Super User

Super User

Bazar ertəsi, 22 İyun 2026 15:09

Borçalı elinin sözlü-sovlu ziyalısı

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

İsmixan Abdullayev, Borçalı elindəndir, riyaziyyat elmləri üzrə alim, professordur. Ali təhsil ocaqlarına rəhbərlik edib. Hazırda təqaüddədir. Peşəkar şahmatçıdır. Tələbələri, yetirmələri ilə fəxr edir. Ədəbiyyata, poeziyaya, bədii yaradıcılığa böyük marağı vardır.

İsmixan müəllimin bir neçə şeirini çoxsaylı oxucularımıza təqdim edirik:

 

 

NƏVƏLƏRƏ

(Zarafatyana)

 

Gözləyirəm nəvələri,

Düzə çıxıb dəvələri.

Babaları, nənələri

Nəyə lazım indən belə.

 

Söz deyirəm, sözüm keçmir,

Böyük-kiçik ölçüb-biçmir.

Bundan gözüm heç su içmir,

Günləri say indən belə.

 

Arzu, istək təzələnir,

Səhhət bizlə məzələnir,

Çox əcələ çözələnir,

Günlər, aylar indən belə.

 

Bağımda ərik qalmayıb,

Dərdlərə şərik qalmayıb,

Kimdi səni qılıqlayıb,

Könlün ala indən belə.

 

Sizsiz keçir qışım, yazım,

Bilinməyir çoxum, azım,

Bir qarımdı, bir də sazım,

Həmsöhbətim indən belə.

 

Neynəyirəm adı, sanı,

Tanrı versin sağlam canı,

Axtaran yox İsmixanı,

Kimə lazım indən belə.

 

 

DARIXMIŞAM KÖVRƏLMƏYƏ

 

Çal, ay aşıq, kövrəlt məni,

Darıxmışam kövrəlməyə.

Apar məni köhnəliyə,

Qoy kövrəltsin köhnə yerlər,

Darıxmışam kövrəlməyə.

 

El qoxusu avazında,

El nəfəsi var sazında,

Yada düşər o dağ, dərə,

Qoy kövrəlim bircə kərə,

Darıxmışam kövrəlməyə.

 

Ətrafımda köhnə dostlar,

Həm qohumlar, həm tanışlar

Qoyur diqqət, yüksək hörmət,

Ürək dözmür bu hisslərə,

Darıxmışam kövrəlməyə.

 

Ağlamıram için-için,

Kövrəlt məni sevinməkçün,

Xoş arzuya, xoş diləyə,

Kövrəlt məni sevinməyə,

Darıxmışam kövrəlməyə.

 

Hərdən dindir İsmixanı,

Danışmaz hərzə-hədyanı.

Sevindirər el-obanı,

Gəlmişəm el deyə-deyə,

Kövrəlt, aşıq, kövrəlt məni,

Darıxmışam kövrəlməyə.

 

 

QƏMLİ DÜŞÜNCƏLƏR

 

Bu dünyanın səfasına

Gəldim ağlaya-ağlaya.

Oynadım çox havasına,

Güldüm ağlaya-ağlaya.

 

Şükr eylədim Yaradana,

Nə keçdi atdım qazana.

Köçüb getdi ata-ana,

Qaldım ağlaya-ağlaya.

 

İnanaraq düz ilqara,

Cəfa çəkdim çox dostlara,

Küskün düşüb xəyallara

Daldım ağlaya-ağlaya.

 

Zirvələrə yoxuş varmış,

İlğım kimi naxış varmış,

Geriyə sərt axış varmış,

Bildim ağlaya-ağlaya.

 

Bu imiş dünyanın işi,

Alır bir-bir dost-tanışı,

Təsəllim olur göz yaşı,

Sildim ağlaya-ağlaya.

 

 

ÖMÜR DƏFTƏRİ

 

Qarşımda ömür dəftəri:

Saralıbdı vərəqləri.

Gah qalxmışam zirvələrə,

Gah enmişəm dərələrə.

 

Hər birində axtarmışam,

Həm itirib, həm tapmışam.

Nələr qalıb yaddaşımda,

Baharımda, həm qışımda.

 

Neçə-neçə illər keçib,

Qəmli-qəmsiz günlər keçib.

Sınamışam çoxlarını,

Yaxşı-yaman dostlarımı.

 

Can atmışam düz olmağa,

Düz oturub, düz durmağa,

Halalı haramdan seçim,

Sözlərimi ölçüb-biçim.

 

İsmixanı yaxşı tanı,

Gəzib-görüb çox obanı,

Öz elini məkan seçib,

Çox bulaqdan sular içib.

 

 

DÜNYANIN HİKMƏTİ NAĞILLARDADIR

 

Ay nənə, sən mənə bir nağıl danış,

Bir ili bir günə gətirə bilim.

Elə bir pəhləvan olum ki, mən də,

Dünyanı çiynimə götürə bilim!

 

Dünyanın hikməti nağıllardadır,

Nə malda, nə mülkdə, nə də vardadır.

Bilim zülmət harda, işıq hardadır,

Zümrüdlə zülmətdən işığa gəlim.

 

Cinlər məkanından aralı olum,

Divlərin yanında oturub-durum.

Özümə maraqlı bir büsat qurum,

Hikmətlər dinləyib ağıllı gülüm.

 

Nadandan, cahildən aralı gəzim,

İllərdən nə doyum,nə də ki, bezim!

Doysa-doymasa da həyatdan gözüm,

Nağıl dünyasında yaşayım-ölüm... 

 

 

ÖLMƏK İSTƏYƏRDİM ZƏLİMXAN KİMİ

 

(Zəlimxan Yaqubun dəfnində)

 

Nəhəng şairimiz köçdü dünyadan,

Elini doyurdu, içdi dünyadan.

Arayıb incilər seçdi dünyadan,

Xalqın məhəbbəti bir ümman kimi,

Ölmək istəyərdim Zəlimxan kimi.

 

Elin məhəbbəti var idi orda,

Sənətə hörməti var idi orda.

Şeirin hikməti var idi orda,

İstəmirəm nə xan, nə xaqan kimi,

Ölmək istəyərdim Zəlimxan kimi.

 

Ağlayıb hay-haray qoparan da var,

Kədərdən gözünə qəm qonan da var,

Bu ölümə həsrət aparan da var,

Millət dalğalanır bir orman kimi,

Ölmək istəyərdim Zəlimxan kimi.

 

Həyat badəsini belə içəsən,

Sözün zəmisini belə biçəsən,

Köçəndə həyatdan belə köçəsən,

Yaşadım ömrümü İsmixan kimi,

Ölmək istəyərdim Zəlimxan kimi.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İyunun 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan professional musiqi sənətinin görkəmli nümayəndəsi Cahangir Cahangirovun anadan olmasının 105 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək. Gecədə Cahangir Cahangirov adına Xor kollektivi tərəfindən bəstəkarın zəngin musiqi irsindən seçilmiş ən dəyərli əsərlər səsləndiriləcək. Proqramda onun xor musiqisi sahəsində yaratdığı sənət incilərinə xüsusi yer ayrılıb.

 

Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi ilə təşkil olunan konsertdə tanınmış ifaçılar, eləcə də Beynəlxalq Muğam Mərkəzinin solistləri çıxış edəcəklər. Musiqili gecə bəstəkarın yaradıcılıq dünyasına bir daha nəzər salmaq, onun milli musiqi mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərini xatırlamaq baxımından əlamətdar olacaq.

Tədbir iştirakçıları Azərbaycan musiqi tarixində silinməz iz qoymuş Cahangir Cahangirovun əsərlərinin yüksək bədii-estetik dəyərini yenidən kəşf etmək, onun yaradıcılığının milli-mənəvi dəyərlərimizlə səsləşən zəngin çalarlarını yaxından duymaq imkanı əldə edəcəklər.

Ay ərzində Gənclərin Respublika Bədii Yaradıcılıq Evi kimi qurumlar tərəfindən bəstəkarın yaradıcılıq yolunu əks etdirən xüsusi anım tədbirləri keçirilib. Həmçinin, payız aylarında (oktyabrın 24-də) Bakı Musiqi Akademiyasının Opera Studiyasında daha bir irimiqyaslı "Xalqın mədəni sərvəti: Cahangir Cahangirov - 105" adlı yubiley konsertinin bilet satışı elan edilib.

Azərbaycan SSR xalq artisti Cahangir Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır.

1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.

Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri,operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar.

Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edib. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirib. 1945-ci ildə Təbrizdə qurulan Azərbaycan Milli Hökumətinin himninin musiqisini bəstələyib

 

Simfonik əsərləri

1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradır və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. 1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunmuş, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib. 1962-ci ildə — Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.

 

Operaları

Canahgir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.

"Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşayan məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Cah-calalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılan sınıq qrammofon valı qalan xanəndənin bu yadigarı şikəst olan həyatının rəmzi kimi qavranılıb.

Cahangir Cahangirov "Xanəndənin taleyi" operasında bir bəstəkar, musiqi dramaturqu kimi ən gözəl keyfiyyətlərini qabarıq şəkildə nümayiş etdirib. Ən başlıcası odur ki, Cahangirovun operası istər üslub, istərsə də musiqi dramaturgiyası baxımıından bitkin və kamildir.

Məlumdur ki, xanəndənin repertuarı muğam və təsniflərdən ibarət olub. Operanın qəhrəmanı özü xanəndə olsa da, müəllif ifaçılıq sənətinin materialı kimi muğamlardan sitat şəklində istifadə etməyi qarşısına məqsəd qoymayıb. Lakin onun operadakı musiqi materialı başdan-başa muğam boyaları ilə rövnəqlənib.

1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.

 

Mahnıları

Onun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Cahahgir sənətinin başlıca məziyyətidir. Məhz bunun üçündür ki, Cahangirovun mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir.

 

Filmoqrafiya

1. Arazın sahillərində

2. Bahar rəqsləri

3. Bəstəkar Cahangir Cahangirov

4. Bəxtiyar Vahabzadə

5. Dağlarda döyüş

6. Dəli Kür

7. Evlənmək istəyirəm

8. Gədəbəyin sərvəti

9. Koroğlu

10. Mahnı qanadlarında

 

Mükafatları

- Stalin mükafatı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

- "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə)

 

Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

 “Tanıtım” rubrikasındayıq, istəkli oxucular. Dəyərli yazar Nargilə Yusifqızı iki təsirli şeiri ilə sizlərin görüşünə gəlib.

 

Ey şəhid

 

Göy üzü buludlu, ürəklər qubar,

Sən elə ucaldın, çatmaz sənə qar.

Torpağa düşəndə canın, ey şəhid,

Vətən torpağından boy atdı bahar.

 

Nə ana fəryadı, nə göz yaşıdır,

Bu, bir qəhrəmanın qanlı yasıdır.

Məzarın daş deyil, uca bir zirvə,

Başdaşın millətin şərəf daşıdır.

 

Sən ölmədin, dostum, bizə can verdin,

Yatmış vicdanlara həyəcan verdin.

 Al qanın qarışdı bayraq rənginə,

Sən öz adın ilə bizə şan verdin.

 

Ruhun şad olsun ki, azaddır vətən,

Gül açır can qurban verdiyin çəmən.

Tarixlər yazacaq sənin adını,

Ey Vətən eşqiylə kəfən geyinən!

 

 

Varlığın sükutu

 

Mən səni tapandan  itdim özümdə

Demək, var olmaqçün yox olmaq gərək.

Biz hansı xaotik boşluqdan gəldik,

Eyni bir nöqtədə bütövləşərək?

 

Zaman bir nisbətmiş, məkan bir qəfəs,

Ruhun əbədiymiş bu ilk savaşı.

Sən mənim içimdə elə bir "mən"sən –

Nə ağlım dərk edir, nə idrak yaşı.

 

Bəlkə də, heç yoxuq... Bir pərvanəyik,

Ocağın sirriylə alışıb yanan.

İki ayrı cisim, tək bir təfəkkür,

Sonsuzluq içində sükutu pozan

 

Ölüm  bir formadır, bir yerdəyişmə,

Zatən doğulmuşuq zamanı seçib.

Bu elə sevgidir – atomu yox ki

Ruhun zərrəsini doğrayıb, keçib.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Ailə cəmiyyətin ən fundamental sosial institutlarından biri hesab olunur. İnsan həyatının ilk mərhələsində formalaşan davranış nümunələri, emosional reaksiyalar, mənəvi dəyərlər və sosial münasibətlər məhz ailə daxilində yaranır. Bu baxımdan valideyn və övlad münasibətləri yalnız ailədaxili məsələ deyil, bütövlükdə cəmiyyətin gələcəyini müəyyən edən əsas amillərdən biridir. Uşağın şəxsiyyət kimi formalaşmasında valideynlərin ona qarşı münasibəti, tərbiyə üsulları, emosional dəstəyi və davranış modeli xüsusi rol oynayır.

 

Müasir psixologiya və pedaqogika elmi göstərir ki, uşağın gələcək xarakteri, özünəinamı, sosial münasibət qurmaq bacarığı və psixoloji dayanıqlılığı onun erkən yaş dövründə valideynlərlə qurduğu münasibətin keyfiyyətindən birbaşa asılıdır. Buna görə də valideynlərin övladla düzgün münasibət qurma prinsiplərini bilməsi tərbiyə prosesinin əsas şərti hesab olunur. Valideyn–övlad münasibətlərinin mahiyyəti

Valideyn–övlad münasibətləri qarşılıqlı emosional bağlılıq, sosial öyrənmə və davranış modelinin ötürülməsi prosesidir. Psixoloq John Bowlby tərəfindən irəli sürülən “Bağlanma nəzəriyyəsi” (Attachment Theory) göstərir ki, uşağın erkən yaşlarında valideynlə qurduğu emosional bağ onun bütün sonrakı münasibətlərinin təməlini təşkil edir.

Əgər uşaq özünü ailədə təhlükəsiz, qəbul olunmuş və dəyərli hiss edirsə, onun psixoloji inkişafı daha sağlam istiqamətdə gedir. Əksinə, daim qorxu, təzyiq və emosional laqeydlik içində böyüyən uşaqlarda gələcəkdə özünəqapanma, aqressiya və sosial adaptasiya problemləri meydana çıxa bilər.

Valideynin uşağa münasibəti onun dünyanı necə qəbul etdiyini formalaşdırır. Uşaq valideyn davranışını müşahidə edərək sosial davranış qaydalarını öyrənir. Buna görə ailə ilk məktəb, valideyn isə ilk müəllim hesab edilir.

 

Uşağa düzgün yanaşmanın psixoloji prinsipləri

Uşağa düzgün yanaşma dedikdə yalnız fiziki ehtiyacların qarşılanması deyil, onun emosional, intellektual və sosial inkişafına kompleks dəstək nəzərdə tutulur.

Birinci prinsip uşağın şəxsiyyət kimi qəbul edilməsidir. Ənənəvi yanaşmada uşaqlar çox zaman yalnız böyüklərin qərarlarına tabe olan fərd kimi qəbul edilirdi. Müasir pedaqoji yanaşma isə göstərir ki, uşağın öz fikri, hissləri və daxili ehtiyacları vardır. Valideyn uşağın düşüncələrinə hörmət etməlidir.

İkinci prinsip empatiyanın qurulmasıdır. Empatiya uşağın yaşadığı hissləri anlamaq və onu emosional olaraq qəbul etməkdir. Məsələn, uşaq ağlayarkən “Ağlama, bu heç nə deyil” demək əvəzinə “Səni narahat edən nədir?” sualını vermək daha sağlam yanaşmadır.

Üçüncü prinsip təhlükəsiz emosional mühit yaratmaqdır. Uşaq bilməlidir ki, səhv etdiyi zaman alçaldılmayacaq, fikrini ifadə etdikdə cəzalandırılmayacaq və ailədə qəbul olunacaq.

 

Tərbiyə prosesində əsas modellər

Pedaqogika elmində valideyn tərbiyəsinin müxtəlif modelləri mövcuddur. Amerikalı inkişaf psixoloqu Diana Baumrind valideyn tərbiyəsini əsasən üç modeldə izah etmişdir.

1. Avtoritar tərbiyə modeli

Bu modeldə valideyn sərt qaydalar qoyur və itaəti əsas tələb hesab edir. Uşaqdan səbəb soruşmadan verilən tapşırıqları yerinə yetirməsi gözlənilir. Bu yanaşmanın mənfi tərəfi ondan ibarətdir ki, uşaq öz qərarlarını vermə bacarığını inkişaf etdirə bilmir. Gələcəkdə ya həddindən artıq itaətkar, ya da aqressiv şəxsiyyət formalaşa bilər.

2. Liberal tərbiyə modeli

Bu modeldə valideyn uşağa həddindən artıq sərbəstlik verir və sərhədlər müəyyən etmir.

Belə uşaqlarda məsuliyyət hissinin zəifləməsi, intizam problemləri və sosial qaydalara uyğunlaşmaqda çətinliklər müşahidə edilə bilər.

3. Demokratik tərbiyə modeli

Müasir psixologiya ən sağlam model kimi demokratik yanaşmanı qəbul edir. Burada valideyn qaydalar qoyur, lakin həmin qaydaların səbəbini izah edir, uşağın fikrini dinləyir və qarşılıqlı hörmət qorunur. Belə ailələrdə böyüyən uşaqlarda liderlik, məsuliyyət, emosional balans və yüksək özünəinam formalaşır.

 

Uşağın yaş dövrlərinə görə yanaşma strategiyaları

Uşağın inkişaf mərhələlərinə uyğun valideyn davranışı dəyişməlidir.

Erkən uşaqlıq dövrü (0–6 yaş) Bu dövrdə uşağın beyninin inkişafı çox sürətlə gedir. Valideyn sevgisi, toxunuş, təhlükəsizlik hissi və verbal ünsiyyət uşağın psixoloji bazasını yaradır. Bu yaşda sərt cəza metodları ciddi travmalara səbəb ola bilər.

Məktəb dövrü (6–12 yaş)

Bu mərhələdə uşaq sosiallaşmağa başlayır. Valideyn yalnız nəzarət edən yox, istiqamət göstərən şəxs olmalıdır.

Müqayisə etmək (“Filankəs səndən yaxşıdır”) uşağın özünəinamını zədələyən ən təhlükəli üsullardan biridir.

Yeniyetməlik dövrü (12–18 yaş)Bu mərhələdə şəxsiyyət formalaşması intensivləşir. Yeniyetmələr sərbəstlik istəyir və öz kimliyini axtarır. Valideyn sərt nəzarət əvəzinə dialoq qurmalıdır. Əmr vermək yerinə səbəb izah etmək daha effektivdir.

 

Cəza və mükafat sisteminin tərbiyədə rolu

Davranış psixologiyasının nümayəndəsi B. F. Skinner göstərirdi ki, insan davranışları mükafat və nəticələr vasitəsilə formalaşır. Uşağın hər səhvində fiziki və ya psixoloji cəza tətbiq etmək qorxu yarada bilər, lakin xarakter formalaşdırmır.

Effektiv yanaşmalar:

Davranışın nəticəsini izah etmək,müsbət davranışı tərifləmək,uşağın məsuliyyət hissini inkişaf etdirmək,fiziki cəzalardan uzaq durmaq,alçaldıcı ifadələr işlətməmək,mükafat yalnız maddi vasitələrlə deyil, emosional dəstəklə də verilə bilər. Bir çox hallarda “Səninlə fəxr edirəm” ifadəsi oyuncaqlardan daha təsirlidir.

 

Ünsiyyətin tərbiyədə rolu

Ailə daxilində ünsiyyət uşağın sosial bacarıqlarının formalaşmasının əsas mexanizmidir. Valideyn uşağı dinləməyi bacarmalıdır. Dinləmək sadəcə susmaq deyil, onun hisslərini anlamağa çalışmaqdır. Psixoloqlar bildirirlər ki, uşağın sözünü tez-tez yarımçıq kəsmək və fikirlərini əhəmiyyətsiz hesab etmək gələcəkdə özünüifadə problemlərinə səbəb olur.

Sağlam ünsiyyət üçün aşağıdakılar vacibdir:

göz kontaktı qurmaq,sakit tonla danışmaq,təhqirdən istifadə etməmək,uşağın fikrinə hörmət etmək,problem həllində birlikdə qərar vermək

Müasir dövrdə valideynlərin qarşılaşdığı problemlər Texnologiyanın inkişafı ailədaxili münasibətlərə ciddi təsir göstərmişdir. TikTok, Instagram və digər rəqəmsal platformalar uşaqların psixologiyasına yeni təsirlər yaradır.

Valideynlərin bir qismi uşağın texnologiya istifadəsinə tam qadağa qoyur, digərləri isə tam sərbəstlik verir.

Mütəxəssislər balanslı yanaşmanı tövsiyə edir. Texnologiyanın məqsədli və nəzarətli istifadəsi daha effektiv hesab olunur.

Valideyn–övlad münasibətləri insan şəxsiyyətinin formalaşmasının əsas sütunudur. Uşağa sevgi göstərmək təkcə onu qorumaq deyil, onun psixoloji inkişafına məsuliyyətlə yanaşmaq deməkdir.

Sağlam tərbiyə qorxu üzərində deyil, qarşılıqlı hörmət, empatiya və düzgün ünsiyyət üzərində qurulmalıdır. Valideyn uşağa sadəcə qaydalar öyrətmir, eyni zamanda öz davranışı ilə gələcəyin vətəndaşını formalaşdırır.

Cəmiyyətin gələcəyi ailədə yetişən uşaqların mənəvi və intellektual səviyyəsindən asılıdır. Buna görə valideynlik yalnız bioloji məsuliyyət deyil, eyni zamanda sosial və pedaqoji missiyadır.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 

Bazar ertəsi, 22 İyun 2026 10:02

Bu günün adı – Xəlil Rza Ulutürk

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi!

İstəyirəm səma kimi, günəş kimi, cahan kimi!

Çəkil, çəkil, ey qəsbkar! Mən bu əsrin gur səsiyəm!

Gərək deyil sısqa bulaq! Mən ümmanlar təşnəsiyəm!

 

Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində dünyaya gəlib. Bəzi qaynaqlarda onun doğum tarixi 1933-cü il olaraq qeyd edilib. Belə ki, onun pasportu və hərbi biletində təvəllüdü 1933-cü il yazılıb. Lakin X. Rzanın özü doğum tarixinin 1932-ci il olduğunu bildirib və özünün "Təşviqatçı" jurnalı ilə yaşıd olduğunu söyləyib.

Xəlil Rza Ulutürk 1939-cu ildə Salyan rayonu 2 nömrəli orta məktəbdə təhsil həyatına başlayıb və 1949-cu ildə orta məktəbi bitirib. Ulutürkün düşüncə dünyasını şeirlə ifadə etmə meyli orta məktəb illərində formalaşıb. Onun orta məktəb illəri ədəbi yaradıcılığının hazırlıq dövrü sayılıb. Müasir və klassik yazarların, eləcə də şifahi xalq ədəbiyyatının əsərləri ilə tanış olan Xəlil Rza bu illərdə özünü şeir vasitəsilə ifadə etməyə başlayıb.

Xəlil Rza Ulutürk 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. O, universitetdə oxuduğu dövrdə Cəfər Xəndan və Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəyə qoşulub. Daha sonra Xəlil Rza Ulutürk "Azərbaycan Yazıçılar Birliyi"nin sədri Mirzə İbrahimovun rəhbərliyi ilə təşkil olunan "Gənclər Günü" tədbirlərində iştirak edib. Ulutürkün daxil olduğu bu ədəbi mühit onun şair kimi yetişməsində və ədəbi biliklər qazanmasında mühüm rol oynayıb.

 

 Xəlil Rza Ulutürkün şeirləri 1949–1954-cü illərdə tez-tez çap olunub. Beləliklə o, ədəbi mühitdə tanınmağa başlayıb. Ulutürk 1954-cü ildə universitetdən məzun olur və həmin il Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Universitet təhsilini başa vurduqdan sonra "Azərbaycan Qadını" jurnalında işləməyə başlayıb və iki il bu jurnalda fəaliyyət göstərib.

1957–1958-ci dərs ilində Xəlil Rza Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Ali Ədəbiyyat kurslarına göndərilib. N. Xəzri, Ə. Kürçaylı, Qabil, M. Araz, S. Tahir, Ə. Əylisli, Fikrət Qoca, A. Mustafazadə, S. Məmmədzadə və başqaları da həmin təhsil ocağında təhsil alıblar.

Bu kurslarda müxtəlif illərdə Çingiz Aytmatov, Rəsul Həmzətov, Yevgeni Yevtuşenko, David Kuqultinov və başqaları da təhsil alıb, görkəmli yazıçılar Pablo Neruda, Romen Rollan, Nazim Hikmət və başqaları ilə kursun müdavimlərinin maraqlı görüşləri keçirilib. X. Rza Pavel Antokolskinin sinfində oxuyub.

1959–1962-ci illərdə "Göyərçin" jurnalının redaksiyasında çalışıb. 1959-cu ildə Moskva şəhərindəki təhsilini tamamladıqdan sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda bir müddət assistent kimi fəaliyyət göstərib. 1963-cü ildə o, "Müharibədən Sonrakı Azərbaycan Sovet Ədəbiyyatında Poema Janrı" mövzusunda dissertasiyasını müdafiə edərək "Filologiya elmləri namizədi" elmi dərəcəsini qazanıb.

Böyük Azərbaycan şairi Vaqifin 250 illik yubileyi münasibətilə Azərbaycana gələn Türkiyə heyəti ilə Ulutürkün görüşməsinə icazə verilməyib. Yubiley müddətində Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən izlənilən şair, bütün bu təzyiqlərə məhəl qoymadan Türkiyədən gələn qonaqları ilə hoteldə görüşərək onlara öz əlyazmalarını təqdim edib. Ulutürk Türkiyədə dərc olunan "Ana dili" şeirinə görə, Azərbaycan Yazıçılar Birliyi tərəfindən təzyiqlərə məruz qalıb. 8 sentyabr 1962-ci il tarixli "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunan məqalədə Xəlil Rzanın "zərərli milli qürur"u tənqid edilib. Ulutürk "Ana dili" şeirinin yayımlanmasından sonra 1967-ci ildə Azərbaycanlı yazıçıları təmsil edərək Türkiyəyə səfər edib. Bu vacib səfər şairin türkçülük ideyalarının əsasını qoyub.

Xəlil Rza bədii yaradıcılığa XX əsrin 40-cı illərinin sonlarından başlayıb.

1939–1949-cu illər Xəlil Rza Ulutürkün ilk romantik-yaradıcılıq şeir təcrübələrini etdiyi və onun bədii dünyasının formalaşma dövrü hesab olunub. Ulutürkün kommunizmi tənqid edən ilk şeiri olan "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc edilib. Bu şeir şairin arxiv sənədlərində də ilk mətbu əsəri kimi göstərilsə də, həmin ildə Pioner qəzetində şairin "Abşeron" şeiri də dərc edilib.

 

 Hələ 16 yaşında çap olunan bu şeir, şairin daha geniş bir ədəbi mühitlə tanış olmasına, müxtəlif dərnək və jurnallarda şeirləri ilə iştirak etməsinə şərait yaradıb. X. Rzanın 50-ci illərdə "Qatar gedər" (1951), "Budapeştdə heykəl" (1951), "Müqəddəs yol" (1952), "Böyük günlər bayramı" (1953), "Radionu dinlərkən" (1954), "Həyat düşüncələri" (1954) şeirlərində poetik intonasiya azlıq edib.

"Şərqin gözləri" (1956), "Şairin cavabı" (1956), "Bəzənin, a qızlar" (1961) kimi sosial-siyasi şeirlərində ənənəvi motivlər, epik-lirik təhkiyə görünən xüsusiyyət olub. 1957-ci ildə şairin ilk şeir kitabı "Bahar gəlir" işıq üzü görüb. Bundan iki il sonra isə "Sevən gözlər" adlı şeir kitabı çapdan çıxıb. 1950-ci ildə yazılan şeirlər şairin yaradıcılığında məhəbbət, qəhrəmanlıq və azadlıq mövzularının qaynağı hesab olunub.

Məsələn: "Mənim ata yurdum, ata məskənim" (1957–58), "Ata işdən gələndə" (1958), "Zəfər çələngi" (1958), "Ata əlləri" (1959), "Sırıqlı" (1959), "Miras" (1959), "Ay ana, yanımda olaydın mənim" (1959). Bu dövrdə yazılan şeirlərdə şairin müharibəyə olan münasibəti də özünü büruzə verib. "Nə gözəl yerləri qorumuşdur o" (1958), "Sizin mavzoleyiniz" (1958), "Hayıf, ata, sən görmədin" (1958), "Mən dava görməmişəm" (1967), "Atanın şer dəftərindən" (1968), "Ən qiymətli əklil" (1969) əsərləri döyüşçü ataya xatirat kimi yazılıb.

1960-cı illərdə dünyada baş verən ictimai-siyasi hadisələr və azadlıq hərəkatları milli ədəbiyyatlarda xalq və bəşəri dəyərlərin inkişafına səbəb olub, poeziyada bədii keyfiyyət dəyişikliklərinə yol açıb. Bu dövrdə şairlərin əsərlərində ictimai-siyasi ideyalar daha qabarıq şəkildə öz əksini tapıb. 60-cı illərin poetik axtarışları Xəlil Rzanın yaradıcılıq idealının mənbələrini aydınlaşdırıb, türkçülük, vətənpərvərlik, azadlıq və istiqlalçılıq ideyalarını ön plana çıxarıb.

Şairin "Bahar" (1960), "Yeni pəncərələr" (1960), "Göygöldə sübh açılır" (1961), "Mən Dneprə vurulmuşam" (1961), "Riqa körfəzində günəşin qürubu", "Günəşin yarısı görünür ancaq" (1961), "Bir dəstə çiçək" (1961), "Bakı bağları" (1961), "Bahar kimi" (1962), "Qızıl balıq və şəlalə" (1962), "Sonsuz qüvvət" (1962) şeirlərində təbiət idillyası, bədii obrazlar və dərin düşüncə qatları bir arada ifadə olunub.

 

Kitabları

1. Bahar gəlir

2. Bəhrəli gəlin

3. Səvən gözlər

4. Məhəbbət dastanı

5. Poema o Lyubvi

6. Mənim günəşim

7. Nastoyaşaya Lyubov

8. Qollarını geniş aç

9. Krasnodon qartalları

10. Yeni zirvələrə

11. Ucalıq

12. Doğmalıq

 

Qarabağ münaqişəsi başlayandan Xəlil Rza milli-azadlıq hərəkatının ön sıralarında dayanıb, millətin sevimlisi olub. Sovet imperiyası tərəfindən həbs edilib Lefortovo zindanına salındıqdan sonra isə əsl milli qəhrəmana çevrilib.

Həbsxana həyatından sonra səhhəti uzun müddət düzəlməyib. Xəstəliklərinə görə 1992-ci ildə Süleyman Dəmirəlin göstərişi ilə Cərrahpaşa xəstəxanasında şəkər və göz müayinəsindən keçib. Mayın 19-da isə Haseki Ürək Xəstəxanasında ürəyindən əməliyyat olunub. 1993-cü il fevralın 11-də Bakıya qayıdıb lakin, ayağındakı yara sağalmadığı üçün 23 avqust 1993-cü ildə Almaniyaya göndərilib. Burada Zolenger şəhər klinikasında müalicə olunub.

Onun müalicəsi Bakıda Kardiologiya İnstitutunda davam edib. Azərbaycan Prezidenti Heydər Əliyevin Fransaya səfəri zamanı nümayəndə heyətinin tərkibinə Xəlil Rza və xanımı da var idi. Şəkərli diabet şairə orada da rahatlıq vermir və ayaq barmaqlarında yaralar əmələ gəlib. Bakıya qayıtdıqdan sonra onun ayaq barmağını amputasiya etməli olublar. Bu səfər Xəlil Rzanın son səfəri olub.  Fransadan qayıdarkən cəbhə bölgələrində, məktəblərdə və birliklərdə tez-tez çıxışları onun səhhətini pisləşdirib və bədəni müalicələrə cavab verməyib.

 Bu illərdə Xəlil Rza həm də yeni işıq üzü görən Günay qəzetində də baş redaktor kimi çalışmağa başlayıb. Xəlil Rza Ulutürk 22 iyun 1994-cü ildə vəfat edib. Ulutürkün cənazəsi Azərbaycan Dövlət Filarmoniya Orkestrinin müşayiəti ilə çiyinlərdə aparılaraq Fəxri Xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Lyublyananın məşhur "Kinodvor" kinoteatrında "Onların Mehdisi, bizim Mixaylo" (“Njihov Mehdi, naš Mihajlo”) adlı sənədli filmin premyerası baş tutub.

 

 "RTV Sloveniya"nın istehsalı olan, Zvezdan Martiçin ssenari müəllifliyi və rejissorluğu ilə ərsəyə gələn bu ekran işi İkinci Dünya Müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşan, Azərbaycanın igid oğlu, əfsanəvi partizan Mehdi Hüseynzadənin qəhrəmanlıq yoluna işıq salır. Film iki xalqın o dövrdəki cəsarətli mübarizəsini əks etdirir. Filmin çəkilişləri 2026-cı ilin mart ayında Bakı şəhəri, Abşeron rayonu Novxanı kəndi, Oğuz rayonu və İsmayıllı rayonunda baş tutmuşdur.

Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) layihənin həyata keçməsində dəstək göstərib. Milli qəhrəmanlarımızın və şanlı tariximizin beynəlxalq arenada tanıdılmasına xidmət edən  layihələrə dəstək göstərmək prioritetlərdəndir.

 Sözügedən sənədli filmin ərsəyə gəlməsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu, Azərbaycan Respublikasının iqamətgahı Vyana olmaqla Sloveniya Respublikasındakı Səfirliyi, Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AzTV), eyni zamanda Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti, Nova Qoritsa şəhər meriyası, Şempas yerli icması dəstək göstərmişdir.

Filmin nümayişində Azərbaycan Respublikasının Sloveniya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, sənədli filmin rejissoru və ssenari müəllifi Zvezdan Martiç, tarixçi və Sloveniya Respublikasının Milli Assambleyasının üzvü Martin Premk çıxış etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Elə ölümlər var ki, onlara uzun müddət inana bilmirsən. Cabir İmanovda olduğu kimi. Hələ də YouTube-da səhnəciklərini izləyir, Parni iz Bakunun Heydər Əliyev sarayındakı konsertlərinin lent yazılarına baxır, “Slavyanka” süd və süd məhsullarının reklam çarxlarındakı ifaları gözlərimizə sataşır...

Aramızdan çox tez getdi.

Yaşasaydı bu gün cəmi-cümlətanı 50 illik yubileyini qeyd edəcəkdi...

 

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib.

1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. DTX Mədəniyyət mərkəzinin rəisi olub.

1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub. 2001-ciildən "PlanetParniizBaku" KVNTeatrınınaktyoru kimi fəaliyyətini davam etdirib. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 2020-ci ildə "BYJABA Handmade in Azerbaijan" brendini yaradıb. Brend xüsüsən əl işlərindən ibarət milli üslubda məhsulların istehsalı və satışı ilə məşğul olub.

 

Filmoqrafiya

 

- Etimad telefonu — Tahir

- Bir anın həqiqəti — Əkbər Usubov

- Məhəllə — Elşən (Eliş)

- Məhəllə 2 Moskvada — Elşən (Eliş)

- Tam məxfi — İsrafil

- Məşədi İbad-94 —Qoçu

- Qorxma, mən səninləyəm!

 

Təltif və mükafatları

- Azərbaycan Respublikasının əməkdar artisti

- "Tərəqqi" medalı

- "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

- "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

- "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medalı

- "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı

- "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı

- "Azərbaycan Polisinin 95 illiyi" yubiley medalı

- "Azərbaycan Polisinin 100 illiyi" yubiley medalı

- "Hərbi xidmətlərə görə" medalı.

 

29 sentyabr 2025-ci ildə aktyor Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor ürək tutmasından vəfat edib Yasamal qəbiristanlığında dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

Bazar ertəsi, 22 İyun 2026 16:09

Dünya, səndən kimlər keçdi...

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sizlərə əslən Qərbi Azərbaycandan olan növbəti ziyalımız barədə bəhs etmək istəyirəm. Sabir Mustafa barədə. O, ədəbiyyat tariximizdə əsasən bədii tərcümələri ilə qalıb. Onun bədii yaradıcılığının zirvəsi isə “Türk sonetləri” kitabıdır ki haqqında az sonra danışacağam.

 

Sabir Mustafa (Sabir Mustafayev) 1939-cu il 22 iyunda Qərbi Azərbaycanın Dərəçiçək mahalının Təkəli kəndində anadan olub. 1948-ci ildə Stalinin qərarı ilə ailəsi ilə birlikdə doğma yurd-yuvasından Saatlı rayonuna köçürülüb. Ancaq orada istilərə tab gətirməyən Sabirin ailəsi Qazax rayonunun Göycəli kəndində məskunlaşıb.

Sabir Mustafanın uşaqlıq illəri məhz saz-söz diyarı olan Qazax rayonunda keçib. Orta məktəbi də Göycəli kəndində bitirib. 1959-cu ildə Azərbaycan Pedoqoji Dillər İnstitunu bitirdikdən sonra təyinatla Zaqatala rayonunda orta məktəb müəllimi kimi 3 il işləyib.

Daha sonra Bakıdakı orta məktəbdə müəllim kimi, Azərnəşrdə, Yazıçı nəşriyyatda bədii ədəbiyyat üzrə redaktor kimi fəaliyyətini davam etdirib. 1992-ci ildən bu günə qədər Azərbaycan Dillər Universitetinin Tərcümə fakultəsində tədrislə məşğul olub.

Tələbələrinə tərcümə sənətinin incəliklərini, ingilis dilini yalnız bir dil kimi deyil bədii ifadə vasitəsi, ədəbiyyat dili kimi öyrədib. Uzun illər tərcümə sənəti ilə məşğul olan şair V. Şekspirin ölməz faciələri - "Romeo və Cülyetta", "Otello", "Hamlet", "Kral Lir", "Maqbet" və s. ingilis dilindən azərbaycan dilinə tərcümə edib.

V.Şekspirin "Sonetləri" (1980, 1992), "Pyeslər"i (1989) tərcümələri də kitab halında çap olunub. Frank Baumanın "Öz ölkəsinin möcüzələri", "Uzaq ellərdən doğma nəğmələr" kitablarının tərcüməsi də S.Mustafayevə aiddir. Bundan başqa o ingilis dilinin folklorundan, şifahi, klassik ədəbiyyatından nümunələr də tərcümə edib.

"Daha uşaq deyiləm" (1973), "Hədiyyə" (1982), "Məhəbbət ölmür" (1986), "Mən bu elin oğluyam" (1989), "Mənim taleyim" (1991), və s. şeir kitabları işıq üzü görüb. Onun bədii yaradıcılığının zirvəsi isə “Türk sonetləri”dir, bu kitaba 263 sonet daxil edilib. Bu sonetlərdə Türk dünyasının keçimişindən, gələcəyindən, bu günündən söhbət açılıb.

Türk dünyasının əzəmətini, qüdrətini özündə əks etdirən “Arazın fəryadı”, “Vətəndən vətənə”, “Ruhlar danışır” poemalarının da müəllifidir. Onun yazdığı “Nə gözəlsən ey Vətən”, “Yeni il”, “Novruz bayramı”, “Cənnət yurdum Qarabağ” və s. kimi şeirlərinə bəstəkar Rəşid Şəfəq musiqilər bəstələyib.

XX əsrin 60-70-ci illərindən Azərbaycanda orijinaldan birbaşa tərcümə problemləri ilə geniş məşğul olan Sabir Mustafayev bir çox əcnəbi şairlərin Azərbaycan dilinə tərcüməsində böyük rol oynamış, belə tərcümənin gözəl nümunələrini yaradıb. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə tanınmış şair Sabir Mustafa “Tərəqqi” medalı ilə təltif olunub.

 

Kitabları:

"Daha uşaq deyiləm" (1973

“Meh əsəndə” (1980)

"Hədiyyə" (1982)

"Məhəbbət ölmür" (1986)

"Mən bu elin oğluyam" (1989)

"Mənim taleyim" (1991)

“Türk sonetləri” (2017)

 

Poemaları:

“Arazın fəryadı”

“Vətəndən vətənə”

“Ruhlar danışır”

 

Tərcümələri

- Frank Baum. “Öz ölkəsinin möcüzələri”

- Robert Berns. İnqilab nəğməsi; Mənim məhəbbətim (şeir)

- Con Gits. Göyərçin (s.280) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab

- Ceyn Teylə. Dan ulduzu (s.287) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab

- Edis Seqəl. Əgər quş olsaydım mən (s.288) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). 1-ci kitab

- Volt Vitmen. Ah, kapitan, can kapitan!.. (s.289) (şeir). Dünya (orijinaldan tərcümə toplusu). I kitab

 

Ədib 11 mart 2020-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

Bazar ertəsi, 22 İyun 2026 08:03

Ədəbiyyatımızın qalıcı imzası

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Buad çoxlarınatanış gəlməyə bilər. Amma o, ədəbiyyatımızın qalıcı imzalarındandır. Yazdığı nəsr nümunələri ciddi ədəbiyyat nümunələri olaraq bədii ədəbiyyat xəzinəmizi rövnəqləndiriblər.

 

Sara Nəzirova 1944-cü il 29 dekabrda Oğuz rayonunda anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirib. 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbini müvəffəqiyyətlə başa vurub.

1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına qəbul olunub. S.Nəzirova 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləyib. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışıb

Sara Nəzirovanın əsərləri 1968-ci ildə dövri mətbuatda çap olunmağa başlayıb. Təsviri incəsənət haqqında məqalələri və nəsr əsərləri "Ədəbiyyat və incəsənət", "Odlar yurdu", "525-ci qəzet", "Vışka", "Bakinskiy raboçiy", "Azerbaydjanskie izvestie", "Mir literaturı", "Den" qəzetlərində, "Qobustan", "Yurd", "Avropa-Asiya", "Gənclik", "Literaturnıy Azerbaydjan", "Pioner", "Kontakt", "Ulduz" jurnallarında dərc olunub

1994-cü ildə Amerika Birləşmiş Ştatlarında "İkarus" jurnalında onun povesti Azərbaycanı təmsil edib. 1996-cı ildə YUNESKO-nun "The World Literature to Day" toplusunun payız sayında "Kəpənək ömrü" povesti dərc olunub. O, 2010-cu ildə ən yaxşı hekayə üçün Beynəlxalq müsabiqənin qalibi olub.

S.Nəzirovanın 1983-cü ildə "Yazıçı" nəşriyyatında "Terrakota", 1986-cı ildə "Qədir ağacı", 1992-ci ildə yenə həmin nəşriyyatda "Tale damğası", 1990-cı ildə "Gənclik" nəşriyyatında "Nağıl nabatı", 1996-cı ildə "Şərq-Qərb" nəşriyyatında "Beton evdən yazılar", 2007-ci ildə "Ziya" nəşriyyatında "Əşrəf Muradoğlu", AME nəşriyyatında ingilis dilində "Selected Works" kitabları çap edilib.

Onun yaradıcılığı haqqında 2003-cü ildə "Elm" nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə "Oğuz gözəlləməsi" kitabı nəşr olunub. "Azərbaycanfilm" kinostudiyasında "Batmış şəhərin incəsənəti", "Nar nağılı", "Qəsd", "İçərişəhərin hamamları", "Dost dosta tən gərək", "Üfüqü ötənlər" filmləri onun ssenariləri əsasında çəkilib.

Sara Nəzirovanın "Nağılını göstər", "Mərd körpüsü", "Qayıt", "Sözün sehri" pyesləri Azərbaycan Dövlət Teatrlarında tamaşaya qoyulub. Əsərləri rus, ukrayna, ingilis, ispan, çin və s. dillərdə nəşr olunub. 9 may 2012-ci il tarixdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

 

Filmoqrafiya

- Nar ağacının nağılı

- Qədim hamamlar

- Qəsd

- Söhbətül-əsmar

- Siçan və pişik

- Üfüqü ötənlər

- Sirli bənövşə

 

Sara Nəzirova 22 iyun 2014-cü ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Balacadan böyüyə hər kəsin sevə-sevə izlədiyi “7 oğul istərəm” filmində mənfi obraz var, Kələntər dayı. Onu yaradan Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR və SSRİ xalq artisti İsmayıl Osman oğlu Osmanlı rola necə deyərlər canını qoyub və mənfi olsa belə obrazı sevdirə bilib. Günümüzdə isə meyarlar dəyişibdir, indi komsomol Bəxtiyarla Cəlal deyil, qaçaq Gəray bəy və əlaltısı Kələntər dayı müsbət qəhrəmana çevrilibdir. Demək, günümüzdə Kələntər dayı obrazına sevgi də artıb.

 

        

İsmayıl Osmanlı 24 (11) aprel 1902-ci ildə Nuxada (Şəki) kasıb ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1921-ci ildən Nuxa və Gəncə dram dərnəklərinin tamaşalarında rollar oynayıb. Teatra gəlməyini sonralar özü belə xatırlayırdı: “Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Nuxada kulübün yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı”.

1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.

İlk böyük uğuru Cəfər Cabbarlının “1905-ci ildə” pyesinin tamaşasında Bahadur bəy obrazı olub. İsmayıl Osmanlı həmin illərdə Cəfər Cabbarlı ilə bir teatrda çalışırdı. Aktyor və rejissor İsmayıl Hidayətzadə ilə bir səhnəyə çıxdığına görə özünü xoşbəxt sanırdı. Xatirələrində deyirdi ki, o vaxt belə düşünürdüm ki, mənə daha məktəb lazım deyil: “İsmayıl Hidayətzadənin zərgər işi mənə böyük məktəb idi. Rolda başqalaşmaq, dəyişmək üçün onun sənəti mənə bir dərs oldu”.

Onun böyük sənət yoluna qədəm qoyması belə başlayır. Aktyorluq sənətinə olan məhəbbəti onu qısa müddət ərzində tamaşaçılara sevdirib. Sənət dostlarından fərqli olaraq İsmayıl Osmanlının obrazlar qalereyası öz rəngarəngliyi ilə seçilib.

İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların məşhur ifaçısı olub. Əsas rolları bunlardır: Keçəl Aslan, Fon Hols, Şaliko ("Xanlar", "İnsan" və "Vaqif", Səməd Vurğun), Əmrah ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş ("Qatır Məmməd", Zeynal Xəlil), Nikita Pavloviç ("Qızıl çeşmə", Qurban Musayev), Məşədi Cəfər ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Mirzə Qərənfil, Zakir, Əhməd bəy, Xəlil, Qasım ("Xoşbəxtlər", "Aydınlıq", "Küləklər", "Əliqulu evlənir" və "Nişanlı qız", Sabit Rəhman), Mirzə Heydərqulu, Şəkinski, ("Həyat" və "Kəndçi qızı", Mirzə İbrahimov), Koxa Məmməd ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Məşədi Oruc, Hacı Naib ("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Xaspolad, Mirzə Cavad ("Oqtay Eloğlu" və "Aydın", Cəfər Cabbarlı), Kefli Bəşir ("Bahar suları", İlyas Əfəndiyev), Cəbi ("Hacı Qəmbər, Nəcəf bəy Vəzirov), Səfər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Əşrəf ("Türkiyədə", Nazim Hikmət), İsidor Cakeli ("Darıxma, ana!", Nodar Dumbadze), Aleksandrov ("Canlı meyit", Lev Tolstoy), General Berqoyn ("Şəxsi iş", Aleksandr Şteyn), Baş senator, Feste, Gilderstern ("Otello", "On ikinci gecə" və "Hamlet", Vilyam Şekspir), Krutitski, Tixon və karandışev ("Müdriklər", "Tufan" və "Cehizsiz qız", Aleksandr Ostrovski)

İsmayıl Osmanlı teatrla yanaşı kinoda da müxtəlif səpgili rollar qalereyası yaradıb.O, "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.

 1970-ci ildə Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Yeddi oğul istərəm” filmində yaratdığı Kələntər obrazını barədə isə ayrıca danışmışıq.

1971-ci ildə yazıçı İsa Hüseynovun ssenarisi əsasında rejissor Əjdər İbrahimov “Ulduzlar sönmür” filminə quruluş verir.

Tarixi-bioqrafik janrda çəkilən film şərq xalqlarının azadlığı uğrunda mübarizə aparan Azərbaycan Xalq Komissarları Sovetinin sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri, həkim, yazıçı Nəriman Nərimanovun həyat və çoxsahəli fəaliyyətindən bəhs edir. Bir neçə novelladan ibarət olan filmdə Nəriman Nərimanovun həyatının ən parlaq səhifələri yer alıb.

O, bu filmdə Hacı Zeynalabdin Tağıyev obrazını yaradıb və rol çox uğurlu alınıb. Hətta aktyor Tağıyev obrazını o dərəcədə millətpərəst, xalqını sevən xeyriyyəçi kimi gözəl yaradıb ki, nəticədə də filmin başı bəlalı olub.

Azərbaycan kinosuna böyük dəyər verən siyasi xadim, ulu öndər  Heydər Əliyevin sayəsində filmi xilas etmək mümkün olub. Bakı erməniləri şikayət məktubları yazaraq “Nə üçün millətçi Nərimanovu, milyonçu Tağıyevi gənclərə nümunə kimi təqdim edirsiniz?” deyə etiraz səslərini yüksəltmək istəsələr də, Ulu öndər böyük xeyirxahlıq göstərərək büroda bu məsələni həll etmiş və filmin   kinoteatrlarda nümayiş etdirilməsi ilə bağlı göstəriş vermişdir.

İsmayıl Osmanlı 1978-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.