Super User
Casus oyunlarının pərdəarxası və bitməyən gərginlik: "Tehran" serialı
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Müasir dünyada kəşfiyyat və casusluq mövzusu kinematoqrafiyada hər zaman öz aktuallığını qoruyub saxlayır. Rejissor Daniel Sırkinin rejissor kreslosunda əyləşdiyi "Tehran" serialı isə bu janra tamamilə yeni, dinamik və soyuqqanlı bir baxış gətirir. İsrail və İran arasındakı gizli, amansız kəşfiyyat qarşıdurmasını mərkəzə alan bu siyasi triller, tamaşaçını ilk saniyələrdən gərgin intriqaların, texnoloji müharibələrin və fərdi insan dramlarının içinə çəkir.
Daniel Sırkinin rejissor bəsirəti və ssenari arxitekturası
Serialın bu dərəcədə böyük uğur qazanmasının və qlobal platformalarda (Apple TV+) trendə çevrilməsinin əsas səbəbi Moshe Zonder və Omri Shenhar tərəfindən yazılmış dərindən işlənmiş ssenaridir. Rejissor Daniel Sırkin isə ssenaridəki o psixoloji gərginliyi vizual ritmə çevirməyi mükəmməl bacarıb. O, hadisələri birtərəfli və ya şablon stereotiplərlə təqdim etmir; rejissor hər iki tərəfin – həm İsrailin "Mossad" kəşfiyyatının, həm də İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daxili iş mexanizmini, peşəkarlığını və eyni zamanda sistem daxilindəki boşluqları obyektiv şəkildə kadra köçürür.
Çəkilişləri Tehrandakı real ab-havanı və memarlıq strukturunu tam ötürə bilmək üçün Afinada (Yunanıstan) aparılan serial, vizual tərtibatı və rəng korreksiyası ilə tamaşaçıda real bir Tehran küçələri effekti yaradır.
Obrazların təzadlı xarakterləri və güclü aktyor dueli
"Tehran" serialının xarakterlər bazası çoxşaxəlidir və aktyor heyəti hər iki cəbhənin mürəkkəb simalarını böyük ustalıqla canlandırır:
Niv Sultan (Tamar Rabinyan): Serialın baş qəhrəmanı – "Mossad"ın gənc, istedadlı hakeri və agenti olan Tamar obrazını Niv Sultan xüsusi bir soyuqqanlıq və daxili qorxu ilə ifa edir. Onun missiyası İranın hava hücumundan müdafiə sistemini sıradan çıxarmaqdır. Tehran doğumlu olan və köklərinə bağlı qalan bu gənc qadının həm tapşırığı yerinə yetirmək, həm də doğma şəhərində sağ qalmaq mübarizəsi dahi bir performansla təqdim olunur.
Shaun Toub (Fəraz Kamali): SEPAH-ın daxili təhlükəsizlik üzrə müstəntiqi və Tamar vasitəsilə ölkəyə sızan casus şəbəkəsinin izinə düşən Fəraz obrazı Şon Tubun ifasında serialın ən güclü xarakterinə çevrilir. O, dövlətinə sadiq, daxilən rəhmsiz bir sistem adamı olsa da, ailəsinə, xəstə yoldaşına olan sevgisi ilə tamaşaçıda dərin emosional iz buraxır.
Glenn Close (Marsel Klayn): Serialın növbəti mövsümlərində layihəyə daxil olan Hollivud ulduzu Qlenn Klouz, regional kəşfiyyat oyunlarına və ssenarinin dramatik yükünə xüsusi bir ağırlıq və intellektual rəng qatır.
Siyasi gərginliyin fəlsəfi mənası və gizli müharibə
"Tehran" sadəcə bir casusluq trilleri və ya hərəkətli döyüş filmi deyil. Bu ekran əsəri dövlətlərin böyük ideologiyaları və geosiyasi maraqları qarşısında fərdlərin, sadə insanların taleyinin necə oyuncağa çevrildiyini sorğulayır. Tamar öz missiyasını yerinə yetirməyə çalışarkən, Tehrandakı yerli müxalif gənclərlə, öz qohumları ilə qarşılaşır və anlayır ki, onun atacağı hər bir rəqəmsal addım günahsız insanların həyatına son qoya bilər.
Serial boyu davam edən gizli kiber-müharibələr, qaçqınlıq, şəxsiyyətin ikiləşməsi və vətən anlayışı fəlsəfi olaraq təhlil edilir. Rejissor tamaşaçını daim "Kim haqlıdır, kim haqsız?" sualı qarşısında qoyaraq, klassik "yaxşı və pis" anlayışlarını darmadağın edir.
Müasir televiziya məkanının qlobal kəşfi
Daniel Sırkinin bu işi, Yaxın Şərq mövzusuna beynəlxalq standartlarda yanaşan, dil bariyerini (serialda ivrit, fars və ingilis dillərindən istifadə olunur) qıraraq qlobal uğur qazanan unikal bir ekran əsəridir. Yüksək templi montajı, heyranedici musiqi tərtibatı və gözlənilməz süjet dönüşləri serialı müasir televiziya sənətinin şedevrlərindən birinə çevirir.
“Ədəbiyyat və incəsənət”
(01.07.2026)
"Bakıya zərbə" iddiasının arxasında nə dayanır? Politoloqdan şərh
Fatimə Məmmədova,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ötən gün İran parlamentinin deputatı Kamran Qəzənfərinin səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. İran mediasının yaydığı məlumata görə, deputat çıxışı zamanı Prezident Məsud Pezeşkianı Azərbaycanın guya hədəfə alınmasının qarşısını almaqda ittiham edib. O, iddia edib ki, İran Silahlı Qüvvələri Bakıya zərbə endirmək istəsə də, Pezeşkian buna imkan verməyib. Qəzənfəri həmçinin heç bir sübut təqdim etmədən Azərbaycanın mərhum Prezident İbrahim Rəisinin həlak olduğu helikopter qəzasında və İranın "12 günlük müharibə" adlandırdığı hadisələr zamanı ABŞ və İsraillə əməkdaşlıq etdiyini irəli sürüb. Qeyd edək ki, deputatın səsləndirdiyi bu iddialar faktlarla əsaslandırılmayıb və onların doğruluğunu təsdiqləyən hər hansı dəlil təqdim edilməyib.
Məsələ ilə bağlı "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayevin sözlərinə görə, İran parlamentinin deputatı Kamran Qəzənfərinin çıxışı zamanı Azərbaycana, xüsusilə Bakı şəhərinə yönəlmiş təhdid xarakterli fikirlər səsləndirməsi və hərbi qarşıdurma zamanı Bakıya zərbələrin endirilməsi planının mövcud olduğunu, lakin bunun İran Prezidenti Məsud Pezeşkian tərəfindən dayandırıldığını iddia etməsi Azərbaycan-İran münasibətləri fonunda narahatlıq doğuran növbəti bəyanatlardan biri kimi qiymətləndirilə bilər:
"İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonrakı dövrdə İranın müxtəlif siyasi dairələrinin nümayəndələri, o cümlədən bəzi deputatlar, din xadimləri və digər rəsmilər tərəfindən Azərbaycana münasibətdə sərt ritorika və müxtəlif ittihamlar dəfələrlə səsləndirilib. Bu ittihamların əsas hissəsi Azərbaycanın İsraillə əməkdaşlığı və guya Azərbaycan ərazisinin İran əleyhinə fəaliyyət üçün istifadə olunması ilə bağlı olub. Lakin bu iddiaları təsdiq edən ictimaiyyətə açıq və etibarlı sübutlar indiyədək təqdim edilməyib. Digər tərəfdən, Cənubi Qafqazdakı mövcud geosiyasi vəziyyətə nəzər saldıqda görünür ki, regionun üç ölkəsi arasında yalnız Ermənistan ərazisində Avropa İttifaqının mülki müşahidə missiyası fəaliyyət göstərir. Ermənistanın Qərb dövlətləri ilə təhlükəsizlik və siyasi əməkdaşlığı da son illərdə nəzərəçarpacaq dərəcədə genişlənib. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı müxtəlif beynəlxalq layihələr və xarici şirkətlərin iştirakı da regionun geosiyasi mənzərəsinin bir hissəsinə çevrilib. Beləliklə, əgər İran öz təhlükəsizliyi baxımından regionda xarici təsirləri risk kimi qiymətləndirirsə, həmin prosesləri bütöv regional kontekstdə dəyərləndirməsi daha məntiqli olardı".
Müsahibimizin sözlərinə görə, Azərbaycan və İran münasibətləri isə təkcə cari siyasi hadisələrlə məhdudlaşmır:
" Bu münasibətlər dərin tarixi, dini, mədəni və iqtisadi bağlara söykənir. Bununla yanaşı, İranın şimal-qərbində yaşayan milyonlarla azərbaycanlının mövcudluğu da iki ölkə arasındakı münasibətlərdə zaman-zaman həssas amillərdən biri kimi çıxış edib. Vacib məqamlardan biri də ondan ibarətdir ki, indiyədək İranın bəzi deputatları və ayrı-ayrı siyasi fiqurları tərəfindən səsləndirilən sərt bəyanatlar əksər hallarda rəsmi Tehran tərəfindən nə təsdiqlənib, nə də dövlət siyasəti kimi təqdim olunub. Bununla belə, belə açıqlamalar qarşılıqlı etimad mühitinə mənfi təsir göstərir və iki ölkə arasında inamsızlığın dərinləşməsinə səbəb ola bilir. Bakıya mümkün hərbi zərbə ilə bağlı səsləndirilən fikirlərə gəldikdə isə, Bakı regionun mühüm siyasi, iqtisadi və enerji mərkəzidir və ölkənin ən yüksək səviyyədə qorunan şəhərlərindən biridir. Azərbaycanın uzun illər ərzində müharibə şəraitində yaşamış dövlət kimi hava hücumundan müdafiə sisteminə, strateji obyektlərin mühafizəsinə və milli təhlükəsizlik infrastrukturuna ciddi investisiyalar yatırdığı məlumdur. Bu baxımdan, Bakının və ya onun strateji obyektlərinin asanlıqla hədəfə çevrilə biləcəyi barədə iddialar mövcud reallıqları tam əks etdirmir".
Ü.Mustafayev sonda əlavə edib ki, Kamran Qəzənfəri kimi İranda hakimiyyətdə təmsil olunan anti-Azərbaycan fiqurların vaxtaşırı çıxışları Azərbaycan-İran münasibətlərində onsuz da mövcud olan etimad problemlərini daha da dərinləşdirə, diplomatik mühitə mənfi təsir göstərə və regional təhlükəsizliklə bağlı əlavə suallar yarada bilər. Rəsmi Tehran bu məsələlərdə həssaslıq göstərməli, ifadə azadlığl ilə siyasi sifarişi qarışdırmamalıdır. Yaxın tarixdə baş tutmuş “Mazandaran gölü” mübahisəsindən dərs götürüb nəticə çıxarmaları hakim dairələr daha faydalı olar.
“Ədəbiyyat və incəsənət”
(01.07.2026)
Qazax, Tovuz, Gədəbəy...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ustad aşıq ən çox hardan çıxar? Qazaxdan. Tovuzdan. Gədəbəydən.
Belə bir deyim var.
Azərbaycanlı ustad aşıq İsfəndiyar Rüstəmov da ustad aşıqlarımızdandır.
O, 1 iyul 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır.
SSRİ-nin 50 illik yubileyi münasibətilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb.
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibətilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
1975–1977-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri "Qızıl medal"a layiq görülüb. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə "Qızıl medal"la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
Heydər Əliyev aşıq sənətini istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həmişə diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, hələ 1981-ci ildə bir çox sənət adamları kimi Aşıq İsfəndiyar da Heydər Əliyevin qayğısını görüb.
Onun təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının 30-cu qurultayında yaxşı iştirakına görə aşığın rəhbərlik etdiyi ansambl "Xalq aşığı ansamblı" adlanmağa başlayıb. Yaradıcı aşığın fəaliyyəti ölkə rəhbərliyi tərəfindən Əməkdar mədəniyyət işçisi fəxri adı ilə qiymətləndirilib. Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək mükafatlarla doğma vətəninə qayıdıb.
Aşığın həyat və yaradıcılığı 2007-ci ildə dərc edilən "Baş sarıtel" kitabında öz əksini tapıb. Aşıq İsfəndiyar Prezident təqaüdçüsüdür. 25 yanvar 1991-ci ildə aşıq musiqi-ifaçılıq sənətinin təbliğində xidmətlərinə görə ona "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.
Mükafatları
- 25 yanvar 1991-ci ildə aşıq musiqi-ifaçılıq sənətinin təbliğində xidmətlərinə görə ona "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.
- Prezident təqaüdünə layiq görülüb.
- 2010-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
2007-ci ildə Aşıq İsfəndiyar haqqında "Ustad nəfəsi" sənədli filmi çəkilib. 2018-ci il fevralın 9-da, 80 yaşında İsfəndiyar Rüstəmov dünyaya gözlərini qapayıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən gənc aşıqların müsaqibəsində dəfələrlə münsiflər heyətinin sədri olub. 2010-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.07.2026)
Ustad karikaturaçı
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Portretin əsas xarakterik cizgisini tapmaq rəssam Buludun məharətidir"
Şair Tofiq Mahmud
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü Bulud Qasımovu tanıyaq.
1 iyul 1947-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. Texniki Rəssamlıq Məktəbini saxsı qablar üzrə rəssam ixtisası üzrə bitirib. Qara dəniz sahilindəki Gəlincik şəhərində sovet ordusu sıralarında rəssam kimi xidmət edib. 1972–1977-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. 1981-ci ildən "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq edib.
Bulud Qasımov 1987-ci ildən 2012-ci ilə qədər Bakı şəhəri Zakir Yusifov adına 194 saylı tam orta məktəbində təsviri-incəsənət müəllimi işləyib. 2005-ci ildən "Mozalan" satirik jurnalının bədii redaktoru və baş rəssamı işləyib. "Molla Nəsrəddin XXI əsrdə" jurnalında rəssam işləyir.
Bulud Qasımov Azərbaycan dövrü mətbuatında o cümlədən "Sovet kəndi", "Kommunist", "Ədəbəyyat və incəsənət", "Mədəniyyət", "Dan ulduzu", "Bütöv Azərbaycan", "Kaspi", "Kredo", "Savalan", "Güzgü" qəzetlərində "Kirpi", "Mozalan", "Günəş", "Bahar", "Molla Nəsrəddin XXI əsrdə" jurnallarında çalışıb. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. Həmçinin FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.
Bir çox respublika, Beynəlxalq sərgilərində və müsabiqələrində iştirak edib. Bulud Qasımov Türkiyədə keçirilən "Aydın Doğan Uluslararası Karikatür Yarışması"nda hər il iştirak edir və əsərləri orada sərgilənir.
Kitabları
1. Rəssam Bulud Qasımov — Məni tanıyanlar
2. Bulud Əlişoğlu. "Şəhid yuxusu"
3. Bulud Əlişoğlu. "İmana inam" (bir ömrün salnaməsi)
“Ədəbiyyat və incəsənət”
(01.07.2026)
Orijinal axtarışları ilə elmimizə sanballı töhfələr verən nüfuzlu alim
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan yazıçısı, ədəbiyyatşünas, alim Gülxani Pənah – Yazışılar Birliyində o xüsusi hörmətə malikdir. Zəhmətkeş yazardır, daim axtarışdadır. Həm də fəal təşkilatçıdır.
Bu gün onun ad günüdür. Ömrünün 68-ci baharına qədəm qoyur.
Gülxani Pənah 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olub. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, fərqlənmə ilə oranı bitirib.
1975–76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976–77-ci illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977–81-ci illərdə MİB-də texnik, 1981–85-ci illərdə "Şirvanşahlar" sarayında çalışmışdır. 1985–2009-cu illərdə orta məktəbdə və ali təhsil məktəblərində müəllim işləyib.
1974-cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunan almanaxlara daxil edilib. Milli vətənpərvərlik ruhunda yazdığı publisist məqalələri, şeirlər, poemalar, hekayələr və dram əsərlərin müəllifidir. Müəllifi olduğu onlarla marşlara, şeirlərə musiqi bəstələnib.
"Qarabağ dərdi", "Dədə Şəmşir harayı" kitabları Xocalı həqiqətlərinin dünyada yayılmasında dəyəri əsrlər kimi dəfələrlə dünya dillərinə tərcümə olunub yayılıb. Gülxani Pənah Azərbaycan ədəbiyyatşünaslığının və ictimai fikrin inkişafında xüsusi yeri olan, orijinal axtarışları ilə elmimizə sanballı töhfələr verən nüfuzlu alimlərimizdəndir.
Bakı Dövlət Universitetinin aspiranturasını bitirib və "İlyas Əfəndiyevin yaradıcılığında folklor motivləri" mövzusunda namizədlik, “Klassik Azərbaycan ədəbiyyatının elmi-nəzəri, tarixi problemlərinin kompleks tədqiqi” mövzusunda doktorluq işini müdafiə edib. Elmi araşdırmaları Azərbaycan ədəbiyyatşünaslığının və folklorşünaslığının bütün sahələrində elmi-nəzəri fikrin daha da inkişaf etdirilməsinə xidmət edir.
Dünyanın bir sıra nüfuzlu jurnallarında Azərbaycan ədəbiyyatıyla bağlı elmi məqalələri dərc olunub. Amerika, İngiltərə, İtaliya, Rusiya və digər ölkələrin nüfuzlu elmi jurnallarında məqalələri çap olunub. Bir çox beynəlxalq simpoziumun iştirakçısıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutunda elmi fəaliyyətini davam etdirir. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Ədəbi Janrlar şöbəsinin müdiridir.
60-dan çox elmi-nəzəri, ədəbi-bədii kitabların müəllifidr. 400-dən çox elmi məqalənin, 50-dən çox kitabın tərtibçisi, üç dərsliyin müəllifi, iki yüzdən çox kitabın redaktorudur. 35 cildlik "Seçilmiş əsərlər"inin 12 cildi çapdan çıxıb. Bir çox elmi simpoziumların, konfransların iştirakçısıdır. Gulxani Pənah tanınmış pedaqoqdur.
Gülxani Pənah Azərbaycan Respublikasının ictimai həyatında yaxından iştirak edir, Respublika Ziyalı Qadınlar Birliyinin idarə heyətinin üzvü olmuş, Müstəqil Azərbaycan Respublikasının ilk qadınlar qurultayına, Yazıçılar Birliyinin qurultaylarına, Müəllimlər qurultaylarına nümayəndə seçilib. Təhsilin müasir problemləri ilə bağlı metodik məqalələrlə, bədii-publisistik yazılarla mətbuatda tez-tez çıxış edir.
Respublikada "Təhsilin humanistləşdirilməsi ili", "Təhsildə keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji müzakirələr"də fəal iştirak etdiyinə, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı bir sıra əhəmiyyətli ideya və təkliflər irəli sürdüyünə, müasir təlim metodlarının təcrübədə tətbiqinə, bu baxımdan elmi-nəzəri və praktik əhəmiyyətli məruzələrinə və fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Birinci dərəcəli Diplomuna, Bakı şəhər Baş Təhsil İdarəsinin Diplomuna və bir sıra Fəxri fərmanlara layiq görülüb.
Yaradıcılığı və elmi fəaliyyəti ilə bağlı yüzlərlə məqalə, 5 elmi monoqrafiya (Əkbər Əlioğlu. Gülxani Pənahın nəsri". (2006); Aygün Sultanlı. Gülxani Pənahın poeziyası. (2017), "Gülxani Pənahın bədii nəsri" (2020) Əli Rza Xələfli. Ədəbiyyatımızın yeddi gözəli. (2011), Salatın Əhmədli. Tədqiqatçı ömrü. (2016) və iki məqalələr toplusu ("G. Pənah-50" (2008), G. Pənah-60" (2018) kitabları çap olunub. Həyat və fəaliyyəti haqqında "Bir ömrün adamı" sənədli film çəkilib. Əsərləri türk, rus, fars, ingilis, alman və s. dillərində nəşr olunub.
Mükafatları
- Rəsul Rza mükafatı
- Fəxri fərman. "İlin nüfuzlu ziyalısı"
- 1-ci dərəcəli DİPLOM. "Bizim sərhədçilər" poemasına görə
- "Xanqızı Natavan" media mükafatı laureatı
- UNESKO. Mövlana Rumi-800. Hekayə müsabiqəsində birinci yeri tutub və diplom və mükafat alıb.
- Diplom. "Cəsarətli qadın"
“Ədəbiyyat və incəsənət”
(01.07.2026)
Əsl ziyalı
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ziyalı sözü. Çox vacib, çox özəl, çox şərəfli.
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü Nəsir Əhmədli dedikdə əsl ziyalı yada düşür. Araməzda olmasa da, daim yadımızdadır.
Nəsir Əhmədli 1942-ci il iyulun 1-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib.
1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışır. Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində". 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir.
10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Tədqiqat sahəsi : Jurnalistin nitq mədəniyyəti, KİV xaricə siyasi informasiya yayımı sistemində,
Beynəlxalq radio yayımı,Televiziya və Beynəlxalq jurnalistika. Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.
Kitabları
1. Səsimiz, sorağımız
2. Səslər içində
3. Jurnalistin vizual nitq mədəniyyəti
4. Korifeylərin portretləri
5. Sən oldun
6. Azərbaycan Beynəlxalq Radiosu: tarix və müasirlik
7. Con Milton və onun "Areopagitika" əsəri
8. Ürəkdə bəslənən sevdaya şükür
9. Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində
Mükafatları
- "Media açarı"
- Təhsil Nazirliyinin Fəxri fərmanı
- "Cəsarətli qələm"
- Əməkdar jurnalist
- BDU-nun Fəxri fərmanı
- BDU-nun Fəxri fərmanı
- I dərəcəli Ali Media Mükafatı
- Mətbuat Şurasının diplomu
- Mirzə Cəlil Ali Media Mükafatı
- BDU-nun Fəxri fərmanı
- III dərəcəli "Əmək" ordeni
- "Bakı Dövlət Universitetinin 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı
7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. 8 iyun 2022-ci ildə anadan olduğu Tovuz rayonunun Alakol kəndində dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.07.2026)
Türk Mədəniyyəti və İrsi Fondundan türk dünyasının ortaq akademik məkanına böyük dəstək
29 iyun – 3 iyul 2026-cı il tarixlərində Azərbaycanda keçirilən Türk Dünyası Həftəsi çərçivəsində “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konfrans Bakı Dövlət Universitetinin təqdimatında təşkil olunaraq və türk dillərinin, ədəbiyyatının və tarixinin müasir dövrün çağırışları fonunda tədrisi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, elmi əməkdaşlığın genişləndirilməsi və ortaq akademik yanaşmaların formalaşdırılması məsələlərinə həsr edilib.
Konfransın açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bildirib ki, konfransın Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində keçirilməsi xüsusi rəmzi əhəmiyyət daşıyır.
Fondun prezidenti vurğulayıb ki, qloballaşma və sürətli texnoloji dəyişikliklər dövründə türk dillərinin, ədəbiyyatının və tarixinin tədrisi yalnız akademik məsələ deyil, həm də milli kimliyin, ortaq dəyərlərin və mədəni yaddaşın qorunması baxımından strateji əhəmiyyət kəsb edir. O, Fondun təsis etdiyi nəşr layihələrinin və Türk Dünyası Həftəsi çərçivəsində təşkil olunan tədbirlərin ortaq irsin qorunmasına, eləcə də türk dünyasının vahid elmi və mədəni məkanının inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Tədbirin açılış mərasimində, eləcə də Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, Prof. Dr. Muzaffer Şeker, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qazaxıstan Milli Universitetinin rektoru, professor Janseyit Tuymebayev, Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Mehmet Öcal Oğuz, eləcə də Türk Akademiyasının prezidenti Şahin Mustafayev çıxış ediblər.
Konfransın türkoloji elmin inkişafına yeni töhfələr verməsi, müxtəlif ölkələrdən olan alimlər və mütəxəssislər arasında elmi dialoqun genişlənməsinə, həmçinin türk dünyasında ortaq təhsil və tədqiqat məkanının möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir.
“Ədəbiyyat və incəsənət”
(30.06.2026)
“Birinci Türkoloji Qurultay” adlı kitabın təqdimat mərasimi keçiriləcək
30 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi çəçivəsində Fond tərəfindən nəşr edilən “Birinci Türkoloji Qurultay” adlı kitabın təqdimat mərasimi keçiriləcək.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.
Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bildirilən Türk Dünyası Həftəsinin əsas məqsədi türk xalqları və dövlətləri arasında ortaq tarixi, mədəni və mənəvi bağları daha da gücləndirmək, türk dünyasının birliyini, həmrəyliyini və qardaşlığını qlobal səviyyədə nümayiş etdirmək, həmçinin türk dünyasının zəngin mədəni irsinin gənc nəsillərə ötürülməsini və beynəlxalq aləmdə tanıdılmasını təmin etməkdir.
Təqdim olunan nəşr – Azərbaycandakı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun, tanınmış alimlər professor Mahirə Hüseynova və filologiya elmleri doktoru Aysel Qəriblinin müəllifi olduğu “Birinci Türkoloji Qurultay” adlı elmi monoqrafiyadır. Kitabda 1926-cı il Bakı qurultayının tarixi missiyası, onun türk xalqlarının mədəni-elmi inkişafındakı müstəsna rolu, eləcə də etnoqrafiya, orfoqrafiya, terminologiya, əlifba, dil və ədəbiyyat məsələləri dərin elmi təhlil obyektinə çevrilib.
Tədbirdə Türk Dünyası Həftəsinin yerli və xarici qonaqları, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, elm, mədəniyyət və ictimai-siyasi xadimlər, beynəlxalq təşkilat rəhbərləri eləcə də media təmsilçiləri iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(30.06.2026)
"Çeşmə" Ədəbi Məclisinin növbəti yığncağı keçirilib
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
İyunun 27-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgər Ocağında keçirilib.
Tədbiri giriş sözü ilə adıçəkilən məclisin sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-qəzəlxan Lilpar Cəmşidqızı açıb. O, yığıncaqda ilk dəfə iştirak edən tanınmış şair, fəlsəfə elmləri doktoru Arzu Kazımqızı Nehrəmlini salamlayaraq, onun bu ədəbi məclisin daimi iştirakçılarından olmasını arzulayıb.Qeyd edib ki, ədəbiyyat adamlarının bir araya gəlməsi poeziyaya və milli ədəbi dəyərlərə olan sevginin bariz nümunəsidir.
Öncə çıxış edən Arzu Kazımqızı Nehrəmli Aşıq Ələsgərin zəngin yaradıcılığından bəhs edib, Dədə Ələsgərin adını daşıyan məkanda belə bir ədəbi məclisin keçirilməsinin xüsusi mənəvi əhəmiyyət daşıdığını bildirib, öz şeirlərindən nümunələr səsləndirib.
Sonra söz "Sarı Aşıq" Ədəbi Məclisinin sədri, AYB-nin üzvü, təcnis ustası Adil Cəfakeşə verilib. Şair iştirakçılara xoş arzular diləyib, yeni şeirlərini təqdim edib.
"Divan" müəllifi, tanınmış şair Hüseyn Sözlünü 80 yaşı münasibətilə təbrik edən məclis iştirakçılarına yubilyar yeni qələmə aldığı qəzəllərini səsləndirib.
Bir gün əvvəl 70 illik yubileyini qeyd edən AYB-nin üzvü, şair Vahid Çəmənli də duyğulu şeirlərini bölüşməklə tədbirə xüsusi ovqat qatıb.
Daha sonra Xəzər bölməsinin üzvü, ustad şair-qəzəlxan Əşrəf Pirşağılı, AYB-nin üzvləri İldırım Əlişoğlu Qəhrəmanov, Əliyar Mərdiyev, eləcə də İkinci Qarabağ müharibəsinin qazisi, şair Eyvaz Qafqaz yeni şeirlərini səsləndiriblər.
İldırım Əlişoğlu Qəhrəmanov belə ədəbi məclislərin milli ədəbiyyatın inkişafına mühüm töhfə verdiyini bildirib, Əliyar Mərdiyev isə söz sənətinin cəmiyyətin mənəvi inkişafındakı rolundan və müasir ədəbiyyatın aktual məsələlərindən danışıb.
Lilpar Cəmşidqızı növbəti yığıncağın şair, AYB-nin üzvü Vahid Çəmənlinin 70 illik yubileyinə və yeni nəşr olunmuş "Sənsiz keçən ömür" kitabının təqdimatına həsr ediləcəyini diqqətə çatdırıb.
Sonda məclis rəhbəri tədbirin təşkilinə göstərdikləri dəstəyə görə "Şahənşah" restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə və digər təşkilatçılara bütün iştirakçılar adından minnətdarlığını ifadə edib.
“Ədəbiyyat və incəsənət”
(30.06.2026)
Hekayə saatı – Ağalar İdrisoğludan “Tüləy ermənisi”
“Ədəbiyyat və incəsənət” portalının Hekayə saatı rubrikasında bu gün sizlərə Əməkdar incəsənət xadimi, rejissor, yazıçı Ağalar İdrisoğluun “Tüləy ermənisi” hekayəsini təqdim edirik.
Qırx gün idi ki, Vətən müharibəsi gedirdi. Ordumuz böyük inamla irəliləyirdi. Torpaqlarımızı erməni vandallarından azad etdikcə inamımız daha da artırdı. Ermənilər müharibəni uduzduqlarını anladıqca daha da vəhşiləşir, dirəniş göstərirdilər. Amma onlar görürdülər ki, daş-qayaya rast gəlib qarşımızda duruş gətirə bilməyəcəklər. Çünki bu, otuz ildə yığılan nifrətin nəticəsi idi.
Həm də bütövlükdə xalqımız əlindən gələn köməklikləri edirdi ki, biz yalnız irəli gedək. Hər bir kəndin, yüksəkliyin, rayon mərkəzinin alınmasını xalqımız bayram edirdi. Bu da bizi daha çox ruhlandırırdı. Ermənilər əvvəllər elə fikirləşirdilər ki, bizim ordumuz çox zəifdir və bir neçə günə Bakıya gələcək, bayraqlarını burada sancacaqlar. İndi isə yanıldıqlarını dərk etdikcə, daha böyük vahimədəydilər.
Ermənilər arasında fərarilik çox olduğundan məcbur qalıb başqa ölkələrdən muzdlu döyüşçülər gətirmişdilər. Onlar bu yerləri yaxşı tanımadıqlarından və ordumuzun gücündən çaşıb qalmışdılar. Bir neçə xarici ölkənin ermənilərə verdiyi milyardlarla pullar, döyüş texnikaları da karına gəlmirdi. Onlar eşidəndə ki, bizdə bir nəfər belə fərari yoxdur, daha çox qorxuya düşürdülər...
Azad etdiyimiz yerlərdə ermənilərin daşı daş üstündə belə qoymadığını, geri çəkildikcə hər yeri partlatdığını görən əsgərlərimiz amansız olur, daha əzmkar vuruşurdular.
Mənim rəhbərlik etdiyim 120 çaplı minaatan batareyaya tapşırıq verilmişdi ki, Şuşaya girəcək Xüsusi Təyinatlı Qüvvələri arxadan qoruyaq və şəhərə daxil olmalarına lazım olan köməkliyi edək. Həmçinin döyüşçülərimizin qarşısında yerləşən möhkəm istehkamları dağıdaq. Bizim batareyanın digər artilleriya növlərindən fərqi o idi ki, düşmənin görünən, görünməyən hədəflərini vura bilirdik. Biz bu gün aldığımız yerdə möhkəmlənməliydik. Bura ən əlverişli strateji mövqe idi. Düşmən ordusunu buradan asanlıqla məhv edə bilərdik. Bizə ən geci sabaha kimi əlavə qüvvələr də gələcəkdi.
İki gün idi ki, bu mövqe uğrunda vuruşurduq və bir tikə çörək yeməyə imkan olmamışdı. Əsgərlər oturub çörək yeyirdilər. Payızın sonları olmasına baxmayaraq, günəşli hava idi. Döyüşdüyümüz bu iki gün ərzində sanki həmişə günəş bizimlə idi. Elə bil Ulu Tanrı da bu qələbəmizə görə bizə gözəl şərait yaratmışdı.
Hiss edirdik ki, torpaq da, təbiət də bura gəlişimizdən sevinir. Ağaclarda payız meyvələri bol idi. Ermənilərə bu meyvələri yığmağa belə imkan verməmişdik. Əsgərlər sevinclə ağaclardan meyvə dərir, yeyir, ucadan deyirdilər:
- Vətənin meyvəsi gör necə dadlıdır. Sənə qurban olum, Vətən. Deməli, bizimçün çox darıxmışdın...
Bu sözləri deyən əsgərlərin özləri kövrəldiklərinə görə mən də kövrəldim. Axı mən də qarabağlı idim. Uşaq yaşlarımdan Bakıya qaçqın kimi getmişdik. Elə həmin vaxtdan hərbçi olacağıma, torpaqlarımızı azad edəcəyimə söz vermişdim. Bakıda hərbi məktəbi bitirdikdən sonra Türkiyədə Hərbi Akademiyanı qurtarmışdım. Həm də qaydasız döyüşlər üzrə peşəkar idmançı idim. Bir neçə xarici ölkədə keçirilən yarışlardan Vətənə çempion kimi qayıtmışdım. Qısa müddət ərzində hərbi sahədə qazandığım uğurlara görə belə böyük bir batareyanın komandiri olmuşdum.
Bu vaxt birdən-birə başımıza güllələr yağış kimi yağmağa başladı. Biz bunu gözləmirdik. Bircə onu deyə bildim:
- Hamınız yerə yatın! Çalışın ağacların arxasında gizlənin ki, güllələrdən qorunasınız!
Özüm isə çiynimi söykədiyim uçuq evin sınıq pəncərəsindən içəri atıldım. Yanımda olan iki əsgərə də ora keçmələrini əmr etdim. Onlar da tez içəri atıldılar. Ev qaranlıq idi. Sırınmamın cibindən fənəri çıxarıb yandırdım. Küncdə bir qoca kişinin oturduğunu gördüm. Tez tapançamı çıxarıb göyə güllə atdım. Azərbaycanca və rusca dedim:
- Tərpənmə! Əllər yuxarı!
Qoca kişi bizim evə girməyimizi hiss etməmişdi. Çünki qulaqlarında aparat vardı, əlində tutduğu iyirmi-otuz santimetr uzunluğunda cihazda əl hərəkətləri ilə nəsə edirdi. Mən yenə onun başı üzərindən güllə atıb dedim:
- Əllər yuxarı!
O, qorxa-qorxa ayağa qalxdı, qulağındakı aparatları çıxardı, əlindəki cihazı tez yerə qoydu. Bir neçə addım bizə tərəf gəldi, yanıqlı-yanıqlı ağlamağa başladı. Təmiz Azərbaycan dilində dedi:
- Şükür, gəldiniz. Gör sizi neçə illərdir gözləyirik. Bu saqqallılar, sizin dillə desək, daşnak sürüsündən nəhayət, canımızı qurtardınız. Allah bizim yalvarışlarımızı eşitdi, sizi yetirdi.
O, dizlərini yerə qoyub dizin-dizin mənə tərəf sürünməyə başladı.
-Qabağa gəlmə! - deyə əmr etdim.
- Matax… Mənim sənin kimi uca boylu, yaraşıqlı bir oğlum vardı. Gavurlar onu, arvadımı gözümün qarşısında güllələdilər...
Sonra əllərini yerə vurub daha da ucadan ağladı.
- Sən ermənisən?
- Erməniyəm deyəndə ki, biz qarabağlılar erməni deyilik ha… Biz albanlarıq. Sovet vaxtı sizinkilər bizə yiyə durmadılar, gavurlar da bizi erməni yazdılar. Mən də dedim ki, adımı, soyadımı belə yazın: İmamverdi Artunyants.
- Sən qarabağlısan?
- Xalis qarabağlıyam. Bütün nəslim burada doğulub. Sizin dili də yaxşı bilirəm. Çoxlu azərbaycanlı kirvəm olub.
- Pasportunu ver baxaq.
- Pasportum yoxdur. Ermənilər alıb yandırdılar.
Mən qoca erməni ilə söhbət etməyə başlayandan sonra artıq güllə atmırdılar. Açığı, bu hal məni şübhələndirdi.
- Qocanın əllərini bağlayın, - deyə əsgərlərə əmr etdim.
- Yalvarıram, əllərimi bağlamayın. Mən yəqin ki, sənin atan yaşındayam. Məgər öz atanın əllərini bağlayardın?
- Mənim atamı sizin erməni faşistləri Birinci Qarabağ müharibəsində öldürüblər. Mən şəhid oğluyam.
- Bağışla, matax. Allah rəhmət eləsin.
Gözüm stolun üstündəki cihaza sataşdı. Həmin cihaza yaxınlaşdım.
- Bu nə cihazdır, qoca?
- Bu cihazla mən əllərimi, barmaqlarımı hərəkət etdirirəm. Əllərim, barmaqlarım tutulmuşdu. Bunu İngiltərədən qohumlarım mənə göndəriblər.
Aparata diqqətlə baxdım. Yadıma düşdü ki, belə bir aparatı Türkiyədə Hərbi Akademiyada oxuyanda görmüşdüm. NATO qoşunlarından bir zabit onu bizə göstərmiş və demişdi:
- Bu, GPS aparatlarından biridir.
- Sən bununla əllərini, barmaqlarını məşq etdirirsən?
- Hə. Allah haqqı, elədir.
- Yalan deyirsən!
- Oğlumun goru haqqı, düz deyirəm.
Özümdən asılı olmayaraq onun boğazından yapışdım.
- Yalan desən, səni öz əllərimlə boğaram. Əsgər Şükürov, mərkəzlə əlaqə saxla. Bu aparatın nömrəsini onlara de. Görək bu aparat nə üçündür!
- Baş üstə, komandir, - deyə yanımda olan batareyanın radisti dərhal mərkəzlə əlaqə saxladı, aparatın nömrəsini, formasını, ona qoşulan qulaqcıqlar barədə məlumat verdi.
Qocanın əynindəki bahalı palto da ilk dəqiqədən diqqətimi çəkmişdi. Çünki həqiqətən də çox bahalı idi.
- Deyirsən ki, sən bu kənddənsən?
- Hə. Məzhəb haqqı, buralıyam. Bütün nəslim də buradandır. Özüm də çox kasıb adamam.
- Kasıb adamın belə bahalı paltosu haradandır?
- Keçən il bura bir milyoner ingilis gəlmişdi. Çəkdiyim tut arağından, konyakdan, çaxırdan ona verdim, o da mənə bunu bağışladı.
- Onun qolunu açın, bu paltonu əynindən çıxarın, - deyə əsgərlərə tapşırıq verdim.
- Oğlum, qurban olum sənə. Mənə çox soyuqdur. Nə olar, çıxarmayın əynimdən, - deyə o, yenə də hönkür-hönkür ağladı.
Artıq əsgərlər çox bahalı dəridən hazırlanmış, içi qoyun yunundan olan paltonu onun əynindən çıxarmışdılar. Paltonun içini çevirəndə orada iyirmidən çox qırmızı, iri düyməyə oxşayan qurğu gördüm. Onlar yanıb-sönürdülər.
- Bunlar nədir, ay qoca?
- Paltonun içində qızdırıcı cihazlar var. Onlar paltonu isidir, mənə soyuq olmur.
- Bu paltonun da məlumatını mərkəzə ver, Ziyafət.
- Oldu, komandir.
- Orada küncdə beş böyük çəllək var. İçlərində tut arağı, konyak, çaxırdır. Hamısının da neçə illik yaşı var. Gəlişiniz münasibətilə hamısını sizə verəcəyəm.
Bu vaxt mərkəzdən xəbər gəldi ki, həmin aparat son model GPS cihazıdır. Paltonun içindəki düyməciklər isə xüsusi cihazlardır. Onların vasitəsilə on kilometr uzaqlıqdan istənilən hədəfi silahla vurmaq mümkündür.
- Deməli, sən burada oturub, “daşnak” dediyin ermənilərin vasitəsilə bizi güllə-boran edirirdin, ay oğraş?!
Hirsimdən ona elə bir şillə vurdum ki, qoca tappıltı ilə yerə yıxıldı. Ağzından, burnundan qan axmağa başladı. Bu vaxt tapançanı onun başına dirədim.
- De görüm, sən kimsən?! Deməsən, başını dağıdacağam!
- Dedim axı, mən İmamverdi Artunyantsam.
- Yalan deyirsən, qoca köpək!
Onu təpiklə vurmağa başladım. Zərbələrdən qoca yerində qıvrılmağa başladı.
- Yalvarıram, məni öldürməyin. Düzünü deyəcəyəm...
Məlum oldu ki, bu qoca tülək erməni zabitidir. Adını, soyadını da dedi. Təcili olaraq korpus komandiri ilə əlaqə saxladım. Məlum oldu ki, o, Meşəlidə, Xocalıda, Ağdabanda törədilən qətliamlarda iştirak edib.
- Onu öldürməyin. Mən təcili ora gəlirəm, - deyə general mənə tapşırdı.
Atam Meşəlidəki qətliamda şəhid olmuşdu. Hirsimdən özümü saxlaya bilmədim onun ayağına güllə vurdum. Qoca erməni daha ucadan qışqırdı.
- Onu bayıra çıxarın! - deyə əsgərlərə əmr etdim.
Qoca tüləyi sürüyə-sürüyə bayıra çıxartdılar. Xoşbəxtlikdən əsgərlərimdən yalnız bir neçəsi yüngül xəsarət almışdı. Beş əsgərə əmr verdim:
- Evə girin, yaxşı-yaxşı yoxlayın. Görək orada daha nə var.
İyirmi dəqiqədən sonra biri gəlib dedi:
- Komandir, zirzəmidə çoxlu silah-sursat, müxtəlif aparatlar, cihazlar var. Həm də əllidən artıq əsgərin güllələrdən qorunması üçün sığınacaq hazırlanıb.
- Bu erməni tulasını qoruyun ki, özünə xətər yetirməsin, - deyib tez evə girdim. Zirzəmiyə düşdüm.
Yuxarıdan yosma daxmaya oxşayan bu yerin zirzəmisi olduqca geniş idi. Burada çoxlu müasir hərbi aparatlar vardı.
- Deməli, iki gün idi ki, bu mövqeni götürə bilməməyimizin səbəbi də məhz bu olub, - deyə fikirləşdim.
İstədim bu aparatların hamısını sındırmağı əsgərlərə əmr edim. Elə bu vaxt bir əsgər gəlib dedi:
- Cənab komandir, general gəldi.
Bayıra çıxıb indiyə qədər baş verənlər haqqında generala məlumat verdim. Sonra onunla birlikdə zirzəmiyə girdik. General əmr etdi:
- Bu aparatların hamısını ermənilərin olduğu tərəfə çevirin. Paltonun içini də aparatlara yaxın tutun.
Aparatları düşmənin mövqelərinə tərəf çevirdik. İndi biz erməniləri aydın görürdük. Yemək yeyir, içir, kef edirdilər.
- Onları atəşə tutun! - deyə general əmr verdi.
Onları güclü atəşə tutduq. Bağırtıları eşidilir, güllələrimizin altında necə məhv olduqlarını aydın görürdük.
Generalın tapşırığı ilə Hərbi Tribunaldan gəlib qoca tüləyi apardılar. Çünki onda çoxlu məlumatlar vardı. Cəzasını Hərbi Tribunal verəcəkdi.
Həmin günün səhəri əsgərlərimiz sıldırım qayalarla Şuşaya doğru irəlilədilər. Üç gün sonra cəsur döyüşçülərimiz üçrəngli bayrağımızı qeyrət qalamız olan Şuşada ucaltdılar. Tüləy erməni isə özü də bilmədən, fikirləşmədən qələbəmizi ezləşdirmişdi…
Həm Şuşanın azad olunması, həm də bu Vətən müharibəsində vandalların məhv edilməsi ilə gavurlardan şəhidlərimizin qisasını aldıq. Bununla da 44 günlük Zəfərimizi dünya hərb tarixinə qızıl hərflərlə yazdıq.
Sumqayıt şəhəri
21–22 yanvar 2026-cı il
“Ədəbiyyat və incəsənət”
(30.06.2026)


