Super User

Super User

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qubadlı rayonunun yetişdirdiyi qələm əhli sırasında bir imza da var – Şamo Arif! Bu gün onun doğum günüdür, anadan olmasının 90 illiyidir.

 

Azərbaycan yazıçısı Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. Mənşəcə kürddür. 1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub.

 

O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda çalışıb. Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu günə qədər öz aktuallığını saxlayır.

 

Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin" romanını çap etdirib. Ən nəhayət sonuncu romanı "Qınamayın məni" olub. Bundan başqa dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələr ilə çıxış edib.

 

Filmoqrafiya

 

- Ayrıldıq ki, qovuşaq

 

Şamo Arif 16 iyun 2012-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

 

 

 

 

Cümə axşamı, 09 İyul 2026 16:39

Tarixi romanlar ustası

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bəli, məhz tarixi rmanlar ustası - Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Bərgüşad ədəbiyyat tariximizə belə düşübdür. Bu gün onun anım günüdür.

 

O, 1924-cü il iyunun 22-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Orta təhsilini Qubadlı rayonunun fəhlə-gənclər məktəbində alıb, II dünya müharibəsində iştirak edib, ağır döyüşlərin birində kantuziya aldığına görə tərxis edilib. Bundan sonra Qubadlı rayon Daxili İşlər şöbəsində VVAQ müdiri işləyib. Onun "Cənub taydan əsən meh" adlı ilk şeiri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilib.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunub.

 

1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləyib. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya filmləri çəkilib. (Suren Adamyan silinsə yaxşı olardı).

"Babək" əsəri Tehranda farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunub.

Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni və medallarla təltif edilib.

 

Kitabları

 

- Gələcəyi yaradanlar (oçerklər)

- Təzə gəlin (hekayələr)

- Toydan sonra (hekayələr)

- Bozatın belində (tarixi roman)

- Dərilməmiş salxımlar (hekayələr)

- Sıyrılmış qılınc (tarixi roman)

- Şərq çiçəyi

- Dünyada nələr gördüm

 

O, 1996-cı il iyulun 9-da vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

 

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Son zamanlar sosial platformalarda paylaşılan statuslardan, televiziyalarda şou-proqramların artdığı, bayağı verilişlərin çoxaldığı barədə tez-tez müxtəlif şikayətlərlə qarşılaşırıq. Amma, çox az adam gənclərə “Youtube” sosial platformasında mənəviyyatla bağlı hazırlanan verilişləri izləməyi tövsiyə edir, sanki bu verilişləri təbliğ etməkdən çəkinirlər. Məsələn, iki saat ekran arxasında əyləşib hər hansı bir bayağı verilişə baxmaqdansa, “Youtube”də bir filosofun, alimin, psixoloqun və ya mənəviyyat adamının söhbətlərinə qulaq asmaq daha faydalı olmazmı? Nə isə, bu dəfə sizə gənclər arasında mənəviyyat adamı, psixoloq kimi sevilən İlqar Kamil haqqında danışmaq istəyirəm...

 

O, 7 iyul 1981–ci ildə Masallı rayonunun Viləş kəndində dünyaya gəlib. Orta məktəbdə təhsil alarkən, eyni zamanda mədrəsədə də oxuyub. Sonra Bakıya üz tutub. Beynəlxalq İlahiyyat İnstitutunda bakalavr və magistr dərəcələrinə yüksəlib. Daha sonra Rusiyaya köçüb və on beş il orada yaşayıb. Rusiyada olarkən Moskva Psixo–Sosiologiya Universitetində (MPSU) ikinci ali təhsilə yiyələnib. Vətənə dönəndən sonra, əvvəl KOD psixologiya Akademiyasında işləyib, bir ilə yaxındır ki, “QAPI Psixologiya Mərkəzi”ni yaradaraq rəhbərlik edir. Bir neçə kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin və Amerika Psixoloqlar Asossiasiyasının üzvüdür...

 

 Çalışqan, əzmkar və zəhmətkeş adamdır. Yüksək müşahidə qabiliyyəti ilə fərqlənir. O, daim ətrafdakı detallara diqqət yetirir və hər şeyi ən xırda təfərrüatına qədər araşdırmağı xoşlayır. Onun fərdi xüsusiyyətləri arasında dürüstlük, sədaqət və cəsarət önəmli yer tutur. Yalanı sevmir, verdiyi sözə yüksək səviyyədə sadiq qalır. Həyatına nizam-intizam gətirmək və ətrafdakı insanları təşkilatlandırmaq onun təbii qabiliyyətlərindən biridir. Çətinliklərdən qorxmur, iradəlidir. Ailə dəyərlərinə bağlı, romantik və istiqanlı olması ilə ətrafdakıların rəğbətini qazanır. Olduqca qürurludur, özünə inamı və mülayim xarakteri ilə seçilir. Punktual, çevik və macəraçı xüsusiyyətləri ilə diqqət çəkir. Hər zaman enerjili və dinamikdir. İnadkar xüsusiyyəti ilə həyatda üzləşdiyi çətinlikləri aradan qaldırmağa çalışır. Çox yaxşı dostdur. Aldanmağı sevmir...

 

Deyir ki:- “Ərkim çatan dostlara tez-tez deyirəm; bacardığımız qədər çalışıb ətrafımızdakı insanlara qəfəs deyil, yuva olmalıyıq. Bu çox vacibdir. Özüm də belə olmağa çalışıram. Nə ağır kəlmədir- qəfəs! Nə gözəl sözdür- yuva!..”

 

Həssas adamdır. Heç vaxt hislərini gizlətmir. Onları olduğu kimi dilə gətirməyi xoşlayır. Qayğıkeş, mülayim, anlayışlı və uzaqgörəndir. Romantik, yardımsevər və səbirlidir. Necə deyərlər, özündən çox başqalarının xeyir tapması haqqında düşünür. İdealist, sentimental və xəyalpərəstdir. Əhval-ruhiyyəsi tez-tez dəyişə bilir. Hazırcavab adamlardan xoşu gəlir...

 

“Bir dəfə bir oxucum;- “siz sevgidən yazırsınız, mən isə onu yaşayıram, siz qəhrəmanlıq haqqında gözəl cümlələr qurursunuz, amma kimsə qəhrəman kimi ömür sürür...”- deyə müraciət etdi. Yadıma Hessenin "Yalquzaq"ı düşdü. Orada klarnetçi Pablo alim, intellektual birinə;- “sən Bethovenin, Motzartın əsərlərini saatlarla təhlil edə bilərsən, musiqi haqqında ton-ton yazılar da yaza bilərsən, lakin əsas, çalmaq-ifa etməkdir. Harri, sən bunu bacarmırsan!”- deyib susdurmuşdu.”- söyləyir.

 

Keçmişinə çox bağlıdır. Ötən günləri tez-tez xatırlamağı xoşlayır. Mühafizəkar, milli adət və ənənələrə sadiqdir. Kəskin analitik düşüncəsi var. Ağlı, səbiri, iti zəkası ilə ən dolaşıq problemi həll etməyi bacarır. Risk etməyi xoşlamır. Nacə deyərlər, haram tikəyə əl uzatmır, ruzisini ənənəvi halal yolla qazanmağa üstünlük verir... 

 

Deyir ki:- “Rəbbimə də olsa, dərdimi danışıb zarımağı sevmirəm; elə bir uğurum-zadım da yoxdur ki, hesabat verim. Bəs Ona səcdələrimdə nə deyim, nədən danışım? Deyim ki, bağışla, İlahi, əmanətinə sahib dura bilmədik, dünyanı cəhənnəmə çevirdik? Deyim ki, qardaş-bacılarımızın ağrı-acısını görməzdən gəlib özümüzçün yeni xoşbəxtlik fəlsəfəsi düzəltmişik? Deyim ki, hamılıqla "idiot" olmuşuq? Bəlkə, bağışla, görüşünə əliboş gəlmişəm, deyim? Odur, ən abırlısı susmaqdır, susmaq və demək ki, susmağa gəldim! Susmaq ayıbını bilməkdirsə, gəlmək hələ də ümidliyəm, deməkdir. Gəlmişəm, yəni düzəlmək istəyirəm, dəyişmək istəyirəm; olsun, səhlənkaram, yarıtmazam, danışmağa üzüm yoxdur, lakin əsas odur ki, gəlmişəm, mən də gəlmişəm, Sənin qapındayam...”

 

 Rəhbərlik etdiyi “QAPI Psixologiya Mərkəzi”ndə mühazirələr oxumaqla, oraya gələn gənclərin düzgün tərbiyələnməsində, maariflənməsində əhəmiyyətli işlər görür. Onun mühazirələrində iştirak edən bir gənc yazır:- “Bu gün İlqar Kamilin "Qapı" sında elə möhtəşəm, elə mənəvi bir tədbirdə olduq ki, hələ də təsirindəyəm. Dəyərli şəxsiyyətlərin, dostların mənəvi fikirləri sanki bir sübh mehi kimi ruhuma toxundu. Bu mənəvi meh qulağıma pıçıldadı ki, xoşbəxt olmaq üçün elə də çox şeyə ehtiyac yoxdur, sadəcə qazandıqlarınla kifayətlənsən yetər...”

 

“Pislərin tənqidinə ayırdığımız vaxtı yaxşıların təbliğinə ayırmış olsaydıq, yaxşılar pislərə çoxdan qalib gəlmişdi. Və yaxşıların sayı da artardı.”- söyləyir.

Bəli, vaxtını yaxşıların artmasına xərcləyən İlqar Kamilin növbəti ad günü oldu, 45 yaşını qutladı. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

 

Cümə axşamı, 09 İyul 2026 11:34

Bir kağız, bir ayna, ya da bir kəsik...

Aytən Ağasıyeva,

“Ədəbiyyat və incəsənət”

 

Çiçək açmış kəklik otlarını yığaraq mahnıya qulaq asırdım: “Sevginin qanunları yoxdu, ama cəzası hər zaman ağır olur” – muş.

Gedəndə aparmayacağım bu otları niyə yığırdım, mən də anlamırdım. Hər dəfə yığdıqca otların qoxusu uzaqdan əsən soyuq küləyin təsiri ilə içimə dolurdu.

Əlimin qanadığını gördüm, qırıq ayna əlimi kəsmişdi. Aynanı götürüb özümə baxdım. Dodaqlarının kənarındakı görünən xətləri izləyərək, barmaqlarım pambıq kimi dodaqlarımda dövr etməyə başladı. Bir an aynadakı özümü tanımadım. Bu mən deyildim. Düşük qapaqlarının altında parlayan gözləri əbədi olaraq mənə aid idi. Hər dəfə xatırlayanda üzümdə günəş kimi parlayan gülümsəmə yaradırdı....tellərinin hər yönə ayrılıb, başqa formaya düşməsi, mavi rəngli köynəyinin çiyinlərini daha da geniş göstərməsi- hamısı tanış idi, ama bu mən deyildim. Otların arasında bir də əzilmiş kağız parçası tapdım. O qədər yağış və gün üzü görmüşdü ki, hərflər bir-birinə qarışmışdı:

“Qəlbimin döyüntüsü ilə yol almağımız çox ani oldu. Qəlbim sanki beynimə və ayaqlarıma nüfuz edir, məni bilmədiyim səmtə doğru götürürdü. İçimdə həm inam həm də inamszılıq baş alıb gedirdi. Bu dəfə nə düşünəcək deyə ağlımla ürəyimin arasında qalmışdı arıq və çəlimsiz ayaqlarım. Bu dəfə nədən danışım ki, sözümü kəsməsin “ev” adam, “çöl” adam, “uçurum” adam! İçimdə ona qarşr o qədər böyük bir məhəbbət var ki, onu sözlərə yükləmək yazıya sitəm olar bəlkə. Bilmirəm bu sevgi və istək ruhsal ya bədənsəldi, amma varlığı mənə huzur verir. Bəzən düşünürəm ki, insana nə əlçatandırsa ondan bezir, usanır və bir müddət sonra həmin sevgi onun oyuncağına, daha doğrusu malına çevrilir. Amma mənim üçün müqəddəs olan hisslər var. Məhrumiyyət mənim üçün ən böyük müqəddəslikdir bəzən. Ona çatmaq, ona qovuşmaq bəzən ona “çatmaq”dan daha yaxşı, daha məsum gəlir. O, nə düşünür görəsən, bax elə bu an, bu saat, bu dəqiqə. Bəlkə də eyni yerdə, ama fərqli zamanlardayıq, bəlkə də eyni zamanda fərqli yerlərdəyik. Fəqət mən elə dərk edirəm ki, bu günün sabaha etibarı yoxdu.

Mən də bu cür, yəni Tolstoy, Heminquey, Maria Dominquez kimi, nəbilim bəlkə də Orhan Pamuk kimi öz “Beyaz kale”mdə “Masumiyyet muzesi”nin direktoru və yaxud xadiməsi kimi yaşayıram. Nə gözəl olardı “Kağız ev”dəki kimi yeraltında və yaxud sahil kənarında dövlətə aid olmayan hürr bir ərazidə insan şəklində kağız evimiz olardı. Hər çey bir-birinə mübhəm, hər şey bir-birinə zidd şəkildə inzivaya çəkilib o evin sahib və sahibəsinə səcdə edərdilər... Səhər... Axşam! Bəzən elə düşünürəm ki “FA” elə düşünür ki, mənim beynim sadəcə ağ kağızdan və yaxud “Don Kixotun” siçanlarından ibarət qapısı olmayan daxmadı və orada bir Qavroş yaşayır, Qurbanəli bəy kefdə-damaqda, İlyas eşq harayında, Afaq yar həsrətindədir. Və yaxud görəsən düşünürümü ki, o mənim nəyimə lazımdır?”

Bəzi hərf səhvləri olan bu yazının ardı yox idi. Vərəqin arxasına çevirdim; “FA”- təkcə iki hərf yazılmışdı..

Ətrafıma boylandım, yerdə başqa kağız yox idi. Bəlkə də kiminsə cibindən düşmüşdü. Ya da kimsə bilərək burda itirmişdi

Günəş başıma elə vururdu ki, əlimi başıma aparmaq istəyəndə kağızın qırmızıya boyandığını gördüm. Əlim qanıyırdı ama mən bunu hiss etmirdim. İstəmsizcə kağız əlimdən yerə düşdü.. Aynanı kənara atıb arxama belə baxmadan qaçdım.

Ertəsi gün, ertəsi ay, ertəsi il artıq heç vaxt kəklik otu yığmaq üçün o təpəyə çıxmadım. Əlim sağalsa da kəsiyin izi hələ də qalırdı. Hər dəfə o izə baxanda “yarımçıq qalmış yazı” yadıma düşür.. Bir də aynadakı adam...

Hər keçici şey arxasında mütləq keçməyən izlər buraxır elə deyilmi? Bu bəzən bir kağız, bir ayna, ya da bir kəsik olur...

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuzda "Dini fanatizmin və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri" mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Oğuz Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin  Oğuz rayonu üzrə gənclər və idman sektoru və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dini radikalizm və fanatizmin yaratdığı təhlükələr barədə geniş məlumat verilib. Qeyd edilib ki, gənclərimizin sağlam düşüncəli, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda formalaşması hər birimizin ortaq məsuliyyətidir."

Tədbirdə dini fanatizmin və radikalizmin ailə institutuna, cəmiyyətin sabitliyinə və gənclərin dünyagörüşünə mənfi təsirlərindən bəhs olunub.

Mövzu ilə bağlı suallarının cavablandırılması və fikir mübadiləsi aparılıb.

Bu mövzuda maarifləndirici görüşlərin gənclərin sağlam düşüncə tərzinin formalaşmasına, dini dözümlülük və multikultural dəyərlərin möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

 

 

 

 

 

Həcər Atakişiyeva

“Yazarlar” jurnalının redaktoru, ədəbiyyatşünas-tənqidçi.

“Ədəbiyyat və incəsənət”

 

Türk dünyasının zəngin mədəni irsində elə şəxsiyyətlər vardır ki, onların adı yalnız bir xalqın deyil, bütün türk xalqlarının ortaq mənəvi sərvəti kimi qəbul edilir. Bəşər sivilizasiyasının inkişaf tarixində elə görkəmli şəxsiyyətlər yetişmişdir ki, onların yaratdığı zəngin mənəvi irs zaman və məkan sərhədlərini aşaraq müxtəlif xalqların ortaq mədəni sərvətinə çevrilmişdir. Belə şəxsiyyətlər yalnız yaşadıqları dövrün deyil, sonrakı əsrlərin də ictimai fikrinə, ədəbiyyatına, dilinə və mədəniyyətinə istiqamət vermiş, mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamışlar. Türk dünyasının böyük mütəfəkkirləri sırasında xüsusi yer tutan Əlişir Nəvai də məhz bu cür nadir şəxsiyyətlərdəndir.

 

Onun zəngin ədəbi irsi, humanist dünyagörüşü, dövlətçilik fəaliyyəti və ana dilinə sonsuz məhəbbəti əsrlər boyu öz əhəmiyyətini itirməmiş, bu gün də türk xalqlarının ortaq mədəni yaddaşının ayrılmaz hissəsi kimi yaşayır. XV əsr türk-islam mədəniyyətinin intibah dövrü kimi xarakterizə olunur. Bu dövrdə elm, fəlsəfə, incəsənət və ədəbiyyat sahələrində mühüm nailiyyətlər əldə edilmiş, bir sıra böyük sənətkarlar dünya mədəniyyətinin inkişafına əvəzsiz töhfələr vermişlər. Həmin dövrün ən görkəmli nümayəndələrindən biri olan Əlişir Nəvai öz yaradıcılığı ilə türk dilinin bədii-estetik imkanlarını nümayiş etdirmiş, ana dilində yüksək sənət nümunələrinin yaradılmasının mümkünlüyünü sübut etmişdir. O, yalnız qüdrətli şair deyil, həm də filosof, dilçi, dövlət xadimi, xeyriyyəçi və maarifçi kimi çoxşaxəli fəaliyyət göstərmişdir.

Əlişir Nəvai yaradıcılığının əsas ideya istiqamətlərini insanpərvərlik, mənəvi kamillik, elmə və biliyə hörmət, ədalət, vətən sevgisi, dostluq, xeyirxahlıq və ana dilinə bağlılıq təşkil edir. Onun əsərlərində insanın mənəvi yüksəlişi cəmiyyətin tərəqqisinin başlıca şərti kimi təqdim edilir. Nəvai hesab edirdi ki, yalnız yüksək əxlaqa malik insan cəmiyyətə fayda verə bilər. Bu baxımdan onun irsi təkcə bədii-estetik deyil, həm də mühüm fəlsəfi və tərbiyəvi dəyərə malikdir. Türk xalqlarının ortaq tarixi və mədəni irsi haqqında danışarkən Əlişir Nəvainin adı xüsusi ehtiramla çəkilir. Onun əsərləri müxtəlif türk xalqları arasında mədəni yaxınlığın, ortaq dil və mənəvi dəyərlərin qorunmasına xidmət etmişdir.

Azərbaycan ədəbi mühitində də Nəvai irsi böyük maraq doğurmuş, klassik şairlər onun sənətkarlıq məktəbindən bəhrələnmiş, humanist ideyalarını davam etdirmişlər. Bu mənada Əlişir Nəvai yalnız özbək xalqının deyil, bütün türk dünyasının ortaq ədəbi və mənəvi sərvəti hesab olunur. Müasir qloballaşma şəraitində milli kimliyin, ana dilinin və mənəvi dəyərlərin qorunması hər zamankından daha böyük əhəmiyyət kəsb edir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirinin gücləndiyi bir dövrdə klassik irsin öyrənilməsi gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm rol oynayır. Bu baxımdan Əlişir Nəvainin yaradıcılığı yalnız tarixi baxımdan deyil, həm də müasir dövrün sosial, mədəni və mənəvi problemlərinin dərk edilməsində aktual mənbə kimi çıxış edir. Onun irəli sürdüyü humanizm, ədalət, elmə bağlılıq və mənəvi kamillik ideyaları bu gün də öz dəyərini qoruyur və cəmiyyət üçün əhəmiyyətini itirmir. Məqalənin məqsədi Əlişir Nəvainin türk dünyasının ortaq mənəvi sərvəti kimi əhəmiyyətini, onun dil, ədəbiyyat və mədəniyyət qarşısındakı xidmətlərini, eləcə də yaradıcılığının müasir dövrdə aktuallığını elmi-publisistik aspektdən təhlil etməkdir. Eyni zamanda, Nəvai irsinin bugünkü türk dünyasının mənəvi birliyinin möhkəmləndirilməsində oynadığı rol və gələcək nəsillərin milli-mənəvi tərbiyəsindəki əhəmiyyəti diqqət mərkəzində saxlanılır.

XV əsrin görkəmli şairi, mütəfəkkiri, dövlət xadimi və böyük humanisti Əlişir Nəvai yaratdığı ölməz əsərləri, dilə və ədəbiyyata verdiyi misilsiz töhfələr sayəsində türk-islam mədəniyyətinin ən parlaq simalarından biri kimi tarixdə əbədi yer tutmuşdur. Nəvai öz yaradıcılığı ilə göstərdi ki, türk dili yüksək bədii-estetik imkanlara malikdir və dünya ədəbiyyatının ən kamil nümunələrini bu dildə yaratmaq mümkündür.

Əlişir Nəvai 1441-ci ildə Heratda anadan olmuş, zəngin təhsil almış, həm dövlət idarəçiliyində, həm də ədəbi yaradıcılıqda böyük uğurlar qazanmışdır. O, ömrünü xalqın rifahına, elmin, maarifin və mədəniyyətin inkişafına həsr etmiş, mədrəsələrin, kitabxanaların və xeyriyyə müəssisələrinin yaradılmasına dəstək vermişdir. Bu xüsusiyyətlər onu yalnız böyük şair deyil, həm də uzaqgörən dövlət xadimi kimi tanıdır. Əlişir Nəvainin ən böyük xidmətlərindən biri türk dilinin nüfuzunu yüksəltməsi olmuşdur. Onun "Mühakimətül-lüğəteyn" əsəri türk dilinin zənginliyini elmi əsaslarla nümayiş etdirən qiymətli dilçilik abidəsidir. Nəvai bu əsərində ana dilinin ifadə imkanlarını yüksək qiymətləndirərək sübut etmişdir ki, türk dili də ən mürəkkəb bədii və fəlsəfi fikirləri ifadə etməyə qadirdir. Bu baxımdan o, türk xalqlarında milli dil şüurunun formalaşmasına böyük təsir göstərmişdir.

Şairin "Xəmsə"si dünya ədəbiyyatının nadir incilərindən hesab olunur. Bu əsərlərdə sevgi, ədalət, mərhəmət, dostluq, insan ləyaqəti və kamillik ideyaları yüksək sənətkarlıqla tərənnüm edilir. Nəvai insanı kainatın ən qiymətli varlığı hesab edir, onun mənəvi saflığını və vicdanını hər cür sərvətdən üstün tutur. Bu ideyalar əsrlər keçsə də, bu gün də öz aktuallığını qoruyub saxlayır. Əlişir Nəvainin yaradıcılığı Azərbaycan ədəbiyyatına da güclü təsir göstərmişdir. Xüsusilə klassik Azərbaycan poeziyasında onun sənətkarlıq ənənələri, humanist düşüncələri və ana dilinə məhəbbəti aydın şəkildə hiss olunur. Bu mənəvi yaxınlıq türk xalqlarının ortaq ədəbi köklərə malik olduğunu bir daha təsdiqləyir. Müasir dövrdə qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Gənc nəslin milli kimlik, ana dili və mənəvi irsə bağlılıq ruhunda yetişdirilməsi üçün Əlişir Nəvainin əsərləri qiymətli mənbədir. Onun yaradıcılığında vətən sevgisi, elmə hörmət, ədalətə sədaqət və insanpərvərlik kimi ali dəyərlər ön plana çəkilir. Bu baxımdan Nəvai irsi yalnız keçmişin yadigarı deyil, həm də gələcəyə istiqamət verən mənəvi məktəbdir. Bu gün türk dövlətləri arasında mədəni əməkdaşlığın genişlənməsi, ortaq tarix və ədəbiyyatın öyrənilməsi Əlişir Nəvai irsinin daha dərindən araşdırılmasını zəruri edir. Onun əsərlərinin yeni nəşrlərinin hazırlanması, müxtəlif dillərə tərcümə olunması, beynəlxalq konfrans və elmi tədqiqatların təşkili türk dünyasının mədəni inteqrasiyasına mühüm töhfə verir. Əlişir Nəvai yalnız öz dövrünün deyil, bütün zamanların böyük mütəfəkkirlərindən biridir. Onun zəngin ədəbi irsi türk xalqlarının ortaq mənəvi sərvəti kimi yaşayır və gələcək nəsillərə yüksək mənəvi dəyərlər aşılayır. Nəvainin irsi göstərir ki, dilini, mədəniyyətini və mənəviyyatını qoruyan xalq gələcəyini də inamla qurur. Bu səbəbdən Əlişir Nəvai irsinin öyrənilməsi və təbliği bu gün də öz aktuallığını qoruyan mühüm mədəni və mənəvi vəzifələrdən biridir. Əlişir Nəvai yalnız XV əsrin böyük şairi deyil, həm də türk dünyasının mədəni, mənəvi və elmi inkişaf tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətdir. Onun zəngin ədəbi irsi, humanist dünyagörüşü, ana dilinə sonsuz məhəbbəti və dövlətçilik fəaliyyəti əsrlər boyu öz aktuallığını qorumuş, müxtəlif türk xalqlarının ortaq mənəvi dəyərlərinin formalaşmasına mühüm təsir göstərmişdir. Nəvainin yaratdığı əsərlər zamanın sınağından uğurla çıxaraq bu gün də dünya ədəbiyyatının ən qiymətli nümunələri sırasında yer alır. Əlişir Nəvainin zəngin ədəbi irsi türk xalqlarının ortaq mədəni sərvətinin ən qiymətli nümunələrindəndir. O, ömrü boyu türkcənin (çağatay türkcəsinin) bədii imkanlarını inkişaf etdirmək məqsədilə müxtəlif janrlarda onlarla əsər qələmə almışdır. Onun əsərlərində humanizm, ədalət, elm, mənəvi kamillik, sevgi, vətənpərvərlik və insan ləyaqəti kimi ümumbəşəri ideyalar əsas yer tutur. Əlişir Nəvainin ən möhtəşəm yaradıcılıq nümunəsi "Xəmsə" hesab olunur. Bu əsər beş böyük məsnəvidən ibarətdir və türk ədəbiyyatında ana dilində yazılmış ilk "Xəmsə" kimi mühüm əhəmiyyət daşıyır. Buraya aşağıdakı əsərlər daxildir:

"Heyrətül-əbrar" – insanın mənəvi kamilliyi, ədalət, vicdan və xeyirxahlıq ideyalarını əks etdirən fəlsəfi-didaktik poemadır.

"Fərhad və Şirin" – saf məhəbbəti, sədaqəti, zəhmətsevərliyi və fədakarlığı tərənnüm edən məşhur romantik poemadır.

"Leyli və Məcnun" – ilahi və ülvi sevginin, mənəvi saflığın və sədaqətin bədii ifadəsidir.

"Səbəyi-Səyyar" ("Yeddi səyyar") – hikmətamiz hekayələr vasitəsilə insan əxlaqını, həyatın mənasını və cəmiyyətin mənəvi problemlərini əks etdirən əsərdir.

"Səddi-İsgəndəri" – ədalətli hökmdar ideyasını, elmə və müdrikliyə verilən yüksək dəyəri tərənnüm edən fəlsəfi poemadır.

Əlişir Nəvainin elmi yaradıcılığında xüsusi yer tutan "Mühakimətül-lüğəteyn" əsəri türk dilçiliyinin klassik nümunələrindən hesab olunur. Müəllif bu əsərdə türk dili ilə fars dilini müqayisə edərək türk dilinin zəngin söz ehtiyatını, ifadə imkanlarını və bədii gücünü əsaslandırmışdır. Bu əsər türk xalqlarında milli dil şüurunun formalaşmasına mühüm təsir göstərmişdir.

Nəvainin "Məcalisün-nəfais" əsəri Şərq ədəbiyyatında yazılmış ilk təzkirələrdən biri sayılır. Burada müəllif dövrünün şair və alimləri haqqında qiymətli məlumatlar vermiş, ədəbi mühitin öyrənilməsi üçün mühüm tarixi mənbə yaratmışdır.

Onun "Lisanüt-teyr" ("Quş dili") əsəri dərin fəlsəfi məzmuna malik alleqorik poemadır. Əsərdə insanın mənəvi kamilliyə aparan yolu rəmzi obrazlar vasitəsilə təsvir edilir.

Bundan başqa, Əlişir Nəvai "Nəsayimül-məhəbbət", "Mizanül-övzan", "Münşəat", "Vəqfiyyə", "Tarixi-müluki-Əcəm" və "Tarixi-ənbiya və hükəma" kimi elmi, tarixi, dilçilik və dini-fəlsəfi əsərlərin də müəllifidir. Bu əsərlər onun yalnız qüdrətli şair deyil, həm də tarixçi, dilçi, ədəbiyyatşünas və mütəfəkkir olduğunu göstərir. Əlişir Nəvainin yaradıcılığı türk xalqlarının ortaq ədəbi irsinin formalaşmasında müstəsna rol oynamışdır. Onun əsərlərində ifadə olunan humanizm, ədalət, elmə bağlılıq, ana dilinə məhəbbət və mənəvi kamillik ideyaları bu gün də aktuallığını qoruyur. Məhz buna görə də Nəvai irsi yalnız klassik ədəbiyyat nümunəsi deyil, həm də müasir dövrdə milli-mənəvi dəyərlərin qorunmasına və türk dünyasının mədəni birliyinin möhkəmlənməsinə xidmət edən zəngin mənəvi xəzinədir. Əlişir Nəvai türk dilinin zəngin ifadə imkanlarını yüksək sənətkarlıqla nümayiş etdirərək sübut etmişdir ki, ana dili hər bir xalqın milli kimliyinin, mənəvi yaddaşının və mədəni varlığının əsas dayağıdır. Onun dil uğrunda apardığı mübarizə təkcə öz dövrü üçün deyil, sonrakı əsrlərdə də türk xalqlarının milli özünüdərk prosesinə mühüm təsir göstərmişdir. Bu baxımdan Nəvainin irsi bu gün də ana dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində dəyərli örnək kimi qiymətləndirilməlidir. Şairin əsərlərində əksini tapan humanizm, ədalət, mərhəmət, elmə hörmət, insan ləyaqəti, vətən sevgisi və mənəvi kamillik kimi ideyalar müasir dünyanın da əsas mənəvi ehtiyacları sırasındadır. Texnoloji inkişafın sürətləndiyi, qloballaşmanın müxtəlif mədəni təsirlər yaratdığı indiki dövrdə insanın mənəvi dəyərlərə bağlı qalması daha da aktuallaşmışdır. Bu baxımdan Əlişir Nəvainin irsi yalnız tarixi əhəmiyyət daşımır, həm də müasir cəmiyyət üçün mühüm mənəvi istiqamətverici rol oynayır. Onun əsərlərində təbliğ edilən dəyərlər insanları qarşılıqlı hörmətə, sülhə, tolerantlığa, elmə və yüksək əxlaqa səsləyir. Türk dünyasının mədəni inteqrasiyası və ortaq kimlik şüurunun möhkəmləndirilməsi baxımından da Əlişir Nəvai irsi xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif türk xalqlarının ədəbi və mədəni əlaqələrinin inkişafında onun yaradıcılığı ortaq mənəvi körpü rolunu oynayır. Bu irsin dərindən öyrənilməsi, elmi tədqiqi, təbliği və gənc nəslə çatdırılması türk dünyasının ortaq tarixi və mədəni yaddaşının qorunmasına mühüm töhfə verir.

Azərbaycan və digər türk dövlətlərində Əlişir Nəvainin yaradıcılığına göstərilən maraq, onun əsərlərinin nəşri, tədqiqi və tərcüməsi, eləcə də beynəlxalq konfrans və elmi tədbirlərdə irsinin araşdırılması böyük mütəfəkkirin ideyalarının bu gün də yaşadığını göstərir. Bu fakt bir daha sübut edir ki, böyük şəxsiyyətlərin yaratdığı mənəvi sərvət heç zaman öz dəyərini itirmir, əksinə, zaman keçdikcə daha geniş məna kəsb edir və yeni nəsillər üçün ilham mənbəyinə çevrilir. Əlişir Nəvainin irsi milli-mənəvi dəyərlərin qorunması, ana dilinə sevginin gücləndirilməsi, gənclərin vətənpərvərlik və humanizm ruhunda tərbiyə olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Onun yaradıcılığı göstərir ki, cəmiyyətin inkişafı yalnız iqtisadi və texnoloji tərəqqi ilə deyil, eyni zamanda yüksək mənəviyyat, elm, ədalət və mədəniyyətlə mümkündür. Bu ideyalar XXI əsrdə də öz aktuallığını saxlayır və bəşəriyyət üçün mühüm əxlaqi dəyər olaraq qalır.

Əlişir Nəvai türk dünyasının ortaq mənəvi sərvəti, klassik ədəbiyyatın ölməz nümayəndəsi və ümumbəşəri humanist ideyaların daşıyıcısı kimi daim yaşayacaqdır. Onun yaratdığı zəngin irs yalnız keçmişin qiymətli yadigarı deyil, həm də gələcəyin mənəvi inkişafına xidmət edən tükənməz xəzinədir. Bu irsin sistemli şəkildə öyrənilməsi, müasir elmi yanaşmalar əsasında araşdırılması, təhsil və mədəniyyət mühitində geniş təbliği türk xalqları arasında mənəvi birliyin möhkəmlənməsinə, ortaq mədəni irsin qorunmasına və gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlı yetişməsinə mühüm töhfə verəcəkdir. Məhz buna görə də Əlişir Nəvai irsi yalnız klassik ədəbiyyatın deyil, bütövlükdə türk sivilizasiyasının ən böyük mənəvi sərvətlərindən biri kimi daim yüksək dəyərləndirilməli, öyrənilməli və yaşadılmalıdır.

 

Əsrləri aşaraq gələn bir nida,

Türkün qəlbindədir müqəddəs səda.

Sözün ucalığı, elmin şöhrəti,

Nəvai adında tapdı qüdrəti.

Qələmi nur saçdı könüllərə, o,

haqqın işığını gətirdi çox-çox.

Öz Ana dilini ucaltdı hər an,

Əbədi zirvədə qaldı qəhrəman.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

 

 

 

 

Cümə axşamı, 09 İyul 2026 15:41

Oğlu Şəhid olan aktyor

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“OvaxtlarRasimBalayev, MikayılMirzə, ƏlabbasQədirovlaeynikursdatəhsilalırdıq. BizSSRİ Xalqartisti, professorMehdiMəmmədovunsinfində oxuyurduq. Ozamanbizlər - gələcəyingəncaktyorları böyükarzularlayaşayırdıq. İnstitutdabizə dərsdeyənmüəllimlərimizinəksəriyyətiAzərbaycanıntanınmış və məşhursənətçiləriidilər.

Yaxşı xatirimdədir, səhnə danışığı kafedrasınınrəhbəriMüxlisQənizadə biztələbələrinhəmdə yaxındostuvə sirdaşı idi. Onunrəhbərliyialtındamaraqlı kompozisiyalar, səhnəciklər, tematiksüjetlərhazırlayardıq. Radiodada çıxışlarımızolardı”.

Aktyor Firuz Xudaverdiyevin xatirələrindəndir bunlar...

 

O, 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində anadan olub.1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub. 1969-1976-cı illərə kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb.

1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor olaraq çalışıb.2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb. Aktyor səhnə yaradıcılığından əlavə bir sıra teletamaşalar və bədii filmlərdə rol alıb, bunlardan "Dəvətnamə" (Müəllim), "Həmyerlilər" (Sarı Sarızadə), "Ordan burdan" (Müəllim), "Pəncərədə işıq" (Firuz) və digərlərinin adlarını çəkmək olar.

Firuz İslam oğlu Xudaverdiyev 28 mart 2017-ci ildə vəfat edib. Uzun müddət mədə xərçəngindən əziyyət çəkib. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb.

 

Teatr səhnəsində ifa etdiyi rollar

Mingəçevir Dövlət Dram Teatrı (1969-1976)

- Fuad ("Almaz", Cəfər Cabbarlı)

- Şəmsi bəy ("Eşq və intiqam", Süleyman Sani Axundov)

- Vəzir ("Fərhad və Şirin", Səməd Vurğun)

- Ədalət ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev)

- Assistent ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət)

 

Akademik Milli Dram Teatrı (1976-2017)

 

- Bir kişi ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə)

- Qoca ("Fitnə", Abdulla Şaiq)

- Əsgər ("Maqbet", Uilyam Şekspir)

- Xəstə ("Biganələr oteli", Rüstəm İbrahimbəyov)

- N.Kokin ("Daşqın", A. Safronov)

 

Filmoqrafiya

- Kişilər (film, 1979)

- Mənim günahım (film, 1985)

- Ordan-burdan (film, 1987)

- Pəncərədə işıq (film, 1987)

- Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: kənd sakini

- "Fransız" (film, 1995)

- Bağdada putyovka var... (film, 2000)

- Qeybdən gələn səs (film, 2002)

- Dəvətnamə (film, 2003)

- Sonuncu şahid (film, 2004)

 

Səhnədə taleyinə kiçik rollar düşsə də, Firuz Xudaverdiyev zaman-zaman xırda rolların böyük aktyoru kimi tanınıb sevildi. Ən kiçik rolları belə, böyük şövq və məhəbbətlə oynadı. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”nda kişi, A. Şaiqin “Fitnə” sində qoca, V. Şekspirin “Maqbet”ində əsgər, L. Frankın “Yad adam”ında çolaq, Anarın “Səhra yuxuları”nda polis və onlarca belə maraqlı, yaddaqalan rolları onu bir aktyor kimi sevdirdi. O da bütün qəlbi ilə sənəti, səhnəni sevdi...

Firuz Xudaverdiyevin dediklərindən:

“Teatrda, səhnədə rolun böyük-kiçiyi olmur. Əsl aktyor ən kiçik rolu belə tamaşaçıya sevdirə bilər. Mən səhnə həyatımda çox şöhrətli aktyorlarla tərəf-müqabil olmuşam. Bir dəfə qəribə bir əhvalat baş verdi. Baş rolun ifaçısı olan aktyorlardan biri qəzetlərə verdiyi müsahibəsində tamaşanın bütün ağırlığının onun üzərində olduğunu söyləyərək lovğalanmışdı.

Bu müsahibə bütün aktyor heyətinin narazılığına səbəb oldu. O zaman hamımız sözü bir yerə qoyduq ki, növbəti tamaşa zamanı səhnədə hər kəs sadəcə olaraq öz sözünü desin, obraz yaratmasın. Razılaşdıq və növbəti tamaşa zamanı aktyorlar sadəcə olaraq öz sözlərini deməklə kifayətləndilər.

Baş rolun ifaçısı nə qədər canfəşanlıq eləsə də, tamaşa hamıya ölü bir təsir bağışladı. Həmin şöhrətli aktyoru isə başa saldıq ki, teatrda uğur və müvəffəqiyyət bir nəfərin deyil, bütün aktyor heyətinin zəhmətinə bağlıdır. Səhəri gün o, həmin qəzetdə çıxış edərək, müsahibə zamanı öz fikirlərini düzgün çatdırmadığı üçün oxuculardan üzr istədi”.

Aktyorla bağlı bəzi məqamlara da gəlin diqqət edək. O, həyatda oğul itkisi ilə də üzləşibdir. Oğlu Tahir 1-ci Qarabağ müharibəsində şəhadətə yüksəlibdir.

Günlərin birində Firuz Xudaverdiyev ailəsi ilə dənizkənarı parkda gəzintiyə çıxır. Qəfildən Mehdi Məmmədovla üz-üzə gəlirlər. Rejissor uşaqlara mehribanlıqla nəzər salır. Növbəti günlərin birində Mehdi Məmmədov Firuz Xudaverdiyevə məsləhət görür ki, oğlu Tahiri teatra gətirsin. Ona rol verib sınasınlar. Firuz bir ata kimi tərəddüd etsə də, rejissorun əminliyi onu sakitləşdirir. Tahirin böyük səhnədə ilk rolu “Dəli yığıncağı”nda xəstə uşaq obrazı olur.

İlk tamaşa günü hamıdan çox Tahirin atası - Firuz həyəcan keçirir. Tez-tez sual verirdi: “Görəsən, Tahir Mehdi müəllimin ümidini doğrulda biləcəkmi?” Uşaqlıdan dilli-dilavər, hazırcavab olan Tahir ilk roldaca özünü doğruldur. Balaca aktyorun oyunu tamaşaçılar tərəfindən alqışlarla qarşılanır.

Həmin tamaşadan sonra Tahir bir-birindən maraqlı rollar oynayır. Moskvalı teatrşünas A. Belixov Tahirin bu rolunu yüksək qiymətləndirərək yazırdı:

“Tahir Əhməd rolunu o qədər təbii, canlı oynadı ki, mən elə zənn etdim, o, təcrübəli bir aktyordur”.

Krımda hərbi xidmətdə olan Tahir il yarımdan sonra Vətənə qayıdır. 1992-ci ildə Milli Ordunun sıralarında əvvəlcə Ağdərə cəbhəsində düşmənə qarşı döyüşlərdə iştirak edir. Sonra döyüş yolu Ortakənd, Sırxavənd, Çıldıran yaşayış məntəqələrindən keçir. Dəfələrlə ölümlə üzbəüz dayanır, müharibənin şiddətli döyüş səhnələrinin şahidi və iştirakçısı olur.

Ağdərədən sonra Tahir Füzuli cəbhəsində döyüşür. Bu döyüşlərin birində - 1994-cü il aprelin 16-da Tahir ağır yaralanmış yoldaşı Akifi xilas etmək üçün onu döyüş meydanından çıxarmağa çalışarkən ayağı altında partlayan düşmən mərmisindən yaralanıb yerə çökür. Dikəlmək istəyərkən köksündən aldığı güllə yarası onun həyatına son qoyur.

Üstündən illər keçsə də Firuz Xudaverdiyev o günləri yenə də göz yaşları ilə xatırlayır:

“Bu hadisə aprelin 16-da baş versə də, Tahirin cəsədini aprelin 23-də gecə gətirdilər. Səhər anası Tahiri belə görsəydi, yaşaya bilməzdi. Gecə saat birdən sonra Tahiri maşın işığında Xırdalan Şəhidlər xiyabanında dəfn elədik... Tahiri həmişə yanımda hiss edirəm.

 Çünki Tahir övladım olmaqla yanaşı, 5 yaşından 18 yaşınadək dostum olub, bir səhnədə çıxış eləmişik, aylarla qastrollara getmişik. Tahir mənim bir sözümü iki eləməzdi. Sevdiyi vardı. Belə bir hadisə də olmuşd Tahirin üçündə bizə xəbər verdilər ki, iki nəfər gəlib, Tahirin qəbrinin üstünə getmək istəyirlər. Öyrəndik ki, Tahirin istədiyi qız qardaşı ilə gəlib. Sonra Tahirin qəbrinin üstünə həmişə gül qoyardı...”

Allah hər ikisinə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

Cümə axşamı, 09 İyul 2026 10:39

19-cu əsr, 9 iyul günü və Şamaxı

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İş elə gətirib ki, təqvimin bu günü iki görkəmli Azərbaycan ədibi, maarifçisi ilə bağlıdır. Seyid Əzim Şirvani 9 iyulda Şamaxıda dünyaya gəlib, Nəcəf bəy Vəzirov isə 9 iyulda Şamaxıda dünyadan köçüb...

 

Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxıda ruhani ailəsində anadan olub. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınan, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat edib. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşayıb. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi.

Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdıb və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayıb. A. Zaxarovun yazdığına görə Dağıstanda yaşadığı müddətdə Seyid Əzim bir neçə Dağıstan dillərini də öyrənib. Dağıstanda Seyid Əzim 10 ildən artıq yaşayıb. 1853-cü ildə 18 yaşında ikən o, anası Gülsüm xanım ilə birlikdə Şamaxıya qayıdıb.

1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparıb. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərib. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edib.

Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edib, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verib. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxuyublar.

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edib. Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutub.

Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Bu qəzəllər içində də aşiqanə qəzəllər daha çox yer tutub. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olub. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhvali-ruhiyyə, dini etiqad xüsusi yer tutub.

 

Gecə gördüm səni, ey afəti dövran, yuxuda,

Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

 

Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayıb ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edib. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub. Çünki, məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçib.

Müasir həyatın tələblərinə uyğun şeirlər yazıb, Azərbaycanın ilk mətbuatın orqanında nəşr etdirib. Maarifçi şair üçün "Əkinçi" xalqa müraciət yeri olub. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırıb, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayıb, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirib. O, "Əkinçi"də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırıb:

 

Bəs "Əkinçi" cəlalımızdır bizim,

Nasehi xoşməqalımızdır bizim.

Səy edək, ey guruhi-niksifat,

Etməsin ta bizim "Əkinçi" vəfat.

 

Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşib. Doğruluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edib.

Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutub. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata", "Qafqaz müsəlmanlarına xitab" və s. satiralarıdır.

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il mayın 20-də Şamaxıda vəfat edib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

Cümə axşamı, 09 İyul 2026 08:17

Yağışdan çıxdılar, yağmura düşdülər...

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Yağışdan çıxdıq, yağmura düşdük” Nəcəf bəy Vəzirovun səhnə əsəsrlərindən birinin adıdır. Çarizmin müstəmləkəçilik siyasətinin tüğyan etdiyi bir dövrdə ağır məhrumiyyətlərər baxmayaraq ədəbiyyatımızın, teatrımızın, maarifşiliyimizin keşiyində duran Vəzirov kimi dühalarımız elə özləri də bəzən yağışdan çıxıb yağmura düşürdülər. Bir tərəfdən çar üsul-idarəsi, digər tərəfdən yerli qarahüruh onları sıxırdı...

 

Bu gün anım günü olan Nəcəf bəy Vəzirov 1854-cü il 17 fevralda Qarabağın mədəniyyət beşiyi olan Şuşa şəhərində dünyaya gəlib. O, Azərbaycan ədəbiyyatının ilk realist dramaturqlarından biri, publisist, maarifçi və milli teatrın inkişafında silinməz iz qoyan böyük sənətkarlardandır. O, Azərbaycan faciə janrının banisi, maarif uğrunda mübarizə aparan ziyalı və söz sənətinə dərindən bələd olan bir qələm ustası olub.

Kiçik yaşlarından savada, elmə və ədəbiyyata meyl göstərən Nəcəf bəy ilk təhsilini dini məktəbdə alıb. Daha sonra Bakıya gələrək burada realnı məktəbdə oxuyub və burada Azərbaycanın ilk qəzetinin banisi Həsən bəy Zərdabi ilə tanış olub. Bu tanışlıq onun dünyagörüşünə, gələcək yaradıcılığına və maarifçi ruhuna dərin təsir göstərib

Təhsilini davam etdirmək məqsədilə Moskvaya gedərək Meşəçilik və Torpaqşünaslıq İnstitutuna daxil olub. 1878-ci ildə ali təhsilini bitirib vətənə dönən Nəcəf bəy, uzun illər Qafqazın müxtəlif bölgələrində meşə rəisi vəzifəsində çalışıb

Nəcəf bəy Vəzirovun ədəbi yaradıcılığı 1870-ci illərdən başlayıb. O, Azərbaycan dramaturgiyasının ilk komediya və faciə nümunələrini yaradan sənətkarlardan biri olub. İlk pyeslərindən olan “Ev tərbiyəsinin bir şəkli” və “Gəmi lövbərsiz olmaz” əsərlərində ailə-məişət mövzularını, cəmiyyətin geriliyə qarşı durmaq bacarığını bədii şəkildə əks etdirib.

 

Ən məşhur əsərlərindən biri olan “Müsibəti‑Fəxrəddin” dramı 1896-cı ildə qələmə alınıb və Azərbaycan ədəbiyyatında ilk faciə nümunəsi kimi tarixə düşüb. Bu əsərdə Vəzirov cəhalətə, köhnə düşüncəyə qarşı çıxaraq, maarifçilik və insan ləyaqəti ideyalarını təbliğ edib.

Digər mühüm əsərləri sırasında “Pəhləvanani-zəmanə”, “Ağa Kərim xan Ərdəbili”, “Vay şələküm-məəlləküm”, “Nə əkərsən, onu biçərsən”, “Keçmişdə qaçaqlar” kimi dramatik nümunələr yer alır. Onun pyeslərində xalq dili, milli-mənəvi dəyərlər və realizm əsas yer tutur.

O yalnız dramaturq kimi deyil, həm də maarifçi publisist kimi tanınıb. O, “Əkinçi”, “Həyat”, “İrşad” və digər dövri mətbuat orqanlarında “Dərviş” imzası ilə çıxış edərək, cəmiyyətin tənqidinə, xalqın oyanmasına xidmət edən yazılar yazıb. Qələmi ilə cəhalətə qarşı mübarizə aparmış, xalqı elmə, təhsilə səsləyib.

Maarif uğrunda mübarizəsi onu ictimai fəaliyyətə də yönəldib. Bakı şəhər Dumasında çalışıb, yeni məktəblərin açılmasına, teatr dərnəklərinin təşkilinə rəhbərlik edib.

Dramaturji yaradıcılığa Bakıda olarkən başlayıb. 1873-cü il mart ayının 10-da Bam realnı gimnaziyanın şagirdləri ilə birlikdə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının tamaşasında oynayıb. Bundan təsirlənərək elə həmin il ilk birpərdəli "Əti sənin, sümüyü mənim" (1873) və "Qaragünlü" (1874) məzhəkələrini yazıb.

 Lakin həmin əsərlər itib. Dramaturq bu məzhəkələrdən birincisinin süjeti və mövzusu barədə vaxtilə "Əkinçi" qəzetində yazıb. Əldə olmayan ikinci məzhəkəsi barədə isə müfəssəl tərcümeyi-halında bəhs edib.

Moskvanın teatr mühiti, klassik rus və dünya dramaturqlarının yaradıcılıqları ilə yaxından tanış olan Vəzirov ədəbiyyata daha ciddi meyil göstərib. Tələbə vaxtı "Ev tərbiyəsinin bir şəkli" (1875), "Gəmi lövbərsiz olmaz" (1876) komediyalarını yazıb.

 Meşəbəyi işləyə-işləyə "Daldan atılan daş topuğa dəyər" (1890), "Sonraki peşmançılıq fayda verməz" (1890), "Adı var, özü yox" (1891), "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qəmbər" 1895) komediyalarını, "Müsibəti-Fəxrəddin" (1896) faciəsini və "Pəhlivanani-zəmanə" ("Zəmanə pəhlivanları". 1900) dramını tamamlayıb.

 "Müsibəti-Fəxrəddin" ilk Azərbaycan faciəsidir. "Pəhlivanani-zəmanə" isə milli burjuaziyanın həyatından, Bakı neftindən bəhs edən, tacir-burjua obrazı təsvir olunan birinci dram  əsəridir

Yaradıcılığının ikinci dövrünə "Ağa Kərim xan Ərdəbili" məzhəkəsi ilə 1902-ci ildə başlayıb. Bu məzhəkə əslində fransız dramaturqu Jan Batist Molyerin məşhur "Xəsis" komediyasından iqtibas edilib. Lakin Nəcəf bəy əsərə güclü milli ruh verə, koloritli və tipik bədii obrazlar yarada bilib.

Məhz buna görə də həmin komediya dramaturgiyamızda daha çox və əsasən, milli sənət nümunəsi kimi şöhrətlənib. Dramaturqun yaradıcılığının ikinci dövrü kimi səciyyələnən mərhələdə Nəcəf bəy Vəzirov  "Vay şələküm-məəlləküm" (1909), "Nə əkərsən, onu biçərsən" (1911), "Keçmişdə qaçaqlar" (1912) səhnə əsərlərini yazıb.

Fransız ədəbiyyatından götürülən "Vəkil Patelen" vodevilini "Dələduz" adı ilə, məzhəkə janrında iqtibas və təbdil edib. Həmçinin müxtəlif teatr truppalarında coşğunluqla rejissorluq fəaliyyəti göstərib. Bəzən həvəskar aktyor kimi kiçik həcmli rollar da oynayıb.

Nəcəf bəy Vəzirovun ədəbi yaradıcılığının üçüncü dövrü də məhsuldar sayıla bilər. Dramaturq ömrünün ağsaqqal çağında və yaradıcılığının müdriklik mərhələsində "Pul düşkünü Hacı Fərəc" (1912), "Keçmişdə qaçaqlar" (1912), "Təzə əsrin ibtidası" (1920) pyeslərini işləyib.

Dramaturq Nəcəf bəy Vəzirovun "Mehdi xan Tabasarani" pyesi tamamlanmayıb, yarımçıq qalıb. Dramaturqun məzhəkə və məsxərə janrında yazdığı dram əsərləri milli folklordan, xalq oyun-tamaşalarının kompozisiya qurumundan, forma elementlərindən, məzmun xüsusiyyətlərindən şirələnib.

Süjet aydın və sadə, dramaturji dil şirəli və zəngindir. Yaradıcılığının sonrakı illərində də xalq dramlarına, meydan oyunları prinsiplərinə əsaslandığına görə Nəcəf bəy Vəzirovun komediyalarının əksəriyyətinin adı atalar sözü ilə verilib

 

 Əsərləri

Dramlar və faciələr:

- “Müsibəti-Fəxrəddin”,

- “Pəhləvanani-zəmanə”

- “Vay şələküm-məəlləküm”

- “Nə əkərsən, onu biçərsən”

- “Keçmişdə qaçaqlar”

 

Komediyalar və məzhəkələr:

- “Ev tərbiyəsinin bir şəkli”

- “Gəmi lövbərsiz olmaz”

- “Yağışdan çıxdıq, yağmura düşdük”

- “Pul düşkünü Hacı Fərəc”

 

Hekayələr:

- “Ağıçı”, “Paho”, “Mənim vaqiəm"

 

Nəcəf bəy Vəzirov təkcə bir yazıçı deyil, xalqın öndəri, maarifin keşikçisi, sözün və səhnənin qəhrəmanıdır. Onun əsərləri bu gün də aktualdır – çünki o, millətin düşüncə dünyasını dəyişmək istəyib. O, Azərbaycan səhnəsində faciə janrını yaratmaqla yanaşı, cəmiyyətin ruhuna ayna tutan sənətkardır.

9 iyul 1926-cı ildə Şamaxı səfəri zamanı qəfil ürək tutmasından dünyasını dəyişib. Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və maarifçiliyinə verdiyi töhfələr sayəsində xalqın yaddaşında silinməz iz qoyub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

Cümə axşamı, 09 İyul 2026 09:04

Nigar Rəfibəylinin anım gününə

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mən ki, doymamışdım heç vüsalından,

Mənə zülm elədi yaman ayrılıq.

Nə olardı bir gün durub yuxudan

Görəydim ki, olub yalan ayrılıq...

 

Biz ki, bir ruh idik iki bədəndə,

O gülüb-sevinsə gülərdim mən də,

Vüsalın bülbülü uçub gedəndə,

Daş kimi gəlbimdə qalan ayrılıq.

 

Kim qıydı dostların bahar elinə?

Mehriban sözünə, şirin dilinə,

Cananın sazını alıb əlinə

Əğyar mizrabıyla çalan ayrılıq.

 

Mən görəndə orda yaz səhəriydi,

Xoş nəfəs baharın küləkləriydi,

Açılan ağ badam çiçəkləriydi,

İndi onlardımı solan, ayrılıq!

 

Gün çıxar, dağların əriyər qarı,

Pozulmaz dostların əhdi, ilqarı,

Keçər ürək dərdi, könül qubarı,

Gəl etmə meydanda cövlan, ayrılıq!

 

Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anım günüdür.

O, 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. Bakı Pedaqoji Texnikumunu bitirib. Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor  vəzifələrində işləyib. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunub.

 

"Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şeirlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. "Cəmilə" şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.

Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E. L. Voyniçin "Ovod", O. Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş. Petöfi, A. Mitskeviç, A. Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunub.

 

- Təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları

Şeirlər

Dənizin səsi gəlir

İşıqlı dünyam

Günəşdən gənclik istədim

Həzin bir axşamda düşsən yadıma

Şanlı nəsillərin yadigarısan

 

- Müharibə movzusuna və müharibə əleyhinə həsr olunan kitabları

Zəfər nəğməsi

Şeirlər

Anaların səsi

Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən

 

- Uşaqlar üçün yazdığı kitablar

Balaca qəhrəman

Günəşin cavabı

Məstanın balaları

Bizə baharyaraşır

 

Mükafatları

1. "Şərəfnişanı" ordeni

2. "AzərbaycanSSR əməkdarmədəniyyətişçisi" fəxriadı

3. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

4. "Azərbaycan SSR xalq şairi" fəxri adı

 

O, 1981-ci ilin bugünkü günündə Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri Xiyabandadır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.