Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Müasir dövrümüzdə "5-ci kolon" termini müxtəlif xəbərlərdə və digər informasiya mənbələrində olduqca geniş yayılmışdır. Məsələ burasındadır ki, bu termini çox vaxt bir çox məşhur aktyor, musiqiçi, parlament üzvü və sadəcə tanınmış şəxslərə öz ölkələrinin siyasətinə açıq şəkildə qarşı çıxmağa başlayanda işlədirlər. Əsas məsələ "5-ci kolon"un təxribat, xəyanət və ölkəsinə qarşı ümumi düşmənçilik anlamına gəlməsidir. Bəs bu ifadə necə yaranmışdır və niyə 5-ci kolon adlanır?
Bu ifadə ilk dəfə təxminən 90 il əvvəl İspaniyada səsləndirilmişdir. 1936-cı ildə İspaniyada respublikaçılar və frankoçular arasında Vətəndaş müharibəsi başlayır. Respublikaçılar tərəfində hökumət qüvvələri, onların müttəfiqləri arasında SSRİ, Fransa və Meksika kimi ölkələr var idi. Fransisko Frankonun başçılıq etdiyi millətçi və sağçı qüvvələin müttəfiqləri isə Almaniya və İtaliya idi. Müharibə kifayət qədər uzun müddət - 3 il davam edir və frankoçuların qələbəsi ilə başa çatır.
Frankoçuların əsas məqsədi İspaniyanın paytaxtı Madridi ələ keçirmək idi. Buna 3 il ərzində bir neçə dəfə cəhd edilsə də, lakin heç biri uğurlu olmayır. "5-ci kolon" ifadəsi məhz frankoçuların Madridə ilk hücum cəhdi zamanı yaranır. Bu ifadəni isə Emilio Mola Vidal adlı bir general işlədib.
Bir dəfə o demişdi: "Noyabrın 7-də “Qran Via”da qəhvə içəcəyəm. Dörd kolon mənimlə, beşincisi isə Madriddə olacaq."
"5-ci kolon" dedikdə general nəyi nəzərdə tuturdu? General Emilio Mola qoşunlarını Madridə apararaq onları hər biri müxtəlif istiqamətlərdən irəliləyən dörd kolona bölür. Beşinci kolon artıq Madriddə idi və məhz hökumətdən narazı olanlardan, hər cür gizli agentlərdən və digər frankoçu tərəfdarlarından ibarət idi. General qoşunların paytaxta müxtəlif istiqamətlərdən yaxınlaşdığı zaman şəhərin içərisindəki bu kolonun, yəni “5-ci kolon”un ona böyük kömək edəcəyinə ümid edirdi. Məhz Madridə bu hücumdan sonra o dövrün yerli mediasına bu ifadə uğurla nüfuz etməyə başlayır və ondan sonra bütün dünyaya yayılmağa başlayır.
Şübhəsiz, hər ölkədə 5-ci kolon var. Allah xalqları və dövlətləri onlardan hifz etsin.
“Ədəbiyyat və incəsənət”
(07.02.2026)


