Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, əziz izləyicilərimiz.
Sizə də gecələr sirdaş olurmu?!
Gecə ilə dərd bölürsünüzmü?
"Bir şair, bir şeir" rubrikamızın bugünkü şair qonağı Mikayıl Bozaldır, beləliklə, şairin bir şeirini Sizə təqdim edirik.
MİKAYIL BOZAL,
GECƏLƏR DANIŞIR XATİRƏLƏRİM
Gecələr danışır xatirələrim,
Sükutun dilində sözə çevrilir.
Gündüz unutduğum nə varsa məndə,
Gecələr canlanır, üzə çevrilir.
Pəncərəm önündə yorğundur Ay da,
Küçələr yuxuda, susur evlər də.
Nağıllar da yatıb, əfsanələr də,
Bircə mən oyağam, yatıb divlər də.
Gecələr danışır xatirələrim,
Susub dinləyirəm səhərə qədər.
Ömrün özü qədər doğmadır mənə,
Gah sevinc qoxuyur, gah da ki, kədər.
Zaman səhrasından keçir karvanım,
Özüm öz yükümü daşıyıram mən.
Keçmişəm gerçəyin dolaylarından,
Xatirə ömrümü yaşıyıram mən.
Gecələr danışır xatirələrim,
Uzanır sübhəcən, eh, hardan hara?!
Yapışır əlimdən, buraxmır məni,
Aparır özüylə çox uzaqlara.
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)


