Budur yolum! Budur andım! Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Yenə də seyr etdim doğma Bakımı,

 Üfüqdən üfüqə uçdu nəzərim.

Misralar tərpətdi dodaqlarımı, 

Döndü bəstəkarı mavi Xəzərim.

 

Günəş  boylanırdı  doğma   Xəzərdən,

 Qızıl  tellərini  öpürdü  sular.          

 Bakımın  qoynundan  qanadlanırdı,

 Durna  qatarıtək  göyə arzular.

 

Mən  zamanın  arxasında,

Kölgə  kimi sürünmürəm.

Döyüş  günü  gözdən itib,

Zəfər  günü  gözdə bitib,

Ön cərgədə  görünmürəm...

Amalımı,  mətləbimi

Dalda  yerdə  haqlamıram.

Duyğularım boğazımda

ya dilimdə

Ahəngini dəyişərək,

kəyişərək,

Sınıq-salxaq  misralara  çevrilməyir.

Lakin yenə öz vicdanım,

Mənliyimə sipər olub.

Aydan arı,

Sudan duru

Söz vicdanım,

El gözündə yekələnib,

Aqibətim zəfər olub.

Budur yolum!

Budur andım!

 

Tanınan şair, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü Atif Zeynallı 20 mart 1927-ci ildə dünyaya göz açıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü Atif Zeynallı ədəbiyyata 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunan "Azərbaycan" adlı şeiri ilə gəlib, ömrünün sonuna qədər on dörddən artıq şeir kitabı dərc edilib.

 Yeddinci sinfə qədər Bakıdakı 132 saylı orta məktəbdə oxuyub. Böyük Vətən müharibəsi başlanandan sonra ailəsi aclığa görə Mərdəkandakı bağ evinə köçüb. Alim ömrünün son illərini də bu evdə yaşayıb.  1944-1949-cu illərdə ADU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb.

 Əmək fəaliyyətinə Cəlilabadda müəllim kimi başlayıb, sonra Mərdəkandakı 156 saylı axşam məktəbində (vaxtilə burada 8-10-cu sifləri oxumuşdu) müəllimlik edib. Müəllimliklə yanaşı, gündüzlər "Azərnəşr"də redaktor kimi çalışıb. Özünü ədəbiyyatda şair kimi görmək istəyən Zeynallı 1953-cü ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub.

 1956-cı ildə Azərbaycan EA Ədəbiyyat İnstitutunda işə girib. Stalinin bütünün sındırılması o zaman ədəbi mühitdə gərginlik və parçalanma yaradıb, qoca ədiblərin çoxu açıq-gizlin Stalinin ifşasına qarşı olublar. O  isə bir alim və şair kimi stalinizmin tənqidinə tərəfdar olub.

Ədib 1957-ci ildə "C.Cabbarlının dramaturgiyasında yeni insan surətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Həmin ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.

Atif Zeynallının yazdığı üç iri monoqrafik əsəri XX əsr ədəbiyyatının böyük simaları olan Cəfər Cabbarlıya, Süleyman Rüstəmə və Səməd Vurğuna həsr edilib. Namizədlik işini alim ayrıca çap etdirməyib.

 

Atif Zeynallının elmi fəaliyyəti ömrünün sonuna qədər AMEA Ədəbiyyat İnstitutu ilə bağlı olub: orada kiçik elmi işçi, sonra isə böyük elmi işçi (1960) seçilib. Elmi şuranın daimi üzvü kimi Atif Zeynallı orada prinsipial çıxışlar edirdi, elmdə saxtakarlığa, tamahkarlığa qarşı mübarizə etməyə çalışıb.

Ədəbiyyatın milli özəlliyinin, xalq köklərinin himayəçisi kimi çıxış edib. Bir qayda olaraq instituta verilən müdafiə şuralarının üzvü olub. Atif Zeynallı bir sıra aspirant və dissertantların elmi rəhbəri olub. Cavan yaşlarından o, sovet ədəbiyyatı şöbəsində işləyib.

Şöbə xətti ilə hazırlanan iki cildlik sovet "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin əsas müəlliflərindən biri olub. O "20-ci illərdə ədəbiyyat" fəslində "Giriş" və "Dramaturgiya", "Müasir dövrdə ədəbiyyat" fəslində isə "Poeziya" oçerkini yazıb. Bir şair kimi Atif Zeynallı müharibədən sonra Səməd Vurğun məktəbinin təsiri ilə yetişən vətənçi şairlər nəslinin nümayəndəsi olub.

 Onların sırasında Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Adil Babayev, Qasım Qasımzadə, İslam Səfərli və başqaları var olub. Onlar Səməd Vurğunun xalqçılıq, kökə bağlılıq ideyaları ilə zəngin olan poeziyasını həm məzmun, həm də dil və forma cəhətdən sevib və böyük şairin xəttini və məktəbini davam etdirməyə çalışıblar.

Alim ömrünün müdrik illərini dərindən sevdiyi Səməd Vurğun yaradıcılığı barədə monoqrafiyanı yazmağa həsr edib. Bu kitab onun ölümündən bir il qabaq 1990-cı ildə çap olunub. Səməd Vurğun onun ən çox təsirləndiyi və sevdiyi şair olub

Atif Zeynallının mətbuatda çoxlu resenziya və məqalələri çıxıb. Bunların çoxu C.Cabbarlı, S.Vurğun, S.Rüstəmə həsr edilib. Onun digər qələm dostları haqqında da məqalələri çoxdur.

Poeziya ilə yanaşı dram əsərləri də yazıb. "Sirlər yuvası", "Nəriman ata", "Məmmədəli kurorta gedir", "Ləkə" və pyesləri Bakı, Gəncə teatrlarında səhnəyə qoyulub. Ədibin pyesləri əsasən komik-dramatik üslubda olub. Təəssüf ki, bu əsərlər toplanıb çap edilməyib. Ümumən alimin səliqəli arxivi yoxdur.

Şairin “Eşşəyin eşşəkliyi”, “Qara pişiyin hiyləsi” və s. təmsilləri də böyük maraq və məna kəsb edir. Oxucuda həm istehza, həm də düşünmə hissini artırır:

 

Keçdi yavaş-yavaş o, iş başına,

Qohum-əqrəbanı yığdı başına,

Əlini uzatdı özgə aşına,

Dəvəni yüküylə yeyəndi eşşək.

                                

Bir azdan piylənib döndü bir dağa,

Qoydu canavarı, pələngi lağa,

Dayandı şir ilə qabaq-qabağa,

Hər yerdə özündən deyəndi eşşək!

 

O, 28 yanvar 199-ci ildə vəfat edib. Atif Zeynallının məzarı atasının və cavan vəfat edən qardaşının dəfn edildiyi Yasamal qəbristanlığındadır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.