Könül, “Ədəbiyyat və incəsənət”
"Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox…" – biri-birindən gözəl 3 möhtəşəm romanla adını ədəbiyyat tariximizə yazıdran Xalq yazıçısı Kamal Abdullanın bu gün doğum günüdür, yubileyidir, 75 illiyidir.
Xalq yazıçısı, AYB sədri Anar Kamal Abdullanı “çox gözəl ziyalı”, “ədəbiyyatımıza maraqlı yeniliklər gətirən” bir yazar kimi qiymətləndirib. O, Kamal Abdullanın həm bədii, həm elmi fəaliyyətini yüksək dəyərləndirir.
Dilçi, akademik Möhsün Nağısoylu qeyd edib ki, Kamal müəllim “geniş diapazonlu, yüksək intellektli bir ziyalıdır” və onun əsərləri xaricdə — İtaliya, Yaponiya, Türkiyə, Rusiya və s. — çap olunub. Bu, Azərbaycana mədəniyyət və elmi baxımdan layiq nümunə gətirib.
Tənqidçi-ədəbiyyatşünas Mehman Qaraxanoğlu onun ədəbiyyata və elmi-tədqiqat fəaliyyətinə həsr edilmiş “Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabında Kamal Abdullanın əsərlərindəki dərin məna qatlarına, estetik və bədii dəyərə diqqət çəkir. Kitabda onun milli söz sənətinə gətirdiyi yeniliklər və dünya ədəbiyyatı ilə əlaqələri tədqiq olunur.
Öz müsahibələrində Kamal Abdulla bədii yazını və dilçiliyi bir-biri ilə əlaqəli görür: tərcümədən, dramaturgiyadan, şeirdən, nəsrdən danışaraq deyir ki, hələ orta məktəbdən şeir yazmağa başlamışdı — ədəbiyyat onun üçün həmişə maraqlı olub.
O vurğulayır ki, ona görə çalışıb ki dilçilik elmi tədqiqatı ilə bədii nəsri birləşdirsin — yəni “elmi-estetik” yaradıcılıq yolunu izləsin.
Eyni zamanda, Kamal Abdulla üçün ədəbiyyat sadəcə “romançılıq” deyil — insanların ruhu, varlığı, mədəni yaddaşı ilə bağlı bir missiyadır. Bu baxış tənqidçilər tərəfindən də təqdir olunur.
Onun ədəbi və elmi irsi bir-birini tamamlayır — bu, çox az sayda Azərbaycan ziyalısına xas xüsusiyyətdir.
Kamal Abdulla sayəsində Azərbaycan ədəbiyyatı və mədəniyyəti xaricə tanıdılıb — əsərləri müxtəlif dillərə tərcümə olunub, elmi və bədii layihələri beynəlxalq səviyyədə qiymətləndirilir.
O, yalnız yazıçı və alim deyil — eyni zamanda ictimai xadimdir: ədəbi-tənqidi prosesə, tərcümə-mədəniyyət layihələrinə, gənc nəsilin yetişdirilməsinə töhfə verib.
Onun son illərdə bir dramaturq kimi də parlaması isə çoxşaxəli yaradıcılığından xəbər verir.
***
Kamal Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib. 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973–1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı olub.
1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. 1977–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun "Türk dillərinin müqayisəli tədqiqi" şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.
1983-cü ildən başlayaraq televiziyada "Azərbaycan dili", "Qoşma", "Dəfinə", "Sözün sirri" kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub. 1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası müdafiə edib.
Onun pedaqoqluğu da diqqət çəkir, 80-lərin sonlarında Bakı Dövlət Universitetində dilçilikdən verdiyi dərsləri digər ali məktəb tələbələri də gəlib dinləyirdilər.
300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir. Akademik Kamal Abdulla 2015-ci ildə (prof. E. Ə. Nəcəfov ilə həmmüəlliflikdə) "Multikulturalizm" fənni üzrə "Multikulturalizmə giriş" (Bakalavr səviyyəsi üçün) və "Azərbaycan multikulturalizmi" (Magistr səviyyəsi üçün) tədris proqramları hazırlayıb. O, "Azərbaycan multikulturalizmi" adlı ali məktəblər üçün dərsliyin elmi redaktoru (prof. E. Ə. Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biridir.
Kitabları
Dilçilik
- "Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri"
- "Azərbaycan dili sintaksisinin nəzəri problemləri"
- "Azərbaycanda rus dili" prof. İlyas Həmidovla birgə
- "Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik"
Qorqudşünaslıq
- "Gizli Dədə Qorqud"
- "Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2"
- "ТайныйДедеКоркут"
Kamal Abdullanın bədii əsərləri – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunub. Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunub və nəşr edilib. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub.
Kamal Abdulla "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox…", "Sirlərin sərgüzəşti", "Laokoon, Laokoon..." "Tarixsiz gündəlik" romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir.
Mükafat və təltifləri
1999-cu ilin dekabr ayında Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan "Kitabi-Dədə Qorqud" dastanının tədqiqindəki xidmətlərinə görə Kamal Abdullayevə Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının əməkdar elm xadimi" adı verilib.
- Rusiya Federasiyasının Puşkin medalı
- Azərbaycanda Humay mükafatı
- 525-ci qəzetin "İlin romanı" adlı mükafatı
- Monitorinq qrupunun "İlin ədəbiyyat adamı"
- Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə "Karl Kramej" medalı
- Polşa Respublikası prezidenti Lex Kaçinski tərəfindən təqdim edilən "Böyük Xaç" kavaler ordeni
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Xalq yazıçısı" fəxri adına layiq görülüb.
Biz də Redaksiyamız adından görkəmli ədibimiz, pedaqoqumuz. Ictimai xadimimizi səmimi qəlbdən təbrik edir, ona yüz il ömür və yeni şedevr əsərlər arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(04.12.2025)


