Rəssam Nəvai Metinin könül atlasından– GÜLƏN ADAMLAR Featured

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Deyirəm, bəzən bir ulusun yaddaşını dəftər-kitabla deyil, tək bir təbəssümlə də oxumaq olur.

Ünlü rəssam, dostumuz-qardaşımız Nəvai Metinin “Gülən adamlar” tablosu elə bu həqiqətin rənglərlə yazılmış şəkli deyilmi?

 

Gülüşü tutulanların hər biri – öz dönəminin bilgisini-tapmacasını, kədərini-sevincini, qayğısını-qayğısızlığını… daşıyan adamlardır; gülüşləri də özünəxasdır:

dərdin içindən boylanan işıq,

yığvalın ağır yüklərini yumorla yüngülləşdirən hal

və ən əsası – insan qalmaq ləyaqətinin çiçəklənməsi kimi... Sənətkarlığı fırça ilə açılan Nəvai Metinin, sənətkarlığı qələmlə üzə çıxan eloğlusu - Məmməd İlqar həncəri derdi? - “Dərdin-qəmin içində də haylı-haraylı kişilər”… - Gəlin o, mükəmməl poetik lövhəni bura tam köçürəlim:

 

“Sovqatımı qəbul edin,

Sovqatlı-paylı kişilər,

Adınıza layiq ola

Kaş bu gəraylı, kişilər.

 

Aran-yaylaq köçündə də,

Əkində də, biçində də,

Dərdin-qəmin içində də

Haylı-haraylı kişilər.

 

Hər nisgili bölərsiniz,

Hər müşgülü bilərsiniz,

Siz ayrı kişilərsiniz -

Var olun, ayrı kişilər!

 

Bar-bərəkət aylarında,

"İp atdırmaz" öylərində...

Oğul-uşaq toylarında

Kepqası əyri kişilər”..!

 

Sözüm ona, Nəvai Metin gülüşü sadəcə mimika kimi çəkmir, məncə. Məncə, onun tablolarında təbəssüm – xarakterdir, əxlaqdır, mədəniyyət kodudur. Sənətkarın bu minvalla yaratdığı silsilə sanki bir ulusun genetik yaddaşına hopmuş nikbinliyin, mərdliyin, yumorun və digər kateqorilər üzrə hərəkətlərin, halların… rənglərlə danışan ensiklopediyasıdır…

Onun sənət sevdası ötəri deyil, təkcə bu tabloda bitmir. Budur, bir yanında qardaş Pakistanın yaradıcı dostları – Asiyanın gülən gözləri,

o biri yanında dosdoğma Qazax mahalının işıqlı üzləri – bozqır küləyi kimi arı-duru və… sərt çöhrələr…

Beləcə, Nəvai Metin fırçasıyla gülümsəyən coğrafiya yaradır:

Anadoludan başlayıb Qafqaza, Orta Asiyaya və ordan da o yana uzanan bir ruh xəritəsi...

Bir ulusun böyük sərvəti bəlkə onun qızılı deyil, nefti deyil – üzündə itməyən gülüşüdür. – “Gülən adamlar”, elə o biri adam kimi adamlar da bunu bizə bir daha xatırladır.

O gülüşü çəkə bilən rəssam isə, artıq ulusun könül salnaməçisi kimi çıxışa iddialı və bu iddiada haqlı görünür.

Nəvai Metin fırçasında işıq var, anılar var, bir də – daim gülümsəyən insanlıq… “NƏ GÖZƏL YARAŞIR İNSANA GÜLMƏK”… – Gözəlmi? – Gözəl!

Sənətkarın əlinə, ürəyinə və ruhi gücünə alqış!

 

P.S.

Yanlış oxşatmıramsa, rəssam “Gülən adamlar”da özünü iki dəfə çəkib. Əgər belədirsə, bu nə üçündür? – Deyim: Bu tablo, belə demək olarsa, yenilənməyə açıqdır və sabah-birisigün yeni bir gülən adam əlavə olunanda rəssam heç kəsin könlünə dəyməyəcək, özünün gülüşlərindən birini başqa könül dostunun gülüşü ilə dəyişəcək…

UĞURLAR!

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.