Super User

Super User

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

 

Hər səhər olduğu kimi, bu səhər də gözlərini ovuşdura-ovuşdura yuxudan oyandı. Anasının səsləməsi ilə yerindən qalxıb mətbəxə keçdi. Südün iyi bütün mətbəxi bürümüşdü. Anası onu və balaca bacısını əlindən tutub hamam otağına apardı. Hər ikisinin əl-üzünü yuduqdan sonra mətbəxə keçib yemək süfrəsinə oturdular. Ayaqları yerə çatmırdı. Balaca ayaqlarını yelləyə-yelləyə həvəslə südü içməyə başladı.

 

Döşəmənin taxtası rəngsiz idi. Evin tikintisi hələ tamamlanmamışdı. Yarım olmasına baxmayaraq, onlar evə köçmüşdülər. Köhnə evləri artıq yararsız vəziyyətə düşmüşdü. Hələ yarım olmasına baxmayaraq, böyük ümidlər, uşaqların sevinci, xoşbəxtlik qoxusu divarlara hopmuşdu. Hər kəs xoşbəxt idi. Başını yastığa qoyanda elə şirin yuxuya gedirdi ki, nə keçən zamanı, nə də sabah erkən oyanacağını düşünürdü. O an xoşbəxtlik onun üçün hamının bir yerdə yatdığı bu otaqdan, isti nəfəsdən ibarət idi. Çünki uşaqlara xoşbəxt olmaq üçün çox şey lazım olmur. Bir az süd qoxusu, bir az ana səsi, bir də başını qoymağa bir yastıq kifayət edir.

Səhər yeməyini yedikdən sonra bağçaya getmək üçün hazırlaşdılar. Artıq bağçaya öyrəşmişdilər. Əvvəl istəksiz olsalar da, zamanla bu gedişə alışmışdılar. Böyük olan digər iki bacısı onları bağçaya aparırdı. Əllərini möhkəm tutardılar və yol boyu ehtiyatla gedərdilər. Bu gün də ananın tapşırığı ilə bacılar onları bağçaya aparırdılar. Yol boyu ətrafı seyr edərdilər. Bir quş səsi, yolda dayanan balaca pişik balası, bir iri heyvan onların marağına səbəb olardı. Sevinclə mənzərəyə tamaşa edər, səslərini yamsılayardılar.

Getdikləri yolu əzbər bilirdi.

Bağçaya çatmağa az qalmış, uzaqdan gələn uşaqları görürdü. Öz yoldaşlarından kimsə varmı deyə boylanar, onlara çatmağa çalışardı.

Bağçanın qapısına çatanda bacıları ilə sağollaşıb  balaca bacısının əlindən tutaraq tərbiyəçi müəlliməsinə tərəf addımladı. Səhər məşğələsindən sonra birlikdə sinif otağına daxil oldular. Oyuncaqlarla dolu olan otaqda hər kəs öz aləmində idi. Kimi özü üçün oynayır, kimi bir oyuncaq üstündə dalaşır, kimisi də bir küncdə oturub ətrafı seyr edirdi.

Tərbiyəçi müəllimin göstərişi ilə hər ikisi bir kənarda oturdular. O, yaxında olan oyuncaqları bacısına uzatdı. Özü isə səssizcə onu seyr edirdi. Gözləri tez-tez pəncərədən çölə baxırdı. Onun ən sevdiyi əyləncəsi bağçanın həyətindəki sürüşkən idi. Orada vaxt keçirəndə özünü çox xoşbəxt hiss edirdi. Daha sonrasında isə yolun qapısına baxaraq evə getmək növbəsinin nə vaxt çatacağını gözləyərdi. Qapıda evdəkilərdən birini görəndə üzü gülərdi. Bu iki an onun bağça həyatındakı ən xoşbəxt olduğu anlar idi...

 

***

İndi həmin o balaca qız hər səhər yuxudan erkən oyanaraq, öz balaca qızını bağçaya yola salır. İndi ona baxarkən öz uşaqlığını xatırlayır: süd qoxusunu, qaralmış döşəməni, sevimli sürüşkənini və bacısının əlini buraxmadığını. O, bağçaya getmək üçün hər gün can atır. Anası isə xoş təbəssümlə onu müşahidə edir. Onu bağçadan götürəndə, sevinclə pəncərədən çölə boylanan balacasını görərkən, öz keçmişini də orada görür. Sanki öz uşaqlığı da oradan boylanır. İndi hər gün yola bərabər çıxır, yol boyu gördüklərini birlikdə öyrənirlər. Lakin bu dəfə başqa adla – ana olaraq eyni yolu bir daha keçir. Və Yanında səssizcə öz uşaqlığı addımlayır.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2026)

 

 

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Valideynlik insan həyatında sadəcə bioloji və ya sosial məsuliyyət deyil. Bu anlayış eyni zamanda gələcək bir insan xarakterinin formalaşmasına birbaşa təsir göstərən uzun və mürəkkəb prosesdir. Dünyaya uşaq gətirmək insan həyatının təbii davamı hesab oluna bilər, lakin onu sağlam düşüncəli, özünə güvənən, emosional baxımdan sabit, cəmiyyətə faydalı və daxili dünyası güclü bir şəxsiyyət kimi yetişdirmək artıq tamam başqa məsuliyyət tələb edir.

 

Təəssüf doğuran məqamlardan biri odur ki, bir çox ailələrdə valideynlər övlad böyütmək ilə övlad yetişdirmək arasındakı fərqi tam anlamırlar. Fiziki ehtiyacların ödənilməsi, məktəbə göndərmək, qidalanmasına diqqət etmək, geyim və digər maddi ehtiyacları qarşılamaq valideynliyin yalnız görünən tərəfidir. Görünməyən tərəfdə isə uşağın ruh dünyası, daxili sabitliyi, özünü dərk etməsi və gələcək xarakterinin formalaşması dayanır.

Uşaq tərbiyəsində ən çox rast gəlinən və çox zaman təhlükəli nəticələri uzun illər sonra görünən problemlərdən biri müqayisədir. Maraqlıdır ki, bir çox valideyn bunu səhv hesab etmir. Əksinə, övladını başqaları ilə müqayisə etməyi motivasiya vasitəsi kimi görür. “Bax, qardaşın necə yaxşı oxuyur”, “filankəsin qızı səndən daha məsuliyyətlidir”, “qonşunun oğlu hər gün dərs oxuyur, sən niyə onun kimi deyilsən?” kimi cümlələr bir çox ailələrdə tamamilə adi tərbiyə üsulu hesab edilir. İlk baxışda bu sözlər sadə görünə bilər. Valideyn düşünür ki, övladını inkişaf etdirmək, onda rəqabət hissi yaratmaq və onu daha yaxşı nəticəyə yönəltmək üçün bu yanaşma normaldır. Halbuki pedaqoji baxımdan məsələyə dərindən baxdıqda tamamilə fərqli mənzərə ortaya çıxır.

İnsan psixologiyasının ən həssas dövrləri uşaqlıq illərinə təsadüf edir. Uşaq öz şəxsiyyətini məhz bu dövrdə tanımağa başlayır. O, ilk dəfə özünün kim olduğunu, nəyi bacardığını, nə dərəcədə dəyərli olduğunu ətrafındakı insanların reaksiyaları vasitəsilə dərk edir. Valideyn bu prosesdə ən güclü təsirə malik şəxsdir. Çünki uşaq dünyanı ilk olaraq valideynin gözü ilə görür. Əgər uşağa davamlı şəkildə “sən başqaları qədər yaxşı deyilsən” mesajı ötürülürsə, o zaman bu fikir zamanla uşağın daxili inancına çevrilməyə başlayır.

Burada diqqət edilməli ən mühüm məsələ odur ki, müqayisə uşağı inkişaf etdirmir. Müqayisə uşağın özünü dəyərsiz hiss etməsinə səbəb olur. Valideyn bunu motivasiya hesab etsə də, uşaq bunu çox vaxt “mən yetərli deyiləm” mesajı kimi qəbul edir. Bu hiss isə özünəinamın zəifləməsinə gətirib çıxarır. Özünə güvənməyən uşaq sonradan həyatın digər mərhələlərində də qərar verməkdə çətinlik yaşayır. O, daim özünü başqaları ilə ölçməyə başlayır və öz fərdi xüsusiyyətlərini görmək qabiliyyətini itirir.

Əslində hər insan fərqli yaradılır. Eyni ailədə böyüyən iki uşağın belə xarakteri, maraq dairəsi, emosional həssaslığı və öyrənmə sürəti tamamilə fərqli ola bilər. Bir uşağın riyazi təfəkkürü güclü ola bilər, digəri isə yaradıcı düşüncə baxımından daha üstün ola bilər. Bir uşaq sosial münasibətlər qurmaqda uğurlu olar, digəri isə daxili müşahidə qabiliyyəti ilə seçilər. Problem ondan başlayır ki, valideyn çox zaman övladını olduğu kimi qəbul etmək əvəzinə onu müəyyən standartlara uyğunlaşdırmağa çalışır.

Müasir pedaqogikanın əsas prinsiplərindən biri uşağın fərdi inkişaf tempinə hörmət etməkdir. Hər uşaq eyni yaşda eyni şəkildə düşünmür, eyni sürətlə öyrənmir və eyni istiqamətdə inkişaf etmir. Təhsil tarixində uşağın fərdi inkişaf xüsusiyyətləri haqqında aparılmış araşdırmalar göstərir ki, insan beyninin inkişaf mərhələləri standart sxem üzrə hər kəsdə eyni formada getmir. Buna baxmayaraq ailələrdə çox zaman belə yanaşma formalaşır: əgər başqa bir uşaq müəyyən nəticə əldə edibsə, mənim övladım da eyni nəticəni göstərməlidir.

Valideyn burada çox mühüm psixoloji səhvə yol verir. O, övladının potensialını yox, başqasının nəticəsini ölçü vahidinə çevirir. Halbuki tərbiyənin əsas məqsədi uşağı kimləsə yarışdırmaq deyil. Əsas məqsəd onun daxili imkanlarını inkişaf etdirməkdir.

Müqayisənin yaratdığı mənfi nəticələrdən biri də gizli aqressiyanın formalaşmasıdır. Uşaq valideynin hər dəfə başqasını nümunə göstərdiyini gördükcə daxilində narazılıq yaranmağa başlayır. O, bir müddət sonra həmin müqayisə edilən insanlara qarşı mənfi münasibət formalaşdırır. Qardaşla müqayisə edilən uşaq zamanla qısqanclıq hissi yaşaya bilər. Sinif yoldaşı ilə davamlı müqayisə olunan uşaq sosial münasibətlərdə kompleks hiss etməyə başlayar. Beləliklə, valideyn fərqinə varmadan uşağın emosional tarazlığını pozur.

Maraqlıdır ki, bəzi valideynlər müqayisəni təkcə akademik nəticələr üzərində qurmurlar. Bəzən xarici görünüş, davranış, xarakter və hətta emosional xüsusiyyətlər belə müqayisə obyektinə çevrilir. “Bax, filankəs nə qədər sakitdir”, “başqaları sənin kimi cavab qaytarmır”, “sən niyə hamı kimi ola bilmirsən?” kimi ifadələr uşağın daxili dünyasında dərin iz qoyur. Çünki bu cümlələr birbaşa onun şəxsiyyətinə yönəlmiş mesajdır. Uşaq zamanla öz təbii xüsusiyyətlərini qəbul etməməyə başlayır.

Burada valideynin niyyətinin yaxşı olması nəticəni dəyişmir. Çox zaman valideyn həqiqətən övladının uğurlu gələcəyini istəyir. Problem məqsəddə yox, üsuldadır. Tərbiyədə istifadə edilən metod bəzən nəticədən daha böyük əhəmiyyət daşıyır. Uşaq üzərində qurulan psixoloji təzyiq uzun müddət görünməyə bilər, lakin illər sonra özünü müxtəlif formalarda göstərir. Özünə inamsızlıq, sosial qorxu, qərar verməkdə çətinlik, uğursuzluqdan həddindən artıq qorxmaq və daim təsdiq axtarmaq kimi problemlərin kökündə çox zaman uşaqlıq dövründə yaşanan emosional təcrübələr dayanır.

Bir məsələni xüsusi vurğulamaq lazımdır. Uşağın inkişaf etməsi üçün motivasiya lazımdır. Lakin motivasiya ilə təzyiq arasında görünməyən sərhəd mövcuddur. Valideyn övladını inkişaf etdirmək istəyirsə, ilk növbədə onun öz potensialını tanımasına kömək etməlidir. Məsələn, uşağın dərslərində zəif nəticə göstərməsi onu başqa uşaqlarla müqayisə etmək üçün səbəb deyil. Əksinə, burada əsas sual başqa olmalıdır. Uşaq niyə çətinlik yaşayır? Problem diqqət zəifliyidir, maraqsızlıqdır, emosional gərginlikdir, yoxsa metod səhvidir? Uşağın nəticəsinə baxmaq asandır. Səbəbi anlamaq isə valideynin həqiqi pedaqoji məsuliyyətidir.

Ailələrdə çox rast gəlinən yanlış yanaşmalardan biri də uşağın uğurunu ailənin nüfuzu ilə əlaqələndirməkdir. Bəzi valideynlər övladının nailiyyətlərinə onun fərdi inkişafı kimi deyil, sosial göstərici kimi baxırlar. Uşaq yüksək bal toplamalıdır, çünki ailənin adı var. Uşaq hamıdan yaxşı olmalıdır, çünki valideyn uğur görmək istəyir. Bu yanaşmada uşağın hissləri arxa plana keçir. O, bir insan kimi deyil, nəticə gətirməli olan şəxs kimi qəbul edilir. Belə böyüyən uşaqlar zamanla sevginin şərtli olduğunu düşünməyə başlayırlar. Onlar hesab edirlər ki, yalnız uğur qazandıqları zaman sevilirlər.

Halbuki sağlam tərbiyənin təməlində şərtsiz qəbul anlayışı dayanır. Uşaq bilməlidir ki, onun dəyəri yalnız nəticələrlə ölçülmür. O, uğursuz olduğu gün də, səhv etdiyi an da, zəif göründüyü dövrdə də ailəsi tərəfindən qəbul olunur. Bu hiss daxili güvən yaradır. Özünü güvəndə hiss edən insan isə inkişaf etmək üçün daha sağlam motivasiya qazanır.

Valideynlər bəzən fərqinə varmadan öz uşaqlıqlarını da övladlarının həyatına daşıyırlar. Keçmişdə ala bilmədikləri uğuru övladlarından gözləyirlər. Öz reallaşmayan arzularını uşaqların üzərinə yükləyirlər. Əgər valideyn vaxtilə müəyyən imkanlardan məhrum olubsa, o, övladının mütləq hər sahədə ideal nəticə göstərməsini istəyir. Psixoloji baxımdan bu, nəsillərarası təzyiq forması yaradır. Uşaq öz arzularını deyil, başqasının gözləntilərini daşımağa başlayır.

Tərbiyədə ən sağlam yanaşmalardan biri müqayisəni başqaları ilə yox, insanın öz inkişafı ilə aparmaqdır. Əgər uşaq dünən müəyyən səhv edib, amma bu gün daha yaxşı davranırsa, bu artıq inkişafdır. Əgər o, keçən il müəyyən mövzuda çətinlik çəkirdisə, indi daha rahat öyrənirsə, bu uğurdur. İnsan öz yolu ilə inkişaf etməlidir. Başqasının yolu heç vaxt universal ölçü vahidi ola bilməz.

Cəmiyyətimizdə çox vaxt uğur anlayışı yanlış təqdim edilir. İnsanlar yalnız nəticəni görürlər. Yüksək qiymət, yaxşı universitet, prestijli peşə və maddi imkanlar uğur göstəricisi hesab olunur. Halbuki emosional baxımdan zəif, özünə inamsız, daim özünü başqaları ilə müqayisə edən insan zahirdə uğurlu görünə bilər, lakin daxilən sabit olmaya bilər. Valideynin əsas məqsədi yalnız nəticə qazanan övlad böyütmək olmamalıdır. Daha vacib məsələ daxili olaraq sağlam insan yetişdirməkdir.

Uşaqlar gələcəyin cəmiyyətini formalaşdırırlar və bugünkü ailə daxilində qurulan münasibətlər sabahın sosial davranış modelinə çevrilir. Daim müqayisə edilən, özünü yetərsiz hiss etməyə məcbur qalan, sevgini yalnız uğur və nəticələr üzərindən tanıyan bir uşaq böyüdükdə çox zaman həmin modeli özü də təkrarlayır. Beləliklə, fərqinə varmadan yanlış tərbiyə üsulları bir ailədən digərinə, bir nəsildən növbəti nəslə ötürülməyə başlayır.

Valideynlik sadəcə istiqamət göstərmək prosesi deyil. Bu, insanın daxili dünyasına toxunmaq, onun gələcəkdə özünü necə görəcəyini müəyyənləşdirmək və şəxsiyyətinin təməlini qurmaq məsuliyyətidir. Uşağın zehninə bilik ötürmək mümkündür, lakin onun daxilində sağlam özünəinam yaratmaq, özünü dəyərli hiss etməsinə şərait qurmaq və həyatla münasibətində daxili güc formalaşdırmaq daha mürəkkəb, eyni zamanda daha qiymətli proses hesab olunur.

Unutmaq olmaz ki, hər uşaq ayrı dünyadır. Hər insan fərqli xarakterlə, fərqli temperamentlə, fərqli potensialla və fərqli inkişaf ritmi ilə həyata gəlir. Bir uşağı başqası ilə müqayisə etmək əslində onun fərdiliyini görməmək, özünəməxsus xüsusiyyətlərini dərk etməmək və onu başqasının ölçüləri daxilində qiymətləndirmək deməkdir. Halbuki sağlam tərbiyənin əsas prinsipi uşağın kiməsə bənzəməsinə çalışmaq deyil, onun öz imkanlarını tanımasına və inkişaf etdirməsinə şərait yaratmaqdan ibarətdir.

Valideyn övladına yaxşı təhsil verə, onun rahat böyüməsi üçün maddi imkanlar yarada və həyat yolunda qarşılaşacağı çətinlikləri azaltmağa çalışa bilər. Ancaq həqiqi valideynlik bundan daha dərindir. Əsl valideynlik uşağa daim hiss etdirməkdən başlayır ki, insan bu dünyaya başqaları ilə yarışmaq üçün deyil, öz potensialını tapmaq və öz kimliyini qurmaq üçün gəlir. Çünki uşağın illər sonra xatırlayacağı əsas məsələ ona alınan əşyalar, qoyulan qadağalar və ya verilən nəsihətlər olmur. İnsan çox vaxt uşaqlıq dövründə özü haqqında eşitdiyi fikirlərlə yaşayır və özünü həmin fikirlərin yaratdığı daxili səs vasitəsilə tanıyır.

Məhz buna görə valideyn hər dəfə övladına müraciət edərkən sadəcə söz demir. O, gələcək bir insanın özünü necə görəcəyini müəyyən edən daxili səsi formalaşdırır. Uşağın xarakterində görünən hər güvən, hər qorxu, hər cəsarət, hər tərəddüd müəyyən mənada ailə daxilində eşitdiyi münasibətin davamına çevrilir. Bu səbəbdən tərbiyə prosesində ən böyük məsuliyyət uşağı başqalarından üstün etmək deyil, onun özünü dəyərli insan kimi hiss etməsinə imkan yaratmaqdır. Çünki gələcəkdə cəmiyyətin necə olacağını müəyyən edən əsas faktor yalnız məktəblər və institutlar deyil; bu gün ailə daxilində qurulan münasibətlər və valideynin övladına verdiyi mənəvi mesajlardır.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2026)

Çərşənbə, 01 İyul 2026 12:13

Biri ikisində - Hacıbala Mahmudovun debütü

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Hacıbala Mahmudovun debüt şeirləri təqdim edilir.

 

Və bəri başdan deyirik ki, çox qeyri-adi, dərin, məzmunlu, gözəl şeirlərdir. Bəyənəcəyinizə arxayınıq. Xüsusən, ənəvi şeirçiliyin şablon qafiyələri və bənzər deyimləri ilə gözlərimiz və qulaqlarımız yorulduğu bir zamanda bu gənc sanki şeirə yeni ovqat, dirəniş verir.

Xoş mütaliələr.

        

 

 

Hacıbala MAHMUDOV

DEBÜT ŞEİRLƏRİ

 

 

***

 

Yenə yoxsan... 00:35,

Yada düşür unutduğum mahnılar.

Gicgahımda xəyanətin tətiyi,

Ürəyimdə öyrətdiyin ağrılar

 

Xoşbəxtlikdən bir qadınlıq uzağam,

Məsafələr yenə görür işini...

Sənə lazım deyiləmmiş, qadınlar

sevmir axı ağlatdığı kişini.

 

Ağır içki, Sezen Aksu, qaranlıq...

Tənhalığın nəvazişin çəkirəm.

Bu gün elə ağrıyıram, elə bil

Ürəyimin ağıl dişin çəkirəm.

 

Həsrət məni yeyə bilmir nə vaxtdı,

Bilmirəm ki, itdi, yoxsa küçükdü.

Kədər rahat gəlib gedir, boyu da

Evimizin qapısından kiçikdi.

 

Səndən sonra yaşayaram necəsə,

Gedən geri qayıtmasa, yaxşıdı.

Bürclərinin daşı uçmuş qalayam,

Külək vurub dağıtmasa yaxşıdı...

 

 

DƏNİZ VƏ GƏMİ

 

Arada gedirəm dənizə sarı,

Dalğalar içimdən qəmi aparır.

Elə ləngər vurur suda, elə bil

Dünyanın yükünü gəmi aparır.

 

Bir nəfər sahildən quşlara baxır,

Ovcunda olana xəsislik edir.

Ət ilə balığın müqayisəsi

Nə yaxşılıq edir, nə pislik edir

 

Dənizin göyərib dərisi yenə,

Ayrılan qəlblərin çırpınışından.

Bir az da inciyib dəniz elə bil

Dəmir parçasının davranışından.

 

Gəmidən inciyib, gəmidən küsüb,

Necə sevənləri ayıra bilir?!

O axı sevgidən udur hamını,

Bermud üçbucağın dairə bilir.

 

Gəmi uzaqlaşıb üfüqə çatır,

Kiçilir gözümdə böyütdüklərim.

Balıqqulağının dili açılıb,

Eşitmədiklərim, eşitdiklərim...

 

Dənizdə tanışdı, gəmi də mənə,

İçində bir nəfər unutduğumdu.

Dilimin ucunda adı dolanan

Kirpiyin ucunda qurutduğumdu.

 

Gəmilər suların qaranlığına,

Balıqlar yem olur ağ ayılara.

Deyirlər, dənizdə fırtına qopur,

Çörək verməyəndə qağayılara...

 

 

“SƏNİ GÖRMƏK... ”

 

Səni ilk dəfə görəndə külək sahildə uşaqların çərpələngini oğurlayırdı,

Havanın qanı qaralmışdı, islanmışdıq, buludlar soğan doğrayırdı.

Səni görmək təxəyyülümün ən çılğın ehtirası, kor adamın gördüyü ən rəngli yuxudur,

Səni görəndə dəniz də ağzının suyun axıdır.

Səni görmək səndən gələn ətirin ürək notlarının səsini duymaq,

Səni görmək həbsxanada qaşıqla taxtanın üzərində qadın heykəli oymaq.

Səni görmək qəlbimin xəfif külək toxunuşlu əsintisi,

Bir körpənin doğuşda həyatını itirmiş anasının qucağında cənnət gəzintisi.

Səni görmək yaz dirilişi, təbiət canlanması,

Səni görmək dünyanın ən son həftəsinin qiyamət günü, yer və göyün nişanlanması.

Səni görmək çarəsizliyimlə barışmaqdı, bircə dəfə güləsən deyə, barmaqlarımı çənəmin altında hörməyimdi.

Məsələ səni görmək deyil, sənin məni görməyindi...

 

 

MÜŞAHİDƏ ETDİKLƏRİM...

 

Üzünə düşən ikinci yağış damcısından sonra, ovucunu səmaya doğru tutan adamın şübhəsi qədərdi, inancımız.

Yoxlayırıq, hər şeyi yoxlayırıq.

Dərmanların sitayiş etdiklərimizdən daha təsirli olduğunu düşünürük, kəsmirsə sancımız.

Gülərüz insanların həyatı, sonu ayrılıq və ölümlə bitən filmdən daha dramatikdir.

Zəncirvari nöqsanlarımın tövbələri, ağ vərəq üzərində düzəlişlər kimidir.

Etdiyim günahlar, hamısı qrammatikdir.

Gördüklərimizə verdiyimiz adlar – düşüncə güzgümüzün əks etdikləridir.

Bütün toylardan yadımda qalan – tanımadığım insanların, bir-biri ilə rəqs etdikləridir.

Ulduzlar – göy üzünün yeniyetməlik səpkiləridir.

Burulğan, fırtına – dənizin intiharlara ilkin təpgiləridir.

Buludlar – yadplanetlilərin təhlükəsizlik yastıqlarıdır.

Yalnışlar – kafirlərin İsa deyil, əvəzinə başqasını çarmıxdan asdıqlarıdır.

Gənclik – qaçaraq, birnəfəsə qalxdığın pilləkənləri sürüşməkdi, sürahilərdə.

Allaha sevgi, bəlkə də, bizdən daha çoxdu, “ateist saqqallı” dahilərdə.

Bütün rənglərin boz olduğu şəhərdə, saçlarımın ağarmağa başlaması, ahəngə uyğundur.

Ağlamaq – mühit dəyişkənliyinə alışan birinci duyğundur.

Sevgi – ürək xəstəliyi, ritm pozğunluğudur.

Sərbəstlik – evdar qadın yorğunluğudur.

Sən, gecə korluğum, barmaq məsamələrimin yaddaşı,

Eşq – ipə-sapa yatmayan qozbelin əhlət daşı.

İnsanlar – cənnətdən qovulmuş mələyin ən yaxın qonşusu.

Dünya – günahkarların gecəqondusu...

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2026)

 

Çərşənbə, 01 İyul 2026 17:13

Doğum gününüz mübarək, ölümsüzlər!

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Şəhid kiçik leytenant Tural Qələmhüseyn oğlu Cahangirov 1 iyul 1991-ci ildə Yardımlı rayonunun Şıxlar kəndində anadan olmuşdur. O, həm Vətən müharibəsində arxa cəbhədə, həm 2022-ci ilin Sentyabr döyüşlərində, həm də 2023-cü ilin lokal antiterror tədbirlərində böyük fədakarlıq və şücaət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman zabitidir.

 

Uşaqlıq illəri və təhsili

Tural Cahangirov 1997-ci ildə Yardımlı rayon Şıxlar kənd tam orta məktəbində birinci sinfə getmişdir. 2003-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinin Pirallahı qəsəbəsinə köçmüş və təhsilini buradakı 168 nömrəli tam orta məktəbdə davam etdirərək 2011-ci ildə məzun olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidməti dövründə xüsusi bacarığı ilə seçilərək kəşfiyyat manqa komandiri vəzifəsinə qədər yüksəlmişdir. 2013-cü ildə xidmətini tamamlayıb Pirallahıya qayıtmış və buradakı zavodların birində operator kimi çalışmışdır.

 

Hərbi karyerası və Sentyabr döyüşləri

İçindəki sonsuz Vətən sevgisi onu yenidən ordu sıralarına səsləmişdir. 2020-ci ildə Vətən müharibəsinə könüllü yazılsa da, o zaman cəbhəyə aparılmamışdır. Lakin Tural inadından dönməyərək 2021-ci ilin yanvarında Müdafiə Nazirliyinin MAHHXQ (Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu) kurslarına qatılmışdır. Kursu uğurla bitirdikdən sonra Laçında yerləşən "N" saylı hərbi hissədə kəşfiyyat tağım komandirinin müavini kimi xidmətə başlamışdır. 2022-ci ilin 12-14 sentyabr tarixlərində baş verən irimiqyaslı sərhəd toqquşmalarında (Sentyabr döyüşləri) misilsiz qəhrəmanlıq göstərmişdir. Döyüş tapşırığı zamanı düşmən mühasirəsində, neytral zonada 4 gün ac-susuz qalan Tural, hərbi zəkası sayəsində rəhbərlik etdiyi 11 nəfərlik şəxsi heyəti itkisiz şəkildə sağ-salamat geri çıxarmağı bacarmışdır. Bu şücaətindən sonra o, 2022-ci ilin sonundan 2023-cü ilin əvvəlinə qədər davam edən “Gizirlərin Zabit Vəzifələrinə Hazırlığı Kursu”nu motoatıcı ixtisası üzrə fərqlənmə ilə bitirmiş və 6 fevral 2023-cü ildə Müdafiə nazirinin əmri ilə "Kiçik leytenant" rütbəsi alaraq zabit kimi xidmətini yenidən Laçında davam etdirmişdir.

 

Antiterror tədbirləri və şəhidlik zirvəsi

19 sentyabr 2023-cü ildə Qarabağda Azərbaycanın konstitusiya quruluşunun bərpası üçün başladılan lokal antiterror tədbirlərinə qatılmışdır. Kiçik leytenant Tural Cahangirov Ağdam rayonu istiqamətində gedən ağır döyüşlərdə ön cəbhədə vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi doğulduğu Yardımlı rayonunun Şıxlar kənd qəbiristanlığındakı Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırılmışdır.

 

Ailəsi

Tural Cahangirov 2015-ci ildə ailə həyatı qurmuşdur. Ondan geriyə Vətənə əmanət olan iki azyaşlı övladı — 2017-ci il təvəllüdlü Fatimə adlı bir qızı və 2019-cu il təvəllüdlü Fərid adlı bir oğlu yadigar qalmışdır. Yaxınları və dostları onu çox mehriban, ailəcanlı, ətrafındakılara qarşı son dərəcə xeyirxah bir insan kimi xatırlayırlar.

 

Dövlət təltifləri

Göstərdiyi misilsiz igidliklərə görə Tural Cahangirov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə aşağıdakı yüksək dövlət mükafatlarına layiq görülmüşdür: 3-cü dərəcəli "Rəşadət" ordeni

“Vətən uğrunda” medalı

“İgidliyə görə” medalı.

Şəhidimizin adı Bakının Pirallahı rayonunda və Yardımlıda hər il anım tədbirləri ilə əbədiləşdirilir, oxuduğu məktəbdə xatirəsi daim uca tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2026)

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

 

Ayrılıq sözünə ağladı göylər,

Yeri bilinməmiş yolumu azdım.

Şirin olmasaydı sevgi bu qədər,

Ona acı-acı mən ağlamazdım.

                       Bəxtiyar Vahabzadə

 

Burada br paradoks var – sevgi nə qədər gözəldirsə, ondan doğan ayrılıq da bir o qədər ağır olur. Sevgi – acının şirin adı həm ruhu yüksəldir, həm də yaralayır. Beləliklə, sevgi həyatın mənası olduğu qədər, insanın dözümlülüyünün də sınağıdır. Sevgidə insan bəzən yönünü, hətta kimliyini itirə bilər. Amma bu “azma” bəzən də öz içini tapmaq deməkdir.

 

“Ayrılıq sözünə ağladı göylər.” Sanki təbiət də bizimlə ağlayır. Bu bədii obraz həm poetik romantizmi, həm də sevginin ümumbəşəri, kosmik ölçüsünü ifadə edir. Sevgi yalnız iki insan arasında deyil, bütün kainatın ritmində mövcuddur. Burada göylərin ağlaması həm hiperboladır, həm də sevginin ilahi, kainatı titrədən gücünə işarədir.

Bu qısa misradan belə nəticə hasil olur ki, sevgi sadəcə hiss deyil – bir öyrənmədir, bir sınaqdır, bir kamillik yoludur. O, həyatın ən böyük mükafatı ola bilər, amma onun qiyməti bəzən ayrılıq, göz yaşı və daxili boşluqla ödənir.

 

Burada gizlənən həqiqət budur:

Sevgi acıdır, bəzən yol azdırır, amma yenə də onsuz həyat natamamdır.

Bəli, sevgi ağrısı olmayan, ayrılığı yaşanmayan bir hiss olsaydı, bəlkə də bu qədər saf, bu qədər dəyərli olmazdı.

Həqiqətən, sevgi bir acı ilə yadda qalırsa, demək ki, o, gerçək sevgi olub.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2026)

 

  

 

 

 

Harun Soltanov,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Bir səhər oyanırsan. Hər şey yerindədir. Stol, yerində. Divar, susur. Pəncərə, hər günkü kimi açıq, amma nəfəs almır. Və sən də yerindəsən, amma yoxsan. Yəni varsan, amma səssiz. Adın var, amma səsin yox. Hissin var, amma dilin yox. Çünki bu dövr, bu şəhər, bu cəmiyyət səssizləri sevir. Onların içində nə qədər qışqırıq varsa, bir o qədər dəyərlidir səssizlikləri.

 

Əslində sən bağırırsan. Gecənin içində, günorta yol gedərkən, metroda, telefona baxarkən, musiqinin ritmində, mesaj yazıb silərkən… Amma səni eşidən yoxdur. Çünki bu dövrün ən böyük səsi səssizlikdir. Bu dövrün "normalı", ruhi boşluqda möhkəm görünməkdir. Sən uçuruma yaxınsan, amma saçını darayırsan. Sən dağınıqsan, amma Instagram bio’n nizamlıdır.

Sartr demişdi ki, “İnsan azaddır, amma bu azadlıq lənətdir.” Və biz bu lənəti “stabil həyat” deyə paketləyib satırıq bir-birimizə. Özümüzü sevməyə vaxtımız yoxdur, amma “özünü sev” statusu paylaşmağa zaman tapırıq. Dostoyevskinin qaranlıq qəhrəmanları kimi özümüzlə danışırıq, amma bunu dilimizə gətirməkdən qorxuruq. Çünki bir cümlə səni yıxa bilər. “Dəlicə düşünürsən.” Və sən bilirsən ki, bu cümlədən sonra heç nə əvvəlki kimi olmur. Biz içimizdəki “dəli”ni artıq kilidlə bağlamırıq. Biz onu çiynimizdə daşıyırıq, amma ona ad qoymamışıq. Hər gün ofisdə təbəssüm edərkən, sevgilimizə cavab yazarkən, ata-anaya “narahat olmayın, yaxşıyam” deyərkən, o “dəli” bizim yerimizə baxır həyata. Nitşe yazırdı: “Əgər uzun müddət uçuruma baxsan, uçurum da sənə baxar.” Biz artıq baxmırıq. Çünki baxsaq, orda özümüzü görəcəyik. O dəliyi. O parça-parça olmuş “mən”i. Ruhumuzun yerini artıq motivasiya əvəz edir. Kitablar “necə xoşbəxt olaq?” sualıyla doludur. Amma heç kim soruşmur: “Əgər xoşbəxt olmaq istəməsəm, nə olacaq?” Bəlkə mən sadəcə yaşamaq istəyirəm. Tələsmədən, düzəlmədən, özümü tanımadan belə. Sadəcə yaşamaq. Ağrılı, səssiz və həqiqi..

 Əslində biz sağalmırıq, dostum. Biz uyğunlaşırıq. Yəni hər kəsin oynadığı səhnədə rolumuzu qəbul edib ssenariyə uyğun danışırıq. Tənha bir adam psixoloqa gedir, içini tökür, sonra metroya minir və yenidən susur. Yəni psixoloqun otağında danışırıq, amma cəmiyyətin içində yenə də lalıq. Qışqırmaq istəyən bir xalqıq, amma sözümüz çox zaman dizayndır, ruh deyil. Bu dünyada insanlar artıq xoşbəxtlik üçün yox, xoşbəxt görünmək üçün yaşayır. Tədbirlər keçirilir. “Ruhun gücü” konfransları, “özünü tap” seminarları, “psixoloji rahatlıq” təlimləri. Orda ruh yoxdur. Orda sadəcə çıxış var. Sponsor var. Stiker var. Amma ruh? YOXDUR. Çünki ruh özünü belə təqdim etmir. O səssizcə yanır. O zaman aydın olur ki, artıq gecdir. O zaman artıq maskanı çıxarmaq faydasızdır, çünki altındakı üz də maskalaşıb. Sənin gülüşün gülüş deyil. Sənin susqunluğun sakitlik deyil. Sən artıq öz ağrına da yalan danışırsan.

Bax buna görə, dostum, bu dövrün ən dəli adamı, həqiqi hiss edəndir. Həqiqi yaşayan. Hissinə ad qoymayan, amma onu gizlətməyən. Qışqırmaq istəyəndə qışqıran. Əzildiyini biləndə susmayan. O adam, bu sistemin "problemidir". Amma bəlkə də tək normal olan odur.  Sənin susqunluğunla başlanan bu çağırış, indi başqa bir səssizliklə davam edir. Tədbirlərin içində boğulan mədəniyyətin səssizliyi ilə. Çünki bu sistem təkcə insanı deyil, sənəti də susdurur. Hisslərini maskaya çevirən cəmiyyət, indi eyni maskanı poeziyanın, musiqinin, düşüncənin üzünə taxıb. Bəs biz hansı mədəniyyəti qeyd edirik əslində? Gəl bir də ora baxaq. Səhnələrin arxasına, mikrofonların titrəmədiyi yerlərə, misraların titrətmədiyi ürəklərə...

Hər yerdə tədbir var. Gecə-gündüz konfranslar, seminarlar, sərgilər, poeziya gecələri, “yaradıcı görüşlər”. Zəngin fon musiqiləri, pastel rəngli afişalar, “mədəniyyətin inkişafı” üçün yaradılmış komitələr. Giriş pulsuz, amma çıxış bahalı. Çünki hər çıxışda ruhundan bir şey itirirsən. Ətrafına bax. Poeziya gecəsində kimsə misra eşidəndə titrəmir. Musiqi tədbirində heç kim dodağını dişləmir. Kitab təqdimatında heç kim susub bir abzası təkrar-təkrar oxumur. Çünki biz artıq hiss etməyən bir nəsilik. Hiss etmək vaxt aparır, səni çılpaqlaşdırır. Bizim üçünsə çılpaq görünmək, təkcə fiziki deyil, ruhi olaraq da təhlükəlidir. Bu səbəbdən biz musiqiyə qulaq asmırıq, onu istehlak edirik.

Poeziyanı sevmirik, onu etiket kimi istifadə edirik. Kitab oxumuruq, sadəcə oxuduğumuzu göstəririk. Əvvəllər sənət ağrıdan doğurdu. İndi isə tədbirlər ağrının yoxluğunu qeyd edir. Əvvəllər sənətkar öz içini tökərdi, indi isə o, format uyğunluğu və sponsor məmnuniyyəti üçün yazır. Mədəniyyət artıq ifadə deyil, funksiyadır. O bir ticarətdir, bir brenddir, bir dekorasiyadır. İçində məna yoxdursa belə, görüntüsü var deyə qəbul edilir. Bu görüntü, bizə çox şey yoxmuş kimi davranmaq lüksü verir. Əgər sən Hacıbabanın səsində yanmırsansa, sus. Əgər sən bir heykələ baxıb nəfəsini tutmursansa, keç yanından. Əgər sən bir misranın içində bir gecə ilişib qalmırsansa, “ədəbiyyatsevər” statusunu poz. Çünki sən sənətə toxunmursan. Sən sadəcə onun vitrininə baxırsan. Bizim nəsil sənəti vitrindən seyr edir amma heç vaxt onu qırıb içəri keçmir. Və bu tədbirlər, hər biri bir cənazə mərasimidir. Sənətin özünün yox, onun ruhunun dəfnidir. Biz mədəniyyəti qeyd etmirik, biz onun yoxluğunu təmtəraqlı səhnələrdə, mikrofonların qarşısında, instaqram storilərdə maskalayırıq. Biz artıq dinləmirik, fon musiqisi qoyuruq ki, səssizlik bizə vicdan kimi dəyib keçməsin. Bəlkə də biz mədəniyyətə heç vaxt sahib olmadıq. Bəlkə də biz sənəti yalnız imitasiyada yaşatdıq. Ona görə də hər tədbir bir az daha soyuq, bir az daha rəsmi, bir az daha boş gəlir. Orda kiminsə gözləri dolmur. Orda kiminsə içi titrəmir. Çünki artıq ora insanın daxili girmir. Dostoyevski öz qəhrəmanlarını ağrıyla yazarmış. Sartr onları seçimlə tək qoyarmış. Nitşe isə cəmiyyətin saxta dəyərlərini qırıb “bütün dəyərlərin yenidən dəyərləndirilməsi”ni tələb etdi. Biz nə etdik? Biz bu üçünün ruhunu şəkil çəkilən, bəzədilmiş səhnələrdə qəlibə saldıq. Biz sənəti yaşamadıq. Biz onu dizayn etdik. Bax buna görə bu cəmiyyət sənətkar doğurmur. O ancaq çıxış edənlər doğurur. Hiss edənlər yox, təqdim edənlər. Və bu təqdimat, küllər üzərində aparılan bir rəqsdir. Qoyun desinlər ki, tədbirlər çoxdur, mədəniyyət inkişaf edir. Amma mən sənə deyim dostum, bu, inkişaf deyil. Bu, tabutun təkminləşdirilməsidir.

Tədbirlər, konfranslar, səhnələr... orda bir şey yox idi. Amma bəs o heç vaxt səhnəyə çıxmayanlar? Heç kitab təqdimatına getməyən, amma bir cümləsi ilə içini darmadağın edən insanlar? Gəl indi onları axtaraq. Çünki bəlkə də, həqiqi fəlsəfə, səssiz otaqlarda, tərləmiş alınlarda, boş boş baxışlarda doğulur. Və bu fəlsəfənin nə adı var, nə də auditoriyası. Onu ancaq hiss etmək mümkündür. Təsəvvür et, bir otaq, divarları saralmış, pəncərəsi köhnə, sobası çatlamış. Küncdə bir qadın oturub, gözləri yuxuya oxşayır, amma bu yuxu deyil, aclığın yavaş-yavaş şüuru silməsidir. Qoltuğunda körpə yatır. Yan otaqda yeniyetmə bir oğlan çaxmağın fənəri altında dərsə baxır. Oxuyur ki, bir gün fəlsəfə ilə danışa bilsin, amma hər sətrində mədəsində bir sancı qalxır. Onun üçün fəlsəfə bir dəfə də olsa ağrısız düşünmək deməkdir.

İndi soruş! Bu ailənin fəlsəfəsi yoxdurmu?

Bəlkə də biz fəlsəfəni çox yanlış yerdə axtarırıq. Auditoriyalarda, kağızlarda, mühazirələrdə. Amma fəlsəfə, tənhalıqda başını əyib Allaha nəsə deməyə çalışan kasıb bir atanın pıçıltısında gizlidir. Fəlsəfə, bütün həyatını başqasına qurban verən bir qadının, gecənin ortasında susub gözlərini tavana dikməsindədir. Fəlsəfə, əslində heç danışa bilməyənlərin qaranlıqda saxladığı o bir cümlədədir: “Mən niyə bu həyatda bu qədər yoxam?” Biz fəlsəfəni elitanın əyləncəsinə çevirdik. Sanki dərin düşünmək, rifahın məhsuludur. Sanki ağrının içində olan insanın düşüncəsi kobud olur, "natamam" olur. Amma əslində, kasıbın fəlsəfəsi daha çılpaq, daha həqiqidir. Çünki orda imitasiya yoxdur. Orda başqasını təəssüratlandırmaq ehtiyacı yoxdur. O düşüncələr, sadəcə yaşamaq üçün doğulur. Ölülərdən biri yazırdı, “İnsan seçilməyə məhkumdur.” Amma kasıb bu seçimi nəylə edir? O, universitet seçmir, çünki ora pul lazımdır. O, psixoloqa getmir, çünki gündəlik çörəyi tapmalıdır. O, kitab almır, çünki kitab alanda qazanc bir gün gecikir. Və sən deyirsən ki, o fəlsəfi düşünmür? Bəs əgər insan hər gün bu qədər seçimsizliyin içində ayaqda qalmağa çalışırsa, bu özü fəlsəfə deyilmi?

Başqa bir ölü deyirdi, “Dəyərlərin yenidən dəyərləndirilməsi.” Bəs cəmiyyətimizin dəyəri nədir? Diplom? Xarici dil? Nüfuzlu ailə? Paylaşılan səhnələr? Bəs ayaqqabısı cırıq halda da qürurunu itirməyən adamın dəyəri haradadır? Biz niyə o adamın adını “tənbəl”, “biliksiz”, “səviyyəsiz” qoyuruq? Niyə onun ruhunun səsini heç vaxt eşitmirik? Dostoyevski yazırdı ki, insan nə qədər acdırsa, bir o qədər dərin düşünür. Amma biz bu həqiqəti unutduq. Biz artıq kasıba “niyə kitab oxumursan?” deyirik. Ona demirik ki, “oxuya bilmək üçün hansı ağrıları susdurdun?” Biz fəlsəfəni, bir az yuxarıdan salırıq insanların üstünə. Halbuki fəlsəfə yuxarıdan gəlməz. O, dibdən çıxır. Çürümüş taxtaların altından, səs keçirməyən divarların arxasından, soyuducusu boş qalmış bir evin içindən. Orda suallar daha kəskin, cavablar daha yalındır. Bəzən düşünürəm. Bəlkə də biz fəlsəfəni heç anlamamışıq. Biz onu oxumuşuq, yaşamaq əvəzinə. Biz onu müzakirə etmişik, susmaq əvəzinə. Biz onu yazmışıq, hiss etmək əvəzinə.

Halbuki bir kasıb qadın var idi. Mən onda hələ kollecdə oxuyur, şadlıq evlərində ofisiant işləyirdim. Mən onu tanıyırdım. Bütün gün bulaşmış əlləriylə qab yuyardı. Heç vaxt heç kimə fəlsəfədən danışmadı. Amma bir dəfə o, telefonda qızına belə dedi: “Əgər çörəyi iki nəfərə bölməkdən utanırsansa, hələ heç böyüməmisən.”

 Bax dostum, bu fəlsəfədir. Nə Sartr yazıb, nə Aristotel, nə də bir başqa tarixi şəxsiyyət. Amma onların hamısını içində daşıyır. Bütün bu susqunluqlar şəxsi deyil. Onlar cəmiyyətin yazmadığı, amma hər gün yaşadığı manifestdir. Tədbirə getməyən adam, fəlsəfə oxumayan kasıb, hisslərini paylaşa bilməyən dəli, hamısı bir şey söyləyir bizə: “Siz bizə baxmırsınız. Siz özünüzə də baxmırsınız.” İndi isə baxmaq zamanıdır. Amma bu baxış, yüngül olmayacaq. Çünki bu sonluq,sadəcə nəticə deyil. Bu, özünə güzgü tutmağın özü qədər ağrılı və zəruri olan bir baxışdır.

Bəlkə də bu yazı, digərləri kimi heç yazılmamalı idi. Çünki bu sözlər, oxunmaq üçün deyil, utanmaq üçündür. Amma biz artıq utanmırıq. Ən pis budur. Biz içimizdə nəyinsə çatladığını bilirik, amma susuruq. Bilirik ki, tədbirdə dediklərimizlə gecə tək qalanda düşündüklərimiz bir deyil. Bilirik ki, musiqi ilə titrədiyimizi iddia edirik, amma o titrəmə sadəcə səsin vibrasiyasıdır, ruhun yoxluğunu örtmək üçün. Bilirik ki, fəlsəfə deyib dolandığımız çox şey, aclığın, soyuğun, yorğunluğun səsinə susmaq üçündür. Amma deyə bilmirik. Çünki əgər danışsaq, bu sistem çökər. Və biz bu sistemin içində yaşamağa çox alışmışıq. O qədər alışmışıq ki, artıq onun soyuqluğunu da normal sayırıq.

Sən soruşursan: “Nə vaxt dəyişəcəyik?”

Mən cavab verirəm: heç vaxt. Çünki biz dəyişmək istəmirik. Biz dəyişməyin ağrısından qorxuruq. Biz öz içimizə güzgü tutmaqdan qorxuruq, çünki içimizdəki o “dəli”, o “susqun”, o “kasib” bizik. Onlar bizdən qopmuş deyil. Onlar bizim alt qatımızdır. Və heç kim öz alt qatına enmək istəmir.

Dostoyevski deyirdi ki, “Ən çox qorxduğum şey, insanın hər şeyə öyrəşə bilməsidir.” Biz artıq hər şeyə öyrəşmişik. Tədbirlərə. Səssiz ağrıya. Dəyərsiz sənətə. Quru fəlsəfəyə. Və ən dəhşətlisi, özümüzə. Biz ruhumuzu itirmişik, dostum. Və onu itirdiyimizi də unutmuşuq. İndi bu yazı oxunacaq. Bəlkə bir nəfər deyəcək: “Ağır yazıdır.” Bəlkə bir başqası deyəcək: “Çox dərin oldu.” Sonra hər şey davam edəcək.

Amma sən... Əgər bu yazını oxuyub bir az belə içində bir sancı hiss etmisənsə, bil ki, sən hələ tam ölməmisən. Hələ içində azacıq da olsa yanır bir şey. O yanğını söndürmə. Çünki bu dünya, sağ qalan hisslərin qəbiristanlığına çevrilib. Amma bəlkə də bir gün, məhz o sağ qalanlar içimizdə yeni bir səs doğuracaq.

Bəlkə də o səs, sənin olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2026)

 

Çərşənbə, 01 İyul 2026 14:36

Türk sultanları: Osman Qazi

Nigar Xanəliyeva,

“Ədəbiyyat və İncəsənət” portalının Xüsusi layihələr şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat  və İncəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə də türk sultanlarıdır. Bu dəfə Osman Qazi barədə danışacağıq.

 

Təxminən XIII əsrin ikinci yarısında Anadolunun mürəkkəb siyasi şəraitində meydana çıxan Osman Qazi sonradan altı əsrdən artıq mövcud olacaq Osmanlı dövlətinin əsasını qoydu. Bununla belə, onun həyatı və fəaliyyəti haqqında məlumatlar araşdırıldıqda maraqlı bir reallıq ortaya çıxır: Osman Qazinin bioqrafiyası barədə dəqiq tarixi mənbələr kifayət qədər azdır və mövcud bilgilərin mühüm hissəsi hadisələrdən uzun illər sonra yazılmış salnamələrə əsaslanır.

Tarixçilərin qəbul etdiyi məlumata görə, Osman Qazi təxminən 1258-ci ildə Ərtoğrul Qazinin ailəsində dünyaya gəlib. Həmin dövrdə Anadolu Səlcuq Dövləti tənəzzül mərhələsinə qədəm qoymuş, Monqol İlxanlılarının siyasi təzyiqi bölgədə ciddi təsir yaratmışdı. Mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində Anadoluda onlarla türk bəyliyi formalaşmışdı. Məhz belə mürəkkəb geosiyasi şərait Osman Qazinin yüksəlişi üçün zəmin hazırladı.

Ərtoğrul Qazinin vəfatından sonra tayfa rəhbərliyini üzərinə götürən Osman Qazi ilk növbədə Bizans imperiyasının sərhəd bölgələrinə yönəlmiş hərbi strategiya seçdi. O, genişmiqyaslı müharibələrdən daha çox sərhəd qalalarını və strateji yaşayış məntəqələrini nəzarət altına almağa üstünlük verirdi. Bu siyasət həm iqtisadi imkanları artırır, həm də yeni döyüşçülərin onun ətrafında birləşməsinə səbəb olurdu.

Osman Qazinin tarixi şəxsiyyət kimi mövcudluğunu təsdiqləyən ən mühüm mənbələrdən biri Bizans tarixçisi Georgios Paximeresin əsərləridir. Paximeres Osmanı Bizans sərhədlərində sürətlə güclənən türk lideri kimi təsvir edir. Bu fakt göstərir ki, Osman Qazi yalnız Osmanlı salnamələrinin qəhrəmanı deyil, həm də müasir xarici mənbələrdə adı çəkilən real tarixi şəxsiyyətdir.

1302-ci ildə baş vermiş Bafey döyüşü Osman Qazinin siyasi fəaliyyətində dönüş nöqtəsi hesab olunur. Bu döyüşdə Bizans ordusunun məğlub edilməsi Osman Qazinin nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Bir çox tarixçilər məhz bu hadisəni Osmanlı dövlətinin faktiki yaranmasının başlanğıcı kimi qiymətləndirirlər. Qələbədən sonra Bizansın Bitiniya bölgəsində mövqeləri zəiflədi, Osman Qazinin hakimiyyət dairəsi isə sürətlə genişləndi.

Araşdırmalar göstərir ki, Osman Qazi yalnız uğurlu sərkərdə deyildi. O, idarəçilik sahəsində də praqmatik siyasət yürüdürdü. Fəth olunan ərazilərdə kənd təsərrüfatının, ticarətin və yerli idarəetmənin fəaliyyətini davam etdirməsinə imkan yaradılırdı. Yerli xristian əhali dini baxımdan ciddi təzyiqlərlə üzləşmirdi. Bu yanaşma yeni hakimiyyətə qarşı müqavimətin azalmasına və iqtisadi sabitliyin qorunmasına xidmət edirdi. Sonrakı əsrlərdə Osmanlı dövlətinin sürətli inkişafında məhz bu idarəçilik modeli mühüm rol oynadı.

Osman Qazinin adı ilə bağlı ən məşhur hadisələrdən biri "Osmanın yuxusu" kimi tanınan rəvayətdir. Salnamələrdə qeyd olunur ki, Şeyx Ədəbalının evində gördüyü yuxuda sinəsindən çıxan böyük ağac bütün dünyanı kölgəsi altına alır. Lakin müasir tarixşünaslıq bu hadisəni tarixi fakt kimi deyil, Osmanlı hakimiyyətinin legitimliyini əsaslandırmaq məqsədilə sonradan formalaşdırılmış simvolik siyasi mif kimi qiymətləndirir.

Osman Qazinin son illərində Bursa şəhərinin mühasirəsi başlasa da, onun fəthi hökmdarın ölümündən sonra, oğlu Orxan Qazinin dövründə baş verdi. Tarixçilərin əksəriyyəti Osman Qazinin 1324–1326-cı illər arasında vəfat etdiyini qəbul edir. Onun yaratdığı kiçik sərhəd bəyliyi isə qısa müddət sonra regionun ən güclü dövlətlərindən birinə çevrildi.

Müasir tarixşünaslığın gəldiyi ümumi nəticə ondan ibarətdir ki, Osman Qazinin əsas tarixi xidməti yalnız yeni dövlət yaratması deyil, zəif siyasi strukturu möhkəm dövlət institutuna çevirməsi idi. Onun tətbiq etdiyi hərbi strategiya, çevik diplomatiya və praqmatik idarəçilik prinsipləri sonrakı Osmanlı hökmdarlarının imperiya siyasətinin təməlini formalaşdırdı. Tarixi mənbələrdə onun həyatı ilə bağlı bəzi məqamlar mübahisəli qalsa da, Osman Qazinin XIII və XIV əsrlər qovşağında Anadolunun siyasi xəritəsini dəyişdirən liderlərdən biri olduğu tarix elmi tərəfindən qəbul edilən mühüm həqiqətlərdən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2026)

“Ədəbiyyat və incəsənət” portalında hər cümə: Mir Cəlal adına V Hekayə Müsabiqəsindən seçmələr

 

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi də tarixə qovuşdu. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçildi.

 

3-cü yer

Turan Uğurun “Əbabil Quşu” hekayəsi;

Həmid Piriyevin “Müjdə” hekayəsi;

 Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;

2-ci yer

 Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;

 Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;

1-ci yer

 Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.

 

Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının iyun sayında təqdim ediləcək. Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq.

 

 

AYSEL RƏHİMOVA

XALQLAR TÜRMƏSİ

 

Cəhənnəmə düşdüyümü bilirəm, getmək istəmirəm, tərəddüd edirəm. Bu, qanun keşikçisini qane etmir və o, vəziyyətə aktiv müdaxilə edir. Yıxılmamaq üçün divardan tuturam. Zəif olmasam da, zərbənin ağırlığına güclə davam gətirirəm. Paxıl adamın qəlbi kimi pas atmış dəmir qapı çətinliklə açılır. Qıl körpüdən keçirəmmiş kimi kövrək addımlarla içəri keçirəm. “Cəhənnəm qapısı” gurultu ilə arxamca bağlanır...

3x4x3 ölçülü beton kameranın içindəyəm. Döşəmə uzununa yarıya qədər, eninə o baş bu baş yerdən bir metr aralı taxtdan ibarətdir. Qapını saymasaq “qapalı” sistemdir. Qapının gurultusu kamerada bərabər paylanır, bu sistemdəki ətaləti pozur. Taxtın üstündə uzanmış adamlar hərəkətə gəlir. Altı nəfərdirlər, məni məndən əvvəl görüblər. Salamımı alırlar, zemlyak[1] (üzdə “zemlyak”, dalda “çernomazıy[2]...”), keç otur, deyirlər, “girdin qaba, oldun yeməli”. Söz fəlsəfəsinin qanası halda deyiləm. Ayaqqabılarımın bağını çıxardıqlarından kövrək addımlarla irəli gedirəm, bir əlimlə də şalvarımın belindən tuturam ki, düşməsin. Burada kəmər taxmağa da icazə verilmir...

Həmtalelərim sıxlaşıb mənə yer verirlər. Dəri gödəkçəmi quru taxtanın üstünə atıb üstündə uzanıram. Əvvəl taleyin zərbəsindən pozulmuş fikirlərimi səhmanlamaq istəyirəm. Bəxtimdən taleyimə uzanan simin harada qırıldığını bilmək istəyirəm: Anadan azərbaycanlı doğulandamı, ya güləşi atıb Tümenə gül satmağa gələndəmi? Yerli azərbaycanlılarla yerli ermənilər arasında dava düşəndəmi, mən də bu davaya qoşulandamı, millət sözü danışan erməninin ağzını dartıb cırandamı? Qanun keşikçiləri bizi “cinayət başında” yaxalayandamı, ermənini xəstəxanaya buraxıb məni bura salandamı? Səhmana salmaq istədiyim səhmansız fikirlərin içində itib-batıram. Əlimi qara qrafitə salmağım, sonra ağ kağıza basmağım, ağ kağızda qalan qara barmaq izlərim gözlərimin önündən getmir…

Sol tərəfimdə uzanan saqqallı kişi tez-tez öskürür. Həm də elə “ürəkdən” öskürür ki, bu zaman dəmir qapının səsi “musiqi” təsiri bağışlayır. Qonşum, deyəsən, mən tərəfə çevrilir. Çünki, bu dəfə ürəkdən gələn səsləri boğazdan gələn damcılar müşayiət edir. Səksənib gözlərimi açıram: Saqqallı arıq kişi ağzını alnıma dirəyib xorna çəkir. Geri çəkilirəm, əlimi alnıma çəkirəm. Damcılar realdır, hələ deyəsən, “qırmızı”ları da var. Dəhşətə gəlirəm, sağ çiynimin üstünə çevrilirəm. Sağ qonşumun təzə tüklənməkdə olan başı az qala ağzıma girir, keçəl fonda keçəl yaraları aydın görünür. Uzanmağın daha mümkün olmayacağını anlayıram, durub otururam. Ən əvvəl diqqətimi cəlb edən həmtalelərimin iki dəfə artması olur. (Dəmir qapı nahaq yerə açılıb, örtülmürmüş.) Taxtın üstündə az qala, bir-birinin “içinə girib” on iki nəfər uzanmışdı. Aralarında tamam soyunub, bir alt tumanında yatanlar da vardı. Tatara, ya qazaxa oxşayan iki nəfər də ayaq tərəfdə oturub mürgü vururdu. Bunlara, sadəcə olaraq, uzanmağa yer yox idi.

Görəsən, saat neçədir? Adətim üzrə saatıma baxıram. Biləyimdə saatın yeri ağarır - burda saat taxmağa da qoymurlar. “Vaxtın qiyməti olmayan yerdə saatın da əhəmiyyəti yoxdur” düşünürəm. Fikir verirəm ki, taxtın üstündə uzananların da hamısı yatmayıb. Mənim sağdan ikinci qonşum, kosa, çəpgöz oğlan (ilahi, adamın nə qədər eybəcər olar, ona hətta yaş vermək olmur) divarın dibində oturub. Əllərini də kəmərdən (“kəmər olsaydı” deyirəm) aşağı salıb, qoturunu qaşıyır. Əlləri çox aktiv işləyir, xartıltısı “saqqal”ın xorultusundan bərk gəlir. Eyni zamanda ağzı da aktiv işləyir...

Mən on beşinci adamı ancaq indi görürəm. Dediyim kimi, döşəmənin uzununa yarısını taxt tutur, o biri yarısı boşdur. Bu boşluq beton divarla sərhədlənir. Bu sərhədin sağ tərəfində “əsərimizin qəhrəmanı” - dəmir qapı durur. Sol tərəfdə isə açıq ayaqyolu yerləşir. “On beşinci” orta yaşlı sarışın adamdır, sakitcə ayaqyolunda oturub, öz işindədir. Çəpgöz isə dil boğaza qoymur, ona “moizə” oxuyur. Oyaq olanlar qulaq kəsiliblər. “Auditoriya” məni də özünə çəkir...

- Qız çox gözəl qız idi... Mən də saldat adam idim… Mənə nə lazım idi?.. (Burda çəpgöz elə “duzlu” ifadələr işlədir ki, bu barədə nəinki danışmaq, hətta düşünmək də şərəf gətirmir). Qərəz, yedik, içdik… İndi anası məni bir tərəfə dartır, qızı o biri tərəfə...
Taxtda uzananlardan biri,
“Mimino”[3]ya oxşayan bığlı oğlan gürcü aksenti ilə müdaxilə edir ki, “sən çəpgözsən, bəlkə qız elə bir imiş, iki görmüsən?!”

Çəpgöz prinsipiallıq nümayiş etdirir, deyir “iki nəfər idilər, vəssalam”. Sonra isə qayıdır ki, “burda kamerada iki “çyornı[4]” var, mən ki, onları dörd görmürəm”.

Daşın kimin bostanına atıldığını hamı görür. Mən də öz payımı götürürəm (gürcü dinmir), yavaş-yavaş çəpgözə tərəf çevrilirəm. Çəpgöz gərginliyi barometr kimi hiss edir, güləşdə əzilib “düşbərə”yə dönmüş qulaqlarıma işarə edir: “Zemlyak, tı vidno borets, Maxaç-kala, Solneçnıy Daqestan”[5], kəkələyir. “Mimino” yenidən müdaxilə edir:
“Demə, sən yalnız gopçu deyilsən, həm də rasistsən. İlişəndə bax gör, kimə ilişirsən”...
Çəpgöz and-aman edir, hər iki ittihamı rədd edir. Xəstə təxəyyülünün zay məhsullarını auditoriyaya sırımaqda davam edir.

Mənsə “şeytana lənət”, deyirəm, auditoriyadan ayrılıram, öz müşahidələrimi davam etdirirəm. Taxtın sağ küncündə, Çəpgözün ayaq tərəfində, yerdə böyük çən qoyulub. Bu Bakıda, evdə anam paltar qaynadan çənin eynidir. Hətta bu eynilikdən doluxsunuram, gözlərim yaşarır. Çəpgöz isə danışdıqca boğazını yaşlamaq üçün elə çənin yanında, taxtın üstündə duran aliminium kruşkanı doldurub başına çəkir. Bu zaman “on beşinci” işini qurtarır, bayaqdan Çəpgözün su içdiyi kruşkanı su ilə doldurur, “əllərini yaxalayır”… Mən də boğazımın quruduğunu hiss edirəm, ayaqyolunun havası ilə “zənginləşmiş” tütün tüstüsünü daha susuz udmaq mümkün deyil. Kruşka isə bir dənədir. İndi də ondan, ayılan və auditoriyaya qoşulan saqqallı-çuxotkalı qonşum su içir...

Bu zaman dəmir qapının bayaqdan görmədiyim pəncərəsi metalı metala sürtəndə çıxan tükürpədici səslə açılır. Bu pəncərəyə burda “kormuşka” deyirlər. “Kormuşka”nın dalından qanun keşikçisi bağırır ki, hamı durub yerində otursun. Yatanları yoldaşları itələyib ayıldırlar. Hətta mənim keçəl qonşum da ayılır. Qanun keşikçisi kameranın jurnalını “hazır-qayıb” edir. “Kormuşka” bağlanmamış Çəpgöz tullanıb qapıya yaxınlaşır, açıq qoymağı xahiş edir, “nəfəs almaq olmur”, deyir. Mənim təəccübümə rəğmən qanun keşikçisi “kormuşka”nı açıq qoyur. Çəpgöz deyir “tanışımdır, bir məktəbdə oxumuşuq”. Qapının ağzında onu mən əvəz edirəm. Bu kiçik pəncərədən gələn “təmiz” havanı acgözlüklə ciyərlərimə çəkirəm. Su yanğısı isə mənə aman vermir. Deyilənə görə, çənin suyunu gündə iki dəfə - səhər saat səkkizdə və axşam saat səkkizdə dəyişirlər. Çəpgözün tanışı isə deyir ki, indi saat altıdır. Deməli, daha iki saat gözləmək lazımdır.

Kamerada hamı danışır. Ağız deyəni qulaq eşitmir. Qarğa bazarını xatırladır. Danışan çox olsa da, mövzu eynidir. Hamı günahsız olduğunu, bura “axmaq” bir təsadüfün nəticəsində düşdüyünü bəyan edir. Hamıdan çox canfəşanlıq edən “Mimino”ya oxşayan həmin tipdir. Deyir “mən “prestupnik”[6] deyiləm, “karmannik”[7]əm, bu, mənim sənətimdir”.

“On beşinci” bu mənasız söhbətlərə dözə bilmir, bütün kameraya müraciət edir: “Sizin hamınızın bir günahı var, o da ilişməyinizdir. Vəssalam”…

Mən qapının yanında oturmuşam, “kormuşka”dan gələn havanın köməyi ilə içimdəki yanğını “söndürmək” istəyirəm. İndi azad olmaq istəmirəm, indi anamı görmək istəmirəm, indi mən ancaq su istəyirəm. Qeyri-ixtiyari olaraq su çəninə yaxınlaşıram. Su yalnız çənin dibində qalıb, kruşkanı doldurmaq üçün çənin bir tərəfini qaldırmaq lazımdır. Nəfsimi boğub “müdafiə mövqeyinə” - dəmir qapının yanına çəkilirəm.

Bu zaman “kormuşka” yenidən tükürpədici səslə açılır, adına uyğun fəaliyyətə başlayır. Axşam yeməyinə məşhur “balanda” verirlər. Bu, bulanıq rəngli əcaib horra aliminium boşqablarda verilir. Üzündə bişmiş soğan qırıqları ağarır, dibində nə isə dənəvər çöküntü görünür. Məni isə “heyrətlərə” qərq edən “nə çəməndir, nə çiçəkdir”, əvvəlki naharların qabın divarlarında qurumuş izləridir... Burda qablar yuyulmur... Canımı dişimə tutub bir qaşıq dadmaq istəyirəm... Bacarmıram... Su yanğısına aclıq ağrısı da qarışır. Həmtalelərim isə hərəsi bir qaşıq götürüb “balanda”ya hücum edir. Bir horultu düşür ki, elə bil çöldən gələn naxır arxdan su içir. Keçəl qonşum da elə inək kimi əyilib “balanda”nı birbaşa boşqabdan içir.

Məndən başqa daha bir nəfər “oyundankənar” vəziyyətdədir. Bu, bayaq yer olmadığından mürgü vuranlardan biridir. İndi yemək olsa da, yemir, mürgü də vurmur - narahatdır. Arabir dişi ağrıyan adamlar kimi üz-gözünü turşudur, amma dişini yox, qarnını tutur. “On beşinci” onu sözsüz başa düşür, əli ilə işarə edir ki, nə gözləyirsən? Ona eyni işarə ilə yemək yeyənləri göstərirlər. “On beşinci” yenə səsini ucaltmalı olur: - Özünüzdən “fokus” çıxarmayın. Tutaq ki, kamerada 15 yox, 55 nəfərdir. Onların da 25-i “panos”dur. Deməli, ya bu 25 nəfər “panos”dan ölməlidir, ya da o biri 30 nəfər acından?! Bura kameradır, “volya”[8]deyil, dur işini gör…

Nəhayət... Saat səkkiz olur. Özümdə olan dözümə özüm heyrətləniəm. Çənin bir tərəfindən yapışıb (qulpu yoxdur) açılan qapıya hücum edirəm. Tərəf müqabilim Keçəldir. Mətbəxdə çəni onun öhdəsinə buraxıram, ağzımı su kranına dirəyirəm. Əlimdən alınmış suyu, havanı, azadlığı bu krandan içmək istəyirəm. İçdikcə içirəm...
Gecəni rahat yatıram. Yuxu-zad görmürəm. Səhər 8-də durub çənin bir tərəfindən yapışıram. Acqarına ağzımı krana dirəyib içirəm, içirəm. Bircə şey düşünürəm: “Axşam 8-ə qədər dözə biləcəyəmmi?!” Aclıq məni qorxutmur...

Növbə dəyişən kimi Çəpgözə “peredaça”[9] gətirirlər. Bu, iki «buxanka»[10] qara çörək və bir «palka»[11] sarımsaqlı kolbasadır. Burda bir gözəl qayda var: kameraya gələn ərzaq və siqaret ümumidir. Bu qaydaya uyğun olaraq on beş nəfərlik “sürü” Çəpgözün “peredaça”sına hücum edir. Mənə də bir-iri tikə kolbasa və bu tikəyə uyğun çörək parçası düşür. Aclıq nə pis şeymiş, İlahi...

Yeməkdən sonra, dərin fikirlərə qərq oluram... Bu dünyanın etibarı yoxuymuş, bu dünyada Çəpgözün “blat”[12]ı mənimkindən çoxuymuş... “On beşinci” sanki fikirlərimi oxuyur: “Zemlyak”, yəqin düşünürsən ki, niyə sənə “peredaça” gətirmirlər. Qanuna görə birinci üç gün buna icazə verilmir. Bu, adamı sındırmaq üçündür, gərək dözəsən”.
Dözürəm, çarəm nədir...

Bu gün dəmir qapı dünənkinə nisbətən tez-tez açılıb örtülür, kamera sürətlə dolur. Artıq nəinki uzanmağa, hətta oturmağa da yer yoxdur. Hər millətin nümayəndəsi var, elə bil “xalqlar türməsi”dir. “Kormuşka” da bağlıdır, bu gün Çəpgözün tanışı növbədə deyil. Deyirlər ki, bugünki növbə ən pis növbədir. Hətta dəhlizdən kameraya baxmaq üçün qapıda qoyulan, burda “volçok” adlanan gözlük də bağlıdır. Siqareti növbə ilə çəkirlər, nəfəs almaq getdikcə çətinləşir. Təzə gələnlərdən biri deyir ki, bayırda şaxtadır, qar yağır, elə təmiz hava var...

Kamerada isə istidən və tüstüdən baş çatlayır, hava çatmır. Kimsə kibrit yandırmaq istəyir, kibrit yanmır, sönür. Burda hər şey sönür...

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2026)

 



[1]Həmyerli, rusca

[2]Qara adam – jarqon, rusca

[3]Məşhur gürcü filminin qəhrəmanı

[4]Qara - rusca

[5]Yerlim, sən deyəsən güləşçisən. Mahaçqala, günəşli Dağıstan - rusca

[6]Cinayətkar -rusca

[7]Cibgir -rusca

[8]Azadlıq – jarqon, rusca

[9]Məhbusa evdən gətirilən azuqə - jarqon, rusca

[10]Kömbə - rusca

[11]Ədəd – jarqon, rusca

[12]Hörməti – jarqon, rusca

Çərşənbə, 01 İyul 2026 16:11

“Qayıt ata” dünyanı fəth etdi

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Təqvimi vərəqləyəndə daha bir ad diqqətimdən yayınmadı: Şair, publisist Dəyanət Səlimxanlı.

 

O, 1960-cı il iyulun 1-də Azərbaycanda Yardımlı rayonunun Çanaxbulaq kəndində anadan olub. Burada kənd yeddiillik məktəbi, qonşu Bərcan kəndində orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Sumqayıt şəhərindəki 2 saylı yataqxanada tərbiyəçi müəllim kimi başlayıb. "Açıq söz" qəzetində müxbir, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində böyük redaktor işləyib.

Bir müddət fərdi yaradıcılıqla məşğul olub. Hazırda "Respublika" qəzetinin ştatdankənar müxbiridir.

Bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. İlk mətbu şeri "Qayıt ata" 1983-cü ildə "Azərbaycan qadını" jurnalında çıxıb. Bəstəkar Ələsgər Abbasovun bu şeirə bəstələdiyi mahnı Bakıda keçirilən "Odlar yurdu — 90" festivalında üçüncü yerə, Orta Asiyada 1991-ci ildə keçirilən "Ümumşərq xalqlarının musiqisi" festivalında birinci yerə layiq görülüb, “Komsomolskaya pravda" qəzetinin diplomuna layiq görülüb.

 

Kitabları

- Anam dua oxumasa

- Qayıt ata

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2026)

Çərşənbə, 01 İyul 2026 08:33

Könül adamı Tapdıq Əlibəyli

 

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Daxili dünyası çox zəngindir. Həssas və duyğusaldır. Güclü olmağı xoşlayır. Hər eşitdiyinə inanmır, onun üçün həqiqət gözlə qulağın arasında baş verən hadisələrdən ibarətdir. Şair, publisist Tapdıq Əlibəylini deyirəm. Haqqında o qədər deyilib, o qədər yazılıb ki, deyiləsi bir söz qalmayıb. Heç bilmirəm nədən və haradan başlayım. Sosial şəbəkədəki səhifəsini araşdırdıqca onun nə qədər alicənab, dostcanlı, genişürəkli adam olduğunun şahidi oluram. Bütün bayramlarda, o cümlədən dostların ad günlərində insanları müntəzəm təbrik etməyə tələsir. Sanki bunu özünə bir borc bilir. Bir də səyahət etməyi xoşlayır. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada olmasın. Oradan şəkil paylaşmasın...

 

Yaradıcılığı barədə danışsam uzun çəkər. Yaxşısı budur ki, az da olsa, onun şəxsi keyfiyyətlərindən sizə söhbət açım. 1 iyul 1961-ci ildə anadan olub. Orta təhsilini tərifnamə atestatı ilə bitirərək, Bakı Dövlət Universitetində filologiya ixtisasına yiyələnib...

 

 Yaxşı yadımdadır, el ağsaqqalı Mir Baxas ağa haqqında film hazırlayanda yolum onun dünyaya gəldiyi Bürzünbül kəndinə düşmüşdü. Kənd əhalisinin necə mehriban, qayğıkeş olduqlarına heyran qalmışdım. Uşaqdan böyüyə hər kəs can yandırır, filmin uğurlu alınmasında bizə kömək edirdi. Yeri gəlmişkən, uzun illər prokurorluq orqanlarında çalışan, şeirlərinə bir sıra məşhur mahnılar bəstələnən, şair Sabir Abdinov da həmin kənddəndir. Bax, haqqında danışdığım Tapdıq Əlibəyli də bu kənddə, Abış kişinin ailəsində dünyaya gəlib. “Tapdıq” sözünün müxtəlif cür yozumları var, onlardan biri də- gözlənilmədən aşkar olunan, qəfildən əldə edilən- deməkdir...

 

Jurnalist, yazıçı Akif Cabbarlı onun barəsində deyir:- “Tapdıq Əlibəyli imzası mənə çoxdan tanış idi. Şeirlərindəki vətənpərvərlik hissləri, yurdsevərlik duyğuları bu adamın bütövlüyündən, milli ruhundan, mərdliyindən soraq verirdi. Və bir gün görüşməli olduq. Türk Ağsaqqalları İctimai Birliyinin təsis yığıncağında bir araya gəldik. İlk baxışdan bu adamın Vətənə, dövlətə nə qədər böyük məhəbbət bəslədiyini, Azərbaycanı, Azərbaycan əsgərini bağrına basmağı özünün şərəf işi, vicdan borcu hesab etdiyini duymaq o qədər də çətin deyildi. Tədbirin sonunda xeyli söhbətləşdik, sonra digər dostlarımızla birgə çay süfrəsi ətrafında fikir mübadiləsi də etdik, düşüncələrimizi bölüşdük. Ayrılanda mənə “Payız çöhrəsində yazdı 44 gün” adlı şeir toplusunu bağışladı. Və təvazökarlıq duyğuları ilə: “...vərəqləyin, xoşunuza gəlsə, fikrinizi bildirərsiniz”, dedi. Bu istiqanlı adam bəziləri kimi mütləq bir yazı amacında olduğunu demədi və onun bu təbiiliyi də ürəyimcə oldu.”

 

Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş “Azərbaycan” adlı diski kütləvi tirajla işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi (TAİB) Təşkilat Komitəsinin üzvü, “Heyrət” dərgisi və “Konstitusiya” qəzetinin təsisçisidir. Yanılmıramsa, indiyədək iyirmi beşə yaxın kitabı işıq üzü görüb...

 

Ümumiyyətlə, Tapdıq Əlibəylinin ədəbi yaradıcılığı “Qızıl qələm” döş nişanı- media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Fəxri diplom” və “Hərbi vətənpərvərlik - 80” Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Təşəkkürnamə” və diplomlarına layiq görülüb. Prezident təqaüdçüsüdür...

 

O, sözün əsl mənasında könül adamıdır, səmimidir, qeyri təbiilik ruhuna yaddır. Əzəmətli görünüşü isə vücuduna bir başqa yaraşıq verir. Necə deyərlər, köhnə kişilərə xas olan görkəmi, lopa bığları onu daha da zabitəli göstərir. Azərbaycançılıq ənənələrinə həmişə sadiqdir, bu dəyərlərə böyük qiymət verir…

 

Bəli, ağsaqqallığı, müdrikliyi ilə qəlblərdə yuva quran Tapdıq Əlibəylinin bu gün - iyulun 1-də 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.