Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün tamam ayrı, tam başqayam mən,
Bir kəsək dalında, qum kölgəsində
Gizlənə bilən bir qarışqayam mən!
Qurdların, quşların dişi dibində,
Neçə böyüklərin cibi dibində
Gizlənib dən payım, hər qıxmıq payım.
Bu gün tamam ayrı, tam başqayam mən,
Çiynində özündən nə qədər ağır -
Böyük yük gəzdirən qarışqayam mən.
Nə olsun ağırdır dünyanın yükü?
Özləri özümdən heç seçilməyən,
Hər an harayıma yüyürüb gələn
Qarışqa dostlarım, qardaşlarım var,
Başqa sirdaşlarım, yoldaşlarım var!
Çəkib apardığım yükün siqləti
Sanmayın haçansa məni əzəcək, -
Dünya arpa dəni, qarabaşaq tək,
yerimi tutmağa həmişə hazır
Dostların çiynində yenə gəzəcək...
Bu, görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun “Qarışqa” şeiridir. Ötən gün onun 82 yaşında vəfat etməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məlumat yaydı..
Çingiz Əli oğlu Əliyev (Çingiz Əlioğlu) 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. 1961—1965-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.
Bədii yaradıcılığa 1967-ci "Gənc qələmlər" toplusunda çıxan "Xatirələr" şeiri ilə başlayan Çingiz Əlioğlu həmin vaxtdan dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib.
Şair "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində Nəşriyyatlar idarəsinin rəisi vəzifələrində işləyib. O, həmçininAzərbaycan Yazıçılar Birliyində Poeziya bölməsinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyində Nəşriyyat sektorunun müdiri vəzifələrində çalışıb.
Şairin "Nikbinlik”, “Ömür ağacı”, “Günəşli dayanacaqlar”, “Atlantlar”, “Görüşdən ayrılığa”, “Gün keçdi”, “Aynabənd”, “Fraqmentlər”, “Ruhumun həndəsəsi”, “Dünən və əbədi”, “Gecə və bahar”, “Tanrını tanı”, “Çərçivə” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Müəllifin şeirlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin ifasında könülləri oxşayır.
Əsərləri bir çox xarici dillərə tərcümə olunub, eyni zamanda bir sıra xarici müəlliflərin yaradıcılıq nümunələri onun tərcüməsində Azərbaycan oxucusuna çatdırılıb.
Çingiz Əlioğlunun yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1991-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb. Şair həmçinin 2014-cü ildə Mədəbiyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(10.08.2026)


