Xuraman Muradova: Mədəniyyət günləri Azərbaycan–Özbəkistan qardaşlığının, birliyinin, həmrəyliyinin təzahürüdür

 

Bu günlərdə Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günləri iki qardaş xalqın ortaq yaddaşının, tarixi taleyinin və gələcəyə yönəlmiş mədəni strategiyasının təntənəli ifadəsidir. Bu günlərdə Bakının mədəni məkanlarını və böyük səhnələrini bəzəyən özbək musiqisi, rəqsi, ədəbiyyatı və sənət nümunələri bizə könül bağlarımızla doğmadır – çünki bu səs də, bu söz də, bu ruh da Turan coğrafiyasının ortaq nəfəsindən doğur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Özbəkistan Mədəniyyət Günləri ilə bağlı AzərTAC-a açıqlamasında Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Türk Dünyası Qadın Şairlər Birliyi rəhbəri Xuraman Muradova bildirib.

O qeyd edib ki, Azərbaycanla Özbəkistan arasındakı münasibətlər diplomatik sənədlərlə məhdudlaşmayan, əsrlərin dərinliyindən gələn mənəvi bağlara söykənən nadir dövlətlərarası əlaqələrdəndir. Nizami ilə Nəvainin eyni hikmət qaynağından su içməsi, Füzuli ilə Baburun eyni duyğu dilində danışması bu birliyin bədii sübutudur. Bu mənada Mədəniyyət Günləri tarixdən gələn bu ortaq irsin müasir dövrdə yenidən oxunuşu, yeni məna qatları ilə təqdimatı kimi dəyərləndirilməlidir.

Tədbirlər çərçivəsində təqdim olunan konsert proqramları, təsviri sənət sərgiləri və ədəbi-bədii görüşlər özbək mədəniyyətinin zənginliyini və çoxqatlılığını aydın şəkildə nümayiş etdirdi. Xüsusilə milli musiqi alətlərinin canlı ifası, muğamla maqomun ruh yaxınlığı, rəqs plastikasında oxşar ritmlər tamaşaçıda yalnız estetik zövq deyil, həm də dərin mənəvi tanışlıq hissi oyatdı.

Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru deyib: “Bu mədəniyyət bayramının əsas üstünlüyü ondadır ki, təqdim olunan irs yaşayan, nəfəs alan, müasir düşüncə ilə dialoqa girən bir mədəniyyət kimi göstərildi. Özbəkistanın bugünkü mədəni siyasətinin açıq, yenilikçi və eyni zamanda köklərinə sadiq olması tədbirlərin ümumi ruhunda aydın hiss olunurdu.

Azərbaycan ictimaiyyətinin bu tədbirlərə göstərdiyi böyük maraq isə bir daha sübut etdi ki, xalqlarımız arasında mədəni diplomatiya üçün son dərəcə münbit zəmin mövcuddur. Bu maraq yalnız qonaqpərvərlik ənənəsindən doğmur, bu, özümüzü o mədəniyyətdə tanımaq, orada öz tariximizin, öz duyğularımızın izlərini görmək ehtiyacından qaynaqlanır.

Onun sözlərinə görə, bu gün Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub. Dövlət başçılarının siyasi iradəsi, ortaq iqtisadi və humanitar layihələr bu əlaqələri möhkəmləndirsə də, onun uzunömürlü və sarsılmaz olmasının əsas təminatçısı məhz mədəni bağlardır. Mədəniyyət Günləri bu baxımdan gələcək əməkdaşlıqlar üçün ideya və ilham mənbəyi rolunu oynayır.

Əminliklə demək olar ki, Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günləri sadəcə bir tədbirlər silsiləsi kimi yadda qalmayacaq. O, xalqlarımızın ortaq mənəvi xəritəsində yeni bir işarə, yeni bir dayanacaq oldu. Bu dayanacaqdan baxanda isə aydın görünür: Özbəkistan da, Azərbaycan da eyni böyük mədəni məkanın – Turanın ayrılmaz parçalarıdır.

“Bu gün biz bu birliyi səhnədə, sərgidə, kitabda və musiqidə görürüksə, sabah onu daha geniş elmi, ədəbi və mədəni layihələrdə görəcəyik. Çünki vətən sevgisi sərhəd tanımadığı kimi, mədəni qardaşlıq da zamanla məhdudlaşmır.

“Özbəkistanım da mənim vətənimdir” və “Vətən eşqi – Turan sevdası” adlı kitablarımın Daşkənddə işıq üzü görməsi və geniş təqdimatla qarşılanması da bu mənəvi doğmalığın, könül bağlılığlmızın bir parçasıdır, deyərdim", - deyə Xuraman Muradova fikirlərini yekunlaşdırıb.

 

 “Ədəbiyyat və incəsənət”

(19.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.