əli kişi papağını çıxardı.Bir müddət susaraq məzarın qarşısında dayandı. Sonra zərfi diqqətlə daşın üstünə qoydu.Külək zərfin kənarını tərpətdi.Əli kişi əli ilə onu düzəltdi və pıçıldadı:
— Bilmirəm, bu məktub sənə necə çatacaq. Amma bilirəm ki, onu yazan ürək hələ də səni axtarır.
Bu sözləri deyəndən sonra uzun müddət yerindən tərpənmədi.Çünki həmin an öz atasını xatırlamışdı.
İllər əvvəl o da atasına deməyə macal tapmadığı sözlərin yükünü ömrü boyu daşımışdı. İnsan bəzən elə bilir ki, sabah da var. Deyilməyən sözlər sabaha qalır. Amma həyat həmişə bu qədər səbirli olmur.
Bir həftə keçdi.Poçt şöbəsində yenə əvvəlki sakitlik hökm sürürdü.Əli kişi köhnə sənədləri səliqəyə salarkən qapının cingiltisi eşidildi.İçəri yenə həmin qız daxil oldu.Bu dəfə çöhrəsində əvvəlkindən daha çox həyəcan vardı.
— Salam, Əli əmi.
— Xoş gəlmisən, qızım.
Qız masaya yaxınlaşdı.Bir neçə saniyə susdu.Sonra asta səslə soruşdu:
— Məktubum çatdı?
Əli kişi tərəddüd etmədən cavab verdi:
— Bəli.
Qızın gözləri işıqlandı.
— Doğrudan?
— Məncə, çatdı.
Qız dərindən nəfəs aldı.Sanki uzun müddətdir sinəsində daşıdığı yükün bir hissəsi yüngülləşmişdi.Amma az sonra yenidən soruşdu:
— Bəs... cavab gəlmədi?
Əli kişi pəncərədən görünən göyə baxdı.Bəzən insanın cavabı sözlə verməsi mümkün olmur.
— Elə məktublar var ki, onların cavabı kağızla gəlmir.
— Bəs necə gəlir?
— İnsan bir gün o məktubu yazarkən hiss etdiyi ağrının azaldığını anlayır. Bax, həmin sakitlik cavabdır.
Qız diqqətlə qulaq asırdı.Əli kişi davam etdi:
— Sevdiyimiz insanlar dünyadan köçəndə onların səsi kəsilir. Amma öyrətdikləri, sevgiləri, xatirələri danışmağa davam edir. Ən qiymətli cavab da elə budur.
Qız başını aşağı saldı.Gözləri dolsa da, ağlamadı.
— Mən atamın səsini unutmaqdan qorxuram.
Bu cümlə Əli kişinin ürəyinə toxundu.
— İnsan səsi unuda bilər. Amma o səsin yaratdığı hiss heç vaxt unudulmur.
Həmin gündən sonra qız tez-tez poçt şöbəsinə gəlməyə başladı.Bəzən məktub göndərmirdi.Sadəcə söhbət edirdi.Dərslərindən danışırdı.Oxuduğu kitablardan bəhs edirdi.Əli kişi də ona kitablar tövsiyə edir, köhnə məktublardan maraqlı xatirələr danışırdı.Beləcə, onların arasında baba-nəvə sevgisinə bənzər səmimi bir münasibət yarandı.
Bir payız səhəri poçt şöbəsinə ünvanı göstərilməmiş ağ zərf gətirildi.Üzərində nə göndərənin adı vardı, nə də poçt möhürü.Sadəcə yazılmışdı:
"Balaca qıza."
Əli kişi təəccüblə zərfi çevirdi.İçəridə tək bir vərəq vardı.Səliqəli xəttlə yazılmışdı:
"Əziz qızım...İnsanlar elə bilirlər ki, ölüm sevgini də özü ilə aparır. Amma sevgi nə torpağın altına sığır, nə də zamana məğlub olur. Mən səni görə bilmirəm, amma hər dəfə məni xatırlayanda aramızdakı məsafə bir az da azalır.Ağlama. Ananın əlindən tut. Dərslərini yaxşı oxu. Həyatı sev. Mənim yarımçıq qalan arzularımı sən davam etdir. Mən səninlə həmişə fəxr edəcəyəm."
Əli kişi məktubu bir neçə dəfə oxudu.Bu sözləri kimin yazdığını bilmədi.Bəlkə qızın anası...Bəlkə yaxın qohumlardan biri...Bəlkə də qızın dərdini bilən hansısa xeyirxah insan...Amma o, müəllifdən çox məktubun təsirini düşündü.Bir neçə gün sonra qız gələndə Əli kişi zərfi ona uzatdı.Qız əlləri əsə-əsə məktubu açdı.Sətirləri oxuduqca göz yaşları kağızın üzərinə damlayırdı.Oxuyub qurtarandan sonra məktubu sinəsinə sıxdı.
— Mən bilirdim...
Əli kişi asta səslə soruşdu:
— Nəyi bilirdin?
— Atam məni eşidir.
Əli kişi cavab vermədi.Çünki bəzi həqiqətlərin sübuta ehtiyacı olmur.İnsanı yaşadan bəzən gerçək deyil, ümiddir.
İllər ötüb keçdi.Kənd dəyişdi.Yeni yollar çəkildi.Köhnə poçt şöbəsi fəaliyyətini dayandırdı.Əli kişi təqaüdə çıxdı.Binanın qapısı bağlananda o, son dəfə otaqlara nəzər saldı.Boş masalara, köhnə möhürlərə, məktub kisələrinə baxdı.Sonra siyirməni açdı.İllər əvvəl qızın gətirdiyi zərfdən yalnız markanın cüzi izi qalmışdı.Əli kişi gülümsədi.Həmin məktub poçt şöbəsinin tarixində ən qeyri-adi məktub idi.Çünki onun ünvanı bir məzar olsa da, əslində çatdığı yer insan qəlbi olmuşdu.Bir neçə il sonra Əli kişi qəbiristanlığı ziyarət edərkən tanış bir qadın ona yaxınlaşdı.Əlində ağ qərənfillər vardı.Əvvəlcə tanıya bilmədi.Sonra qadın gülümsədi.
— Məni xatırlamadınız?
Əli kişi diqqətlə baxdı. Sonra birdən xatırladı. O balaca qız idi
— Sən... məktub yazan qızsan.
Qadın başını təsdiqləyərək tərpətdi.
— Bəli. İndi müəllim işləyirəm.
Əli kişinin gözləri sevincdən doldu.
— Demək, atanın arzuladığı kimi olub.
Qadın çantasından köhnəlmiş bir zərf çıxardı.Kağız saralmışdı.Qatlanan yerləri nazilmişdi.
— Mən o məktubu hələ də saxlayıram. Hər dəfə çətinliyə düşəndə yenidən oxuyuram. Kim yazıb, bilmirəm. Amma həyatım boyu mənə güc verdi.
Əli kişi asta təbəssümlə dedi:
— Bəzən məktubun müəllifini bilmək vacib olmur. Vacib olan odur ki, insan onu oxuyandan sonra özünü tənha hiss etmir.
Onlar bir müddət susaraq baxdılar.Külək yenə yarpaqları havaya qaldırırdı.Sanki illər əvvəl olduğu kimi.
Əli kişi o an başa düşdü ki, bəzi məktublar ünvanına çatmaq üçün poçtalyona ehtiyac duymur. Onlar insanın qəlbindən çıxır, başqa bir qəlbdə öz yerini tapır.Kağız köhnəlir, mürəkkəb solur, zərflər saralır.Amma sevgi ilə yazılan sözlər zamanın gücündən daha uzunömürlü olur.Çünki dünyanın ən etibarlı ünvanı nə küçə adıdır, nə ev nömrəsi.Dünyanın ən etibarlı ünvanı insanın qəlbidir..
Qadın dedi
— Hər il atama məktub yazıram, Əli əmi.
Əli kişinin gözləri doldu.
— Hələ də?
— Bəli. Amma artıq məktublarım kədərdən yox, minnətdarlıqdan yazılır.
Əli kişi səssizcə başını tərpətdi. İnsan bəzən bütün ömrü boyu yüzlərlə məktub göndərir. Onların çoxu zamanın içində itib gedir. Amma elə məktublar da var ki, heç bir poçt möhürü daşımadan ömür boyu yaşayır. Çünki o məktublar kağız üçün deyil, qəlb üçün yazılır.
Və insan dünyadan köçəndən sonra onun haqqında deyilən ən gözəl söz bəlkə də budur:
"O, getdi... amma sevgisi qaldı."
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)
Mir Cəlal adına V Hekayə Müsabiqəsindən seçmələr
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi artıq tarixə qovuşub. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçilib və mükafatlandırılıblar. Onları bir daha xatırladırıq:
3-cü yer
Turan Uğurun “Əbabil Quşu” hekayəsi;
Həmid Piriyevin “Müjdə” hekayəsi;
Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;
2-ci yer
Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;
Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;
1-ci yer
Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.
Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq. Bu həftədən etibarən bütün mükafatçı hekayələr də portalımız vasitəsilə sizlərə təqdim ediləcək.
AYXAN AYVAZ,
“ELCANIN QARDAŞI”
Qışın son günləri yağan qar ardınca təzə bir xəbər də gətirdi: Elcanın qardaşı ölmüşdü. Bütün ölən adamlar kimi. Əslində, hamı o cür ölmürdü. Elcanın qardaşı bir az qəribə ölmüşdü. İçkili sərxoş dostları ilə əlində pivə butulkaları Bakının küləkli yollarına düşüb oynaya-oynaya, deyə-gülə əyləndikləri vaxt uzaqdan bir maşın vıyıltıyla gəlirdi. Yox, Elcanın qardaşını maşın da vurmamışdı. O maşın elə vıyıltıyla yanlarından keçmişdi, aralarındakı ayıq dostlarından biri Elcanın qardaşının qolundan tutub onu tələsik yolun qırağına çıxarmışdı. Hərəyə bir siqaret yandırıb taksi sifariş eləmək istəyəndə isə Elcanın qardaşı ürəyini tutub.
Yas yerində o qədər adam yox idi. Palatkanın qabağında iki-üç siqaret çəkən yaşlı adamlar qarşıladı bizi.
– Allah rəhmət eləsin!
– Qəbri nurla dolsun!
Qadınların ağlaşması səsi hərdən-hərdən gəlib kişilərin üç-beş yığılıb siqaret çəkdiyi yerə dəyib qayıdırdı. Yavaş-yavaş yasa gələnlər çoxalırdı. Elcanın özü isə gözə görünmürdü. Soruşduq, dedilər, xəstəxanaya gedib, ölüm kağızını almağa.
– Cavanca oğlan e...
– Ürəyi tutub deyirlər.
– Nə bilim, maşın da dəyib, deyəsən.
– Vurub qaçıb aradan...
– Bu oğlanın adı nəydi, qaqa? – yanımdakı oğlanlardan biri soruşdu. – Bəlkə, sən bilərsən.
– Elcanın qardaşı?
– Hə.
– Kamran.
Hamı onu Elcanın qardaşı kimi tanıdığı üçün əksəriyyəti adını bilmirdi. Yasa gələnlərin ən çox soruşduğu sual da bu idi: “Elcanın qardaşının adı nəydi?” Bu sualdan sonra hamını fikir götürürdü. Tapa bilməyənə başqa dəstədən soruşurdular. Sualı verən ayrı bir mövzu açıb danışırdı. Baş qarışan vaxt cavab gəlib çıxırdı:
– Kamran.
– Kamran kimdi?
– Elcanın qardaşı da.
– Hə, bildim, – sualı verən bunu deyib çönsə də, bir müddət sonra həmin ad yadından çıxırdı. Bu minvalla başqaları da Kamran adını unudurdular, hamı mərhumu elə Elcanın qardaşı kimi tanıyırdı.
Elcan tindən görünəndə hamı başını çevirib ona baxdı. Üz-gözündə yorğunluq vardı, gözləri şişmişdi, hələ ki bu yorğun-arğın, bezgin üzə kədəri qondurmağa vaxt tapa bilməmişdi. Elcan yaxınlaşıb başı ilə ötəri hamıya salam verib evə keçdi. Hiss elədim ki, daldeh bir yerdə ağlamaq istəyir.
Biz artıq sayını unutduğumuz neçəncisə siqareti çəkirdik. Ağı deyən arvadların səsi yavaş-yavaş solğunlaşmış, işığı sönən şam kimi öləzimişdi. Heç kim ağzını açıb danışa bilmir, eləcə siqaret sümürə-sümürə telefonda qurdalanırdı. Qıraq-bucaqdakı cavanlar, yəqin, bu məhəllənin uşaqları dünənki futboldan danışırdılar.
– Bunlardı?
– Deyəsən...
– Nə üzlə gəliblər?
– Onların nə günahı axı?
– Heç olmaya indi gəlməzdilər də.
Təzə gələnlər başları ilə yas yerindəki kişilərlə salamlaşıb bir qıraqda durdular. Elcan da elə bil bundan duyuq düşüb qapıda göründü, gəlib onlarla əl tutub heç nə olmamış kimi danışmağa başladı. Onun üzündə üstündən bir az vaxt keçmiş göz yaşlarının izləri açıq-aşkar hiss olunurdu. Mən Elcanın hadisənin iştirakçısı olmuş, qardaşını son dəfə görmüş o oğlanlarla söhbətinə baxanda elə bildim ki, onun bədəninə haradansa elektrik cərəyanı verdilər, qəfil titrəməyə başladı və bir azdan bu titrəmə daha şiddətli hal aldı, həmin üç oğlan qorxuyla onun qolundan tutmağa, “Elcan, Elcan” deyib sakitləşdirməyə, yan-yörəyə kömək diləyən gözlərlə baxmağa başlayanda kişilər siqaretlərini bir tərəfə vızıldadıb onlar olan səmtə axışdılar. Elcan titrəyə-titrəyə qalmışdı, üzü-gözü əyilmiş, gözləri hədəqəsindən çıxmışdı. Səsə Elcanın anası da gəldi, çadradakı ağlayışını burada davam elədi. “Elcan, qurban olum, anam, noldu sənə” deyib səsini başına atdı, elə hey dizlərini döydü. Bir azdan qara paltarlı, ağlamaqdan gözləri şişmiş qadınlar da hadisə yerinə axışdı. Elcan camaatın ona baxa-baxa başını bulamasını, iç çəkməsini, “yazıq bala, nə kökə düşüb” deməsini görür, eşidir, ancaq həzmi-rabiədən keçirə bilmir, eləcə narkozdakı xəstə kimi donuq nəzərlərlə ətrafına baxırdı.
Hamı əl-ayağa düşdü, su gətirən, yaylığı ilə hava verən, telefonla təcili yardım çağıran adamların səsləri bir-birinə qarışmışdı. Bu ara Elcanın qardaşının tabutu da qadınların ağladığı yerdən çıxarılıb çadırın böyrünə qoyulmuşdu. Elcanın uzadıldığı yerin düz yanında tabutu görən kişilər cavanlara acıqlandı və tabutu bir az uzağa aparmalarını tapşırdı.
– Harada qaldınız?
– Su gətirin!
– Əlini buraxmayın!
– Sudurğa keçirir, deyəsən.
– Qaç yola bax gör skoro gəlirmi.
– Allah sən bu uşağı qoru.
Elcanın bütün qohum-əqrabası, dost-tanışı, qonu-qonşusu yığışmışdı başına və getdikcə özünə gələn Elcana baxıb göz yaşıyla təbəssüm qarışıq bir ifadəylə ona baxırdılar. Yığışanlar içində bircə Elcanın atası yox idi. Atası on ildən çox olardı onları analarının umuduna buraxıb getmişdi. Hərdən atalar belə şeylər edirlər.
Elcan özünə gəlmişdi, təcili yardım özünü yetirmişdi, qoluna hansısa iynə vurmuşdular. İndi hortulda-hortuldada çay içirdi, yas yerinin dağılmış, perik düşmüş sakinləri öz yerlərini almışdılar. Siqaret çəkənlər siqaret çəkir, çadranın içində mollaya qulaq asanlar mollaya qulaq asmağa davam edir, arvadlar bu dəfə daha içdən, səslərinin ən zil qatına çıxıb ağlayırdılar. Bir azdan Elcanın qardaşının tabutu üç dəfə çiyinlərə qalxıb-enəcək, sonra maşınlara miniləcək və...
Yas yerindəki bu xoşagəlməyən hadisədən sonra başımız qarışmışdı, görə bilməmişdik, xeyli təzə sima gözə dəyirdi. Bəzilərini qiyabi tanıyırdıq, bəzilərini heç görməmişdik. Hamı üzünə kədər qondurub sakitcə bir-birinə baxır, yaşlı kişilər arada bir başlarını bulayırdılar.
Tabutu qaldırmaq vaxtı yetişəndə Elcan məni yanına çağırdı.
– Qaqa, o kişini görürsən?
Uzaqda, camaatdan aralıda dayanmış, hündür, dəblə geyinmiş, əlinin biri pencəyinin cibində olan kişini göstərirdi.
– Hə, nədir ki?
– Get ona de ki, Elcan deyir, rədd olsun buradan. Yoxsa onu xışdayacam.
– Niyə ki?
– Sual verəcəksən? Xahişimi yerinə yetir.
Dinməz-söyləməz adamları yara-yara həmin kişinin yanına çatdım. Hündür, yaraşıqlı, dəblə geyinmiş kişi kübar ədayla siqaret çəkirdi. Ona necə yaxınlaşacağımı, nə deyəcəyimi götür-qoy edir, Elcanın niyə bu kişini qovmasını heç cür anlaya bilmirdim. Ha istədim kişiyə yaxınlaşıb deyim ki, məsələ belədir, olmadı, geri qayıtdım, mənimlə gələn Səmədlə Məhəmmədi kişilərin içində tapıb hal-qəziyyəni onlara danışdım.
– Kimdi ki o?
– Nə bilim e, demədi də, qaqa.
– Yəqin, kimdisə davalıdı da Elcanla.
– Bilmirəm.
– Heç olmasa qırağından-bucağından soruşaydın da Elcandan.
– Mən gedib öyrənim, – hər şeyi ovcunun içi kimi bilən Səməd çoxbilmiş ədayla dedi və biz uzaqdan onun Elcanla danışdığını izlədik. Elcanın üzü turşumuş, əlini yelləyir, dodaq tərpənişindən söyüş söydüyü hiss olunurdu.
– Qaqaş, Elcan deyir, sakitcə həll eləyin. Deyin çıxıb getsin, qan-qaraçılıq yaranmasın.
Səməd dedi ki, o adını bilmədiyimiz kişi Elcanın qardaşını işdən çıxardıbmış, hələ, üstəlik, axırıncı maaşını da yarıbayarı veribmiş. Elcanın qardaşına deyibmiş ki, sən bu ağılla heç yerdə iş tapa bilməyəcəksən, ac qalacaqsan.
– Niyə qovub ki?
– Onu bilmirəm. Demədi Elcan.
Tabutu qaldırdılar. Biz üçümüz yavaş-yavaş kişiyə yaxınlaşdıq, onunla yanaşı addımlamağa başladıq. Səməd Məhəmmədi dümsükləyirdi ki, denən, o da mənim qoluma vururdu, sən yaxşısan, sən de. Bu minvalla bir az irəlilədik, maşınlara çatmağımıza az qalırdı.
– Müəllim, sizi olar bir dəqiqə, – kişi təəccüblə mənə baxdı.
– Nə olub, gənc? – gülümsündü.
– Elcan dedi ki, sizin burada olmağınız yaxşı deyil. Bilmirəm, nə söhbətidir. Amma gərək gəlməyəsiniz. Sizin üçün də yaxşı olar. Məni başa düşürsünüz, yəqin...
Güldü:
– Sənin neçə yaşın var?
– Bunun nə aidiyyatı?
– Elə-belə soruşuram.
– İyirmi beş.
– Mən sənin yaşında olanda bütün günü işləyirdim. Kamran isə işləmirdi, yola verirdi. Neçə dəfə onu yatan yerdə tutmuşdum.
Səmədlə Məhəmməd də söhbətə qoşulmuşdu:
– Dayı, yetim uşaq idi də. Niyə qovurdun ki? Çörəyinə niyə bais olurdun?
Səmədə çəp-çəp baxdı, eyni sualı ona da soruşdu:
– Neçə yaşın var?
– Mən Kamrana yüz dəfə keçdim, göz yumdum. Amma işçilər baxıb deyirdi, bu kef eləyir, biz zülüm çəkirik. İndi ölüb, Allah rəhmət eləsin. Yaxşı oğlan idi. Torpağı sanı xəbər aparmasın. Amma işləyən deyildi. Avaragor idi...
Bu söz üçümüzə də toxunmuşdu, çünki kişinin sözünün bir ucu da bizə dəyirdi.
– İndi nə olub-olub. Getsəniz yaxşıdır. Elcan sizi görmək istəmir. Başa düşərsiniz, yəqin. Yas yeridir. Qan-qaraçılıq olmasın, – yenə yumşaq şəkildə izah etdim.
Kişi gülümsündü və əlini cibinə saldı, iri pulları çıxarıb ovcuma basdı:
– Bunu Elcana verərsiniz...
Çönüb əks istiqamətə bir-iki addım atdı və təzədən çevrilib dedi:
– Elcana deyərsiniz ki, mən pis adam olmamışam.
Güldü. Bu an yanımızdan bir qara paltarlı qadın qışqıra-qışqıra qaçıb getdi, biz onun Elcanın anası olduğunu biləndə dabanımıza tüpürdük. Qadını bizdən qabaq tutan kişilər onu darta-darta, sürütləyə-sürütləyə təzədən geri gətirirdilər. Elcan qələbəliyin yanında təkcənə durub anasına baxıb ağlayırdı. Gün çıxmışdı və tabutun üstünə göyərçin qonmuşdu.
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)
Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Turkuaz Türk İncəsənət və Mədəniyyəti Fondunun təşkilatçılığı ilə Ontario əyalətinin Vaughan şəhərində “Turkuaz Türk Multikultural Festivalı” keçirilib.
“Ədəbiyyat və incəsənət” portalıan Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kanada Multikulturalizm Gününə həsr olunan festivalda türk dünyasının zəngin mədəni irsi bir araya gətirilib, minlərlə ziyarətçiyə rəngarəng proqram təqdim edilib. Tədbirdə türk xalqlarının mədəniyyətini təmsil edən 40-dan çox stenddə milli mətbəx nümunələri, əl işləri sərgiləri, mədəni təqdimatlar, keramika üzrə ustad dərsləri, ebru sənəti, türk qəhvəsinin hazırlanması, təqdimatı və uşaqlar üçün əyləncə proqramları böyük maraqla qarşılanıb. Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Krım tatarları, uyğur, tatar, başqırd və digər icmaları təmsil edən 25-dən artıq peşəkar musiqi və rəqs kollektivi türk dünyasının zəngin mədəni müxtəlifliyini və ortaq irsini nümayiş etdirib.
Tədbirdə qurulan Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub. Burada qonaqlara Azərbaycanın tarixi abidələri, milli rəqsləri, mədəni dəyərləri və zəngin irsi haqqında geniş məlumat verilib.
Ümumilikdə mindən artıq iştirakçının qatıldığı festivalda Kanadadakı Azərbaycan Evi, Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı, Hamilton Azərbaycan İcması və Azərbaycanlı Qadınlara Dəstək Mərkəzi ölkəmizin zəngin mədəni irsini nümayiş etdirib. Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin çıxışları izləyicilərə xoş və yaddaqalan anlar yaşadıb. Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının milli və rəngarəng geyimli solistlərinin, rəqqaslarının, eləcə də musiqiçilərinin nümayiş etdirdikləri peşəkar performans tamaşaçıları valeh edib.
Turkuaz Fondunun rəhbərləri Nəsrin Attari və Şervin Şadpur fondun Kanadada türk mədəni irsinin təşviqi istiqamətindəki fəaliyyətindən danışıblar. Mədəniyyətlərarası dialoqun gücləndirilməsinin, ortaq irsin qorunması və müxtəlif icmalar arasında qarşılıqlı anlaşmanın önəmini vurğulayıblar.
Festivalın sonunda bütün ifaçılar mükafatlandırılıb, tədbirin uğurla keçirilməsində əməyi olan könüllülərə, sponsorlara, tərəfdaşlara və təşkilat komandasının üzvlərinə xüsusi təşəkkür ifadə olunub.
İcma üzvləri festivalın təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə, o cümlədən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq ediblər.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
Bursa Azərbaycan musiqisinin sehrinə bürünüb
Türkiyənin Bursa şəhəri növbəti dəfə iki ölkənin dostluq və qardaşlıq münasibətlərinin sarsılmazlığına, Azərbaycan mədəniyyətinin zənginliyinə şahidlik edib. Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin nəzdindəki “Xarıbülbül” xor qrupunun təşkilatçılığı ilə tədbir keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin sədri Lətifə Nağdəliyeva, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri, Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Cavid Aydın, Yıldırım Bələdiyyəsinin sədr müavini Ahmet Aras Azərbaycan Türkiyə arasındakı münasibətlərdən, ortaq tarix, dil və mədəni dəyərlərdən bəhs ediblər.
Bədii hissədə Azərbaycan xalq mahnıları, görkəmli bəstəkarların əsərləri və aşıq havaları səsləndirilib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettası əsasında hazırlanan rəngarəng səhnəciklər salonda xüsusi coşqu yaradıb və alqışlarla müşayiət olunub.
Rəsmi şəxslərin, qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, dərnək və federasiya nümayəndələrinin, eləcə də çoxsaylı sənətsevərlərin iştirak etdiyi tədbir Azərbaycan mədəniyyətinin zəngin irsini beynəlxalq müstəvidə nümayiş etdirməklə yanaşı, Türkiyədə yaşayan soydaşlarımızın milli-mədəni həmrəyliyinin parlaq nümunəsinə çevrilib.
Sonda qonaqlar belə tədbirlərin Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq bağlarını daha da möhkəmləndirdiyini, ortaq tarixi və mədəni irsin gələcək nəsillərə ötürülməsində, xalqlar arasında qarşılıqlı hörmət və anlaşmanın güclənməsində mühüm rol oynadığını bildiriblər. Gecə iştirakçılarda xoş təəssürat yaradıb, Azərbaycan musiqisinin və mədəniyyətinin Bursada uzun müddət xatırlanacaq xoş əks-sədası ilə yaddaşlarda iz buraxıb.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
“Kitabxanada yay” adlı tədbir keçirilib
10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif yaş qruplarını təmsil edən uşaqlar iştirak edib və proqram çərçivəsində təşkil olunan fəaliyyətlərə fəal şəkildə qoşulublar.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbir çərçivəsində uşaqlar üçün əvvəlcə kitabxanaya ekskursiya təşkil olunub. İstifadəçilər kitabxana ilə tanış olduqdan sonar, kitabların texniki işlənməsi prosesi haqqında ətraflı məlumat əldə ediblər. Daha sonra müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş uşaq ədəbiyyatı nümunələri haqqında məlumat əldə ediblər, oxuduqları əsərlər ətrafında fikir mübadiləsi aparıblar.
Proqramın davamında iştirakçılar bəzi kitabların məzmunu əsasında süni intellekt və müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə olunaraq hazırlanmış video icmallarla tanış olublar. Təqdim olunan videolar vasitəsilə kitabların məzmunu daha interaktiv və vizual formada nümayiş etdirilib, uşaqlarda mütaliəyə marağın artırılması və əsərlərə fərqli yanaşma imkanlarının yaradılması məqsədi daşıyıb. Süni intellekt texnologiyalarının tətbiqi ilə hazırlanan bu təqdimatlar iştirakçılara kitabları daha yaradıcı üsullarla kəşf etmək imkanı verib.
Tədbirin sonunda yaradıcılıq yönümlü master-klas təşkil olunub. Master-klas çərçivəsində iştirakçılar müxtəlif rəngli əlfəcinləri öz zövq və fantaziyalarına uyğun şəkildə bəzəyib, fərdi yaradıcılıq nümunələri hazırlayıblar. Fəaliyyət uşaqların estetik zövqünün formalaşdırılmasına, əl bacarıqlarının və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edib.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkil olunmasına, onların kitabxana ilə yaxından tanış olmasına, mütaliəyə marağının artırılmasına, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə və müasir texnologiyaların, o cümlədən süni intellektin təhsil və mütaliə sahəsində tətbiqi barədə məlumatlandırılmasına dəstək göstərmək olub.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
“Azərbaycanca-norveçcə sözlük” işıq üzü gördü
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu günlərdə Norveçdə yaşayan azərbaycanlı alim, Dr. İrəc İsmayılın müəllifi olduğu “Azərbaycanca-norveçcə sözlük” kitabı Salman Mümtaz Yayınları tərəfindən nəfis şəkildə nəşr edilib. Bu barədə redaksiyamıza Vaqif Sultanlı məlumat verib.
Azərbaycan və Norveç dilləri arasında lüğətçilik sahəsində ilk dəfə hazırlanan bu nəşr iki xalqın dil və mədəni əlaqələrinin inkişafı baxımından olduqca mühüm hadisədir. Sözlükdə 25 mindən artıq söz və söz törəməsinin norveçcə qarşılığı verilmişdir. Lüğət Azərbaycan dilinin leksik imkanlarını norveçdilli oxucuya tanıtmaqla yanaşı, Norveçdə yaşayan azərbaycanlıların gündəlik ünsiyyət, təhsil, tərcümə və dil öyrənmə ehtiyaclarına da cavab verir.
“Azərbaycanca-norveçcə sözlük”, özəlliklə Norveçdəki soydaşlarımızın ana dilinin qorunması və yeni nəslə ötürülməsi baxımından dəyərli mənbədir. Sözlüyün, eyni zamanda, Azərbaycan dili və mədəniyyətinə maraq göstərən norveçlilər, tərcüməçilər, müəllimlər, tələbələr və dilçi ailimlər üçün də faydalı vəsait olacağı şübhə doğurmur.
Dr. İrəc İsmayılın uzun illər ərzində hazırladığı, gərgin əməyin bəhrəsi olan 400 səhifəlik sözlüyün nəşri Azərbaycan türkcəsinin uluslararası arenada tanıdılması, müxtəlif dillər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və Azərbaycan–Norveç ədəbi-mədəni əlaqələrinin genişlənməsi istiqamətində mühüm addımdır.
Xatırladaq ki, “Azərbaycanca-norveçcə sözlük” İrəc İsmayılın oxuculara ünvanlanan ilk əsəri deyildir. O, çağdaş Azərbaycan yazıçı və alimlərinin əsərlərinin ingilis dilinə çevrilməsi, redaktə olunması, yayınlanması və təbliği yönündə xeyli işlər görmüşdür. Belə ki, İrəc İsmayılın Vaqif Sultanlı ilı birlikdə hazırladığı “Müasir Azərbaycan nəsri” (Modern Azerbaijani prose, 2012; 2019), “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s prose, 2014), “Güney Azərbaycan nəsri” (2017) antologiyaları, “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” (2024), “Ana dili – milli varlığın təməli” (2023) adlı elmi araşdırmalar toplusu Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Azərbaycanda yayınlanmışdır.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
Ruhunuz cənnət kimidir...
Xatirə İsmayılova,
Şəhid Elçin Həsənlinin anası, müəllim, Abşeron rayon İH yanında İctimai Şuranın sədri.
“Ədəbiyyat və incəsənət”
Arada ona - Kamalə Abiyevayaya düşündüklərimi yazıram. Bu dəfə də belə oldu. Paylaşdığı bir şeirini oxudum və yenə ona demək istədim ki Kamalə xanım, ürəyiniz kainat qədərdir. Ruhunuz cənnət kimidir.
Səni elə sevdim, elə sevdim ki,
xəbərim olmadı bu ayrılıqdan.
Unutmaq necədir heç bilmədim ki,
unutmaq sözünü unutdum tamam.
Nə yollara baxdım, nə yol gözlədim,
tutub əllərindən gəzdim hər yeri.
Ayaq səslərindən heç diksinmədim
səninlə oyandım mən səhərləri.
Səni xəyal kimi daşımadım ki,
bütün illərimin yoldaşı oldun.
Sənsiz bircə an da yaşamadım ki,
sən mənim ən sadiq sirdaşım oldun.
Taleyi günahkar bilmədim, çünki,
mən öz ürəyimin əsiri oldum.
Səni elə sevdim, elə sevdim ki,
Sən mənim azadlıq istəyim oldun.
Hər şeiriniz möcüzədir, başqa söz tapa bilmədim. Sizə sizi tərif edə bilmirəm. Söz tapmaq mümkün deyil. Sizə olan sevgimi, heyranlığımı necə ifadə edim? İfadə edə bilmədiyimə ürəyim partlayır.
Söz varmı ki?...Sizi ifadə etmək mümkünsüz. Dəyəriniz ölçüyə gəlməz. Sizinlə dünyanı bölüşmək gözəl. Amma yenə də ürəyimdən keçənləri bilmənizi istədim.
Unutmaq necədir heç bilmədim ki,
Unutmaq sözünü unutdum tamam...
Ən böyük sevginin və ən böyük ayrılığın fəlsəfəsi bu...İkicə misrada bunu belə möhtəşəm verən ürək sahibi ilə dünyanı bölüşmək gözəldi.
Həqiqi sevgi məsafələr tanımır, uzaqlıqla bitmir. Elə sevirsən ki, ayrılıq ruhuna çata bilmir. Elə sevirsən ki, Unutmaq sözü həyatından silinir, sevgini yaddaşa çevirir
Səni elə sevdim, elə sevdim ki,
Sən mənim azadlıq istəyim oldun.
İnsan cinayət edəndə azadlıqdan məhrum edirlər-insan üçün ən böyük cəza azadlığı itirməkdir. Sevgini belə vermək olur- belə böyük!
Və O sizə aiddir. Əminsiz bu sevgidən. Çox əmin... Məkanı ürəyinizdir.
Şeir deyil ki, bu...bu ruhun təzahürüdür. Hissi sözə çevirə bilməkdir.
Siz ən yaxşı tərcümansız.- ruhun tərcümanı. Ruhun dilindən anlayan.
Nə yollara baxdım, nə yol gözlədim...
Misradan ürəyimə necə köz basıldısa, gözlərimdən yaş gəldi. Dəhşət!
Başqaları kimi yol gözləmir, yollara gül düzüm demir, sevgini qəlbininin sakini kimi içində yaşadır.
Sənsiz bircə an da yaşamadım mən,
bütün illərimin yoldaşı oldun.
Səni xəyal kimi daşımadım mən,
sən mənim ən sadiq sirdaşım oldun.
Sevdiyini xəyala çevirmir, o reallıqdır. Xəyal ötəridir, yaddaşdan silinir. Sirdaş güvənilən dost, ömürlük dostdur.
Taleyi günahkar bilmədim, çünki
mən öz ürəyimin əsiri oldum.
Sevgidə, sevməkdə qürur, təvazökarlıq bu qədər olar-heç kimi suçlamazsan, suçlamağa qıymazsan. Küsməzsən... Deyir ki, seçim mənimdi, günah da, məsuliyyət də. Sevginin böyütdüyü insandı, ruhu azad. Ona görə belə gözəldi özü də, sözü də.
Onun tək bu şeirinə bir kitab yazaram, ürəyim soyumaz. Sizin şeirlərinizi bilirsiz niyə sevirəm? Çünki orda hay-küy, yalançı hayqırtı, pafos yoxdu. Bu şeirlərdə ağrı var. Ləyaqətlə daşınan ağrı. Həsrət var, amma ümidini itirməyən həsrət. Sevgidən doğan ağrı var. Vətənə, onun vətəndaşına, bir kəsə, hamıya... Bu poetik yanaşmadırmı bütün duyğulara? Bilmirəm, mənə görə ürəyin, ağlın düşüncəsidir.
Bəzi şairlər sadəcə şeir yazır. Kamalə Abiyeva ruhun danışa bilmədiklərini yazır. Ruh lal olur axı...Ruh Allaha mənsubdur axı...
Bax, burdadır möcüzə. Allahın dilində danışmaq. Həqiqi poeziyanın böyüklüyü bundadır. Və yenə də Ona deyirəm:
“Kamalə xanım, sizin heyranınızam. Sizi duyanda dərdimi unuduram, xoşbəxt oluram. İnana bilmirəm ki, yer üzündəyəm. Elə bilirəm cənnətdəyəm. Nə yaxşı ki, varsız, Yer üzündə xəzinə var. O da Siz. Mən hər adamı sevə bilmirəm. İnsanlarda ən ufak qara nöqtəni belə ruhum duyur. Amma ruhum sizə dəlicəsinə aşiq. Yaxşı ki, bu dünyada Kamalə xanım Abiyeva var. Çox xoşbəxtsiz. Mən sizə möcüzə deyirəm. Allahın möcüzəsi. Siz möcüzəsiz.
Bu ayda-iyulda dünyaya gəlib. 13-də. Bu da mənim təbrikim olsun. Bilmirəm, onun dünyaya gəlişinin sevincini yaşamağımı ifadə edə bildimmi? Amma demək istədim ki, Sizi sevirəm. Bir bilsəniz nə qədər! Ruhunuzu sevirəm. Qəlbinizi, xanımlığınızı. Sevginizi sevirəm. Sonda yenə öz sözləri ilə hisslərimi bir daha demək istəyirəm: Səni elə sevdim, elə sevdim ki”.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)
Qars türk dünyasının elm və mədəniyyət paytaxtına çevrildi
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
2026-cı il iyulun 3–6-da Türkiyənin Qars şəhərində Dünya Qarapapaq Türkləri Vəqfinin təşkilatçılığı ilə keçirilən Dünya Qarapapaq Türkləri Elmi Seminarı və Aşıq Ələsgər ilə Aşıq Şenlik adına Ozanlar Şöləni uğurla başa çatdı. Dörd gün davam edən tədbir Türkiyə ilə yanaşı Azərbaycan, Gürcüstan, İran və Qazaxıstandan gələn alimləri, tədqiqatçıları, aşıqları və mədəniyyət xadimlərini bir araya gətirdi.
Oxucularımızı tədbirin iştirakçısı, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın köməkliyi ilə tədbir barədə məlumatlandırırıq.
Qarapapaq türklərinin tarixi, folkloru, dili, mədəniyyəti və sosial həyatına həsr olunan elmi seminar Türk dünyasının ortaq irsinin araşdırılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm platforma oldu. Tədbir çərçivəsində Qarapapaq türklərinin zəngin tarixi-mədəni irsi müxtAlif aspektlərdən müzakirə edildi, eyni zamanda böyük söz ustadları Aşıq Ələsgər və Aşıq Şenliyin yaradıcılığı və mənəvi irsi ehtiramla yad olundu.
Proqramın ilk günü iştirakçılar Çıldır rayonuna səfər edərək Aşıq Şenliyin məzarını ziyarət etdilər. Böyük sənətkarın xatirəsi ehtiramla anıldı, onun Türk dünyasının mədəni yaddaşındakı müstəsna yeri bir daha vurğulandı.
Elmi seminar iyulun 5-də Qars İl Mədəniyyət və Turizm İdarəsinin konfrans zalında rəsmi açılış mərasimi ilə işə başladı. Tədbir Türkiyə Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqAlik sükutla yad olunması ilə açıq elan edildi.
Elmi seminar Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan və Türkiyədən gəlmiş tanınmış alimlər məruzələrlə çıxış etdilər. İştirakçılar sırasında professor Ali Kafkasyalı, professor Nizami Məmmədov Tağısoy, professor Oktay Belli, professor Şurəddin Məmmədli, professor Yavuz Selim Kafkasyalı, dosent İlhamə Qəsəbova, dosent Hamza Kolukısa, doktor İsa Yeganə, doktor Gülnarə Qoca Məmmədli, Güzin Sühran Belli, və doktor Mir Ali Rzayi kimi tanınmış alim və tədqiqatçılar yer aldılar.
Elmi seminarda həmçinin Qars Bələdiyyəsinin sədri professor Ötüken Senger, Azərbaycanın Qarsdakı Baş Konsulu Zamin Əliyev, dövlət qurumlarının rəhbərləri, Jandarma Alay Komandanı Yusuf Mutlu Genç, Polis İdarəsinin rəisi Murat Abdullah Tombul, Türkiyə–Azərbaycan Dostluq və Əməkdaşlıq Vəqfinin sədri professor Aygün Attar,universitet dekanları, alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və çoxsaylı qonaqlar iştirak etdilər.
Dünya Qarapapaq Türkləri Vəqfinin baş katibi Osman Saday salamlama nitqində bildirdi ki, vəqfin əsas məqsədi Qarapapaq türklərinin zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərini elmi əsaslarla araşdırmaq, qorumaq və beynəlxalq səviyyədə tanıtmaqdır. O qeyd etdi ki, iki ildən artıq davam edən elmi hazırlıq prosesi nəticəsində müxtAlif ölkələrdən olan alimlərin iştirakı ilə üç beynəlxalq elmi seminar təşkil olunub, geniş arxiv və sahə tədqiqatları aparılıb. Osman Sadayın sözlərinə görə, bu fəaliyyətin nəticəsi olaraq Qarapapaq türklərinin tarixi, folkloru, dili, sosial həyatı, incəsənəti və aşıqlıq ənənəsini əhatə edən fundamental nəşrlər hazırlanaraq elmi ictimaiyyətə təqdim edilib. O vurğuladı ki, rəqəmsal informasiya məkanında yayılan qeyri-dəqiq məlumatların qarşısını almağın ən etibarlı yolu elmi mənbələrə söykənən tədqiqatların ortaya qoyulmasıdır. Baş katib həmçinin layihənin Azərbaycan və digər Türk dünyası ölkələrində böyük maraqla qarşılandığını, təqdimatların müxtAlif elmi və mədəni platformalarda davam etdirildiyini diqqətə çatdırdı. Osman Saday professor Ali Kafkasyalının rəhbərliyi ilə fəaliyyət göstərən Elmi seminarın və layihədə iştirak edən alimlərin zəhmətini yüksək qiymətləndirərək bu nəşrlərin Türk dünyasının ortaq mədəni irsinin qorunmasına mühüm töhfə verəcəyini bildirdi. Sonda o, Dünya Qarapapaq Türkləri Vəqfinin rəhbərliyinə, Elmi Seminarın üzvlərinə, müəlliflərə, təşkilatçılara və tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü ifadə etdi.
Elmi seminarın açılış mərasimində çıxış edən Dünya Qarapapaq Türkləri Vəqfinin Elmi Komitəsinin sədri, professor Ali Kafkasyalı tədbirin yalnız elmi müzakirələr platforması olmadığını, eyni zamanda Türk dünyasının ortaq tarixi yaddaşını və mədəni birliyini möhkəmləndirən mühüm bir görüş olduğunu vurğuladı.O bildirdi ki, Qarapapaq türkləri zəngin tarixi-mədəni irsə malik qədim türk toplumlarından biridir. Bu irsin sistemli şəkildə araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi isə bu günün ən mühüm elmi və mədəni vəzifələrindən biridir.
Professor Ali Kafkasyalı çıxışında vurğuladı ki, Qarapapaq türkləri Qafqazdan Anadoluya, Azərbaycandan İran coğrafiyasına qədər geniş bir ərazidə dərin tarixi izlər buraxmışlar. O qeyd etdi ki, bu toplum güclü ailə dəyərləri, milli adət-ənənələri, vətən sevgisi və aşıqlıq mədəniyyəti ilə seçilir. Professorun sözlərinə görə, "Mədəni irs ona sahib çıxıldıqca yaşayır, gənc nəsillərə ötürüldükcə daha da güclənir." Bu fikir elmi seminarın əsas məqsədini ifadə edirdi.
Tədbirdə çıxış edən professor Nizami Məmmədov Tağısoy Qarapapaq türklərinin tarixi, etnogenezi, məskunlaşdıqları coğrafi ərazilər, etnik kimliyi, milli psixologiyası, həyat fəlsəfəsi və qəhrəmanlıq salnaməsi barədə ətraflı fikir söylədi. O, Qarapapaqların zəngin mənəvi dünyasının və mədəni irsinin elmi baxımdan daha dərindən araşdırılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə aparılacaq tədqiqatların gələcəkdə daha sistemli və konseptual xarakter daşımalı olduğunu bildirdi.
Professor Nizami Məmmədov Tağısoy qeyd etdi ki, “Qarapapaq türkləri” kitabının “Giriş” hissəsində Qarapapaq türklərinin etnik tarixinin araşdırılması ilə bağlı metodoloji və konseptual yanaşmalar öz əksini tapıb. Onun sözlərinə görə, Qars şəhərində keçirilən bu beynəlxalq elmi seminar Qarapapaq türklərinin tarixinin, mədəniyyətinin və həyat tərzinin elmi əsaslarla öyrənilməsi istiqamətində mühüm mərhələ olmaqla yanaşı, gələcək tədqiqatlar üçün də yeni elmi perspektivlər açacaq.
Elmi seminarda çıxış edən professor Selim Yavuz Kafkasyalı belə dəyərli bir nəşrin ərsəyə gəlməsini Qarapapaq türklərinin zəngin mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində mühüm hadisə kimi qiymətləndirdi. O bildirdi ki, kitabda müəllifi olduğu “Qarapapaq türklərində musiqi mədəniyyəti və xalq oyunları” bölməsində xalqın musiqi irsi və rəqs ənənələri elmi yanaşma əsasında araşdırılıb.
Professor vurğuladı ki, bir xalqın milli kimliyini, tarixi keçmişini və mədəni xüsusiyyətlərini ən dolğun şəkildə əks etdirən dəyərlər sırasında musiqi və xalq oyunları xüsusi yer tutur. Xalqın sevinci, kədəri, qəhrəmanlıq salnaməsi, köç yolları, inanc sistemi və həyat tərzi əsrlər boyu mahnılarda, melodiyalarda və xalq oyunlarında yaşadılıb.
Yavuz Selim Kafkasyalının sözlərinə görə, musiqi və xalq oyunları yalnız estetik sənət nümunələri deyil, həm də milli-mədəni kimliyi yaşadan, kollektiv yaddaşı qoruyan, cəmiyyətdə birlik və həmrəylik hissini möhkəmləndirən mühüm mədəni sərvətlərdir. O qeyd etdi ki, Qarapapaq türkləri müxtAlif coğrafiyalarda yaşamalarına baxmayaraq, musiqi ənənələrini, saz sənətini, xalq oyunlarını və ifaçılıq mədəniyyətini böyük həssaslıqla qoruyaraq bu günə qədər yaşatmağı bacarıblar.
Professor bildirdi ki, sözügedən bölmə hazırlanarkən yazılı mənbələrlə yanaşı, sahə tədqiqatlarından, canlı mədəni irs daşıyıcılarının məlumatlarından və müxtAlif bölgələrdə müşahidə olunan ənənələrdən geniş istifadə olunub. Tədqiqatın əsas məqsədi Qarapapaq türklərinin zəngin musiqi və xalq oyunları irsini elmi əsaslarla sistemləşdirərək gələcək nəsillər üçün etibarlı mənbə yaratmaq olub.
Çıxışının sonunda professor Yavuz Selim Kafkasyalı fundamental nəşrin hazırlanmasına rəhbərlik edən professor Ali Kafkasyalıya, professor Nizami Tağısoya, materialların toplanması və tərtibi işində mühüm dəstək göstərən dosent İlhamə Qəsəbovaya, kitabın bölmə müəlliflərinə, Dünya Qarapapaq Türkləri Vəqfinə və layihənin ərsəyə gəlməsində əməyi olan bütün şəxslərə təşəkkürünü ifadə etdi.
Kitabda “Qarapapaq türklərində gələnək və görənək” (IV bölüm) və “Qarapapaqlarda geleneksel oyunlar və eglence kültürü” (VIII bölüm) bölümlərinin müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxışında qeyd etdi ki, Qarapapaq türklərinin adət-ənənələri cəmiyyətin sosial quruluşunu formalaşdıran əsas mədəni ünsürlərdən biri olmaqla yanaşı, xalqın milli-mənəvi dəyərlərinin, dünyagörüşünün və həyat tərzinin qorunub yaşadılmasında mühüm rol oynayır.
Nəsildən-nəslə ötürülən bu zəngin mədəni irs ailə institutunu möhkəmləndirir, ictimai həmrəyliyi gücləndirir və ortaq həyat şüurunu yaşadır. Elçilik, nişan, toy, doğum, hərbi xidmət və ölüm kimi həyatın keçid mərhələləri müəyyən adət və mərasimlər çərçivəsində yaşadılır. Bununla yanaşı, qonaqpərvərlik, ailə bağları və kirvAlik kimi sosial dəyərlər Karapapak cəmiyyətində birlik və bərabərliyin möhkəmlənməsinə, milli-mədəni kimliyin qorunmasına mühüm töhfə verir. Alim sonda bildirib ki, Müasir dövr informasiya və rəqəmsal texnologiyalar əsri kimi səciyyələnir. İnternet və süni intellekt texnologiyaları, o cümlədən ChatGPT kimi tətbiqlər gündAlik həyatın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qloballaşma və rəqəmsallaşma prosesləri folklor mühitinə də öz təsirini göstərmiş, folklor nümunələrinin toplanması, öyrənilməsi, qorunması və yayılması yeni müstəviyə keçmişdir.
Eyni zamanda müşahidə olunur ki, müasir gənc nəslin ənənəvi xalq mədəniyyətinə, adət-ənənələrə və milli-mənəvi dəyərlərə münasibəti əvvəlki dövrlərlə müqayisədə fərqlənir. Gənclərin bir qismi bu irsi yetərincə tanımır, onun qorunması və yaşadılması prosesində əvvəlki nəsillər qədər fəal iştirak etmir. Bu baxımdan Qarapapaq türklərinin tarixi, folkloru, dili, sosial həyatı və mədəni irsini əhatə edən kitabın hazırlanması xüsusi elmi və mədəni əhəmiyyət daşıyır. Həmin nəşr təkcə tarixi həqiqətlərin sənədləşdirilməsi baxımından deyil, həm də milli-mədəni yaddaşın qorunması, gələcək nəsillərə çatdırılması və Qarapapaq türklərinin zəngin irsinin sistemli şəkildə öyrənilməsi baxımından dəyərli elmi mənbə kimi qiymətləndirilə bilər. Sonda bildirib ki, Karapapak türklərinin adət-ənənələri təkcə keçmişdən gələn mədəni irs deyil, həm də mədəni yaddaşı yaşadan, ictimai kimliyi gücləndirən və keçmişlə gələcək arasında möhkəm bir mədəniyyət körpüsü yaradan əsas dəyərlərdir. Çıxışının sonunda İlhamə Qəsəbova qeyd edib ki, bu fundamental əsərin ərsəyə gəlməsi, ilk növbədə, elmi heyətə böyük məsuliyyət və yüksək peşəkarlıqla rəhbərlik edən hörmətli professor Ali Kafkasyalının gərgin zəhmətinin nəticəsidir. Onun elmi rəhbərliyi, təşkilatçılıq bacarığı və Türk dünyasının ortaq mədəni irsinin qorunmasına göstərdiyi fədakar münasibət bu nəşrin yüksək elmi səviyyədə hazırlanmasına mühüm töhfə vermişdir. Professor Ali Kafkasyalıya göstərdiyi etimada, dəyərli elmi rəhbərliyinə və uzun illər ərzində Türk dünyasının mədəni irsinin araşdırılması və təbliği istiqamətində göstərdiyi əvəzsiz xidmətlərə görə səmimi minnətdarlığımı bildirir, ona gələcək elmi fəaliyyətində yeni uğurlar arzulayıram. Eyni zamanda, Dünya Qarapapaq Türkləri Vəqfinin sədri Erkan Koçaliyə, vəqfin sədr müavini Hikmət Karaboğaya, baş katib Osman Saday bəyə, eləcə də bu fundamental nəşrin ərsəyə gəlməsində əməyi olan bütün müəlliflərə və təşkilatçılara təşəkkürümü ifadə edirəm.
Tədbirdə çıxış edən natiqlər Qars şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladılar. Bildirildi ki, tarix boyu müxtAlif mədəniyyət və sivilizasiyaların qovuşduğu Qars Türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri olmaqla yanaşı, Qarapapaq türklərinin tarixi və mədəni yaddaşında da özünəməxsus yer tutur.
Elmi seminar çərçivəsində Qarapapaq türklərinin zəngin tarixi və mədəni irsini əks etdirən yeni nəşrlərin təqdimatı da keçirildi. “Qarapapaq Türkləri: Tarix, Folklor, Sosial Həyat, İncəsənət və Dil”, “Aşıq Şenlik və Dövrün Tarixi Siması” və “Göyçənin Müdrik Ozanı Ələsgər” kitabları iştirakçılara təqdim olundu, qonaqlara hədiyyə edildi. Qeyd edildi ki, bu nəşrlər gələcəkdə Qarapapaq türkləri və Türk dünyasının aşıqlıq ənənəsinə dair aparılacaq elmi tədqiqatlar üçün dəyərli mənbələrdən biri olacaq.
Seminarın bədii hissəsində İranın Sulduz bölgəsindən gələn Aşıq Rza Puyen və Qazaxıstandan dəvət olunmuş dombra ustası Malaka Aldamzarova çıxış edərək şeirlər səsləndirdilər, xalq mahnıları ifa etdilər. Onların təqdim etdiyi musiqi proqramı iştirakçılar tərəfindən maraqla qarşılandı və tədbirə xoş ovqat bəxş etdi.
Elmi seminarın sonunda Elmi Şuranın üzvlərinə, alimlərə və aşıqlara plaketlər və iştirak sertifikatları təqdim olundu. Təltifləri Qars Bələdiyyəsinin sədri professor Ötüken Senger, Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Zamin Əliyev, professor Aygün Attar və Dünya Qarapapaq Türkləri Vəqfinin sədri Erkan Koçali təqdim etdilər.
Həmin gün axşam Qars İl Mədəniyyət və Turizm İdarəsinin salonunda keçirilən “Ozanlar Şöləni” isə böyük maraq doğurdu. Azərbaycan, Gürcüstan, İran və Türkiyədən gələn aşıqların iştirakı ilə baş tutan gecədə saz və söz sənətinin zəngin ənənələri nümayiş etdirildi. Tədbirdə Aşıq Ələsgər və Aşıq Şenliyin xatirəsi ehtiramla yad olundu, Türk dünyasının ortaq mədəni sərvəti olan aşıqlıq sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti bir daha vurğulandı.
Şölən boyunca səsləndirilən əsərlərdə qardaşlıq, vətən sevgisi, birlik, milli-mənəvi dəyərlər və adət-ənənələr əsas mövzu kimi ön plana çıxdı. MüxtAlif ölkələrdən gələn sənətkarların eyni səhnədə çıxış etməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılandı və Türk dünyasının mədəni birliyinin parlaq nümunəsi kimi dəyərləndirildi.
Dörd gün davam edən beynəlxalq tədbir Qarapapaq türklərinin tarixi-mədəni irsinin təbliği, Türk dünyası arasında elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi, həmçinin aşıqlıq ənənəsinin yaşadılması baxımından mühüm hadisə kimi qiymətləndirildi. Qarsda keçirilən Dünya Qarapapaq Türkləri Elmi Seminarı və Aşıq Ələsgər ilə Aşıq Şenlik adına Ozanlar Şöləni elm, mədəniyyət, incəsənət və qardaşlıq dəyərlərini bir araya gətirən, iştirakçıların yaddaşında dərin iz buraxan beynəlxalq tədbir kimi uğurla başa çatdı.
Tədbir kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində oldu. AzTV, İHA, CNN Türk, Kaçkar Televiziyası və digər media qurumları proqramın bütün mərhələlərini yaxından izləyərək geniş ictimaiyyətə çatdırdılar.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)


