Aygül Bağırova,
“Qalib Sərkərdənin Zərif Gücü – Mehriban Əliyeva” kitabının müəllifi.
“Ədəbiyyat və incəsənət”
Bəzən insan ömrünün müəyyən bir günü illər keçsə də təqvimdən çıxıb xatirəyə çevrilmir. Əksinə, zaman keçdikcə mənası bir az da böyüyür, insanın yaddaşında ayrıca bir ömür səhifəsi kimi yaşayır. Mənim üçün 26 avqust məhz belə tarixlərdəndir.
İki il əvvəl – 26 avqust 2024-cü ildə qardaş Özbəkistanın qədim Daşkənd şəhərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr etdiyim “Qalib Sərkərdənin Zərif Gücü – Mehriban Əliyeva” kitabımın təqdimat və imza mərasimi keçirilib. Həmin gün mənim üçün bir kitabın təqdimatından çox-çox böyük məna daşıyıb. Çünki o kitabın hər səhifəsində qələmimlə ifadə etməyə çalışdığım bir Azərbaycan qadınının mənəvi portreti, xalqa bağlılığı, Vətənə sədaqəti, dövlətə xidməti dayanırdı.
Aradan iki il ötüb.
Bu gün həmin kitabı vərəqləyəndə düşünürəm ki, Mehriban xanım haqqında yazmaq mənim müəllif taleyimdə ən böyük məsuliyyətlərdən biri olub. Çünki bəzi şəxsiyyətlərin həyat yolunu sözə çevirmək üçün faktları ardıcıllıqla düzmək kifayət etmir. Onların gördüyü işlərin arxasındakı mənəvi yükü, insanlara toxunan əməllərinin dəyərini, xalqın yaddaşında qazandıqları yeri duymaq lazımdır.Mehriban xanım Əliyevanın ömür yolu məhz belə bir duyğunu tələb edir.Onun şəxsiyyətində Azərbaycan qadınına əsrlər boyu məxsus olan zərifliklə güc, mərhəmətlə qətiyyət, ailəyə bağlılıqla dövlətə xidmət bir-birini tamamlayır. Bu xüsusiyyətlər onun ictimai-siyasi fəaliyyətinin mənəvi mahiyyətini formalaşdırır.
Mən Mehriban xanım haqqında düşünəndə ilk növbədə insanlara çatan bir ürək görürəm.
Uşaq təbəssümünə çevrilən qayğını...
Bir ananın ümidinə çevrilən diqqəti...
Azərbaycan mədəniyyətinin dünyaya açılan qapısında dayanan böyük missiyanı...
Tarixi-mədəni irsimizin qorunmasına göstərilən həssaslığı...
Və bütün bunların arxasında öz Vətənini böyük məhəbbətlə sevən Azərbaycan qadınını...
Mehriban xanımın fəaliyyətində insan amili hər zaman xüsusi yer tutur. Onun rəhbərlik etdiyi təşəbbüslərin mahiyyətində insan taleyi, milli dəyərlər, mərhəmət və Azərbaycan adına xidmət düşüncəsi dayanır. Bu mənada onun fəaliyyəti dövlətçiliklə humanizmin vəhdətini yaradan özünəməxsus bir məktəbdir.
Azərbaycan qadınının tarix boyu ən böyük gücü onun mənəvi qüdrətində olub. Sara xatundan Natəvana, Məhsəti Gəncəvidən XX əsrin görkəmli Azərbaycan qadınlarına qədər uzanan bu böyük yol müasir dövrdə yeni məzmun qazanıb. Mehriban xanım Əliyeva həmin tarixi xəttin dövlətçilik müstəvisində parlaq davamçılarından biri kimi Azərbaycan qadınının dünyaya təqdim olunan müasir obrazını yaradıb.
Bu obrazda savad var.
Mədəniyyət var.
Zəriflik var.
Qətiyyət var.
Vətənə bağlılıq var.
Ən başlıcası isə insan sevgisi var.
Mehriban xanımın Azərbaycan mədəniyyətinin, musiqisinin, muğamının, milli-mənəvi irsimizin dünyada tanıdılması istiqamətində fəaliyyəti illərlə görülən böyük işlərin mənəvi xəritəsini yaradıb. Azərbaycan adı dünyanın müxtəlif məkanlarında səsləndikcə, mədəniyyətimizin hər bir uğurunda bu xidmətlərin izi görünür.Onun həyat və fəaliyyətinə baxanda başqa bir mühüm məqam da diqqət çəkir: Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçilik siyasətinə sədaqətlə verilən dəstək.
Mən kitabımın adını “Qalib Sərkərdənin Zərif Gücü” seçərkən bu ifadənin daşıdığı mənanı uzun-uzadı düşünmüşdüm. Zəriflik bəzən insanın ən böyük gücüdür. Səsini yüksəltmədən insanlara təsir etmək, gördüyün işlə yadda qalmaq, xalqın sevincinə də, ağrısına da eyni həssaslıqla yanaşmaq böyük mənəvi qüdrət tələb edir.
Mehriban xanımın gücü məhz bu mənəvi bütövlükdədir.Prezident İlham Əliyevin yanında dövlətimizin böyük yoluna çiyin verən, Azərbaycanın milli maraqlarını, mədəniyyətini və humanitar dəyərlərini dünyada ləyaqətlə təmsil edən Mehriban xanım ailə sədaqətinin, dövlət məsuliyyətinin və vətəndaş xidmətinin bir arada yaşadığı Azərbaycan qadını obrazını təcəssüm etdirir.
Mehriban xanım Əliyeva haqqında kitab qələmə almaq mənim üçün nə qədər böyük məsuliyyət idi?
Bu sualın cavabını kitabın hər səhifəsində, hər cümləsində özüm üçün yenidən tapırdım. Çünki haqqında yazdığım şəxsiyyət Azərbaycan dövlətçiliyində, ictimai-siyasi həyatında və xalqın mənəvi yaddaşında xüsusi yer tutan bir Azərbaycan qadını idi. Onun ömür yolunu qələmə almaq müəllifdən həm böyük ehtiram, həm də hər sözə qarşı həssas məsuliyyət tələb edirdi.Çünki hər dövr öz qadın obrazını tarixə verir. Bizim yaşadığımız dövrün Azərbaycan qadını haqqında gələcək nəsillər danışanda onun savadından, ləyaqətindən, dövlətə sədaqətindən, milli dəyərlərə bağlılığından, insanlara mərhəmətindən söz açacaqlar. Mehriban xanım Əliyevanın adı həmin tarixdə özünəməxsus yer tutacaq.
Mən isə bir müəllif kimi bu dövrün içində yaşayıb gördüklərimi qələmə köçürmək istədim.Bir qadın kimi onun gücünü anlamağa çalışdım.Bir ana kimi mərhəmətini duydum.Bir vətəndaş kimi dövlətə xidmətinin miqyasını gördüm.Bir yazar kimi isə bütün bunları sözə çevirdim.
İki il əvvəl Daşkənddə kitabımı əlimdə tutarkən keçirdiyim hissi bu gün də xatırlayıram. Qardaş Özbəkistanda Azərbaycan qadını haqqında yazılan kitabın təqdim olunması mənim üçün böyük mənəvi qürur idi. O gün bir daha hiss etdim ki, Azərbaycanı dünyaya sevdirən onun gücü ilə yanaşı, mədəniyyəti, mənəviyyatı, insanlığı və qadınlarının ləyaqətidir.
Bu gün – 26 avqustda Mehriban xanım Əliyevanın doğum günü münasibətilə yenidən qələmə sarılarkən həmin hisslər məni yenə Daşkəndə, kitabımın ilk təqdimat həyəcanına aparır.Ancaq bu dəfə sözlərim kitab müəllifinin sözlərindən daha artıq məna daşıyır.Bu, bir Azərbaycan qadınının başqa bir Azərbaycan qadınına ehtiramıdır.Bir ananın başqa anaların dərdinə əl uzadan qadına minnətdarlığıdır.Bir vətəndaşın dövlətinin qüdrətinə öz fəaliyyəti ilə töhfə verən şəxsiyyətə sayğısıdır.Bir yazarın qələminə mövzu olan böyük mənəvi portret qarşısındakı məsuliyyətidir.
Hörmətli Mehriban xanım!
Doğum gününüz münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.Qoy həyatınız boyunca gördüyünüz xeyirxah işlər insanların duası kimi yolunuza işıq salsın.Qoy Azərbaycan qadınının adına qazandırdığınız ucalıq yeni nəsillərə örnək olsun.Qoy Vətənə, dövlətə və xalqa xidmətlə keçən ömür yolunuz Azərbaycanın sabahına açılan işıqlı yollarla davam etsin.Sizin fəaliyyətinizdə Azərbaycan qadınının zərifliyi ilə dövlət iradəsinin gücü eyni ünvanda birləşir.Mən isə illər əvvəl kitabımın üz qabığına yazdığım həmin ifadəni bu gün daha böyük inamla təkrar edirəm:
Siz Qalib Sərkərdənin zərif gücüsünüz.
Ad gününüz mübarək, Mehriban xanım!
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)


