Təranə Turan Rəhimli,
“Ədəbiyyat və incəsənət”
Dünya ədəbiyyatından portalımızın oxucuları üçün alban poeziyasından tərcümə etdim.
Mujo Buçpapaj — şair, tədqiqatçı, ədəbiyyatşünas-tənqidçi, esseist, tərcüməçi, filologiya elmləri doktoru, 2009-cu ildə təsis edilmiş ədəbi-mədəni “Nacional” qəzetinin, “Nacional” Nəşriyyatının və Milli Araşdırmalar İnstitutunun (Instituti i Studimeve Nacionale) təsisçisi, baş redaktor və mədəniyyət meneceri, mədəniyyət siyasəti üzrə mütəxəssis və siyasi publisistdir.
Şair Mujo Buçpapaj 9 yanvar 1962-ci ildə Albaniyanın Tropoya şəhərində anadan olmuşdur. 1986-cı ildə Tirana Universitetinin Alban dili və ədəbiyyatı ixtisasını bitirmişdir.
1991–1992-ci illərdə Tirana şəhərindəki “Yeni Albaniya” Kinostudiyasında (indiki “Albafilmi”) bədii film ssenarisi üzrə iki il təhsil almışdır. Bu təhsil postmagistratura səviyyəsində ixtisaslaşma kimi qiymətləndirilir. Bununla yanaşı, Albaniyada və xaricdə, o cümlədən ABŞ-da mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə çoxsaylı ixtisasartırma və peşəkar hazırlıq proqramlarında iştirak etmişdir.
Mujo Buçpapaj kommunist senzurası dövründə alban poeziyasının yaşaması və davamlılığı mövzusunda yazdığı dissertasiya əsasında filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. Dissertasiyasını Albaniya Respublikası Elmlər Akademiyasının Dilçilik və Ədəbiyyat İnstitutunda müdafiə etmişdir.
Hazırda Tirana şəhərində yerləşən “Luarasi” Universitetində pedaqoji fəaliyyət göstərir və Akademik yazı fənnini tədris edir.
O, 1990-cı ildə Albaniyada siyasi plüralizmin və azad mətbuatın əsasını qoyan şəxslərdən biri olmuş, uzun illər Tirananın ən nüfuzlu qəzetlərində jurnalist kimi fəaliyyət göstərmişdir. Hazırda “Nacional” qəzetinin, “Nacional” Nəşriyyatının və Milli Araşdırmalar və Layihələr İnstitutunun rəhbəridir.
1991–2005-ci illərdə, kommunist diktaturasının 50 illik hakimiyyətindən sonra ölkədə fəaliyyət göstərən ilk müxalifət qəzeti olan “Rilindja Demokratike”nin həmtəsisçisi və jurnalisti olmuş, 1992-ci ildə isə “Tribuna Demokratike” qəzetini təsis etmişdir.
2005–2012-ci illərdə Tiranada Beynəlxalq Mədəniyyət Mərkəzinin direktoru, 2012–2014-cü illərdə isə Albaniya Müəllif Hüquqları İdarəsinin direktoru vəzifəsində çalışmışdır.
2014-cü ildən etibarən əsas fəaliyyətini “Nacional” Nəşriyyatının rəhbərliyinə həsr etmişdir.
Buçpapaj müasir alban poeziyasının ən görkəmli nümayəndələrindən biri hesab olunur. O, həm Albaniyada, həm də beynəlxalq miqyasda böyük uğurlar qazanmış, əsərləri bir sıra xarici dillərə tərcümə olunmuş və Yunanıstandan ABŞ-a qədər müxtəlif ölkələrdə nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdür. O, eyni zamanda, Albaniyanın ən tanınmış mədəniyyət menecerlərindən biri və mədəniyyət siyasətinin hazırlanması sahəsində mütəxəssisdir.
Onun “Görünməz qələbə” (Fitorja e padukshme) adlı şeir kitabı bir sıra xarici dillərə tərcümə edilmiş və beynəlxalq səviyyədə böyük uğur qazanmışdır.
Mujo Buçpapaj Tiranada incəsənət, ədəbiyyat və müəllif hüquqlarının qorunması məsələlərinə həsr olunmuş çoxsaylı beynəlxalq konfransların təşkilatçısı və rəhbəri olmuşdur.
O, ədəbiyyatla bağlı çoxsaylı elmi-tədqiqat və poetik kitabların, eləcə də yüzlərlə publisistik məqalə, ədəbi tənqid, esse və elmi araşdırmanın müəllifidir. Onun yaradıcılığında regional problemlər, milli təhlükəsizlik, bazar iqtisadiyyatı şəraitində incəsənətin idarə olunması, mədəniyyət siyasəti və milli mədəniyyət strategiyası kimi mühüm məsələlər də geniş yer tutur.
Dr. Mujo Buçpapaj evlidir və iki qızı var.
MUJO BUÇPAPAJ
NƏNƏ-BABALARIMIN XATİRƏSİNƏ
Təkcə qəbiristanlıq günəşsiz qaldı,
torpağın incə telləri kimi uzanan tarlada,
yaddaşın göz yaşları tək,
nənə-babalarımın kölgələri
xatirənin kimsəsiz çölündə dolaşırdı.
Onlar həyata bircə ot yarpağı qədər yaxın idilər,
bu səhər
yenidən tarlaya qayıdırdılar —
ayaq basdıqları təpələrin xatirəsi kimi,
həyatın özünə həsrət qalan
həyatın çöhrəsi kimi.
Meşədə tək buraxılmış mal-qara
nə səhərlər,
nə də axşamlar geri qayıtmışdı;
mələşmələri dar çölün üzərində
sanki havadan asılı qalmışdı —
dünyaya gəlin köçmək üçün
kənddən ayrılan qızların
yaddaşı və sevgini təzələyən
ağlaşmaları kimi.
Tarlanın üzərində
günün şəfəqi otların üstünə doğurdu,
Yarpaqlara düşən işıq həyat düzənliyinədək yayılırdı.
hətta yaddaşın bağlı pəncərələrinə belə
çatırdı.
Kənddə
nənə-babalarımın xatirəsi yol boyunca uzanırdı,
o taydakı dağa qədər —
qışın gəldiyi, yayın gəldiyi,
dünyada fəsillərin dəyişdiyi
o dağa qədər.
Yolda geridə qalmış bir həyat kimi,
qurumuş bir çay yatağı tək
yağış üçün edilən dualar fəslini
gözləyirdi.
Təkcə qəbiristanlıq günəşsiz qaldı,
dünyanın hər yerində.
(Tirana, 2026)
“Ədəbiyyat və incəsənət”
(11.08.2026)


