Eldar İsmayılov,
Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli.
“Ədəbiyyat və incəsənət”
Sumqayıtlılar öz doğma şəhərini ürəkdən sevir, onunla fəxr edirlər. Sumqayıt hər birimizin taleyində xüsusi yeri olan, neçə-neçə nəslin zəhməti, fədakarlığı və qurucu əməyi ilə ərsəyə gəlmiş doğma məkandır. Şəhərimizin 77 illik tarixində onun sənaye potensialının formalaşmasında, abadlaşdırılmasında, sosial-iqtisadi inkişafında müxtəlif nəsillərin böyük xidmətləri olmuşdur. Mən də uzun illərdir Sumqayıtın ictimai həyatında, onun inkişafında müəyyən payımın olmasını böyük şərəf sayıram.
Sumqayıtın inkişaf tarixindən söz düşərkən Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Ulu Öndərin hələ sovetlər dönəmində şəhərimizə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən əsrin 70-ci illərində Sumqayıt yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Sovet İttifaqının iri sənaye mərkəzlərindən birinə çevrildi. Yeni sənaye müəssisələri yaradıldı, müxtəlif təyinatlı sosial obyektlər istifadəyə verildi, şəhər sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi.
Ölkəmizdə icra hakimiyyətləri idarəetmə orqanı kimi 1991-ci ildən fəaliyyət göstərir. O vaxtdan keçən 35 ilin 24 ilində Sumqayıt şəhər İcra Hakimiyyətinə altı rəhbər başçılıq edib. Son on bir ildə isə şəhərin rəhbərliyi Zakir Fərəcovun üzərinə düşüb və bu dövr ərzində Sumqayıtın keçdiyi inkişaf yoluna nəzər saldıqda, şəhərin simasının, infrastrukturunun və sosial-mədəni mühitinin əsaslı şəkildə dəyişdiyinin şahidi oluruq.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sumqayıta göstərdiyi davamlı diqqət və qayğı, şəhərin inkişafına verdiyi böyük dəstək, eyni zamanda, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun fədakar əməyi, yüksək təşkilatçılıq qabiliyyəti və məqsədyönlü fəaliyyəti nəticəsində doğma şəhərimiz gündən-günə gözəlləşir, müasir görkəm alır, iri sosial və infrastruktur layihələri həyata keçirilir, yeni sənaye müəssisələri yaradılır, sakinlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Son dövrlərdə şəhər Ağsaqqallar Şurası İdarə Heyətinin müxtəlif məhəllə və mikrorayonlarda ərazi ağsaqqallar şuralarının üzvləri ilə keçirdiyi görüşlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin görüşlərdə ağsaqqallar tərəfindən Sumqayıtda son illərdə həyata keçirilən abadlıq-quruculuq işləri yüksək qiymətləndirilir.
Bu görüşlərdə diqqəti cəlb edən ən mühüm məqamlardan biri də uzun illər sakinləri narahat edən, böyük şəhərlər üçün səciyyəvi olan bir sıra kommunal problemlərin artıq əvvəlki kimi gündəmə gətirilməməsidir. Sakinlər daha çox yeni təşəbbüs, təklif və tövsiyələrlə çıxış edirlər. Bu isə şəhərdə görülən işlərin və əldə olunan nəticələrin ən obyektiv göstəricilərindən biridir.
Birmənalı qeyd olunmalıdır ki, 2015-ci ildən etibarən Sumqayıtın inkişafında əsl intibah mərhələsi başladı. Bir-birinin ardınca mühüm və möhtəşəm layihələr həyata keçirildi. 2016-cı ildə uzun illər sakinlərin arzusunda olduğu dənizkənarı bulvar cəmi səkkiz ay ərzində inşa edilərək istifadəyə verildi. Prezident İlham Əliyevin “möcüzə” adlandırdığı bu layihə şəhərin simasını kökündən dəyişən mühüm yeniliklərdən biri oldu. Bu gün şəhər sakinlərinin və şəhərimizə gələn qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilən bulvarın ərazisi daim yenilənir, abadlaşdırılır və yeni istirahət imkanları ilə zənginləşdirilir.
Son illərdə şəhərimizin memarlıq simasına xüsusi gözəllik gətirən layihələrdən biri də Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzin inşasıdır. Möhtəşəm memarlıq üslubu ilə seçilən bu mərkəz şəhər sakinlərinin və qonaqların ziyarət etdiyi mühüm mədəniyyət məkanlarından birinə çevrilib.
Ümumilikdə, şəhərimizdə son illərdə tikilərək istifadəyə verilən obyektlər öz funksional təyinatı və müasir memarlıq həlli ilə seçilir. İstedadlı və yaradıcı gənclərin sevimli məkanlarına çevrilən şahmat və uşaq incəsənət məktəbləri də bu qəbildən olan obyektlərdəndir. “Kimyaçı” mədəniyyət sarayının, Sumqayıt Dövlət Dram Teatrının və Nizami Kinoteatrının əsaslı şəkildə yenidən qurulması, Muğam Mərkəzinin inşa edilərək istifadəyə verilməsi şəhərin mədəni həyatına yeni nəfəs gətirib, onun mədəni infrastrukturu əhəmiyyətli dərəcədə zənginləşib.
2023-cü il Sumqayıtın idman həyatında da əlamətdar hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin tapşırığı və şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə Mehdi Hüseynzadə adına stadionun yerində beynəlxalq standartlara cavab verən, müxtəlif idman yarışlarının keçirilməsi üçün geniş imkanlara malik çoxfunksiyalı idman kompleksi inşa edildi. Bu kompleks yalnız futbol meydançası kimi deyil, müxtəlif idman növləri ilə məşğul olmaq və beynəlxalq səviyyəli yarışlar keçirmək üçün zəruri imkanları özündə birləşdirən müasir idman infrastrukturu kimi şəhərimizin həyatında mühüm yer tutur.
YAP Sumqayıt şəhər təşkilatının inzibati binası, Bayraq Muzeyi, 2 saylı “ASAN xidmət” mərkəzi, 2 saylı şəhər xəstəxanası, Dəmiryol Vağzalı və digər obyektlər də son illərdə şəhərdə reallaşdırılan mühüm layihələr sırasındadır. Bu obyektlərin hər biri Sumqayıtın müasir memarlıq və şəhərsalma simasının formalaşmasına öz töhfəsini verir.
Abadlıq-quruculuq işləri ilə yanaşı, uzun illər ərzində yığılıb qalmış kommunal problemlərin həlli istiqamətində də mühüm nəticələr əldə olunub. Sakinlərin əsas problemlərindən biri olan çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin yenilənməsi qısa müddətdə geniş miqyasda həyata keçirilib və 1200-dən çox binanın dam örtüyü əsaslı şəkildə yenilənib. Lift təsərrüfatının yenidən qurulması istiqamətində də mühüm işlər görülüb, 600-ə qədər müasir və innovativ lift quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Şəhər rəhbərliyinin təşəbbüsü ilə respublikamızda ilk pilot layihə kimi liftlətin onlayn qaydada idarə olunnması həyata keçirilib.
Şəhər infrastrukturunun müxtəlif sahələrində həyata keçirilən yenidənqurma, abadlıq və təmir-bərpa işləri nəticəsində küçə və prospektlər, park və xiyabanlar, məhəllədaxili ərazilər öz əvvəlki görkəmini əhəmiyyətli dərəcədə dəyişib. Küçələrdə asfalt örtüyü yenilənib, yaşıllıq sahələri müasir tələblərə uyğun salınıb, yeni nümunəvi məhəllələr yaradılıb. Bütün bunlar şəhərin ümumi estetik görünüşünə və insanların rahat yaşayışına müsbət təsir göstərib.
Uzaqgörənliklə həyata keçirilən mühüm layihələrdən biri də Sülh və Sahil küçələrinin əsaslı şəkildə yenidən qurularaq genişləndirilməsidir. Bu küçələrdə nəqliyyatın hərəkətinin səmərəli təşkili ilə yanaşı, şəhərsalma və memarlıq həllinə də xüsusi diqqət yetirilib. Nəticədə həmin ərazilər Sumqayıtın müasir şəhər simasının diqqətçəkən hissələrindən birinə çevrilib.
Yerlərdə apardığımız söhbətlər zamanı bir həqiqət dönə-dönə təsdiqini tapıb: Gənclik şəhərinin tərəqqisini, ilk növbədə, möhtərəm Prezident İlham Əliyevin daim diqqət və qayğısı şərtləndirirsə, bu inkişafı müəyyən edən başlıca amillər sırasında şəhər sakinlərinin doğma məkanlarına bəslədikləri hədsiz sevgisi və əsl təəssübkeşlik hissi də xüsusi yer tutur.
Son on bir ildə Sumqayıta məhz bu şəhərin yetirməsi olan, zavodda adi fəhləlikdən icra başçılığına qədər yüksələn bir kadrın rəhbərlik etməsi də az önəm daşımır. Şəhərin durmadan gözəlləşdirilməsi, şəhər infrastrukturunun müasirləşdirilməsi Zakir Fərəcovun gündəlik zəruri qayğısıdır. Onun fəaliyyətində insan amili, şəhərin inkişafı və qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi hər zaman ön planda olub.
Doğma Sumqayıt hər birimiz kimi Zakir Fərəcov üçün də tale şəhəridir. Mən onu uzun illərdir - düz 55 ildir tanıyıram. Gənc yaşlarında Sumqayıta gəldiyi ilk illərdən onun fəaliyyətini yaxından müşahidə etmişəm. Tale elə gətirib ki, 1980-ci illərin sonlarından etibarən bir müddət birlikdə çalışmışıq. O zaman cəmi 30-35 yaşlarında olan Zakir Fərəcov şəhərin Mənzil-Təsərrüfat İdarəsinə rəhbərlik edirdi. Hələ həmin illərdə o, yüksək təşkilatçılıq qabiliyyəti, işgüzarlığı və insanlarla ünsiyyət qurmaq bacarığı ilə seçilirdi.
1999-cu ildə Zakir Fərəcov Sumqayıt şəhər Bələdiyyəsinin ilk sədri oldu. Həmin vaxt mən də bələdiyyə üzvü seçildim və yenidən onunla birlikdə çalışdım. Bələdiyyələrin ölkəmizdə yeni formalaşdığı bir vaxtda bu qurumun fəaliyyətinin təşkilində Zakir müəllimin işgüzarlığı, idarəçilik təcrübəsi və yüksək təşkilatçılıq qabiliyyəti mühüm rol oynadı. Həmin dövrdə Sumqayıt Bələdiyyəsi respublikada qabaqcıl bələdiyyələrdən biri kimi tanınır, dəfələrlə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin keçici bayrağı ilə təltif olunurdu.
Ötən müddət ərzində Sumqayıtın inkişafında görülən böyük işlər, əldə olunan mühüm nəticələr şəhər rəhbərinin məqsədyönlü fəaliyyətinin, yüksək təşkilatçılıq qabiliyyətinin və doğma şəhərə bağlılığının bariz ifadəsidir.
“Ədəbiyyat və incəsənət”
(02.09.2026)


