Ali Satan: “Azərbaycan hansı beynəlxalq qurumda fəal və təsirli olursa, bu, bizimçün qürur mənbəyidir.” Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammiti ərəfəsində bir sıra ölkələrin liderləri Qırğızıstana səfər edib. Belə ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da ötən gün Qırğızıstana səfər ediblər. Bir neçə ölkənin dövlət başçısının bir araya gələcəyi görüşlərdə təhlükəsizlik, iqtisadi əlaqələr və nəqliyyat məsələlərinin müzakirə olunacağı gözlənilir.

 

Qeyd edək ki, Azərbaycanın sammitdə iştirakı ölkəmizin ŞƏT ilə əməkdaşlığının gələcəyi və regional proseslərdəki rolu baxımından diqqət çəkir. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artdığı bir vaxtda Azərbaycanın əlverişli coğrafi mövqeyi yeni əməkdaşlıq imkanları yarada bilər.

 

Mövzu ilə əlaqədar "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verən Türkiyəli siyasi şərhçi Ali Satan vurğulayıb:

"Biz Türkiyədən belə baxırıq: Azərbaycan hansı beynəlxalq qurumda təmsil olunursa, fəal və təsirli olursa, bu, bizim üçün qürur, sevinc və təhlükəsizlik mənbəyidir. Çünki heç bir Türkiyə türkü Azərbaycanı ayrı, fərqli bir ölkə kimi görmür. “Bir millətin iki dövləti” şüarına səmimi qəlbdən inanırıq. Tarixi həqiqət də belədir. Ona görə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında fəallaşması Türkiyə və Türk dünyası baxımından son dərəcə faydalıdır. Dünyanın silahlanma yarışına girdiyi bu günlərdə Türk dünyasının öz təhlükəsizliyini təmin etmək məcburiyyəti var".

Politoloq əlavə edib:

"Mədəni diplomatiya baxımından isə Şanxay Əməkdaşlıq Təşkilatının dünyaya konkret bir mədəni təklifinin göründüyünü düşünmürəm. Türk dövlətlərinin təşkilatda təmsilçiliyini və fəallığını artırması Qərb dəyərlərinin qarşısında yeni, orijinal, humanist və ali dəyərlər sisteminin təqdim olunmasını gücləndirir. Düşünürəm ki, bizim və bütün bəşəriyyətin gözlədiyi yeni vizyon məhz budur".

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.