“Biri ikisində” Zaman Piriyevin şeirləri ilə Featured

 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Zaman Piriyevin şeirləri təqdim edilir.

 Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.

 

 

ZAMAN PİRİYEV

 

QORXURAM

 

Yaxındurma, yoluxdurarcanımı,

Busevgininnəfəsindənqorxuram.

Dünyamənə zindanolub, görürsən,

Qıymamənə, qəfəsindənqorxuram.

 

İnanaram, yıxarmənigerçəyin,

Yıxılmışdan, de, budurmuistəyin?

Küləklərinsovurduğu çiçəyin

Ümidlənənhəvəsindənqorxuram.

 

Ogünqəfilbaxışımızisindi,

Dedim, “ürək, buqədəribəsindi”,

Nə biləydim, bu necə bir tilsimdi?!

Gözlərinin tələsindən qorxuram.

 

İçin-için xəyallarım sızıldar,

Öz-özümə deyəcək çox sözüm var.

Çiynim yara, belim bükük, əl qabar,

Gücüm çatmaz, şələsindən qorxuram.

 

Qəsd eləyib bilə-bilə öldürən,

Göz yaşını silə-silə öldürən,

Yavaş-yavaş, gilə-gilə öldürən –

Məhəbbətin beləsindən qorxuram.

 

Sevən qəlbin yarasına bələdəm,

Baş fırladan havasına bələdəm.

Mən ki ürək yanğısına bələdəm,

Tez alışıb sönməsindən qorxuram.

 

Könlüm olub xoş bir sözə tamarzı,

Necə qalım taleyimdən narazı?

Bu atəşin bəs eləyər bir azı,

Ürəyimin naləsindən qorxuram.

 

 

DƏRVİŞ, BU YOL HARA GEDİR?

 

Dərviş, bu yol hara gedir?

Düş önümə, apar məni,

Həqiqətdə yox olmuşam,

Kim axtarıb tapar məni?

 

Dərviş, bu yol hara gedir?

Yeri atəş, göyü alqış.

Eşq yoğurub sabahını,

İncə-incə, naxış-naxış.

 

Dərviş, bu yol hara gedir?

Mən qəribəm bu yerlərə.

Səyahətim özümədir,

Kim gedər mən gedən yerə?

 

Dərviş, bu yol hara gedir?

Nə əvvəli, nə sonu var.

Hardan bilim, bəlkə, burda,

Taleyin min oyunu var?

 

Dərviş, bu yol hara gedir?

İz düşməyib məndən öncə.

“Ölüm yolu” adlanacaq,

Bəlkə, bu yol mən ölüncə.

 

Dərviş, bu yol hara gedir?

– “Şəriətdən təriqətə,

sonra heyrət məqamında

Qovuşacaq həqiqətə”.

 

Dərviş, mənim yolum bəlli,

Batinimdə dilim bəlli.

İmtahanım bitər bir gün,

Həyat bəlli, ölüm bəlli.

 

 

YAŞAMAĞA ÜMİD VAR HƏLƏ

 

Qışın soyuğundan, qarından keçib,

bir çiçək açırsa bu boz dünyada,

demək, yaşamağa ümid var hələ.

 

Zülmət gecələrin sabahlarında

sərçə eşələyib qarın altından

bir ağız bəxtini tapa bilirsə,

demək, yaşamağa ümid var hələ.

 

Ümidsiz deyiləm...

çox çarəsizəm...

Hər yanım atəşdir, yandıran oddur.

İçimin alovu işıq tutursa,

qatı zülmətlərin içindən mənə,

demək, yaşamağa ümid var hələ.

 

Səmada günəş var, yerdə üzün var,

Bilmirəm hansının nuru əzəldir.

Mən ruh adamıyam,

nəfəsim sevgidən alır gücünü.

Səninsə sevgin, ruhun gözəldir.

Hələ ki, dünyada sönməz günəş var,

hələ ki, titrəyir sevgidən ürək,

demək, yaşamağa ümid var hələ.

 

 

DUA ELƏ, YAZ ÇİÇƏYİM

 

Aç əlini, yağış yağır,

Dua elə, yaz çiçəyim.

Sənin əlin boş qayıtmaz,

Dua elə, yaz çiçəyim.

 

Yamaclarda hələ qar var,

Demək, hələ intizar var.

Qarşımızda ilkbahar var,

Dua elə, yaz çiçəyim.

 

Məsum, körpə baxışlarla,

Qucaqlaşıb yağışlarla,

Yaradana alqışlarla

Dua elə, yaz çiçəyim.

 

Sıx gözünü, yaş qalmasın,

İçində dərd, “kaş” qalmasın.

Yollarında daş qalmasın,

Dua elə, yaz çiçəyim.

 

Tanrı sevər elçisini,

Əsirgəməz sevgisini.

Çıxar çölə iç səsini,

Dua elə, yaz çiçəyim.

 

Ləçəklərin tumar istər,

Gözün eşqdən xumar istər.

Soyuq könlün bahar istər,

Dua elə, yaz çiçəyim.

 

Bu sevdanın sağlığına,

Büllur kimi saflığına,

Sevgimizin varlığına,

Dua elə, yaz çiçəyim.

 

Qoy buludlar ötüb getsin,

Ayrılıqlar bitib getsin.

Son qorxum da itib getsin,

Dua elə, yaz çiçəyim.

 

Mən günahkar, sənsə təmiz,

Mən kor bulaq, sənsə dəniz.

Bitər bir gün həsrətimiz,

Dua elə, yaz çiçəyim.

 

 

İT HÜRƏN TƏRƏFƏ QAR YAĞIR

 

Qar yağır, aram-aram,

Qar yağır fağır-fağır…

Ağ boyalar ağardır

üzüqara şəhəri.

Ümidlərim yarımcan, gecə uzun, zifiri,

Bir az soyuq adamlar,

bir az şaxtalı hava,

gecəni bumbuz edir.

Sevgisi sifətinə çırpılan tələbənin yadına ana düşür,

Yerindəcə büzüşür.

Kasıb ümidlərinin ayaqları üşüyür,

dolur çəkmələrinə

şəhərin göz yaşları.

Zibil qutularının yanında it ulayır;

ya şəhərin üstünə,

ya sevgisi büdrəyən tələbənin bəxtinə.

Mənim ümidlərimsə, it səsinə öyrəşib,

İşıq gələn tərəfdə divlər olur həmişə,

Tərslikdən bu gecənin

it hürən tərəfinə

qar yağır aram-aram…

Harda it ulayırsa,

demək, orda mən varam.

 

 

SÜKUNƏTİN KİTABI

 

Həbsxana hücrəsi...

Kimsə yoxdur,

mən varam.

Bir də məndən yuxarı-

bu halıma acıyan rəhmətin nişanəsi.

Sükunətin dinşəyən ağır-ağır nəfəsi

içimdəki hayqıran üsyanıma yas tutur.

Cismim yorğun və düşkün,

dilim sükut, oruclu.

Kimdir suçlu?!

Bəlkə, mən...

Bəlkə, mən günahkaram,

bəlkə, məndən içəri soyumayan qəzəbim?!

Qollarım qandallı, ruhum təlaş içində.

Əsir düşüb əllərim

zülmətləri boğarkən.

Köksüm şişib;

ürəyim üsyanımdan hamilə.

Ruhum məni doğarkən,

ovucumda sıxdığım

bu qan kimin qanıdır?!

İnsanlığın üzündən xəyanət maskasını cıran böyük Cavidin

qələmindən damlayan iblislərin qanıdır?!

Bəlkə, bu qan laxtası zillətin bətnindəki

qılıncların qanıdır?!

Üç zülmət pərdəsində doğuşunu gözləyən

al günəşin qanıdır?!

Oxu!

Yaradan Rəbbinin adıyla oxu!

Hücrə divarlarında

sükunətin yazdığı bu kitabı al, oxu!

Kimsə yoxdur...

Mən varam...

Bir də məndən yuxarı –

məni cəhalətimdən oyatmağa çalışan

rəhmətin nişanəsi.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.