Səndən Yetim Qalmışam... Featured

 

Nail Zeyniyev,

“Ədəbiyyat və İncəsənət” portalının Ədəbiyyat şöbəsi

 

"Peşmanlıq Nəğmələri"ndən öncə yazdığım, hər misrası qəlbimin sancısı ilə yoğrulan göz ağrım — "Mən Qəribə Adamam" kitabımdakı həmin şeirlə yenidən qarşınızdayam.

 

Biz çox vaxt elə bilirik ki, yetimlik yalnız valideyn itkisidir. Amma mən bu şeiri yazanda anlamışam ki, insanı dünyaya bağlayan, ona keçmişin və gələcəyin qoxusunu eyni anda verən o ulu çinar gedəndə, ruhumuzun bir tərəfi əbədi kimsəsizliyə məhkum olurmuş. Ətrafındakı bütün doğmaların canyananlığı belə, o bir nəfərin yoxluğunu ört-basdır edə bilmir. "Səndən yetim qalmışam" demək, əslində bir uşaqlığın, bir saflığın və bir arxa dayağın rəsmən bitməsinin elanıdır.

Bu gün əlimizdəki o "ağıllı" telefonlarla hər kəsə çata bilərik, amma heç bir mesaj bizi artıq o əlçatılmaz diyara — babamızın dizinin dibinə aparmır. Yazıb-yazıb sildiyimiz hər cümlə, əslində cavabsız qalacağını bildiyimiz bir duadır. Sınmış tarın simi kimi sızıldayan bu duyğular, səmimiyyəti sözdə yox, sükutda axtaranlar üçündür.

Gözüm hələ də yoldadır... Çünki mən o "qəribə adamam" ki, hələ də ən böyük təsəllini o gün gələndə məni qapıda qarşılayacaq olan ruhun ümidində tapıram.

 

Yenə gözüm yol çəkir,

Ömrün bahar çağında.

Asılıb xatirələr

Qəlbimin otağında.

 

Əlimdə telefonum,

Sənə mesaj yazıram.

"Gələrsənmi?" soruşub,

Yazıb-yazıb pozuram.

 

Dindirən yoxdur daha

Sınmış tarın simini.

"Darıxmışam," deyirəm;

Səmimiyəm, səmimi.

 

Anam da var, atam da,

Səndən yetim qalmışam.

Yuxu haram gözümə,

Xəyallara dalmışam.

 

Sən mənimçün əvəzsiz,

Əlçatılmaz diyarsan.

Get, gələcəm yanına,

Məni qarşılayarsan...

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.