İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Zaman-zamanAzərbaycanTeleviziyasınınmüxtəlifsimaları olubdur– Rafiq Hüseynov, Roza Cəlilova, Ofeliya Sənani... İndisə bu qəbildən insan adı çəkmək istədikdə, ilk olaraq Rafiq Həşimovun adı yada düşür.
Bu gün onun 60 illik yubileyidir.
Rafiq Həşimov 1966-cı ildə anadan olub. 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirib. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət edib. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi işə başlayıb. Sonradan videooperator, montajçı işləyib. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
1990-cı ildən uzun müddət diktor kimi fəaliyyət göstərib. Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olub. "Space", "Lider" və "Xəzər" telekanallarında aparıcıların və müxbirlərin nitq mədəniyyəti ilə məşğul olub, Xəzər Universitetində dörd il nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərib.
Hekayələri və esseləri, eləcə də dünya ədəbiyyatı klassiklərindən, o cümlədən Nobel mükafatı laureatları Herman Hesse, Çeslav Miloş, Xorxe Luis Borxesdən Azərbaycan dilinə etdiyi tərcümələr ölkənin jurnal və qəzetlərində və xaricdə çap olunub. Ssenariləri əsasında bir çox bədii-sənədli filmlər çəkilib.
2011-ci ildə Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə şəhid Fuad Əsədova həsr olunan "Yarımçıq gündəlik" bədii-sənədli filmini, 2013-cü ildə isə görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadədən bəhs edən "Səttarın Azərbaycanı" sənədli filmini çəkib.
Silsilə olaraq "XX əsr" adlı kulturoloji müəllif proqramının müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə həsr olunan filmlər və verilişlər hazırlayıb.
2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 4 noyabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 21 iyul 2025-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
Filmoqrafiya
- Valın üçüncü üzü — s\f — ssenarist, Vəli Səyyadi ilə həmmüəllif
- Qum dənəsi — s\f — ssenarist, Elçin Musaoğlu ilə həmmüəllif
- Səyyahın gündəliyi — s\f — ssenarist
- Magister dixit — s\f — ssenarist
- Günəş və bulud — s\f — ssenarist
- Gözümün işığı — s\f — ssenarist
- Heydər Əliyev. İki əsrin fenomeni — s\f — ssenarist və rejissor
- Я тобой называю звезды — s\f — ssenarist və rejissor
- Qamış şəhərinin yuxuları — s\f — ssenarist, Səlim Babullaoğlu ilə həmmüəllif
Hekayələr
- Yuva (1999)
- Bir saat (2010)
- Allahdan qorxurdu (2005)
- Körpü (1999)
- Qaraböcək (1999)
Esselər
- Kitab (1995)
- Söz (1999)
- Tarix (2004)
- Uşaqlar (1995)
- Zəhraya (2011)
Tərcümələr
- Herman Hesse. Dünya tarixi (rus dilindən tərcümə).
- Herman Hesse. Sığınacaq (rus dilindən tərcümə).
- Xorxe Luis Borxes. Kitab (rus dilindən tərcümə).
- Çeslav Miloş. Yol kənarındakı itciyəz (rus dilindən tərcümə).
Müəllif proqramları
- XX əsr
Rafiq bəyi səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(11.08.2026)


