Super User

Super User

Bazar ertəsi, 14 Aprel 2025 12:28

KİNO ETÜDLƏRİ - Robert Oseynin vətən sevgisi

“Ədəbiyyat və incəsənət” portalının Kino etüdləri rubrikasında bu gün Anar Tağıyevin qeydləri ilə tanış olacaqsınız.

 

Azərbaycandan danışanda həmişə gözlərim yaşarır. Fransanın Azərbaycan əsilli aktyoru və rejissoru, prodüseri, “Marina” teatrının rəhbəri Robert Oseyn (əsl adı Rüstəm Hüseynov) bir neçə dəfə tarixi vətəni Bakıda olub, müxtəlif tədbirlərdə iştirak edib.

 

2015-ci ildə görüşlərin birində o demişdi: “Mən bütün qəlbimlə sevdiyim Bakıya ilk dəfə deyil ki, gəlirəm, görürəm ki, Bakı necə dəyişir, necə gözəl, tolerant və mehriban şəhərdir. Mən burada yaşayıb işləyə bilərdim. Azərbaycandan danışanda, Bakı küçələrində gəzəndə həmişə gözlərim yaşarır. Bilmirəm, niyə belə olur. Görünür, atam azərbaycanlı olduğu üçün. Atam tarda gözəl ifa edirdi və mənə bunu öyrədirdi. Yalnız sonralar skripkada ifa etməyə başladı, möhtəşəm musiqilər - baletlər, operalar, simfoniyalar yazdı”.

Aktyorun “Peşəkar”, “İkinci həqiqət”, “Bir və digəri”, “Qatil”, “Düsseldorfdan olan vampir”, “Kim bilir?” kimi çəkildiyi 100-dən çox filmi var. O, 17 filmin ssenariləri üzərində işləyib. Bundan başqa, Hüseyn 17 filmin rejissoru olub.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

Azərbaycana səfərə gələn Türkiyə Böyük Millət Məclisi üzvləri, hakim Ədalət və İnkişaf Partiyası təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları,  alimlər və sahibkarların daxil olduğu Türkiyə nümayəndə heyəti II Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının əziz xatirəsini ehtiramla yad ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, nümayəndə heyəti Komitə sədri Fuad Muradovla görüşüb.

Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı artıq bütün dünyada unikal bir nümunəyə çevrilib. Ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətləri bütün sahələrdə uğurla inkişaf edir, əlaqələrin bugünkü yüksək səviyyəsi tarixi köklərə, dərin siyasi-ideoloji prinsiplərə əsaslanır. Prezident İlham Əliyevin bizə tapşırığı ölkələrimiz və diasporlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirmək, vahid diasporun formalaşmasına töhfələr verməkdir. Sizin səfəriniz bu istiqamətdə müzakirələrin aparılması baxımdan da xüsusi əhəmiyyətə malikdir”- komitə sədri bu sözləri Türkiyə nümayəndə heyəti ilə görüşdə səsləndirib.

Görüşdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”, Şuşa və Kayseri şəhərlərinin qardaşlaşması, Kayseridə Şuşa Azərbaycan Evinin uğurlu fəaliyyəti barədə danışılıb, diasporlarımız arasındakı əlaqələrin perspektivləri müzakirə olunub.  

Türkiyə Böyük Millət Məclisinin üzvləri Hulusi Akar, Şamil Ayrım, Sayın Bayar Özsoy və digər şəxslər səfərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Türkiyə ilə Azərbaycanın regionda və dünyadakı nüfuzuna, güclərimizi birləşdirməyin vacibliyinə diqqət çəkən Türkiyə Böyük Millət Məclisinin üzvü Hulusi Akar bu səfərdən böyük məmnunluq duyduğunu bildirib. Hulusi Akar, həmçinin Azərbaycan diasporunun informasiya müharibəsindəki rolunu xüsusi qeyd edib. 

Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Kayseri və Şuşanın qardaşlaşmış şəhərlər olmasının önəmini vurğulayıb, Türkiyədə yaşayan və təhsil alan azərbaycanlıların iki ölkə arasında körpü rolunu oynadıqlarını nəzərə çatdırıb.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçına və Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qənbərova təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.

Türkiyə nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edəcək.

Qeyd edək ki, səfər Kayseridə fəaliyyət göstərən Şuşa Azərbaycan Evinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

Hafiz Ataxanlı, yazıçı, ssenarist, kulturoloq – “Ədəbiyyat və incəsənət” üçün

 

 

Bu tamaşaya illər öncə Akademik Milli Dram Teatrında baxdım. Evə çatan kimi bu yazını qələmə aldım. Necə oldusa, yazdıqlarımı itirdim. Bu günlərdə  arxivimdən tapdım. Düşündüm ki, əməkdar incəsənət xadimi Ramiz Həsənoğlunun təvəllüd bayramına hədiyyə olar.

 

 

Vaqif Səmədoğlunun yazdığı, Ramiz Həsənoğlunun quruluş verdiyi "Generalın son əmri" tamaşası haqqında 

Günah- düşüncə.

 

"Oxunmaq istəyirəm- əvvəldən axıradək, oxumaq"

...Allah günaha yazmasın, dünyanın işinə bax ki, Cəllad da qorxu və xofdan danışır.Özü də elə bəlağət növü qatır danışığına ki, elə biləsən, məhəbbət qəzəlinin fəlsəfi məqamını xırdalayır. Başının üstündə də yiyəsini gözləyən etibarlı(?!) dar ağacı. İş o yerə çatır ki, Cəlladı cəllad  kimi görmürsən, bir nağılçı, meydanbəyi kimi qəbul edibən izləyirsən. Hələ Generalı demirsən?!

Binəva əsgəri qəbirdən xortladıb şeypur çaldırır. Qoymur ki, bədbəxtin balası gorda rahat yata. Hərçənd, nə yatmaqdı o? Allah kəssin elə yatmağı. Yatdığın yerin ki adı qardaşlıq məzarı ola, o yerdə ki, qaynaqçının əli dəymədən sümük sümüyə calana, qol qıça pərçim ola, hansı dinçilikdən danışasan?

Yox, yox, əstəğfirullah! Mənə elə baxmayın!Bu ironiya, lağlağı, məsxərə məndən gəlmir, əttövbə! Allah sənə rəhmət eləsin,Vaqif Səmədoğlu, necə zərif yumorun varmış?! Sən nə oyun çıxartmısan?!Rejissorlar da ölmürlər, mayası sosial qroteksdən yoğrulmuş əsər üçün?

İllah da, belə material düşə pirolmuş Ramiz Həsənoğlunun əlinə.

...Ərinməyəsən, Ramiz müəllim, iki hissəli tragikomik misteriyanı götürüb uğurlu truppanın əyninə ölçüb - biçəsən, kəsəsən, doğrayasan, bəzəyəsən, özündənnaxışları bir düzəsən, bir düzəsən, əsəri gətirib çıxarasan mistik xoxma halına.Məzarın nurla dolsun, ay Vaqif İbrahimoğlu, ustad, sənin bu iki məhdudlaşdırıcı ədatının idraka verdiyi qüvvət, ideyaya suvadığı şövq, ruhi tam o qədər yerinə düşür ki...Amma və lakin... Xoxma nə xoxma! Tamaşaçı uğunub gedir. Yenə də amma və lakin ki, baxıb görürsən; tamaşaçı əvvəl düşünür, sonra gülür. Demək ki, qəm yeməyə dəyməz. Qaymağı intellekt olan yumora tələbat varmış hələ.

 

MÜƏLLİFİN "GÜNAHI"

 

Mən bir üfüq olmuşdum,

duman çökdü dənizə...

görünmədim.

Mən bir cığır olmuşdum,

gedib- gələn olmadı,ot basdı üstümü...

görünmədim

Mən bir gün təbəssüm olmuşdum,

nə oldu,bilmədim...

görünmədim...

 

İtmiş üfüqdən boylanan, ot basmış cığırı tapdalayıb keçən şairin donmuş təbəssümünü xatırladınızmı? Mən xatırladım. Gözümdən bir damla yaş gəldi. Satira, yumor, sarkazmla sosial- ictimai fəlsəfənin ideal sintezindən yaranan tamaşaya bir də baxdım.

Göz yaşımı səmanın duruluğuna bənzədib dərdini yüngülləşdirən, kədəri ömrün  katarsis dayanacağı sayan, hıçqırığı hələ yazılmamış sənət əsəri - simfoniya qəbul edən, bir gözü ağlayan, bir gözü gülən şair- dramaturqun bütün yaradıcılıq imkanları tragikomik misteriyada göstərilə bilir.

Qulaqlarda şapalaq kimi şappıldayan, fəqət, dodaqlarda təbəssüm kimi parıldayan, gözlərdə sevinc tək yaşaran Vaqif Səmədoğlu gülüşü mükəmməl bir əsər doğurub.

Mistik aləmlə gerçək dünyanın keçid məntəqəsində yaşamaq rolunu oynayan General, onun vecsiz nəvələri, içki düşkünü, məkrli, avantürist qonşu, atasının qisasını almaq istəyən qazaxıstanlı qız, sonacan nə baş verdiyini anlamayan polislər, dar ağacının fəlsəfəsini açmaq, qorxunun mahiyyətini anlatmaq və törətdiyi cinayətlərə missiya donu geyindirmək istəyən Cəllad, virtual həyatın məchul obrazları - Məşuqə, Fərari, Şeypurçalan əsgər - bu qəhrəmanların hər biri tipajlar, koloritli obrazlar olsa da, yenə də hər birini günah və Vaqif Səmədoğlu sarkazmı birləşdirir, bir- birinin ardınca dar ağacına doğru aparır. Əslində, bütün obrazlar günah simvollarıdır və müəllifin bir himinə bəndmiş kimi günahlarını asmaq istərkən, növbəti günaha yol verirlər ( axı şəriətdə intihar günah sayılır), günahı günahla yuyurlar.

....Və Vaqif Səmədoğlunun yaratdığı obrazların adı, soyadı, milliyəti, irqiyyəti yoxdur. Sadəcə cəmiyyətdə tutduqları sosial status ( bəlkə də statusuzluq), yaş həddi var. Bu, müəllif mesajının qlobal spektri ehtiva etməsinin, bəşəri düşüncəsinin göstəricisidir.

...Və bir də Vaqif Səmədoğlu dramaturgiyasının özəyi - Azərbaycan dilinin şəhdi- şirəsini vermək, canlı xalq dilində dialoq  qurmaq, el hikmətindən, el nəsihətindən mayalanan yumoru qara yumora çevirmək üstünlüyü özünü göstərə bilib.

 

REJİSSOR YOZUMUNDAKI İPUCU

 

Heykəllərin çoxundan soyuq gəlir, buz qoxuyur

qardan yonulub bu abidələr

Günəş çıxsa, açılsa istiyə qapılar

Əriyəcək heykəllərin çoxu- buz qoxuyan abidələr.

 

Günaha batıb yalandan söyləyə bilmərəm: Ramiz Həsənoğlu  bu şeiri konkret oxuyub, ya yox? Amma və lakin, zənnimcə, elə rejissor yozumundakı  ipucu bu üşüyən misralardadır.

Quruluşçu rejissor əsərə açarı müəllifin digər əsərindəki açardan götürüb.Amma bu açara qədər uzun bir gəlişmə var axı. "Günahı günahla yumağın günahıdır günahımız! "Bu günah fikri götürüb quruluşçu rejissor, " getdik"-, deyibən günahın dabanına tüpürüb, əsərin alt qatına  baş vurub,Günahı elə bir metaforaya, arxitipə döndərib ki, axşam- axşam səhnədə qarabasma kimi yepyekə bir günah görürsən.

Ramiz müəllim,sağ olmuş Cəlladı da qoşub oyuna.Günah fəlsəfəsinin portret cizgiləri tamamlansın deyə, fırçanı da verib Cəlladın əlinə. Cəlladın da nə vecinə. Araz aşığından, Kür topuğundan. Sobası, isti çayı, çaydanı yanında, qalaq- qalaq kitabları da qarşısında. Hər səhnə fırlananda da durub bir- iki kəlmə ibarəli söz deyir. Söz də ki, nə söz? Dəymişin qalar, kalın tökülər. Bir yandan da hər şeyi qanuniləşdirir, kitab- dəftərə salır. Odur, yazıq Fərari Generalın son əmrinə əsasən asılmaq xahişi ilə ağız açır. Di gəl ki, Cəllad zalımoğluna söz təsir eləmir ha!

Əslində rejissor günahı bir kabusa çevirib, asıb bu ikimərtəbəli qədim, insafən, bir az da koloritli taxta məhəccərli evin üstündən. Cəllad isə Ramiz müəllimin yozum tapşırığında rüzgar qələmidir, peydərpey Generalı - zaman yolçuluğunun karıxmış döngələrində itib-batmış, əslində heç yaşamayan, bəzən yüngül yük kimi suyun üzünə çıxıb üzən, batmaq bilməyən günahın günahsızlığını daban daşında kirə çıxarmaq istəyən kabusun ümumiləşmiş günah obrazını qırmanclayıb, 2 saat ərzində göz qırpmağa imkan vermir. General əsasən 2- ci mərtəbədə olur, digərləri zirzəmidə. Hər kəs öz günahı dərəcəsində üzə çıxır, ya da batır. Yaxşısı budur, günahların siyahısına nəzər yetirək.

Generalın günahı Şeypurçalan əsgərdir, Fəraridir ki, onun ayaqlarını gerçəklik müstəvisindən qoparıb, yəni ayaqlarını yerdən üzüb dallarınca sürüyürlər, zavallı qocanı qaranəfəsə döndərirlər.

İkincisi- Qazaxstandan gəlmiş qisasçı qadındır. Ölümünə fərman verdiyi kişinin, atasını qəhrəman zənn edən qızı.

Üçüncüsü- işini səliqəli və qanuni görən Cəlladdır, bəlkə də Generalın dünənki obrazıdır.

Dördüncüsü- içki düşkünü olan oğlan nəvədir ki, hər dəqiqə babasının ölümünü arzulayır və bu ölümün ucunda var- dövlət var.

Beşincisi- çilçıraqdan özgə beyninə heç nə girməyən qız nəvədir.

Altıncısı- yağlı tikə axtaran və nəvələri qızışdıran qonşudur.

Amma bəzən günah ədalət mühakiməsinə, həqiqət şişinə də çevrilir, başqa bir günahı üzə çıxarır.

Qisasçı qadın atasının vaxtilə Generala yazdığı donoslarla tanış olduqda  əlində tutduğu silahın tuşlanma yönünü dəyişir.Demə, aydan arı, sudan duru  bildiyi atası nə boyda günah yükü daşıyırmış?!

Fərarinin günahı ayrı- ayrı ictimai- siyasi  formasiyaların sərhəddində, zamansızlıq xaosunda gülləyə çevrilib olmayan ömrünü qana boyayır. Bir sözlə, quruluş yiyəsi ştangetin iplərini  də, avansəhnənin örtüyünü də, səhnənin dərinliyini də, səhnə güzgülərini də  bir zəncirə çevirib asıb personajların boğazından.

Özü gorbagor olmasa da, ruhu didərgin düşdükdən sonra məkanını tapa bilməyən Generalın təbəddülatları, ictimai- siyasi fərqlərin təzad dərəcələri, üzbəüz durmuş nəsillərin qollarına keçirilmiş qırmızı dilemma kələfinin düyünə düşmüş məqamı rejissor tərəfindən dürüst mizanlarla verilib. Qərinənin sərhədsizliyində, varlıqla yoxluğun qarşılıqlı  məkanında Ramiz Həsənoğlu mistika ilə  gerçəklik, ölülərlə dirilər arasında elə gözəl mizan ünsiyyəti yaradıb ki, ilk anda tamaşaçı  karıxa bilər; ölü kimdir, diri kim? Müəllifdən gələn mistik fəlsəfəni quruluşçu rejissor elə yoğurub ki, bir günah fəlsəfəsinin soyulduqca soyulan  çoxqatlı mahiyyəti səhnədən diş ağardır.

Bir də Generalın bu günkü evi, dünənki istintaq otağı, hökmranlıq taxtı,sabahın yel vurub yengələr oynayan xaraba dəyirmanı rejissor ixtiyarında bir məzhəkə meydanıdır, oyun guşəsidir, katarsis dəyirmanıdır.Bu katarsis dəyirmanının qulaqbatırıcı uğultusunda ölülər və dirilər, gerçəklər və miflər "Mənə sükut əl çalır, belə alqış olarmı?"poetikasını doğru ünvana çatdırmağa tələsirlər.

Birnəfəsə baxılan tamaşanın maraqlı məqamlarından biri də Ramiz Həsənoğlunun televiziya təfəkkürünün, ekran vərdişinin özünü işin xeyrinə qabartmasıdır. Rejissor bu təfəkkür diktəsini zərurətə çevirib. Bibinin monitordan tənəsi, qara zanbaqların ağarması maraqlı effekt yaradır. Habelə dekorasiyanın çevik oyuna qoşulmasında, epizodların dinamik əvəzlənməsində, musiqi, hərəkət, dialoq, işıq aksentlərinin mükəmməl sinxronluğunda rejissorun televiziya düşüncəsi xüsusilə qabarıqdır. İkinci maraqlı teledüşüncədən gələn bir priyom diqqət çəkir.

Tamaşanın birinci hissəsi başa çatır.

Qisasçı qadın 2- ci mərtəbəyə qalxıb qapını döyür. Bütün məsələlərdən agah General qapını açır, özü qapının arxasında gizlənir. Tamaşaçı nigarançılıqla, bəlkə də bəziləri sevinc hissi ilə fonoqramdan Generalı yerə sərəcək güllə səsini gözləyirlər. Fəqət, bu yerdə pərdə bağlanır, antraktdır. İkinci hissə başlandıqda aktyorlar yenidən 1- ci hissənin sonundakı mizanı təkrar edirlər. Yenidən Qisasçı qadın pillələri çıxır.

 

CƏFƏR NAMİQ KAMALIN GENERALI

 

Yuxumda bir ömür gördüm pozulmamışdı,

Yuxumda bir yol gördüm azılmamışdı,

Yuxumda bir şeir gördüm yazılmamışdı,

Yuxumda bir məzar gördüm qazılmamışdı.

 

Xalq artisti Cəfər Namiq Kamal səhnə şöhrətini zəhmətkeş arı güllərdən bal  toplayırmış kimi zərrə- zərrə toplamış, öz üzərində işləməyi sevən, oynadığı rolun sosial- fəlsəfi strukturunu öyrənib onun təqdimat yönümünü düzgün çeşidləyən çoxprofilli  oyun imkanına malik aktyorlardandır.General obrazında Cəfər müəllimin potensial imkanları Vaqif Səmədoğlu- Ramiz Həsənoğlu tandeminin yoğurub ortaya qoyduğu prikolun mayası ilə  üst- üstə düşür. Öz aramızdı, belə sərrast hədəf hələm- hələm ələ düşən deyil.

Cəfər Namiq Kamalın ətə-qana gətirdiyi Generalı izlədikcə yenə rəhmətlik Səmədoğlunun bir poetik ovqatını xatırlamalı olursan:

Çörəksiz- susuz qalmaq olar, vay o gündən

Salam verməyə adamın olmaya yer üzündə.

General tənhadır.Nəvələri ondan həzər edirlər. Xəsisliyindən gileylənirlər. Qonşu oğlanın "bu kişi niyə ölmür?" qınağı hər dəfə bir oxa çevrilib batır qocanın kürəyinə, Cəllad da bir tuği- lənət kimi keçib qocanın xılxına. Qisasçı qadın o boyda yolu basa- basa durub gəlib, arsız- arsız çeçendən silah da alıb ki, çaxsın Generalın başına.

Şeypurçalan əsgər də, Fərari də onu girinc ediblər. Bir sözlə, yerlə- göylə əlləşən Generala hər kəsin, hətta tamaşa salonunda oturan hövsələsiz tamaşaçıların da  gözlərindən "ah, qoca əbləh" nifrəti yuxu kimi tökülür. Fəqət, bu qoca əbləhin öz dərdi özünə bəsdir. İçi özünü yandırır, çölü özgəni. Özü də bilmir, yaşayır, ya ölüb? Yaşayırsa, harada yaşayır, ölübsə, niyə gorbagor olub qalıb ortalıqda?

Bir ayağı gorda, bir ayağı bizim yanımızda olan, səhər dirilərlə salamlaşan, axşam ölülərə xeyirli gecə arzulayan General əslində bütün günah yiyələrinin yükünü atıb çiyninə.Yükü ağırdır,o səbəbdən də gor götürmür, axır məcburən girir  rejissorun qurduğu  katarsis meydanına ki, bəlkə təmizlənə...Cəfər Namiq Kamalın plastikası, səs tempindəki yerinə düşən ziqzaqlar, xarakterin açılışına, dramaturgiyaya xidmət edən artikuliyasiya jestləri, göz yaşı içində gülüşə yönəlik mükəmməl oyun tərzi, tərəf müqabillə qüsursuz işləmək vərdişi və etikası musiqi duyumu, bədii dekorasiya sınırlarına uyğunlaşdırılmış, ölçülüb- biçilmiş mizanlar, dinamika, həlim, sakit danışığın üstündə həyatın hər boz üzünü görmüş qocanın uğurlu təqdimatı, Cəfərin aktyorluq bacarığı tamaşanı sevdirən önəmli şərtlərdəndir. Ümumilikdə, Cəfər Namiq Kamalın  oyun tərzi, aktyorluq imkanları sərhədsizdir, məhdud ölçüdə deyil, bir janrın tələbləri çərçivəsində qalmır. Amma bu məqamda - "Generalın son əmri" tamaşasında istedadlı aktyor sonsuz üfüqlərin işıq salma bucağını çox dəqiq riyazi hesablamalarla, dürüst koordinasiya bucaqlarında paylaşdıra bilib və mükəmməl tragikomik obrazın konturlarını cızıb.

 

BİVEC NƏVƏNİN İSLAH MƏQAMI

 

Ömür yolu açıq yoldir 

nə getdi, getdi...

Əlində bir gün də qalmır 

nə itdi, itdi...

Bu dünya dəmyə günahdır

nə bitdi, bitdi...

 

Birinci mərhələdə, həyatın dibində gününü otaran oğul nəvə əməkdar artist Sabir Məmmədovun oyun tərzində fərqli çalar bəxş edir.

Oğul nəvə içkidən qısa müddət ayrılmaq istəsə də, iradəsi nəfsi qarşısında əl qaldırır. Ən böyük arzusu nifrət etdiyi babasının ölümünü görmək, onun mirasının şəriksiz yiyəsi olmaqdır. Hətta, arabir gözünə görsənən  bibisinə - virtual obraza verdiyi vədi də unutmur. Gah qonşusu ilə razılaşır, gah da Qisasçı qadının plan qurmasına yol göstərir. Sabirin dramatik- dedektiv səs tempri  çox böyük peşəkarlıqla komik çalara keçir. Aktyorun tapdığı lirik- psixoloji nüanslar, komik- dramatik mizanlar, tragikomik xarakterin düşdüyü stiasiyaya uyğun manevrlər, davranış cizgiləri obraza rəngarənglik qatır.

 

QIZ NƏVƏNİN DƏRDİ

 

...di gəl, əlacsızam, yaddaşsızam,

zəifəm,deyəsən

bəlkə də xatirələrim əlsiz- ayaqsız,

dayaqsızdır artıq...

Yadıma sala bilmirəm özümü.

 

Bu qızın da dərdi- səri, azarı anasından qalma çil- çıraqdır.Nə babasının keçmişdə törətdiyi cinayətlər, nə qardaşının avaragorluğu, tüfeyli həyatı, nə qonşu oğlanın tamah dolu baxışları, nə Qisasçı qadının ölüm planı, nə də Cəlladın isti soba qırağında  söylədiyi poetik ölüm dastanları vecinə deyil. Allah saxlamış Dilarə də canında nə qədər zarafat, məzə, duz var, hamısını götürüb keçirib obrazın əyninə. Nəvə bütün tamaşa boyu zar- zar ağlayır, anasını xatırlayır, babasına nifrin yağdırır, qardaşını yamanlayır. Elə ki mövzu bitdi, yenidən baş vurur "lyustra"ya. O, ağlayır, zarıncı olur,xöşbəxtlik düsturunun babasının ondan zorla qopartdığı çil- çıraqda gizləndiyini bəyan edir, hətta sonda misteriyanın janr tələbləri qarşısında bütün bədənində çil- çıraq "bitirir".Amma yenə tamaşaçı uğunub gedir. Çünki obrazın tipologiyası, tiragik - komik rəng həlli, qroteks həddi, sosial- mənəvi strukturu, fəlsəfi yükü əməkdar artist Dilarə Əliyevanın oyun  tərzində mükəmməl cizgilərlə oturuşub.

 

QONŞU QONŞU DEYİL

 

Birdən gəlir, birdən gedir,

Unudulmuş köhnə sözlər.

İşıqda da heç nə görmür,

Qaranlıqdan çıxan gözlər.

 

Avantüra, günah, avaraçılıq, korazehinlik, haramzadəlik, intriqabazlıq, tüfeylilik, içki düşkünlüyü - bütün bu naqisləri Qonşu oğlanda məharətlə canlandıran istedadlı aktyor Rövşən Kərimduxt da gözəl oyun nümayiş etdirir və ampula fərqi uğurla sınaqdan çıxır.

 

GÜNAHLARIN QƏNİMİ- GÜNAHKAR

 

Nə varım var, nə barxanam,

Ömür yükü bağlamağa.

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa.

 

Əməkdar artist Ayşad Məmmədovun Cəlladı hüdudsuz günahları, azıb- karıxan, qaçıb canını qurtara bilməyən möhnətləri, xotdamışları, qorxan qorxuları yolun yarısından tutub buxovlayır, qaldırır dar ağacına.Günahları boğazından asır ki, bəlkə bu yolla özü də günahdan təmizlənə. Bəlkə də, Allahım, elə dövrün, mühitin, despotizmin simvoludur Ayşadın Cəlladı. O səbəbdən işini heç cürə bitirə bilmir. Amma sonda çarə tapır, bütün günahları qəlbini dəlib keçən ağrılara bələyib çıxır dar ağacına.

Ayşad Məmmədovun fəlsəfi- duyğusal oyun tərzi obrazın tanıtımında yerinə düşür.

 

ÖLÜM MƏLƏYİNİN MİSSİYASI

 

...Gəlmə, gəlişindən yaman qorxuram...

 

...Yox,bu,Generalın sevgilisi, ilk məhəbbəti, məşuqəsi deyil.Qız qalasının başında çiçək açacaq nar ağacı da deyil. Ölüm mələyidir, vəssalam. İntəhası, gəl bunu Generala anlat, görüm necə anladırsan?! Bir tərəfdən də Generalı qınaya bilmirsən.

Əməkdar artist Sənubər İskəndərlinin naz- qəmzəsi, xanım- xatınlığı məşuqə obrazının başı üstünə necə çətir salıbsa, ölüm mələyi nəinki Generalı, tamaşaçıları belə ahənrüba kimi özünə çəkir.

Sənubər İskəndərlinin lirik- dramatik oyun tərzi faciəvi sonluğu romantikaya çevirə bilir.

Bu nə gözəl ölüm mələyi imiş, gəldi, gəlişi ilə Generalı zillətdən, xaosdan, məchulluqdan qurtardı, yüngülləşdirdi, ruhunu təbəddülatların məngənəsindən çıxartdı.

 

QİSASÇI QADIN DA GÜNAHA BATDI

 

Bura bağmı, meşəmi,

Kim deyə bilər indi?

Yerdə qalan izləri

Bir yağış silər indi.

 

Qisasçı qadın bəlkə də, yeganə günahsız obrazdır... fəqət, pilləkənləri qalxana qədər. Tamaşanın gedişatında ilk dəfə  günahı soyundu, bütün çılpaqlıq üzə çıxdı. Məlum oldu ki, uğrunda cinayətə belə, hazır olduğu atasının günah köynəyinə hələ neçə adam sığınıb. Qolları qırılıb yanına düşür. O boyda hay- küylə, ədalət bayrağı ilə gələn Qadın lal olub geri qayıdır və əməkdar artist Almaz Amanova bu lal dönüşün ağırlığını- mənəvi şoku fiziksəl sapmaya uğurla transfer edə bilir.

 

ÖLÜ FƏRARİNİN ÖLÜM DİLƏYİ

 

Deyirlər ki, Ay çıxıb,

Ömrümün eşiyində.

Ömürsə yırğalanır,

Ölümün beşiyində.

 

Əməkdar artist Pərviz Məmmədrzayevin oyuna saldığı Fərari zaman sərhədlərində, daha doğrusu, sərhədsizliyində dolaşan ruh, əmri yerinə yetirməyə cəsarəti  və iradəsi çatmayan mistik obrazdır. Əzab çəkən, utanan, usanan, özünü yamanlayan Fərari obrazının mənəvi- fizioloji qarabasmaları xüsusi səhnə plastikası ilə seçilən Pərvizin oyununda mükəmməldir.

Habelə, əməkdar artistlər Hicran Nəsirovanın, Əjdər Həmidovun, Telman Əliyevin, aktyor Rəşad Bəxtiyarovun yaratdıqları obrazlar koloriti ilə maraqlıdır.

Xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyevin bədii tərtibata verdiyi ştrixlət, əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin musiqisi bütöv harmoniya yaradır.

 

...İki saatlıq tamaşada Vaqif Səmədoğlu - Ramiz Həsənoğlu  tandemi istedadlı bir truppanın köməyi ilə insan- ölüm məsafəsini apaydın göstərə bildi. Həm də göz yaşarıncaya qədər güldürdü.

Allah sizi güldürsün və düşündürsün!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

Bazar ertəsi, 14 Aprel 2025 11:43

Növbəti “Oxu saatı” baş tutub

11 aprel 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İB-nin birgə təşkilatçılığı ilə Bakı Kitab Mərkəzinin uşaq guşəsində “Oxu saat”ının qonağı tanınmış teleaparıcı Emin Şahzadə ilə oxucuların görüşü baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə mütaliə saatında sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin, 49,62, 247 nömrəli tam orta məktəbin şagirdləri və digər oxucular iştirak edib. Emil Şahzadə uşaqlara Dünyazad Əssədinin “Sən hirslənəndə”, Ayşegül Dedenin “Biri, o biri, başqası, digəri”, Ramiz Rövşənin “Gəl dost olaq, qurbağa”, Fatimə Yusifovanın “Bu kitabı Qıdıqla, Sığalla, Alqışla”, “Buku, qaranlıq və Toki”, Nurlana İşığın “Göyün yeddinci qatı”, Aybəniz İsmayılovanın “Xarıbülbülün nağılı”, Culiya Donaldson və Aksel Şefflerin “Qraffalo”  adlı kitablarından hekayələr  və nağııllar oxuyub. Daha sonar isə oxunan kitablar haqqında müzakirələr aparılıb.

Kitablardakı mətnləri sağlamlıq imkanları məhdud uşaqlar üçün işarət dilinə “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İB-nin sədri və təlimçisi Şamil Sabirzadə və Könül Quliyeva tərcümə edib. Tədbirin keçirilməsində əsas məqsəd uşaqların cəmiyyətə sosial inteqrasiyasını təmin etmək, onlarda özgüvən və sosial adaptasiya, ünsiyyət vərdişlərini formalaşdırmaq, həmçinin dil bacarıqlarının inkişafına dəstək olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün ömrünü elmə həsr edən, ömür kitabının 80-ci səhifəsində həyata gözlərini qapayan Minirə Qarayevanın doğum günüdür. O, Azərbaycan "Xoş Niyyət" Xeyriyyə İctimai Birliyinin təsisçisi və prezidenti, Azərbaycan Qadınlar Cəmiyyətinin xarici əlaqələr üzrə sədr müavini olmuşdur. 

 

Onun həyat və yaradıcılığı ilə tanış olaq.

1937-ci ildə  Qəbələ rayonu ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu Fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə yoldaşları arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri, o zamankı ali təhsil naziri M. Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülmüşdür. O, 1994-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dilinin fonetikası kafedrasının müdiri olmuşdur. 

 

1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir. Ayrı-ayrı ölkələrdə bir çox elmi dərnəklərin, eləcə də ECA-nın (Avropa Topluluğu Assosiasiyası) üzvüdür. Bu cəmiyyətlərin dəvəti ilə Kiprdə (Qazimağusa, Lefkoşa), Yunanıstanda (Selanik), Almaniyada (Münhen), Türkiyədə (Ankara, İstanbul, Ərzurum, Kayseri, İsparta, Sivas və s.) konfranslarda, assembleya və konqreslərdə məruzə etmişdir.

İngilis dilinin fonetikasına həsr olunmuş üç kitab, əlliyə yaxın məqalə müəllifidir. Hələ tələbə ikən ali təhsil nazirinin imzası ilə "Fəxri fərman"a, müəllim işlədiyi dövrdə isə səmərəli əməyinə qiymət verilərək bir medal, fəxri fərmanlarla təltif olunmuşdur. 1994-cü ildə Türkiyənin Sivas şəhərindəki Cumhuriyyət Universitetində dərs deməyə dəvət olunmuş və Ali Təhsil Nazirliyinin icazəsi ilə işə başlamışdr. Eyni universitetdə on il professor, bölüm başqanı olaraq işləmiş və bu müddətdə də bir çox fəxri adlarla təltif olunmuşdur.

İngiltərənin Kəmbric Universiteti tərəfindən "20-ci əsrin qabaqcıl elm adamları" arasında "Müvəffəqiyyət şərəf Diplomu"na,  "Dünya Bioqrafik Mərkəzi" tərəfindən "Milleniumun Beynəlxalq Qadını Naminatoru" və "2003-cü ilin ən yaxşı beynəlxalq qadın pedaqoqu" fəxri adlarına layiq görülmüşdür.

Professor Minirə Qarayeva 2013-cü ildə Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidenti seçilmişdir.

 

23 yanvar 2022-ci il tarixində Bakıda ürək çatışmazlığından vəfat etmişdir.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı "Ulduz" ədəbiyyat dərgisinin "Ulduz"lu görüşlər"layihəsi davam edir. Layihənin növbəti qonağı tənqidçi, publisist, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan olub.

 

AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri iştirak ediblər. "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs türk məfkurəsini öz həyat amalına çevirən Azər Turanın həyat və yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib.

"Ulduz" jurnalının şöbə redaktoru Taleh Mansur dəyərli kitablar müəllifi  olan Azər Turanla görüşün tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb. Azər Turan görüşü təşkil etdiyinə görə "Ulduz" ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Qonaq zəngin  milli düşüncə tariximizə nəzər salaraq,  ədəbiyyatımızda geniş yer tutan türk təfəkkürü, özünüdərk,  vətən və millət mövzuları  ətrafında fikirlərini bölüşüb. Nizami Gəncəvi, Əhməd Cavad,  Hüseyn Cavid, Məhəmməd Hadi,  Əli bəy Hüseynzadə kimi dühaların  yaradıcılığının öyrənilməsinin əhəmiyyətini qeyd edib. Sözügedən mövzularda  tələbələri maraqlandıran suallar cavabalandırılıb, onlara Azər Turanın imzalı kitabları hədiyyə edilib.

Layihənin növbəti qonağı şair Baba Vəziroğlu olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

Bazar ertəsi, 14 Aprel 2025 11:04

Masallı rayonunda gəzməli yerlər

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Müalicəvi turizm hər bir kəs üçün günümüzdə aktualdır. Həm gəz, həm müalicə olun. Nəyi pisdir ki? Yolumuz Masallıyadır, müalicəvi turistik məkanlar burada az deyil.

 

Yüzillər boyu alovlanan bulaq və dağın var olduğu yanardağ ərazisi.

Tərkibində kükürd olan suya alov dəydikdə yanmağa başlayır. "Yanardağ" İstirahət Mərkəzi fəaliyyət göstərir. Siz burada termal vannalardan istifadə edə bilərsiniz.

İnsanlar ayaq ağrılarından, bir çox başqa xəstəliklərdən azad olmaq üçün bulaqdan istifadə edirlər. Yanar bulaqdan axan su müalicəvi sayılır. 

 

İstisu Şəfa Sanatoriyası Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır.

Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər. Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

 

Bazar ertəsi, 14 Aprel 2025 10:44

Qayıdışımız möhtəşəm olacaq!

Turanə Orucova, “Ədəbiyyat və incəsənət” üçün

 

Uşaqlıqdan daima Qərbi Azərbaycan haqqında eşitdiklərimlə xəyalən sanki oranın adət ənənəsini, tarixi  torpaqlarımızda maddi- mədəni irsini, dağ-dərəsini, gözümdə, ağlımda canlandırmağa çalışmışam. Mənim düşüncəmdə insan iradəli, inamlı yolda addımlamaq istəyirsə, vacibdir ki, öz tarixi ulu  köklərinə sahib çıxsın.

 

Mən inanıram ki, tezliklə öz dədə-baba torpaqlarımıza qayıdacağıq, öz yurdumda mədəniyyət sahəsindəki iş fəaliyyətimi davam etdirəcəm.

Azərbaycan xalqının ümummilli lideri - Heydər Əliyevin vəsiyyətini gerçəkləşdirən, onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bugun Azərbaycan xalqının üç rəngli bayrağı Qarabağda dalğalanır. Baharın gözəlliyini doğma Qarabağımızda, azad Şuşamızda bitən Xarıbülbülün ətrini sinəmizə çəkərək, gözəlliyindən zövq alaraq görmək qürurunu yaşayırıq.

Cənab Prezidentimizin də dediyi kimi biz tezliklə Qərbi Azərbaycana Zəngəzura, Göyçəyə, İrəvana möhtəşəm dönüş edərək, Qarabağda olduğu kimi üçrəngli  bayrağımızı qürurla dalğalandıracağıq.

Qaydışımız möhtəşəm olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə Türklərin tarixi layihəsində növbəti görüşümüzdür, bu gün türklərin islamı qəbul etməsi barədə danışacağıq.

 

Giriş

Türklər uzun əsrlər boyu Avrasiyanın geniş coğrafiyasında müxtəlif dini inanclarla yaşamış, şamanizm, maniçiliyə, buddizm kimi inanc sistemlərinə sahib olmuşdur. Lakin VIII əsrdən etibarən İslam dini ilə tanışlıq və qəbul prosesi türklərin tarixində dönüş nöqtəsi olmuşdur. Bu hadisə təkcə dini inancın dəyişməsi ilə kifayətlənməmiş, həm siyasi idarəetmə, həm də mədəniyyət və ictimai həyat baxımından dərin təsirlər doğurmuşdur. Bu məqalədə türklərin İslamı qəbul etməsinin tarixi mərhələləri və bu prosesin siyasi-mədəni nəticələri araşdırılacaq.

I. Türklərin İslamla ilk təması

1. Ərəb-Türk münasibətləri

İslamın yayılmağa başladığı VII əsrin ortalarından etibarən Ərəb Xilafəti Orta Asiyaya doğru genişlənməyə başladı. Bu genişlənmə nəticəsində türklərlə ərəb-müsəlmanlar arasında ilk təmaslar baş verdi. Əvvəlcə qarşıdurmalar şəklində başlayan bu münasibətlər zamanla ticarət, diplomatik əlaqələr və mədəni qarşılıqlı təsir ilə daha müsbət istiqamətdə inkişaf etdi.

2. Talas döyüşü (751)

751-ci ildə Çin və Abbasi orduları arasında baş vermiş Talas Döyüşü, türklərin İslam dünyası ilə yaxınlaşmasında mühüm hadisə oldu. Bu döyüşdə Karluk türkləri müsəlmanların tərəfində iştirak etdilər və döyüşdən sonra böyük bir hissəsi İslamı qəbul etdi. Talas döyüşü eyni zamanda Çin təsirinin Orta Asiyada zəifləməsi və İslam mədəniyyətinin güclənməsinə şərait yaratdı.

II. Türklərin İslamı qəbul etməsinin səbəbləri

Türklərin İslamı qəbul etməsinin bir sıra səbəbləri olmuşdur:

1. Siyasi motivlər. Türk bəylikləri və hökmdarları İslamı qəbul etməklə Abbasi Xilafəti ilə ittifaqa girir, öz hakimiyyətlərini dini legitimliklə gücləndirirdilər. Eyni zamanda müsəlman olan türk liderləri regionda daha güclü və nüfuzlu olurdular.

2. İqtisadi amillər. Müsəlman tacirlərlə əlaqə qurmaq, ticarət yollarında təhlükəsizliyi təmin etmək və iqtisadi inteqrasiyanı asanlaşdırmaq üçün İslamın qəbulu faydalı idi.

3. Mədəni və mənəvi uyğunluq. İslamın bərabərlik, ədalət və birliyə əsaslanan prinsipləri, türk cəmiyyətinin döyüşçü və kollektiv həyat tərzi ilə uyğun idi. Şəxsi şücaət və ədalətə əsaslanan İslam dünyagörüşü türklər arasında asanlıqla mənimsəndi.

III. İslamın yayılması və müsəlman türk dövlətləri

1. Qaraxanilər və Qəznəvilər

İslamı rəsmi din kimi qəbul edən ilk türk dövləti Qaraxanilər olmuşdur (X əsr). Onların ardınca Qəznəvilər, xüsusilə Sultan Mahmud Qəznəvinin Hindistana yürüşləri zamanı İslamı geniş coğrafiyalara yaymaqda mühüm rolu oldu.

2. Böyük Səlcuqlu dövləti

Səlcuqlar yalnız türk dünyasında deyil, bütün İslam dünyasında siyasi liderliyə yüksəldilər. Bağdadda Abbasi Xilafətini müdafiə edən və faktiki olaraq onu himayəyə alan Səlcuqlar, eyni zamanda İslam mədəniyyətinin yenidən çiçəklənməsində mühüm rol oynadılar.

IV. Mədəni və sosial təsirlər

1. Yazılı ədəbiyyat və dil

İslamın qəbulundan sonra ərəb əlifbası və ərəb-fars ədəbi dili türklər arasında yayılmağa başladı. Bu dövrdə "Kutadgu Bilig" (Yusif Xas Hacib), "Divanü Lüğat-it-Türk" (Mahmud Kaşğari) kimi əsərlər meydana gəldi. Bu əsərlər türklərin həm İslamı mənimsədiyini, həm də öz mədəni kimliklərini qoruduğunu göstərir.

2. Memarlıq və incəsənət

İslamla birlikdə türklər arasında məscidlər, mədrəsələr, türbələr, karvansaraylar inşa olunmağa başladı. Bu tikililərdə həm ərəb, həm fars, həm də türk memarlıq üslubları sintez olunmuşdu.

3. Təsəvvüf və xalq İslamı

Türk xalqı arasında İslamın yayılmasında sufilər – yəni təsəvvüf təriqətləri mühüm rol oynamışdır. Xüsusilə Yəsəvilik (Ahmad Yəsəvi), BəktəşilikQadirilik kimi cərəyanlar İslamı daha əlçatan və xalq yönlü şəkildə təqdim etdilər.

V. Türklərin İslam dünyasına töhfələri

1. Elm və fəlsəfə

Türk mənşəli alimlər – Əl-Fərabi, Əl-Biruni, Mahmud Kaşğari kimi şəxslər İslam dünyasında elmi-fəlsəfi düşüncənin inkişafına ciddi töhfə verdilər.

2. İslamın yayılmasında rolu

Türklər, xüsusilə Səlcuqlar və Osmanlılar dövründə, İslamı yeni ərazilərə yayaraq dinin daha geniş coğrafiyalarda möhkəmlənməsinə şərait yaratdılar. Balkanlardan Hindistana qədər olan ərazilərdə İslamın yayılmasında türk orduları və alimləri mühüm rol oynadı.

 Nəticə

Türklərin İslamı qəbul etməsi sadəcə dini dəyişiklik deyil, eyni zamanda siyasi, mədəni və ictimai baxımdan böyük bir dönüş nöqtəsi olmuşdur. Bu proses nəticəsində türklər İslam dünyasında əsas siyasi qüvvəyə çevrilmiş, eyni zamanda öz mədəni kimliklərini İslamla sintez edərək zəngin bir irs yaratmışlar. Bugünkü Türk-İslam mədəniyyəti də məhz bu tarixi proseslərin məhsuludur.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

                                                       

 

                                                                   

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış media nümayəndəsi, Əməkdar jurnalist Elnarə Dərziyevaya yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

 

“Ədəbiyyat və incəsənət” portralı xəbər verir ki, təbrik məktubunda deyilir:

 

“Hörmətli Elnarə xanım,

Sizi – zəhmətkeş qələmi, aydın düşüncəsi və ictimai məsuliyyəti ilə seçilən tanınmış media nümayəndəsini, Əməkdar jurnalist olaraq mətbuatımızın dəyərli simasını, yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

 

Sizin jurnalistikadakı fəaliyyətiniz yalnız xəbər daşıyıcılığı ilə məhdudlaşmır, həm də cəmiyyətin düşüncə dünyasına təsir edən maarifçi, obyektiv və prinsipial söz sahibinin mövqeyini əks etdirir. İllərdir ki, Azərbaycan mediasında dürüstlüyünüz, məsuliyyətli yanaşmanız və etik dəyərlərə sadiqliyinizlə seçilir, həm peşəkar həmkarlarınız, həm də geniş oxucu auditoriyası tərəfindən hörmətlə qarşılanırsınız.

Yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzu edirik! Hər yeni yaşınız ömrünüzə işıq, sözünüzə güc, qələminizə nur gətirsin!

Uğurlarınız bol, yolunuz açıq olsun”!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.