Onların xüsusi qayğıya ehtiyacları var...

 

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Balakən təmsilçisi

 

Ötən gün Balakən Gənclər Evində 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə genişmiqyaslı tədbir təşkil olunub. Tədbirdə Uşaq Reabilitasiya Mərkəzi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq bacarıqlarını əks etdirən əl işləri — rəsm əsərləri, toxuma nümunələri, muncuqdan hazırlanmış zinət əşyaları — sərgilənib.

 

Sərgidə təqdim olunan bəzi işlər motivasiya məqsədilə satışa çıxarılıb və bu, uşaqlara həm özünəinam, həm də yaradıcı fəaliyyətə daha böyük həvəs qazandırıb.

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri də iştirak edərək öz çıxışları ilə tədbir iştirakçılarına duyğulu anlar yaşadıblar. Onlar uşaqların inkişafı, gündəlik həyatdakı mübarizələri və kiçik nailiyyətlərin belə böyük sevinc gətirdiyini bölüşüblər.

Görüşdə müxtəlif qurumların nümayəndələri, yerli ictimaiyyətin təmsilçiləri və gənclər iştirak edərək həmrəylik mesajı veriblər. Tədbirin məqsədi bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləmək, onların istedadlarını tanıtmaq və sosial həssaslıq mövzusunda maarifləndirmə aparmaq olub.

Bu cür tədbirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının görünməsinə, onların sosial həyata daha fəal qoşulmasına və ictimaiyyətin diqqətinin bu mövzuya yönəlməsinə mühüm töhfə verir.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.