İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Bizim Cəbiş müəllim” filmində “Çağırsa ellər, gedərəm davaya” meyxanası dillər əzbəridir, onun sözləri Ağasəlim Çıldağa məxsusdur.
Abşeronun ən məşhur meyxanaçıları zümrəsində yer alan Ağasəlim Çıldağın bəzi mənbələrə görə bu gün doğum günüdür, bəzi mənbələr isə həmin günü 1fevrala aid edirlər. Amma necə olursa olsun, bugünkü söhbətimiz məhz bu meyxana ustadı barədədir.
Ağasəlim Çildağ — əsl adı Ağasəlim Əliağa oğlu Səlimov — Azərbaycan meyxana sənətinin XX əsrdə yetişdirdiyi ən tanınmış ustadlardan biridir. O, xüsusilə Maştağa meyxana məktəbinin görkəmli nümayəndəsi kimi tanınırdı.
O, 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Sənətə marağı erkən yaşlarından yaranıb. Onun yaradıcılıq formalaşmasında məşhur qəzəlxan Əliağa Vahid və söz ustadı Ağahüseyn Əfzun mühüm rol oynayıb.
Mənbələrdə qeyd olunur ki, “Çildağ” təxəllüsünü ona Əliağa Vahid 1948-ci ildə verib. O, sonralar özünəməxsus üslubu, iti qafiyələri, hazırcavablığı və söz improvizasiyası ilə meyxana aləmində seçilən sənətkarlardan birinə çevrilib
Çildağın sənətinin əsas xüsusiyyətlərindən biri söz üzərində qurulan improvizasiya və güclü qafiyə duyumu idi. O, yalnız deyişmələrdə deyil, müxtəlif məclislərdə və mərasimlərdə də öz söz ustalığını nümayiş etdirirdi. Onun meyxanalarının bir qismi məhəbbət, həyat, insan münasibətləri və mənəvi dəyərlər mövzularına həsr olunub. Gənc meyxanaçıların yetişməsində də böyük xidmətləri olub.
Çildağ sovet dövründə meyxananın ciddi məhdudiyyətlərlə üzləşdiyi bir vaxtda sənətini yaşadan və onu sonrakı nəsillərə ötürən sənətkarlardan biri hesab olunur. Onun adı sonralar Maştağa məktəbinin ustadı kimi çəkilib.
Ağasəlim Çildağın Azərbaycan mədəniyyətinə və musiqi sənətinə xidmətləri dövlət səviyyəsində də qiymətləndirilib. O, 2006-cı ilin martında “Şöhrət” ordeni ilə təltif olunub.
O, məşhur meyxanaçı Ağamirzənin dayısıdır.
Ağasəlim Çildağ Azərbaycan meyxanasında sadəcə ifaçı kimi deyil, ustad-məktəb yaradan sənətkar kimi yadda qalıb. Onun adı Əliağa Vahid kimi böyük söz ustadlarının məktəbi ilə sonrakı nəsil meyxanaçılar arasında mühüm bir həlqə təşkil edir. Maraqlıdır ki, onun yaradıcılığı ilə bağlı müasir araşdırmalarda da Çildağ Maştağa meyxana məktəbinin ustadı kimi təqdim edilir.
Əvvəldə qeyd etdik, “Bizim Cəbiş müəllim” filmində “Çağırsa ellər, gedərəm davaya” meyxanasının sözləri Ağasəlim Çıldağa məxsusdur.
Saytlar yazır ki, rejissor Əbdül Mahmudov həmin günləri belə xatırlayır: “Ağasəlim Çıldağı biz özümüz dəvət etmişdik. Əslində meyxananı kadraxasında Ağasəlim Çıldağın tələbələri deyib. Hətta onların içində bir uşaq da var idi. Ağasəlim Çıldağ onu çox tərif edərək söyləyirdi ki, o böyük meyxanaçı olacaq. Amma təəssüf ki, sonra o uşaq qəzada öldü. Çəkilişlərin birində Arif Nərimanbəyov həmin uşaqdan əl çəkmədi ki, bir dənə ləntərani (ədəbsiz sözlər üzərində qurulmuş meyxana) desin, ona replikalar atırdı.
Uşaq da olardı 14-15 yaşlarında. Ağasəlim müəllimə dedi ki, icazə ver, uşaq bu kişiyə meyxana desin. Həsən Seyidbəyli də göz vurdu ki, desin. Ağasəlim Çıldağ bilirdi ki, bu uşaq nəsə “korlayacaq”. Arif müəllim də ağsaqqal adam idi. Amma özü “qaşınmışdı”. Uşaq meyxananı deyəndən sonra aləm bir-birinə dəydi. Həsən Seyidbəyli dedi: “Malçik, xvatit, bolşe ne nado”.
Ağasəlim Çıldaq rejissor Vaqif Mustafayevin 1995-ci ildə ekranlaşdırdığı “Fransız” filminə çəkilib. Meyxanaçı orda “Niyə müsəlman olmaq istəmirsən” qafiyəsi ilə meyxana səsləndirib. Ağasəlim Çıldağ özü nəql edir ki, sovet dövründə bir dəfə həbs olunub, iki il iş alıb. Bayıl türməsində kamerada hamı onu dərhal tanıyıb və ondan meyxana deməsini istəyiblər.
Dustaqlar arasında molla da olub. Ağasəlim deyib ki, molla icazə versə, deyərəm. Molla cavabında deyirb ki, ah-zarımızdan desən, icazə verərəm, “ay can alan, candı bizim məhləmiz” qafiyəsi ilə desən, icazə vermərəm. Bundan sonra Ağasəlim “Necə gör, xar eləyibdi, belə qəmxanə bizi” qafiyəsi ilə mərsiyə üstündə məşhur meyxana deyib.
Onun meyxanasından sonra kameradakı dustaqlar hamısı ağlamağa başlayıb. Bundan sonra Ağasəlimi kameradan çıxarıblar, “səni qəfəsə salmaq düzgün deyil” deyib ona ayrıca otaq verərək dustaqlara tərbiyəçi təyin ediblər.
Deyilənlərə görə vaxtilə məşhur meyxanaçı Nizami Rəmzi ilə dosluq əlaqələri olsa da, Nizami Rəmzi Ağasəlim Çıldağ başda olmaqla köhnə elita ilə kəskin münaqişələrə girir, meyxanaya musiqi əlavə etməyə nail olur. Əvvəllər meyxana çırtma və nağara ilə müşayət olunduğundan Ağasəlim meyxananın musiqi ilə xüsusən də sintezatorla müşayət olunmasının əleyhinə olub. Elə bu səbəbdən də iki meyxanaçının münasibətləri pozulub.
Bəs niyə Çıldağ? Ağasəlim bu ləqəbi niyə götürüb? Bir çox insanların üz tutduğu Maştağadakı əsas çıldaq ocağı Ağasəlim Çıldağın ocağıdır. Bu ocaqda onun ulu nənəsi çıldaqçılıq edirmiş. Ağasəlim ocağı bir neçə çıldağa bölünüb. Qohumlar öz aralarında ayın günlərini bölüşüblər. Əsl ocağa isə ayda bir həftə vaxt ayrılır.
Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə Bakının Maştağa qəsəbəsində vəfat edib. Mənbələrdə onun 78 yaşında, şəkər xəstəliyi səbəbilə dünyasını dəyişdiyi qeyd olunur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)


