Super User
Balaca balıqdan yazıb sularda qərq oldu
Heyran Zöhrabova,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onun balaca qara balığı arxdan çıxıb dənizə qovuşdu. O, özü isə çayda boğuldu.
Mən bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yan-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da
mövcuddur?!
“Balaca qara balıq”, Səməd Behrəngi
Bu gün müəllim, tərcüməçi, nasir, publisist, dünya miqyasında daha çox "Balaca qara balıq" əsəri ilə məşhurluq qazanmış, İranda uşaq ədəbiyyatının banisi sayılan, böyük nağıl ustası adlandırılan Azərbaycan yazıçısı Səməd Behrənginin doğum günüdür.
Səməd Behrəngi 24 iyun 1939-cu ildə Təbriz şəhərində, fəhlə ailəsində dünyaya gəlib. İbtidai təhsilini Təbrizdə "Tərbiyyət" məktəbində alıb. Daha sonra təhsilini Təbriz pedaqoji texnikumunda davam etdirib.
Hələ tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk
ədəbi tənqidi və satirik qələm təcrübələrini də bu dövrdə yazıb.
Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayıb. Eyni zamanda 1956-1961-ci illərdə Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb.
Azərbaycan kəndlərini dolaşaraq folklor nümunələri toplayıb, Azərbaycan nağıllarını toplayaraq fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Bu səbəbdən həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.
Eyni zamanda onun fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda dərc olunub.
Səməd Behrəngi həm də İranda uşaq ədəbiyyatının banisi sayılır. İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Sonralar “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını qələmə alıb.
Ona dünya şöhrəti qazandıran "Balaca qara balıq" əsərini siyasi manifest adlandırıb və hətta İranda qadağan ediblər.
Yaşının gənc olmasına baxmayaraq böyük nağıl ustası adlandırılan Səməd Behrəngi 28 yaşındaykən 1967-ci ildə avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəkildə boğulub. Fəaliyyətinə, əsərlərindəki siyasi motivlərə görə dəfələrlə təqib olunduğu və əsərlərinə qadağa qoyulduğu üçün yazıçının şah rejimi tərəfindən öldürüldüyü iddiaları da mövcuddur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Şirməmməd Hüseynovun anım günüdür
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Elə şəxsiyyətlər var ki, yel qanadlı illər ötməklə onların ad-sanlarından, qoyduqları izlərdən və xatirələrindən heç nə qoparıb apara bilmir.
Azərbaycanın ictimai fikir tarixində, elmində, mətbuatında bir ad vardır ki, o, heç vaxt silinən deyil. Bu ad böyük ziyalımız Şirməmməd Hüseynpvun adıdır. Bu gün onun anım günüdür. Onun ərsəyə gətirdiyi layiqli işlər çoxdur, mən tək birini xatırlatsam, kifayət edər – O, Məhəmməd Əmin Rəsulzadə irsinin ən böyük tədqiqatçısıdır.
Şirməmməd Hüseynov 17 dekabr 1924-cü ildə Şəkidə anadan olub. Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb. İkinci dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950–1954-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.
1954–1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. BDU, filologiya fakültəsinin dekan müavini, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, Jurnalistika fakültəsinin dekanı vəzifələrində çalışıb. BDU, mətbuat tarixi kafedrasının dosenti, mətbuat tarixi kafedrasının müdiri, 1988-ci ildən isə BDU mətbuat tarixi kafedrasının professoru olub.
Kitabları
1. Məhəmməd Əmin Rəsulzadə əsərləri (5 cild)
2. Azərbaycan legionerləri
3. Milli haqq və ədalət axtarışında
4. Mənəvi irsimiz və gerçəklik
5. Azərbaycan dilində ilk bolşevik nəşrləri
Mükafatları
- Nizami təqaüdü
- "Əməkdar jurnalist" fəxri adı
- Zərdabi adına mükafat
- Y. Məmmədəliyev adına mükafat
- Məhəmməd Əmin Rəsulzadə adına mükafat
- "Şərəf" ordeni
Şirməmməd Hüseynov – bu yorulmaz insan 24 iyun 2019-cu ildə - 7 il öncə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Xarici ədəbiyyat– İsa Zakriyevin qısa hekayələri
“Ədəbiyyat və incəsənət” portalının Xarici ədəbiyyat guşəsində bu gün sizlərə İsa Zakriyevdən çeçen ədəbiyyatı nümunələri təqdim ediləcək.
İsa Zakriyev (1968) çağdaş Çeçenistan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, jurnalist və redaktordur.
1968-ci ildə Çeçenistanın Urus-Martan rayonunun Komsomolsk (indiki Qoy-Çu) kəndində doğulub. 1992-ci ildə Çeçen Dövlət Pedaqoji Universitetini, 2007-ci ildə Rostov İqtisadiyyat Universitetini bitirib. “Paytaxt nyuz” müstəqil qəzetinin təsisçisi və baş redaktorudur. 2004-cü ildən Rusiya Jurnalistlər İttifaqının, 2019-cu ildən isə Rusiya Yazıçılar İttifaqının üzvüdür. Rus və çeçen dillərində yazır. “Luisanna”, “Hər vahə ilğım deyil”, “Əsas məsələ barədə xülasə” adlı hekayə kitablarının müəllifidir.
İsa ZAKRİYEV
(Çeçenistan)
QISA HEKAYƏLƏR
Seyfəddin Hüseynlinin tərcüməsində
Evimin ruhu
Elə ilk fürsətdə evimin xarabalığını ziyarət elədim. Onu başqa xarabalıqlar arasında axtarıb tapdım, partlayışın vurub üzə çıxardığı iri beton bünövrə qalığının yanında oturdum.
Məndən üz çevirib o. Yaman yaralı, səksəkəlidir, yaşadığı dəhşət üzündən tamam başını itirib evimin ruhu.
– Bağışla. Əlimdən heç nə gəlmədi.
– Ehtiyac yoxdur, mən hər şeyi anlayıram.
– Yadındadırmı, nə minvalla tikib-qurmuşduq?! Qonşular palçıq tutmağa kömək eləmişdilər, sonra ondan çiy kərpic kəsmişdik. Xalam pəncərələr vermişdi, atam isə dam üçün ləvazimat.
– Hə, yadımdadır. Xoş çağlar idi. Amma güllələr, qəlpələr aman vermədi. Cəhənnəm atəşi ilə cismimi dəldilər, odlu deşiklər açdılar məndə. Mebellər əbəs yerə divarlarımın arxasında gizlənməyə çalışırdı. Qırıcıların uğultusundan, bombaların vıyıltısından, şaqqıltısından dəli olmuşdum. Siçovullar da tərk etdilər məni. Başqa bir yerdə, sizin yanınızda olmağı elə istəyirdim ki... Bilirsənmi, qan çox pis iy verir, ən çox da yananda. Sonra isə insan qalıqları çürüyür və sən bu üfunətdən boğulursan. Axırda da tank sürünüb gəlir, zirzəminin pəncərəsinə yoxlama atəşi açır, bünövrə büsbütün dağılır, içindəki armaturlar tükürpədici fəryadla sınır. Kimsə də imdada yetmir...
Biz yenidən susduq, bir-birimizi dəlicəsinə sevdiyimiz, xoşbəxt olduğumuz o çağlara daldıq.
– Mən səni dirçəldərəm, – birtəhər bəraət qazanmağa çalışdım.
– Necə? Məndən bir şey qalmayıb ki: bünövrəm ovulub, çınqıla dönüb, kərpiclərim ütülüb-qaralıb, ya da ora-bura səpələnib, ağac millərim külə dönüb. Sənə başqa – yeni bir ev gərəkdir.
– Yenisi yox, sən lazımsan mənə.
– Yox. Mən o dəhşəti xatırlamaq, gecənin yarısı, zəlzələymiş kimi, titrəyib səni, uşaqlarını qorxutmaq istəmirəm... Yeri gəlmişkən, uşaqlarının günü necə keçir orada?
– Səndən ötrü darıxırlar.
– Xatırlayırlar ki məni? Siz davaya görə qaçıb gedəndə uşaqlar hələ körpəydilər.
– Onlar bilirlər axı insanın öz evi olmalıdır, o evin də öz ruhu.
–Mən yenə sizin ev olmağa çox sevinərdim. Ancaq belə də yaşaya bilmərəm, taqətim qalmayıb.Üzrlü say, ən rahatı budur ki, müharibənin əzib toza döndərdiyi evlərin ruhu ilə birgə mən də çəkilib gedim.Sənin başqa bir evin olar, onun da yeni, təravətli ruhu. Mən isə ölümünə yorulmuşam. Ləngidim ki, səninlə vidalaşım.Ömrünüz xoş keçsin!..
...Evimin dağıntıları arasından qəfil bir ağ kəpənək pərvazlandı, ahəstəcə qanad çalıb viranə kəndin qərq olduğu sükutda gözdən itdi.
Yandan çəkilmiş şəkil
Hərbi fotomüxbir çantadan ehtiyatla çıxartdığı üçayağı səngər böyründə quraşdırdı. Fotoaparatını da çıxardıb ştativə qondardı, şəkil çəkməyə hazır durdu.
– Hə, çavuş Atabiyev, hazırsan?
– Elədir ki var! – qamətini dartıb farağat vəziyyəti almış çavuş cavab verdi.
–Belə... sən... bura, obyektivə bax.Nə gözünü yerə dikmisən?
– Hara baxım? Cəld ol görüm, bu dəqiqə faşist təyyarələri gəlib bomba yağdıracaqlar...
– Budur ha, bu şüşəyə bax, – mavi gözlü kürən fotoqraf aparatın obyektivini çırtmaladı.
– Hara baxmağın nə fərqi? Tez elə, çək.
–Qulaq as, noxçi (çeçen – tərc.).Sən qəhrəmansan, keçən döyüşdə üç tank vurmusan, alman zabitini əsir götürmüsən. Belədir?
– Belədir.
– Biz sənin haqqında məqalə yazıb qəzetdə yayacağıq. Səni bütün ölkə tanıyacaq. Başa düşürsən?
– Yaxşı başa düşürəm. Buna görə də dik baxmaq istəmirəm.
– Niyə?
– Bax sən bu fotodan mənə də verəcəksənmi?
– Verəcəyəm, – fotomüxbirin səbri tükənirdi.
– Mən onu evə göndərəcəyəm. Evdə atam baxacaq. Necə yəni, mən onun gözlərinə dik baxmalıyam?
– Sən ki cəsur döyüşçüsən! İstənilən adamın gözlərinə dik baxa bilərsən!
– Bircə atamın yox! Heç vaxt onun gözlərinə dik baxmamışam, bu mənə yaraşmaz da. Birdən düşünər ki, lovğalanıram, ya da gözlərimdə dikbaşlıq işartısı görər.
Hərbi fotomüxbirin əlindəki siqaret söndü. Cəbhədə kimisə nə iləsə təəccübləndirmək çətindir...
– Uzaqlara bax, noxçi, düşmənlər tərəfə: sən öz atanın da naminə onlara qalib gələcəksən!
Ana
Məlumdur, xaos müharibənin yalnız lap əvvəlində olur. Bir müddət sonra batini dünyamız, zərrəcikləri sürətləndirib toqquşduran qurğudakı kimi, dəlicəsinə hərəkətlənir və müharibənin qarşısıalınmaz, çılğın axarına qapılır.
Hər şey darmadağın olur. Uçulub-tökülən hər divarla, kösövə dönən hər ağacla birlikdə xeyirdən, ədalətdən, aydın zəkadan, mərhəmətdən uzaqlaşırıq. Alışdığımız məntiq “ispan çəkməsi”ndəki sümüklər kimi qırılıb-ovxalanır, dağıntıların, yaxud meyitlərin altında gömülüb qalır. Dərimiz su istəmir, his və palçığa bürünüb gizlənməyi üstün tutur. Qulaqlarımız hansısa güllə ilə mərminin vıyıltısını dəqiq seçir, amma qarğa qarıltısını sağsağan qaqqıltısından ayıra bilmir.
...Onlar “Minutka”dakı yarıuçuq bir “xruşovka”nın zirzəmisində oturmuşdular: əyinlərində sırıqlı gödəkcə-şalvar olan üç cavan. Hərəsi bir küncdə “AK”sını (Kalaşnikov avtomatı – tərc.) bağrına basmışdı, gurultular altında öz aləminə dalıb özündə “özü”nü arayırdı.
– Elə bilirsiniz, qorxdum? – birisi qışqırdı. – Dönük çıxdım yəni?
– Bildiyimiz budur ki, dostumuzun cəsədini götürə bilmədik. Sən onun lap yaxınındaydın. Və o səni qorumuşdu...
– Snayper oranı vururdu, məni dəqiq aşıracaqdı, – sırıqlısının qolundakı güllə yerini göstərdi.
Yoldaşları baxmadılar.
– Anam xəstədir mənim, ölüm ayağındadır... – o yenə qışqırdı.
– Biz döyüşməyə gələndən hamımızın anası ölüm ayağındadır, – qışqırıqla da cavab verildi.
Bunu eşidəndə yeyin addımlarla zirzəmidən çıxdı, güllələr və qəlpələr yağan gecənin qoynunda gözdən itdi.
Qalan ikisi müharibənin cəhənnəmi andıran hay-küyü altında susub oturdu.
Gedən oğlan ertəsi gecə qayıtdı, dünən həlak olmuş yoldaşını da dartıb gətirdi. Onunla birgə özü də döşəməyə sərələndi.
– Anam bu gün danüzü öldü. Mən onunla vildalaşıb “Yasin” oxuya bildim. Anamdan əvvəl bu həyatdan getmək istəmirdim, o buna dözməzdi...
Qanlı öskürək nitqini qırdı.
–Həmin snayper... tutuzdurdu, axır ki...
Dostlarının daşa dönmüş qəlblərinin lap dibində gizlənib qalan yaşlar gözlərindən süzüldü.
Həsənin oğlu
Baharda, təbiət oyanıb çiçəkləmiş alçaların bəyaz qırçınlı ləçəklərini oynadan vaxtda Qroznıdakı şəxsi mülklərdən ibarət məhəllənin xoş ətirli küçəsi ilə iki kişi addımlayırdı. Təxminən, on bir yaşında, gözləri uşaqlara xas olmayan dərəcədə qayğılı bir oğlanla rastlaşdılar. Kişilərdən biri dayanıb oğlanı yanına çağırdı.
– Kimin oğlusan?
– Həsənin...
– Həə, Həsəninmi? Əla! Onunla köhnədən dostluğumuz var, hərçənd, çoxdandır, görüşmürük. Sənin atan yaxşı adamdır, etibarlı yoldaşdır, ağıllıdır, comərddir. Dəfələrlə məni çətin vəziyyətdən qurtarıb. Sağ olsun, sən gərək onunla fəxr edəsən, atana layiq oğul olasan. Amma onu belə təriflədiyimi özünə demə, Həsən bundan xoşlanmaz. Eləcə de ki, Murad çoxlu salam söylədi. Bir gün gəlib baş çəkərəm ona.
– Yaxşı, deyərəm...
Təəccüblənmiş uşaqdan onun eşidə bilməyəcəyi qədər uzaqlaşdıqda o biri kişi soruşdu:
– Həsən kimdir?
– Bilmirəm.
– Bəs nə oyun çıxarırdın elə?
– Sən gördünmü onun gözləri necə parıldadı? İndi o, atasına daha böyük hörmətlə yanaşacaq!
...Həsən bir il əvvəl ölmüşdü, amma oğlu “atasının dostunu” qəmləndirmək istəmədi.
On bir dekabr
Yaşlı bir kişi dekabra xas olmayan günəşli gündə Qroznının mərkəzi küçəsi ilə addımlayırdı. Başını gah yuxarı qaldırdı, gah çiyinlərinə qısdı, qəfil yana çevirdi, sonra baxışlarını endirib – sanki yerdə itiyini axtarırdı – yoluna davam etdi. Daş döşəli səkidə, olmayan çuxurlardan yan ötürmüş kimi, dolayı yeriyən kişi hərdən ani əyilib-dikəlir, gözlərində keçmişdən qalan işartı parlayırdı. Sol əlinin biləkdən yuxarısını böyrünə sıxır, elə bil kimisə tutub saxlayırdı.
Kişi birdən cəld hərəkətlə sağ ovcunu yanına qısdı, yüngülcə axsadı. Dayandı, saçlarındakı hisi-tozu çırpırmış kimi, başını silkələdi, soyuq skamyaya çökdü. İki cavan qalxınıb bu qəribə adamdan aralı oturdu.
– Oğlan, neçə yaşın var? – kişi qəfil onların birindən soruşdu.
– İyirmi beş... Nədir ki?
– Heç nə, oğul, bağışla. Mənə elə gəldi ki, biz tanışıq. Amma yanılmışam...
Ayağa qalxdı, düz iyirimi beş il əvvəl yaralanmış hamilə arvadını 9-cu şəhər xəstəxanasına çatdıra bilmədiyi o günü yenidən yaşaya-yaşaya yoluna düzəldi. Dövrəsində isə qar dənəciklərilə rəqs edərək yerə səpələnən şıltaq qəlpələr uçuşurdu.
Sal
Yoldaşları əsgəri Terekdən çəkib çıxartdılar. Sağ idi, amma silahını, papağını, çəkməsini itirmişdi. Dişləri tənəkə damı döyəcləyən dolu kimi çaqqıldayırdı, bu köhnə döyüşçünün bərələ qalıb qırpılmayan gözlərinə dəhşət çökmüşdü. Hamı düşündü ki, soyuq su və ölüm qorxusu haldan salıb onu, amma iş bunda deyildi. Dəfələrlə ölümlə üz-üzə gələn, ölümün onun yoldaşlarını necə biçib-tökdüyünü görən bu əsgər indi əzilib-sınmışdı, ömrü tərs-avand olmuş, əvvəlki yenilməz cəsarəti və həm özünün, həm də başqalarının həyatına soyuqqanlı münasibəti altda qalmışdı. Elə bil cəhənnəmin quyusuna baxırdı, oradan üstünə qızmar qəlpələr sıçrayır, üzünün, başının dərisini qoparır, kəllə sümüyünü xıncımlayıb beynini dağıdırdı. Sonra da ruhu bədəndən ayrılıb çılpaqlaşır, Terekin dondurucu boz suyu ona tikan kimi sancılırdı.
– Onlar bizə hücum çəkdilər, cəmi qırx altı qız, – əsgər titrək səslə üzüboşluğa danışırdı, – pərilər kimi gözəl, güclü, dirəşkən. Onlar qorxu bilmədən saldakı bütün heyəti çaya basdılar. Səsləri ilahi məlahətli o gənc qızların çığırtıları sanki vida nəğməsiydi. Hələ gözləri! Gözlərini görəydiniz! Onlarda hər cür təmasa, elə ölümün özünə də qatı ikrah vardı, qorxu, yaxud şübhə kölgəsi yox. Və bir də... bizim hamımızı özlərilə apara bilməməyin təəssüfü. Gözləri mənə, mənim batinimə, kiçik dünyama elə baxırdı, sanki gözlərimə ərinmiş qurğuşun axıb tökülürdü. Onlardan birinin əlləri xirtdəyimi sıxdı, xırçıltı eşitdim. Heç yadımda deyil, o məngənədən necə qurtula bildim.
– Hamısı həlak oldu?
– Belə olmaz, bu, düzgün deyil...
Əsgər ağlamaq istəyirdi, amma bacarmırdı.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Qərbi Azərbaycan torpaqlarının ermənilərə güzəşt edilməsi – CƏBİ BƏHRAMOV
“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycantarixi" şöbəsinin rəhbəri t.ü.f.d.dosent Cəbi Əmirvar oğlu Bəhrəmovun məqaləsi təqdim ediləcək.
Cəbi Əmirvar oğlu BƏHRAMOV
ŞİMALİ AZƏRBAYCAN ƏRAZİLƏRİNİN RUSİYA İMPERİYASI TƏRƏFİNDƏN İŞĞALI VƏ QƏRBİ AZƏRBAYCAN TORPAQLARININ ERMƏNİLƏRƏ GÜZƏŞTƏ GEDİLMƏSİ.
(1813, 1828, 1918, 1920-1929-CU İLLƏRİN QISA TARİXİ OÇERKİ)
Azərbaycan ərazilərinin çar Rusiyası və Qacarlar dövləti arasında 12 oktyabr 1813-cü il Gülüstan və 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqavilələrinə əsasən, Azərbaycan törpaqlarının bölüşdürülməsi onun sahibi Azərbaycan xalqının Avropada tətbiq olunan hər bir xalqın təməl hüququnun-legitimlik hüququnun pozulması ilə nəticələndi.Yəni Azərbaycan xalqının razılığı olmadan onun özü və ərazi bütövlüyü pozulmuş oldu. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, Qacarlar dövləti və Osmanlı Türkiyəsi ərazilərindən ermənilərin Rusiya imperiyası tərəfindən işğal olunmuş Şimali Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsinə başlanıldı. 1826-1828-ci illərdə II çar Rusiyası-Qacarlar dövləti müharibəsi gedişində Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərinə8 min 249 erməni ailəsi köçürüldü. 1828-1830-cu illər ərzində isə Cənubi Qafqaza Qacarlar dövləti ərazisindən 40.000, Osmanlı Türkiyəsi ərazilərindən isə 85.000 nəfər erməni köçürüldü və onlar Yelizavetpol (1868)(Gəncə) (1804-cü ilin yanvarınadək keçmiş Gəncə və Qarabağ xanlıqlarının əraziləri) və İrəvan (1849) quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi, onlara 200.000 desyatindən çox xəzinə torpağı ayrıldı. 1828-ci il martın 21-də çar I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazilərində yenə Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı. Bu addım çar Rusiyası tərəfindən Azərbaycan xalqının legitimlik hüququnun növbəti dəfə pozulması idi. XIX əsrin 30-cu illərindən başlayaraq Rusiya imperiyası tərəfindən Cənubi Qafqazda həyata keçirilən xristian etiqadlı xalqların bu ərazilərə köçürülməsi işi getdikcə ardıcıl xarakter almaqla, məqsədyönlü siyasətə çevrilmişdi.XIX əsrin axırlarında isə çar hökuməti köçürmə üzrə qanunvericilik aktlarının hazırlanmasına başlamışdı. 1899-cu il aprelin 15-də II Nikolay tərəfindən "Cənubi Qafqazda köçürməyə icazə" haqqında qanun imzalanmışdı. 1900-cü il dekabrın 22-də elan olunmuş yeni qanunda isə Qafqazda mülkü işlər üzrə baş rəisə icazə verilmişdi ki, "rus mənşəli və pravoslav dininə mənsub kəndlərin" vəsatətlərini yalnız ilkin qaydada müzakirə etməklə, onlar xəzinə torpaqlarında yerləşdirilsin. Yerli hakimiyyət orqanları çarın bu sərəncamını həyata keçirərək artıq 1901-ci ilin martında köçürmə sahələrini müəyyənləşdirməyə başladılar. 1904-cü ilin iyulunda çar Rusiyası hökuməti tərəfindən daha yeni bir qanun verilmişdi: "Kənd əhlinin və əkinçi meşşanların könüllü surətdə haqqında müvəqqəti qaydalar" qanuna görə yalnız rus mənşəli, pravoslav dininə mənsub yerli adamların və ya üç idarənin – Daxili İşlər Nazirliyinin, Hərbi İdarənin və Qafqazda Mülkü İşlər üzrə Baş rəisin mülahizəsi ilə bölücü dini sektantlarına mənsub şəxslərin imperiyanın müsəlman ucqarlarına, o cümlədən də Cənubi Qafqaz diyarına köçürülməsinə icazə verilmişdi. Çar hökuməti tərəfindən aparılan bu məqsədyönlü siyasət bütün XIX əsr ərzində davam etmiş və nəticədə Şimali Azərbaycan ərazilərinə köçürülən ermənilərin sayı çar məmuru və publisist N.Şavrovun 1911-ci ildə yazdığı kimi: "...hazırda Cənubi Qafqazda yaşayan 1 mln. 300 min erməninin 1 mln nəfəri yerli əhali olmayıb, bizim tərəfimizdən buraya köçürülənlərdir".XX əsrin əvvəlində onların Cənubi Qafqazda ən başlıca himayədarı olan Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov 1912-ci il oktyabrın 12-də çar II Nikolaya məktubla müraciət edərək yazırdı: "Həmişə bizə böyük xidmətlər göstərmiş ermənilərə himayədarlıq etməklə biz etibarlı müttəfiq qazanmışıq". Rusiya imperiyasının Cənubi Qafqazda təşkil etdiyi milli toqquşmalarla müşayiət edilən dağıdıcı müstəmləkə siyasətinin mahiyyətini I Dövlət Dumasının Yelizavetpol (Gəncə – C.B.) quberniyasından seçilmiş deputatı İsmayıl xan Ziyadxanov 12 iyun 1906-cı ildə keçirilən I çağırış I sessiyanın 25-ci iclasında 1906-cı il mayın 27-də İrəvanda tatarlarla (azərbaycanlılarla – C.B.) ermənilər arasında baş vermiş toqquşmalar, əhalinin təhlükəsizliyinin təmin olunması tədbirləri barədə Nazirlər Şurası sədrinə verilən sorğuya dair müzakirələrdə iştirakı zamanı etdiyi çıxışında belə qiymətləndirirdi: "Biz-müsəlmanlara onlar deyirdilər ki, siz iqtisadi cəhətdən erməniləri kölə vəziyyətinə salmısınız, onlar öz çarlığını yaratmaq istəyərək güclü silahlanırlar, bir gün görəcəksiniz ki, siz artıq yoxsunuz. Ermənilərə isə deyirdilər ki, panislamizm ideyası müsəlman cəmiyyətinin bütün təbəqələrinə dərin kök salmışdır və bir gün müsəlmanlar sizi tikə-tikə doğrayacaqlar. Fitnəkarlıq bu yolla gedirdi". İ.Ziyadxanovun Dövlət Dumasında etdiyi bu çıxışdan 115 il keçməsinə baxmayaraq, 1988-ci ildən bu günə qədər keçən dövrün hadisələrini analiz etdikdən sonra İ.Ziyadxanovun nə qədər uzaqgörən və müdrik bir insan olduğunun şahidi olursan.
1917-ci il oktyabrın 26-da Rusiyada ABŞ və Avropa maliyyə maqnatlarının yardımı ilə bolşeviklərin həyata keçirdikləri hərbi çevriliş nəticəsində Petroqradda hakimiyyət onların əlinə keçdi. Sovet Rusiyası XKS-nın sədriV.İ.Leninin imzaladığı sənədlərə əsasən,Polşa, Finlandiya və Pribaltika ölkələrinin dövlət müstəqilliyi tanınsa da, Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyi tanınmadı. Bunun isə əsas səbəbi Bakı neftini əldən verməmək idi. Buna görə də hakimiyyəti silahla ələ alan bolşeviklər çarizmin Şimali Azərbaycana qarşı yeritdiyi siyasətə daha sərt xarakter verərək daşnak-kommunist ermənilərdən istifadəyə üstünlük verdilər. 1917-ci il dekabrın 16-da RSFSR XKS-nin sədri V.İ.Leninin sərəncamı ilə S.G.Şaumyan Qafqazın Fövqəladə və səlahiyyətli Komissarı təyin edildi və ona burada öz fəaliyyətini təşkil etmək üçün 500.000 rubl qızıl pul ayrıldı.Cənubi Qafqaza gələn S.G.Şaumyan Bakıda bütün anti-Azərbaycan siyasi qüvvələrlə birləşərək hakimiyyəti ələ keçirdi. Bolşevik-daşnak hakimiyyətini burada möhkəmləndirmək üçün 1918-ci il fevralın 13-də RSFSR XKS yeni qərar qəbul etdi. Bu qərara əsasən,S.G.Şaumyanın sərəncamına 31,8 mln. rubl qızıl pul, 5 min tüfəng, 2 mln. patron, 35 pulemyot, 2 aeroplan, 2 zirehli maşın və döyüşçü dəstələri, o cümlədən Moskva Hərbi Dairəsinin 4-cü səyyar inqilabi dəstəsi göndərildi. Nəticədə 1918-ci ildə Bakı şəhəri və onun ətrafında olan ərazilərdə yaşayan azərbaycanlı əhaliyə qarşı ən ağır cinayət-soyqırımı cinayəti törədilərək ən azı 12 mindən artıq azərbaycanlı məhv edildi. 1918-ci ilin martından 1921-ci il avqustun 1-dək isə bütün Şimali və Cənubi Azərbaycan ərazilərində 700.000-dən çox azərbaycanlı soyqırımı cinayətlərinin qurbanı oldu. Bu cinayətlərin hansı səbəbdən törədildiyini S.G.Şaumyan RSFSR XKS-nin sədri V.İ.Leninə 13 aprel 1918-ci il tarixində ünvanladığı məktubunda yazırdı: "Əgər onlar qəbula gəlsəydi, Bakı Azərbaycanın paytaxtı elan edilər və bütün qeyri-müsəlman ünsürlər tərki-silah və məhv edilərdi". S.G.Şaumyanın I Dünya müharibəsi zamanı Osmanlı Türkiyəsinə qarşı vuruşan və 1917-ci il 5 oktyabr Ərzincan müqaviləsinə görə,Qafqaz Cəbhəsindən geri qayıdan daşnaklardan istifadə edərək azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətməsi və ən başlıcası, Bakı şəhərində hakimiyyəti ələ keçirməsi V.İ.Lenin tərəfindən çox böyük razılıqla qarşılanmışdı. S.G.Şaumyanın Bakı Neft Komitəsinin sədri təyin etdiyi Saak Ter-Qabrielyan 7 ədəd neftlə doldurulmuş gəmi ilə əvvəlcə Həştərxana, sonra isə Moskvaya gələrək V.İ.Leninlə görüşmüşdu. Bu görüş zamanı V.İ.Lenin S.G.Şaumyanın törətdiyi cinayətlərin miqyasından heyran qaldığını söyləyərək: "…Bakı "proletariatına" həm mənəvi, həm də maddi kömək göstərməyə hazır olduğunu" bildirmişdi. I Dünya müharibəsində iqtisadi baxımdan çökmüş ölkəni dirçəltmək üçün Sovet Rusiyasının rəhbəri V.İ.Lenin Bakı neftinin ələ keçirilməsi məsələsinə xüsusi əhəmiyyət verirdi. Buna görə də RSFSR XKS-nin 1918-ci il 22 may tarixli qərarı bu baxımdan diqqəti cəlb edir. Qəbul olunmuş qərarda deyilirdi:"…ən çox miqdarda neft yola salınması birinci növbədə və sözsüz təmin edilməlidir". 1918-ci il iyunun 5-də V.İ.Lenin Saak Ter-Qabrielyana vurduğu teleqramda S.G.Şaumyanın sərəncamına əlavə olaraq 50 milyon pul ayırdığını və "nefti birinci yerə qoymaq" tapşırığını vermişdi. Lakin bununla yanaşı, 1918-ci il iyunun əvvəlində bolşevik-daşnak hakimiyyətinin məhv olacağını görən Sovet Rusiyasının rəhbəri V.İ.Lenin Bakı Sovetinə vurduğu teleqramda yazırdı: "Əgər hücum baş tutarsa, mümkündürsə, siz Terə (yəni Ter-Qabrielyana – C.B.) xəbər verəsiniz ki, o,Bakını tam yandırmaq üçün tədbirlər görsün və bu barədə Bakı mətbuatında elan versin". Sonralar bolşeviklərin başçısının bu göstərişi ilə əlaqədar pof. E.Razin yazırdı: "....Bakının mədənlərini yandırmaq əmrini yalnız və yalnız İnsanlıq hissini itirmiş cinayətkar verə bilərdi". 1918-ci il mayın 26-da Gürcüstan Cənubi Qafqaz Seyminin tərkibindən çıxmaq haqqında qərar qəbul etdikdən sonra, həmin ayın 28-də Şimali Azərbaycan quberniyalarından seçilən deputatlar Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsi qəbul etdilər. Maraqlıdır ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini gözləyirdilər.Onlar Azərbaycan Milli Şurasına müraciət edərək Aleksandropolun (Gümrünün – C.B.) Osmanlı Türkiyəsi Ordusu tərəfindən tutulduğunu qeyd edir və siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsi mümkün olabiləcək ərazilərin məsələsini müzakirə etməyi təklif edirlər. Bu baxımdan Fətəlixan Xoyskinin Ermənistan hökuməti başçısının məktubuna verdiyi cavabla bağlı onun AXC-nin Xarici İşlər naziri M.H.Hacinskiyə 1918-ci ilin mayın 29-da göndərdiyi məktub çox maraqlıdır. Fətəlixan Xoyski məktubunda yazırdı: "Biz ermənilərlə bütün mübahisələri qurtarmışıq və onlar bizim ultimatu-mumuzu qəbul edəcəklər və müharibə qurtaracaqdır. Biz İrəvanı ermənilərlə güzəştə getdik". Lakin bu məsələyə aid arxiv sənədlərinin son dərəcə dəqiqliklə öyrənilməsi və elmi təhlili qəbul edilən taleyüklü qərarın bütün beynəlxalq hüquq prinsiplərinin pozulması ilə müşaiyət olunduğu və Azərbaycan xalqının rəyi soruşulmadan qəbul edildiyi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin əvvəlində Ağdam rayonuna səfəri zamanı 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən bu qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd etmişdi. Bu məsələyə aid əsərlər içərisində arxiv sənədlərinin zənginliyi ilə seçilən əsərlərdən biri t.e.d.dos. V.V.Qafarovun 2011-ci ildə "Azərnəşr" nəşriyyatında çap olunmuş "Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1920)" adlı monoqrafiyasıdır ki, bu əsərin V fəslində bütün Azərbaycan xalqını daima maraqlandıran ən ağır suallardan birinə – İrəvan şəhərinin ermənilərə necə verilməsi məsələsinə müəllif tərəfindən Türkiyə Cümhuriyyəti BBA-də aşkar edilmiş sənədlərdə aydınlıq gətirilmişdir. Bu fakt da məlumdur ki, o zaman Bakı şəhəri Sovet Rusiyasının əlində idi. Bütün bunlarla yanaşı, Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Zəngəzur bölgələrində erməni quldur dəstələri yerli azərbaycanlı əhaliyə qarşı talan və quldur hücumlarına davam edirdi. Çıxılmaz vəziyyətə düşən Azərbaycan əhalisi öz nicat yolunu Osmanlı dövlətinə müraciət etməkdə görürdü və bunu nəzərə alan Seymdə təmsil olunan azərbaycanlı deputatlar da belə bir fikrin tərəfdarı idilər. Bakı neftinə sahib olmaq üçün Sovet Rusiyası ilə bərabər, Böyük Britaniya, Fransa, ABŞ və Almaniya dövlətləri bir-biri ilə kəskin mübarizə aparırdı. Həmin dövrdə Böyük Britaniyanın Baş naziri olmuş L.Corc yazırdı: "…müharibənin sonunda Antantanın üstünlüyünə baxmayaraq, alman bloku Bakı neftindən istifadə edərdisə, hərbi əməliyyatlar xeyli uzanar və onun hansı nəticələri verəcəyini qabaqcadan söyləmək olmazdı". İranda Böyük Britaniyanın Əlahiddə Korpusunun komandanı general Denstervil bu fikri təsdiq edərək yazırdı: "Bakının əhəmiyyəti böyük idi… Bizim planımız Xəzər dənizində üstünlüyü ələ almaq idi, bunu isə yalnız Bakını tutmaqla həyata keçirmək mümkün idi, yəni bu şəhəri "düşmən işğalından müdafiə etmək lazım idi". Sonralar İngiltərənin "The Times" qəzeti elə belə də yazırdı: "Biz ora getdik ki, Bakının neft mənbələrini ələ keçirək". Bu fikrin təsdiqi olaraq Uinston Cörçil 1918-ci ildə Böyük Britaniyada nəşr olunan "Nur İST" jurnalında çap etdirdiyi məqaləsində yazırdı: "Neft məsələsində Bakının tayı-bərabəri yoxdur. Bakı dünyanın ən böyük neft mərkəzidir. Əgər neft kraliçadırsa, Bakı onun tacıdır". Regionda baş verən hadisələrlə yanaşı, onun hüdudlarından kənarda da Bakı nefti ilə bağlı yeni gizli və açıq siyasi sövdələşmələr aparılırdı. Belə ki, 1918-ci il avqustun 27-də Sovet Rusiyası və Kayzer Almaniyası arasında Osmanlı Türkiyəsindən gizli şəkildə bir saziş imzalanmışdı. Razılaşmaya əsasən, Bakıda neftin çıxarılması Sovet Rusiyasının iştirakı və nəzarəti altında olmalı, onun dörddə biri isə Almaniyaya verilməli idi". Qeyd etmək lazımdır ki, göstərilən dövrdə Bakı neftini ələ keçirmək uğrunda mübarizə aparan dövlətlərin Cənubi Qafqaz siyasətində erməni amili, onlardan istifadə hər addımda özünü büruzə verirdi. Buna görə də bütün bu dövrdə gedən hərbi-siyasi proseslər fonunda Azərbaycan xalqı Osmanlı Türkiyəsi dövlətinin göstərə biləcəyi yardıma ümid edirdi. 1918-ci il may ayının 24-də Tələt paşa Batum konfransındakı Osmanlı Türkiyəsi nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşəyə göndərdiyi teleqramda yazırdı: "Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən razı deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcək. İran və Amerkada olan bütün ermənilər orada toplanaraq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla birlikdə bizim əleyhimizə hərəkət edəcəklər". 103 il bundan əvvəl çox müdrikliklə deyilən bu sözlər bu gün artıq öz ağır dəhşətləri ilə reallığa çevrilmişdir. 1918-ci il mayın 29-da keçirilən ikinci iclasda İrəvandan olan Milli Şuranın üzvləri M.H.Seyidov, M.B.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə iki dəfə Milli Şuranın İrəvanın ermənilərə güzəşt gedilməsinə səlahiyyəti olmadığı halda,onun güzəştə gedilməsinə qarşı etiraz ərizəsi ilə müraciət etsələr də, iştirak edən 20 nəfər Milli Şura üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına razılıq verdi.Burada təbii olalar sual olunur:İrəvan şəhəri ermənilərə güzəştə gedilərkən şəhər əhalisinin və onları təmsil edənlərin rəyi soruşulmuşdurmu? Sənədlər təsdiq edir ki, heç bir rəy sorğusu və yaxud bu istiqamətdə hər hansı bir addım atılmamışdı. Bütün bunlar bu qərarın həm siyasi, həm də hüquqi cəhətdən nə qədər səhv və bağışlanılmaz bir siyasi addım olduğunu bir daha təsdiq edir.Bu zaman da Azərbaycan xalqının legitimlik hüququ pozulmuş oldu. Çünki güzəştə gedilən ərazinin mülkiyyət hüququ ona məxsus idi.Bu hüququ çox təəssüflər olsun ki, biz özümüz pozmuş olduq. Digər tərəfdən, İrəvan şəhərinin ermənilərə verilməsi məsələsi Erməni Milli Şurası tərəfindən Azərbaycan XC Milli Şurasına müraciətindən sonra müzakirə olunmuşdu və çox təəssüflə qeyd etmək lazımdır ki, İrəvan şəhəri və onun quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 100.6 min kv.kmtəşkil edirdi. Qeyd etmək lazımdır ki, dövrün arxiv sənədlərində bu tarixə qədər bütün Cənubi Qafqazın ərazisi 210.000 kv.km. olmuşdur ki, onun da 61.5 min kv.km.-i Gürcüstana, 9.000 kv.km-i güzəştə gedilən ərazi kimi ermənilərə, Brest və Batum konfranslarının qəbul etdikləri qərarlara görə, 45.5 min kv.km isə Osmanlı Türkiyəsinə məxsus idi. Ermənilər onlara edilən güzəşt nəticəsində hüquqi məkan əldə etdikdən dərhal sonra Şimali Azərbaycanın Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq ərazilərinin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər, halbuki ermənilər 1918-ci ilin mayında Batum danışıqları zamanı bu ərazilərə iddia etməyəcəkləri barədə öhdəlik qəbul etmişdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də Şimali Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.Sovet Rusiyası hökuməti Gürcüstan və Daşnak Ermənistanı ilə ərazi məsələlərini Azərbaycan SSR hökumətindən gizli aparırdı. Ən dəhşətlisi isə o idi ki, Azərbaycan SSR nümayəndə heyəti belə danışıqlara cəlb edilərkən onları ya milliyyətcə ermənilər, ya da gürcülər təmsil edirdilər. 1920-ci ilin iyunundan avqustun 10-dək aparılan danışıqların nəticəsi olaraq İrəvan şəhərində Sovet Rusiyası ilə Daşnak Ermənistanı arasında müqavilə imzalanarkən, bir sıra diplomatik sənədlərin də sübut etdiyi kimi, burada Azərbaycan SSR-in milli-dövlət mənafelərinə ciddi qəsdlər edilərək Zəngəzur və Naxçıvanın Daşnak Ermənistana verilməsi planlaşdırılmışdı. Bu zaman Sovet Rusiya hökuməti S.Orconikidzenin belə bir iddiasından çıxış edirdi:"…məlum siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər". İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə qurtardı, ki, həmin sazişlə də Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxçıvanı almalı idi. Əslində,Azərbaycanın tarixi torpaqlarının Daşnak Ermənistana verilməsi planı V.Leninin razılığı ilə İ.Stalin tərəfindən hazırlanmışdı. Çünkisonrakı illərdə bu torpaqların hissə-hissə zəbt olunması və bu ərazilərdə yaşayan əhalinin deportasiyası da İ.Stalin tərəfindən həyata keçirilmişdi. 1920-ci il noyabrın 4-də İ.Stalin, S.Orconikidze, T.Qabrielyan, Leqran, Ə.Qarayev və başqalarının iştirakı ilə keçirilən iclasda Sovet Rusiyası ilə Daşnak Ermənistanı arasındakı müqavilənin şərtlərinə toxunularkən İ.Stalinin fikri əsasında belə bir qərar qəbul edilmişdi: "Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də strateji cəhətdən sərfəli deyildir və yalnız son halda baş tuta bilər". İclasda həmçinin Siyasi Büronun Naxçıvan və Zəngəzura aid fikrinin əsaslandırılmasını hazırlamaq N.Nərimanova həvalə olunmuş, habelə İ.Stalinin bu məsələ ilə RK(b)P MK ilə danışıqlar aparmasınadək Ermənistana təqdim edilən müqavilə barədə qəti qərar çıxarmamaq haqqında razılaşma əldə olunmuşdu. Bu qərarın özü bir daha göstərir ki, Azərbaycan torpaqları Sovet Rusiyası tərəfindən hərraca qoyulmuşdu.Həmin qərarın "B" bəndində yazılırdı: "Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir". Qərarın "Q" bəndində Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, "D" bəndində isə Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verildiyini göstərilirdi.Zəngəzurun Qərb hissəsinin ermənilərə verilməsi, sadəcə Sovet Rusiyasının təzyiqi ilə "bağışlanması" istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan torpaqlarının Ermənistana bağışlanmasını həyata keçirən İ.V.Stalin Bakı Sovetinin 1920-ci il dekabrın 1-də qəbul etdiyi qərara münasibətini belə bildirmişdi: "Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir, Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir". 1920-ci il dekabrın 2-də İ.Stalinin "Azərbaycanın fatehi" adlandırdığı S.Orconikidze V.İ.Leninə və onun özünə Bakı Sovetində qəbul edilən qərarın məzmununu çatdırmışdı. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun qərb hissəsinin Ermənistan SSR-ə verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş vermədi. Belə ki, 1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat Bürolarının iclasında Zəngəzurun müsəlman əhalisi yaşayan hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar qəbul edildi. Zəngəzurun azərbaycanlı əhalisini sıxışdırmaqda davam edən ermənilər bununla kifayətlənməyərək sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular. Belə ki, Cənubi Qafqaz MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi: Nüvədi, Ernəzir və Tuğut-Ermənistan SSR-ə verildi. Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqların da ermənilərə "bağışlanması" və burada Mehri rayonunun təşkili ilə Azərbaycan SSR özünün tərkib hissəsi olan Naxçıvan diyarından ayrı salındı, bu bölgə ilə əlaqə çətinləşdi. Naxçıvan Muxtar Respublikasının 1921-ci il Qars müqaviləsi ilə müəyyən edilmiş sərhədlərinə gəldikdə isə, həmin müqavilədə Naxçıvan ərazilərinin qarantı kimi çıxış edən Osmanlı Türkiyəsi dövlətinin razılığı olmadanCənubi Qafqaz Sovet MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə bölgənin 657 kv.km. ərazisi Ermənistan SSR-ə verildi.Bu orqanın 1938-ci il 5 mart tarixli iclasının qərarına əsasən isə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistan SSR-ə keçdi.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Nəşriyyatımızın CƏNGAVƏRİ...
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Deyir ki:- “Azərbaycanda insanlar öz sağlamlıqlarına və zəkalarına çox biganədirlər və kapital qoymaq istəməzlər. Yalnız xəstələnəndə, ürək dayananda həkimə gedirlər, kitaba imtahanlar başlayanda pul verirlər. Amma bu, mədəniyyətin bir hissəsinə çevrilməlidir. Kitablar yalnız universitetlərdə, tələbənin masasının üstündə olmamalıdır, hər yerdə olmalıdır. Məsələn, Londonda, Türkiyədə metrolarda da kitablar var. Qəzetlər böyük hissəsini kitablarla bağlı yazılara həsr edirlər. Bizim həyatımızda isə kitab ümumiyyətlə yoxdur. Yox olmayan yerdə biz tələbədən, yeni nəsildən kitab oxumağı tələb edə bilmərik.Mən bəzən iqtisadiyyatla, hüquqla bağlı dərsliklərə baxıram. Anlamaq mümkün deyil. Bunu Azərbaycan alimləri yazıb. Alimlər dilini dəyişməlidir, düşüncəsini dəyişməlidir. Alim sadə düşünməklə gerçək alim olur, sadə dildə yazmaqla insanları oxutmalıdır. Müasir dövrdə bir dənə də olsun elmi populyar ədəbiyyat tapıb çap eləmək mümkün deyil. Məcburuq tərcümə ədəbiyyatına müraciət edək. Bəli, tərcümələrlə bağlı çoxlu iradlar var. Amma başqa yolumuz yoxdur...”
Gənc yaşlarından ölkədə tanınmağa başlayıb. Davranışı, işgüzarlığı, istedadı, yüksək intellekti ilə özünə hörmət qazana bilib. Ara-sıra yazsa da, ərsəyə gətirdiyi publisistik yazılar insanların zövqünü oxşayır. Fəaliyyətini dəyişib, nəşriyyat işinə başlayandan, daha möhtəşəm görünür, uğurları artdıqca artır. Ölkənin ən qabaqcıl naşirlərindən biri kimi tanınır…
Haqqında söhbət açdığım Şahbaz Xuduoğlu 24 iyun 1968-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Orta təhsilini orada baş vurduqdan sonra, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram, kino aktyorluğu fakültəsində ali təhsilə yiyələnib. Hazırda "Qanun" nəşriyyatının rəhbəridir...
Amerikada yaşadığım illərdə kitabla bağlı çox hadisələrin şahidi olmuşam. Mağazaların görünən yerində yeni nəşr olunmuş kitabların ödənişsiz verilməsi, yaşlı amerikalıların öz həyətlərinin səkiyə yaxın hissəsində kitabları xüsusi qutulara qoyub, insanlara təmənnasız təqdim etməsi bu sıradadır. Orada gördüklərimlə Şahbaz Xuduoğlunun gənclərin maariflənməsi uğrunda göstərdiyi xidmətlərini müqayisə edəndə, qürur hissi keçirirəm. Əslində azad düşüncəli, muasir qərb insanına məxsus güclü təfəkkürlü, dünyanı olduğu kimi dərk etməyi bacaran bu insanın varlığı ölkəmiz üçün qənimətdir. Onu sevmək, ona ehtiram göstərmək, səmərəli fəaliyyətinə daha geniş yol açmaq lazımdır…
“İnsan özünə münasibətdə saxta olmamalıdır. Öz varlığına həssas yanaşmalıdır. Özü ilə yanaşı, milyardlarla insanın varlığını düşünməlidir. Mənim üçün yaxşı əməlləri paylaşmağı bacaran kəs böyük dəyər sahibidir"- söyləyir.
Hər gün səhər saat 4-də yuxudan durmağa adət edib. Ən azı bir saat mütaliə edəndən sonra yaxınlıqdakı meydançada kros qaçır. Yoqayla məşğul olur. Səhər yeməyindən sonra isə iş yerinə- nəşriyyata tələsir…
Deyir ki:- “Oxumaq təhsillə bağlı bir məsələdir. Azərbaycan məktəblərində, Azərbaycan dilli məktəblərdə ümumiyyətlə təhsil verilmir. İndi türk məktəblərində təhsilin səviyyəsi daha yüksəkdir, bir də rus məktəblərində. Ona görə də türk dilində olan kitabların da oxunaqlıq səviyyəsi artmaqdadır. Azərbaycan dilində təhsilin səviyyəsi aşağı olduğu üçün kitab oxuyan da yoxdur. Sovet dövründə olduğu kimi, Azərbaycan dilində kitaba tələbat əsasən regionlardadır, ora da kitab getmir. Yəni rayonlarda kitab dükanları olmadığına görə, ora kitab göndərilmir...”
Kitab dükanlarının azlığı onu da narahat edir. Dünya yazarlarının əsərlərinin Azərbaycan dilində olmamasından çox üzülür. Səyahət etməyi, dünya xalqlarının mədəniyyəti ilə yaxından tanış olmağı xoşlayır. İndiyədək bir sıra Avropa ölkələrində, bir neçə Asiya dövlətlərində səfərdə olub.
"Kitabxanaların inkişafı ilə bağlı dövlət proqramı var. Bu proqramda göstərilir ki, Azərbaycan kitabxanalarının 0.7%-i müasir standartlara cavab verir. Həqiqətən də 5 min kitabxanadan 3 mini qalıb ki, bunların da yalnız 70-80-i işlək vəziyyətdədir. Qalanı heç işləmir də. Ümumiyyətlə, mən hesab edirəm ki, kitab sahəsinin ciddi dəstəyə ehtiyacı var. Bunu Mədəniyyət və Turizm Nazirliyinin tərkibində etmək mümkün deyil. Bu nazirlik əsasən adının ikinci hissəsinə xidmət edir, bəzən özüdə bir nəşriyyat funksiyasını yerinə yetirir. Azərbaycanı turistlərə tanıtmaq baxımından kitablar nəşr edir. Hamısı yüksək keyfiyyətlə və böyük xərc tələb edir. Amma hara paylanır, harda satılır bilinmir. Azərbaycan kitabı dünya kitab yarmarkalarında zəif işrtirak edir. Əslində Mədəniyyət və Turizm Nazirliyi şərait yaratmalıdır ki, nəşriyyatlar getsinlər. Maraqlıdır, hər il nazirliyin işçiləri dövlət büdcəsi hesabına müxtəlif yarmarkalarda iştirak edirlər. Görəsən onlar bu vaxta qədər hansı xarici yazıçının əsərlərinin bizdə nəşri üçün müəllif hüquqlarını alıblar? Yaxud əksinə, hansı yazıçımızın xarici ölkələrə əsərlərini satıblar?" - söyləyir…
Kitabın qüdrətinə çox inanır. Həyatında mütaliənin əhəmiyyətli rolu olduğunu, müəyyən vərdiş və keyfiyyətləri oxuduqlarından götürüb, özünə tətbiq etdiyini dilə gətirir. İnanır ki, onun bir insan kimi yetişməsində kitabların böyük təsiri olub…
Deyir ki, "Mən kitab satışı ilə mənfəət əldə edib, varlanmaq üçün məşğul olmuram. Mənəvi tələbatımı ödəməyə çalışıram və özümü mənən xoşbəxt hesab edirəm...”
...Amerikalılar deyir ki, nəyisə dəyişə bilmirsənsə, ona münasibətini dəyişməlisən. Öz işində bütövlük mənəvi xoşbəxtlikdir. Əsl həyat isə mənəvi xoşbəxtlikdən başlayır. Zəhmət heç zaman cavabsız qalmır. Sevindirici haldır ki, Şahbaz Xuduoğlu hələlik Fransanın nüfuzlu İncəsənət və Ədəbiyyat Ordeninin “Cəngavər” dərəcəsinə layiq görülüb...
Bu gün - iyunun 24-ü Şahbaz bəyin 58 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, fəaliyyətində daha böyük uğurlar arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Ənvər Məmmədxanlının yaradıcılıq yolu - arxiv materialları əsasında
Ədalət Rəsulova,
AMEA Nizami Gəncəvi adına ədəbiyyat insititutunun əməkdaşı.
“Ədəbiyyat və incəsənət”
Yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində anadan olmuşdur. 77 il ömür yaşayan Ə.Məmmədxanlı bütün şüurlu həyatını Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafına həsr etmiş, bu yolda sona qədər yorulmadan çalışmışdır. Fəaliyyəti dövründə müxtəlif idarələrdə, fərqli vəzifələrdə işləyən yazıçı “Azərbaycan nəsrində lirikanın görkəmli nümunələrini yaratmışdır”.
Ə.Məmmədxanlı nəsri öz tematikasına görə çoxcəhətlidir, onu bir nasir kimi daha çox lirik-romantik duyğulu insanın əsl şəxsiyyət kimi formalaşması, mənəvi yetkinliyə can atması maraqlandırır, cəlb edirdi. Onun "Bakı gecələri" povestini oxuyarkən başdan-ayağa lirik bir nəğməni xatırladan bu povestdə ağrı da var, kədər də, sevinc də var, ümid də, inam da. Ə.Məmmədxanlı “Bakı gecələri” povestini 22 yaşında yazmışdı. Bu əsəri yaradıcılığının bünövrəsi hesab etmək olar ki, üzərində neçə hekayətlər, dramlar, tarixi əsərlər dayanır. Elə ilk qələm təcrübəsindən ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, heç kimə bənzəməyən yolu, üslubu olduğunu təsdiq etmişdir.
“Bakı gecələri” povesti Ə.Məmmədxanlı qələminə xas romantik üslubun bir nümunəsidir. Bakı, xüsusən onun gecələri bizim ədəbiyyatın əbədi mövzusudur. Tək ədəbiyyatın yox, elə musiqinin, təsviri incəsənətin də. Bakı gecələrinin əsrarəngiz gözəlliyinə ilk diqqəti çəkən böyük proletar yazıçısı M.Qorki olmuşdu: “Gecə mən Bakıya dağ üzərindən baxırdım. Şəhərdə və Bibiheybət mədənlərində işıqlardan əmələ gələn gözəlliyə heyrətlə tamaşa edirdim. Bakı Neapol körfəzindən daha çox və daha sıx işıqlıdır”. Belə bir mənzərədən sonra demək istəyirsən ki, sən gəl Bakını bir də indi gör. Hər gün gözəlliyinə gözəllik əlavə olunur, hər gecəsi dünənkindən işıqlı olur.
Sinən üstə hər addımım bir məhəbbət nəğməsi,
Qulağımda yollarının fısıltısı, hikkəsi,
Hər qarışın sevda dolu ürəklərin qibləsi,
Gözəl Bakım, gözəl Bakım!
Ə.Məmmədxanlının tərənnüm etdiyi “neft qoxulu, xəzrili-gilavarlı” şəhər 1935-ci ilin Bakısı olsa da, “günçıxan tərəf Qaraşəhər, ondan o yana Ağşəhər, İçərişəhər, bu yandakı Bayıl təpələri” yerindədir. Amma necə? Daha abad, daha təmiz, çox modern. Əsərdə hadisələri lirik atmosferdə təsvir edir. Povestdə əsas hiss və duyğular təsvir edilir, həyəcan və intonasiyası əsərin dilini, tərzini müəyyən edir. “Bakı gecələri” uzaq dağ kəndindən paytaxta oxumağa gələn yüzlərlə gəncdən birinin müşahidələrinə, yeni mühitə uyğunlaşmasına, yaşadıqlarına daxili aləminə həsr edilmiş, yazıçının özəl təqdimatında oxucuya çatdırılmışdır.
Ə.Məmmədxanlı nəsrimizdə lirik yazıçı kimi tanınmışdır. Nəsr ədəbiyyatda özünə yer edib təşəkkül tapdıqca poeziyanı arxada qoyur, qarşısında yeni dizaynları olan janr formaları əmələ gətirirdi ki, lirik janr da onlardan biri idi. Azərbaycan oxucusunun yaxşı tanıdığı A. de Sent-Ekzüperi, K.Paustovski, İ.Bunin, bəlkə də, heç tanımadığı, müasirimiz A. Makin lirik janrın nüfuzlu nümayəndələrindəndirlər. Rəsul Həmzətovun “Mənim Dağıstanım” povesti əsl lirik nəsr nümunəsidir. Lirizm 1960-cı illər ədəbiyyatında qol-qanad açmağa başladı, lirik nəsr təyini də başlanğıcını elə o zamanlardan götürdü. Bütün əsərlərdə lirika prozaya eyni dərəcədə daxil olmur. Bəzən təhkiyəni yüngülcə bəzəyir, bəzən isə bütün janrın spesifikasını dəyişir. Azərbaycan ədəbiyyatında isə lirik nəsrin yaradıcıları deyəndə ilk növbədə göz önünə xalq yazıçıları Ə.Məmmədxanlı və İ.Əfəndiyev gəlir. Eşidəndə nəsr və nəzm uzaq qütblər kimi düşünülsə də, əslində, biri digəri olmadan keçinə bilməz. Hələ A.S.Puşkin deyirdi: “Onlar bir nöqtədə tapışdılar. Daş və su kimi. Buz və alovtək. Və… şeirlə nəsr kimi”. Rus şeirinin nasirlərindən olan K.Paustovski yazırdı ki, nəsrin ritmi yazıçının şeiri absolyut qavramasından asılıdır. Coğrafiyasından, milliyyətindən asılı olmayaraq bu janrın nümayəndələrini birləşdirən xüsusiyyətlər – müəllif monoloqu (etirafnamə), qəhrəmanın əhval-ruhiyyəsi, “konfliktin əks cəbhələrdə surətlərin arasında deyil, daha çox surətin özünün özü ilə mübarizəsidir. Kiçik hekayələr ustası kimi tanınan Ənvər Məmmədxanlı sonralar iri həcmli əsərlər-pyeslər yazmağa başlayır. 1963-cü ildə C.Cəfərovun “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi məqaləsində oxuyuruq: “Deməli, hekayə ustası Ənvər dramaturgiya və romançılıqda da yeni və mənalı söz demək iqtidarındadır. Janr məhdudluğu heç də istedad məhdudluğu demək deyildir, məhdud bir janr daxilində də dərin və gözəl görünmək olar. Lakin ədəbi təcrübə göstərir ki, istedadlı yazıçılar həyatı rəngarəng gördüklərindən bir janr daxilində qala bilmirlər, onlar müxtəlifliyə can atırlar, çünki bu halda öz istedadlarını daha yaxşı ifadə edə bilir, həyatla daha əhatəli bir təmas yaradaraq ona daha mükəmməl təsir göstərə bilirlər”.
Hekayələr, kiçik kinonovellalar, romanlarından dövrü mətbuatda çap olunan parçalar Ənvər Məmmədxanlı istedadının müdrikliyinin bariz sübutudur.
Və nəhayət, Cəfər Cəfərov demişkən, “bir janr yönündə özünü tam ifadə eləyə bilməyən” və içindəki ağrılara, xatirələrə, xatirələrin çoxluğuna tab gətirə bilməyən bu yazıçı özü öz içi ilə sorğuya, danışığa başlayır. Əslində elə onun hər bir əsəri onun özüylə danışığı idi, özünə hesabatı idi.
Ə.Məmmədxanlı bənzərsiz hekayə ustasıdır. Onun “Ayrıldılar”, “Ananın ölümü”, “Ay işığında”, “Karvan dayandı”, “Qızıl qönçələr”, “Baş xiyabanda” və s. hekayələri bu kiçik janrın klassik nümunələridir. Onun “Buz heykəl" i ilk oxuduğumuz hekayələrdən olub. Bu əsəri yazıçı 1944-cü ildə, müharibənin sonuna yaxın yazmış olsa da, təsvir edilən hadisə qanlı savaşın ilk qışında cərəyan edirdi. “Elə bil canlı, cansız ətrafda nə varsa, donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır. Və indi ağappaq bir zülmət içində, gün çıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir”. Bu, körpəsini sinəsinə sıxıb düşmən təcavüzündən başını götürüb qaçan gənc anadır. Nəhayətsiz gecə. Arxada qana susayan yırtıcı düşmən, irəlidə ondan geri qalmayan qan donduran, qılınc kimi kəsən şaxta. Seçim yoxdur. Ana özünü düşünmür, təki balası xilas ola bilsin. Cəmi 3 səhifədən ibarət olan kiçik hekayə ana məhəbbətinə qələmlə qoyulmuş möhtəşəm heykəldir. Az sözlə çox şey demək, oxucuda həyəcan oyatmaq yazıçıdan həm dilin incəliklərinə bələd olmaq, həm də böyük ustalıq tələb edirdi. Ə.Məmmədxanlı bu hekayəsi ilə bir daha sübut etdi ki, oxucunun qəlbini tərpətmək üçün səhifələrin çoxluğu nə şərtdir, nə vacib. “Buz heykəl” bütün zamanların ana abidəsidir. Xalqımız üçün məşum 90-cı illərdə, daha yəqini, Xocalının işğalı günü bizim qadınların hərəsi balası qucağında bir buz heykələ çevrilmişdi. Hətta belə ağır əsər də dərin lirizmi ilə heyran edir. Bu artıq ruhla bağlı bir məsələdir. Ə.Məmmədxanlının nəsrini Səməd Vurğunun şeiriyyəti ilə müqayisə etmək olar. Ümumiyyətlə, Ə.Məmmədxanlı yaradıcılığında realizm və romantizm üzvi şəkildə birləşir. Elə şəxsi həyatında da. Hekayələrinin, demək olar, hamısı hüzünlü sonluqla bitir.
Nasirin yaradıcılığının əhəmiyyətli hissəsi Cənub mövzusuna həsr edilmişdir. II Dünya müharibəsi zamanı o, digər yazıçılarımız kimi Sovet ordusu sıralarında İranda olmuş, o tayda baş verənləri əsərlərinə köçürmüşdür. Müdriklərdən biri deyib ki, insan həyatı epopeya, ömrün illəri hərəsi bir hekayədir. Arazın o biri sahili Şimali Azərbaycan şair və yazıçıları üçün həmişə həssas mövzu olmuşdur. “Od içində” pyesi 1941-1946-cı illərdə Cənubi Azərbaycanda gedən azadlıq hərəkatına, onun 1945-1946-cı illər dövrünə, məğlubiyyətinə həsr olunmuşdur. Əsərdəki detallı təsvirləri oxuduqca düşünürsən ki, bir xalqı zülm, istibdadla nə qədər sınamaq olar? Bir xalqın başına necə bəlalar gətirmək, bölmək, terror etmək olar? “Təbriz yenə qan içində çalxalanır, od içində yanırdı”, “Azərbaycandakı anarxiyaya son qoyulmuş, milli qəzetlər, məktəblər bağlanmışdır.
Yazıçı 1940-50-ci illərdə bir-birinin ardınca “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” kimi ona şöhrət gətirən dram əsərləri yazmaqla özünü dramaturq kimi də təsdiq edir. Bu səhnə əsərləri illərlə teatrların repertuarlarını bəzəyir. Ə.Məmmədxanlı ədəbi əsərlərində quruluşun ideyalarını təbliğ etsə də, gizli dialoqlar vasitəsilə Azərbaycan həqiqətlərini auditoriyasına çatdıra bilmişdir. Necə deyərlər, məna haqqında düşün, sözlər özü gələcək, sahibi də götürəcək. Nazim Hikmətin “Şirvan gözəli” haqqında dedikləri bu düşüncənin davamı və təsdıqidir: “Əsl məqsədinizi dolayı yolla deyə bilmisiniz”. Satıcı kimdir, alıcı da odur.
“Şərqin səhəri” əsərindəki hadisələr 1919-20-ci illərdə Bakıda cərəyan edir və tariximizin mühüm dövrünün geniş mənzərəsini əks etdirir. Əsərdə Bəhruzla Dilarənin məhəbbətinin fonunda dramlar yaşanır, şəxsi və milli faciələrin şahidi oluruq. Hamı qaçanda Ağalarov deyir: “Siz gedin, mən qalıram. Mən bu torpaqdan ayrıla bilmirəm. Yaşım altmışı keçib, amma bir dəfə də olsun, bu başıbəlalı şəhərdən qırağa ayaq basmamışam. Sizin kimilər xoşbəxtdir, nə malınız var, oğru apara, nə imanınız var, şeytan apara”. “Onun dövr-aləm səyahəti həmişə Mərdəkan bağlarında qurtarırdı”. “Gün gələr, qayıdarıq” əsərində qələmə aldığı hadisələri oxucularına gələcəyə bir mesaj kimi ötürmüşdür. Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” SSRİ Dövlət mükafatına layiq görülmüşdü.
Ə.Məmmədxanlının ən gözəl və yaddaqalan əsərlərindən biri də “Şirvan gözəli” lirik komediyasıdır. Pyes elmdə ehkamçılığa, dayaz düşüncənin tənqidinə həsr edilmişdir. Meşşanlığın gülüş hədəfinə çevrilməsi, professorlar – Vahidovlar və Zakirovlar ailələrinin elm və məişət zəminində gedən ixtilafları və onların övladlarının sevgisinin təntənəsi əsərin sadə süjet xəttini təşkil edir. “Şirvan gözəli” onun yaradıcılığında yeni bir abzasdır, komediyaya müraciət edən yazıçı təkrar bu janra dönməmişdir. Lirik komediyanın xarakterik xüsusiyyətlərindən birincisi personajların sərt şəkildə mənfi və müsbətə bölünməməsidir. “Şirvan gözəli” haqqında akademik Bəkir Nəbiyev yazırdı: “Onun komik vəziyyətlər yaratmaq, komik konfliktin açılmasında lirik çalara ölçü duyğusu ilə yer vermək, idealın bərqərar olması üçün gülüşdən incə bir vasitə kimi faydalanmaq bacarığı bu əsərin mahiyyətini müəyyən edir”. Ə.Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə ədəbi ictimaiyyətin xüsusi marağına səbəb olmuş, özünəməxsus yaradıcılıq yolu keçmişdir. Artıq Ə.Məmmədxanlıdan öz yolunu müəyyən etmiş bir yazıçı kimi danışmağa imkan verir.
Ə.Məmmədxanlı Azərbaycan nəsrində lirikanın görkəmli nümunələrini yaratmışdır. Bu xüsiyyəti onun əsərlərindən bəhs edənlərin elm adamları etiraf etmişdir. Bu baxımdan Abbas Zamanovun nəşr etdirdiyi məqaləsində (Kommunist qəzeti 1 mart 1983-cü il) "Nəşrin şairi" adlandırmışdır. Ə.Məmmədxanlın əsərləri ilk baxışda sadə görünən, lakin çoxcəhətli həyat lövhələrini, mürəkkəb insan talelərini əhatə edən kompozisiya qurmağın, ardıcıl bədii hadisələrin gedişatına uğurla xidmət edən, düzgün yönəltməyin nümunələri ilə zəngin olmuşdur. Onun nəsrindəki surətlərin pisi də yaxşısı da, tərəddüd edəni də, hadisələr keçidində bir qayda olaraq, adamlara münasibəti, duyğu və düşüncələri, öz daxili aləmi ilə canlı, həyatı, bədii obraz kimi açılıb göstərilir. Şaxtalı gecədə körpəsi donmasın deyə bütün olan-olmazını öz əynindən çıxarıb körpəsinə bürüyən, daha heçnəyə gümanı gəlməyəndə isə büzüşüb bükülərək bədəninin son hərarəti, qəlbinin axırıncı döyüntüləri ilə körpəsini məhv olmağa qoymayan ana bir bədii obraz olaraq bir heykəl kimi ucalır. Azərbaycan kinematoqrafiyasının inkişafında Ə.Məmmədxanlının özünəməxsus xidmətləri olmuşdur.
"Leyli və Məcnun", "Xürrəmilərin ağ şahini" Ə.Məmmədxanlının bu janırda yazılmış ən yaxşılarıdır desək yanılmarıq. Həmin əsərlərin ekran təcəssümünün keyfiyyəti bu prosesdə müəllif fikrinin hasnı səviyyədə qorunub saxlanması başqa bir yazının mövzusudur. Lakin istər "Leyli və Məcnun", istərsə də "Xürrəmilərin ağ şahini" hər şeydən əvvəl Azərbaycan tarixinin və xalq poetik yaradıcılığının qaynaqları əsasında yaradılmış bitkin bədii əsərlərdir. Yazıçının yaradıcılığına nəzər salaraq onu daha dərindən tanımaq və oxuyub anlamaq mümkündür.
Sənətə yüksək meyarla yanaşan, sözünü kəsərdən salmayan Ə.Məmmədxanlı müharibə illərində də az yazdı. Amma müharibə dövrünün psixologiyası onun bu əsərlərində nəzərə çarpırdı. "Analar və yollar", "Qərb cəbhəsindən məktub", "Silahlı dağlar", "Ulduz", "Bəxtiyar". "Yeddinci yol" və s. əsərlərdə Ə.Məmmədxanlı müharibəni təkcə döyüş, vuruş, əsir almaq, hücuma keçmək, "dil" ələ keçirmək, bayraq sancmaq kimi təsvir etmirdi, daha çox bu çətin və ağır günlərdə yaşayan insanın daxili dünyasını ön plana çəkirdi. Onun publisistik qeydlərində də lirika aparıcı xətti təşkil edirdi. Ənvər Məmmədxanlı ədəbiyyata nasir kimi gəlmiş, "Burulğan" adlı ilk əsərini 1934-cü ildə çap etdirmişdir. Bu povest göstərdi ki, nəsrə öz üslubu və nəfəsi olan istedadlı bir sənətkar gəlib. Səksən il əvvəl qələmə alınmış "Burulğan" povesti 30-cu illər üçün xarakterik olan fəhlə həyatı mövzusunda yazılmışdı. Ə.Məmmədxanlı uzun və çətin həyat yolu keçmişdi. Mənfur 37-nin ağrı-acısını bir başqa cür çəkmişdi. Yazıçı özü bu barədə deyirdi ki, elə dövr gəlmiş, faciənin miqyası o həddə çatmışdı ki, həyatda oynanılan dramları qələmə almaq üçün yeni bir Şekspir lazım idi. Yazıçı Kamal Abdullanın təbirincə desək, Ə.Məmmədxanlı dövrünün son magikanlarından, fikir və söz zadəganlarından idi. Son dərəcə həssas insan olan Ə.Məmmədxanlı yeri gələndə sərt də ola bilir, sözünü deyir, yazıçı, ziyalı mövqeyini müdafiə edirdi. Mövlud Süleymanlının “Dəyirman” povesti sovet quruluşunun tələblərinə cavab vermədiyi üçün məhşər ayağına çəkiləndə onun müdafiəsinə qalxan birincilərdən olmuşdu. Əsəri yüksək qiymətləndirmiş, müəllifi belə qiymətli əsərə görə alqışlamışdı.
Ə.Məmmədxanlı nəsri öz tematikasına görə çoxcəhətlidir, onu bir nasir kimi daha çox lirik-romantik duyğulu insanın əsl şəxsiyyət kimi formalaşması, mənəvi yetkinliyə can atması maraqlandırır, cəlb edirdi. Bu baxımdan onun qəhrəmanlarını "axtaran qəhrəmanlar" kimi səciyyələndirmək olar. Siz onun "Bakı gecələri" povestini oxuyun. Başdan-ayağa lirik bir nəğməni xatırladan bu povestdə ağrı da var, kədər də, sevinc də var, ümid də, inam da. O dövrün ədəbiyyatında mühüm yer tutan qadın azadlığı mövzusu bu əsərdə lirik-romantik səpgidə öz bədii həllini tapırdı. "Ulduz" hekayəsinin qəhrəmanı müharibənin ağır günlərində, tibb institutunu yarımçıq buraxıb cəbhəyə yola düşür. Onu bu qəti hərəkətə sövq edən sevdiyi Azad idi. Lakin cəbhə həyatı onun şəxsi, intim dünyasına bütün ziddiyyətləri və təzadları ilə daxil olur. Ulduz daha böyük amallar naminə yaşadığını dərk edir. "Qızıl qönçələr" hekayəsinin qəhrəmanının diliylə desək: "Günəş doğacaq. Qönçələr açılacaqdır". Bu, Ə.Məmmədxanlının özünün də, qəhrəmanlarının da həyat devizini müəyyənləşdirən söz idi.
Ə.Məmmədxanlı ömrünün son 20 ilini görkəmli sərkərdə və siyasi xadim, qəhrəmanlıq simvolumuz Babəkin xalq azadlığı uğrunda apardığı mübarizəsinə həsr etdiyi mövzu üzərində çalışmışdır. Yazıçı tarixi hadisələri, Babəkin şəxsiyyətini, dövrün siyasi, fəlsəfi, dini çərəyanlarını dərindən öyrənmiş, tarixi həqiqətə yaxınlaşmışdır. Babək romanının orijinal nəql etmək üslubu yazıçının tədqiqatçıları tərəfindən qeyd edilir. Ə.Məmmədxanlının əsərlərində poetik istedadla mövzu, məzmun bir-birini tamamlayır. Onun ssenarisi əsasında rejissor Eldar Quliyev 1979-cu ildə tammetrajlı, 2 seriyadan ibarət “Babək” bədii filmini çəkmişdir. Ssenari yazmaq əsl sənətdir, əsərdən fərqli olaraq, kinonun formatına uyğunlaşmaq var. Lakin yazıçı bu işin öhdəsindən məharətlə gəlmiş, ən əhəmiyyətli, təsirli səhnələri ssenariyə daxil edə bilmişdir. Afşinin böyük Babəkə ittifaq təklif etməsi filmin ən uğurlu epizodlarındandır. Afşin “İran mənim olsun, Azərbaycan sənin” – deyir. Bəşəriyyət üstündən əsrlər keçməsinə baxmayaraq, hələ də dünyanı bölüb qurtara bilməyib. 838-ci ildə qalıb. Film böyük müvəffəqiyyət qazanmış, 60 ölkə tərəfindən alınmışdır. Beləliklə də, milli ədəbiyyatımız qiymətli, dolğun məzmunlu və orijinal keyfiyyətli tarixi bir romanla zənginləşdi. Roman yazıçının ölümündən sonra işıq üzü görmüşdür.
Bunlarla yanaşı Ə.Məmmədxanlı “Fətəli xan”, “Leyli və Məcnun” filmlərinin, “Bəxtiyar” kino-novellasının ssenari müəllifi olmuşdur. Ə.Məmmədxanlı H.Mehdiylə birlikdə “Fətəli xan” filminin də ssenarisini yazmışdır.
Ə.Məmmədxanlı, vətənpərvərliyində, humanizmində, bənzərsiz üslubunda, ədəbiyyata şair təbində, nasir qələmli gəlməsində idi. Onun haqqında deyirdilər: “Böyüklüyü az yazmasında və gözəl yazmasındadır”. Ə.Məmmədxanlı ciddi yazıçıdır, kəmiyyət arxasınca qaçmır.
Ə.Məmmədxanlının yaradıcılığından danışarkən onun tərcümələrinə toxunmadan keçmək olmaz. Yazıçı bu barədə belə deyirdi: “Yazmaq sağ qolumdursa, tərcümə sol qolumdur. Ömrü boyu qara çörəyim tərcümədən çıxıb”. Tərcümə sənəti əsl yaradıcılıq olsa da, qədribilinməz bir işdir, elə bir gəlir gətirmir, tərcüməçi də kölgədə qalır. Ə.Məmmədxanlının Avropa və rus klassiklərindən etdiyi tərcümələr əsl peşəkarlıq nümunələri, özünün “avtoportreti”dir. Azərbaycan dilinin zəngin imkanlarından ustalıqla istifadə edib U.Şekspirin, Q.Floberin, T.Drayzerin, A.S.Puşkinin, M.Qorkinin əsərlərini dilimizə tərcümə etmişdir. Tərcümədə tək hər iki dili bilmək kifayət etmir, ilham və entuziazm da bəs deyil. Sən istəyən nəticə üçün ilk növbədə əsərin ruhunu çevirmək, çatdırmaq lazımdır ki, bunu yazıçı yüksək səviyyədə bacara bilmişdir.
Tənhalıq onun həyat tərzi idi. Bu qədəri yox, tərcihi idi. Onun tənhalığı darıxdırıcı yox, yaradıcı idi. Dörd bir yanı qələbəlik olan bu tənhalıq ona güc verirdi. Kitablar həmxanəsi, ailəsi idi. Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr etmişdir. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olmuşdur. İki dəfə "Şərəf nişanı" (1946–1949), "Qırmızı Əmək bayrağı" (1980–1983) və "İkinci dünya müharibəsi" (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunmuşdur.
1990-cı il dekabrın 19-da Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
O, ədəbiyyat və jurnalistika sahələrində yorulmadan çalışır
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist.
“Ədəbiyyat və incəsənət”
(Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi, yazıçı-publisist, şair Zaur Ustaca ithaf olunur!)
Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və məhsuldar nümayəndələrindən biri də yazıçı-publisist və şair Zaur Ustacdır.
Qısa bioqrafik məlumat:
Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu): 08 yanvar 1975-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində dünyaya göz açıb. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir.
Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AVMVİB, AJB və AYB-nin üzvü, şair-publisist, tərcüməçi-nasir və naşirdir.
1988-ci ildən bu günə qədər müntəzəm çap olunur. Hal-hazırda hər həftə ən azı iki ənənəvi mətbu orqanda çıxış edir.
Ədəbi mühitdə "Zaur Ustac" təxəllüsü ilə çıxış edən bu dəyərli yazar "Qızıl Qələm" Media Mükafatı, "Həməşəra" Fəxri Diplomu, "Turan Ödülü" və Turan Yazarlar Birliyinin "Hüseyn Cavid" Ödülü laueratı, "Yazarlar" jurnalının təsisçisi və baş redaktoru, 2019-cu ildən Prezident təqaüdçüsüdür.
Zaur Ustac 50-dən artıq kitabın müəllifidir. 2019-20-ci tədris ilindən etibarən məktəbəhazırlıq qruplarında tədris olunur.
"Oxu" və "Hesab" onun şerləri əsasında hazırlanmış metodik vəsaitlə öyrədilir. Son zamanlar 9 cilddən ibarət seçilmiş əsərlərinin nəşrinə başlanılıb. Həmin məcmuənin birinci, ikinci və üçüncü cildləri artıq nəşr olunmuşdur.
Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və məhsuldar nümayəndəsi olan Zaur Ustacın əhəmiyyətli əsərləri sırasında dəfələrlə təkrar nəşr edilmiş "Əliş və Anna" və "Oriyentir ulduzu" kitablarını göstərmək olar.
Bundan əlavə müəllifin "Günaydın", "Mum kimi yumşalanda", "Bayatılar", "Qəlbimin açıqcası" və "45" kimi şeirlər, "Məktəbə hazırlaşırıq" və "39 Həftə" (ingilis dili proqramı) kimi metodik vəsaitləri göstərmək mümkündür. Ümumiyyətlə, Zaur Ustac ölkə mətbuatında davamlı olaraq həm publisist yazıları, həm şeirləri, həm də nəsr və hekayə nümunələri ilə çıxış edən tanınmış yazarlardan biridir.
"Ustac" təxəllüsü barədə izahlar...
Bir çoxları Zaur müəllimin istifadə etdiyi "Ustac" təxəllüsünü "Ustad" (işini bilən mahir adam və müəllim, eləcə də yaradıcılıq sahəsində söz və qələmi ilə ustalıq) mənasında olduğunu təsəvvür edirlər. Lakin Zaur Ustac istər ədəbiyyat, istər müəllimlik, istərsə də jurnalistika sahəsində sözün həqiqi mənasında işini bilən, mahir bir ustad və müəllim olsa da, özündən əldə etdiyim məlumata əsasən, bu təxəllüs onun soykökü, həm ata, həm də ana tərəfindən Ustaclı tayfasına mənsubiyyəti ilə əlaqədardır.
Zaur Ustac bunu müxtəlif şeirlərində, xüsusilə də "Əcdadı anmaq" adlı şeirinin ilk misralarında dilə gətirmiş və qələmə almışdir:
"Ustaclıyam, əlim ərşi-əlada,
Bu nə sitəm, millətim nə bəlada!?"
Bundan əlavə, onun digər şeirlərində "Ustaclıyam", "Ustaclı oğluyam", "Şah babam", "Şah İsmayıl silahdaşı" kimi ifadələr mövcuddur. Məlumat üçün qeyd etmək lazımdır ki, Ustaclı və ya Ustaclılar - Səfəvi İmperiyasının yaranmasında və idarə olunmasında əsas rol oynamış aparıcı türk tayfalarından (Qızılbaş tayfalarından) biri olmuşdur. Onlar əsasən oğuzların Əfşar boyuna bağlı olan güclü və nüfuzlu bir el idi. Tarixi mənbələrə görə, Ustaclı eli əvvəlcə Kiçik Asiyada (Anadoluda) məskunlaşmış, Ərətna bəyliyi və Qazi Bürhanəddin hökuməti dönəmində siyasi nüfuz qazanmışdır. Sonradan Azərbaycana köçərək Səfəvi Dövlətinin qurulmasında həlledici qüvvəyə çevrilmişlər. Ustaclı tayfası həm hərbi yürüşlərdə ön sıralarda olmuş, həm də dövlətdə ali vəzifələr (bəylərbəyi, əmir, sərkərdə) tutmuşdur. Bu gün tanıdığımız Zaur Ustac da məhz həmin sülalənin ədəbiyyat sahəsində faydalı fəaliyyəti ilə tanınan bir dəyərli üzvüdür.
Subyektiv baxış:
Zaur Ustac adı gələndə şəxsən mənim zehnimdə bir fədakar, elinə, vətəninə, milli-mənəvi dəyərlərinə, milli kimliyi və dövlətçiliyinə bağlı olan bir ədib, eyni halda pedaqoq, hərbiçi zabit, peşəkar jurnalist və dəyərli qələm sahibi olan bir şəxsiyyət canlanır.
Bu gün çağdaş Azərbaycan ədəbi mühitində "Zaur Ustac" adı və təxəllüsü milli-ədəbi kimlik və missiyanı tərənnüm edir. Zaur Mustafayev bu təxəllüslə özünü bacarıqlı söz ustadı kimi təsbit etmiş, çağdaş Azərbaycan ədəbiyyatında milli ruhu və klassik ənənəni müasir düşüncə ilə birləşdirməyi bacaran bir peşəkar yazar və şair kimi tanınmışdır.
Zaur Ustacın istər publisist yazıları, istərsə də poeziya nümunələrində yurdun, elin, vətənin, milli kimliyin, milli-mənəvi dəyərlərin təbliği açıq-aydın şəkildə müşahidə olunur. Bütün bunlar oxucuda məsuliyyət hissini yaradır, eyni halda ölkə vətəndaşları arasında milli ruhun qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət göstərir.
Onun fəaliyyətinə diqqət yetirdikdə, bütün sahələrdə bacarıqlı insan kimi həyatda çoxşaxəli bir şəxsiyyət olduğunu söyləmək olar. Yazıçılıq, nəsr, poeziya və publisistika, həmçinin, jurnalistika sahələri ilə yanaşı həm də hərbiçi olması bunun əyani sübutudur.
Zaur Ustac ədəbiyyat sahəsində yaradıcı insan və parlaq imza sahibidir. Onun jurnalistik fəaliyyəti isə bəzi "jurnalist"lərin xoşagəlməz "fəaliyyət"i və qeyri-etik davranışının əksinə olaraq büsbütün səmimiyyət, etika və yaxşı niyyətləri özündə ehtiva edir. Bu da onun ilk əvvəldən qələmə müqəddəs gözlə baxışı və yanaşmasından irəli gələn məsələdir.
Öz milli kimliyi, milli-mənəvi dəyərləri, vətəni və dövlətçiliyi ilə yanaşı Ulu Tanrıya bağlı olan saf qəlbli bir insan, dəyərli eloğlu və ləyaqətli vətəndaşdır.
Zaur Ustacın digər önəmli xüsusiyyətlərindən biri də onun ədəbiyyat və jurnalistika sahələrində saflığı və səmimiyyətindən ibarətdir. Özü ruhən (daxilən) və eləcə də zahirən bir enerjili gənc olsa da hər zaman ədəbiyyat və jurnalsitika sahələrində olan gənclərə təmənnasız şəkildə dəstək olur. Onun təsisçisi və baş redaktoru olduğu mətbu orqan nəzdində təsis etdiyi və yazarlara mənəvi dəstək hədəfi ilə pulsuz-parasız və təmənnasız olaraq təqdim və təltif etdiyi "Ziyadar" və s. kimi mükafatlar bunun bariz nümunələrindən biridir. Halbuki bir çoxları belə mükafatları və hətta, sadə bir fəxri fərmanı pul qarşılığında ayrı-ayrı yazarlara təqdim edir, üstəlik bəzən qarşı tərəfə minnət də qoyurlar... Lakin öz yüksək mədəniyyəti, səmimiyyəti və saflığı ilə tanınan və hörmətə layiq görülən Zaur müəllim belə işlər və davranışlardan uzaqdır.
Bu dəyərli yazıçı-publisist başqalarına dəstək olmaq və başqalarının parlamasından əsla narahat olmur, əksinə bundan daha çox sevinir və zövq alır. Məşhur fransız romantik şair, dramaturq, yazıçı, romançı və rəssam Viktor Hüqoya (1802-1885) aid edilən məşhur bir cümlə var: "Öz işığına güvənən başqasının parlamasından narahat olmaz..."
Zaur müəllim də özü işıqlı və aydın, eyni halda uğurlu bir yazıçı-publisist, şair və jurnalist olduğundan başqalarının parlamasından əsla narahat olmur, həm də başqalarının uğur qazanması və parlamasına dəstək olur.
Zaur Ustacın yaradıcılığı və qələm sahəsində fəaliyyətini diqqətlə araşdırdıqda, onun sözün həqiqi mənasında həm ədəbiyyat, həm də jurnalistika sahələrinin dəyərli və ləyaqətli ustadı olduğunu söyləmək olar. Lakin bütün deyilənlərin fövqündə yer alan ayrı bir məsələ də var. Həmin məsələ isə Zaur Ustacın ədəbiyyat sahəsində söz və qələm bacarığı ilə yanaşı ədəbiyyat ifadəsinin əsası olan ədəb, etika, əxlaq və insani dəyərlərin daşıyıcısı olmasıdır. Əslində insan həyatda bacarıqlı şair, yazıçı, ədəbi təhlilçi və tənqidçi olmaqla yanaşı yalnız yüksək ədəb-ərkan, etika və mədəniyyət sahibi olduqca ətrafına, cəmiyyətə və bəzən bütün dünyaya aydınlıq və ziya bəxş etməyi bacarır. Bu olmadıqda isə görülən bütün işlər və yazılan bütün bədii ədəbiyyat nümunələri zaman ötüşündə unudulub yaddaşlardan silinir...
Zaur Ustacın zəngin, maraqlı və çoxşaxəli olan poeziya dünyasının da öz yeri və öz tərifi var. Onun müxtəlif mövular və fərqli (heca, sərbəst və s.) formalarda qələmə aldığı şeirlər bir-birindən gözəl, yetərli və mənalıdır. Şeirlərində sadəliklə yanaşı, insan ruhuna xüsusi cəsarət, şövq gətirən amili hiss etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Biri ikisində - “Rus gəmisində intihar” kitabı barədə
“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə İlham Tahirovun Zahir Məliklinin yazdığı “Rus gəmisində intihar” kitabı barədə resenziyası təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
İlham TAHİROV
“RUS GƏMİSİNDƏ İNTİHAR”: SEÇİM, VİCDAN VƏ SUSMAMAQ
İctimai-mədəni mühitdə tanınmış ziyalı, yazıçı-publisist, rəssam Zahir Məliklinin “Rus gəmisində intihar” romanı (Bakı: Qanun nəşriyyatı, 2025, 280 s.) müstəqillikdən sonrakı dövrdə formalaşan insan taleyini, seçim və məsuliyyət problemini bədii-ekzistensial müstəvidə təqdim edən əsərlərdən biridir. Bu əsər, nə sadəcə, avtobioqrafik roman, nə də sıradan bir həyat hekayəsidir. Obrazlı desək, insanın içindəki işıqla qaranlığın, xeyirlə şərin, yaxşılıqla pisliyin, həyatda qalma instinkti ilə mənəvi ucalıq istəyinin toqquşduğu geniş mənəvi panoram kimi də baxmaq olar əsərə. Əsər eyni zamanda, sadəcə, bir insanın həyat hekayəsi deyil, insanın özünü axtarışı, taleyinə qarşı duruşu, vicdanına hesabatı, yaşadığı dövrün içində formalaşan şəxsiyyət etirafıdır. O həm də insan ömrünün “sakit günlər” və “fırtınalı gecələr”dən ibarət olduğunu göstərən, taleyin ən sərt dönəmlərində belə insanın içində gizlənmiş işığı sönməyə qoymayan bir mətndir.
Sətirlərin üzərindən keçdikcə hiss edirsən ki, müəllif yalnız başına gələnləri yazmır, özünü yazır, özünü “şərtlərin yox, seçimlərin məhsulu olan insan” kimi təqdim edir. Bu da əsərə həm bədii, həm fəlsəfi, həm də psixoloji dərinlik verir.
Müəllifin təhkiyə manerası həyatın özü kimi rəvan, özü kimi sərtdir. Romanın təhkiyəsində iki paralel qat var (və ya aşkar görünür): 1. Real həyat hadisələrinin ardıcıllığı (uşaqlıq, kənd həyatı, ailə, müəllimlik, sovet dövrü, yenidənqurma, ilk səfərlər, alver dövrü, həyatda qalma mübarizəsi); 2.Ekzistensial simvollar və həyatın metafizik mənası (gəminin burnundakı toqquşma, iki dostun intihar səhnəsi, insanın öz seçiminə cavabdehliyi). Müəllifin təhkiyəsini “axan çay”a bənzətmək olar: gah sakit, gah coşqulu, gah şəffaf, gah bulanıq. Bu axında həyatın təlatümlərində insanın özünü tanıması məcranın aydınlığını üzə çıxarır.
Əsərdəki bədii təsvirlər və metaforik dünya okeanın və insanın içinin fırtınasına şahidlik edir. Romanın proloqunda verilən gəmi səhnəsi əsərin ideya-estetik mərkəzidir. Okeanın fırtınalı mənzərəsi təkcə təbiət hadisəsi kimi deyil, insanın içində qopan burulğanın metaforası kimi təqdim olunur. “Gəminin burnu gah okeanın dibinə gömüləcək kimi suya girir, gah da bu cəhənnəmdən xilas olmağa can atırmış kimi göyə dikəlirdi…” – bu təsvir yalnız səhnə deyil, insan taleyinin eniş-yoxuşlarının bədii ifadəsidir. Fərhadın özünü sulara atması və Timurun onun ardınca getməsi süjet hadisəsi olmaqdan çıxaraq günah, bağışlanma və məsuliyyətin ekzistensial dialoquna çevrilir.
Həmin səhnə roman boyu davam edən əsas ideyanı formalaşdırır: insan bəzən taleyinin yox, öz seçiminin qurbanı olur. Müəllif bu ideyanı sonradan kənd həyatının, ata iradəsinin, boğulan arzuların fonunda daha da dərinləşdirir. Kənd burada, sadəcə, məkan deyil, sosial və mənəvi çərçivədir. Atanın “yanımda ol” tələbi sevgi ilə məsuliyyət arasında sərt bir hökmə çevrilir. Sənətə, yaradıcılığa can atan gənc bu çərçivə içində formalaşır, bəzən susur, bəzən dözür, amma daxilən dəyişir.
Roman yazarın saf ailə ocağından ekzistensial düşüncəyə gedən insan kimi portretini simvolizə edir. Müəllif kənddən çıxan sıravi gənc deyil, həyatın içində sınmayan bir iradə, sosial təbəddülatları şəxsiyyət kimi içindən keçirən ağıl sahibidir, bir tərəfi sənətə, bir tərəfi müəllimliyə bağlı şəxsiyyətdir. Onun insan kimi portretində namus, əxlaq və ailə tərbiyəsi, səmimiyyət və təmkin, həyata realist baxış, sənətkar həssaslığıözünü göstərir. Bu insan həm də öz taleyini yazan, yazdıqları ilə yaşadıqları arasında məsafə qoymayan yaradıcıdır.
Romanın ideya yükü şər və xeyirin ekzistensial savaşında üzə çıxır.Mətn boyu müəllif göstərir ki, yaxşılıq insanın içindən gəlir, şər isə zəif məqamlarda insanın üstünə çökür, həyat insanı sınağa çəkir, insan hər dəfə öz seçimi ilə özünü yaradır. Bu, ekzistensial fəlsəfənin də mərkəzi fikridir. Müəllif bunu təbiətən hiss edir və roman boyunca yaşayır.
Müəllif roman boyunca özünü qorxmayan bir insan kimi deyil, qorxusuna qalib gələn bir insan kimi göstərir. Onun insan portretinin üç əsas xüsusiyyəti aşkar görünür: 1) sıravi kənd ocağından çıxan, əxlaqını qoruyan adam. 2) sənət eşqi ilə yaşayan gənc. 3) təslim olmayan iradə sahibi. Həyatın çatları onu sındırmır, əksinə, formalaşdırır. Zaman onu dəyişir, amma o zamanın içində özünü itirmir. Roman boyu müəllif bir insan kimi səmimidir, bir yazıçı kimi obyektivdir, bir sənətkar kimi hissiyatlıdır.
Təhkiyənin daşıdığı yaşam enerjisi kifayət qədər böyükdür. Hadisələr kədər içində gülüşlə, ümid içində ağrı ilə, tale içində dirənişlə nəql edilir. Müəllifin təhkiyəsi sanki üçqat axınla hərəkət edir: Birinci axın – gördükləri:sovet dövrünün kasıblığı, yenidənqurmanın xaosu, müstəqillik illərinin çətinlikləri, alver səfərləri, təhlükəli sərhədlər, şəhərlərin işıq və qaranlıq tərəfləri. İkinci axın – yaşadıqları: gənclik arzularının boğulduğu kənd həyatı, atasının qətiyyətli iradəsi, müəllimlik, sənət eşqi, səfərlərdə rast gəldiyi absurd səhnələr və dramatik talelər. Üçüncü axın – hiss etdikləri: İnsan öz taleyi ilə razılaşmır. Onun içində daim “başqa bir həyat” arzusu var, amma bir də gözünü açıb baxır ki, bu həyatın içində özü də dəyişib, özü də böyüyüb, özü də sərtləşib. Məhz bu üç qat mətnin publisistik pafosunu gücləndirir. Oxucu hər səhnədə həm fakt görür, həm hiss edir, həm də düşünür.
Gəmidə baş verənlər romanın başlanğıcıdır, amma insanın sınması orada başlamır. Sınma çox-çox əvvəldən gəlir. Sakit bir dağ kəndindən, səhər tezdən açılan həyət qapısından, atasının səsi ilə oyanan bir oğlanın içindən gəlir.
Romanda kənd, sadəcə, məkan deyil, həm isti ocaqdır, həm də məhdudlaşdırıcı sosial-mənəvi çərçivədir və heç də idealizə edilmir. Kənd hökm yeridir. Burada həyat seçimlə yox, qayda ilə ölçülür. Ata obrazı həmin çərçivənin mərkəzində dayanır. Onun iradəsi zalım deyil, amma sərtdir; sevgi ilə qoruyur, lakin qoruduqca, çərçivə daralır. Atanın sözü qanundur. Oğulun arzusu isə bu qanunun içində yalnız arzu olaraq qalmalıdır. “Yeganə oğulsan” cümləsi burada sevgi deyil, zəncirə çevrilir. Özünün etirafı ilə, o, kənd adamı deyil, təsərrüfatın yükünü çəkmək onun alın yazısı deyil. Amma tale yazını bəzən istedadla yox, zərurətlə yazır. Atanın arzusu sadədir: oğlu yanında olsun, gözünün qabağında olsun, müəllim işləsin, “yoldan çıxmasın”. Oğulun arzusu isə böyükdür: sənət, şəhər, heykəltəraşlıq, rəssamlıq, elm...
Bu iki arzu bir yerdə yaşaya bilmir. İnstitutda diplom rəhbəri Binsion müəllimin onun qulağına pıçıldadığı “Getmə, getsən, batacaqsan!” sözləri həmin ziddiyyətin ən ağrılı nöqtəsidir. Amma kənd daha güclüdür. Ata daha güclüdür. “Bircə oğlum var” qorxusu istedaddan da, elmdən də ağır gəlir.
Və beləliklə, o, geri qayıdır, kənd məktəbində müəllim olur. Ata ilə çiyin-çiyinə. Həyat zahirən qaydasındadır, amma içəridə bir şey səssiz-səssiz qırılır. Kənddə səssiz qırılanlara qulaq asan yoxdur. Təsəllisi sənət olur: rəsmlər, heykəllər, yaradıcılıq, təkcə rayon deyil, respublika səviyyəli sərgilərə çıxan işlər. Bu artıq hobbi deyil, içdən çıxan hayqırtıdır. Həyat onu çərçivəyə saldıqca, o, içindəki azadlığı sənətdə qorumağa çalışır. Bu mərhələdə roman bir həqiqəti sakitcə deyir: insan hər zaman üsyan etmir. Bəzən, sadəcə, dözür, amma dözə-dözə dəyişir.
Romanın əhəmiyyətli hissəsi müəllifin səfərlərinə həsr olunub. Riqa, Tallin, Rusiyaya gedən yollar... Sovet sisteminin dağılmasından sonra yaranan xaos, dolanışıq ehtiyacı insanları sərhədləri aşmağa məcbur edir. Bu yollar yaşamaq zərurətinin, riskin və qorxunun yollarıdır.
Riqa təsviri romanın ən emosional poetik səhnələrindəndir: “40 dərəcə şaxta… nəfəsim ağzımdan siqaret tüstüsü kimi çıxıb sifətimi sarırdı”. Bu cümləyə yalnız iqlim təsviri kimi yanaşmaq doğru olmaz, o həm də insanın içində(n) qopan soyuq həqiqətlərin metaforik ifadəsidir. Dünən 24 dərəcə isti olan Bakıdan çıxan gənc özünü birdən fərqli bir aləmdə tapır, çətinliyin estetik təsviri burada özünü mükəmməl göstərir. Yol yoldaşının bir cümləsi isə romanın həm yumorunu, həm həyat fəlsəfəsini özündə daşıyır: “Vay, dədə, vay, belim qırıldı!” Bununla müəllif həm soyuğu, həm yorğunluğu, həm də həyatın absurdluğunu ironik pafosla təqdim edə bilir.
Səfərlər davam etdikcə romanda təkcə bir insanın yox, bir dövrün psixologiyası açılır. Sovetdən çıxmış, amma hələ kapitalizmin qaydasını bilməyən adamların dünyası: növbələr, mallar, qara bazar, risk... Belə dünyada alverçilik nə ayıbdır, nə də qəhrəmanlıq. Bu, yaşamaq üsuludur. Dövlət dağılıb, qaydalar pozulub, amma həyat dayanmayıb, insanlar qaydanı özləri tapır. Romanın tapıntısı hesab edilə bilən kəndçi obrazı konkret bir adamdan çox, keçid dövrünün simasıdır – alverçi, risk edən, sözünü deyən, öz qaydası olan kişi. O, qanunu kitabdan oxumur, küçədən oxuyur. Harada dayanmaq olar, harada dayanmaq olmazı bilir. Onun gülərək dediyi “İki nəfər olanda biri növbədə durur, biri mal alır” cümləsinin içində bütöv bir keçid dövrünün fəlsəfəsi var.
Dili kobud, amma canlı olan kəndçinin dialoqlarında yumor var, həyat fəlsəfəsi var, kişi dili var. Burada pafos süni deyil, danışığın içindən doğur. “Tiklas” plaşı ilə Rusiyaya getmək olmaz deyən kəndçi təkcə paltar məsləhəti vermir. O deyir ki, bu yol nazik adamlar üçün deyil.
Səfərlər boyu təsadüfi görüşlər… oyadılan xatirələr…müəllifin öz gəncliyinə toxunduğu anlar kimi yadda qalır. Sanki hər addımda həyatın özünün yazdığı ssenari var. İnsan hər şeyi unuda bilər, amma özünün kim olduğunu unutmaq mümkün deyil.
Bütün bunlar göstərir ki, bu səfərlər təkcə coğrafi hərəkət deyil. Onlar keçid dövrü insanının tale yolları, insanın özünü axtardığı daxili coğrafiyadır. Müəllif bu reallığı romantikləşdirmir, amma gizlətmir də. Bu səfərlər ticarət və dolanışıqdan çox, insanın özünü tanıma yolları kimi yadda qalır.
Romanın ilk abzaslarından etibarən diqqəti çəkən əsas cəhət müəllifin sadə, səmimi, danışıq dilinə yaxın və saxta bəzəklərdən uzaq, xalq nəfəsindən gələn təbii və səmimi üslubudur.
Əsərə ön söz yazmış şair, şərqşünas-tərcüməçi Hafiz Rüstəmin də vurğuladığı kimi, müəllif qəliz ibarələrdən qaçır, cümlələri xalq danışığının intonasiyası ilə qurur, mətnin bədii yükünü səmimiyyətin içindən keçirir.
Bu dilin ən güclü tərəfi odur ki, oxucu yazıçını deyil, həyat hadisələrinin iştirakçısı olan adamı, kənddən çıxan, həyatla boğuşan, sevinci də, faciəni də bütün çılpaqlığı ilə yaşayan bir insanı görür.
Müəllifin dili elədir ki, oxunur, amma həm də dinlənilir, danışılır, amma həm də duyulur, hərəkət edir, amma həm də düşündürür. Bu, onun yazıçı təbiətindən daha çox insani təbiətindən gəlir. Müəllif danışdığı kimi yazan, yaşadığı kimi danışan yazıçı kimi yadda qalır.
Nəhayət, romanın adı...
Romanın adı təsadüfi deyil və yalnız proloqdakı dramatik hadisəni işarələmək üçün seçilməyib. “Rus gəmisində intihar” ifadəsi romanın ideya yükünü daşıyan mərkəzi açardır. İlk baxışda bu ad oxucunu rus gəmisində baş verən real faciəyə yönəldir. Həmin hadisə süjet(in) faktıdır və müəllif onu gizlətmir. Lakin mətn göstərir ki, “rus gəmisi”, sadəcə, nəqliyyat vasitəsi deyil. Bu gəmi sovet məkanının, mərkəzdən idarə olunan sistemin, fərdi iradəni özünün mexanizmləri içində əridən böyük strukturun simvoludur. İnsan bu sistemin içində hərəkət edir, lakin istiqaməti özü müəyyən etmir. Gəmi gedir, zaman axır. İnsan isə bu axının içində ya sürüklənir, ya da bir nöqtədə bu sürüklənməyə qarşı çıxır.
Romanın fəlsəfi qatında “intihar” anlayışı da yalnız ölüm aktı ilə məhdudlaşmır. Arzulardan vaz keçmək, susaraq razılaşmaq, öz mövqeyini itirmək – bunların hamısı daxili intihar formalarıdır. Gəmidə baş verən hadisə həmin prosesin ekstremal formasıdır. Müəllif bu adı seçməklə oxucuya xəbərdarlıq edir: əgər insan başqasının qurduğu gəmidə gedirsə, bir gün ya boğulacaq, ya da bu gedişə qarşı çıxmaq məcburiyyətində qalacaq.
“Rus gəmisində intihar” romanı nəticə elan etmir. O, oxucunu əsas sualla üz-üzə qoyur. Əsas sual isə kimin öldüyü deyil. Əsas məsələ budur: insan hansı anda susur, hansı anda razılaşır və hansı anda öz mövqeyindən imtina edir.
“Rus gəmisində intihar” bu nöqtədə dayanır: insanın qarşısında iki yol qalır, ya başqasının müəyyən etdiyi istiqamətlə sakitcə getmək, ya da bu gedişin içində öz sözünü qorumaq. Bu söz bəzən üsyan deyil, sadəcə, susmamaqdır.
Zahir Məlikli bu romanı ilə göstərir ki, həyat fırtına içində irəliləyən gəmi kimidir. Əgər insanın içində bir nur varsa, ən vahiməli və qaranlıq dalğa belə o nuru söndürə bilməz. “Rus gəmisində intihar” məhz həmin nurun kitabıdır.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
“Maraqlı söhbətlər”də Kissincer diplomatiyası
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Məşhur siyasətçi, 1973-1977-ci illərdə ABŞ-ın Dövlət katibi işləmiş, 1973-cü ildə Nobel mükafatı almış Henri Kissincerdən bir dəfə soruşurlar:
- Diplomatiya nədir?
Cavab belə olur:
- Ooo, bu universal yahudi metodudur, icazə verin bunu bir misal üzərində izah edim. Tutaq ki, siz Sibirdə yaşayan bir kasıb oğlana Rokfellerin qızını almaq istəyirsiniz. İlk baxışda bu tamamilə mümkünsqz bir şeydir, düzdürmü? İndisə keçək həmin diplomatiyaya.
Siz Sibirdəki oğlandan soruşursunuz:
- Yəhudi qızla evlənmək istəyirsən?
- Nəyimə lazımdır yəhudi qızıi, kəndimizdə qız doludur.
- Yox, o qız milyarder qızıdır!
- Hə, onda bu hər şeyi dəyişir- mən razı!
Bundan sonra mən gedirəm İsveçrəyə, orada bank sahibi ilə görüşürəm və deyirəm ki, sizə Sibirdən bir oğlan tapmışam, sırf sizin bankınıza prezident kimi yaraşan adamdır!
- Nəyimə lazımdır Sibirdən namizəd, burda adam yoxdur ki?
- Amma o Rokfellerin kürəkənidir!
- Onda bu hər şeyi dəyişir. Qoy gəlsin!
Sonra mən gedirəm Rokfellerin yanına. Deyirəm ki, sənə Sibirdən bir kürəkən tapmışam.
- Bizim ailə hamısı maliyyəçidir, Sibirdən olanı neynirəm?
- Elə o da İsveçrə bankının prezidentidir.
- Hə, onda bu vəziyyəti dəyişir. Mən razı.
Bundan sonra Rokfeller qızını çağırır və deyir:
- Qızım, sənə yaxşı bir maliyyəçi ər tapmışıq.
Qız isə:
- Maliyyəçilər hamısı cılız və zəif olurlar, istəmirəm!, -deyir.
- Yox qızım, bu oğlan Sibirdəndir, özü də çox sağlam və möhkəm adamdır, -deyə Rokfeller qızına açıqlama verir.
Bunu eşidən qız razılaşır.
Bax bu, sırf diplomatiyadır.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Bura gözümdəki ayrılıq yaşı, dilimdən yüksələn sevgi ahıdır - Höccət Şavallı
Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Təqdimat rubrikamızın bugünkü qonağı Təbriz şəhərindən Höccət Məhəmmədi (Şavallı)bəydir. Gəlin onu yaxından tanıyaq.
Şavallı təxəllüsü ilə yazıb-yaradan şair Höccət Məhəmmədi 1986-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının Çələbiyanlı elinin Şavallı kəndində anadan olmuşdur.
O, 2000-ci illərdən etibarən qoşma, gəraylı və qəzəl janrlarında şeirlər yazmağa başlamışdır. Şairin yaradıcılığından ibarət olan "Həsrət duyğuları" adlı kitabı Nəbati Nəşriyyatının vasitəsilə işıq üzü görmüşdür.
Vətən
Minlər yol salınıb sinən üstünə,
Hər birində neçə minlər iz qalıb.
Tarixdən silinib sənə xor baxan,
Səni qoruyanlar sənlə ucalıb.
Sən elə dağsan ki hər gün hər zaman,
Zirvəndə qar olar ətəyində çay.
Bulaxlar sızdıxca qayalarından,
Quşlar çevrəsində salar hay haray.
Çəkib qucağında bir ana kimin,
Sut verib bəslədin ər oğlanları.
Tarixin qaranlıq küncünə atdın,
Nankor olub səni unudanları.
Hər kim hər məqamda olursa olsun,
Gərək bağlı ola ancaq vətənə.
Layiq olmasada məhəbbətinə,
(şavallı) diz çöküb baş əyir sənə.
Çıxır
Bir zaman başımı ağardan qəmin,
Indi ağ dən olud qaşımdan çıxır.
Içimdə ocaq tək yanan seginin,
Tüstüsü göylərə başımdan çıxır
Yoxluğun ağlabır hər gün hər zaman,
Həsrətin buraxmır bir anda məni.
Çatmır cəsarətim səni görəndə,
Diyəm ki sadəcə sevirəm səni.
Hərdən xəyal məni geri qaytarır,
Sənli günlərimdə varımış demə.
Səninlə əl ələ verdiyim günlər,
Nə günah nədəki arımış demə.
Keçmişin könlümdə yalnız izi var,
Qayıtmaq olarmı geriyə birdə?
Indi səninləyəm səndən uzaqda,
Səndə özgəsilə bir ayrı yerdə.
Nə bilim bəlkədə yeri var gülüm,
Səndə (Şavallı) nı qınasan belə.
Əgər rahatsansa sözüm yox, məni
Hər yerdə hər zaman unut dan belə.
Şavallının qibləgahı
Bura üncə səni gördüyüm məkan,
Bura sənlə gülüb ağladığım yer.
Bura həyatımda hər nədən əvvəl,
Könlümü sevgiiyə bağladığım yer.
Bura zirvəsidir sevgi dağının,
Ayrılmaz başımdan burda çən, duman.
Bağlayır özünə daha da artıq,
Hər məni gördükcə bu sənsiz məkan.
Burda yaşamışam səni dərindən,
Burda əlinidə tutmuşam sənin.
Ucadan tək səni sevirəm deyib,
Səsimi səsinə qatmışam sənin.
Sənlə yaşadığım xatirələrdi,
İndi damcı damcı gözümdən daman.
Məni bura çəkib gətirmağıyla,
Yaralı qəlbimə toxunub zaman.
Bura gözümdəki ayrılıq yaşı,
Dilimdən yüksələn sevgi ahıdır.
Burda ürəyimin döyüntüsü var,
Bura Şavallının qibləgahıdır.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)


