İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
77 yaşı bu gün tamam olan RichardGere- RiçardTiffanyGirdünyakinomatoqrafiyasınınən ünlü simalarındandır, bunu yəqin ki danan olmaz.
Gəlin bir qədər onun barəsində danışaq.
Riçard Gir 31 avqust 1949-cu ildə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. O, aktyor, prodüser və humanitar fəaliyyətləri ilə tanınan məşhur Hollivud simalarındandır. Riçard Gir beş uşaqlı ailədə böyüyüb. Gənclik illərində musiqi ilə də ciddi maraqlanıb, müxtəlif musiqi alətlərində ifa edib.
Massaçusets Universitetində fəlsəfə təhsili almaq üçün gimnastika təqaüdü qazanıb, lakin iki ildən sonra universiteti yarımçıq qoyaraq aktyorluq karyerasına yönəlib. 1970-ci illərin əvvəllərində teatr səhnəsində fəaliyyət göstərib. Londonda “Grease” musiqili tamaşasında Danny Zuko obrazını canlandırması onun aktyor kimi tanınmasında mühüm mərhələlərdən biri olub.
Gir 1970-ci illərin sonlarında kino dünyasında diqqət çəkməyə başlayıb. “Looking for Mr. Goodbar” (1977) və Terrens Malikin “Days of Heaven” (1978) filmlərindəki rolları ona ciddi aktyor kimi reputasiya qazandırıb. 1980-ci ildə “American Gigolo” filmi onun karyerasında dönüş nöqtəsi oldu. Film Riçardı Hollivudun aparıcı aktyorlarından birinə çevirdi və onun xarizmatik ekran obrazını möhkəmləndirib.
İki il sonra çəkildiyi “An Officer and a Gentleman” isə böyük kommersiya uğuru qazanıb. Riçard Girin ən məşhur filmlərindən biri, şübhəsiz ki, “Pretty Woman” (1990) filmidir. Burada o, Culiya Robertsin canlandırdığı Vivian obrazının qarşısında varlı biznesmen Edvard Luis rolunu oynayır.
Film böyük beynəlxalq uğur qazanıb və Gir ilə Culiya Roberts arasında yaranan ekran tandemi kino tarixinin ən məşhur romantik cütlüklərindən birinə çevrilib. Daha sonra onlar “Runaway Bride” (1999) filmində yenidən birlikdə çəkiliblər.
Riçard Girin zəngin filmoqrafiyasına aşağıdakı məşhur ekran əsərləri daxildir:
- “Days of Heaven” (1978)
- “American Gigolo” (1980)
- “An Officer and a Gentleman” (1982)
- “The Cotton Club” (1984)
- “Pretty Woman” (1990)
- “Internal Affairs” (1990)
- “Sommersby” (1993)
- “First Knight” (1995)
- “Primal Fear” (1996)
- “Runaway Bride” (1999)
- “Unfaithful” (2002)
- “Chicago” (2002)
- “Shall We Dance?” (2004)
- “Hachi: A Dog's Tale” (2009)
- “Arbitrage” (2012)
- “Time Out of Mind” (2014)
- “Norman” (2016)
- “The Dinner” (2017)
- “Maybe I Do” (2023)
- “Oh, Canada” (2024)
“Chicago” və Qızıl Qlobus
2002-ci ildə çəkilən “Chicago” musiqili filmində Riçard Gir məşhur və hiyləgər vəkil Billy Flynn obrazını canlandırıb. Bu rol ona Ən yaxşı aktyor – musiqili və ya komediya nominasiyasında Qızıl Qlobus mükafatını qazandırıb. Riçard Gir yalnız aktyor kimi deyil, humanitar fəaliyyəti ilə də seçilir. O, uzun illər insan hüquqları, tibbi yardım, evsizlik, QİÇS-lə mübarizə və Tibet məsələləri ilə bağlı layihələrdə iştirak edib.
1987-ci ildə Tibet House təşkilatının yaradılmasında iştirak edib və uzun illər Tibet xalqının hüquqlarının müdafiəsini dəstəkləyib. 1991-ci ildə isə Gere Foundation fondunu yaradıb. Fond insan hüquqları, ictimai sağlamlıq və humanitar məsələlərə diqqət yetirir. Son illərdə evsizlik problemi də onun əsas diqqət istiqamətlərindən birinə çevrilib. 2026-cı ildə BMT-Habitat çərçivəsində evsizliyin aradan qaldırılması və mənzil hüququ ilə bağlı çağırışları ilə gündəmə gəlib.
Riçard Girin karyerasının maraqlı xüsusiyyətlərindən biri odur ki, o, yalnız romantik qəhrəman obrazları ilə məhdudlaşmayıb. “Primal Fear”, “Internal Affairs”, “Arbitrage” və “Time Out of Mind” kimi filmlərdə daha mürəkkəb, qaranlıq və dramatik obrazlar yaradaraq aktyor diapazonunu nümayiş etdirib.
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)


