Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Yunis Səfdəridir. Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.

 

 

Yunus Səfdəri

Təbriz

 

I

Vağzalda durmuşuq indi bu axşam,

Payızın içində əsir səsimiz.

Durnalar uçuşur mavi səmada,

Payız yarpağı tək ayrılırıq biz.

 

Vağzalda durmuşuq indi bu axşam,

Donub əllərində sarımtıl güllər.

Tale qarşımıza vaqonlar düzüb,

Bir də sabahsıza uzanan reyllər.

 

Vağzalda durmuşuq, sən gedəcəksən,

Dolur boş salona qatarın fiti.

Məndə bir ömürlük acı xatirə,

Səndə bir nəfərlik qatar biliti.

 

 

 “Ədəbiyyat  və incəsənət”

(14.10.2025)

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

“Biləmmədim, harda itir izlərin,

Biləmmədim, hara gedir yolların.

Səni necə gizlədir gözlərin,

Səni necə qoruyur qolların...”

2.

Roman dili bu gün hamının yaralı yeridir. Bilən də danışır bu barədə, bilməyən də. Bilməyən daha ucadan danışır

3.

Azərbaycan ədəbiyyatının iki ən böyük ölməz surəti aferist surətidir. Bunların biri Hacı İbrahimxəlil kimyagər, o biri Şeyx Nəsrullahdır. Onların arxasından isə məzlum və nadanlar ordusu məlul-məlul boylanır.

4

Fransa kralı XIV Lüdovikə yazdığı növbəti zəif şeirindən sonra saraydakılar belə yarınırlar: - Həqiqətən, Əlahəzrət üçün imkansız heç nə yoxdur. Siz istəmisiniz ki, zəif bir sonet yazasınız, siz də onu yazmısınız.

5.

Ustad Azad Mirzəcanzadə söylədiyi dərin, müdrik bir fikrin müsahibinə çatıb-çatmamasını bu cür yoxlayırdı - gözlərini qıyıb “deyə bildim?!” soruşurdu. Onun bu ifadəsi bu gün belə çoxlarını sadəlik və təvazökarlıq rəmzi kimi “hayıl-mayıl” etməkdədir. Amma sadə görünüşlü “deyə bildim?” ifadəsində yuxarıdan aşağı baxmaq kimi gizli, bir qədər hiyləgər iddia da yox deyildi. O da var ki, Azad Mirzəcanzadənin buna haqqı çatırdı.

6.

“Bu gün də düzüldü təsbehə, nə birinci oldu, nə də sonuncu...”

7.

“Qadir Tanrı! Haqq adına

bağışla, bağışla bizi –

Bir içim suya bağışla.

Uzaqdadı, əlçatmazdı,

Ulduza, aya bağışla.”

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 

Çərşənbə axşamı, 14 Oktyabr 2025 12:30

“Xəyanət” – Pərvinin hekayəsi

 

“Ədəbiyyat və incəsənət” portalı “Qobustan” dərgisinin Baş redaktoru, istedadlı yazıçı, ədəbiyyatşünas Pərvinin “Xəyanət” adlı hekayəsini təqdim edir.

 

Şərab yuxulatmışdı onu... Ayılanda dili-ağzı qurumuşdu, dodağında xoşagəlməz tam vardı... Əvvəlcə harda, kimlə olduğunu kəsdirə bilmədi. Hövlnak atdı üstündən adyalı, böyrü üstə çevriləndə cod, yanıq saçlara toxundu əli, əti ürpəşdi, ayıldı elə bil, şərabın da təsiri keçib-getdi...

Bu nə xasiyyət idi qadın tayfasında, bilmirdi. İki gündən bir rəng dəyişməkdən süpürgəyə döndərmişdi saçlarını... Əvvəl dalaşdığı, "etmə-eləmə" dediyi də yadındaydı. Amma son illərdə vecinə almırdı. İstəyir qızartsın, bozartsın, lap çəhrayı eləsin saçını, ya da keçəl qırxdırsın, nə fərqi? Özü bilər. Elə qadın da əlini ondan çoxdan üzmüşdü. Evin içində qonşuydular... Arvad planşet, telefon, televizordan ibarət kiçik malikanəsində kraliça bilirdi özünü. Hərdən eynəyi yorulanda başını qaldırıb otağa göz gəzdirər, - bəs meyvə niyə yemirsən? - deyib dünəndən masanın üstündə toz basmış, dəmir rəngi almış alma-armuda işarə edərdi... Bununla qayğıkeş həyat yoldaşı obrazı bir az da ifadəli olardı. "Bax ha, sənə duz olmaz... Dərmanı vaxtında içdin? Kartof yemə...
Yulaf sıyığına şəkər qatma. Qəhvə də ürəyinə ziyandı. Axı, haçan anlayacaqsan ki, bir il qabaq infarkt keçirmisən?" Bütün bunlar həyat yoldaşından daha çox həkim  göstərişinə bənzəyirdi... Əvvəl-əvvəl etiraz da eləmişdi: bura bax, mən səninçün dibçək bitkisi deyiləm... Arvadın ardıcıl qayğıkeşliyindən bezəndə acı da danışmışdı hətta: arxayın ol ey, ölsəm, birinci sən xəbər tutacaqsan. 

Xeyri yoxdu, heç nə dəyişmirdi, qayğıkeş həyat yoldaşı olmaq arvadın boynuna düşmüşdü. Heç nə də olmasa, gecənin ortasında yuxudan oyadıb - yatmısan? - deyə soruşmalıydı...

- Axı, sənə yüz dəfə demişəm ki, oyatma məni, sonra yuxuya gedə bilmirəm...

- Narahat oldum da, nəfəsinin səsini eşitmədim, mən bir il yuxu bilməmişəm e nədi, səhərəcən marıtlamışam səni...

Allahın ver gecəsi bu dialoq olmalıydı aralarında... Bir vaxt uzun hörüklərinə, süzgün baxışına, zərifliyinə aşiq olduğu qızcığaz indi başının üstünü Ərəbzəngi təkin kəsdirmiş həbsxana nəzarətçisinə çevrilmişdi. Amma yox, həbsxanada hərdən bir sərbəst vaxt verilirdi, axı... Onunsa qısa bir azadlığa da haqqı çatmırdı. Müddətini çəkməliydi, vaxtını başa vurmalıydı. Həm də dinməz-söyləməz.

- Məndən nə isə istəmirsən?

Arvadın ara-sıra yaşına uyğun olmayan şıltaqlıqla verdiyi bu sualdan əti tökülürdü. Çox vaxt özünü eşitməzliyə vururdu. İndi də qədimi sanatoriyanın cırıldayan çarpayısında nəfəsini də aramla alırdı ki, qadın oyaq olduğundan duyuq düşməsin. Vallah bu istirahət yerlərindən də zəndeyi-zəhləsi gedirdi. Nə itim azıb mənim burda - deyib söyürdü özünü səhər-axşam. Amma azca azadlıqdan ötrü lazım idi. Yoxsa məzuniyyət vaxtı, yayın istisində bir evin içində bağrı çatlayardı... Yenə bu mənasız prosedurlar başını qatırdı da... Otağın birində oksigen balışından "təmiz hava" alıb, o birisində ayaqlarını dincə qoyurdu, heç nə də olmasa, gündə bir dəfə iti yerişlə gəzib rahatlıq tapırdı. Rahatlığı verən fiziki aktivlik deyildi, yox, ona ayaq çatdırmayan arvaddan heç olmasa bircə saatlıq can qurtarmağıydı... Vay o gündən bir yerlisinə rast gələydi burda. Arvad bu yad məmləkətdə, yoluq sanatoriyada da tanış adam tapmağın hayfını çıxmalıydı ondan. Mütləq yaxındakı restorana qonaq çağırmalıydı yerliləri, özü də bəzənib-düzənib hazırlaşmalıydı. Əşşi, idman ayaqqabısında ərin qoluna girmək olmaz bəyəm? Saçı da ütü fenlə birtəhər dartışdırıb düzəldərdi, vəssalam... Əsas odu o bədbəxt yerlilər gedib desinlər ki, əri filankəsin başına dolanır... Hə, bu cür məclislərdə işini bilirdi. Birinci sağlığı təsadüfi görüşün, ikincisini mütləq, bir də təkrar edirəm MÜTLƏQ arvadın sağlığına deməliydi. Təxminən belə - bütün universitet ölürdü ey bu qızdan ötrü, hamının başın əkdim, heç kimə vermədim, indi deyirlər gözəldi, elə olmalıdı da, özüm seçmişəm...

Dediyi sözlərin lap dibindəki riyakarlıqdan xəcalət təri basardı onu, ona görə əlindəki qədəhi başına çəkib qızarmağını şərabın boynuna atardı, bir-iki ağız öskürərdi də inandırıcı olmasıyçün. Arvad da özünəməxsus ədayla kürəyinə üç dəfə vurardı, keçən il düzəltdirdiyi təzə dişlərini də ağardıb gülümsəyərdi yalandan...

Yastığı qulağının dibinə sıxıb yuxuya getməyə çalışırdı... Bu, uşaqlıq adətiydi, yastıqla qucaqlaşan kimi gözü yumulurdu, amma nədisə bu dəfə xeyri yox idi. Şərab ürəyini bulandırırdı...

Zalımın oğlu, elə bil, içki-zad görməmişdi ey... Hə, uşaqlıq dostları. Bir vaxt Bakının mərkəzində ev kirayələmişdilər. Universitetdə oxuyanda bu ev curların yığışdığı yerdi, nə hoqqalardan çıxmamışdılar orda, cavanlıq idi də. Sonra dostu aspiranturaya girmək üçün Rusyətə getmişdi, xeyli vaxt orda qalmışdı. Deyəsən, qəşəng içməyi də elə rus qızları öyrətmişdilər ona. Sanatoriyanın həyətində görüşəndə qeyri-ixtiyari əli cibinə getdi, bütün ssenarini qabaqcadan hiss edirdi, ona görə. Dostu qayıdıb gəlib ad-san, nüfuz sahibi olmuşdu, məşhur bir ailənin qızını almışdı. O vaxtdan əlaqələri yoxdu, amma indi elə qucaqlaşdılar, sanki dünən birgə olublar. Arvad da fürsəti fövtə verə bilməzdi, tezcə - Çingiz, gəl bu axşam qonaq çağıraq dostları - deyib nazlandı öz aləmində... Hə, əli də cibinə ona görə getmişdi, hesabı özü verməliydi, iqtisadi cəhətdən ziyanlı olsa da, uşaqlıqdan beləydi xasiyyəti, kiminsə çörəyini yeməyə alışmamışdı. Nə isə... Bu da sanatoriyalardakı günlərin qaçılmaz tərəfiydi. Arvad üçün də özünü kiməsə göstərmək fürsəti şəkər xəstələrinin "İnsulin" payı kimiydi. Ona görə gülə-gülə, həm də ürəyinin dərinliyində bir az sevincək getmişdi restorana... Arvad "İnsulin" dozasını alıb rahatlaşacaqdı, ona görə...

Amma gərək o qədər içməyəydi. Dost olub-keçənləri yada saldıqca, gülüb danışdıqca bir-birinə calanan qədəhlərin sayını itirmişdilər. Daha arvadın masa altından təpikləməyinin də, göz ağardıb dümsükləməyinin də xeyri yox idi... İçdikcə içirdi, bədəni keyidikcə beyni açılırdı. Bir il əvvəlki infarkt da, gözünə təpdiyi ovuc-ovuc dərmanlar da oyun-oyuncaq gəlirdi ona. Bircə bu qəhər olmasaydı! Hə, boğulurdu... Uzaqda qoyub gəldiyi qadından ötrü darıxırdı. Arvad bunu bilsəydi, bağrı çatlayardı. Ona görə telefonu da söndürüb otaqda gizlədirdi, xəbər-ətər də tutmurdu sevdiyindən. Amma söz vermişdi ki, bu, axırıncı dəfədi. Sanatoriyadan qayıdanda hər şeyi etiraf edəcək, papağını da başına qoyub, evini-eşiyini, bank hesabında qalan olan-olmaz pulları da arvada bağışlayıb çıxacaq evdən. Axı, mən uşaqlıqdan bacarıqlı olmuşam, yenidən sıfırdan başlaya bilmərəm bəyəm?! Hə?!  

... Ehmalca dönmək istədi yerində. Bacardığı qədər səssiz çevrildi. Bir cüt gözün üzünə zilləndiyini görəndə diksindi.

- Amma yaxşı apardın özünü... Sağ ol səni. Gördün sən Allah onun səfeh arvadını, ağzının suyu axırdı... Keçən dəfə məclislərin birində ağzına gələni danışıb sarsaqlayırdı. İndi ərinin yanında forsundan cırılır, deyəsən, dünya gözəlidi... 

Özünü yuxululuğa vurmağa çalışsa da, alınmadı, arvad yatmadığını başa düşmüşdü.

- Ürəyim bulanır...

- Dedim o qədər içmə də... Elə bil, mənim acığıma tökürdün qarnına o zəhrimarı... Yaxşı, day danışmıram. Sən ki o ifritəni yerinə oturtdun, halaldı. Gedib xəbərləyəcək hamıya, bəlkə, indi yazışır rəfiqələriylə... çətin ki gözünə yuxu getsin!

- Ürəyim bulanır...

Dedi və çevrildi yerində... Arvad öz üslubunda davam edirdi. Buna da öyrəncəli idi. Hər məclisdən sonra özünü başqalarıyla müqayisə edən qadın ərinin bəxtinin necə gətirdiyini minbir yolla sübuta yetirməliydi. Geyimdən tutmuş səsə, danışıq tərzinə kimi hər şeyi yarışa çıxarıb özü qalib olmalıydı. Bu söhbətlərdə arvada azarkeşlik eləməyə də alışmışdı artıq; "Hə, hə, əlbəttə". "Sənin yanında o kimdi ki", "Yox əşi, mən demişəm, sən səviyyəlisən", "Sənin oxuduğun kitabları o heç əlinə almayıb" və s. Bu sözlərin hamısını bir-birinə calayıb arvadın finiş xəttini keçməyini səbrlə gözləyərdi... Amma indi bu söhbətlərə hövsələsi çatmırdı. Ürəyi qalxırdı, başı gicəllənirdi.  Vanna otağına keçmək, rahatlaşmaq istəyirdi. Arvadın dedini qoduya caladığını görəndə dözmədi... Dodağı altda "ürəyim bulanır" deyə mızıldandı və durub aşa-aşa hamama girdi. Başını soyuq suyun altına salıb sərinlədi.  Arvadın ağzını hamam tərəfə tutub etdiyi geniş nitqindən qırıq-kəsik sözlər dəyirdi qulağına; "Dedim axı... Qulaq asmırsan da... dostun da öküz... ayaqqabılarını gördün... səhər tez dur... dərmanların da qaldı... analizlərin cavabı... saqqalım yoxdu..."

Başını suyun altından çıxartmaq istəmirdi. Ayılırdı, amma həm də qəhərlənirdi... Hə, boğulurdu. Arvad qapını yerindən çıxaracaqdı az qala. İlıq mələfəni üz-gözünə sıxanda ürəyi sıxıldı. Otağa qayıtmaq, nə isə eşitmək istəmirdi. Bəlkə heç gözləməsin, elə indi otağa qayıdıb danışsın hər şeyi?! 

- Məndən nə isə istəmirsən?!

Arvadın bu nazəndə sualından çimçəşdi. Səhər tezdən dişlərini, üz-gözünü, burnunu qocasayağı yuyan, yüz ilin siqaret çəkəni kimi bəlğəmli öskürən qarının  gənc, xanımsayağı arzusundan əti töküldü, bilmədi nə desin... Mələfəni üstünə çəkib uzandı. Səhərəcən birtəhər dözməliydi. Arvadın isterikalarını təxmin edirdi, gecə vaxtı hay-küy qaldırıb qonşuların yuxusuna haram qatmaq istəmirdi. Kürəyindəki əllərdən tükləri biz-biz oldu. Çevrilməsə, səhərəcən deyinəcəkdi qadın. Canını dişinə tutub çevrildi, süpürgə saçlara toxunanda ağlamaq tutdu onu, amma ağlamadı. Özü də bilmədi niyə dedi bunu  - "Saat alacam sənə..." Qadın şıltaq güldü, lap qəhqəhə çəkdi sevindiyindən. Dodağını yaxınlaşdırıb öpdü üz-gözünü... Ağzı duzlu oldu, badımcan sirkəsinin dadına oxşar dad qaldı dodağında. 

40 ildi alışdığı tez-tələsik sevişmədən sonra arxası üstə uzanıb gözlərini tavana dikmişdi... Qoca vaxtında səssiz-səssiz ağlamaq da öyrənmişdi. Gözündən yaş axırdı! Qadın başını qaldırıb baxdı... Amma bir şey başa düşmədi.

- Yatmamısan? Yaxşısan e amma... O gün restoranda rəfiqələrim viaqradan danışırdılar... Kül olsun o arvadın başına. Yaxşı qadının əri...

- Bəsdi də... Bunu da başqalarının acığına edirsən?! 

- Yox, nə danışırsan?! Amma deyirəm mənə Allah hər cəhətdən verib də...

Arvadın sonrakı sözlərini eşidə bilmirdi. Gözündən axan yaş qulaqlarını doldurmuşdu. Guruldayırdı beyni, ürəyi də bulanırdı... Özündən iyrəndi, hamama keçdi. İsti çiləyin altında fikirləri duruldu elə bil, daha gözləməyin mənası yoxdu. Gecəni birtəhər yola verib, səhər dişini yuyub çıxmalıydı burdan. Çox danışmağa da ehtiyac yoxdu. Arvad özü bilər, istəyir qalsın, istəmir qayıtsın...

Eyvanla otağın arası üç addımdı. Gecə səhərəcən yüz dəfə ölçmüşdü bu üç addımı... Bir-iki-üç... Həyatda da belə asan olsa nə vardı ki?! Bu sanatoriyaların da qəribə adəti var, səhər altıdan həkim müayinələri başlanır, təhlillərin cavabları gəlir.

Qapını tıqqıltısından narahat oldu... Açanda təəccübləndi. Üç gündü özünü də, arvadını da müxtəlif müayinələrdən keçirən həkim pərt bir təbəssümlə üzünə baxırdı:

- Burda danışmaq istəmirəm, amma qan təhlillərinin cavabı gəlib, dedim özüm gətirim verim...

- Buyurun, gəlin içəri.

Həkimin içəri, arvadın yatağına boylanmağından dalağı sancdı, sonra əlindəki kağızlara baxdı. Bu sarı etiketi tanıyırdı. Ağır xəstələrin sənədlərinə vurulduğunu bilirdi. Həkimin gözünün içinə baxdı...

- Yaxşısı budur, siz vətənə qayıdın tezliklə. Metastaz verib, axırıncı stadiyadı, hamımız şokdayıq. Ağ ciyərlər... Otağıma gələrsiz danışarıq, sizə məsləhətlərimi verərəm. Belə xəstələrlə davrananda həssaslıq yüz faiz olmalıdı...

Qapını örtəndə qulaqları tutuldu... Hamısı yadına düşdü, aramsız öskürəklərin, burundan qan açılmaların, səhər xırıltılarının səbəbini başa düşdü. Ağlamaq istədi, amma ağlamadı, bircə dəfə hıçqırdı...

- Kim idi?

- Heç tibb bacısı. Prosedurun vaxtı dəyişib.

- Niyə yatmamısan?! Eşidirdim e gecə səni...

- Sənə baxırdım...

Dedi və çarpayının qırağında oturdu. Arvadın saçlarına əlini çəkəndə qıdığı gəldi elə bil. Gülümsədi...

- Qoy durum dişimi yuyum. Bilirəm vasvasısan...

- Yox, durma hələ tezdi...

Sözlər elə bil sürünürdü dişlərinin arasında. Nə dediyini özü də başa düşmədi...

- Nə deyirsən?

- Sevirəm səni! Bağışla!

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 

 

Çərşənbə axşamı, 14 Oktyabr 2025 15:05

O dövrün çətin sənəti olan aktyorluğa baş vurdu

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Çar dövrü. Cəhalət və fanatizm. İşıqlı fikirlər boğulur, məktəbə gedənlər, teatr çıxaranlar, mahnı oxuyanlar təqib edilir. Belə bir vaxtda oğulsan, gəl incəsənətlə məşğul ol.

 

Azərbaycan SSR xalq artisti Əli Qurbanov 20 iyun 1898-ci ildə Tiflisdə dünyaya gəlib. O, aktyorluq fəaliyyətinə 1914-cü ildə Tiflisdə teatr həvəskarları truppasında başlayıb. İlk dəfə Möhsün Sənaninin təkidi ilə həvəskarların "Gaveyi-Ahəngər" tamaşasında bircə kəlmə "gedək" sözü ilə səhnəyə çıxıb.

1915-ci ildə isə "O olmasın, bu olsun" tamaşasında Rüstəm bəy rolunu ifa edərək maraqları öz üzərinə çəkib. Bu hadisədən sonra onu yalnız dram tamaşalarına deyil, hətta opera, operetta və müsamirələrə həm artist, həm də tarzən kimi dəvət etməyə başlayıblar.

Tiflisdə "İttihad" dram cəmiyyəti təşkil olunur və həmin il Əli Qurbanov bu truppaya dəvət edilib. "İttihad" truppası ilə "Bəxtsiz cavan" (Qoca kəndli) və "Pəri cadu" (Niyaz) əsərlərində məharətlə çıxış edib. 1918-ci ildən aktyorluq fəaliyyətini "İbrət" dram cəmiyyətində davam etdirib. Bu truppada Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı kimi aktyorlarla birlikdə çalışıb.

 O, burada Hacı Həsən ("Ölülər"), Şahmar bəy ("Müsibəti-Fəxrəddin"), Şah Sultan Hüseyn xan ("Nadir şah"), Cavad bəy ("Dağılan tifaq"), Əsgər bəy ("Hacı Qara") və digər rollarda oynayıb. 1925-ci ilin axırlarında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrına dəvət olunmuş və ömrünün sonunadək burada fəaliyyət göstərib.

 

Filmoqrafiya

- Almaz

- Bakılılar

- Bəxtiyar

- Bir qalanın sirri

- Böyük dayaq

- Doğma xalqıma

- Fətəli xan

- Hacı Qara

- İsmət

- Kəndlilər

- Koroğlu

- Qara daşlar

- Qayıdış

- Qızmar günəş altında

- Mahnı belə yaranır

- Məhəmməd Füzuli

 

Təltifləri

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

3. 2 dəfə "Lenin" ordeni

4. "Şərəf nişanı" ordeni

5. "Qırmızı əmək bayrağı" ordeni

 

Aktyor 14 oktyabr 1962-ci ildə, 64 yaşında Bakı şəhərində vəfat edib. Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

14 oktyabr. Qızıl payızın daha sürətli yürüşü. Günəşli saatlar azalır, səma buludlu, ara-sıra yağışlıdır. Dalandarların ən sevmədiyi fəsildir payız. Bütün günü küçələrdən xəzəl yığışdırmaq sizə asan gəlməsin.

Payız həm də hisslərin, duyğuların oyanması, insanın emosional olması zamanıdır, həm də sentimental. Günəş qeyb olduqca qəlblərə kədər və qüssə də çökür, payız həm də kədər fəslidir.

Bu günə təsadüf edən əlamətdar hadisələri nəzərinizə çatdırırıq:

 

14 oktyabr. Ümumdünya Görmə Günü

Müasir tibb göz xəstəliklərinin 80 faizini sağalda bilir, amma bəzən elementar tibbi avadanlıqların və mütəxəssislərin çatışmazlığı ucbatından vaxtında xəstəliyə müdaxilə edilmir və insan görmə qabiliyyətini itirir. Məsələn, ÜST 2017-ci ildə belə bir məlumat yaymişdi ki, Afrika qitəsində 26,3 milyon insan görmə qabiliyyətinin müxtəlif fəsadları ilə yaşayır. Bunlardan da 5,9 milyonu artıq tamamən kordur. Ümumən, Afrika qitəsi göz xəstəliklərinə görə dünya birincisi olmaq kimi kədərli liderliyi özündə saxlayır, dünyadakı kor əhalinin 15,3 faizi burada yaşayır. Tibb müəyyən edib ki, korluq yaradan hallar sırasında traxoma, onxoserkoz kimi infeksion xəstəliklər aparıcı yer tutur. Ən geniş yayılmış göz xəstəlikləri katarakta, qlaukoma və diabetik retinopatiyadır. Göz xəstəliklərinin statistik yaşı isə 50 və daha yuxarı yaşlardır.

Yəqin Nobel mükafatçısı Joze Saramaqonun “Korluq” romanını oxuyanlar var. Gözəl əsərdir, oxumağa dəyər.

Biz fiziki korluqdan danışırıq əlbəttə, bu qeyd edilən gün fiziki korluğa həsr edilib. Mənəvi korluğu özündə ehtiva edən gün, əlbəttə ki təqvimdə yoxdur. Bununla belə, ətrafdakı adamları, binaları, maşınları, ağacları, bir sözlə, hər şeyi görsələr belə HƏQİQƏTİ görməyən korlar da var, bu cür görən korlar, çox təəssüf ki, əksəriyyətdir.

 

14 oktyabr. Keçəllər Günü

Saç tökülməsindən əziyyət çəkən saçı seyrəklər, artıq dazlaşmaya məruz qalanlar, anadangəlmə keçəllər və s. və i. Bu gün belələri diqqət mərkəzində olacaq. Saç əkən mütəxəssislər, dazlaşmanın əleyhinə kosmetik vasitələr və müalicə vasitələri istehsal edən nəhəng industriya,  hətta  “başa tük gətirən eleksir” adı altında pasientlərə mənşəyi bəlli olmayan preparatlar sırıyan işbazlar bu gün gündəmdə olacaq. Amma keçəllər gününün mənşəyində tək belələri dayanmır, saçını ülgüclə dibdən qırxdıran keçəllər də bu günün qəhrəmanları sayılır. Hətta bir çox ölkələrdə ənənə var, məhz bu gün saçların köklərinə fayda gətirilsin deyə insanlar başlarını keçəl eləyirlər.

Şifahi ədəbiyyatımızdakı Kosanın dostu Keçəli xatırlayıb bu gündən saçlara qayğı göstərin. Unutmayın, irsi amillər dominantlıq təşkil eləsələr belə, kimyəvi, ekoloji təsir, iş və qida rejimi də saçların tökülməsində aparıcı faktordur. Saçlarınızı qoruyun!

 

14 oktyabr. Eyzenhauer və Maldelbrot

Beynəlxalq standartlaşdırma günü. Ekoloji təhsil günü. Lukoşenkogildə Ana, Baydengildə desert günü. Gürcü qonşularımızda bu gün dini bayramdır – Mtsxetoba günü. Cənubi afrikalılar isə polşalılarla bəhsə girib onlardakı təhsil gününün qarşılığında keys-menecer həftəsi keçirirlər. O ki qaldı bu gün dünyaya gələn tarixi şəxsiyyətlərə, 34-cü ABŞ prezidenti Duayt Eyzenhauerin adını niyə çəkməyək ki? 1890-cı ilin bu günündə doğulan bu şəxs 1953-61-ci illərdə superdövlətə başçılıq edib, ondan əvvəl isə 2-ci dünya müharibəsində faşistlərə qarşı vuruşan müttəfiqlərin (ABŞ, Britaniya və Fransa) ordusunun Baş komandanı olub. Amma bu gün dünyadan gedənləri də xatırlamaq lazımdır, insafsızlıq etməyək. 2010-cu ilin bu günündə dünyaşöhrətli fransız riyaziyyatçı, fraktal cəbrin banisi Benua Maldelbrot dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 

Çərşənbə axşamı, 14 Oktyabr 2025 14:36

ANAR, “Ümidini itirmə“

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

 

ÜMİDİNİ İTİRMƏ

                          Atama

 

Acı sözlər ürəyinə ox olsa da,

Düşmənlərin dostlarından çox olsa da,

Üfüq xətti birdən-birə yox olsa da,

Ümidini itirmə.

 

Dərdi-qəmin qalaqlanıb dağ olsa da,

Güman ölüb, gümansızlıq sağ olsa da,

Dindirəndə qan ağlayan çağ olsa da,

Ümidini itirmə.

 

Sevdiklərin bir gün dönüb yad olsa da,

Düşmən görüb nisgilini şad olsa da,

İnandığın hər nə var bərbad olsa da,

Ümidini itirmə.

                2 may 1970

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 

Çərşənbə axşamı, 14 Oktyabr 2025 14:04

Onun üçün ən vacib şey inamdır

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Əslən Təbrizin Dəryan qəsəbəsindəndir. Rəhmətlik babası İsmayıl Paydar-Dəryani 1946-cı ildə Arazın o tayından- Güney Azərbaycanından quzeyə pənah gətirənlərdəndir. O, Pişəvəri hərakatının fəal üzvlərindən biri, Tudəçi olub.

 

1983-cü ilin oktyabr ayının 14-də Göyçay rayonunda dünyaya gəlib. 1999-2003-cü illərdə Bakı Slavyan Universitetinin rus dili filologiyası, 2004-2007-ci illərdə Azərbaycan Dillər Universitetinin avropaşünaslıq-fransaşünaslıq (fransız dili ixtisası) üzrə bakalavr, 2007-2009-cu illərdə Qərb Universitetinin regionşünaslıq-fransaşünaslıq ixtisası üzrə magistr təhsili alıb.

Ədəbi yaradıcılığa 22 yaşından dövri mətbuatda nəşr olunan şeirləri ilə gəlib. 2011-ci ildən AzTV-nin "Səhər" musiqi-informasiya proqramında müxbir, 2015-2022-ci illərdə "Mədəniyyət" kanalında "Buraxılış və əlaqələndirmə” şöbəsində efir redaktoru, 2022-ci ildən AzTV-nin “Uşaq, gənclik və maarifçilik” redaksiyasında baş redaktor müavini vəzifəsində çalışıb. Müəllifi olduğu “Sətirlər” verilişi üç il ardıcıl olaraq, 2019-2022-ci illərdə “Mədəniyyət” kanalında nümayiş olunub və izləyicilərin rəğbətini qazanıb. Bundan başqa “Çıraq”, “Xudafərin”, “Güzgü” verilişlərinin ssenari müəllifi, habelə “Çərçivəsiz”, “Palitra-Art” verilişlərinin redaktoru olub. “Məram”, “Örnək”, “Şuşa-270- Gəncliyin gözü ilə”, “147 ilin işığı”, “Vətən dedim- Laçın”, “Bir qəsəbənin 3 qəhrəmanı”, “Üfüqdə açılan gecə kimi” bədii-sənədli filmlərin və verilişlərin ssenari müəllifidir. Bəzi verilişlərdə- GünAz tv-də “Turan”, “Xudafərin”-də aparıcı qismində çıxış edib. 2021-ci ildə nəşr olunan “Sətirlər” kitabının müəllifidir. 108 ssenarisini, 50-yə yaxın şeirini Xalq artisti Mehriban Zəki ifa edib. Hazırda AzTV-də müəllif kimi bir sıra ədəbi-bədii və publisistik verilişlər hazırlayır...

 

Deyir ki:- “Televiziya ayrıca bir ada deyil, burada baş verənlər cəmiyyətdə, məmləkətdə və bəşəriyyətdə gedən proseslərin fonunda dəyərləndirilməli, əlbəttə, bütün naqisliklərə, çatışmazlıqlara, problemlərə qlobal şəkildə baxılmalıdır. İnanın, küçədə gedərkən gözümüzə sataşan hansısa bir mənfi nüans da, yaxud ucqar bir dağ kəndindəki hansısa bir nənənin problemləri də bizim işimizə təsirsiz ötüşmür. İlk baxışdan dediklərim təəccüblü görünə bilər. O ki qaldı lokal şəkildə məsələyə baxmaq, onda qeyri-peşəkarların, diletantların bizim sferada meydan sulaması, nəinki televiziya jurnalistikasından, ümumən dünyadan bixəbərlərin bizim sahədə işləməsi, bəzi hallarda isə rəhbər vəzifələrdə təmsil olunması televiziya kanallarının bu günə düşməsini şərtləndirib. Çalışdığım Azərbaycan Televiziyasında redaktorluq və rejissura məktəbi keçən televiziyaçılar hələ də fəaliyyət göstərdiyindən, sadaladığım neqativ amillər AzTV-yə az təsir edir. Unutmayaq ki, 69 illik bir ənənəyə malik olan məbədə mənfi tendensiyaların tez, sürəkli şəkildə təsir etməsi asan məsələ deyil. Bir çox özəl kanallarda isə etika və estetikadan min kilometr uzaq insanların çalışması qətiyyən qəbuledilməzdir...”

 

 Onun Köhnə məhləmiz şeirinə musiqi bəstələnib. Yazıçının 2023-cü ildə ustad şairimiz Məmməd İsmayılın həyatından bəhs edən "Tale şairi: Məmməd İsmayıl" adlı xatirə-romanı nəşr olunub. Ssenari müəllifi və aparıcısı olduğu "İrs" folklor verilişi "Mədəniyyət" kanalında hələ də uğurla yayımlanır. Esseləri mütəmadi olaraq "Ədəbiyyat qəzeti" ndə, "Türküstan" və "Bütöv Azərbaycan" qəzetlərində və "Füyuzat" jurnalında dərc olunub...

 

Mərhum şairimiz, professor Məmməd İsmayıl onun yaradıcılığı haqqında yazırdı: “Turan Uğurun qələmindən çıxan ssenarilər ayrıca bir əsər kimi də oxuna bilər. Nəsrin, şeirin, mənsur şeirin qarışımından yaranan bu ssenariləri həm də müstəqil əsər kimi oxumağa dəyər. Çünki bu ssenarilər böyük arayışların və yaşantıların son ucu olaraq hazırlanıb. Bəlkə, burada Turan Uğurun şairliyinin də payı az deyil. Buna arzularla imkanların uyğunluğu da deyə bilərsiniz...”

 

Bəli, söhbət şair, ssenarist, televiziyaçı İsmayılzadə Turan Asif oğlu- Turan Uğurdan gedir. O Turan Uğurdan ki, mənsur şeirlərinin birində yazır: 

“Bu dünyada bütün qazandıqlarım ömrümə qənimdir, bütün itirdiklərim ancaq mənimdir. Bu dünyada bütün qazandıqlarımı apar tulla, bu dünyada bütün itirdiklərim isə mənə doğmadır. Bütün qazandıqlarım əyyaşdır, bütün itirdiklərim sirdaşdır. Bütün qazandıqlarım törəboy, bütün itirdiklərim ucaboydur. Bütün qazandıqlarım Yalıncıq kimi, bütün itirdiklərim Beyrək kimidir. Bütün qazandıqlarım pisim, nəhsimdir, bütün itirdiklərim mənim bəsimdir. Bu dünyada bütün qazandıqlarım açıq-saçıqdır, bütün itirdiklərim alnı açıqdır. Bütün qazandıqlarım mənim yadımdır, bütün itirdiklərim doğma adımdır, bütün qazandıqlarım mənə utancdır, bütün itirdiklərim karlı qazancdır. Bütün qazandıqlarım boşdur, saxtadır, bütün itirdiklərim qızıl taxtadır. Bütün qazandıqlarım şikəst kimidir, bütün itirdiklərim müqəddəs kimi, bu dünyada bütün qazandıqlarıma fitrə düşür, bütün itirdiklərimə rəhmət düşür. Bütün qazandıqlarım suçlu, bütün itirdiklərim güclüdür. Bu dünyada bütün qazandıqlarım xardır, tikandır, bütün ititdiklərim cənnət-məkandır, bütün qazandıqlarım acı gerçəkdir, bütün itirdiklərim gözəl, göyçəkdir...”

 

Professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev isə ona müraciətlə deyir: “Turan Uğur, siz cavansınız, işinizi yaxşı aparırsınız. Çünki sizin ürəyiniz poeziya ilə döyünür. Bunu hiss edirəm, görürəm. Nə gözəl şeirlər deyirsiniz, intonasiyanı da tutursunuz. Şeiri seçməyi də bacarırsınız. Allaha şükür, yaddaşınız da möhkəmdir. Bütün bunların hamısı işıqlı gələcəyinizə təminat verir...”

 

“2019-cu ilin yanvarında Dövlət Televiziyasının rəhbərliyinə yeni təyinat oldu, köklü islahatlar aparıldı. İnsafən demək lazımdır ki, sədrimiz Rövşən Məmmədov olmasaydı, bu cür rəngarəng, maraqlı verilişlər ərsəyə gəlməyəcəkdi. O, özü ilə azad mühit, müəyyən sərbəstlik gətirdi. Bilirsiz ki, yaradıcı iş də azadlığı sevir. Tez bir zamanda köhnə verilişlərin, zəmanəmizə uyğun tempdə olmayan proqramların qapadıldığını və yeni layihələrin gerçəkləşməsini gördük. Rövşən müəllimin sədr kimi təyinatından cəmi 15-20 gün sonra mənə də bədii-ədəbi veriliş, ədəbiyyatla bağlı layihə hazırlamağı həvalə etdilər. Yəqin ki, şairliyimdən agah olduqları üçün ilk ağıllarına mən gəlmişəm. Bu mənada ədəbiyyat sevdalısı olduğumu bilən, mənə verilişi təqdim edən kolleqalarımı da unutmuram...”- söyləyir. 

 

O, sabit həyatı xoşlayır. Möhkəmlik və inadkarlığı ilə seçilir. İşində və həyatında əzmkar, çalışqan və səbirlidir. Məqsədinə çatmaq üçün yorulmadan çalışır və qarşısına çıxan çətinlikləri asanlıqla dəf edir. Eyni zamanda, nizam-intizamı, məsuliyyəti və sədaqəti ilə seçilir. Adətən ənənəvi dəyərlərə önəm verir və ailəyə, dostlara qarşı çox sadiqdir. Onun üçün təhlükəsizlik və sabitlik çox vacibdir. Təbiətcə sakit, təmkinli və düşüncəlidir. Emosiyalarını nadir hallarda açıq şəkildə göstərir və daha çox daxili gücə sahibdir. Verdiyi sözə və öhdəliklərinə ciddi yanaşır. Etibarlı və işgüzardır. Tələsmədən, addım-addım məqsədinə doğru irəliləyir. Bəzən dəyişikliklərə qarşı müqavimət göstərsə də, dürüstlüyü ilə ətraflarındakıların hörmətini qazanır. Güclü yaddaşı var. Məsuliyyətli olduğundan iş həyatında çox bacarıqlıdır. Enerjisini boş yerə sərf etməyi xoşlamır, səmərəli işlərə xərcləyir. Reallıq aşiqidir, xəyallar və fantaziyalar onun həyatının az hissəsini təşkil edir...

 

Akademik Rəfael Hüseynov onun barəsində söyləyir: “Turan Uğur ədəbi gəncliyimizin çalışqan və istedadlı təmsilçilərindəndir. İnanıram ki, uzaq olmayan gələcəkdə o, Azərbaycan ədəbiyyatşünaslığı və publisistikasında ən seçilən imza sahiblərindən biri kimi etiraf ediləcək. Adının yanındakı Uğur həmişə Turanla olsun!”

 

O, polad iradəsi ilə özünü idarə edə və istədiyi zaman mükəmməl görünüşə nail ola bilir. Çünki həyatında güzəştə getməkdən qaçan və istədiyi şeydən çətinliklə imtina edən bir xarakterə malikdir. Digər tərəfdən, sevdiklərinə qarşı həddindən artıq dözümlülük və səbir göstərə bilir. Daim həyatını təmin etmək və gələcəklə bağlı qayğılarını aradan qaldırmaq üçün çalışır. Şəxsi baxımına və inkişafa böyük əhəmiyyət verir. Onun üçün ən vacib şey inamdır.  

 

Bəli, oktyabrın 14-ü haqqında söhbət açdığım şair, ssenarist Turan Uğurun növbəti ad günüdür. Bu dəfə 42 yaşı tamam olur. Bu münasibətlə, onu təbrik edir, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq. Uğrları bol olsun!

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 

Çərşənbə axşamı, 14 Oktyabr 2025 09:34

“Maraqlı söhbətlər”də düşmənə edilən yardım

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

 

Maraqlı söhbətlər davam edir, bu dəfə ABŞ-SSRİ soyuq müharibəsi fonunda dəyişkən bir siyasət barədə danışacağıq.

1992-ci ilin fevralı. Amerikanın nəqliyyat təyyarələri Moskva aeroportuna enərək, 500 ton ərzaq və dərmanlar olmaqla humanitar yardım gətirir. Bir az bundan əvvəl   SSRİ ilə müharibəyə hazırlaşan həmin təyyarələr, indi isə keçmiş fövqəldövlətin aclıqdan əziyyət çəkən vətəndaşlarına yardım çatdırırdılar.

 

Bəli, SSRİ-nin dağılması ilk illərdə ittifaq respublikalarına aclıq, səfalət, tənəzzül gətirdi. Bizə bu fərq etmədi, çünki müstəqillik əldə etmişdik. Çətinliyə sinə gərərik deyə düşünürdük. Amma ruslar həm bu səfalətə sürüklənmişdilər, həm də hakim olduqları böyük imperiya əllərindən çıxmışdı.

Beləliklə 1992. ABŞ aclıq çəkən Rusiyaya yardım gətirir.

Yardım əməliyyatları bir ay davam edir. Həmin günlərdə amerikalılar 65 uçuş həyata keçirərək, 2000 tondan çox humanitar yardım gətirirlər. Humanitar yardıma onlarla ton çörək, konservlər, uşaq qidası və həyati vacib dərmanlar daxil idi.  Amerikalı pilotlar adi peşəkarlıqları ilə “keçmiş düşmənə” kömək etmək kimi yeni missiyanın qəribə  hissini keçirirdilər.  Ruslar üçün isə bu, həm dəstək, həm də bir sərt xatırlatma idi ki, böyük bir dövlət müvəqqəti olaraq öz vətəndaşlarını ərzaqla təmin edə bilməyir.

Bunlar sadəcə yemək və dərman qutuları deyildi. Bunlar həm də bir simvol olaraq göstərdi ki, insanlıq siyasətdən güclüdür və kömək heç bir ideologiyadan asılı deyil. Bu ləvazimatları neçə nəfərin aldığını və neçə nəfərin həyatını xilas etdiyini hesablamaq çətindir. Amma bəlkə də daha önəmlisi bu təyyarələrin dəyişikliyin simvoluna çevrilməsi idi. Bu, sülhə doğru bir addım idi. Bu, həm də bir dərs olaraq göstərdi ki, ən möhkəm divarları belə sadə insan hərəkətləri ilə sökmək olar.

Soyuq Müharibə rəsmi olaraq sona çatsa da, lakin sülh və əməkdaşlıq hər iki tərəfin - həm qaliblərin, həm də vaxtilə məğlub hesab edilənlərin səylərini tələb edirdi.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

Çərşənbə axşamı, 14 Oktyabr 2025 10:01

24 illik ömrə sığışdırılmış bir qərinə

 

Hüseyn Cavidin yadıgarı Ərtoğrul Cavid. Qırmızı terrorun məhv etdiyi daha bir tale. Bu gün onun doğum günüdür. “Ədəbiyyat və incəsənət” portalı filologiya üzrə fəlsəfə doktoru, dosent. AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Lütviyyə Əsgərzadənin Ərtoğrul Cavid şəxsiyyətinə həsr edilmiş yazısını təqdim edir.

 

 

Ərtoğrul Cavid... Ümummilli Lider Heydər Əliyevin, "yaratdığı əsərləri Azərbaycan xalqının milli sərvəti", "gələcək nəsillər üçün dərslik kitabı" adlandırdığı, ədəbiyyatımızda əfəndiliyi, ecazkar sənəti və sənətkar bənzərsizliyi ilə seçilən Hüseyn Cavid əfəndinin musiqişünas, filoloq-alim, tərcüməçi və rəssam oğlu.

 

Buadı yazarkənbugəncistedadın ömrünü necə kədərlivə faciəlibirsonluqlabaşavurduğunuxatırlamamaq, zənginfəaliyyətinibuqısa ömrünə böyükbirustalıqlasığdırdığınaheyrətlənməmək,  24 yaşındabudünyadanköçübgetməsinə heyfislənməməkmümkündeyil.

Ərtoğrolunirsizənginolduğuqədərdə rəngarəngdir. Onun əldə olunmuş yazılarında bu qismətin, yarımçıq ömrün izi hiss olunur. Yazdığı şeirlər, bəstələdiyi musiqilər, çəkdiyi rəsmlər onun istedadından xəbər verdiyi kimi, qələminin hələ tamam-kamal cilalanmadığı-kamilləşmədiyi illərdə yazdıqları yarımçıq taleyindən də xəbər verir.

İlk dəfə, 1927-ci ildə, hələ 8 yaşında ikən əlinə qələm götürən Ərtoğrol 1939-cu ildə, 20 yaşlı gənc ikən "İspan qadının dilindən" laylanı yazıb. Bu, bir tərəfdən onun "keçdiyi bu qısa bir zaman içində onun təkamülüdürsə", digər tərəfdən babası Cavid əfəndi kimi özünəməxsusluğunun, bənzərsizliyinin və ədəbiyyata sevgisinin təzahürüdür. Bu sevgi onu 1936-37-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə gətirmişdi. Şübhəsiz ki, Ədəbiyyat Ərtoğrolun sevdiyi, bağlandığı bir fənn olmuşdu. Bu həvəs onda hələ orta məktəbdə oxuduğu illərdən yaranmışdı. Lakin bu sevginin ən böyük mənbəyi isə sözsüz ki, hər şeydən öncə babası Cavid əfəndi idi. Ərtoğrolun ədəbiyyata olan sevgisini onunla birlikdə 3 saylı məktəbdə oxuyan Ətaulla Qasımovun sözləri  də təsdiq edir: "O zamanlar Bakıda ən hörmətli ədəbiyyat müəllimlərindən olan Əliyar Qarabağlı Ərtoğrulun xətrini çox istəyirdi. Təkcə onun Cavidin oğlu olduğu üçün deyil, ədəbiyyata böyük həvəs, meyl göstərdiyinə görə".

ADPİ-na daxil olduqdan sonra Ərtoğrolun həyatında yeni mərhələ başlanıb. O, burada təhsil almaqla kifayətlənməmiş, həmçinin, araşdırmalar aparmış, tərcümələr etmiş və bədii əsərlər yazmış, rəsmlər çəkmişdi. Onun ən sıx fəaliyyəti demək olar ki, tələbəlik illərinə təsadüf edir. Bu illərdə Ərtoğrul yaradıcılıqla məşğul olmaqla yanaşı, həm də güclü mütaliə ilə məşğul olur. Babası Cavid əfəndi kimi onun da mütaliəsində bir özünəməxsusluq hiss edilir. "Onun M.F.Axundov adına Dövlət kitabxanasından tələbnamə ilə aldığı kitablar da bunu təsdiq edir. Məsələn, onun oxuduğu  kitablardan biri rusca "Teymurləngin avtobioqrafiyası"dır.

O zamanlar Azərbaycan ədəbiyyatında adları bu gün də hörmətlə çəkilən şairlərin Leninə, Stalinə, kolxoza, pambığa, partiyaya şeirlər həsr etdiyi bir zamanda, onun babası Cavid əfəndi Əmir Teymurdan yazırdı. Ərtoğrulun yaşıdlarının isə, Leninin, Stalinin əsərlərini və ya onlara yazılanları oxuyub əzbərlədikləri bir zamanda o, "Teymurləngin avtobioqrafiyası"nı oxuyurdu. Qəribədir, -  deyə düşünürəm, ancaq məntiqcə bu, heç də qəribə deyil. Hətta bu, belə də olmalı idi, kökdən, qandan gələn bir şeydi. Babası kimi milliliyə, tarixi keçmişimizə hörmət və ehtiram, sevgi onun da tale yazısı kimi alnına yazılmışdı. Alın yazısını silmək olmadığı kimi, onların qəlbindəki bu sevgini, bu vurğunluğu "xalq düşməni" və "xalq düşməninin oğlu" kəlməsi silib ata bilməmişdi. Hüseyn Cavid illərlə "Topal Teymur"da tarixi keçmişi ideallaşdırmaqla qınandıqdan sonra Ərtoğrolun bu əsərə münasibəti təsadüf sayıla bilməz. Bu ata və oğul Cavidlərin öz həyatları bahasına olsa belə, tarixi keçmişimizə iftixar və qürur mənbəyi kimi baxmasından irəli gəlirdi. Müəllimləri sarıdan da onun bəxti gətirmişdi. Ali məktəbdə oxuyarkən Ərtoğrola Azərbaycan elminin nəhəngləri: M.C.Paşayev, Ə.Sultanlı, C.Xəndan, M.Cəfər, Ə.Ağayev, F.Qasımzadə, Ə. Dəmirçizadə kimi ədəbiyyatşünas və dilçilər dərs demişdi. Onun formalaşmasında müəllimlərinin də müəyyən təsiri olmuşdur. Lakin hər şeydən əvvəl Ərtoğrol, Azərbaycan ədəbiyyatına yeni bir ab-hava gətirən bənzərsiz sənətkarın - Cavid əfəndinin oğlu idi. Cavid ocağının tərbiyəsini almışdı.

 

O, atasının istedadı sayəsində dolanmırdı, əgər dolanmaq xatirinə yazsaydı, yəqin ki, nədən və necə yazacağını bilirdi. Atası sənəti hər zaman müqəddəs tutmuşdu. Buna görədir ki, ədəbiyyatşünaslıqda Cavid əfəndi haqqında belə bir fikir formalaşmışdı: "əqidəsindən dönməyən", "sənətkar vicdanına xəyanət etməyən", "böyük ədəbiyyat" naminə və gələcək uğruna yazan sənətkar. O da Cavid əfəndi kimi, "istedadına görə xüsusi imtiyaz iddiasında olmayıb, istedadının gücünü kağıza, kətana, nota... köçürmək üçün əzablı axtarışlarda keçən ömür yaşayıb". Filosof İ.Kanta istinad edən Ərtoğrol dəftərlərindəki (Pedaqogika dəftəri) qeydlərindən birində yazır: "Səbr et və özünü saxla. Bu əxlaqın sonudur. İradə hissə qalib gəlsin". Və ya: "Hamını öyrən, lakin kimsə səni öyrənə bilməsin". Maraqlı məntiqdir; "Hamını öyrən". Ölümündən bir az əvvəl Naxçıvandan evlərinə yolladığı məktubda yazdığı "Kimsəyə salam söyləməyin", "Hamı yalançı", "həm də etibarsızdır", - sözləri Ərtoğrulun hamını öyrənməsindən sonra hasil olmuşdu. 

Yalnız Ərtoğrol deyil, Mişkinaz xanım da, Turan xanım da o qorxunc illərdə, hamını öyrəndilər, "boz üzlər"lə rastlaşdılar. Amma səbr etdilər, özlərini, uca şəxsiyyətlərini saxlamağı bacardılar. İnsanların bir gecədən sonra necə dəyişdiyini görsələr də, Ərtoğrol kişilik, Mişkinaz və Turan xanım qadınlıq ləyaqətlərinə kölgə salınmasına izin vermədilər.

"Fəlsəfə və dindən yoğrulmuş bir məhzəb" olan sufizm Cavid əfəndi kimi, Ərtoğrolu  da cəzb edirdi.  Bu səbəbdən "mehriban olmağı və sevməyi prinsipi" sayan Ərtoğrol, sufizmi və ərəb dilini öyrənməyi düşünürmüş. Hətta o, "ərəbcə" dəftərinin son səhifəsində yazmışdı: "Mehriban olmaq və sevmək mənim prinsipimdir". Şəriətdən təriqətə, təriqətdən mərifətə qədəm qoyan Cavid əfəndi "Azər"də yazırdı:

Bir aşiğəm feyz alarlar,

Məndən irfan çobanları,

Bir çobanam qaval çalar,

İnlədərəm vicdanları.

Cavid əfəndinin, Ərtoğrolun yazdıqları hələ çox zamanlar vicdanları inlədəcək, əlbəttə, vicdanı olanları...

Ərtoğrol sufizmlə  yanaşı, şahmat oynamağı da çox sevirmiş. Onun bu qədim oyun barəsində düşündükləri "Şahmat partiyaları dəftərində" özünün bəzi oyunlarını təhlil edərkən öz əksin tapır. Yazdıqlarından belə məlum olur ki, o, şahmatı sadəcə bir oyun kimi oynamır, oyunun dərin fəlsəfəsinə varmağa çalışırdı. Şahmat taxtasına bənzətdiyimiz həyat yollarından sanki necə keçib getməyi planlaşdırırdı; "Tələsmədən, fikirləşməyə çalışmalı". Cavid əfəndi isə, "Azər" poemasının əlyazmasının son vərəqində yazırdı: "Həyat mütəmadi şahmatdır". Ata-oğul "həyatın mütamadi şahmat" olduğunu bilirdilər. Lakin dövr elə dövr idi ki, məhz şahmatdan baş çıxardan ağıllı başları məhv edirdi. Mübariz insanlar şahmatı bilməlidirlər. Baba oğul Cavidlər mübariz insanlar idi. Mübarizlik, mübarizə aparmaq onların alın yazısı idi. Alına yazılanı isə pozmaq olmur.

Əmisi Şeyx Məhəmməd kimi, Ərtoğrolda folklora, xalq xəzinəsinə böyük bir məhəbbət, bağlılıq vardı. O, Xalq artisti Bülbülün rəhbərlik etdiyi Musiqi Elmi Tədqiqat Kabinetində çalışarkən 50-dən artıq folklor nümunəsinə elmi rəy, bəzi el sənətkarlarının dilindən yazıya aldığı çoxlu şeir nümunəsi, nota aldığı çoxlu xalq musiqi örnəkləri, dünya və rus klassik bəstəkarlarının mətnlərinin tərcüməsini etmişdi. Folklor  nümunələrinə yazdığı bu rəylərdə Ərtoğrol "milli münasibətlərin həssas bilicisi kimi" diqqəti çəkir (Ərtoğrolun taleyində Ü.Hacıbəylinin də böyük əməyi olmuş, ona problemlərinin həll edilməsində köməklik göstərmişdi). Ərtoğrolun musiqi əsərləri, oyun havaları ilə bağlı rəyləri,  "orijinal tədqiqatı xatırladır".

Bu dünyada cəmi 24 il yaşayan Ərtoğral xatirələrdə əbədiyyən yaşamaq haqqı qazanıb. Ərtoğrol Cavidi özünə "Böyük dost və müəllim"  adlandıran bibisi Xurşid xanımın nəvəsi  Rəşid Fətəliyev xatirələrində  yazır ki, "Ərtoğrol, vaxtı ilə 200-dən artıq el havalarını, xalq mahnılarını toplayıb çapa hazırlayıbmış. Əfsus ki, onlar işıq üzü görməyib".

Cavid əfəndinin yaşadığı qorxunc və mürəkkəb zamanı (1920-37) nəzərə alsaq ki, bunu nəzərə almamaq mümkün deyil, Ərtoğrolun yazdıqlarının məlum səbəblərdən bizə gəlib çatmadığı aydın olur. Repressiya qurbanının oğlunun adı, bir çox rəylərdən, çap materiallarından bilərəkdən pozulub çıxarılırmış. Rəşid müəllim daha çox 1938-41-ci illəri əhatə edən  xatirələrində yazır: "Ərtoğrolun alicənab və unudulmaz surəti mənim uşaqlığımla sıx bağlıdır. O, anamın dayısı oğludur. Lakin mən Ərtoğrola böyük dost və müəllim kimi baxırdım. Bu dövrdə Ərtoğrol bizə tez-tez gələrdi. Ərtoğrolun hər gəlişi mənim üçün bayram olurdu. Mən əvvəlcədən masa üzərinə rəsm albomu və rəngli qələmləri düzərdim. Ərtoğrol tez və gözəl şəkil çəkirdi. Mən nəfəs almadan, heyranlıqla, ağ vərəqin üzərində dovşan, canavar, ayı və digər heyvanların əmələ gəlməsinə tamaşa edirdim..."

R.Fətəliyev Ərtoğrolla birgə keçirdiyi bazar günlərini, Ərtoğrolun onun üçün şən melodiyalar çalmasını, onu Jül Vernin eyni adlı əsəri üzrə çəkilmiş "Sehirli ada" bədii filminə aparmasını, hər il anadan olan günündə ona çox orijinal "gül dəstəsi" - vəzəri cücərtilərilə örtülmüş butulkanın içərisində qırmızı qızılgül və arxasında təbrik sözləri olan fotoşəkil hədiyyə etməsini (Bu fotoşəkillərin hamısında pişiklər məktəbdə (nəğmə dərsi), əmək zamanı (ayaqqabı təmiri emalatxanası) və futbol meydançasında təsvir olunmuşdur) ağır qüssə və kədərlə xatırlayır. Və bu nəticəyə gəlir ki, bir məşhur latın məsələsində deyildiyi kimi, "həyat qısa, incəsənət əbədidir". Bu sözlər Ərtoğrul Cavidin taleyi və sənətini xarakterizə edir. Ərtoğrolun özündən sonra gələcək nəsillər üçün qoyub-getdiyi irsi əbədidir. Geniş dünyagörüşünə, çoxtərəfli istedada malik olan, hər zaman bizə yadiğar qoyub getdiyi fotoqraflardan bir gənc kimi boylanan Ərtoğrul Cavid haqqında ilk yazının müəllifi, Xalq yazıçısı Anar yazır: "Təbiəti və ruhu ilə şair olub orijinal şeirlər yazan Ə.Cavid, həm də gözəl musiqiçi,   tərcüməçi və rəssam idi". Onun çəkdiyi rəsmlərdən biri A.M.Şərifzadə "Şeyx   Sənan" rolundadır. Cavid əfəndinin yaradıcılığına dərindən bələd olan Ərtoğrol "Şeyx Sənan" əsərinə opera da yazmaq istəmişdir ki, bu da onun yaşadığı "ömrün maraqlı faktlarındandır". Ərtoğrolun "ömrünün maraqlı faktlarından" biri də onun əsl bir türk övladı olması, qorxmaz və mübarizliyi,  nə atasının həbsinə qədər, nə də həbsindən sonra Cavid soyadını dəyişməyib Ərtoğrol Cavid kimi qalmasıdır. Onun haqqında bu sözləri qürur hissi ilə yazırıq. Düşünürük ki, halal olsun Ərtoğrula  Cavid əfəndinin (haydı doğrul, ər ol) öyüdü, Mişkinaz xanımın verdiyi tərbiyə. Babasının və anasının verdiklərini acımasız dövran belə ondan ala bilmədi.

Yaşasaydı o, gözəl ədəbiyyatşünas, musiqişünas, şair-dramaturq, folklorşünas, rəssam olacaqdı. Yaşasaydı... Amma bir təsəllimiz var ki, "bu qədim dünyada nə ölüm yeni deyil, nə də yaşamaq". Bütün "Olum"ların sonu "ölüm"dür. Lakin kimsə bu ölümün vaxtını və yerini bilə bilməz. Hər kəs ona verilən ömrü özünəməxsus yaşayır. Ərtoğrol, heç bir zaman; nə əvvəl "babasının (atasının) şöhrətinə sığınmayıb", nə də sonra "xalq düşməni"nin oğlu kimi kölgədə qalaraq yaşamayıb. Atasının ona verdiyi adın haqqını verib, ər oğlu ər olub. Bu cür yaşamaq və ölmək əbədiyyətə qovuşmaqdır - Ərtoğrol Cavid kimi...

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 

 

 

Çərşənbə axşamı, 14 Oktyabr 2025 13:03

Populyar Yeşilcam filmlərinin musiqi müəllifi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sovetlərdən qophaqop dövründə, yaşlı nəsil danışır ki bir perestroika deyilən dönəm oldu, arxivlər açıldı, qadağalar yox oldu. Onda azərbaycanlılar xəbər tutdular ki, sən demə, kommunist ideologiyasının düşmən kimi təqdim etdiyi türklər bizim qardaşımız, canımız-ciyərimizdir. O dönəmdə türk musiqisi, türk kinosu bumu başladı. Yeşilcam filmlərin videokasetlərinin ölkəmizə axını başladı. Bu filmlər içində popular müğənni Ümid Bəsənin musiqilərindən ibarət filmlər xüsusən sevilirdi. Deyilənə görə, “Nikah masası” adlı film milıyon nüsxələrlə satılmışdı az zamanda.

 

14 oktyabr 1956-cı ildə Osmaniyə rayonunda dünyaya gələn Ümid Bəsənin ilk musiqi aləti melodika olub və Tayfunlar Orkestrini qurub. Musiqi və təhsilini bir yerdə apara bilməyəcəyini fərq edincə lisey təhsilini yarım buraxıb. Hərbi xidmətə getmə ərəfəsində 1976-cı ildə Kütahya rayonuna gedib. Hərbi şəhərcikdə onu dinləyən bir general Ü. Bəsəni Zonquldak hərbi şəhərciyinə göndərib. Hərbi xidmətindən sonra Adana şəhərinə gedib və gecə klublarında işə başlayıb.  Sənətçinin İstanbulda işə başladığı ilk məkan Küncüm Bistro olub. Bəsən, 1980-ci ildə Selami Şahin və Əhməd Səlcuq İlkan ilə birlikdə ilk val səsyazmasını yayımlayıb.

 

Albomları

Şikayetim Var

Islak mendil

Bayramın Olsun

İkimizin Yerine

Dostlar Sağolsun

Yıkılan Gurur

Bir Akşam Üstü

Vazgeçtim Senden

I Love You

Deli Gönlüm

Halk Konseri 1

Aşk Burcu

Müzikli Bir Masal

Bir Tanesin Sen

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

15 -dən səhifə 2495

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.