Super User

Super User

Fatimə Məmmədova, 

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Doğum xəritəsi və müxtəlif “ritual” xidmətləri son vaxtlar sosial şəbəkələrdə çox yayılıb. Demək olar ki, hər platformada “sənin taleyin”, “enerji vəziyyətin”, “münasibətlərin niyə alınmır” kimi başlıqlarla paylaşımlar görmək olur. İlk baxışda bu, sadəcə maraqlı bir şey kimi görünsə də bir az diqqətlə baxanda bunun artıq ayrı bir bazara çevrildiyi hiss olunur...

 

Əsas olan odur ki, insanlara konkret bir şey yox, izah satılır. Yəni sənə “səndə bu problem var və səbəbi budur” deyilir. Amma bu səbəb nə ölçülə bilir, nə də yoxlanılır. Ona görə də hər kəs öz həyatına uyğun bir məna tapır. Kimdə sevgi problemi varsa, onu ora bağlayır, kimdə iş problemi varsa, onu başqa səbəblə izah edir.

Araşdıranda gördüm ki, bu sistemin kökü çox qədimdir. Əvvəllər insanlar göy cisimlərinə baxıb hava, fəsil və təbiət dəyişikliklərini anlamağa çalışırdılar. Sonra bu baxışlar tədricən insan taleyi ilə bağlandı. İllər keçdikcə elm ayrı yolla getdi, amma bu cür izahlar tam yox olmadı, sadəcə forma dəyişdi. İndi isə məsələ tamam başqa mərhələdədir. Sosial şəbəkələr bu fikirləri daha da yaydı. Qısa videolar, statuslar və paylaşımlar insanlara birbaşa təsir edir. Cümlələr çox ümumidir, amma elə yazılır ki, hər kəs özünü orada görə bilir. Məsələn, “sənin həyatında dəyişiklik olacaq” kimi bir fikir həm hamıya aiddir, həm də hər kəs onu özünə uyğunlaşdırır.

İnsanlar niyə buna inanır? Çünki çox vaxt insanın özü cavab tapmaqda çətinlik çəkir. Qarşısında qeyri-müəyyənlik olanda hazır cavab rahat gəlir. Həmin cavab doğru olub-olmamasından çox, insanı sakitləşdirib-sakitləşdirməməsi önəmli olur. Bundan başqa, insan beyni belə şeylərdə maraqlı işləyir. Əgər bir fikir 10 dəfə eşidilirsə, artıq tanış gəlir. Tanış olan şey isə daha inandırıcı görünür. Sosial şəbəkələr də bunu gücləndirir, çünki eyni tip kontentlər tez-tez qarşıya çıxır. Bu sahənin başqa tərəfi də var: pul qazanmaq. Doğum xəritəsi, “enerji təmizlənməsi”, “ritual” kimi adlarla müxtəlif xidmətlər təklif olunur. Qiymətlər də sabit deyil. Eyni şey bir yerdə ucuz, başqa yerdə çox baha ola bilər. Çünki burada əsas məhsul xidmət yox, inandırmaqdır.

Problem ondadır ki, bunların nəticəsini yoxlamaq olmur. Yəni sənə deyilən şeyin doğru olub-olmadığını sübut edən bir sistem yoxdur. Buna görə də hər şey insanın öz hissinə qalır.

Qeyd edim ki, Azərbaycanda da bu mövzu sosial şəbəkələr vasitəsilə geniş yayılıb. Çox vaxt “psixoloji dəstək” adı ilə təqdim olunur. Amma real psixoloji yardım ilə bu cür xidmətlər arasında fərq həmişə aydın olmur. İnsan bəzən sadəcə danışır, amma qarşılığında elmi və ya peşəkar yanaşma yox, sadəcə izah alır.

Bu mövzu təkcə inanc məsələsi deyil. Burada həm də  psixoloji ehtiyac var. İnsan cavab axtarır, sistem isə ona cavab kimi görünən şeylər təqdim edir. Nəticədə bu proses davam edir. Çünki sual bitmir. Sual bitmədikcə, cavab təklif edən sistemlər də qalır.

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

2024-cü ildə ekranlaşdırılan “Səriyyə” filmi, rejissor Əlixan Rəcəbov tərəfindən çəkilmiş və son illərdə Azərbaycan kinosunda ən çox müzakirə olunan sosial dramlardan biri olmuşdur. Film erkən nikah, qız uşaqlarının təhsil hüququ və cəmiyyətin köhnə stereotipləri kimi ağrılı mövzulara toxunur.

 

Filmdə nədən söhbət gedir?

Filmin baş qəhrəmanı Səriyyə adlı 14 yaşlı məktəblidir. O, səkkizinci sinifdə oxuyur, dərslərində əla qiymətlər alır və gələcəyini təhsildə görür. Coğrafiya olimpiadasına hazırlaşan Səriyyə böyük arzular qurur.

Lakin taleyin onun üçün başqa planı var.

Elə olimpiadanın keçiriləcəyi gün ailəsi onun toyunu etməyə qərar verir. Bir tərəfdə məktəb, elm və gələcək, digər tərəfdə isə ailənin qərarı və cəmiyyətin təzyiqi dayanır.

Beləcə, balaca bir qızın arzuları ilə böyüklərin düşüncəsi üz-üzə gəlir.

Film çox ağır bir sual verir:

Qız uşağının taleyini kim müəyyən etməlidir – özü, yoxsa cəmiyyət?

 

Səriyyə tək bir obraz deyil

Səriyyə minlərlə qızın ümumiləşdirilmiş obrazıdır.

O, oxumaq istəyir.

Böyümək istəyir.

Öz həyatını özü seçmək istəyir.

Amma qarşısına çıxan maneə yoxsulluqdan da böyükdür – illərlə formalaşmış yanlış düşüncə tərzi.

Film göstərir ki, erkən nikah təkcə bir toy deyil.

Bu, yarımçıq qalan uşaqlıqdır.

Yarımçıq qalan təhsildir.

Yarımçıq qalan arzular və gələcəkdir.

 

Filmin əsas gücü

Rejissor Əlixan Rəcəbov mövzunu qışqıraraq yox, həyatın içindən göstərir. Obrazların dialoqları, ailədaxili münasibətlər və kənd mühiti hadisələri daha inandırıcı edir.

Film heç kimi açıq şəkildə mühakimə etmir. Əksinə, tamaşaçını düşündürür:

Ənənə adı ilə uşağın gələcəyini əlindən almaq olarmı?

 

Ən ağır səhnə

Filmdə ən təsirli məqam Səriyyənin iki fərqli yol arasında qalmasıdır.

Bir yol onu məktəbə aparır.

Digər yol isə toy məclisinə.

Bu iki yol əslində iki fərqli həyatın rəmzidir.

 

Filmin verdiyi mesaj

“Səriyyə” təkcə erkən nikah haqqında film deyil.

Bu, təhsil hüququndan, azad seçimdən və uşaqların gələcəyindən bəhs edən ekran əsəridir.

Film deyir ki:

Bir qızın əlindən alınan təhsil, əslində bütöv cəmiyyətin itirdiyi gələcəkdir.

 

Yekun

Bəzən bir filmin qəhrəmanı tək bir insan olmur.

O, cəmiyyətin danışmağa cəsarət etmədiyi həqiqətə çevrilir.

“Səriyyə” də məhz belə filmlərdəndir.

Çünki bu ekran əsəri bizə xatırladır:

Hər uşağın ən böyük haqqı arzularını yaşamaqdır. Heç bir adət, heç bir məcburiyyət o haqqı əlindən almamalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Vətən müharibəsi şəhidi Orxan Elxan oğlu Quluzadə!!!

 

Həyatı və təhsili

Doğum tarixi: 29 iyun 1994-cü il.

Doğum yeri: Lənkəran şəhəri.

Uşaqlıq illəri: Orxan uşaq yaşlarından idmana böyük maraq göstərib. Peşəkar səviyyədə qaydasız döyüş (MMA) idman növü ilə məşğul olub. Bu fiziki hazırlığı və dözümlülüyü onun gələcək hərbi karyerasında mühüm rol oynayıb.Ailə vəziyyəti: Evli idi. Şəhidliyindən sonra ailəsinə onun ən böyük yadigarı olan övladı yadigar qalıb.

 

Hərbi xidməti və peşəkar fəaliyyəti

İlk xidməti: 2011–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Xidmət zamanı kəşfiyyat bölüyünün manqa komandiri olub.

DSX fəaliyyəti: Hərbiyə olan sevgisi və peşəkarlığı səbəbindən 2018-ci ildə yenidən ordu sıralarına qayıdıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrində gizir rütbəsində xüsusi təyinatlı kəşfiyyatçı kimi xidmətini davam etdirib.Vətən

 

Müharibəsində iştirakı və döyüş yolu

Orxan Quluzadə 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən etibarən ən qaynar nöqtələrdə, ön cəbhədə döyüşlərə qatılıb.

Azad etdiyi ərazilər: Xocavənd, Hadrut qəsəbəsi və Zəngilan rayonunun işğaldan azad edilməsi əməliyyatlarında xüsusi rəşadət göstərib.

Göstərdiyi şücaət: Döyüş yoldaşlarının xatirələrinə və hərbi qeydlərə görə, Orxan yüksek peşəkarlığı sayəsində döyüşlər zamanı təkbaşına 18 düşmən əsgərini məhv edib.

Şəhadəti: 7 noyabrdan 8 noyabra keçən gecə Zəngilan rayonu istiqamətində yerləşən, strateji cəhətdən son dərəəcə əhəmiyyətli olan Şükürataz yüksəkliyi uğrunda gedən çox ağır və şiddətli yaxın məsafəli döyüşdə qəhrəmancasına şəhid olub.Dəfni: Nəşi doğulduğu Lənkəran şəhərinə gətirilərək Lənkəran rayonu Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırılıb.

 

Təltifləri və mükafatları

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi rəşadət və qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdiyi cəsarətə görə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra aşağıdakı yüksək dövlət mükafatları ilə təltif edilib:"Qarabağ" ordeni (Azərbaycanın ən ali hərbi ordenlərindən biri)"Vətən uğrunda" medalı"Zəngilanın azad olunmasına görə" medalı

Xatirəsinin Əbədiləşdirilməsi Doğulduğu Lənkəran şəhərində onun xatirəsi hər il doğum və şəhadət günlərində rəsmi qurumlar, DSX rəsmiləri və rayon ictimaiyyəti tərəfindən məzarı başında dərin ehtiramla anılır.Adı müxtəlif yerli tədbirlərdə və idman yarışlarında əbədiləşdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

Bazar ertəsi, 29 İyun 2026 13:03

“Çağırır torpağım, çağırır anam...”

Qulu Ağsəs,

“Ulduz” jurnalının baş redakotru

“Ədəbiyyat və incəsənət”

 

Hicran bu şeiri səkkizinci sinifdə oxuyanda yazıb. Çörək almağa gedəndə. 1985-ci ildə, hardasa...

Ölümündən beş gün əvvəl bu şeiri xatırlayıb, votsapdan səs atıb xalası qızına. 30 may günü. 4 iyunda Hicran yox idi. 2026-cı ildə, dəqiq...

 

Hicran çörək almağa gəlməmişdi dünyaya. Şeir, esse, hekayə yazmağa, redaktə etməyə, başqalarının mətnini abıra salmağa təşrif buyurmuşdu. Mən onun yeniyetmə çağını görməmişdim, amma əminəm ki, bu şeiri yazanda da üzündə təbəssüm olub, onu ölümqabağı xatırlayıb votsapla xalası qızına səsli yollayanda da.

Hicran hər şeyə şükür edirdi: vara, yoxa, aza, çoxa, bəlkə, şükür etməyinə də.

Heç kəsi incitmədi və hamıdan razı getdi. 27 il “Ulduz” jurnalında çalışdı.

Hər nömrəni son cümləsinədək oxuyurdu.

Hər sözün üstündə əsirdi.

Hər ad günü iş yoldaşlarına hədiyyə alırdı.

Hər ağrıları artanda işdən çıxmaq üçün ərizə yazırdı.

Hər kəsin tayı deyildi: gözütox, qürurlu.

Son paylaşmalarında məndən sitat gətirib: “Təsəlli --xilasetmə kəməridi, onu taxmamış ömür sürmək olmaz”.

30 dekabr 2025-ci ildə redaksiyada Yeni ili qeyd eləmişdik, onu da paylaşıb, Azərbaycan mətbuatının 150 illik yubiley medalını almağını da. Hamısında da gülür.

“Dünya özü boyda sual əvəzliyidi və bütün əvəzlikləri əvəz edir”. Bu da Hicranın son yazdıqlarındandı. Heç kəsin əvəz etmədiyi Hicran Hüseynovanın...

 

***

Açılır ömrümün səhifələri

hələ oxunmamış bir kitab kimi…

Açılır həyata şux ləçəkləri

hələ qönçə olan bir çiçək kimi…

Bəlkə, ucalacaq göylərə qədər

indi qönçə olan bu şux ləçəklər.

Bəlkə, əziləcək, tapdanacaqdı…

bir anda solacaq, məhv olacaqdı…

Yox, məhv olmayacaq mənim həyatım!

Arzular olacaq mənim qanadım.

oxumaq həvəsi, yazmaq həvəsi

bütün kainatın qəlbinin səsi.

Çağırır həyata, çağırır inam

çağırır torpağım, çağırır anam.

İnam… inamdakı qüvvəyə inan

yaşadır insanı, yaşadır inam.

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

Eldar Əhədov

“Ədəbiyyat və incəsənət”

 

Bu il də Azərbaycan Silahlı Qüvvələri Gününü Vətənimdə keçirmək mənə qismət oldu. Elə gətirdi ki, illərdir rus dili mənim ana dilim olub və belə də qalır, amma müstəmləkə dövrü məndən Vətən hissini əlimdən ala bilmədi. Mən rus deyiləm, mən azərbaycanlıyam və Vətənimlə fəxr edirəm.

 

BİR DƏ O YERƏ QAYIDARAM MƏN

O yerlərdə zərif quşlar oxuyur,

gətirib zümrüd tək nəğmələr dilə,

Orda minarələr yüksəkliyindən

səma pərvazlanır cingilti ilə.

Ay qalxır devrilmiş ənginliklərə,

nur saçır üzünə geniş cahanın,

Al-əlvan bir gözəl şanapipik də

səhərlər yanından ötür insanın...

Orda qayaların ağuşlarında

dağın əks-sədası hey avazlanır,

Dəniz sahilində əsən küləkdən

ağac yarpaqları sanki nazlanır.

Orda məhəbbətdir yuxunu pozan,

sevincdən, gülüşdən olar gözdə nəm,

Bir də o yerlərə qayıdaram mən,

o yerdə qalaram, heç vaxt ölmərəm.

 

 

Kembricdə dərs deyən dünyaca məşhur britaniyalı şair Riçard Berenqarten bir dəfə mənə qısa, lakin dəqiq bir tərif vermişdi və bu tərif əvvəlcə məni təəccübləndirmişdi, amma zaman keçdikcə onun düzgünlüyünü başa düşdüm və qiymətləndirdim: "Eldar Əhədov rus dilində yazan görkəmli Azərbaycan şairidir". Professor haqlı idi!

Mən qırx il Rusiyada yaşadım, amma heç vaxt, nə bir gün, nə bir an olsun, azərbaycanlı olduğumu və vətənim Bakı olduğunu unutmadım!

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

Bazar ertəsi, 29 İyun 2026 12:33

Biri ikisində - Reyhan Kənanın şeirləri

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Reyhan Kənanın şeirləri təqdim edilir.

 

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

 

Reyhan KƏNAN

QORXU

 

Həyatı düzənlə yaşamaq gözəl,

Mən də düzən qurdum, xoşuma gəldi,

Amma qorxular da vardı dünyada,

Mən nədən qorxdumsa, başıma gəldi.

 

Yollara güvənib getdim irəli,

Gördüm ki, yollar da daş qalaqlıdır,

Küsmədim həyata, tutdum ümiddən,

Baxdım ki, ümid də qaşqabaqlıdır.

 

Ümiddən əlimi üzərsəm əgər,

Elə bil gərilmiş oxdan çıxaram,

Ümidsiz günlərin acığını mən,

Ümidli olduğum vaxtan çıxaram.

 

İndi heç adı da düşməz dilimdən,

Ümidsiz ürəyə qorxular dolar,

Niyə buraxım ki, onu əlimdən!?

Gedib başqasının ümidi olar.

 

Qorxduğum nə varsa, hey məni qovar,

Mən daha qaçmıram,  boşuna, gəlsin,

Kədərdən, qüssədən qorxmağa nə var,

Sevincdən qorxum ki, başıma gəlsin.

             

 

MƏZUN

 

Arzular titrəşir ürəyimizdə,

Sanki  zamanı da üstələyirik,

Çox şey istəyirik dünyadan, bəlkə,

Bununçün dünyadan üzr istəyirik.

 

Elə bilirik ki, ömür əbədi,

Yaşayaq beləcə, kədərimiz yox.

Biz onda bildik ki, nələr itirdik,

Çox şeydən məzunuq, xəbərimiz yox.

 

Bir insan ömrünü yaşamaq çətin,

Ömrün yollarında nələr duyuruq?

Çəkərək dünyanın min əziyyətin,

Hətta ömürdən də məzun oluruq.

 

Zamandan, dünyadan uğur dilədik,

Amma bilmədik ki, əl çatan deyil.

Bizim tükənməyən arzular üçün

Zaman alqış deyib, əl çalan deyil.

 

Ürəkdə illərin həyəcanıyla,

Səhvlərdən öyrənib yaşa doluruq.

Bəzən ipək olur ürəyimiz də,

Bəzənsə çevrilib biz daş oluruq.

 

Çətinlik insanın alın yazısı,

Uğur gəlib çıxmaz, savaş olmasa.

Həyat dəyərini itirər, bəlkə,

Yollara atılan o daş olmasa.

 

Zaman axıb gedir,yatmayıb,oyaq,

İşlər gah yolunda, gah da baş-ayaq,

Hər şeyin sonunu yaşasaq da biz,

Təkcə məhəbbətdən məzun olmayaq.

 

 

SAKİT DÖYÜŞÇÜ

 

Səssizlik içində gizlənənləri

Tapmaq istəsəniz,  tapın tələsin!

Səsi eşidilməz, qılncı kəsməz

Yarağı, silahı söz olan kəsin.

Eşidə bilməzsən qılınc səsini,

Onun gülləsi də hədəfə çatmaz.

Ona zərbə dəyər zərbə dalınca,

Ona daş atana bircə daş atmaz.

 

İti baxışıyla kəsərdən salar,

Qəlbinə tuşlanan küt  alətləri

İnsafa çağırar, haqqa çağırar

Yerdə at oynadan ətalətləri

 

Döyüşər beləcə özüylə hərdən,

Bəlkə də, günahı özündə arar.

Kömək uman olsa uzadar əlin,

Özü gedən yerə onu da dartar.

 

Beləcə döyüşər susan adamlar,

Tanınar, bəlkə də, fərsizliyiyə

Qışqırıb, bağırıb səs salanları,

Susdurar özünün səssizliyiylə.

 

Deyəsən, sükut da sevər beləsin,

Döyüşə susaraq gedən kəsləri.

Təkcə qayalarda əks-səda verər

Sakit döyüşçünün savaş səsləri...

 

 

ARZU TUTSUN ULDUZLAR

 

İnsan göyə can atar,

Yüksəlmək istəyi var.

Bu, aydındır, doğrusu,

Amma mənə nədənsə

Çox şübhəli görünür

Ulduzların beləcə

Yerə düşmək arzusu.

Yoxa çıxan ulduzlar,

Görən, hara yox olur?

Göydə axan ulduzlar

Dağa,daşamı düşür,

Torpağamı sığınır?

Deyəsən, ulduzun da

İnsan qədər ömrü var.

Eşitmişəm, deyirlər,

Göydə ulduz axanda

Köçər gedər insanlar.

Bir də ulduz axanda

Arzu tutar adamlar.

Guya kimsə uydurub,

Biz itirən arzunu,

Ulduzlar tez taparlar.

Necə də təzadlıdır!

Bu fikiri kim seçər?

Hansı fikir doğrudur!?

Birində ümid tapar,

Birində insan köçər.

Hər ulduz bir ümidsə,

Qoy qəlblərdə uyusun.

Bəs qırılan ümidin,

Öldürülən arzunun

Günahını kim yusun?

İstəmirəm ümidlər

Atsın məni unutsun.

Əbədi olmur heç kim,

Mən də göyə axanda

Ulduzlar arzu tutsun... 

 

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Maraqlı söhbətlərimiz bəzən də bax bu cür, sevindirici, əyləndirici deyil, kədərləndirici olur.

“Kamera qarşısında ölən qız” – bu dəfə manşetdə gördüyünüz bu fotodan və onun qəhrəmanı olan qızcığazın faciəsindən danışacağam.

 

Bu foto 1985-ci ildə Kolumbiyanın Armero şəhərində çəkilib. Fotomüxbir Frank Furnye tərəfindən çəkildikdən sonra bu foto beynəlxalq mediada yer alaraq, bütün dünyaya yayıldı və 23 000-dən çox insanın ölümünə səbəb olan faciənin simvoluna çevrildi.

1985-ci il noyabrın 13-də Kolumbiyada Nevado-del-Ruis vulkanının püskürməsi nəticəsində yaranan sel suları Armero şəhərinin sakinlərinin əksəriyyəti də daxil olmaqla 23 000-dən çox insanın ölümüylə nəticələnir. Vulkan püskürməsi buz örtüyünün əriməsinə səbəb olur ki, bu da güclü sel yaradır. Nəticədə Armero şəhəri xəritədən demək olar ki, tamamilə silinir. Şəhərdə olan bir neçə min evdən yalnız bir neçəsi salamat qala bilir.

Dəhşətli mənzərə yaranmışdı: yıxılmış ağaclar və insan cəsədləri sözün əsl mənasında dərinliyi bəzi yerlərdə 4,5 metrə çatan palçığa batmışdı. Amma bütün bu xaos və dəhşətli mənzərələrin hamısı, demək olar ki, boynuna qədər çirkli suda batmış Omayra Sançes adlı 13 yaşlı qızın qarşısında kölgədə qalır.

Fəlakət gecəsi Omayra Sançes və ailəsi yaxınlaşan sel səsinə oyanırlar. Palçıqlı sel bir anda onların yaşadığı evi dağıntılar altında qoyur. Bu zaman Omayra da öz evinin dağıntıları altında qalır. Qızın bədəninin yuxarı hissəsi suyun üst hissəsində qalsa da, lakin ayaqları müxtəlif əşyaların altında imiş. Xilasedicilər onu azad etməyə çalışsalar da, lakin bu heç bir nəticə verməyir. Qızın ayaqları kərpiclər, qapı qalıqları və son anda xilas olmağa çalışaraq, ondan bərk yapışan xalasının ölmüş cəsədi ilə möhkəm tutulmuşdu. Belə bir vəziyyətdə qızı çəkib çıxartmaq ağır xəsarətlərə səbəb ola bilərdi. Belə çirkablı palçıqlı suda isə onun ayaqlarını  amputasiya etmək isə olmazdı və həm də ki, lazımi avadanlıqlar yox idi. Suyu çıxarmaq üçün güclü nasos və dağıntıları təmizləmək üçün isə kran tələb olunurdu. Amma gətirilən nasos nasaz olur, kran isə tapılmır. Xilasedicilər Omayranın suyun üzündə qalmasına kömək üçün içi hava ilə doldurulmuş yalnız bir rezin kamera verə bilirlər.

Qızın həyatı uğrunda mübarizə 60 (!) saat davam edir və bu müddət ərzində o, möhkəm qalaraq, ruhdan düşmür: jurnalistlərə mahnı oxuyur, müsahibələr verir və xilasedicilərin yorğun olduğunu görərək onlara: "Gedin dincəlin, mən dözərəm” söyləyir. Omayra 3 gecə suda qalır və dördüncü gün hələ də xilasetməni gözləyərək həyatını itirir.

Omayranın həyatının son günündə şəhərə gələn fotojurnalist Frank Furnye onun bir neçə fotoşəklini çəkməyi bacarır və onlardan biri sonradan ona “World Press Photo” mükafatını qazandırır.

"Bu fotonu çəkəndə özümü tamamilə sarsılmış hiss etdim. Cəsarət və ləyaqətlə sadəcə ölümünü gözləyən bu kiçik qızın qarşısında dayanarkən heç nə edə bilmədim. O, həyatının sona çatdığını hiss edirdi. Mən şəkli çəkərkən Omayra artıq huşunu itirirdi. O sayaqlayırdı, məndən məktəbə gecikəcəyindən qorxduğu üçün onu məktəbə aparmağını istədi."

Omayra Sançes öldüyü yerdə də dəfn olunur...

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Cəlilabadda yaşayıb-yaradan ustad pedaqoq, şair, Cəlilabad Rayon Ağsaqqallar Şurası İdarə heyətinin və Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Zülfi Vellidağın yeni şeirlər kitabı – “Qəlbimdən gələn səslər” gün üzü görüb. Vətəncanlı şeirlərin üstünlük təşkil etdiyi bu, ikinci kitabı – “Qəlbimdən gələn səslər” 26 İyun – Silahlı Qüvvələr Günündə Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində ictimaiyyətə təqdim olunub.

 

Kitab və tədbir barədə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşardan bilgiləndik. Şairin 75 illik yubileyi münasibətilə ərsəyə gələn kitab müəllifin uzun illər ərzində formalaşmış həyat və yaradıcılıq təcrübəsini özündə əks etdirən zəngin poetik topludur.

Kitabda müxtəlif janrlarda qələmə alınmış şeirlər, o cümlədən bayatılar, qəzəllər, mənzum hekayələr, təmsillər, poemalar, eləcə də müəllifin həyat müşahidələrini əks etdirən “Yarpaqlar” silsiləsi yer alıb.  Vətən sevgisi, milli yaddaş, Güney Azərbaycan mövzusu, şəhidlik, mənəvi dəyərlər, ədalət axtarışı,  ümumən insan taleyi kitabın əsas ideya xəttini təşkil edir.

Müəllif klassik Azərbaycan poetik ənənələrini çağdaş düşüncə ilə uzlaşdıraraq sadə, səmimi və xəlqi üslubda oxucu ilə ünsiyyət qurur. Kitabda yer alan poetik örnəklərdə müəllim ömrünün təcrübəsi, xalq hikməti və müəllifin vətəndaş mövqeyi aydın şəkildə hiss olunur.

Təqdimatda rayon ictimaiyyətinin nümayəndələri, dövlət və ictimai qurumların təmsilçiləri, eləcə də Azərbaycan Yazıçılar Birliyinin üzvləri, yazıçı və şairlər, alimlər və mədəniyyət işçiləri iştirak edib.

Milli Məclisin deputatı, professor Elman Nəsirov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti, təqdimatı keçirilən kitabın önsöz müəllifi  Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu, Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Varid Əsgərov, AYB Həmkarlar İttifaqının sədri, şair-publisist Faiq Balabəyli, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, tarixçi, publisist Cavid İsmayıl, həmçinin Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələri çıxış edərək müəllifin Azərbaycan ədəbiyyatına, təhsil sahəsinə və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələri yüksək qiymətləndirib, yeni kitabın oxucular tərəfindən maraqla qarşılanacağına inam ifadə ediblər.

Çıxışlarda vurğulanıb ki, Zülfi Vellidağın yaradıcılığı xalq ruhuna bağlılıq, mənəvi məsuliyyət və vətənpərvərlik kimi yüksək dəyərlər üzərində formalaşıb. Onun “Qəlbimdən gələn səslər” kitabı da bir aydın ömrünün, zəngin həyat təcrübəsinin və mənəvi yolun poetik salnaməsi kimi dəyərləndirilib.

Tədbir çərçivəsində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın müəllifə ünvanladığı təbrik məktubu oxunub. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin “Fəxri diplom”u, DGTYB-nin plaketi və digər hədiyyələr yubilyara təqdim edilib.

Mərasimin sonunda iştirakçılara, təqdimatın təşkilində əməyi kdçən hər kəsə təşəkkür edən Zülfi Vellidağ “Qəlbimdən gələn səslər”i oxucular üçün imzalayıb.

Onu da vurğulayaq ki, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının redaktoru olduğu kitab “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla gün üzü görüb.

Ədib barədə qısa biblioqrafik məlumat da, düşünürəm ki, yerinə düşər.

Zülfi Vellidağ (Zülfi İbrahim oğlu Məcidov) – 1951-ci ildə Cəlilabadın Şatırlı kəndində anadan olub. O, 1967-ci ildə ADPU-nun Filologiya fakültəsinə daxil olub, 1968-ci ildən pedaqoji və ədəbi fəaliyyətə başlayıb.

Zülfi Vellidağ pedoqoji fəaliyyəti illərində ardıcıl olaraq üç dəfə Respublika Müəllimlərinin Qurultayına nümayəndə seçilib, qabaqcıl iş təcrübəsi yayılıb, 1987-ci ildə "Baş müəllim" adına layiq görülüb, dəfələrlə "Fəxri fərman"larla təltif edilib və uzun illər Cəlilabad rayon Təhsil Şurasının üzvü olub. Onun onlarla yetirməsi ali təhsil alıb və hazırda müxtəlif sahələrdə uğurla çalışmaqdadır.

Z.Vellidağ hələ 1970-ci ildə "Əmək nəğməsi" adlı ilk şeirini Xalq şairi S.Vurğunun yaradıcılığından təsirlənərək yazıb; şeirləri müxtəlif qəzet və jurnallarda yayınlanıb.

2015-ci ildə "Sükutun dili" adlı ilk şeirlər kitabı çıxan Z.Vellidağın yazıları davamlı olaraq mətbuat orqanlarında yayınlanmaqdadır.

Qardaş Qazaxıstanda Azərbaycan və qazax dillərində nəşr edilən "Otan" (“Vətən”) qəzeti ötən illərdə onun yaradıcılığına xüsusi bir səhifə ayırıb.

Ağsaqqal ədib “Qəlbimdən gələn səslər” deyə yeni kitabıyla görüşümüzə gəlib. Gəlin kitabı oxuyaq və bu səslərlə tanış olaq.

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

Bazar ertəsi, 29 İyun 2026 15:04

“Ad günü” filmi, 29 iyun və 29 dekabr

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Cənub bölgəmiz – subtropiklər diyarı Lənkəran. Bu diyardan adlı-sanlı qəhrəmanlarımız çıxıblar, eyni zamanda Lənkəran mədəniyyətimizə də öz töhfələrini veribdir. Tanınmış rəssam Kamil Nəcəfzadə və oğlu, kinorejissor Şamil Nəcəfzadə. Hələ bu, tək bir ailədir.

 

Xalq rəssamı Kamil Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində doğulub. 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib.

1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdıb və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü deyib.

1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar. O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir.

 

Filmoqrafiya

- Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii film) — quruluşçu rəssam

- Ad günü (film, 1977) (tammetrajlı bədii film) — quruluşçu rəssam

- Ağ kətanın sehri... Kamil Nəcəfzadə (film, 2014)

- Azərbaycan incəsənəti (film, 1970)

- Bağ mövsümü (film, 1985)

- Bayquş gələndə... (film, 1978)

- Bir cənub şəhərində (film, 1969)

 

Təltif və mükafatları

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 17 may 1989

- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 23 dekabr 1976

- "Çeçen-İnquş MSSR əməkdar incəsənət xadimi" fəxri adı — 1964

- 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı:  22 aprel 1980 ("Ad günü" bədii filminin rəssamlığına görə, 26 aprel 1986 ("Birisigün, gecəyarısı…" bədii filminin rəssamlığına görə)

- "Şöhrət" ordeni — 28 dekabr 1999

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002.

 

Kamil Nəcəfzadə 29 iyun 2011-ci ildə vəfat edib. Azərbaycan Televiziyası tərəfindən Kamil Nəcəfzadənin yaradıcılığına həsr edilən "Rənglərdə yaşayan kino" adlı 38 dəqiqəlik veriliş istehsal edilib və 6 yanvar 2009-cu ildə AzTV-də efirə gedib. 2014-cü ildə Azərbaycan Televiziyasında ilk dəfə "Ağ kətanın sehri… Kamil Nəcəfzadə" sənədli filmi ekranlarda çıxıb.

Allah rəhmət eləsin!

 

P.S: Sonda başlıq barədə qısa şərh - “Ad günü” filmi, 29 iyun və 29 dekabr. “Ad günü” filmi Kamil Nəcəfzadənin bədii tərtibat verdiyi ən gözəl filmdir, 29 dekabr onun ad günüdür, 29 iyunsa vəfat etdiyi gün.

29 rəqəminin magiyası.

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

 

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Poeziya qəribə bir sahədir. Elə şairlər var ki, cəmi bircə şeirlə bu səltənətdə özlərinə yer eləməyə müvəffəq olurlar. Elə bu gün anım günü olan Əli Kərim kimi. Onun “Qayıt” şeirini sovet gəncliyi də əzbərdən bilirdi, müasir müstəqillik dövrü gəncliyi də əzbərdən bilir. YouTube və Tik-tok platformalarında özündən deyən qiraətçilər mütləq bu şeiri də oxuyurlar.

Əgər hələ də bu şeiri oxumayan varsa bir savab məndən. Buyurun, oxuyun.

 

QAYIT

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?!

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.


Qayıt, mənim gülüm, yerbəyer elə,
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi —
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Kərim 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olub. Atası Paşa kişi fəhlə işləyib.

1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib, III kursdan Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləyib, şeir şöbəsinin müdiri olub.

Əli Kərimin ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrilib. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxmış "Təzə müəllim" şeiri olub. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülüb. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada rusca çıxan "İki sevgili" kitabı olub.

 

Filmoqrafiya

1. Daş

2. Sənət sevincləri

3. Yeddi duyum

4. Son nəfəs

5. Sənətkar ömrü

6. Gələcəyin şairi

7. Əli Kərim

8. Yadigarlar

9. Könül dünyamız

10. Sətirlər

11. Ovqat

 

Şeirlərinə yazılmış mahnılar

- Flora Kərimova - Nə Gəlməz Oldun - musiqi: Oqtay Kazımi

- Yaqub Zurufçu - Yar Gəldi - musiqi: Adil Gəray

- Vaqif Şixaliyev - Azərbaycanım Mənim - musiqi: Hacı Zirəddin Tağıyev

- Ayşən Mehdiyeva - Azərbaycanım Mənim - musiqi: Adil Gəray

- Azad Zamanov - Qayıt - musiqi: Sevil Rüstəmova

- Flora Kərimova, Elxan Əhədzadə - Yar gəldi - musiqi: Elza Ibrahimova

- Nə xoşbəxt imişəm - musiqi: Cavanşir Quliyev

 

Əsərlərinin nəşri

1. İki sevgili

2. Həmişə səfərdə

3. Qızıl qanad

4. Qaytar ana borcunu

5. Uşaqlar və ulduzlar

6. Səfərdən sonra

7. Tənbəl ayı balası

8. Seçilmiş əsərləri (iki cilddə). I cild

9. Seçilmiş əsərləri (iki cilddə). II cild

 

Əli Kərim çox az yaşayıb, 30 iyun 1969-cu ildə 38 yaşında vəfat edib. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görüb.

Göyçayda dəfn edilibdir şair. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınıb. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.