Super User

Super User

 

 Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə layihəsində Türk-İslam mədəniyyətinin intibah dövrü sayılan XI əsrdəki görkəmli nümayəndəsi Nizamülmülk (tam adı Əbu Əli Həsən ibn Əli Tusi) barədə söhbət açacağıq.

 

Türk-İslam mədəniyyətinin intibah dövrü sayılan XI əsrdə Nizamülmülk (tam adı Əbu Əli Həsən ibn Əli Tusi) yalnız bir dövlət xadimi kimi deyil, həm də maarifçi, strateq və ideoloq kimi mühüm tarixi şəxsiyyətlərdən biri kimi çıxış etmişdir. Onun fəaliyyəti Səlcuq imperiyasının siyasi və mədəni əsaslarının möhkəmlənməsinə, eyni zamanda İslam dünyasında elm və təhsilin sistemləşməsinə böyük təsir göstərmişdir. Nizamülmülkün maarifçilik ideyaları həm dövlət idarəçiliyində, həm də ictimai-mədəni həyatda dərin iz buraxmışdır.

 Nizamülmülkün ən mühüm xidmətlərindən biri elm və təhsilin dövlət səviyyəsində təşkili sahəsindədir. Onun təşəbbüsü ilə Bağdadda, Nişapurda, Bəlxdə və digər şəhərlərdə “Nizamiyyə” mədrəsələri yaradılmışdır. Bu təhsil müəssisələri o dövr üçün müasir elm mərkəzləri sayılırdı. Nizamiyyə mədrəsələri İslam dünyasında ilk dəfə olaraq sistemli tədris proqramı, müəllim maaşı və dövlət tərəfindən maliyyələşən təhsil modeli ilə seçilirdi. Bu model sonradan digər İslam ölkələrində və hətta Avropada tədris sistemlərinin formalaşmasına təsir etmişdir.

 Nizamülmülkün məqsədi yalnız dini elmlərin deyil, həm də hüquq, fəlsəfə, tarix, ədəbiyyat kimi sahələrin inkişafını təmin etmək idi. O, elmə sahib olanların dövlətin və cəmiyyətin tərəqqisində əsas rol oynayacağına inanırdı. Bu baxımdan Nizamülmülkün maarifçilik fəlsəfəsi İslamın intellektual ənənəsini gücləndirərək, elm və iman arasında tarazlıq yaratmağa yönəlmişdi.

 Nizamülmülkün “Siyasətnamə” əsəri təkcə siyasi traktat deyil, həm də maarifçi ideyalar toplusudur. O, əsərində bilik və təhsilin dövlət idarəçiliyində, ictimai ədalətin bərpasında və mənəvi nizamın qorunmasında əvəzsiz rol oynadığını vurğulayır. Nizamülmülk üçün maarifçilik yalnız fərdi inkişafın deyil, həm də dövlətin möhkəmliyinin təminatıdır. Onun fikrincə, ədalətli hökmdar elmli olmalı, alimləri himayə etməli və xalqın təhsilinə diqqət göstərməlidir.

 Bu baxış bucağı Türk-İslam siyasi-fəlsəfi düşüncəsində yeni bir mərhələnin başlanğıcı oldu. “Siyasətnamə” əsəri sonrakı dövrlərdə bir çox türk dövlətlərində idarəçilik və maarif prinsiplərinin formalaşmasına ideoloji baza yaratdı.

 Nizamülmülkün təsiri yalnız Səlcuq imperiyası ilə məhdudlaşmamış, ümumtürk-İslam dünyasında geniş yayılmışdır. O, elmin və təhsilin dövlət siyasətinin ayrılmaz hissəsi olmasının vacibliyini önə çəkərək, dövlət idarəçiliyinə elm adamlarının, hüquqşünasların və alimlərin cəlb olunmasını təmin etmişdir. Onun dövründə alimlərə, şairlərə və filosoflara göstərilən himayə mədəni dirçəlişin əsas səbəblərindən biri olmuşdur.

 Nizamülmülk Türk-İslam maarifçiliyinin ən önəmli simalarından biridir. O, dövlət idarəçiliyində elmə və təhsilə verdiyi önəmlə yalnız siyasi sabitlik yaratmamış, həm də intellektual və mədəni inkişafın əsaslarını qoymuşdur. “Siyasətnamə” və “Nizamiyyə” mədrəsələri vasitəsilə o, maarifçiliyin sistemli bir dövlət siyasəti səviyyəsinə yüksəlməsini təmin etmiş, beləliklə də Türk-İslam dünyasında elmin, mədəniyyətin və mənəviyyatın qovuşduğu bir mühit formalaşdırmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2025)

 

 

 

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Məlum olduğu kimi indiyədək dünyanın bir sıra ölkələrində arxeoloji qazıntılar zamanı təsərrüfat küpləri və xüsusilə də, küp qəbirlər aşkarlanmış, qədim tarixə malik olan bu kimi maddi-mədəniyyət nümunələri hər bir ölkənin muzeylərində ən qiymətli tarixi tapıntı kimi çox səliqəli və güvənli şəkildə qorunub saxanılır.

 

Bu gün Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında açıq səma altında saxlanılan qədim təsərrüfat və küp qəbirləri sözün həqiqi mənasında olduqca qiymətli tapıntılardır. Onların bəzisi nadir tapıntı olmaqla yanaşı, həm də 2000 ildən çox yaşa malikdir. Amma belə qiymətli maddi-mədəniyyət nümunələrini heç bir restavrasiya işləri aparılmadan Cəlilabad şəhərində Heydər Əliyev adına prospektin kənarında avtomobillərin sürətlə ötüb-keçdiyi bir məkanda, həm də açıq səma (günəş, yağış, qar və dolu) altında torpaq üzərinə qoyub saxlamaq onların tez bir zamanda məhv olması üçün ən uyğun şəraiti yaratmışdır. Bəlkə də bu küplərin yerin altında və torpaqlar altında qalması onların Muzeyə gətirilib bu tərzdə saxlanılmasından daha faydalı olardı...

Doğrusu heç başa düşə bilmirəm ki, doğma Cəlilabadda küp qəbir və təsərrüfat küplərinin açıq səma altında bu tərzdə torpaq üzərinə qoyulması fikiri ilk dəfə kimin təşəbbüsü olmuşdur?! Heç şübhəsiz qədim maddi-mədəniyyət nümunələrinə qarşı sərgilənən belə bir münasibət yalnız bu sahədə təcrübəsizlik və bəlkə də qədim tarixə və mədəniyyətə olan biganəlikdən irəli gəlir...

Halbuki beynəlxalq muzey təcrübəsinə görə, saxsıdan hazırlanmış bu kimi küp qəbir və ya təsərrüfat küpləri metaldan hazırlanan xüsusi paya (ayaqlıq) üzərində, özü də qapalı və ən azından üstüörtülü məkanlarda saxlanılmalıdır. Bu gün hər kəs internet üzərindən dünyanın müxtəlif ölkələrində belə maddi-mədəniyyət nümunələrinin hansı formada qorunub-saxlanıldığını çox asanlıqla əldə edə, müşahidə edə bilər. Bunun üçün heç də çox büdcə sərf etməyə heç bir ehtiyac da, yoxdur...

Ümid edirəm ki, aidiyyatı orqanlar, xüsusilə də, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və eləcə də, Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi bu məsələ ilə bağlı dərhal lazım olan tədbirləri həyata keçirməklə xalqın "Şəxsiyyət vəsiqəsi" sayılan qədim tarixi və mədəniyyətinin qorunmasında fürsəti əldən verməyəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2025)

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunan beynəlxalq təcrübə mübadiləsi proqramında iştirak edib.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN”dan verilən məlumata görə, qabaqcıl innovasiya ekosistemində keçirilən proqram BƏƏ Hökumət Təcrübə Mübadiləsi Ofisi, Dubay Gələcək Fondu və Dubay Gələcək Akademiyası tərəfindən təşkil olunub. 

İştirakçılar gələcəyin idarəetmə modelləri, innovasiya ekosistemlərinin qurulması, süni intellektin tətbiqi və dövlət xidmətlərində rəqəmsal transformasiya kimi mövzulara dair nəzəri biliklər və praktiki bacarıqlar əldə ediblər.

Nümayəndə heyəti tərəfindən proqram iştirakçılarına “ASAN xidmət” modeli barədə ətraflı məlumat verilib. 

Proqram çərçivəsində  “Dubai Future Labs” və “Area 2071” kimi qabaqcıl mərkəzlərin fəaliyyəti ilə tanışlıq olub, innovasiya və dövlət xidmətləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

Çərşənbə axşamı, 14 Oktyabr 2025 13:47

RƏSM QALEREYASI: Ruhiyə Qərib, “Ağ dəniz”

RƏSM QALEREYASI: Ruhiyə Qərib, “Ağ dəniz”

 

Türk rəssamı, 61 yaşlı Ruhiyə Qərib “Ağ dəniz” rəsmini akvarellə çəkibdir.

Çərşənbə axşamı, 14 Oktyabr 2025 13:14

GÜNÜN FOTOSU: Azərbaycan Prezidenti Misirdə

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə.

Foto: AzərTAC.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 13-dən ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu münasibətlə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimovun rəhbərliyi ilə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir. Oktyabrın 13-də Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş olub.

Qonaqları salamlayan nazir Adil Kərimli Azərbaycanda Türkmənistanın Mədəniyyət Günləri münasibətilə təbriklərini çatdırıb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkmənistanın Mədəniyyət Günləri oktyabrın 15-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

Çərşənbə axşamı, 14 Oktyabr 2025 17:12

Sözdən yaranan incilər – SƏDİ ŞİRAZİDƏN DAHA 10 KƏLAM

 

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

               SƏDİ  ŞİRAZİ   (1203, 1210 arası – 1292-ci illər)

 

-         Üç şey üç şeylə bərqərar olmaz. Mal ticarətsiz, elm təhsilsiz, səltənət siyasətsiz.

-         Üç şeyi ehtiyatla götür-qədəmi, qələmi, cənazəni.

-         Üç şeyi pak saxla-bədəni, paltarı, fikirləri.

-         Üç şeydən kömək al-ağildən, səbrdən, cəsarətdən.

-         Üç şeyi çirkləndirmə- ürəyi, dili, gözü.

-         Üç şeydən özünü  uzaq saxla-qarğışdan, ah-nalədən, təəssüfdən.

-         Üç şeyu unutma-Allahı, ölümü, dostu.

-         Düşmənin nəsihətinə qulaq asmaq xətadır. Amma eşitmək rəvadır.

-         Başqasının sözünü kəsib danışmaq, öz qanmazlığını etiraf etmək deməkdir.

-         Əgər sən özgə kədərinə soyuqqanlısansa, onda sənin insan adını daşımağa haqqın yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 

Çərşənbə axşamı, 14 Oktyabr 2025 12:47

Bu dəfə şair, publisist Nəsibə İsrafilqızı

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən layihələrə yazıçılar, şairlər öz yeni əsərlərini mütamadi olaraq təqdim edirlər.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, kitabxananın Fəxri oxucusu, “Tərəqqi” medalı laureatı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, şair, publisist Nəsibə İsrafilqızı kitabxana ilə sıx əməkdaşlıq edir. Vətənpərvər şairin şeirləri oxucular tərəfindən sevilə-sevilə oxunur və tədbirlərdə səsləndirilir.

Nəsibə İsrafilqızı “Yaradıcı oxucularımız” layihəsinə yeni yazdığı “TÜRKSOY” şeirini təqdim etdi. Şeir türkdilli dövlətlərin 1993-cü ildə bir araya gələrək mədəniyyət və incəsənət sahəsində birgə əməkdaşlıq məqsədi ilə yaradılan beynəlxalq TÜRKSOY təşkilatına həsr edilib. Şair qardaşlıq adına məbəd tikərək, əl-ələ tutaraq, dünyanı heyrətə salaraq bir günəştək gələcək nəsillərə şəfəqin saçan könüllər mülkündə Turan olan TÜRKSOY-u tərənnüm edir.

Şeirə bəstəkar Fərahim Qulubəyov musiqi yazıb. Mahnını Xalq artisti Gülyanaq Məmmədova ifa edir.

Şeir və mahnı oxuculara təqdim olunur:

https://youtu.be/Wk1MZ2SZvUo?si=O4ZvuMPnem3I8GbO

 

TÜRKSOY

Bayraqlar ucaldı, səmamız güldü,

Göydən yer üzünə nurlar töküldü.

Qardaşlıq adına məbəd tikildi,

Əl-ələ tutdular yarandı TÜRKSOY,

Könüllər mülkündə, Turandı TÜRKSOY.

 

Azərbaycan, Qazaxıstan, tatarım,

Özbəkistan, Qırğızsıtan da varım.

Altay, Saha, Tuva, qaqauzlarım,

Əl-ələ tutdular yarandı TÜRKSOY,

Dünyanı heyrətə salandı TÜRKSOY.

 

Ulu Türküm bir günəştək yol açır,

Gələn nəsillərə şəfəqin saçır.

Hakazım Kıbrısla hey qucaqlaşır,

Əl-ələ tutdular yarandı TÜRKSOY,

Könüllər mülkündə, Turandı TÜRKSOY.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri II “INTERNSHIP” (təcrübə) proqramında iştirak üçün ölkəmizdə səfərdədir.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasprla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qonaqlar səfər çərçivəsində Fəxri xiyabanı, Şəhidlər xiyabanını, eləcə də Zəfər parkını ziyarət ediblər.

Fəxri xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyub, əziz xatirələrini ehtiramla anıblar.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Zəfər parkını ziyarət edən qonaqlar xatirə daşının önünə gül dəstələri düzüblər.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində təcrübə proqramının açılış tədbiri keçirilib. Komitə sədrinin birinci müavini Valeh Hacıyev tədbiri giriş nitqi ilə qonaqları salamlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasəti, TDT-nin yaranması və Komitə haqqında məlumat verib, tədbirin keçirilməsinin qurumlar arasında əməkdaşlığın genişləndirilməsindəki əhəmiyyətindən danışıb. Valeh Hacıyev Ulu Öndər Heydər Əliyevin fikirlərindən sitat gətirərək çıxışını yekunlaşdırıb: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir”.

Ardınca Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporun Dəstək Fondu fəaliyyətlərindən bəhs edən təqdimatlar nümayiş olunub.

Qazaxıstan Respublikasının “Otandastar” Fondunun vitse-prezidenti Alibek Jurkadam, Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar məsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin Birinci katibi Dilşad Şenol, Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və Macarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun tədqiqatçısı Daniel Gazso çıxış edərək ölkələrinin diaspor siyasətindən və görülən işlərdən danışıb, türk dünyasının həmrəyliyi, diaspor əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Təcrübə proqramının iştirakçıları daha sonra Şuşa və Xankəndiyə yola düşüb.  

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 

 

Bu il Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın  anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, təqdim olunan vəsaitdə Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamının tam mətni təqdim edilir. Metodik vəsaitdə filologiya elmləri doktoru Baba Babayevin “Sevgidən yoğrulmuş poeziya” adlı məqaləsi, Fikrət Qocanın həyat və yaradıcılığı haqqında qısa məlumat, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, “Fikrət Qoca irsinin kitabxanalarda təbliği” başlığı altında görkəmli şairin müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların və digər informasiya daşıyıcılarının kitabxanalarda geniş təbliği məqsədilə təşkil edilən müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr diqqətə çatdırılır.

Vəsaitin hazırlanmasında əsas məqsəd şairin ədəbi irsini geniş oxucu auditoriyasına, xüsusən də kitabxana işçilərinə, tələbələrə və informasiya sahəsində fəaliyyət göstərən mütəxəssislərə sistemli şəkildə təqdim etməkdir.

“Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/metodiki-vesaitler  yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

14 -dən səhifə 2495

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.