Nərgiz M.Mustafayeva,
Gəncə Dövlət Universitetinin magistrantı.
“Ədəbiyyat və incəsənət”
Müasir etnoturizmin ən dəyərli istiqamətlərindən biri xalqın əsrlər boyu yaşatdığı maddi-mədəni sənətkarlıq irsidir. Qərb bölgəsində - Gəncəbasar, Göygöl və Daşkəsən dağ-kənd mühitində formalaşmış arxaik sənət növləri təkcə tarixi məişət ehtiyaclarını ödəmir, həm də bölgənin etnik kimliyini və estetik dünyagörüşünü özündə yaşadır. Bu sənət sahələrinin etnoturizm marşrutlarına inteqrasiyası unudulmaqda olan peşələrin bərpasına və yerli icmaların sosial-iqtisadi inkişafına birbaşa xidmət edir.
Dağ kəndlərində və elat məişətində qadın sənətkarlığının əsasını yun emalı təşkil edir. Qoyunların qırxılmasından başlayan proses yunun yuyulması, didilməsi və ənənəvi taxta cəhrələrdə ipə çevrilməsi ilə davam edir. Cəhrənin ritmik səsi dağ kəndlərində bütöv bir etno-mühit yaradır. Etnoturistlər üçün bu prosesi canlı izləmək və cəhrə arxasında əyləşərək ip əyirməyi sınamaq unikal bir interaktiv təcrübədir.
Sənətkarları ipləri boyamaq üçün kimyəvi maddələrdən deyil, dağlardan və meşələrdən toplanan təbii bitkilərdən - qoz qabığı, boyaqotu, əvəlik kökü, soğan qabığı və palıd qabığından istifadə edirlər. Təbii üsulla boyanmış iplərin solmaz rəngləri və təbii ətri etnoturistlərdə böyük maraq doğurur.
Qərb bölgəsində xüsusilə palaz, kilim toxunması geniş yayılmışdır. Bu toxumaların üzərindəki həndəsi naxışlar, damğalar və rəng kombinasiyaları qədim türk mifologiyasının və tayfa rəmzlərinin daşlaşmış hafizəsidir. Hana arxasında əyləşib ilmə vurmaq, həvə ilə ipləri sıxlaşdırmaq etnoturistlər üçün xalçaçılıq sənətinin dərinliyinə nüfuz etmək imkanı verir.
Gəncəbasarın bitki örtüyü və meşəlik kəndləri ağac və çubuq toxuculuğunun inkişafına böyük təkan vermişdir. Yaş söyüd, fındıq və ya qoz çubuqlarının xüsusi üsulla soyularaq hörülməsi ilə hazırlanan Gəncə səbətləri həm möhkəmliyi, həm də estetik xovsuz toxunuşu ilə seçilir. Meyvə-tərəvəz toplanmasında, bayram xonçalarının bəzədilməsində və ev məişətində işlənən bu səbətlərin toxunma master-klassları etnoturistlər üçün əvəzsiz ekoloji suvenir təcrübəsidir.
Bölgənin meşəlik və dağlıq kəndlərində xarratlıq və dülgərlik məişətin əsasını təşkil etmişdir. Palıd, qoz, cökə və tut ağacından oyma üsulu ilə hazırlanan ağac nehrələr, çanaqlar, təknələr, oxlovlar və çömçələr elat məişətinin ayrılmaz hissəsidir. Yaylaq və əkinçilik təsərrüfatında istifadə olunan ənənəvi xış, yaba, vəl və şana kimi alətlərin və ənənəvi dağ beşiklərinin yonulması xalq sənətkarlığının unikal nümunələridir.
Gəncəbasar bölgəsi arxeoloji və etnoqrafik baxımdan zəngin dulusçuluq ənənələrinə malikdir. Torpağın gil halından sənət əsərinə çevrilməsi etnoturistlər üçün ən vizual və cəlbedici proseslərdəndir. Gildən hazırlanan saxsı küplər, nehrələr, su bardaqları, təndir qapaqları geniş yayılmışdır.
Sənətkarlığın digər vacib qolu dağ və elat təsərrüfatını alətlərlə təmin edən dəmirçilikdir. Ocağın körüklə alovlandırılması, qızmar dəmirin zindanda zərbələrlə döyülərək nallara, kətmənlərə, oraq və baltalara çevrilməsi arxaik peşə mədəniyyətinin canlı göstəricisidir. Dəmirçi ustalarının hazırladığı kiçik ölçülü ənənəvi məişət əşyaları etnoturistlər üçün xatirə suvenirlərə çevrilə bilər.
Qərb bölgəsinin ənənəvi sənətkarlıq irsi göstərir ki, sadalanan sənətkarlıq nümunələri sadəcə keçmişin sədası deyil, yaşayan canlı mədəniyyətdir. Bu sənət sahələrinin etnoturizm proqramlarına daxil edilməsi həm gələcək nəsillərə bu irsin ötürülməsini təmin edər, həm də regiona gələn turistlər üçün unudulmaz etno-təcrübə formalaşdırar.
Qeyd: Məqalə müəllifin etnoturizm sahəsindəki tədqiqatları, regional turizm potensialının təhlili və yerli etnoqrafik mənbələr əsasında hazırlanmışdır.
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)


