Super User

Super User

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Təqvimdə bu günlə adı bağlı olan məşhurlardan biri diqqətimi daha çox cəlb elədi. Adətən yerlilərdən yazan mən bu dəfə əcnəbiyə üz tutmağa məcbur oldum. Çünki yaradıcılığı ilə yaxından tanış idim...

 

Marsel Prust 10 iyul 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlib.  Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən olub. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayıb. 11 yaşlı Prust liseyə yazılıb, lakin təhsili də xəstəliyi üzündən yarımçıq qalıb.

 Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarıb və təhsilinin son ilində mükafat alıb. Anasına son dərəcə bağlı olan bu zəif oğlan ana quzusu görünüşü ilə atasının əsəblərinə toxunub. Atasının karyera sahibi olması istəkləri səbəbiylə Prust işləməyə başlayıb.

 Lakin ömürlük xəstəliyə məhkum adı aldıqdan sonra bu işi də buraxıb. Əslində, Prust çox tənbəl və kifayət qədər səbirli insan olub. Günlərlə otağından bayıra çıxmayan yazıçı, anasının vəfatından sonra daxili mühacirətə gedib. Marsel dərin fəlsəfi düşüncəli insan olub.

Onu sağlığında ədəbiyyat dünyasının yarısı parlaq bir yazar, digəri isə dərk edilməyəcək qədər dərin yazıçı hesab edib. Prust Avropada ən çox sitat gətirilən romançıdır. Çox fərqli bir həyat tərzi yaşayan Prust gündüzlər yatıb, gecələr isə romanlarını tamamlayıb.

Bəzən hər hansısa bir əsərinə görə aylarla evdən bayıra çıxmayıb. Onun əlyazması fransız dilində yazılan "İtirilmiş zamanın axtarışında" adlı 7 cilddən ibarət romanı Prustun ölümünə qədər özü tərəfindən fasiləsiz olaraq dəyişdirilib. 4800 səhifəlik bu romanı oxumaq, həqiqətən də, səbir tələb edib.

Ona görə də, britaniyalıların oxumadıqlarını etiraf etməyə utandıqları kitablar arasında "İtirilmiş zamanın axtarışında" kitabı da var. 1900-1905-ci illərdə ailəsi və bütün həyatı dəyişib. 1903-cü ilin fevral ayında Prustun böyük qardaşı Robert evlənib. Həmin ilin noyabr ayında atası ölüb.

1905-ci ilin sentyabr ayında anası da ölüb. Anası ölümündən öncə ona miras qoyub. (6 milyon dollar və aylıq 15.000 dollarlıq sabit gəlir.) Ancaq Prust bu illərdə xəstəliyi səbəbindən ciddi şəkildə zəifləyib. 1922-ci ildə plevmaniya xəstəliyi tutan bu tənha insan elə ənənəsinə sadiq şəkildə - evdə tək yazı yazarkən dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2026)

 

Şəhadəti ilə ölümsüzlük qazanan qəhrəman: Baş Gizir Rəvan Qəfərov

 

Murad Vəlixanov,

 "Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi bütöv bir qəhrəmanlıq dastanıdır. Bu dastanı canları, qanları bahasına yazanlar isə hər cür gənc maraqlarından imtina edib Vətəni özünə can bilən oğullarımız oldu. Silahlı Qüvvələrimizin peşəkar və təcrübəli hərbçilərindən olan baş gizir Rəvan Qəfərov da məhz belə unudulmaz simalardan biridir. O, ordudakı uzunmüddətli nümunəvi xidmətini müharibə meydanında şanlı Zəfər yürüşü ilə tamamlayaraq şəhidlik zirvəsinə ucaldı.

 

 Erkən illəri və hərbi xidmətə ilk addımları

Rəvan Qəfərov 10 iyul 1991-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dünyaya göz açmışdır. Uşaqaxlıq illərini doğma kəndində keçirən Rəvan, hələ məktəb illərindən intizamı, cəsarəti və idmana olan böyük marağı ilə yaşıdlarından fərqlənirdi. O, 1997–2008-ci illərdə Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbində təhsil almışdır.

Məktəbi bitirdikdən sonra, 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələri sıralarına müddətli həqiqi hərbi xidmətə yollanır. Hərbi mühit onun daxilindəki Vətən sevgisini peşəkar amala çevirir. Xidmətini tamamladıqdan sonra mülki həyata qayıtmayan Rəvan, taleyini tamamilə orduya bağlamaq qərarına gəlir. O, müvafiq hazırlıq kurslarını uğurla başa vuraraq 2010-cu ildən etibarən baş gizir rütbəsində xidmətini davam etdirir.

 

 Ordudakı nümunəvi xidməti

Baş gizir Rəvan Qəfərov xidmət etdiyi hərbi hissədə hər zaman öz peşəkarlığı, nizam-intizamı və tabeliyindəki gənc əsgərlərə olan qayğıkeş münasibəti ilə seçilirdi. O, hərbi texnikanın sirlərinə dərindən bələd olan və verilən tapşırıqları dəqiqliklə icra edən bir mütəxəssis idi.

Xidmət müddətində nümayiş etdirdiyi yüksək nailiyyətlərə görə komandanlıq tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuş, həmçinin aşağıdakı yubiley və xidmət medallarına layiq görülmüşdür:

 "Qusursuz xidmətə görə" medalı

 "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

 "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı

 

 Vətən müharibəsi və Füzuli döyüşləri

27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatlarında — Vətən müharibəsində baş gizir Rəvan Qəfərov ilk gündən ön cəbhədə yer aldı. Təcrübəli bir kiçik komandir kimi o, tabeliyindəki şəxsi heyətlə bərabər düşmənin illərlə qurduğu möhkəm müdafiə xətlərinin yarılmasında fəal iştirak etdi.

Rəvanın əsas döyüş yolu müharibənin ən strateji nöqtələrindən olan Füzuli rayonunun azad edilməsi istiqamətində keçdi. O, Füzulinin kəndlərinin və strateji yüksəkliklərinin düşməndən təmizlənməsi əməliyyatlarında böyük rəşadət göstərdi, düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində bilavasitə rol oynadı. Cəbhədə olduğu müddətdə ailəsi ilə etdiyi son telefon danışıqlarında hər şeyin yaxşı olduğunu bildirərək, sanki məğrurluğu ilə onlarla vidalaşmışdı.

 

 Əbədiyyət və şəhadət

Füzuli rayonunun Veysəlli kəndi istiqamətində gedən olduqca şiddətli və qanlı döyüşlərdən birində baş gizir Rəvan Qəfərov döyüş tapşırıqlarını yerinə yetirərkən düşmən atəşi nəticəsində 30 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Şəhidimizin nəşi doğulub boya-başa çatdığı Ağstafa rayonunun Dağ Kəsəmən kənd qəbiristanlığında böyük izdiham, dərin ehtiram və hərbi yaylım atəşləri altında torpağa tapşırıldı.

 

 Dövlət təltifləri

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə baş gizir Rəvan Elxan oğlu Qəfərov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə aşağıdakı medallarla təltif olunmuşdur:

   1. "Vətən uğrunda" medalı

   2. "Döyüşdə fərqlənməyə görə" medalı

   3. "Füzulinin azad olunmasına görə" medalı

 

Hər il iyulun 10-da — qəhrəmanımızın doğum günündə Ağstafa rayon ictimaiyyəti və ailə üzvləri onun məzarını ziyarət edir, əziz xatirəsini minnətdarlıqla yad edirlər. Rəvan Qəfərov öz canı və qanı ilə adını Azərbaycanın Zəfər tarixinə əbədi həkk etdi. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2026)

Cümə, 10 İyul 2026 15:13

Türk realizminin ustad nümayəndəsi

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ötən əsr türk realist nəsrinin ünlü simalarından biri barədə söz açacağam. Çün, bu gün onun anım günüdür.

 

Cövdət Qüdrət Solok 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib.

O, Kayseri lisesində, Ankara Dövlət Konservatoriyasında diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində və Atatürk lisesində və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb.

Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib. Qısa müddət İstanbul və Ankarada vəkil, Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi, Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib.

Ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb. Eyni jurnalda çalışan yeddi gənc yazıçı bir araya gəlib o günədək yazdıqlarını 1928-ci ildə “Yeddi Meşale” adında bir kitabda toplayıblar. Bundan sonra o qrup “Yeddi Meşaleçiler” olaraq tanınıb.

Daha sonra onların nəşr etdikləri “Meşale” jurnalının cəmi səkkiz sayı çıxıb. Jurnalın yeni əlifbaya keçid dövründəki çətinliklər səbəbilə nəşri dayandı. 1929-cu ildə isə bu jurnalda yayımlanan şeirlərini “Birinci pərdə” adlı kitabında toplayıb.

Ondan sonrakı şeilərini isə ardıcıl olaraq 1936-1937-ci ildə “İkinci pərdə”, 1937-ci ildə “Üçüncü pərdə” adları altında toplasa da, heç vaxt kitab şəklində çap etdirməyib. O, bu zaman pyeslər yazmağa da başlayıb. Onun yazdığı “Tərsinə axan çay”, “Yuxu içində yuxu”, “Qurdlar” pyesləri “Darülbedayi”də tamaşaya qoyuldu.

 

 “Danyal” və “Sara” adlı pyesi 1938-ci ildə “Varlıq” jurnalında, “Yaşayan ölülər” adlı pyesi isə “Ağac” jurnalında seriya şəklində verilib. Komediya formasında olan “Cumartesi çocuğu" adlı pyesini isə tamamlamayıb.

“Süleymanın dünyası” adı altında toplanan “Sinif yoldaşları”, “Havada bulud yoxdur”, “Qarışqanı tanıyırsınız” adlı üç romanında türk cəmiyyətinin İkinci Dünya müharibəsi arasındakı otuz illik sosial kəsimini göstərib.

O, 1940-cı illərdə yazdığı hekayələrini isə “Sokak” adlı kitabda toplayıb. O, 1950-ci ildən sonra ədəbiyyat tarixinin tanınmışları və əsərləri haqqında tanıtım kitabları və orta məktəb ədəbiyyat kitabları yazıb. Lakin kitabların əksəriyyətini müxtəlif təxəllüslərlə nəşr etməli olub.

Zaman keçdikcə təhlil, araşdırma, ədəbiyyat tarixi janrlarında araşdırmalara üz tutan C.Qüdrət iki cildlik “Türk və Qərb ədəbiyyatından seçilmiş parçalar”, iki cildlik “Nümunələrlə ədəbiyyat bilgiləri”, üç cildlik “Türk ədəbiyyatında hekayə və roman” incələməsi, üç cildlik Qaragöz, iki cildlik “Orta oyun” tərtib və incələmələri önəmli tədqiqatlar hesab edilib.

XV əsrin ortalarına qədər gətirdiyi “Nümunə ilə Türk Ədəbiyyatı Tarixi” kitabı müəllif vəfat etdiyinə görə yarımçıq qalıb. İncələmə-araşdırma kitablarının proloqlarını və ədəbiyyatla bağlı bəzi yazılarını yenidən gözdən keçirərək bir araya gətirdiyi “Ədəbiyyat qapısı” yazıçının ölümündən sonra işıq üzü görüb.

“Dilləri var bizim dilə bənzəməz”, “Bir baxıma” , “Mənim oğlum bina oxuyur”, “Qələmin ucu” adlı kitablarında ədəbiyyat və türk dili ilə bağlı müxtəlif mövzularda düşüncələrini dilə gətirdiyi yazılarını toplayıb.

Yazıçıya “Orta oyun” kitabına görə Türk Dil Qurumu Elm mükafatı, “Türk ədəbiyyatında hekayə və roman” kitabına görə Sedat Simavi Vəqfi Ədəbiyyat Mükafatı verilib.

 Bundan əlavə, o, Dil Dərnəyi Türk Dili Fəxri Mükafatı ilə Ədəbiyyatçılar Dərnəyi Fəxri Mükafatına layiq görülüb. 1974-1986-cı illər arasında Bodrumda yaşayan yazıçı, daha sonra həyatını İstanbulda davam etdirib. O, 10 iyul 1992-ci ildə bu şəhərdə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sabir ƏhmədliCəbrayılatop-qradmərmisidüşdüyü vaxtevinitəmiredirdi. Doğmatorpağınalınacağınayainanmırdı, yadainanmaqistəmirdi…

Oğlunukönüllü Qarabağ savaşınagöndərib. Müharibə gedənvaxtoğlu şəhəruşağı olduğu üçün şəraitə alışabilmirmiş. Birqabdayeməkyeyilməsi, səliqəsizlikonudarıxdırıb. Bayıraçıxandasnayperlə başındanvurublar. Özü də həmingünoğlununadgünüymüş...

Oğlu şəhidolanvaxt özü cəbhə bölgəsininbaşqabiryerində əsgərlərlə görüşdə imiş...

 

Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

1951–1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim, 1955–1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956–1993), baş redaktor (1993–1996) işləyib.

1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilib. Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlayıb.

Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. 1961-ci ildə onun "Bir payız axşamı" kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilib.

Qarabağ hadısələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri — "Qarabağın gecikmiş yazı", "Qarabağın qarlı səngərləri" "Ədəbiyyat və incəsənət" qəzetinin 1992–1993-cü illərdə dərc edilib. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.

İkinci Dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşı olub. Oğlu Məhəmməd Əhmədov 1994-cü il fevral ayının 12-də ad günündə Murovda şəhid olub. Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat edib.

 

Kitabları

"Kütlə"

"Axirət sevdası"(2003)

"Şəhid ruhu"(2004)

 

Mükafatları

- "Əmək şöhrətinə görə" medalı (1975)

- "Əməkdar incəsənət xadimi" fəxri adı (1984)

- "Qızıl sünbül" ədəbi mükafatı laureatı (1991)

- "Azərbaycanın Xalq yazıçısı" fəxri adı (1992)

- "Xalqlar Dostluğu" ordeni

- "Qırmızı əmək bayrağı" ordeni

 

Əsərləri

- "Aran" ikihissəli roman (1962)

- "Pillələr" (1964)

- "Görünməz dalğa" (1966)

- "Yamacda nişanə" (1973)

- "Toğana" (1981)

- "Yasamal gölündə qayıqlar üzürdü" (1984)

- "Mavi günbəz" povestlər (1984)

- "Dünyanın arşını" (1985)

- "Gedənlərin qayıtmağı" (1985)

- "Yasaq edilmiş oyun" (1988)

- "Kütlə" (1999)

- "Yanvar hekayələri" (1992)

- "Uyuq” (2008)

- “Yazılmayan yazı” (2010, 2015)

 

Xalq yazıçısı Sabir Əhmədlinin həyatı barədə maraqlı faktlar ara-sıra mediada gözə dəyir. Onlardan bəzilərinə diqqət yetirək:

1.

80-ci illər ədəbi nəsli haqqında Yazıçılar Birliyində görüş keçirilirmiş. Sabir Əhmədliyə söz verilir. O, qəribə bir müşahidəsini açıqlayır: -Onların hamısının hekayəsində yağış yağır.

2.

Qardaşı Cəmil Əhmədov Sovet İttifaqı Qəhrəmanıydı. Döyüşlərdə həlak olmuşdu. Sabir Əhmədli Varşavanın qar basmış məzarlığında bir-bir qəbirləri qardan təmizləyə-təmizləyə inadla qardaşının məzarını axtarmışdı.

1985-ci ilin 9 may tarixində Sovet İttifaqı Qəhrəmanı olan qardaşı Cəmil Əhmədlinin abidəsini ziyarət edəndən sonra Xudafərin körpüsünü ziyarət etmək istəyir və Qumlaq kəndinə gedir.

 O zaman üçün təbii ki, bu çox müşkül məsələ idi. Amma Araza və o tay türk ellərinə bağlı olan yazıçı üçün bu əsl ilham mənbəyi olacağından rayon rəhbərliyi buna etiraz etmir. Beləliklə, 1985-ci il mayın 10-da yazıçı Xudafərinə heç kimin yaxınlaşa bilməyəcəyi məsafə qədər yaxınlaşır.

3.

Şərif Ağayar yazır: “Bir dəfə evində də oldum. Gənc yazar Mövlud Mövludla... Onda uşaq idi Mövlud. Amma Sabir müəllimi məndən yaxşı oxumuşdu. Üstəlik insan kimi kifayət qədər tanıyırdı və necə bir tale yaşadığının fərqində idi. Uşaq olsa da...

Mövlud Sabir müəllimin əlini öpdü, söhbətlərinə yüksək həssslıqla qulaq asdı. Çox həyəcanlıydı. Sabir müəllimgildən düşüb gələndə birdən baxdım ki, Mövlud yoxdur. Ora-bura boylandım, gördüm binaların arasında qolunu divara, alnını qoluna söykəyib, çiyinlərini ata-ata ağlayır.”

4.

Sabir Əhmədli Azərbaycanda oğlu şəhid olan yeganə Xalq yazıçısıdır. Xalq şairlərindən isə yalnız Xəlil Rzanın oğlu Qarabağ müharibəsində şəhidlik məqamına ucalıb. Sabir müəllim nə oğlunun yasında, nə də sonralar oğlu üçün adamların yanında ağlayıb. Ancaq gizlinlərdə, öz otağında ağlayırmış.

5.

O, gəncliyində çox sağlam adam olub. Oğlu Məhəmməd şəhid olandan və torpaqların işğalından sonra qan təzyiqi və şəkər xəstəliyi tapıb.

6.

Sabir Əhmədli Azərbaycan ədəbiyyatında ən çox roman yazan yazıçılarındandır. Onun 20-dən artıq romanı çap olunub.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan aşıq sənətinin Məkkəsi, Mədinəsi hesab edilən Göyçə mahalı. Aşıq Ələsgərlər, Aşıq Alılar yetişdirən bir ocaq. Bu ocaqdan çıxan bir ad da var - Xəstə Bayraməli.

 

Xəstə Bayraməli 10 iyul 1899-cu ildə Göyçə mahalının Nərimanlı kəndinə anadan olub. Çox erkən yaradıcılığa başlayıb. Sinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib.

Zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitini aşıq relsindən çıxarıb və ona yeni bir ab-hava gətirib. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb.

 O, çox nadir sənətkardır ki, qəzəllərini və hekayətlərini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyub.

Bir neçə mövzuda yazdığı silsilə şeirlərinə xanəndələrin, müğənnilərin ifasında yazılan audio-kassetlər bütün Şərq aləminə yayılıb. Şairin "Durnalar" şeirinə yazılan bəstəkar mahnısının çox maraqlı alınan klipi məzmununa görə böyük maraq doğurub.

Onun Azərbaycanda, qardaş Türkiyədə və İranda dərc olunan kitabları milyonlarla poeziya həvəskarının stolüstü saxlancına dönüb. 1987-ci ildə "Yazıçı" nəşriyyatında buraxılan "Mənim Göyçəm" adlı şeirlər kitabı neçə illər ərzində öz populyarlığını saxlayır.

 2003-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərindəki "Əxdər" nəşriyyatında fars əlifbası ilə dərc edilən "Mənim Göyçəm" kitabı da o taylı ellərimizin böyük marağına səbəb olub. 2008-ci ildə "Nərgiz" (Bakı) nəşriyyatında Xəstə Bayraməlinin öz misrası ilə ad alan böyük tirajlı "Mən ulu Göyçəmin şair oğluyam" ünvanlı kitabı da geniş oxucu kütləsinin və mütəxəssislərin maraq dairəsindədir.

Bunlardan əvvəl və sonra da bir çox almanaxlarda şairin əsərləri özünəməxsus yer tutub. Hələ sağlığında onun bütün həyatı canından əziz bildiyi doğma Göyçəsinə olan erməni təzyiqləri ilə mübarizələrdə keçib. Və bununla yanaşı möhtəşəm Göyçə epopeyasını yaradıb.

1952-ci ildə vətənpərvər şair, son dərəcə xeyirxah insan Xəstə Bayraməli ana yurdu Nərimanlı kəndində vəfat edib. 14 aprel 1995-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında ulu Göyçənin qüdrətli söz ustadı, şair Xəstə Bayraməlinin 95 illik yubileyi keçirilib.

 

Kitabları

- Mənim Göyçəm

- Mənim Göyçəm (fars əlifbası ilə)

- Mən ulu Göyçəmin şair oğluyam (şeirlər) (Toplayanı və tərtib edəni: Maşallah Xudubəyli)

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2026)

Nigar Həsənzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Ədəbiyyat və incəsənət” portalının “1 şair, 1 şeir” rubrikasında bu gün Əfrahim Abbasın "Hardasan” adlı qəzəli təqdim edilir.

 

Əfrahim Abbas Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, veteran pedaqoq, yazıçı-publisist və şairdir.

 

 

ƏFRAHİM ABBAS

HARDASAN

 

Sənsizəm, qəlb istəyim, cismimdə canım, hardasan?!

Eşqimin şahzadəsi, sirri-pünhanım hardasan?!

 

Bu eşqdə yol gözləməkdən, düşmüş nurdan gözlərim,

Hər sözü baldan betər, şirin zəbanım hardasan?!

 

Göz yaşım leysan olub, axır ahəstə köksümə,

Ruhumu qərq eyləyən, coşan ümmanım hardasan?!

 

Yandı hicran atəşində, cismimin əlacı yox,

Bu sağalmaz dərdimə yoxdur gümanım, hardasan?!

 

Qorxuram, asi olum, hüsnün görüncə, ey sənəm

Ey Kəbəm, ey Kərbəlam, ey din-imanım, hardasan?!

 

Çəkmiş dara qəlbimi, viran edib sənsizliyin,

Ey, talan eşq dünyama, pirim-sultanım hardasan?!

 

Əfrahiməm, mən dərdimə, çarə ummaram qeyridən,

Ey tükənməz dərdimə, çarəm, loğmanım, hardasan?!

                                                              (07.07.2026)

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Valideynlik haqqında danışarkən ən çox eşidilən cümlələrdən biri budur: “Uşağım məni dinləmir.” Bu ifadə demək olar ki, hər bir cəmiyyətdə, hər bir ailədə və müxtəlif yaş dövrlərində olan uşaqların valideynləri tərəfindən səsləndirilir. Bəzən bu cümlə yorğunluğun ifadəsi olur, bəzən narahatlığın, bəzən isə çıxılmazlığın. Lakin bu sualın arxasında daha dərin bir məsələ dayanır. Doğrudanmı uşaq valideyni dinləmir, yoxsa problemin kökü valideynin övladını kifayət qədər anlamamasındadır?

 

Bu suala tələsik cavab vermək mümkün deyil. Çünki ailədaxili münasibətlər yalnız davranışlardan ibarət deyil. Hər sözün, hər reaksiyanın, hər baxışın və hətta hər sükutun belə uşağın daxili aləmində müəyyən qarşılığı olur. Valideyn çox zaman uşağın davranışını görür, lakin həmin davranışın yaranmasına səbəb olan hissləri görə bilmir. Halbuki pedaqogika və inkişaf psixologiyası göstərir ki, uşağın davranışı əksər hallarda onun daxilində baş verən emosional proseslərin nəticəsidir.

Valideynlər uşaqlarının itaətkar olmasını istəyirlər. Bu, təbii istəkdir. Çünki hər bir ana və ata övladının təhlükələrdən uzaq olmasını, düzgün qərarlar verməsini və cəmiyyətə faydalı insan kimi yetişməsini arzulayır. Ancaq bəzən itaət anlayışı ilə qarşılıqlı anlaşma eyniləşdirilir. Uşaq valideynin dediyini yerinə yetirirsə, ailədə problem olmadığı düşünülür. Əgər etiraz edirsə, fərqli fikir bildirirsə və ya davranışında dəyişiklik hiss olunursa, dərhal “sözə baxmayan uşaq” damğası vurulur. Halbuki hər etiraz tərbiyəsizlik deyil, hər səssizlik də tərbiyəlilik hesab edilə bilməz.

İnsan dünyaya gəldiyi andan etibarən ətraf aləmlə münasibət qurmağa başlayır. Körpə əvvəlcə ağlamaqla ehtiyacını bildirir, daha sonra mimikalar, jestlər və sözlər vasitəsilə özünü ifadə etməyi öyrənir. Bu proses uşağın inkişafının təbii hissəsidir. Lakin özünü ifadə etmək bacarığı yalnız danışmaqla məhdudlaşmır. Uşaq davranışları ilə də mesaj verir. Bəzən səbəbsiz görünən əsəbilik, inadkarlıq, aqressiya və ya həddindən artıq sakitlik onun daxilində yaşadığı emosional gərginliyin ifadəsinə çevrilir. Valideyn həmin davranışın görünən tərəfi ilə mübarizə aparır, amma səbəbini anlamağa çalışmırsa, problem aradan qalxmır, sadəcə bir müddət gizlənir.

İtalyan həkim və pedaqoq  yazırdı ki, uşaq boş qab deyil, öz daxili potensialı ilə dünyaya gələn bir şəxsiyyətdir. Bu fikir tərbiyəyə tamamilə fərqli yanaşmanı tələb edir. Əgər uşaq şəxsiyyətdirsə, deməli onun hissləri, düşüncələri və ehtiyacları da ciddiyə alınmalıdır. Valideynin əsas vəzifəsi yalnız qayda qoymaq deyil, həmin qaydaların uşağın inkişafına necə təsir etdiyini də anlamaqdır.

Ailələrdə tez-tez rast gəlinən vəziyyətlərdən biri budur ki, valideyn uşağa göstəriş verir, uşaq isə onu yerinə yetirmir. Bunun ardınca səs tonu yüksəlir, iradlar artır, cəza tətbiq olunur və nəticədə ailədaxili münasibətlər gərginləşir. Hadisəyə kənardan baxan insan bunu sadəcə itaətsizlik kimi qiymətləndirə bilər. Lakin məsələyə dərindən yanaşdıqda suallar dəyişir. Uşaq deyiləni başa düşmədi, yoxsa qəbul etmədi? O, doğrudanmı etiraz edir, yoxsa sadəcə eşidilmədiyini hiss edir? Valideyn onun yaşına, emosional vəziyyətinə və psixoloji inkişaf səviyyəsinə uyğun ünsiyyət qururmu?

Bu sualların cavabı tərbiyə prosesində həlledici əhəmiyyət daşıyır. Çünki uşaqla ünsiyyət yalnız göstəriş verməkdən ibarət deyil. Ünsiyyət qarşılıqlı dinləmək, anlamaq və etibar yaratmaq prosesidir. Əgər ailədə uşaq yalnız tənqid eşidirsə, hər davranışına irad tutulursa və fikirlərini sərbəst ifadə edə bilmirsə, zaman keçdikcə valideynlə emosional məsafə yaranmağa başlayır. Belə olduqda valideyn “övladım məni dinləmir” deyə düşünür, uşaq isə “məni heç kim anlamır” hissi ilə yaşayır.

İsveçrəli psixoloq uşağın zehni inkişafını araşdırarkən göstərirdi ki, hər yaş dövrünün öz düşünmə xüsusiyyətləri vardır. Böyüklərin məntiqi ilə uşağın məntiqi eyni deyil. Beş yaşlı uşağın hadisələri dərk etməsi ilə on iki yaşlı yeniyetmənin dünyagörüşü arasında ciddi fərqlər mövcuddur. Buna görə də valideyn hər yaşdan eyni davranışı gözlədikdə məyus olur. Əslində isə problem uşağın davranışında deyil, gözləntilərin yaş xüsusiyyətlərinə uyğun olmamasındadır.

Valideynlərin yol verdiyi ən böyük səhvlərdən biri də uşağın hisslərini kiçiltməkdir. Kiçik yaşlı bir uşaq oyuncağının sınmasına görə ağlayanda böyüklər bəzən “buna görə ağlamağa dəyməz”, “bu nə böyük dərddir ki?” deyirlər. Valideyn bunu təsəlli hesab edir, amma uşaq tamamilə başqa mesaj alır. O düşünür ki, hiss etdikləri önəmli deyil. Halbuki uşağın yaşadığı kədər onun üçün həqiqidir. Böyüklərin kiçik hesab etdiyi hadisə uşağın dünyasında böyük itki kimi qəbul oluna bilər.

Məhz bu səbəbdən müasir pedaqogikada emosional savadlılıq anlayışı xüsusi əhəmiyyət daşıyır. Emosional savadlılıq yalnız uşağın hisslərini tanıması deyil, valideynin də həmin hissləri düzgün oxuya bilməsi deməkdir. Uşaq əsəbiləşəndə dərhal cəzalandırmaq əvəzinə onun niyə əsəbiləşdiyini anlamaq, qorxanda bunu zəiflik kimi qiymətləndirməmək, kədərlənəndə “keçər” deməklə kifayətlənməmək ailədaxili münasibətlərin sağlam qurulmasına xidmət edir.

Sovet psixoloqu  hesab edirdi ki, uşağın inkişafı sosial münasibətlərdən ayrılıqda mümkün deyil. Başqa sözlə, uşaq yalnız fərdi qabiliyyətləri hesabına deyil, onunla qurulan münasibətlərin keyfiyyəti sayəsində də inkişaf edir. Bu fikir valideynlər üçün mühüm nəticə ortaya qoyur. Əgər ailədə sevgi, hörmət və qarşılıqlı etibar mühiti formalaşıbsa, uşaq tərbiyə prosesinə daha açıq olur. Əksinə, davamlı qorxu və təzyiq şəraitində böyüyən uşaqların çoxu zahirən itaətkar görünsələr də, daxildə narazılıq və etimadsızlıq hissi yaşayırlar.

Valideyn bəzən düşünür ki, övladı ilə hər gün eyni evdə yaşaması onu kifayət qədər tanıması üçün yetərlidir. Əslində isə fiziki yaxınlıq emosional yaxınlıq demək deyil. Bir evdə yaşayan insanlar aylarla bir-birini dinləmədən də həyatlarını davam etdirə bilərlər. Uşağın məktəbdə keçirdiyi gün, dostları ilə münasibəti, qorxuları, sevincləri, uğursuzluqları və arzuları ilə maraqlanmayan valideyn zamanla onun daxili aləmindən uzaqlaşır. Bu uzaqlıq isə birdən yaranmır; hər gün edilməyən bir söhbət, verilməyən bir sual, dinlənilməyən bir fikir nəticəsində tədricən böyüyür.

Müasir həyatın sürətli ritmi bu problemi daha da dərinləşdirir. İş, məişət qayğıları, rəqəmsal texnologiyalar və gündəlik yorğunluq ailə üzvlərinin bir-biri ilə keyfiyyətli vaxt keçirməsinə mane olur. Eyni süfrə arxasında oturan insanlar belə bəzən telefon ekranlarına baxmaqla məşğul olurlar. Uşaq isə valideynin diqqətini cəlb etmək üçün müxtəlif davranışlara əl atır. Bəzən bu davranış müsbət olur, bəzən isə inadkarlıq və ya aqressiya şəklində özünü göstərir. Valideyn yalnız davranışı görür, onun arxasında gizlənən “mənə diqqət yetirin” çağırışını isə eşitmir.

 

Dinlənilməyən səslərin ailə daxilində yaratdığı səssizlik

 

Ailə insanın həyatında ilk məktəb, ilk cəmiyyət və ilk güvən məkanıdır. Uşaq həyata göz açdığı gündən etibarən ətraf aləmi valideynlərinin davranışları, münasibəti və sözləri vasitəsilə tanıyır. Onun ilk öyrəndiyi dil yalnız danışıq dili deyil, həm də sevginin, qayğının, diqqətin və anlaşmanın dilidir. Məhz buna görə ailədə qurulan ünsiyyət gələcək şəxsiyyətin formalaşmasına birbaşa təsir göstərir.

Lakin bəzən ailələrdə qəribə bir vəziyyət yaranır. Hamı danışır, amma heç kim bir-birini eşitmir. Valideyn övladına nəsihət verir, övlad isə susur. Uşaq fikrini demək istəyir, lakin valideyn onu yarımçıq kəsir. Kənardan baxıldıqda ailədə problem görünmür, amma görünməyən bir səssizlik hər kəsin daxilində böyüməyə başlayır. Ən təhlükəli səssizlik də məhz budur. Çünki danışılmayan hisslər zaman keçdikcə incikliyə, anlaşılmazlığa və uzaqlaşmaya çevrilir.

məsələyə daha geniş prizmadan baxmaq vacibdir. Çünki ailədaxili münasibətlərdə təkcə "uşaq niyə dinləmir?" sualı deyil, "valideyn niyə eşitmir?" sualı da eyni dərəcədə əhəmiyyət daşıyır. Əsl problem çox vaxt itaətsizlikdə deyil, qarşılıqlı anlaşmanın zəifləməsində olur.

Dinlənilən uşaq özünü dəyərli hiss edir. Anlaşılan valideyn isə övladı ilə münasibətini qoruyub saxlaya bilir. Buna görə də ailədə ünsiyyət yalnız danışmaq deyil, həm də dinləməyi, hiss etməyi və qarşı tərəfin dünyasına daxil olmağı bacarmaqdır.

 

Dinləmək və anlamaq eyni anlayış deyil

 

Gündəlik həyatda tez-tez "Mən səni dinlədim" ifadəsini eşidirik. Lakin dinləmək həmişə anlamaq demək deyil. İnsan qarşısındakının sözlərini eşidə bilər, amma onun hisslərini, narahatlığını və demək istədiyi əsas məqamı dərk etməyə bilər. Valideyn–övlad münasibətlərində də bu fərq xüsusilə nəzərə çarpır.

Bir çox valideyn övladının dediklərini sona qədər dinlədiyini düşünür. Halbuki, o, danışıq bitməmiş cavab hazırlayır, nəticə çıxarır və ya nəsihət verməyə başlayır. Uşaq isə hiss edir ki, onu həqiqətən anlamağa çalışan yoxdur. Bu zaman o, danışmağın faydasız olduğuna inanır və zamanla hisslərini öz daxilində saxlamağa başlayır.

Bəzən uşaq məktəbdə yaşadığı bir hadisəni bölüşmək istəyir. O, əslində məsləhət yox, sadəcə anlayış və mənəvi dəstək axtarır. Lakin valideyn söhbətin ilk dəqiqələrindən "Sən özün günahkarsan", "Mən deməmişdim?", "Boş şeydir, fikir vermə" kimi ifadələr işlədərək söhbətin istiqamətini dəyişir. Belə yanaşma problemi həll etmir, əksinə, uşağın öz hisslərini ifadə etmək istəyini zəiflədir.

Psixoloqlar vurğulayırlar ki, insan özünü təhlükəsiz hiss etdiyi mühitdə daha açıq danışır. Uşaq üçün həmin təhlükəsiz mühit ilk növbədə ailədir. Əgər ailədə onun fikirlərinə istehza ilə yanaşılır, hissləri kiçildilir və ya davamlı olaraq müqayisə edilirsə, o zaman uşaq emosiyalarını gizlətməyi öyrənir. Bu isə gələcəkdə ünsiyyət problemlərinə, özünəinamın azalmasına və yaxın münasibətlər qurmaqda çətinliklərə səbəb ola bilər.

Anlamaq empatiya tələb edir. Empatiya isə yalnız "səni başa düşürəm" demək deyil. Empatiya uşağın yaşına, təcrübəsinə və hisslərinə uyğun şəkildə onun baxış bucağından hadisəyə baxmağı bacarmaqdır. Böyüklər üçün əhəmiyyətsiz görünən bir hadisə uşaq üçün böyük məyusluq və ya qorxu mənbəyi ola bilər. Məhz buna görə valideyn öz həyat təcrübəsini ölçü vahidi kimi qəbul etməməli, övladının yaşadığı hisslərin onun üçün real olduğunu unutmamalıdır.

Valideynlərin tez-tez işlətdiyi "Sənin yaşında mən..." cümləsi də bəzən ünsiyyəti çətinləşdirir. Çünki hər dövrün öz reallığı, hər uşağın isə öz fərdi dünyası var. Müqayisə əvəzinə maraq göstərmək, hökm vermək əvəzinə sual vermək daha sağlam münasibətin əsasını qoyur. "Bu hadisə səni niyə incitdi?", "Sən bu barədə nə düşünürsən?" kimi sadə suallar uşağa onun fikirlərinin əhəmiyyətli olduğunu hiss etdirir.

Əsl dinləmə səbir tələb edir. Telefonu kənara qoymaq, göz təması yaratmaq, sözünü yarımçıq kəsməmək və dərhal mühakimə etməmək bəzən uzun nəsihətlərdən daha təsirli olur. Uşaq belə davranışı gördükdə anlayır ki, ailəsi onun yalnız uğurlarını deyil, narahatlıqlarını da bölüşməyə hazırdır.

Ailədə qarşılıqlı anlaşma bir gündə formalaşmır. O, hər gün edilən kiçik seçimlərin nəticəsidir. Hər dəfə uşağın sözünü diqqətlə dinləmək, hisslərini qəbul etmək və onu mühakimə etmədən başa düşməyə çalışmaq valideynlə övlad arasında görünməz, lakin çox möhkəm bir etibar körpüsü yaradır. Məhz bu körpü gələcəkdə yaranacaq çətinliklərin öhdəsindən birlikdə gəlməyə imkan verir.

 

Uşağın etirazı həmişə itaətsizlik demək deyil

 

Valideynlərin ən çox narahatlıq keçirdiyi məsələlərdən biri uşağın etiraz etməsidir. Bir çox ailədə övladın "yox" deməsi, fərqli fikir bildirməsi və ya verilən tapşırığı dərhal yerinə yetirməməsi hörmətsizlik və tərbiyəsizlik kimi qiymətləndirilir. Halbuki, hər etiraz itaətsizlik deyil. Əksər hallarda bu, uşağın şəxsiyyət kimi formalaşmasının, müstəqil düşünməyə başlamasının və öz mövqeyini ifadə etmək istəyinin təbii göstəricisidir.

Uşaq böyüdükcə onun maraqları, zövqü, düşüncəsi və həyata baxışı dəyişir. O, artıq hər deyiləni sorğu-sual etmədən qəbul etmir. Səbəb axtarır, izah gözləyir, bəzən də razılaşmadığını bildirir. Bu proses sağlam inkişafın tərkib hissəsidir. Əgər valideyn bu davranışı yalnız itaətsizlik kimi qiymətləndirərsə, övladın daxilində yaranan şəxsiyyət hissini də fərqinə varmadan zəiflətmiş olar.

Əslində etirazın arxasında müxtəlif səbəblər dayanır. Bəzən uşaq yorğun olur, bəzən özünü haqsızlığa məruz qalmış hesab edir, bəzən diqqətə ehtiyac duyur, bəzən isə sadəcə dinlənilmək istəyir. Valideyn yalnız nəticəyə – yəni etiraza baxdıqda bu səbəbləri görə bilmir. Halbuki davranış çox vaxt görünən hissədir, əsas səbəb isə görünməyən duyğuların içində gizlənir.

Məsələn, valideyn otağını yığışdırmasını tələb edir. Uşaq isə buna etiraz edir. İlk baxışdan məsələ sadə görünür. Ancaq bir qədər diqqətlə yanaşdıqda məlum ola bilər ki, o, məktəbdə ağır gün keçirib, dostu ilə mübahisə edib və ya özünü dəyərsiz hiss edir. Belə vaxtda sərt reaksiya problemi həll etmir, əksinə, emosional gərginliyi artırır. Uşaq artıq otağı yığışdırmaqdan deyil, başa düşülmədiyini hiss etməkdən narahat olur.

Bəzi valideynlər hesab edirlər ki, uşağın hər etirazına dərhal sərt cavab vermək nüfuzlarını qoruyur. Əslində isə qorxu üzərində qurulan itaət uzunömürlü olmur. Uşaq kiçik yaşlarında susa bilər, lakin böyüdükcə həmin susqunluq ya aqressiyaya, ya da ailədən emosional uzaqlaşmaya çevrilə bilər. Xarici sakitlik həmişə daxili razılıq demək deyil.

Valideyn üçün əsas məsələ etirazı susdurmaq yox, onun səbəbini anlamaq olmalıdır. "Niyə belə düşünürsən?", "Səni narahat edən nədir?", "Bu vəziyyətdə özünü necə hiss edirsən?" kimi suallar mübahisəni dialoqa çevirə bilər. Belə söhbətlər uşağa göstərir ki, onun fikri eşidilir və hörmətlə qarşılanır. Bu isə gələcəkdə onun da başqalarının fikirlərinə hörmət etməsinə zəmin yaradır.

Əlbəttə, bu, uşağın bütün istəklərinin qəbul edilməsi demək deyil. Ailədə qaydalar və sərhədlər olmalıdır. Lakin qaydaların səbəbi izah edildikdə, qərarlar qarşılıqlı hörmət şəraitində qəbul olunduqda uşaq həmin qaydaları daha asan mənimsəyir. Məcburiyyət yalnız davranışı dəyişə bilər, izah isə düşüncəni formalaşdırır.

Unutmaq olmaz ki, gələcəyin müstəqil, məsuliyyətli və öz fikrini mədəni şəkildə ifadə edə bilən insanı məhz sual verməyə, düşünməyə və bəzən də etiraz etməyə cəsarət edən uşaqdır. Valideynin vəzifəsi bu etirazı düşmən kimi görmək deyil, onu düzgün istiqamətləndirməkdir. Çünki bu gün dinlənilən etiraz sabah sağlam xarakterə, doğru qərar vermək bacarığına və güclü şəxsiyyətə çevrilə bilər.

Beləliklə, ailədə məqsəd itaətkar övlad yetişdirməkdən daha çox, məsuliyyət hissi olan, düşünən və hörmət çərçivəsində öz mövqeyini ifadə edə bilən insan formalaşdırmaq olmalıdır. Bunun yolu isə qorxudan deyil, qarşılıqlı etimad və anlaşmadan keçir.

 

Valideyn niyə uşağın davranışını yanlış oxuyur?

 

Valideynlik yalnız sevgi və qayğı ilə məhdudlaşan bir anlayış deyil. Bu, eyni zamanda müşahidə etmək, düzgün qiymətləndirmək və övladın davranışlarının arxasında gizlənən səbəbləri görə bilmək məsuliyyətidir. Təəssüf ki, bir çox ailədə məhz bu mərhələdə səhvlər baş verir. Valideyn uşağın davranışını görür, lakin həmin davranışın yaranmasına səbəb olan emosional vəziyyəti görə bilmir. Nəticədə problem həll olunmur, əksinə, daha da dərinləşir.

Uşaq davranışları ilə danışır. Xüsusilə kiçik yaşlarda o, hisslərini sözlə ifadə etməkdə çətinlik çəkir. Narahatlığını, qorxusunu, qısqanclığını, yorğunluğunu və ya diqqət ehtiyacını davranışları vasitəsilə göstərməyə çalışır. Lakin böyüklər çox vaxt bu davranışları yalnız zahiri görünüşünə görə qiymətləndirirlər. Ağlayan uşaq "nazlı", sakitləşməyən uşaq "tərbiyəsiz", otağına qapanan yeniyetmə isə "kobud" adlandırılır. Halbuki bunların hər biri kömək çağırışı ola bilər.

Valideynlərin davranışları yanlış qiymətləndirməsinin əsas səbəblərindən biri gündəlik həyatın yaratdığı yorğunluqdur. Maddi problemlər, iş yükü, məişət qayğıları və sosial məsuliyyətlər insanın emosional gücünü azaldır. Gün ərzində müxtəlif çətinliklərlə üzləşən valideyn axşam evə qayıtdıqda uşağın davranışını təhlil etmək əvəzinə onu tez bir zamanda düzəltməyə çalışır. Bu isə problemin mahiyyətini anlamağa imkan vermir.

Digər mühüm səbəb valideynin öz uşaqlıq təcrübəsidir. Bir çox insan övladını fərqinə varmadan özünün böyüdüyü üsulla tərbiyə edir. Əgər özü dinlənilməyibsə, övladını dinləməyi öyrənməsi çətinləşir. Əgər hər səhvinə görə cəzalandırılıbsa, o da eyni yolu normal hesab edə bilər. Beləliklə, nəsildən-nəslə ötürülən davranış modelləri ailə daxilində təkrarlanmağa davam edir.

Müqayisələr də davranışların yanlış qiymətləndirilməsinə səbəb olur. "Qonşunun övladı belə etmir", "Sənin bacın daha sakit idi", "Mən sənin yaşında bunları etmirdim" kimi ifadələr uşağın fərdi xüsusiyyətlərini nəzərə almır. Hər insanın xarakteri, emosional dözümlülüyü, maraqları və inkişaf tempi fərqlidir. Başqaları ilə müqayisə edilən uşaq isə zamanla özünü kifayət qədər dəyərli hiss etmir.

Yeniyetməlik dövründə bu yanlış oxunuş daha da artır. Hormonal dəyişikliklər, şəxsiyyət axtarışı və müstəqillik arzusu səbəbindən yeniyetmənin davranışları dəyişir. Valideyn isə bunu çox vaxt hörmətsizlik və ya inadkarlıq kimi qəbul edir. Halbuki yeniyetmə əslində "Mən artıq böyüyürəm, mənə güvənin" mesajı verməyə çalışır. Bu mesaj düzgün başa düşülmədikdə ailədə qarşıdurmalar artır.

Bəzən uşağın məktəbdəki uğursuzluğu tənbəllik kimi qiymətləndirilir. Halbuki səbəb diqqət dağınıqlığı, müəllimlə münasibət problemi, sinifdə yaşanan psixoloji təzyiq və ya özünəinamın azalması ola bilər. Eyni şəkildə aqressiv görünən bir uşaq daxilən qorxu və tənhalıq yaşayır, həddindən artıq sakit görünən uşaq isə emosiyalarını ifadə edə bilmədiyi üçün susmağa üstünlük verir. Görünən davranış yalnız nəticədir, səbəb isə çox vaxt görünmür.

Davranışı düzgün oxumağın ilk şərti müşahidə etməkdir. Valideyn yalnız "Nə etdi?" sualını deyil, həm də "Niyə etdi?", "Bundan əvvəl nə baş verdi?", "Bu davranış nəyi ifadə edir?" suallarını verməyi bacarmalıdır. Bu yanaşma tərbiyə prosesini cəza üzərindən deyil, anlayış üzərindən qurmağa kömək edir.

Uşaqlar səhv edə bilərlər. Onlar bəzən emosiyalarını idarə edə bilməz, yanlış qərarlar verə və ya qaydaları poza bilərlər. Lakin həmin anlarda valideynin əsas vəzifəsi hakim olmaq deyil, bələdçi olmaqdır. Hakim yalnız hökm verir, bələdçi isə səbəbi araşdırır, yolu göstərir və birlikdə həll axtarır.

Ailədə sağlam münasibətlərin təməli də məhz burada qoyulur. Valideyn övladının davranışını yalnız nəticəyə görə deyil, onun hisslərini və ehtiyaclarını nəzərə alaraq qiymətləndirdikdə, uşaq özünü qəbul olunmuş hiss edir. Qəbul olunduğunu hiss edən uşaq isə nə qorxudan itaət edir, nə də etiraz etmək üçün mübarizə aparır. O, ailəsini özünü rahat ifadə edə bildiyi ən təhlükəsiz yer kimi görür.

Əsl tərbiyə davranışı dəyişməkdən əvvəl onu anlamaqdan başlayır. Çünki görünən hər hərəkətin arxasında görünməyən bir duyğu, hər duyğunun arxasında isə eşidilməyi gözləyən bir uşaq dayanır.

 

Müasir dövrdə nəsillər arasında yaranan psixoloji məsafə

 

Texnologiyanın sürətli inkişafı, informasiya bolluğu və sosial həyatın dəyişməsi valideynlə övlad arasında görünməyən bir məsafə yaradıb. Əvvəllər ailə daxilində öyrənilən biliklərin böyük hissəsi valideyndən gəlirdisə, bu gün uşaq eyni anda internetdən, məktəbdən, dostlarından və sosial mediadan təsirlənir. Nəticədə iki fərqli dünyagörüşü üz-üzə gəlir. Valideyn öz həyat təcrübəsinə güvənir, uşaq isə yaşadığı dövrün reallıqlarına əsaslanır.

Bu fərqlilik təbii olsa da, bəzən qarşılıqlı anlaşılmazlığa çevrilir. Valideyn düşünür ki, övladı onu dinləmir, uşaq isə hesab edir ki, valideyni onu başa düşmür. Əslində isə hər iki tərəf eyni məqsədi – rahat və etibarlı münasibəti istəyir. Sadəcə, istifadə etdikləri dil fərqlidir. Biri təcrübənin dili ilə danışır, digəri isə dəyişən dünyanın dili ilə.

Nəsillər arasındakı məsafəni azaltmağın yolu keçmişi inkar etmək və ya yeniliyi kor-koranə qəbul etmək deyil. Əsas məsələ dialoq qurmaq, bir-birinin baxış bucağını anlamağa çalışmaqdır. Valideyn müasir dövrün reallıqlarını öyrəndikcə, uşaq da ailəsinin həyat təcrübəsinə daha çox dəyər verməyə başlayır.

 

“Mən sənin yaşında olanda...” müqayisəsinin yaratdığı problemlər

 

Valideynlərin tez-tez işlətdiyi bu cümlə ilk baxışdan sadə görünür. Lakin uşağın psixologiyasında yaratdığı təsir düşündüyümüzdən daha böyükdür. Hər dövrün öz çətinliyi, öz imkanları və öz problemləri var. Dünənin uşaqlığı ilə bugünkü uşaqlığı eyni ölçü ilə qiymətləndirmək doğru nəticə vermir.

Müqayisə uşağın motivasiyasını artırmaq əvəzinə, çox vaxt onu ruhdan salır. O, valideyninin keçmiş uğurları ilə deyil, bugünkü problemləri ilə yaşayır. Onun ehtiyacı müqayisə olunmaq yox, başa düşülməkdir.

Valideyn "Mən sənin yaşında..." demək əvəzinə "Sən bu vəziyyətdə nə hiss edirsən?" sualını versə, söhbətin istiqaməti tamamilə dəyişər. Çünki sual maraq göstərir, müqayisə isə hökm verir.

 

Qadağalar yox, izahlar niyə daha təsirlidir?

 

Qadağa davranışı müvəqqəti dayandıra bilər, lakin səbəbi izah etməz. Uşaq yalnız "olmaz" sözünü eşitdikdə qaydanın mahiyyətini anlamır. O, sadəcə valideynin gücünü görür. Gücün təsiri isə nəzarət olduğu müddətdə davam edir.

İzah isə uşağın düşünməsinə şərait yaradır. Valideyn sakit şəkildə qərarının səbəbini açıqladıqda uşaq qaydanı qorxudan deyil, məntiqlə qəbul etməyə başlayır. Belə tərbiyə gələcəkdə məsuliyyət hissinin formalaşmasına kömək edir.

Əlbəttə, hər vəziyyətdə uzun izah vermək mümkün olmur. Təhlükə anlarında qətiyyət vacibdir. Lakin gündəlik həyatın əksər məsələlərində izah və dialoq qadağadan daha davamlı nəticə verir.

 

Uşağın hisslərini qəbul etməyən ailələrdə nə baş verir?

 

Hər insan kimi uşağın da hissləri var. O sevinir, inciyir, qorxur, qısqanır, məyus olur. Bu hisslər qəbul edilmədikdə uşaq zamanla onları gizlətməyi öyrənir.

"Sənə heç nə olmayıb", "Boş şeyə görə ağlama", "Bundan ötrü də incimək olar?" kimi ifadələr ilk baxışdan adi görünür. Lakin onlar uşağa bir mesaj verir: "Sənin hisslərin vacib deyil."

Belə mühitdə böyüyən uşaqlar sonradan emosiyalarını ifadə etməkdə çətinlik çəkirlər. Onlar ya tamamilə susurlar, ya da uzun müddət yığılan hissləri aqressiya şəklində ortaya çıxır.

Valideyn uşağın hər davranışını təsdiqləməli deyil. Ancaq onun hisslərini qəbul etməyi bacarmalıdır. "Səni başa düşürəm", "Bunun səni incitdiyini görürəm", "Gəl birlikdə həll yolu tapaq" kimi cümlələr ailədə emosional təhlükəsizlik yaradır.

 

Sözsüz ünsiyyət: baxışlar, susqunluq və davranışların dili

 

İnsanlar yalnız sözlərlə ünsiyyət qurmurlar. Bəzən bir baxış, bir təbəssüm, bir qucaqlaşma və ya uzun sürən susqunluq saatlarla davam edən söhbətdən daha çox məna ifadə edir. Uşaqlar isə bu sözsüz mesajları böyüklərdən daha həssas şəkildə qəbul edirlər. Onlar valideynlərinin səsinin tonundan, üz ifadəsindən və davranışlarından ailədəki münasibətin necə olduğunu hiss edirlər.

Valideyn "Mən səni sevirəm" desə də, daim övladına qarşı laqeyd davranırsa, uşaq sözlərə deyil, davranışlara inanacaq. Çünki uşağın ilk etibar etdiyi dil məhz davranışların dilidir. O, öz dəyərini valideyninin ona ayırdığı vaxtdan, göstərdiyi diqqətdən və münasibətindən anlayır.

Bəzən ailədə heç bir mübahisə olmur, amma istilik də hiss edilmir. Hər kəs eyni evdə yaşayır, lakin hər kəs öz dünyasına qapanıb. Belə səssizlik uşağın emosional inkişafına mənfi təsir göstərir. O, hiss edir ki, fiziki olaraq ailəsinin yanındadır, amma mənəvi olaraq təkdir.

 

Məktəb, sosial media və dost mühitinin təsiri

 

Müasir uşağın tərbiyəsində ailə yeganə təsir mənbəyi deyil. Məktəb, müəllimlər, dost çevrəsi, internet və sosial media onun düşüncəsinə hər gün yeni təsirlər göstərir. Bu təsirlərin hamısı mənfi deyil. Onların arasında maarifləndirici, yaradıcı və inkişaf etdirici məzmun da var. Lakin nəzarətsiz istifadə uşağın dəyərlərinə və davranışına təsir göstərə bilər.

Valideynin vəzifəsi texnologiyanı tam qadağan etmək deyil. Daha vacib olan övladı ilə bu mövzuda açıq danışmaq, onun izlədiyi məzmunla maraqlanmaq və düzgün seçim etməsinə kömək etməkdir. Qorxu ilə qoyulan qadağa gizliliyi artırır, etimad üzərində qurulan söhbət isə məsuliyyət hissini gücləndirir.

Məktəb və dost mühiti də uşağın şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Əgər ailə ilə məktəb arasında sağlam əməkdaşlıq varsa, uşaq özünü daha təhlükəsiz hiss edir. Əks halda o, iki fərqli dünyanın arasında qalır və hansına inanacağını müəyyənləşdirməkdə çətinlik çəkir.

 

Valideynin səhv etdiyini etiraf etməsi niyə vacibdir?

 

Cəmiyyətimizdə uzun illər belə bir düşüncə formalaşıb ki, valideyn həmişə haqlıdır. Halbuki, valideyn də insandır. O da yorulur, əsəbiləşir, yanlış qərarlar verir və bəzən bilmədən övladının qəlbini qırır.

Valideynin "Bağışla, bu məsələdə haqsız idim" deməsi onun nüfuzunu azaltmır. Əksinə, uşağa məsuliyyət, dürüstlük və təvazökarlıq nümunəsi göstərir. Belə ailədə böyüyən uşaq da gələcəkdə öz səhvlərini qəbul etməkdən çəkinmir.

Səhvini etiraf edən valideyn övladına göstərir ki, hörmət yalnız böyüklərdən kiçiklərə yönələn anlayış deyil. Hörmət qarşılıqlı olduqda ailə münasibətləri daha sağlam və səmimi olur.

 

Uşağa sərhəd qoymaqla onu boğmaq arasındakı incə fərq

 

Azadlıq məsuliyyətlə tamamlanmadıqda təhlükəli ola bilər. Eyni zamanda həddindən artıq nəzarət də uşağın müstəqilliyini məhdudlaşdırır. Buna görə valideyn üçün ən çətin vəzifələrdən biri bu iki anlayış arasında düzgün tarazlıq yaratmaqdır.

Sərhədlər uşağın təhlükəsizliyi və inkişafı üçün lazımdır. Lakin həmin sərhədlər izah olunmalı, yaşa uyğun müəyyənləşdirilməli və hamıya eyni şəkildə tətbiq edilməlidir. Ədalətli qaydalar uşağa güvən hissi verir. Həddindən artıq nəzarət isə onda qorxu və özünəinam çatışmazlığı yarada bilər.

Valideyn övladının yerinə hər qərarı verməyə çalışdıqda o, seçim etməyi öyrənmir. Seçim etməyi öyrənməyən insan isə gələcəkdə həyatın qarşısına çıxardığı çətinliklərlə təkbaşına mübarizə aparmaqda çətinlik çəkir.

 

Güvən üzərində qurulan münasibətlərin gələcəyə təsiri

 

Valideynlə övlad arasında qurulan güvən illərlə formalaşır, lakin bir neçə yanlış davranışla zədələnə bilər. Uşaq bilməlidir ki, sevincini də, uğursuzluğunu da ilk olaraq ailəsi ilə bölüşə bilər. Əgər o, hər səhvinə görə yalnız cəza alacağını düşünürsə, zamanla həqiqətləri gizlətməyə başlayacaq.

Güvən qorxu ilə deyil, ardıcıl davranış, səmimiyyət və ədalət hissi ilə yaranır. Valideyn verdiyi sözə əməl etdikdə, uşağın fikrinə hörmət etdikdə və çətin anlarda onun yanında olduqda bu münasibət daha da möhkəmlənir.

 

Ailədə dialoq mədəniyyətinin formalaşdırılması

 

Sağlam ailə yalnız qaydalarla deyil, danışmaq və dinləmək bacarığı ilə möhkəmlənir. Ailə üzvlərinin birlikdə keçirdiyi vaxt, bir masa arxasında edilən söhbətlər, birlikdə qəbul edilən qərarlar və qarşılıqlı hörmət uşağın xarakterinə dərin təsir göstərir.

Dialoq mədəniyyəti olan ailədə fikir ayrılığı düşmənçilik kimi qəbul edilmir. Əksinə, hər kəs öz düşüncəsini rahat ifadə edə bilir, qarşı tərəfi dinləməyi öyrənir və ortaq həll yolu axtarır. Belə mühitdə böyüyən uşaqlar gələcəkdə cəmiyyətlə də sağlam münasibətlər qururlar.

"Uşaq valideyni dinləmir" ifadəsi çox zaman problemin yalnız görünən tərəfini göstərir. Məsələyə daha dərindən baxdıqda məlum olur ki, əsl sual başqa cür səslənməlidir: valideyn övladını həqiqətən dinləyirmi, onun hisslərini anlayırmı və özünü ifadə etməsi üçün ona təhlükəsiz mühit yaradırmı?

Valideynlik mükəmməl olmaq deyil, hər gün öyrənmək, dəyişmək və inkişaf etməkdir. Uşaqların da ideal olması gözlənilə bilməz. Onlar səhv edərək, sual verərək, bəzən etiraz edərək böyüyürlər. Valideyn isə həmin yolun hakim yox, bələdçisi olmalıdır.

Dinlənilən uşaq danışmaqdan qorxmur. Anlaşılan uşaq öz hisslərini gizlətmir. Hörmət görən uşaq başqalarına da hörmət etməyi öyrənir. Güvən içində böyüyən uşaq isə gələcəkdə sağlam münasibətlər quran, məsuliyyətli və vicdanlı bir insan kimi formalaşır.

Ailə cəmiyyətin ən kiçik modelidir. Bu modeldə sevgi ilə yanaşı anlayış, qayğı ilə yanaşı səbir, tərbiyə ilə yanaşı dialoq da olmalıdır. Çünki uşaqlar valideynlərinin dediklərini hər zaman xatırlamaya bilərlər, amma onlara necə hiss etdirdiklərini ömür boyu unutmurlar.

Bəlkə də ailələrdə ən vacib sual "Kim haqlıdır?" deyil. Ən vacib sual budur: "Biz bir-birimizi nə qədər anlayırıq?" Bu sualın cavabı tapıldıqda "uşaq niyə dinləmir?" sualı da əhəmiyyətini itirir. Çünki anlayışın olduğu yerdə dinləmək məcburiyyət deyil, qarşılıqlı hörmətin təbii nəticəsinə çevrilir.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov əl-Əzhər Universitetində təhsil alan Hindistanlı Tələbələr Birliyi tərəfindən təltif olunub.

 

S.Nəsirova elm və təhsil sahəsində 25 ildən artıq davam edən fəaliyyətinə, eləcə də tələbələrə göstərdiyi dəstəyə görə Tələbə Birliyinin təşəkkürnaməsi və plaketi təqdim olunub.

“Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Seymur Nəsirov bildirib ki, təqdimetmə mərasimində çıxış edən Birliyin sədri Məhəmməd Kausər Camal S.Nəsirovun tələbələrin təhsilinə və inkişafına mühüm töhfələr verdiyini, həyata keçirdiyi elmi, mədəni və sosial layihələrlə minlərlə gəncə dəstək göstərdiyini bildirib.

Azərbaycan diasporunun sədri göstərilən etimada görə təşəkkür edərək vurğulayıb ki, bu təltif onun üçün daha böyük məsuliyyət deməkdir və təhsilə xidmət edən hər kəsə verilən dəyərin ifadəsidir.

Qeyd edək ki, Seymur Nəsirov rəhbərlik etdiyi müəssisələr vasitəsilə uzun illərdir müxtəlif ölkələrdən olan tələbələrin elmi, mədəni və mənəvi inkişafına yönəlmiş ödənişsiz təhsil proqramlarının həyata keçirilməsinə rəhbərlik edir.

Hazırda Misir–Azərbaycan Dostluq Cəmiyyətinin həyata keçirdiyi təhsil proqramlarından 61 ölkədən 670-dən çox tələbə faydalanır. Onların təxminən yarısını misirlilər təşkil edir. Burada Qurani-Kərimin qiraət elmi, ərəb dili və ədəbiyyatı, xəttatlıq, bədii tərtibat, Azərbaycan və ingilis dilləri, xalçaçılıq sənəti, musiqi məqamları, eləcə də uşaqlar üçün oxu və yazı proqramları üzrə müxtəlif ödənişsiz kurslar təşkil olunur.

Xatırladaq ki, Seymur Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci il 28 dekabr tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı və 2024-cü ildə azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub. 2020-ci ildə isə ölkəmizin diaspor siyasətinə verdiyi böyük töhfələrə görə "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunub.

Eyni zamanda, 2025-ci ildə Azərbaycanlı tədqiqatçı-alim elmi və mədəni sahədə xidmətlərinə görə Misir Prezidenti Əbdül Fəttah əl-Sisi tərəfindən birinci dərəcəli “Elm və Fənlər” ordeni və 2026-cı ildə Şəriflər İttifaqının sədri Əs-Seyyid Mahmud Əl-Şərif, elm və biliyə xidmət sahəsində səmərəli fəaliyyəti, tolerantlıq dəyərlərinin təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrə görə “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Seymur Nəsirovun təltif olunması ilə bağlı xəbər ərəb ölkələrinin mediasında geniş işıqlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

7 iyul 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın Özbəkistana işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsili naziri Ezozxon Kərimova ilə görüşü keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalınaTürk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş zamanı Türk Dünyası ölkələri arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, gənc nəslin ortaq türk mədəni irsi, tarixi və mənəvi dəyərləri haqqında biliklərinin artırılması, eləcə də bu istiqamətdə birgə layihə və təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.

Tərəflər ortaq mədəni irsin təhsil vasitəsilə gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayaraq, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)



 

Cümə axşamı, 09 İyul 2026 17:05

Liderlik qanunları, nömrə 2

“Ədəbiyyat və incəsənət” portalında rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.        

 

Liderliyin xüsusi qanunları hansılardır?

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

 

Beləliklə, 21 qanundan növbətisi:

 

2.    Təsir qanunu.

«Liderliyin həqiqi ölçüsü təsirdir».

 

Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.