Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” üçün
“Dediklərimizin demədiklərimizdən çox olduğu dünyadan qorusun Tanrı bizi!”
Bu şüarı yazıb bütün divarlara yapışdırmaq istəyirəm hərdən... Bəlkə, “hərdən” sözünü “həmişə” ilə əvəzləyəcək cəsarət lazımdır müasir insana...
İnsan özünə qoyduğu limiti aşmayanda müdrikləşir. Başqalarının qoyduğu limiti keçməmək, sadəcə, intizamdır. Müdrik olmağa çalışırıqmı? Və də, bunu bacarırıqmı? Soruşsan, hamı müdrikləşib artıq... Soruşsan, hamı həyatı çözələyib çoxdan, o çözələnən yerindəcə qoyub həyatı və guya “yeni həyata başlayıb...” Vərdişlərimiz, arzularımız, xislətimiz eynidirsə, həyat sözünün əvvəlinə artırdığımız “yeni” kəlməsi nəyi ehtiva edir?
“Çox sual verirsən...” Bir oxucu belə yazmışdı “Düşüncə döngələri” silsiləsindən bir-iki yazı oxuyandan sonra. Nə cavab vermişdim deyə maraqlanan varsa, elə yazdıqlarımı oxusun. Dilə gətirdiyim bütün sualların cavablarını özüm tapıram! Mənim suallarım dünyaya, bəşəriyyətə deyil, özümə, özümə oxşatdıqlarıma ünvanlanır.
Hər sevəndə yenilirik dünyaya... “Yaxşı ki, bunu verdin, sənə olan sevgim artdı, həyat!” dediyimiz günün ertəsi bir də baxırıq, həyatın verdiyini sələmlə ödəmişik... Əlbəttə, faiz canımızdan, ruhumuzdandır...
İnsanın özünə qoyduğu limitlərdən danışırdım axı... Fazil Sənanın “Limit” adlı hekayəsi var. İşığa qoyulan limit keçilməsin deyə, evdə işıq yandıranlara düşmən kəsilən qadındır baş qəhrəman. Əgər Fazil Sənan süjet xəttini təkcə bu istiqamətdə saxlasaydı, yəqin bütün oxucuların dodağı qaçardı. Amma yazıçı hekayənin adını “Limit” qoysa da, düşüncənin mərkəzəqaçma qüvvəsi qadın-kişi münasibətlərinin ətrafında fırlanır.
Ömür-gün yoldaşının hər anını zindana çevirən qadını qınamaq asandır. Ya da özünü onun yerinə qoyub haqq vermək... Lakin mən Şəfa Vəli olaraq hadisələrə müasir cəmiyyətin fərdi kimi yanaşdım... Halbuki, anam Güldərən Vəlinin gəncliyində- Dədə Qəribin (Ruhu şad olsun!) rəhbərliyi ilə fəaliyyət göstərən “İlham” ədəbi birliyinin üzvü olarkən qələmə aldığı “İşıq pulu” hekayəsinə gələcəkdən baxmışdım 20-li yaşlarımda...
Anamın hekayəsində işığın çox pul yazdığını deyərək keçirən nəvəyə nənə deyir: “Bəs mənim gözlərimin sönən işığının pulunu kim ödəyəcək?” Fazil Sənanın hekayəsində isə biz limiti keçən sayğacın yazdığı pulun adını dəfələrlə eşidirik (oxuyuruq). Lakin qadının kişiyə olan münasibətinin kökündə bu pul dayanmır... Yəni burda da öləziyən ömür işığının ödənməsi istənir...
Müasir insan bu ödənci gözəl tanıyır! “Ömrüm fəda...” deyənlər fəda olub da getdilər axı. “Motivasiya kitabları” deyə bir anlayış çıxdı meydana. Hamısı da insana öyrətməyə başladı:
-Bu dünyada ən qiymətli sənsən! Kimsə sənin vaxtından, ömründən, duyğularından pay alacaq qədər qiymətli deyil!
Və insan buna inandı... Təəssüf ki, inandı... Halbuki, çox yox, 2-3 əsr bundan əvvələdək fəlsəfə və düşüncə cərəyanları deyirdi:
-Bu dünyanın bir parçasısan, insan! Təkcə yaşamalı deyil, yaşatmalısan həm də!
Tolstoy bunu dedi, Dostoyevski insanı özüylə tanış etdi, Cəlil Məmmədquluzadə özünəkinayədən yazdı, Ağabəyim ağa Batmanqılınca həsr olunan duyğularıyla öyündü... Bertrand Russel isə qələmiylə güzgü tutdu bizə... Və sonra gəldi düşüncənin Ziqmunt Bauman mərhələsi. “S.O.S.” siqnalı verdi esseləriylə... Bütün bunlara qulağını tıxamağı gözəl bacaran bəşər övladı motivasiya kitablarına qucaq açdı.
Heç kim də “Niyə?” sualını dilinə gətirmədi. Halbuki, sabah oyanmaq üçün ən gözəl motivasiya bu gün yarımçıq qoyulan işlərdir. Axşama tələsmək üçün ən yaxşı motivasiya səhər evdən çıxanın qayıtmasıdır. Durub qazan asmağa ən gözəl motivasiya sabaha saralacaq olan göyərtidir, cücərən kartofdur. Qonşuya gülümsəməyə ən yaxşı motivasiya onun xoruzunun səsiylə oyandığını dərk etməkdir.
“N” qədər çəkə bilərəm bu misalları... Və çağdaşım olan insanlar-motivasiya kitablarını yastıqlarının yanına qudsal nəsnə kimi qoyanlar da mənə gülər...
Fazil Sənanın “Limit” hekayəsindəki qəhrəman məhz bu insandır-mənə gülən, hardasa adımı eşidəndə “geridəqalmış” deyən qadındır. Onun üçün irəli getmək ömür-gününü həsr etdiyi kişidən öc almaqdır. Çünki o həsr etməyin içində damcı da olsa, fədakarlıq olmayıb. Olsa, olsa, xətir olub... Xətir-hörmət yox ha, bala xətri, el ağzı xətri, çörək xətrinə susub, o kişiylə bir dam altında yaşayıb qadın. İçində hörmət olmayan xətir bir yerdə minnətə çevrilir... Minnət də axırda borc sayılır.
Ömründən-günündən bac almaqla xərclədiyi xətirin ödəncini istəyir qadın... Mən onun doğrumu, səhvmi etdiyini müzakirə etmək istəmirəm. Bu ödənc istəyinin kökündəki səbəbi izah edirəm... Nəticə çıxarmağı da öz oxucularımın öhdəsinə buraxıram.
Bu dəfə yazımı sual cümləsiylə bitirməyəcəyəm. Əksinə, sonda nida işarəsi qoyacağam. Çünki, son cümləm budur: “Özünüzə limit qoyun və keçməyin, dünyadaşlarım, başqa limitlərin cəriməsini ödəmək olur!”
(2026, fevral)
“Ədəbiyyat və incəsənət”
(05.02.2026)


