“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizə yazıçı, millət vəkili Aqil Abbasın mərhum musiqiçi Rəmiş barədə xatirəsi ilə tanış olacaqsınız.
Aqil ABBAS
BU DÜNYADAN RƏMİŞ KEÇDİ – 1-Cİ HİSSƏ
Dünyanın ən xoşbəxt və ən bədbəxt insanı idi Rəmiş. Niyə ən xoşbəxt və ən bədbəxt? Darıxmayın, indi açıqlayacam.
Yazılarımda və televiziya müsahibələrimdə Rəmiş haqqında belə bir fikir söyləmişdim: "Rəmiş nə atadı, nə anadı, nə bacıdı, nə qardaşdı, nə vətəndaşdı, heç adam da deyil. Rəmiş başdan-ayağa ruhdu – yarı mələk, yarı şeytan. Bəzən şeytan mələyi üstələyir".
Bu da Rəmişin bərk xətrinə dəymişdi. Amma dedim ki, Rəmiş, mən sözümün üstündə qalıram.
Rəmiş niyə dünyanın ən xoşbəxt adamıdı? Xoşbəxtliyi odur ki, bu insan ağlı kəsəndən dünyanın ən azad insanı olub, heç bir çərçivəyə sığmayıb. 250 milyon insanı çərçivədə saxlayan sovet hökuməti onu çərçivəyə sala bilmədi. Necə istədi, elə də yaşadı, türk şarkısında deyilən kimi, əgər buna yaşamaq deyirlərsə. Nə istədi, yedi, nə istədi, içdi, nə istədi, onu elədi, nə istədi, onu geyindi, hətta bəzən şəhərdə şəpitlə gəzdi. Uzun saç saxladı, mədəniyyət naziri belə onun saçını qırxdıra bilmədi. Konsertlərdə hamı eyni kostyum geydiyi halda, Rəmiş cinslə çıxırdı, Zeynəb xanım da xətrinə dəymirdi. Heç kəsin qabağında əyilmədi. Təkrarolunmaz ifaları ilə milyonların sevgisini qazandı və hamı Rəmişi necə vardı, elə qəbul elədi.
Belə bir söz var, sənin azadlığın mənim azadlığım başlayanda qurtarır. Rəmişin azadlığı heç kimin azadlığının başladığı yerdə qurtarmadı. Milli musiqimiz üçün tamamilə yad bir aləti milliləşdirdi.
Amma Rəmiş məktəb olmadı, çünki heç özü məktəb görməmişdi. Bəlkə də, heç məktəbin nə olduğunu bilmirdi. Ağdamdakı Musiqi Texnikumunu da ala-yarımçıq oxumuşdu. Oxumuşdu deməyək, şəpitlə dərsə gedib-gəlmişdi. Amma dövlət imtahanında necə tar və piano ifa eləmişdisə, komissiya üzvləri durub Rəmişi bağırlarına basmışdılar.
Rəmiş gitaranı bu millətə necə sevdirdisə, Rəmişdən sonra onlarla gənc çox gözəl gitaraçalan oldu, xalq onları da sevdi. Çox mahir gitara çalanlar var, amma onların heç biri Rəmişin yolunu gedə bilmədi, çünki o yolu Allah təkcə Rəmişə vermişdi.
Bəs niyə Rəmiş dünyanın ən bədbəxt insanıdı? Rəmişin bir normal lent yazısı yoxdu. Çünki bu lent yazıları ya toylarda, ya da xudmani məclislərdə yazılıb. Özü də video çıxandan sonra. Youtube-a baxın, hamısı 1991-ci ildən sonra yazılıb. Rəmişin çağlayan vaxtlarında – 70-90-cı illər arası ifaları itdi-batdı. Çünki onlar köhnə maqnitofon lentləri idi, sonra kompakt kassetdəydi, texnika inkişaf elədi və onlar da oldu istifadəsiz. Bəlkə də, müəyyən adamların evlərində qalır. Şəxsən məndə iyirmidən çox Rəmişin maqnitofon lenti vardı. Allah erməninin tifağını dağıtsın, şəhərimiz işğal olunanda hamının evi kimi, bizim evi də dağıtdılar, yandırdılar, həm on beş minlik kitabxanam məhv oldu, həm də Rəmişin lent yazıları.
Rəmişin lent yazılarını çox axtarmışam, tapa bilməmişəm. Bilirəm ki, bircə kamançaçalan Elman Bədəlovun oğlu Muquşda var, ona da əlim çatmır, deyirlər, Almaniyada yaşayır.
Bircə dənə normal diski var, onu da ANS–in rəhbəri Vahid Mustafayev və görkəmli jurnalist Mirşahin Ağayev çətinliklə də olsa öz maliyyələri hesabına Londonda yazdırıblar. O da az tirajla, satışa da verməyiblər, dosta-tanışa hədiyyə ediblər. Birini də mənə hədiyyə etmişdilər, Rəmişsevər dostlarımdan hansısa maşınımdan çırpışdırdı. Halal xoşu olsun.
Ona görə də Rəmişin qeybə çəkilməsindən sonra heç bir televiziyada onun haqqında söhbət getmir, ifaları göstərilmir.
Yalnız İctimai televiziyada Saleh Bağırovun və Nailə xanımın apardığı "Ötən günlər" verilişi Rəmişə həsr olundu və xalqa Rəmişi yenidən təqdim etdilər, sağ olsunlar. Rəmiş dünyanın ən bədbəxt adamı ona görədir ki, izi-tozu qalmadı. Gələcək nəsillər belə bir dahini tanımayacaqlar, tapıb dinləyə bilməyəcəklər.
Bəs Rəmiş haqqında povesti niyə yazdım? Rəmiş hər görüşəndə məndən soruşurdu:
– Qaqa, mənə söz vermişdin ki, məndən nəysə yazırsan, nooldu?
– Darıxma, yazıram.
Amma o darıxdı, məndən də darıxdı, dostlarından da, hamıdan darıxdı, day gözləmədi, çıxdı getdi. Yəqin ki, cənnətə buraxmazlar, amma cəhənnəmdə sərin bir yer tapılar onun üçün. O yenə dostlarını başına yığıb, ocaqdan oğurladığı bir taxtanın üstünə iki sim çəkib uyudar cəhənnəmdəkiləri. Bədənləri yansa da, ürəklərinə su səpər.
Tarixdə Paqanini adında bir skripka dahisi olub. Təbii ki, təxminən 250 il bundan əvvəl yaşamış Paqanininin necə ifa elədiyinin heç bir şahidi qalmayıb, ağızdan-ağıza keçib. Deyilənlərə və yazılanlara inanmaq məcburiyyətindəyik. Yazırlar ki, Paqanini skripka çalanda zaldakı adamların ürəyi gedirmiş, bağırırmışlar, içlərinə şeytan girirmiş. Ona görə də kilsə xadimləri onu şeytan adlandırıblar, otuz il də xristian torpaqlarında basdırılmağa icazə verməyiblər. Otuz il oğlu və köməkçisi şəhər-şəhər, kənd-kənd gəziblər və kilsənin sözüylə də hər yerdən qovulublar. Amma Paqanini bir əfsanəyə çevrilib, mifləşib.
XIV-XV əsrlərdə Təbrizdə Əbdül Qadir Baği adında bir xanəndə olub. Bütün Şərqdə məşhuruymuş, qeyri-adi, İlahidən gələn səsi varmış, bizim Qədir Rüstəmov kimi. Şöhrəti Əmir Teymura gedib çatıbmış.
Əmir Teymur Təbrizi fəth edərkən əmr edir ki, Əbdül Qadir Bağini onun yanına gətirsinlər. Aralarında bir söhbət olur.
Deyir:
– Oxu. Əgər xoşuma gəlsə, nə istəyirsən-istə məndən.
Oxuyur, öz ilahi səsiylə Əmir Teymuru sehrləyir. Soruşanda məndən nə istəyirsən, deyir:
– Əmr elə Təbrizdə yağmalanmanı, qırğını saxlasınlar.
Əmir Teymur onun bu xahişini yerinə yetirir. Sonra da onu Miranşaha vəzir verir. Miranşaha sui-qəsd olandan sonra Ədbül Qadir Baği qorxusundan Bağdada qaçır.
Əmir Teymur oğlunun intiqamını almaq üçün yenidən yürüşə çıxır və gəlir Bağdada. Tapşırır ki, o Bağini tapın və diri-diri mənə gətirin.
Gətirirlər. Əmir Teymur deyir ki, mən sənə o cür hörmət etdim, oğluma vəzir qoydum, sən də ona sui-qəsddə iştirak etmisən.
Baği and-aman edir ki, mənim əlim yoxdu, sizin qəzəbinizdən qorxub qaçmışam. Əmir Teymur deyir ki, aparın bunu asın. Bağini çadırdan çıxartmaq istərkən Əmir Teymur soruşur ki, oxuya bilərsən? Baği əlini atır qulağının dibinə, dirsəyi ilə də, Qədir Rüstəmov kimi, böyrəyini sıxıb necə zəngulə vurursa, yenə İlahidən gələn səsiylə Əmir Teymuru sehrləyir.
Əmir Teymur bağırır:
– Kəs səsini, bu səsi eşidəndən sonra qoşun heç kəsi öldürə bilməz, silahı atar.
Sonra əmr edir ki, buraxın, gedib yaşasın.
Yəqin, Əbdül Qadir Baği də Şərqdə əfsanəyə çevrilib, mifə çevrilib.
İndi zaman gələcək, Rəmiş də əfsanəyə, mifə çevriləcək. "Rəmiş" povestini ona görə yazdım.
Qədir Rüstəmovdan çox məqalə yazmışam, ondan da povest yazmışam.
Bir dəfə Ağdamda Qarabağın tanınmış ziyalısı Yusif Əhmədov çayxanada mənə dedi:
– Aqil, bala, Qədirdən yüz dəfə də yazsan, onun oxumağının bir dəqiqəsini ifadə edə bilməzsən.
İndi Rəmiş haqqında da məqalələr yazmışam və indi də bu povesti yazmışam, amma bilirəm ki, Yusif müəllimin sözü olmasın, onun improvizasiyalarının, ifasının yüzdə birini verə bilmərəm.
Sadəcə olaraq, "Rəmiş" povestini ona görə yazdım ki, qəlbimdəki Rəmiş ağrısından bir qədər yüngülləşim və bu ağrı-acını oxucularla bölüşüm. Və gələcək nəsillər də Rəmişi tanıya bilsinlər. İnanıram ki, Rəmiş də gələcəkdə əfsanə və mifə çevriləcək.
RƏMİŞ
Allahın meymunlara yazığı gəldiyindən sonradan onları insana çevirmədi.
Mələklər yığılmışdılar Rəmişin başına. O isə ağır–ağır nəfəs alırdı, əgər buna nəfəs almaq demək mümkün idisə, rəngi-rufu qaçmışdı, mələklərin gözü qabağında özlərinin alovlandırdığı bir günəş sönürdü. Vaxtilə Rəmişin ürəyini sinəsindən qoparıb həmin ürəkdəki qanı təmiz sıxıb çıxarıb öpərək, sonra da dodaqlarını yapışdıraraq öz qanıyla dolduran mələk də əlacsız qalmışdı. İstəsəydi, indi də onun ciyərini çıxarar, təmizləyər və öz ciyərindən pay verərək yenidən qaytarıb yerinə qoya bilərdi. Amma, amma qara tül pərdədə olan Qara Niqablı Mələk hamısına gözünü ağartmışdı.
Bu, Rəmişin sonuydu.
Ona təmiz hava vermək üçün ağız-burnunu nə iləsə qapatmışdılar. Amma hiss eləyirdi ki, ağzındakı ona nəinki təmiz hava verir, əksinə, nəfəs almağa mane olur, boğulur, ciyəri o təmiz havanı qəbul edə bilmir. Özünü birtəhər toparlayıb əlini atıb onu çıxartdı. Və hiss etdi ki, nəfəs almağı yüngülləşdi. Əlli ildi çirkli hava almağa öyrənmiş ciyərləri kef elədi. Tibb bacısı nəfəsliyi yenidən taxmaq istədi.
Həkim dedi:
– Lazım deyil, qoy rahat ölsün!
Birtəhər gözlərini açdı. Harda olduğunu anışdıra bilmədi. Elə bildi Abdaldadı, Kəhrizin üstündə. Yenə uşaqlar yığışıb başına. O da taxtanın üstünə çəkdiyi simlərlə nə isə çalır. Kəhrizin suyunun səsi, meşədəki ağacların yarpaqlarının pıçıltısı, küləyin xışıltısı qarışıb onun nə çaldığını özü də bilmədiyi melodiyaya.
Yavaş səslə otaqdakı tanımadığı adamlara dedi:
– Gitaramı istəyirəm.
Həkim gözü ilə tibb bacısına işarə elədi ki, gitarasını tapıb gətirsinlər. Tibb bacısı qaçdı çölə, qapının ağzında oturub ağlayan Gülüyə dedi:
– Gitarasını istəyir.
Gülü göz yaşlarını sildi, bir az sevincək oldu, qaçıb maşındakı gitaranı götürdü. Həyətə toplaşmış dostları soruşdu:
– Necədir?
– Deyəsən, yaxşılaşıb, gitarasını istəyir.
Və gətirib gitaranı verdi tibb bacısına. Tibb bacısı da girdi içəri, gitaranı qoydu Rəmişin sinəsinə. Ən əziz sevgilisini sinəsində görəndə nəfəs almağı bir az da rahatlaşdı və başladı gitaranı sığallayıb əzizləməyə.
Qara Niqablı Mələyin ömründə ilk dəfə gözləri yaşardı, amma o da heç bir şey edə bilməzdi – Rəmişi aparmağa gəlmişdi. Əyildi Rəmişə tərəf və dedi:
***
Divardan çox bahalı və qədim bir xalça asılmışdı. Amma Qurban əmini xalçanın bahalı, qiymətli və qədim olması cəlb eləmədi, xalçanın üstündən asılmış məktəbli tarı cəlb elədi. Üzünü Hüseyn kişiyə tutub dedi:
– Sənin tarındı?
– Yox, oğlumundu, həvəskardı.
– Musiqi məktəbinə gedir?
– Xeyr, musiqi məktəbinə yaşı çatmır, hələ dörddə oxuyur. Amma arada Aşıq Xaspoladın yanına gedir, ondan saz çalmaq öyrənir.
– Çala bilir?
– Bir dəfə gördüm ki, taxtanın üstünə sim çəkib, uşaqlar da yığılıb başına nəysə çalır, amma nə çaldığını bircə özü bilir. Həvəsini görüb gedib bu tarı aldım.
– Çağır gəlsin.
Hüseyn kişi üzünü tutdu xanımına:
– Ordan Rəmişi çağır.
– Bu nə addı qoymusan uşağa?
– Adı Rafiqdi, amma evdə-eşikdə, kəddə-kəsəkdə hamı onu Rəmiş çağırır.
İçəri yaşına uyğun olmayan ucaboylu, irigözlü, uzun sifətli, saçları qarışıq bir uşaq girdi. Və böyüklər kimi də gəlib Qurban əmi ilə əl tutuşdu.
– Xoş gəlmisən.
– Məni tanıyırsan?
– Səni kim tanımır ki? Tarın atasısan.
– Onda sən də ol tarın balası. Götür çal görüm, necə çalırsan?
Rəmiş xalçanın üstündəki tarı götürdü, oturdu stulda, tarı da qoydu dizinə və soruşdu:
– Qurban əmi, nə çalım?
Qurban əmi:
– Əvvəla, tarı qaldır sinənə, diz üstə çalmazlar.
– Qurban əmi, mənə belə xoşdu.
– Bir Segah çal.
Gözlərini yumdu, başını tarın çanağına söykədi və "Segah"ı öz yerində yox, tamamilə başqa bir yerdə, Qurban əminin heç vaxt eşitmədiyi bir yerdə çalmağa başladı. Barmaqları tarın pərdələrində gəzişir, Qurban əminin, bəlkə, ilk dəfə dinlədiyi başqa bir "Segah" çalırdı. Rəmiş hərdən "Segah"dan ayrılır, eyni ahənglə başqa nələrsə çalır, çalmır, daha doğrusu, uydurur, sonra yenə qayıdırdı "Segah"a. Beləcə, xeyli çaldı, sonra gözlərini açıb Qurban əmiyə baxdı. Qurban əmi də təəccüblə ona baxırdı.
– Sən nə çalırdın?
– Segah.
– Axı nəsə ayrı şey çalırdın?
– Mən Segahı belə görürəm.
– Sən Segahı görürsən?
– Qurban əmi, mən nə çalıramsa, onu görürəm, gördüyümü çalıram.
Qurban əmi üzünü tutdu Hüseyn kişiyə:
– Hüseyn, bu uşaqdan nəsə olacaq. Əjdahadı, amma gərək oxuya.
– Vallah, heç dərslərini oxumur. Qorxuram musiqi məktəbində də elə oxuya.
– Amma tarı çox zəifdi, məktəbli tarıdı. Ona yaxşı bir tar bağlat.
Qurban əmi sonra nə fikirləşdisə, sürücünü çağırıb dedi:
– Ay oğul, maşındakı o tarı gətir bura.
Sürücü maşındakı futlyarı gətirib açdı, içindən qeyri-adi bir tar çıxartdı, tar alışıb-yanırdı. Başdan-ayağa sədəfin içindəydi. Çanağında da iki zolaq sədəf gedirdi və sədəflə də yazılmışdı: "Qurban Pirimov".
Qurban əmi tarı götürüb kökünü yoxladı və verdi Rəmişə:
– Ala, indi bunda Segah çal görüm.
Rəmiş ömründə belə bir tar görməmişdi. Xeyli tarı əlləri ilə oxşadı, sonra da simlərin kökünü dəyişdi və yenə qoydu dizinin üstünə, indi də tamamilə başqa bir pərdədə "Segah" çalmağa başladı. Bu "Segah" əvvəlkindən fərqlənirdi. Yenə gözlərini yummuşdu. Barmaqlar tarın pərdələrində gəzişir, öz bildiyi bir şey çalırdı.
Qurban əmi çaşmışdı – eyni "Segah", amma bu dəfə başqa cür səslənir, başqa bir pərdədə, başqa bir kökdə çalınır.
Rəmiş, nəhayət, çalmağı dayandırdı, yenə gözlərini açıb Qurban əmiyə baxdı. Qurban əminin isə diqqəti onun pərdələrdə gəzişən uzun barmaqlarındaydı.
Musiqinin təsirindən ayılandan sonra dedi:
– Rəmiş, bu tar sənə halaldı, bağışladım sənə.
Hüseyn kişi etiraz elədi:
– Yox, Qurban əmi, götürə bilmərik.
– Sənə bağışlasam, götürməzsən, mən onu bu dəli balama bağışlayıram.
Rəmiş sevindiyindən qalxıb Qurban əminin boynuna sarıldı.
Gecə yatanda tarı sinəsinə sıxıb yatdı. Arada anası gəlib tarı götürmək istədi, amma Rəmiş yuxulu-yuxulu olsa da tarı buraxmadı.
Anası ikinci dəfə gələndə gördü Rəmiş yerində yoxdu. Çıxdı həyətə, həyətdə də yox idi. Qayıtdı geri, Hüseyn kişini oyadıb dedi:
– Ay kişi, Rəmiş yerində yoxdu. Həyətə baxdım, həyətdə də yoxdu.
– Bəlkə, tualetə gedib?
– Tarnan?
Rəmiş isə göylərdəydi, mələklər onu oğurlayıb aparmışdılar. Təmiz başqa bir dünyaya düşmüşdü. Elə bilirdi əlini uzatsa, ulduzlara çatar. Yanından keçən ulduzların səsini eşidirdi, mələklərin pıçıltısını eşidirdi. Üzləri niqabla örtülmüş mələklər Rəmişin qıvrım saçlarını qarışdırır, üz-gözünü sığallayır, hətta uzun barmaqlarını öpürdülər.
Rəmiş eşitmişdi ki, mələklərin qanadları var, amma bunlar qanadsız idi. Əllərini açanda üstlərindəki tül qanada oxşayırdı və gözəllik yaradırdı.
Bu vaxt mələklərdən biri əlini onun sinəsinə salıb ürəyini çıxartdı. Rəmişin gözləri çıxmışdı kəlləsinə, təəccüblə mələyin əlindəki döyünən ürəyinə baxırdı. Mələk əlində döyünən ürəyi içindəki qan bitənəcən möhkəm-möhkəm sıxdı. Sonra dodaqlarını artıq döyünməyən ürəyə yapışdırıb onu yenidən qanla doldurdu və ürək yenidən döyünməyə başladı. Və mələk döyünən ürəyi qaytarıb qoydu Rəmişin sinəsinə. Tarı qaytarıb verdilər Rəmişə, hardansa bir kətil də tapıb gətirdilər. Rəmişi oturtdular kətilin üstündə və pıçıltıyla dedilər ki, çal.
Rəmiş nə çalacağını bilmirdi. Və başladı mələklərin pıçıltısını çalmağa. Yanından uçub gedən ulduzların səsini çalmağa. Bayaq mələyin əlində döyünən ürəyinin döyüntüsünü çalmağa. Mələklər isə onun ətrafında uçurdular. Rəmiş də onlarla bir yerdə uçurdu. Beləcə xeyli uçdular. Sonra mələklər onun yorulduğunu görüb qaytarıb qoydular hardan götürmüşdülər ora.
Rəmiş qan-tər içində ayıldı və qorxdu. Çığırdı:
– Nənə, ay nənə.
Bayaqdan gözünə yuxu getməyən anası içəri girəndə Rəmişi qan-tər içində görüb qorxdu:
– Ay bala, sənə nə olub, hardaydın?
– Göylərdəydim, nənə. Mələklər üçün tar çalırdım.
`Anası çaşmış halda:
– Bu uşaq onsuz da dəliydi, indi lap dəli olub.
(davamı var)
“Ədəbiyyat və incəsənət”
(05.02.2026)


