Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən Ağdam Muğan Mərkəzində İnklüziv Yaradıcılıq Yarmarkası təşkil olunub.
Yarmarka Ağdam Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəstəyi ilə keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Xəqani Nəzərov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinin müdiri Kamran Kamranlı və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı regionda yaradıcılıq potensialının dəstəklənməsi, sosial fəallığın artırılması və müxtəlif sosial qrupların ictimai həyata cəlb olunmasına yönəlmiş təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Yarmarkada Qarabağ “DOST Evi” şöbəsinin fəaliyyəti və benefisiarların əl işləri nümayiş etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həssas qruplarla bağlı dəstək proqramları, inklüziv layihələri barədə məlumat verilib, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin xidmət və proqramları diqqətə çatdırılıb. “Könüllü DOST” proqramı və Ağdam Sosial Xidmət Mərkəzinin fəaliyyətinə dair təqdimatlar olub.
Tədbirin bədii hissəsində Qarabağ “DOST Evi” və Ağdam Musiqi Kollecinin ifaçılarının təqdimatında musiqi nömrələri nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(06.02.2026)


