Yay tətilindən qayıdan uşaqlar üçün vacib təmrinlər Featured

Fatimə Məmmədova,

 "Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Yeni tədris ilinin başlamasına artıq bir aydan az vaxt qalıb. Yay tətilində uşaqların yuxu və gündəlik rejimi dəyişir, gec yatıb gec oyananlar, dərslərdən tamamilə uzaqlaşanlar olur. Lakin məktəbin başlaması ilə bu rejimin birdən-birə dəyişməsi uşaqlarda yuxu və diqqət problemləri yarada bilər.

 

Səhər erkən oyanmaq və gün ərzində dərslərə uyğunlaşmaq ilk günlərdə onlar üçün çətin ola bilər. Buna görə də məktəbə qədər yuxu rejimini tədricən qaydaya salmaq vacibdir. Beləliklə, uşaqlar yeni tədris ilinə daha rahat və enerjili başlaya bilərlər.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bu barədə "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verib. Onun sözlərinə görə, məktəblərin açılmasına az vaxt qaldığı üçün uşaqları dərs rejiminə indidən hazırlamaq vacibdir:

" Yay tətilindən sonra uşağın bir gündə erkən oyanmağa, uzun müddət dərsdə oturmağa və tapşırıqları yerinə yetirməyə uyğunlaşmasını gözləmək doğru deyil. Bu keçid mərhələli şəkildə aparılmalıdır. İlk növbədə, yuxu rejimi tənzimlənməlidir. Tətil günlərində uşaqların gec yatması və gec oyanması adi haldır. Məktəbin başlamasına təxminən iki həftə qalmış yatmaq və oyanmaq vaxtını hər gün 15–20 dəqiqə erkən çəkmək olar. Məqsəd uşağı birdən-birə sərt rejimə salmaq deyil, onun bioloji ritmini tədricən məktəb saatlarına uyğunlaşdırmaqdır. Axşam saatlarında telefon, planşet və kompüterdən istifadə də məhdudlaşdırılmalıdır. Çünki ekran qarşısında uzun müddət qalmaq yuxuya getməyi çətinləşdirir və səhər yorğunluğuna səbəb olur".

Psixoloq vurğulayıb ki, dərs vərdişlərini də mərhələli şəkildə bərpa etmək lazımdır:

"Uşağı tətilin son günlərində saatlarla kitab arxasında oturtmaq əks təsir yarada, məktəbə qarşı narahatlıq və müqavimət formalaşdıra bilər. Bunun əvəzinə, hər gün yaşına uyğun olaraq 20–30 dəqiqə kitab oxumaq, yazı yazmaq, ötən mövzulardan sadə tapşırıqları təkrarlamaq daha faydalıdır. Kiçik yaşlı uşaqlarda bu fəaliyyətlər oyun formasında təşkil edilə bilər. Əsas məqsəd yüksək nəticə əldə etmək deyil, diqqəti və öyrənmə ritmini yenidən aktivləşdirməkdir. Valideynlər məktəb haqqında danışarkən istifadə etdikləri ifadələrə də diqqət yetirməlidirlər. “Tətil bitdi, artıq əylənmək yoxdur”, “Bu il dərslərin çox çətin olacaq” və ya “Aşağı qiymət alsan, cəzalanacaqsan” kimi cümlələr uşağın məktəblə bağlı gərginliyini artırır. Əvəzində, məktəbin dostlarla görüşmək, yeni biliklər qazanmaq və maraqlı fəaliyyətlərdə iştirak etmək üçün bir imkan olduğu vurğulanmalıdır. Uşağı hazırlıq prosesinə cəlb etmək də çox önəmlidir. Məktəb ləvazimatlarının, çantanın və geyimlərin onunla birlikdə seçilməsi uşağın yeni tədris ilinə marağını artırır. Birlikdə gündəlik rejim hazırlamaq, dərs, istirahət, oyun və yuxu vaxtını müəyyənləşdirmək uşağa proses üzərində müəyyən nəzarət hissi verir. Lakin rejim həddindən artıq sərt olmamalıdır. Məktəb başlayandan sonra da uşağın oyun oynamağa, açıq havada olmağa və ailə ilə vaxt keçirməyə ehtiyacı qalır.

Qidalanma və fiziki aktivlik də uyğunlaşmanın mühüm hissəsidir. Səhər yeməyi vərdişinin indidən yaradılması, gün ərzində hərəkətə və açıq havada gəzməyə vaxt ayrılması uşağın diqqətinə, enerjisinə və emosional vəziyyətinə müsbət təsir göstərir.

Birinci sinfə başlayacaq, məktəbini dəyişəcək və ya yeni kollektivə qoşulacaq uşaqlara xüsusi diqqət göstərilməlidir. Məktəbi əvvəlcədən görmək, ora gedən yolu birlikdə keçmək, müəllim və sinif mühiti barədə sakit şəkildə danışmaq qeyri-müəyyənliyi azaldır. Valideyn uşağın “qorxuram”, “məktəbə getmək istəmirəm” kimi fikirlərini dərhal rədd etməməlidir. “Burada qorxulu heç nə yoxdur” demək əvəzinə, “Səni narahat edən nədir?” sualını vermək və onu diqqətlə dinləmək daha doğrudur".

Müsahibimiz çəktəbin ilk həftələrində uşağın qiymətlərindən əvvəl onun uyğunlaşmasına diqqət yetirilməli olduğunu bildirib:

"Uşaq yeni rejimə keçərkən yorğun, həssas və ya əsəbi ola bilər. Valideynlər bu dövrdə tələbkarlıqla yanaşı, anlayış və emosional dəstək də göstərməlidirlər. Uşağı digər şagirdlərlə müqayisə etmək deyil, onun öz irəliləyişini görmək və göstərdiyi səyi qiymətləndirmək lazımdır. Əgər məktəb yaxınlaşdıqca uşaqda davamlı qorxu, yuxu pozuntusu, tez-tez qarın və ya baş ağrısı, səbəbsiz ağlama, aqressiv davranış və məktəbə getməkdən kəskin imtina müşahidə edilirsə, bunu sadəcə “naz” kimi qiymətləndirmək olmaz. Belə əlamətlər güclü məktəb narahatlığının göstəricisi ola bilər və zərurət yaranarsa, məktəb psixoloquna və ya mütəxəssisə müraciət edilməlidir.

Ümumilikdə, uşağın dərs rejiminə hazırlanması yalnız dəftər-kitab almaqdan ibarət deyil. Bu proses yuxu, qidalanma, diqqət, məsuliyyət və emosional hazırlığın birlikdə formalaşdırılmasıdır. Valideynin əsas vəzifəsi uşağı qorxutmaq və təzyiq altında saxlamaq deyil, onun məktəb həyatına sakit, mərhələli və özünəinamlı şəkildə qayıtmasına kömək etməkdir".

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.