İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hökümə Qurbanovavə qızı VəfaFətullayeva– Azərbaycan teatrının və kinosunun iki parlaq ismi. Yaratdıqları rollarla xüsusən teatr tariximizin qızıl imzaları. Amma bu gün onlar barədə yox, birincinin həyat yoldaşı, ikincinin də atası olmuş bir şəxs barədə danışacağam.
Yox, o aktyor deyil, teatr-kino sahəsinin adamı deyil. Amma əlbəttə ki incəsənət adamıdır, rəssamdır.
Nüsrət Fətullayev 29 may 1913-cü ildə Lənkəranda anadan olub. 1930–1934-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31–43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Azərbaycan Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni icra edib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" komediyasına (1938), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan", Fikrət Əmirovun "Ürəkaçanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Viktor Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib.
Azərbaycan Dövlət Dram Teatrında "Almaz" (Cəfər Cabbarlı, 1936), "Skapenin kələkləri" (Molyer, 1936), "Həyat" (Mirzə İbrahimov, 1937), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) və "Vaqif" (Səməd Vurğun, 1938), "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev, 1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı, 1940), "Xoşbəxtlər" (Sabit Rəhman) və "Fərhad və Şirin" (Səməd Vurğun, 1941), "Dumanlı Təbriz" (Məmməd Səid Ordubadi, 1945), "Nüşabə" (Abdulla Şaiq, 1946), "İşıqlı yollar" (İlyas Əfəndiyev, 1947) kimi əllidən çox tamaşanın rəssamı olub.
Təltif və mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. "Stalin" mükafatı (2-ci dərəcə)
4. Azərbaycan SSR Dövlət mükafatı (Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşasının rəssamlığına görə)
5. "Qırmızı əmək bayrağı" ordeni
6. 2 dəfə "Şərəf nişanı" ordeni
Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda basdırılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)


