Onu "Romen” adlı qaraçı musiqili teatrı məşhurlaşdırdı Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bilmirəm, qaraçıları xalqmı, etnik qrupmu, necə adlandırmaq olar. Hətta sovet dövləti onları görməzdən gəlirdi. Amma onlar var axı. Elə həmin o sovet dönəmində qaraçı Budulay barədə çəkilən çoxseriyalı film bütün reytinqləri qırmışdı. “Romen” adlı qaraçı musiqili teatrı isə hətta ölkənin hüdudları kənarında da məşhur idi...

Haqqında danışacağım – bu gün anım günü olan Tamilla Ağamirova açdığımız  mövzumuza tam uyğun gəlir.

 

Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisası olub. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. Və ömrünün sonunadək aktiv ictimai fəaliyyətlə məşğul olub. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistridir.

1957-ci ildə Qriqor Kozintsovun "Don Kixot" filminin televiziya ekranlarına çıxması ilə Bakıdan olan gənc aktrisa Tamilla Ağamirova üçün uğur zirvəsinə gedən yol açılıb. Filmdə gözəl qrafinya Altisidora rolunu canlandıran aktrisa tezliklə geniş tamaşaçı auditoriyası qazanıb və bir sıra filmlərdə baş rola dəvət edilib.

Bunların sırasına "Onun böyük ürəyi" (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını aid etmək olar.

Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub.

 

Tamilla Ağamirovanın həyat yoldaşı Nikolay Sliçenko olub. O, SSRİ xalq artisti, "Romen" teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların dünyaca məşhur ifaçısıdır.

Aktrisanın film repertuarına diqqət edək:

 

Filmoqrafiya

- Don Kixot (film, 1957)

- Onun böyük ürəyi (film, 1958)

- Əsl dost (film, 1959)

- Matteo Falkone (film, 1960)

- Koroğlu (film, 1960)

- Zəncirlənmiş adam (film, 1964)

- Yenilməz batalyon (film, 1965)

 

Aktrisa tam 5 il öncə - 31 Avqust 2021 -ci ildə həyat yoldaşı Nikolay Sliçenkonun ölümündən iki ay sonra 94 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.