Super User

Super User

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Nəriman Nərimanovun xatirə muzeyi və Yunus Emre İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində “Nəriman Nərimanov və Türk Dünyası” adlı elmi-mədəni tədbir həyata keçirilmişdir.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türk Dünyası Araşdırmaları Mərkəzindən məlumat verilib.

 

Yunus Emre İnstitutunda baş tutan tədbir görkəmli ictimai-siyasi və dövlət xadimi, dramaturq, həkim və pedaqoq Nəriman Nərimanovun anadan olmasının 156-cı ildönümünə həsr olunmuşdur. Tədbir həm tarixi şəxsiyyətin zəngin irsinin yenidən dəyərləndirilməsi, həm də onun Türk Dünyası ilə bağlı ideya və fəaliyyətlərinin elmi müstəvidə araşdırılması baxımından mühüm əhəmiyyət daşımışdır.

 

Tədbir Türk Dünyası Araşdırmalar Mərkəzinin müdiri Cəlal İbrahimlinin moderatorluğu ilə başlamışdır. O, eyni zamanda açılış nitqi ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətini vurğulamış, Nəriman Nərimanov irsinin Türk dünyası kontekstində öyrənilməsinin vacibliyinə diqqət çəkmişdir. O, belə elmi-mədəni tədbirlərin ortaq tarixi və mədəni dəyərlərin daha dərindən araşdırılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynadığını qeyd etmişdir.

 

Daha sonra Cəlal İbrahimli çıxışında Türk dünyasının tarixi inkişaf proseslərinə nəzər salaraq müxtəlif dövrlərdə türk xalqlarının siyasi təzyiqlər, parçalanmalar və çətinliklərlə üzləşdiyini vurğulamışdır. O, Nəriman Nərimanovu yalnız dövlət xadimi deyil, həm də mütəfəkkir, publisist, həkim, diplomat və maarifçi kimi yüksək dəyərləndirmiş, onun Azərbaycan cəmiyyətinin maariflənməsi, elmi düşüncənin inkişafı və milli şüurun formalaşmasında mühüm rol oynadığını qeyd etmişdir. Eyni zamanda Nərimanovun ictimai-siyasi fəaliyyətinin dövrünün sosial gerilik və cəhalətinin aradan qaldırılmasına xidmət etdiyi, xüsusilə təhsil və mədəni inkişaf sahəsində mühüm töhfələr verdiyi bildirilmişdir.

 

Cəlal İbrahimli çıxışında həmçinin qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Nəriman Nərimanovun zəngin irsinin qorunması və təbliği istiqamətində mühüm addımlar atılmış, onun adına xatirə muzeyi yaradılmışdır. O vurğulamışdır ki, Heydər Əliyev yalnız Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsində deyil, eyni zamanda Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi və ortaq tarixi-mədəni dəyərlərin qorunması istiqamətində də mühüm xidmətlər göstərmişdir. Bu baxımdan Nəriman Nərimanovun irsinə göstərilən diqqət onun Türk dünyası üçün böyük xidmətlərə malik görkəmli şəxsiyyət olduğunu bir daha təsdiq edir.

 

Çıxışda onun Türkiyənin Qurtuluş Savaşı dövründə qardaş türk xalqına mənəvi və siyasi dəstək göstərməsinin Azərbaycan–Türkiyə münasibətlərində tarixi həmrəyliyin göstəricisi olduğu da vurğulanmışdır. Sonda Nəriman Nərimanov irsinin öyrənilməsinin Türk dünyası arasında elmi və mədəni əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunmuşdur.

 

Tədbirdə Azərbaycanın ictimai, dövlət və siyasi xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, “Əməkdar müəllim”, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Yunus Emre İnstitutunun Bakı koordinatoru Gökhan Seyhan, Türk Dünyası Araşdırmalar Mərkəzinin müdiri Cəlal İbrahimli, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi, eləcə də Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti, tələbələr və Nəriman Nərimanov Xatirə Muzeyinin əməkdaşları iştirak etmişdir.

 

Tədbir çərçivəsində çıxış edən ziyalılar Nəriman Nərimanovun çoxşaxəli fəaliyyəti, dövlətçilik baxışları, maarifçilik ideyaları və Türk Dünyası ilə bağlı yanaşmaları haqqında elmi fikirlər səsləndirmişlər. Çıxışlarda onun Azərbaycan tarixində və ümumilikdə Türk dünyasında mühüm tarixi şəxsiyyət olduğu xüsusi vurğulanmışdır.

 

Tədbir zamanı Nəriman Nərimanov Xatirə Muzeyinin direktoru Ləman Hüseynova tərəfindən “Nargin – ‘Ölüm adası’nda qardaşlığımızın tarixi” mövzusunda təqdimat nümayiş etdirilmişdir. Təqdimatda Nargin adasında baş vermiş tarixi hadisələr və xalqlar arasında formalaşmış həmrəylik nümunələri diqqətə çatdırılmışdır.

 

Tədbirin əsas məqsədi Nəriman Nərimanovun zəngin elmi, siyasi və ideoloji irsinin, xüsusilə onun türkçülük və Türk Dünyası ideyalarına münasibətinin daha dərindən araşdırılması, bu irsin geniş ictimaiyyətə çatdırılması olmuşdur. Eyni zamanda milli-mənəvi dəyərlərin təbliği, tarixi şəxsiyyətlərin gənc nəsil arasında tanıdılması və elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi tədbirin əsas istiqamətləri kimi müəyyən edilmişdir.

 

Ümumilikdə tədbir Azərbaycan və Türkiyə elmi-mədəni mühitinin qarşılıqlı əməkdaşlığı baxımından mühüm platforma rolunu oynamış, Türk Dünyası kontekstində ortaq tarixi və mədəni dəyərlərin müzakirəsinə geniş imkan yaratmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

 

 

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Həm varlı, həm də xəsis bir adam bir gün məşhur ingilis rəssamı Uilyam Hoqartdan Fironun ordusunun Qırmızı dənizdə boğulmasını təsvir edən tarixi bir rəsm çəkməyi xahiş edir. Ancaq onun təklif etdiyi pul çox gülünc idi...

 

 Ona görə də, Hoqart bunu qəbul etmək istəmirdi. Uzun bir çək-çevirdən sonra, nəhayət, rəssam çox kiçik bir fərqlə razı olur. Ancaq rəssamın bir şərti də var idi: adam pulu əvvəlcədən ödəməli idi. Çarəsiz qalan həmin xəsis varlı adam buna da razı olur.

Bir neçə həftə sonra Hoqart rəsmi sahibinə göndərir. Gözəl bir çərçivəyə salınmış bir kətan başdan-ayağa qırmızı rəngə boyanmışdı. Varlı və xəsis adam rəsmi görən kimi özündən çıxır. Və tez Hoqartın yanına gedir. Hoqart adamı görən kimi:

-Xeyr ola, niyə gəldiniz? Yoxsa, rəsmimi bəyənmədiniz?b-deyə soruşur.

Adam:

- Məni aldatdınız!- deyə qışqırmağa başlayır,- Burada İsrail oğulları haradadır?

- Onlar dənizi keçdilər.

- Bəs Fironun ordusu?

- Onlar da boğuldular.

- Bəs bu qırmızı rəng nədir?

Hoqart cavab verir:

- O da Qımızı dənizdir...

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

Çərşənbə axşamı, 28 Aprel 2026 11:29

Bizim nazirlə Çinin rektorunun görüşü nə vəd edir?

Fatimə Məmmədova,

 "Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda səfərdə olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) rektoru Tan Tianvei ilə görüş keçirib. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı və birgə layihələrin həyata keçirilməsi imkanlarını da dəyərləndiriblər.

 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov  münasibətlər fonunda "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verib. Belə ki, o, Azərbaycan və Çin universitetləri arasında ikili diplom proqramlarının genişlənməsini iqtisadi və geosiyasi fayda olaraq qiymətləndirib:

"Çin hazırda bərpa olunan enerji və mikroelektronika sahəsində dünyada liderdir və kifayət qədər böyük iqtisadiyyata malikdir. Müasir texnoloji biliklərin verilməsi baxımından Çin universitetləri bu sahədə mühüm rol oynayır və sənayenin inkişafını izləyir. Bu baxımdan ikili diplom proqramları bu texnologiyaların birbaşa Azərbaycan təhsilinə transferi deməkdir. Eyni zamanda “Bir kəmər, bir yol” layihəsinin mərkəzində dayanan Azərbaycan üçün Çin dilini, mədəniyyətini, texniki standartlarını mənimsəyən kadrların olması və bu kadrların gələcəkdə logistika mərkəzlərinin idarə edilməsində rol alması böyük önəm daşıyır.Tələbələr üçün kifayət qədər strateji üstünlüklər baxımından bu dəyərləndirilməlidir. Tələbə həm qərb standartlı ingilis dilli təhsil alır, həm də şərqin texnoloji intizamını mənimsəyir və bu onun həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabət qabiliyyətli və daha geniş imkanlara malik olmasını təmin edir".

İ.Orucovun fikrincə, tələbə Çində təhsilin bir hissəsini yerli dövlət proqramları və ya Çin hökumətinin qrantları hesabına alır:

"Beləliklə, ölkəmizlə Çin arasında hökumətlərarası tələbə mübadiləsi proqramı var və bu, tam xarici təhsil üçün lazım olan böyük büdcəyə qənaət edərək keyfiyyətli diplom əldə etmək deməkdir. Eyni zamanda Çin universitetləri böyük araşdırma və innovasiya imkanlarına malikdirlər. Çin universitetlərinin nəhəng laboratoriya resurslarına giriş imkanı tələbələrə bakalavr dövründə olarkən real elmi tədqiqatlara qoşulmaq şansı verir.  Çin dünyanın nəhəng sənaye mərkəzidir və onun sənayesi yeni texnoloji inkişafla universitetlərin inkişafını birbaşa şərtləndirir.  Son illərdə Çin universitetlərinin dünya reytinqlərində sürətli irəliləyişi müşahidə edilir və hesab edirəm ki, bizim tələbələr sənaye, təhsil və əməkdaşlıq baxımından da xeyli yenilikləri əks etdirəcəklər. Bu proqramlar məzunların işə düzəlmə təminat zəncirini qısaldır. Eyni zamanda Çin şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirdikcə bu proqramın məzunları hər iki tərəf üçün əlaqələri daha da inkişaf etdirən, bu bağları yaradan mütəxəssis funksiyasını yerinə yetirəcəklər".

MütəxəssisÇin və Azərbaycan universitetləri arasında ikili diplom proqramını həm təhsil əməkdaşlığı, həm də Azərbaycanın təhsil ixracatçısına çevrilməsi, iqtisadiyyatın neftdən asılılığının azaldılması üçün zəruri olan yüksək ixtisaslı mühəndis ordusunun yetişdirilməsinə xidmət edən vasitə kimi gördüyünü bildirib:

"Bu əməkdaşlıq kifayət qədər faydalıdır. Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universiteti vasitəsilə yaxşı əməkdaşlıq mövcuddur. Eyni zamanda tələbələr təhsillərinin üçüncü və dördüncü kurslarını Çində keçirəcəklər və burada ortalama müvəffəqiyyət göstəricisi 80-dən yuxarı olduqda bəzən təhsil haqqından azad olunurlar. Bu mənada bu təkcə təhsil mübadiləsi deyil, həm də Çin dili və mədəniyyəti mübadiləsidir. Eyni zamanda gələcəkdə Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti zamanı işləyəcək yüksək ixtisaslı kadrlar bazasının yaradılmasıdır.  Təhsil əlaqələri digər əlaqələrin daha sıx bağlı olması üçün ən gözəl vasitələrdən biridir. Bu universitetlər bizi inkişaf etdirəcək, məzunlarımızın daha erkən əmək bazarında özlərini reallaşdırmasına imkan verəcək, iki ölkə arasında iqtisadi münasibətlərin daha da güclənməsinə xidmət edəcək, mədəni əlaqələrin inkişafına töhfə verəcək və beləliklə, universitetlərimizin Çin universitetləri ilə əlaqələrinin genişlənməsi və davamlılığı böyük əhəmiyyət daşıyır. Bu, həmçinin universitetlərimizin simasının və tədris olunan proqramların məzmununun yenilənməsi baxımından çox böyük önəm daşıyır. Akademik heyət, müəllim-professor heyəti arasında, eyni zamanda universitetlərarası elmi tədqiqatların genişlənməsi baxımından da böyük əhəmiyyət daşıyacaq".

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

“Ədəbiyyat və incəsənət” portalının oxucularına üç gün dalbadal sizə Təranə Dəmirin yeni şeirlərini təqdim edir.

1-ci gün.

 

 

OYNADIQ

 

Sarıdıqca bir az da çox açıldı,

Könlümüzün yarasıyla oynadıq.

Bəxtimizin ağ tərəfi olmadı,

Ömür boyu qarasıyla oynadıq.

 

Baş açmadıq hiyləsindən şeytanın,

Qorxub qaçdıq kölgəsindən şeytanın,

Çıxammadıq tələsindən şeytanın,

Boynumuzun xaltasıyla oynadıq.

 

Sevgimizin naz tərəfi olmadı,

Ömrümüzün yaz tərəfi olmadı,

Həqiqətin biz tərəfi olmadı,

Onun, bunun havasıyla oynadıq.

 

Sözdən tutduq yükümüzü beləcə,

Birə basdı kürkümüzü beləcə,

Qazıdılar kökümüzü, beləcə

Başımızın baltasıyla oynadıq.

 

Qara bulud dağılmadı, neyləyək,

Təpə dönüb dağ olmadı, neyləyək,

Haqq-ədalət doğulmadı, neyləyək,

Gecə-gündüz tərəziylə oynadıq.

 

Yaman sıxdı həyat bizi, dinmədik,

Vurub çıxdı həyat bizi, dinmədik,

Kimə deyək dərdimizi, bilmədik,

Allahıyla, Tanrısıyla oynadıq.

 

Səsi heç vaxt kəsilmədi dünyanın,

Əli dərddən üzülmədi dünyanın,

Beli bir də düzəlmədi dünyanın,

Əyrisiylə, tarazıyla oynadıq.

 

Sarıdıqca bir az da çox açıldı,

Könlümüzün yarasıyla oynadıq.

Bəxtimizin ağ tərəfi olmadı,

Ömür boyu qarasıyla oynadıq.

 

 

MÜBARƏK

 

Qaşını çatıb durmusan,

Küləkdən tutub durmusan,

Torpağa batıb durmusan,

Külün mübarək, mübarək.

 

Belin, buxunun bükülüb,

Gözlərin yerə dikilib,

Qolun, budağın tökülüb,

Çulun mübarək, mübarək.

 

Üstün başın toz içində,

Qıvrılırsan söz içində,

Nə çəkirsən öz içində?

Yolun mübarək, mübarək.

 

Yarı daşsan, yarı ağac,

Yarı quşsan, yarı ağac,

Gülləmisən, quru ağac,

Gülün mübarək, mübarək.

 

 

YAVAŞ-YAVAŞ

 

Nə olsun ki, bahar bir az ləngidi,

Yavaş-yavaş bu qışı da ötürdük.

Yavaş-yavaş buludları ürküdüb,

Yavaş-yavaş günəşi də gətirdik.

 

Şaxtanın da şaxı sındı beləcə,

Canı qızdı ağacların, kolların.

Təzələndi yenə bahar gəlincə

Üstü-başı adamların, yolların.

 

Üzü güldü çiçəklərin, otların,

Xəzəllər də yarpaq-yarpaq dirildi.

Quşlar yenə salamladı baharı,

Axar sular yavaş-yavaş duruldu.

 

Bahar-bahar nisgilini ovutdu,

Aydan, gündən ümidini kəsənlər.

Yavaş-yavaş gedənlər də qayıtdı,

Yavaş-yavaş barışdılar küsənlər.

 

Yavaş-yavaş külək düşdü atından,

Yavaş-yavaş yağışlar da səngidi.

Yavaş-yavaş qış da çıxdı yadımdan,

Yavaş-yavaş gördüm hər yan sevgidi.

 

 

YOLLAR

 

Yayda torpağa, qışda çamura batar,

Bəzən yol olmaqdan çıxar,

Meşələşər, ormanlaşar, səhralaşar,

Özünü tapanacan min dəfə sınar, qırılar,

sonra təzədən bitər,

Sonra yenə, yenə...

Gah buludu, gah günəşi keçirər əyninə.

Gah dərəyə, gah dağa qısılar,

Böyüyər, qısalar.

Baxarsan ki, uzanıb gedir ey… ev-ev, hasar-hasar, çəpər-çəpər…

Üstündən keçdikcə dayanıb yol-yol ardınca daş atar, su səpər.

Hər kəslə yola getməz axıracan,

Gah əlindən tutar,

Gah ətəyindən çəkər.

Bir gözü açıq, bir gözü bağlı yatar,

Səssizliyində haray var.

Ağacları yarpaq xışıltısından,

Adamları addım səsindən tanıyar

Cığır-cığır, ləpir-ləpir bir-birindən tutan yollar,

Gedən yollar, qayıdan yollar.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

 

 

 

 

 

Çərşənbə axşamı, 28 Aprel 2026 17:11

“Bir sevgi sarayı qurub yaşadım…”

Həyat Şəmi, İstanbul,

“Ədəbiyyat və incəsənət”

 

Bu şeiri mənə öz kəndimizdə məktəbimizdə ədəbiyyat dərsi demiş Əliağa müəllim yazıb. Çox ləyaqətli və sakit bir insandır. 65 dən yuxarı yaşı var. Onun bu şeirini dərc etdirib ona bir sürpriz edirəm.

Düşünürəm ki, insanları daim sevindirməyi bacarmalıyıq.

 

 

ƏLİAĞA ƏRŞADOĞLU

“ÖMRÜMÜ”

 

Əlimdən saldığım qızıl pul kimi,

Səmtin itirdiyim cığır, yol kimi,

Dadı damağımı kəsən bal kimi

Axtarıb gəzirəm itən ömrümü.

 

Düz üçün əyrini qırıb yaşadım,

Bir sevgi sarayı qurub yaşadım.

Büdrədim, yıxıldım. Durub yaşadım.

Qoymadım daşlasın yetən ömrümü.

 

Eşqimi gözümdə bir çıraq etdim.

Köksümü illərə mən varaq etdim

Keçmişə boylanıb hey soraq etdim,

Bir göz qırpımında ötən ömrümü.

 

Zaman ələk tutdu, min yol ələndim,

Sevincə büründüm, qəmə bələndim.

Hər dəfə gördükcə mən təzələndim

Neçə ürəklərdə bitən ömrümü.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

Çərşənbə axşamı, 28 Aprel 2026 16:32

Tarix müəlliminin yazdığı hekayə

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Sizlərə peşəkar pedaqoq – illərin tarix müəllimivə yeni-yeni hekayələr yazmağa başlayan Anar Məmmədovun bir hekayəsini təqdim edirik. Buyurub oxuya bilərsiniz...

 

 

ANAR MƏMMƏDOV,

“ALLAHDAN, YOXSA HƏKİMDƏN?”

 

Öz keçmişinin bütün təfərrüatlarını xatırlamaq demək olar ki, mümkün deyil. Yəni keçmiş günləri güzgüdə əks olunan kimi yada salmaq çətindir. Nələrsə xatirələrin dumanına bürünüb qalır...

Bu cümlələri ona görə yazıram ki, psixoterapevtlər də keçmişə köklənirlər. Mən artıq psixoterapevtin qəbulundayam.

-Şikayətiniz nədəndir?-deyə o soruşdu.

Yumru sifətinə mütənasib olan dairəvi eynəyin arxasından sual dolu baxışlar mənə dikilmişdi. Yaşadıqlarımı danışmaq mənim üçün çətin deyildi. Amma istəyirdim ki, emosiyasız, mübaliğəsiz izah edim. Fikirlərim aydın olsun. Nəinki o bunları duysun, həm də görsün.  Məsələn, ağ vərəq üzərində yazı kimi və ya qarda uçuşan boz sərçələr kimi.

-Həkim, demək olar, həyata marağım qalmayıb. İnsanlar sanki mənim üçün kabuslar kimi görünür. Baş verən hadisələrdə gələcəyin heç bir nişanəsini görə bilmirəm. Hamısı mənə yaşanmış bir ömrün son akkordlarını xatırladır. Bütün arzularımdan, fikirlərimdən kədər süzülür.

- Siz depressiya vəziyyətindəsiniz. Biz sizə ilk növbədə gülməyi öyrədəcəyik, -deyə həkim qeyd etdi.

Sonra o mənə resept yazdı və bildirdi ki, bu dərman asılılıq yaratmır. O bir neçə psixoloji seans götürməyi məsləhət gördü. Lakin mənə elə gəlirdi ki, o seanslarla mənə təsir edə bilməz. Ona qulaq asmadım. Amma dərmanı qəbul etdim.

Həyatda hər şey dərmandır. Təbii ki, dozasında. Kədər, sevinc, həsrət.. hamısı gərəklidir. Amma təəssüf ki, qızıl ortanı həmişə tuta bilmirik.

Mən sonra başqa həkimə müraciət etdim. O da mənə dərman yazdı. Mən o dərmanı yeddi il qəbul etdim. “Ola bilər ki, günlərin bir günü siz depressiyadan çıxasınız. Özünüz də bilmədən”- həkim mənə xatırlatmışdı. Nə vaxt gələcək bu gün? Yəqin ki, həmin günə qədər mən həyatı təhfif olunmuş formada görəcəm... Və mənim qiymətlərimə də ciddi yanaşmayacaqlar.

Nəhayət, tanışım rəfiqəsinə müraciət etdi. O seyid qızı idi. Quran açırdı. Onun mənim haqqımda dediyi sözləri telefonda eşitdim: “Bu nədir? Onun işləməyə həvəsi yoxdur. Pul qazanmaq barədə də düşünmür. Mən ona yazdığım duanı ələmə bağlayıb saxlayacam hələ ki..”

Günlər keçirdi. Yox, saatlar keçirdi. Vəziyyətim anbaan düzəlirdi. Gördüyüm hər bir işə ALLAHın lütfü kimi baxırdım. Pulun mənasını yeni kəşf etmişdim: pul yaşadığın günləri nəinki rəngarəg edir, həm də insanın fikir sürətini artır

Əziz oxucu! Hələ də mən bilmirəm, necə izah edim: ALLAHdan , ya həkimdən? Amma fikir vermişəm: həkimlər də resept yazarkən ALLAHla rabitə işarəsi qoyurlar.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

 

Rəqsanə Babayeva,

“Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Beyləqan Rayon İcra Hakimiyyəti və “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Gənclər Evində baş tutan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Beyləqan RMX”sı publik hüquqi şəxsin rəhbərliyi və kollektivi, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, eləcə də Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov tədbiri giriş nitqi ilə açaraq akademik Zərifə Əliyevanın zəngin elmi irsindən, Azərbaycan oftalmologiya elminin inkişafında göstərdiyi xidmətlərdən, yüksək insani keyfiyyətlərindən və nümunəvi həkim-ziyalı obrazından bəhs edib. Ə.Əzizov Zərifə xanımın adının təkcə elmi mühitdə deyil, bütün cəmiyyət üçün mərhəmət, humanizm və peşəkarlıq simvoluna çevrildiyini vurğulayıb.

Rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım, eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi prosesində dahi rəhbərin ən etibarlı və mənəvi dayaqlarından biri olmuş, bu yüksək mənəvi dəyərlər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və humanizm prinsiplərinin daha da güclənməsində öz davamını tapmışdır.

YAP Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov və “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Bayram Muradov çıxışlarında Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərindən, gənc həkimlər üçün örnək məktəb olmasından, onun peşəkar yanaşması ilə yanaşı, insanlara olan yüksək diqqət və qayğısından danışıblar.

Tədbirdə həmçinin Beyləqan RMX-nın həkimləri-Günel Bayramova və Fazil Azadov da çıxış edərək Zərifə Əliyevanın həkimlər üçün yaratdığı nümunədən, tibbdə peşəkarlıq və mərhəmətin vəhdətindən söz açaraq onun irsinin bu gün də tibb işçiləri üçün yol göstərən bir məktəb olduğunu qeyd ediblər.

Tədbir çərçivəsində Yuxarı Kəbirli kəndinin müəllimi Samirə Namazova da çıxış edib, həmçinin həmin məktəbin şagirdlərinin təqdimatında Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib.

Sonda qeyd olunub ki, akademik Zərifə Əliyevanın parlaq xatirəsi və zəngin elmi irsi daim yaşayacaq, gələcək nəsillərə elmə, insana və Vətənə xidmət nümunəsi olaraq yol göstərəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

Çərşənbə axşamı, 28 Aprel 2026 09:02

“Misra” 20 gəncin misralarına şahidlik etdi

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

26 aprel tarixində Misra Book Cafe-də Gənc Yazarlar İttifaqının 20 üzvünün qələmə aldığı “Hər qələmdən bir həyat” adlı antologiyanın təqdimat mərasimi keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca aparıcı, jurnalist və yazar Nuray Rəşid tədbiri açıq elan edib.

Rəsmi hissədə ilk söz Gənc Yazarlar İttifaqının sədri, yazar Səbinə Dənizə verilib. O, çıxışında ittifaqın fəaliyyəti barədə ətraflı məlumat verərək, təşkilat daxilində yaradılmış ədəbi klublardan bəhs edib. Səbinə Dəniz bildirib ki, təqdim olunan antologiya GYİ-nin ilk ədəbi layihəsidir və bu təşəbbüs gələcəkdə yeni layihələrin əsasını qoyacaq.

Daha sonra söz GYİ ilə əməkdaşlıq edən “Portuqa” nəşriyyatının naşiri, yazar Akşin Xəyala verilib. O, antologiyanın çap prosesi haqqında məlumat verərək, Gənc Yazarlar İttifaqı ilə əməkdaşlığın gələcəkdə daha geniş və əhəmiyyətli layihələrlə davam etdiriləcəyini vurğulayıb.

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. Bir çox müsabiqələrin qalibi olan qiraətçi və şair Qorxmaz Mahmudov özünün, eləcə də Eltun Səfərlinin, Bəsti Alıyevanın (Kölgə) və Rəşid Nəsirzadənin şeirlərini səsləndirib.

Bədii hissənin sonunda tədbirə rəng qatmaq məqsədilə Gənc Yazarlar İttifaqının şeir və nəsr yazan üzvləri arasında 10 dəqiqəlik müsabiqə təşkil olunub. Qonaqların münsif heyəti kimi iştirak etdiyi yarışmada səsvermənin nəticələrinə əsasən Qorxmaz Mahmudov qalib elan edilib.

Tədbirin yekununda GYİ üzvü Ədilə Əliyeva ittifaq adından çıxış edərək sədr Səbinə Dənizə hədiyyələr təqdim edib. Səbinə Dəniz də öz növbəsində üzvlərə xatirə hədiyyələri verib.

Tədbirdə bookbloggerlər də iştirak edib, həmçinin GYİ üzvlərinin müəllifi olduğu kitablardan ibarət satış stendi qurulub.

Sonda xatirə şəkilləri çəkilərək tədbir başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

Çərşənbə axşamı, 28 Aprel 2026 11:00

Səndən Yetim Qalmışam...

 

Nail Zeyniyev,

“Ədəbiyyat və İncəsənət” portalının Ədəbiyyat şöbəsi

 

"Peşmanlıq Nəğmələri"ndən öncə yazdığım, hər misrası qəlbimin sancısı ilə yoğrulan göz ağrım — "Mən Qəribə Adamam" kitabımdakı həmin şeirlə yenidən qarşınızdayam.

 

Biz çox vaxt elə bilirik ki, yetimlik yalnız valideyn itkisidir. Amma mən bu şeiri yazanda anlamışam ki, insanı dünyaya bağlayan, ona keçmişin və gələcəyin qoxusunu eyni anda verən o ulu çinar gedəndə, ruhumuzun bir tərəfi əbədi kimsəsizliyə məhkum olurmuş. Ətrafındakı bütün doğmaların canyananlığı belə, o bir nəfərin yoxluğunu ört-basdır edə bilmir. "Səndən yetim qalmışam" demək, əslində bir uşaqlığın, bir saflığın və bir arxa dayağın rəsmən bitməsinin elanıdır.

Bu gün əlimizdəki o "ağıllı" telefonlarla hər kəsə çata bilərik, amma heç bir mesaj bizi artıq o əlçatılmaz diyara — babamızın dizinin dibinə aparmır. Yazıb-yazıb sildiyimiz hər cümlə, əslində cavabsız qalacağını bildiyimiz bir duadır. Sınmış tarın simi kimi sızıldayan bu duyğular, səmimiyyəti sözdə yox, sükutda axtaranlar üçündür.

Gözüm hələ də yoldadır... Çünki mən o "qəribə adamam" ki, hələ də ən böyük təsəllini o gün gələndə məni qapıda qarşılayacaq olan ruhun ümidində tapıram.

 

Yenə gözüm yol çəkir,

Ömrün bahar çağında.

Asılıb xatirələr

Qəlbimin otağında.

 

Əlimdə telefonum,

Sənə mesaj yazıram.

"Gələrsənmi?" soruşub,

Yazıb-yazıb pozuram.

 

Dindirən yoxdur daha

Sınmış tarın simini.

"Darıxmışam," deyirəm;

Səmimiyəm, səmimi.

 

Anam da var, atam da,

Səndən yetim qalmışam.

Yuxu haram gözümə,

Xəyallara dalmışam.

 

Sən mənimçün əvəzsiz,

Əlçatılmaz diyarsan.

Get, gələcəm yanına,

Məni qarşılayarsan...

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

 

Çərşənbə axşamı, 28 Aprel 2026 15:36

“1 şeir, 1 şair”də Əfrahim Abbas və "Türk oğluyam"

 

"Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Əfrahim Abbasın "Türk oğluyam” adlı şeiri təqdim edilir.

 

Əfrahim Abbas Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı, veteran pedaqoq, yazıçı-publisist və şairdir.

 

ƏFRAİM ABBAS,

“TÜRK OĞLUYAM”

 

Turan - türkçülükdə parlayan günəş,

Turan - türkçülüyün görən gözüdür.

Bu ad düşmənləri yandıran atəş,

Türk soylu xalqların birgə sözüdür.

 

Verdi ideyanı yüz illər öncə,

Bir fin millətçisi, aqil Castran.

Bu yolda şəhidlik yolunu seçdi,

Böyük Ənvər paşa - cəsur komandan...

 

Bu yolda canını qurban eylədi,

Bir Türk sərkərdəsi Nadir şah Əfşar.

Düşmən hiyləsinin qurbanı oldu,

"Turan" deyib köçdü, qəlbində qübar.

 

Söylədi, Əli bəy Hüseynzadə,

Nəhəng ideyadan dönməyib bir an:

"Sizlərsiniz ey qövmi-macar bizlərə ixvan,

Əcdadımızın müştərəkən məskəni Turan".

 

Turan - türk xalqların müştərək dili,

Müştərək tarixi, mədəniyyəti.

Turan - türk elinin böyük birliyi,

Dar gündə düşməni yıxan qüdrəti.

 

Bir vaxt dahi Gökalp nəzəriyyəsin,

Verdi, turançılıq təşəkkül tapdı.

Bütün türk tayfalar birləşsin deyə,

İdeya göyərtdi, fikir yaratdı...

 

Əfrahim Abbasam, addımım mətin,

Türkün birliyinə yandıraram şam.

Durub keşiyində TURANÇILIĞIN,

Qeyrətin çəkərəm, bir türk oğluyam.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

2 -dən səhifə 2850

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.