
Super User
Bu gün Beynəlxalq Streyt-ədj Günüdür, həm də Şopenin vəfatı günü
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
17 oktyabr. Siyasi məhbusluq yaşamış yazıçı Çingiz Ələkbərzadənin doğum günü
Çingiz Ələkbərzadə yaxşı yazıçıdır, çox oxunan “Zindan” romanının müəllifidir. Qızını da tanıyırsınız, müğənni Sevda Ələkbərzadə. Çingiz Əbülhəsən oğlu Ələkbərzadə 1936-cı il oktyabr ayının 17-də Bakı şəhərində anadan olub. Yaradıcılığa BDU-dakı tələbəlik illərindən başlayan Ç. Ələkbərzadə 1958-ci ildə “Kökəlməyin sirri” adlı hekayəsini almanaxda dərc etdirib və bundan sonra dövri mətbuatda müntəzəm çıxışa başlayıb. 1972-1973-cü illərdə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsində “Günün səsi” xəbərlər baş redaksiyasında müxbir, 1973-1975-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında ssenarist, 1976-1979-cu illərdə “Kirpi” satirik jurnalında ədəbi işçi, 1979-1984-cü illərdə AzTV-də “Günün ekranı” redaksiyasında ştatdankənar müxbir, 1984-1989-cu illərdə Şirvan zonası üzrə xüsusi müxbir olub. Ç.Ələkbərzadə “Yarpaqlar töküləndə”, “Qızıl yəhərli at”, “Çılpaqlı”, “Vulkan” “Qumarbaz”, “Dünyanın qopduğu yer” kimi maraqlı nəsr əsərlərinin müəllifidir.
Tale ona həbsxana həyatı da yaşadıb. 1986-1988-ci illərdə durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə o, günahsız həbs edilib. Ç.Ələkbərzadə həbsxanada çox böyük hörmət qazanıb, məhkumlar ona “şair” deyə müraciət ediblər. O, həbsdə olduğu müddətdə yaradıcılıqla məşğul olub, onun zindan şeirləri çox məşhur idi. Ömrünün iki il yarımını zindanda keçirib bəraət alaraq azadlığa çıxan yazıçı həyatının ağır günlərindən bəhs edən “Zindan” romanını qələmə alıb. Bəraət aldıqdan sonra yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə düzəlib, sonra isə “Azərnəşr”də işləyib. Lakin həbsxana həyatının fəsadları yazıçının səhhətindən yan keçmədiyindən stresdən, əsəbdən ciddi problemlər yaşayıb. Çingiz Ələkbərzadə 1999-cu il yanvar ayının 7-də Bakıda vəfat edib. Allah rəhmət eləsin!
17 oktyabr. Yoxsulluqla mübarizə günü
İnternational Day for the Eradication of Poverty. 2018-ci ildən dünyada aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb, bu gün planet əhalisinin 11 faizi aclıq çəkir. Yoxsulluqla mübarizə BMT-nin əsas prinsiplərindən biridir, bu gün bütün bəşəriyyət yoxsulluqla mübarizəyə çağırılır. Dövrümüzün Hacı Zeynalabdinləri olduqca azdırlar, amma sıravi insanlarımız var ki, onsuz da kasad olan büdcələrindən kəsib tam imkansız qonşusuna yardım edirlər. Belələri var olsun!
17 oktyabr. Streyt-ədj günü
Təqvimin çox maraqlı günlərindən biridir. Həmin gün streyt-ədj həyat tərzini seçən insanlar həmrəylik nümayiş etdirirlər. Nədir streyt-ədj? Narkotiklərə, alkoqola, siqaretə, təsadüfi cinsi əlaqələrə, eləcə də istənilən millətçi-faşist təzahürlərə insan qrupunun prinsipial etiraz bildirməsidir. Yəni, nümunəvi insanlar nümunəvi əxlaq tərəfdarlarıdırlar. Düzü, bizdə də bu hərəkatın yayılmasının gözəl və effektiv olacağını düşünürəm. Gənclər, niyə təşəbbüs göstərməyəsiniz? Həmişə yuxarıdan gələn direktivlərlə hərəkət etməyəcəksiniz ki. Bir dəfə də özünüz irəliyə düşün!
17 oktyabr. Frederik Şopen sevgisi
Ümumdünya donorluq günü. Ümumdünya zədələr günü. Elektron tablolar günü. Al-əlvan paltar günü. Beynəlxalq zəlzələ zamanı düzgün hərəkətlər günü. Argentinada loyallıq günü. Tailandda polis günü. Hindistanda rəqəmsal cəmiyyət günü. Yaponiyada Kannamsay festivalı günü. ABŞ-da isə milli pasta (bizlər buna perojna deyirik) günü.
1905-ci ilin bu günündə Balkan liqası Osmanlı imperiyasına müharibə elan edib (balkanlıları türklərə qarşı qızışdıran, təbii ki, ermənilər olub). 1849-cu ilin bu günündə ən sevdiyim iki bəstəkardan biri (digəri Üzeyir Hacıbəylidir) Frederik Şopen dünyadan köçüb. Musiqidə romantizmin banisi, dünyaşöhrətli Polşa bəstəkarı və pianoçusunun dünyanın dörd tərəfində yüz milyonlarla pərəstişkarı var. Azərbaycana Şopeni kütləvi olaraq “Təhminə” filmi sevdirib desəm, inanın ki, yanlışlıq etmərəm. “Zaur, eşidirsən, Şopenin Prellüdiyasıdır”.
Nə qaldı? 1729-cu ildə məşhur “Dezertir” komik operasını yaratmış fransız bəstəkarı Pyer Monsinyi doğulub.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Toydan əvvəl üstlərini palçıq, yumurta və digər şeylər ilə çirkləndirərək gəlinləri şəhərdə piyada gəzdirirlər...
Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”
Bu gün uzun müddətdir ki, toplamağa başladığım, oxuduğum bədii və elmi-kütləvi əsərlərdə qarşıma çıxan adətlər, inanc və sınamalar içərisində sırf xristan dini ilə bağlı maraqlı saydığım adət və inancların bəzilərini sizinlə bölüşəcəyəm. Düşünürəm ki, oxucular üçün də bu məlumatlar maraqlı olar.
İnsanlar ibtidai icma dövründən yüz illəri geridə qoymuş, bugünümüzə gəlib çatan inam və sınamalara inanmış, ümidlərini onlara bağladığından onu nəsildən nəsilə ötürməli olmuşlar. Qədim insanların dərdlərinə çarə, əlac, qəlblərinə təsəlli, təskinlik yeri olmuş bu inanc və sınamalar bir çox yerlərdə hal-hazırda da öz cəlbediciliyini saxlamaqla xalqlar arasında yaşamaqdadır. Bu inanclar şüurlarda özünə yer eləməklə məxsus olduğu xalqların milli mənəvi sərvətinə çevrilərək həmin xalqların kökləri çox-çox dərin qatlara gedən qan yaddaşıdır. Şifahi nitq vasitəsilə yazılı ədəbiyyata gətirilmiş bu dədə-babadan qalma nümunələr məxsus olduqları xalqların dini adətlərini, ayinlərini, inanclarını, dünyəvi və ruhani görüşlərini özündə ehtiva edir. O cümlədən, dinlər içərisində dünya xristianlarına məxsus dini adət-ənənələr və inanclar möhkəm özül üzərində bərqərar olmuşdur. Burada bəzi ziddiyyətli fikir və mülahizələrlə rastlaşmalı oluruqsa da onlar öz əhəmiyyətlərini bugün də saxlamaqla xalqların həyatına daxildirlər.
Xristian ölkələrinin əhalisi arasında Milad bayramının xüsusi yeri olduğundan ilk öncə bu barədə söz açaq. Qeyd edək ki, milad bayramı dünya xristianları üçün önəmli bayramlardandır. Xristianların bu bayramı qeyd etmələri haqqında ilk məlumatlar IV əsrə aiddir. Bu bayram xristianların mənsub olduqları məzhəblərdən asılı olaraq, müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər. Katoliklər Miladı dekabrın 25-də qeyd edirlər. Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranıb və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşüb. Digəriləri isə bunu tam başqa səbəblərlə - yəni bütpərəst romalıların həmin tarixdə qeyd etdikləri "Yenilməz Günəşin doğulması" bayramı ilə əlaqələndirirlər. Məlumdur ki, Milan tarixi İncildə göstərildiyi kimi İsanın anadan olması haqqında İncilin Əhdi-Cədiddəki məlumatla bağlıdır.
…İncilə görə, İsanın anası Məryəm adlı qadın olub. Məryəm Cozef adlı dülgərlə nişanlı olub. Lakin Məryəm bakirə ikən hamilə qalıb. Bu zaman mələklər Məryəmə bir oğlan doğacağı haqqında məlumat veriblər. Digər inanclara görə, mələklər həm də Cozefi inandırıblar ki, Məryəmi qovlamasın, onunla evlənsin. İsanın doğulduğu yerə ilk olaraq gəlib çatması haqqında da müxtəlif inanclar mövcuddur. Bəzi dini kitablarda yazılır ki, bu yeri çobanlar tapıblar. Amma Metyudan olan İncildə isə “ulduzların göstərdiyi yolla” İsanın doğulduğu yerə gəlib çıxan müdriklərdən bəhs olunur. Məryəm və Cozef uşaq doğulana qədər Vifleyem şəhərinə gedirlər. Çünki öz ata evini tərk etmiş Cozef Roma imperatorunun əmri ilə keçirilən siyahıyaalmada iştirak etməliydi. Odur ki, Məryəmlə Cozef İordan çayının kənarı ilə yola çıxırlar. Amma onlar Vifleyemə gəlib çatanda şəhər mehmanxanasında yer tapılmır. Mehmanxana sahibi onlara öz evinin yaxınlığında dağdakı mağarada, atların saxlandığı yerdə gecələməyə icazə verir. Məryəm məhz bu cür səs-küylü, heyvanların qaldığı bir pəyədə öz uşağını dünyaya gətirir.
…Digər bir əfsanəyəsə görə, çobanların yanında qalan kiçik bir yetim oğlan İsanın doğulması xəbərini eşidəndə onun üçün tikandan çələng hazırlayıb. Lakin sonra öz hədiyyəsindən utanaraq ağlamağa başlayır. Onun göz yaşları al-qırmızı pırkal meyvəsinə dönüb. Qədim təriqətlər bu bitkidən müdafiə üçün istifadə ediblər. Onlar qapı-pəncərələri pırkalla bəzəyərək pis ruhları qovmağa çalışıblar.
…İngiltərədə olan Roma əsgərləri də bayrama öz paylarını vermişdilər. Onlar bayram günlərində yaxşıca yeyib-içir, əylənirdilər. Kilsə həmçinin pırkal bitkisini İsanın tikanlı çələng simvolu kimi seçib. Əfsanəyə görə, Roma əsgərləri bu tikanlı bitkidən tac düzəldib onu İsanın başına taxıblar və mahnı oxuyublar: “Yəhudilərin kralını salamlayın”. Pırkalın meyvələri adətən ağ rəngdə olsalar da, Məsihin qanı onları tünd-qırmızı rəngə boyayıb. (“kulis.az” saytından)
Neçə min illərdir ki, insan doğulur, nəsil artırır, sonda həyatdan köçür. Bu üç mərhələnin folklorda doğum, toy, yas mərasimləri şəklində əks olunması təbiidir. Topladığımız inanc və sınamalar içərisində özünəməxsus çəkisi olan toy mərasimləri də adamların şadlıq, sevinc əhval-ruhiyyəsini yaxşılaşdırmaqdan ötrü dini və dünyəvi inanclara tapınmaqla həyat düzəmini müəyyənləşdirmək ehtiyacından meydana gəlmiş, məxsus olduğu xalqın öz həyat tərzini, məişət şəraitini qurmasına xidmət göstərmişdir. Bu baxımdan da nəsillərin müşahidəsindən keçdikdən sonra ağızlardan-ağızlara düşərək arıtlanmış inam və sınanclar insanların məişətində də özünü daha qabarıq göstərməkdədir. İnamlar əsasında nənə və babalar tərəfindən illərin təcrübəsindən çıxarılmış sınanclar vaxt ötdükcə adət şəklini almış, nəsillərin yaddaşında əbədiləşdiyindən ailə məişət daxilindəki münasibətlərdə gələcək nəsilin sağlamlığına önəmli yer ayrılmışdır. Buna görə də, slavyan xalqlarında bir sıra adətlər əsasən hamilə qadınlarla bağlıdır:
· Uşağın kar olmaması üçün hamilə qadınlara balıq yemək olmazmış.
· Əkiz uşaqların doğulmasından qaçmaq üçün bitişik meyvələri yemək olmazmış.
· Uşağın yuxusuzluğunun qarşısını almaq üçün hamilə qadınlar dovşan əti yeməzmiş. Bəzi inanclara görə dovşan heç vaxt yatmır.
· Uşağın burnunun axmaması üçün hamilə qadınlar selikli göbələk yeməzlərmiş.
(yazar Elnarə Ağaoğlu “kulis.az” saytından).
· Fransızlarda həftənin cümə günü uğursuz sayılır.
· Xristiyanlardan ötrü saatın ilk beş dəqiqəsi iş görmək üçün ən uğurludur.
· Rusiyada və Qafqaz xristianları kimisə səfərə yola salanda uğur diləmək üçün, həm də səfərdən sağ-salamat qayıtması münasibətilə şampan şərabı içirlər.
· Adətə görə ruslar bir-biriylə vidalaşarkən qucaqlaşıb üç dəfə öpüşürlər.
· Rusiyada yaşayan skopsislər (skopsislər provaslav dinin bir təriqətidir.) adətə görə ilk uşaqları dünyaya gələndən sonra özlərini axtaladırlar. Bu əməliyyatı cərrahiyyə yolu ilə öz arvadlarına da tədbiq edib onları da sonsuzlaşdırırlar. (A.Düma “”Qafqaz əsərindən)
· Şotlandiyada gəlinlərin toydan əvvəl üstləri palçıq, yumurta və digər şeylər ilə çirkləndirilir və belə şəhərdə piyada gəzdirirlər. Gəlinlər isə intiqam olaraq gecə gec saatda böyüklərinə ayaqlarını yudurdur.
· Tanzaniya və Keniyada yaşayan Vesai qəbiləsi üzvləri bir-biri ilə tüpürərək salamlaşırlar.
· Guamda bakirə insanların evlənməsi qadağandır. Heç bir əlaqə yaşamadan evlənmək onlar üçün utanc mənbəyi və təcrübəsiz olduqlarını göstərən bir əlamət sayılır. (“bizim.az” saytından)
· Fillipində bəy və gəlin toy gecəsi sərxoş olana qədər içməlidirlər. Fillipinlilər hesab edir ki, bu xüsusi gündə yalnız qonaqlarla əylənmək və içmək vacibdir. Mütləq qaydada sərxoş olacaqları üçün bəylə gəlinə cinsi əlaqədə olmaq da qadağandır.
· Balkan dövlətlərindən sayılan Makedoniyada da toy gecəsi adəti maraqlıdır. Burada bəylə gəlin evliliklərinin ilk günü toy hədiyyələrinə sahib olmaq üçün bir-birilə mübarizə aparır. Hədiyyələrə sahib olan tərəf ailənin başçısı sayılır.
· Qədim slavyanlarda toy gecəsi bəylə gəlin tək qalmırdılar. Bəyin böyük qardaşları onları seyr edirdilər. Nəslin artması hər şeydən vacib olduğuna görə bəydə cinsi zəiflik olsaydı, böyük qardaşlar bəyin funksiyalarını icra etməli idilər.
· Yunanıstanda ilk toy gecəsi yatağa birinci olaraq balaca uşaqları buraxırdılar. Oynayan və qaçan uşaqlar gələcək ailənin sağlam övlad sahibi olacağına ümid ifadə edirdi.
· Rus pravoslav rahiblərinin mövcudiyyətinin min ildən artıq tarixi olan Yunanıstandakı Afona dağı əslində 335 kvadrat kilometr sahəsi olan yarımadadır. Bura həm də dünyada qadınların gəlməsi qadağan edilmiş ən böyük ərazidir. Afona nəinki qadınları, heç dişi heyvanları da buraxmırlar. Bu pravoslavlıqdakı nikahsızlıq əhdinin qorunması üçün ən rahat yoldur. (Mir.az saytından)
Bəzi dinlərdə və onların təriqətlərində bir sıra rəqəmlərin adamlar arasında uğurlu və yaxud uğursuz sayılması bizə məlumdur. Xristianlıqda 13 rəqəminin nəhs, uğursuz rəqəm sayılması belə hallardandır. Bununla bağlı aşağıdakı belə bir rəvayət mövcuddur.
…Bu rəvayətdə İsa peyğəmbərin öz şagirdləri ilə axırıncı şam yeməyindən söhbət açılır. Rəvayətə görə, masanın ətrafında oturanların sayı 12 imiş. 13-cü şəxs İsanın şagirdi Yəhuda (İuda) sonradan gəlir. O, müəlliminə xain çıxaraq onu ələ verir Buna görə də 13 rəqəmi bədbəxtliyin, xəyanətin rəmzi hesab edilir. Lakin 13 əvvəllər də nəhs rəqəm sayılmışdır. «Qədim yəhudilərdə 13 «ölüm rəqəmi» idi. 13 rəqəminə uyğun gələn fal kartını bədbəxtlikdən xəbər vetən işarə hesab edirdilər» Bununla bağlı bir sıra inanclar meydana gəlmişdir ki, bunlar da indiyədək xalqlar arasında yaşamaqdadır. Belə ki, masa arxasında 12 nəfər əyləşmişdirsə, 13-cü şəxs burada oturmur, onun üçün ayrıca süfrə açılır. Bir çox ölkələrdə 13 nömrəli ev, mənzil və s. olmur.
Yaxud:
…13 rəqəminin uğursuz hesab edilməsi on ikilik say sistemi ilə əlaqələndirilir. Vaxtı ilə on iki ədədi ilə say qurtarmış, ondan yuxarı qalxmamış, on iki sayı xoşbəxtliyin rəmzi kimi qəbul olunmuşdur. İnsanlar on ikidən sonra hansı say gələcəyini bilmirdilər. Naməlum say sirli və dəhşətli göründüyündən 13 sayından istifadəni lüzumsuz və artıq iş hesab edirdilər. (Kəmalə İslamzadə “mifoloji təsəvvürlərin, inam və etiqadların rəqəmlərdə ifadəsi” məqaləsindən)
Aşağıda veriləcək parçalarda mahir müşahidə qabiliyyətinə malik V. Hüqo ətraflı araşdırma apararaq xristian dininin sərt qayda-qanunlara malik olması və bu dinə stayiş edən inançlı insanların ayinlərin icrası zamanı hansı əzab-əziyyətlərdən keçmələrindən, möhkəm nizam-intizamın mövcudluğundan söz açaraq onun inandırıcı və real boyalarla təsvirini vermişdir. Ədib dinin ona sitayiş edənlərin həyatında hansı mövqeyə malik olmasını, onların davranış və güzaranlarında nə kimi rol oynadığını ustalıqla əks etdirmişdir. Bu isə müəllifin bu din və onun təriqətləri haqqında geniş və tutarlı məlumata sahib olmasının bariz göstəricisidir.
…Martin Verqanın sərt ispan nizamnaməsinə tabe olan benediktçi-bernarçı rahibələr bütün il boyu ətsiz xörək yeyirlər, ümumiyyətlə, başqa icazə verilən günlərdə də pəhriz saxlayaraq, yeməkdən çəkinirlər, ilk olaraq şirin yuxudan oyanaraq yataqdan durur, gecə saat birlə üç arasında dua kitabını oxuyur və səhər ibadətini keçirirlər. Bütün il boyu qaba mələfə və küləş üstündə yatar, heç bir zaman peç yandırmaz, bədənlərini yumazlar, hər cümə günü özlərinə cəza verər, sükut əhdinə riayət edər, bir-birilə ancaq az müddət sürən istirahət vaxtında danışarlar, 14 sentyabrdan, yəni Merac bayramı günündən başlamış pasxaya qədər, bədənlərinə iynə kimi batan yun köynək geyərlər. Altı ay hələ güzəşt deməkdir, qaydaya görə bu köynəyi bütün il boyu geyinməlidirlər: lakin yay istisində dəhşətli bir şey olan bu yun köynək isitməyə və əsəb xəstəliyinə səbəb olur. Buna görə köynəyi geyinmək möhləti ixtisar edildi; lakin bu güzəştə baxmayaraq, 14 sentyabr günü yaxınlaşanda, yəni rahibələr yenidən bu köynəyi geyinən zaman, yenə də onları iki-üç gün isitmə tutur. İtaət, yoxsulluq, bəkarət, daim monastır divarları arasında yaşamaq - onların əhdləri budur. Nizamnamə bu əhdi daha da ağırlaşdırmışdır.
…Monastır rəisi üç il müddətinə, “seçici analar” adlanan rahibələr tərəfindən seçilir. Bu rahibələr kapitula görə həlledici səsə malik olduqlarından belə adlanırlar. Rəis yenidən yalnız iki dəfə seçilə bilər, beləliklə, monastır rəisi üçün ən uzun idarə müddəti doqquz ildir.
Onlar heç bir zaman ibadəti keçirən keşişin üzünü görməzlər, çünki keşişlə onların arasında beş fut hündürlükdə sarjadan bir pərdə olur. Moizə vaxtında vaiz ibadətxanada dayandığı zaman, rahibələr örpəklərini üzlərinə çəkirlər. Onlar həmişə yavaş danışmalı, başlarını aşağı salıb, gözlərini yerə dikərək yeriməlidirlər. Monastıra yalnız bir kişi girə bilər ki, o da yeparxiya arxiyepiskopudur. Monastıra bir nəfər daha girə bilər: o da bağbandır, lakin o, adətən, qoca olur; bağbanın daim bağda tək olması, rahibələrin isə onun gəlməsindən xəbərdar olub ona rast gəlməməsi üçün bağbanın dizinə zınqırov bağlayırlar. Rahibələr rəisə tabedir, bu itaət hüdudsuz və etirazsızdır. Bu tamamilə tərki-dünyalıq olan kanonik, mənəvi bir itaətkarlıqdır. Onlar İspanın səsinə, hərəkətinə, ən kiçik bir işarəsinə qətiyyətlə, kor bir itaətkarlıqla tabe olurlar, onlar fəhlənin əlindəki mişara bənzərlər, icazə almadan onların heç bir şey yazmağa, oxumağa ixtiyarları yoxdur.
…Hər bir rahibə növbə ilə bağışlama deyilən bir mərasimdən keçməlidir. Bağışlatma - yer üzündə baş verən bütün günahlar, bütün səhvlər, bütün cinayətlər, bütün zülmlər, bütün haqsızlıqlar üçün edilən bir dua deməkdir. Bağışlatma mərasimini keçirən rahibə bacı on iki saat ərzində, gündüz saat dörddən ta səhər saat dördə qədər, yaxud səhər saat dörddən gündüz saat dördə qədər daş döşəmə üzərində, dizi üstündə, müqəddəs nemətlər qarşısında, qolubağlı, boynunda kəndir dayanmalıdır. Rahibə artıq taqətdən düşdüyü zaman, üzü üstə yerə yıxılır, qollarını xaç kimi yanlarına uzadır. O, vəziyyətini ancaq bu vasitə ilə yüngülləşdirə bilər. Rahibə bu vəziyyətdə bütün yer üzündəki günahkarlar üçün dua edir. Burada demək olar ki, ilahi bir əzəmət var. Bu ayin, təpəsində şam yanan bir dirəyin yanında icra edildiyindən monastırda bu ayinə həm “bağışlatma ayini”, həm də “dirəyin yanında dayanma ayini” də deyirlər. Hətta rahibələr zəlalət üçün son ifadəni daha çox tərcih edirlər, çünki bu ifadədə həm cəza, həm də həqarət fikri var. “Bağışlatma ayini” bütün ruhu məşğul edən bir ayindir. Dirək yanında dayanan rahibə bacı, arxasında ildırım çaxsa belə, dönüb geri baxmaz.
Bundan başqa bir rahibə də dayanır. Bu dizi üstə dayanmaq bir saata qədər davam edir.
Rahibələr qarovulda dayanmış əsgərlər kimi bir-birini növbə ilə əvəz edirlər. Yorulmadan sitayişin də mənası budur.
…Monastır rəisləri və analar övliya, yaxud şəhidlərin adlarını deyil, Həzrət İsanın həyatında mühüm bir hadisəyə işarə edən bir ad daşıyırlar, məsələn: Milad ana, Maya ana. Düxul ana, Tanrı əzabları ana. Lakin övliya şərəfinə ad qoymaq da qadağan deyildir. Rahibələrin üzünə baxdıqda yalnız ağızlarını görmək olur. Hamısının dişləri sarıdır. Diş fırçası heç bir zaman monastıra girməmişdir. Diş təmizləmək - aşağısında “ruhu məhv etmək” sözləri yazılmış bir pilləkənin üst pilləsinə qalxmaq deməkdir. Rahibələr mənim deməzlər. Onların özlərinə aid heç bir şeyləri olmadığından, heç bir şeyi əziz tutmazlar. Onlar hər şeyə bizim deyərlər. Məsələn: bizim örpəyimiz, bizim təsbehimiz. Öz köynəklərindən bəhs etdikləri zaman belə, onlar “bizim köynəyimiz” deyirlər. Bəzən onlar əhəmiyyətsiz bir şeyə, bir dua kitabına, bir dini xatirəyə, bir surətə öyrəşirlər. Lakin bu şeyi əziz tutmağa başladıqlarını hiss edən kimi dərhal onu verməyə borcludurlar. Onlar müqəddəs Terezanın sözlərini xatırlayırlar. Bir dəfə kübar bir xanım rahibəliyə daxil olduğu zaman: “Ana, icazə verin, mənim çox əziz tutduğum müqəddəs İncilin dalınca adam göndərim!” dedikdə, müqəddəs Tereza ona belə bir cavab vermişdi: “Ah! Demək, sizin əziz tutduğunuz bir şey varmış? Elə isə bizim sıramıza daxil olmaya bilərsiniz!”.
( Viktor Hüqo “Səfillər” romanından)
Bu inanc və sınamalar həyat durduqca insanı beşikdən qəbrədək müşayiət etməkdədir. Bu kimi xüsusiyyətlərin adət şəklini alması onların istifadə və tətbiq imkanlarını artırmaqla geniş yayılmasına səbəb olaraq gündəlik həyat tələbinə çevrilmişdir. Məhz buna görə də , yuxarıda sadalananlar həmin dinin səciyyələndirilməsində başlıca amillərdən biri kimi qiymətləndirilməlidir. Buradan da göründüyü kimi, bu şifahi xalq nümunələri hər bir xalqın qədim milli adət və ənənələrini, məişət şəraitini, genofondunu, məşğuliyyətini, dini baxışlarını özündə qoruyub saxlamaqla aktual və güvənclidir.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Teatrın Sənət Tarixində Yeri və İnkişaf Yolları
Rəqsanə Babayeva
Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün
İnsan cəmiyyətinin mənəvi dünyasını, dünyaya baxışını və dəyərlərini ifadə edən sənətlər içində teatrın yeri hər zaman xüsusi olmuşdur. Teatr sadəcə bir tamaşa, əyləncə və ya sənət hadisəsi deyil; o, insanın özünü dərk etməsi, yaşadığı dövrü anlamağa çalışması, ictimai və fərdi problemlərlə üz-üzə qalması üçün yaradılan bədii məkan olmuşdur. Tarix boyunca teatr həm dini mərasimlərin, həm siyasi müzakirələrin, həm də estetik duyğuların ifadəsi kimi müxtəlif funksiyalar daşımışdır.
Teatrın başlanğıcını bəşər tarixinin çox qədim qatlarında axtarmaq mümkündür. Arxeoloji və etnoqrafik araşdırmalar göstərir ki, daha daş dövründə insanlar ov səhnələrini canlandırmaq üçün kollektiv rəqs və oyunlardan istifadə etmişlər. Bu mərasimlər bir tərəfdən ibtidai insanın ovda uğur qazanmaq arzusu ilə bağlı idi, digər tərəfdən isə kollektiv şüurun, birgə inancların ifadəsi idi. Yəni, teatrın ilk nüvəsi dini-magik ayinlərlə bağlı yaranmışdır.
Antik Yunan Dünyasında Teatrın Doğuluşu
Teatr sənətinin yeni əsaslarının formalaşdığı məkan isə şübhəsiz ki, qədim Yunanıstan olmuşdur. Antik yunanların “teatron” adlandırdıqları bu sənət məkanı həm dini mərasimlərin keçirildiyi, həm də ictimai müzakirələrin aparıldığı bir yer idi. Əslində, yunan teatrı bir tərəfdən Dionis şərəfinə keçirilən dini mərasimlərdən doğmuş, digər tərəfdən isə demokratiyanın inkişafı ilə bağlı olaraq cəmiyyətin özünü ifadə forması olmuşdur.
Qədim yunan teatrı yalnız sənət hadisəsi deyildi; orada siyasət, din və fəlsəfə bir vəhdət təşkil edirdi. Aristotel öz məşhur “Poetika” əsərində teatrı elmi əsaslarla izah edərək, dramın “hadisə, məkan və zaman vəhdətinə” əsaslanmasını vacib sayırdı. Bu qayda uzun əsrlər boyu dramaturgiyanın inkişafına istiqamət vermiş, klassik dramaturgiya ənənəsinin bünövrəsini qoymuşdur.
Yunanıstanın müxtəlif koloniyalarına yayılan teatr ənənəsi, xüsusən də Afina şəhərində yaradılan “Dionis Teatrı” vasitəsilə daha geniş coğrafiyaya yayılmışdır. Burada tragik əsərlər eramızdan əvvəl 534-cü ildən, komediya tamaşaları isə təxminən eramızdan əvvəl 480-ci ildən səhnələşdirilməyə başlanmışdır. Məsələn, Aysxil, Sofokl və Evripid kimi dramaturqların yaratdığı faciələr bəşər ədəbiyyatının zirvələri sayılır və bu gün də səhnələrdə öz aktuallığını qoruyur.
Roma Dünyasında Teatr
Romalılar Yunanıstanla əlaqələrindən sonra teatr sənətini mənimsədilər və öz imperiyalarında yaydılar. Xüsusilə Pun müharibələri dövründə yunan mədəniyyətinə yaxınlaşan Roma, teatrı həm xalqı əyləndirmək, həm də siyasi təbliğat vasitəsi kimi istifadə etdi. Roma teatrlarının möhtəşəm memarlıq quruluşu bu sənətin kütləviləşməsinə şərait yaradırdı.
Lakin Roma dövründə pantomima və sirk oyunlarının populyarlığı nəticəsində klassik teatr öz əvvəlki mövqeyini tədricən itirməyə başladı. Bu da göstərir ki, teatr hər dövrün ictimai-siyasi tələblərinə uyğun olaraq öz formasını dəyişmişdir.
Orta Əsrlərdə Teatr
Qərbi Roma imperiyasının süqutundan sonra Avropada bir müddət teatr zəifləsə də, tamamilə yox olmadı. Xüsusən də kilsə xadimlərinin təşəbbüsü ilə dini mövzulu tamaşalar yaranmağa başladı. Bu tamaşalar “misteriya”, “mirakl” və “moralitet” kimi janrlarda inkişaf edərək, insanların dini biliklərinin möhkəmləndirilməsi üçün vasitə rolunu oynadı. Maraqlıdır ki, bir vaxtlar bütpərəst ayinlərdən doğmuş teatr indi xristianlığın yayılması üçün xidmət etməyə başlamışdı.
Orta əsrlərin dini teatrı sadəcə dini təbliğat vasitəsi deyildi, o həm də xalqın bir araya gəldiyi, ortaq dəyərlər ətrafında toplandığı ictimai hadisə idi. Bununla yanaşı, xalq arasında daha yüngül, komik xarakterli küçə tamaşaları da oynanılırdı.
İntibah Dövründə Yenidən Doğuluş
XIV–XVI əsrlərdə baş verən İntibah hərəkatı bütün incəsənət sahələrində olduğu kimi teatrda da inqilabi dəyişikliklər yaratdı. İnsan mərkəzli dünyagörüşünün formalaşması nəticəsində səhnəyə yenidən antik faciə və komediyalar qayıtdı. Bu dövrdə İtaliyada formalaşan “commedia dell’arte” açıq havada, improvizasiya üzərində qurulmuş tamaşaları ilə Avropa teatrına böyük təsir göstərdi.
İntibah dövrünün dramaturqlarından Nikkolo Makiavelli komediya janrında dərin psixoloji müşahidələrə əsaslanan əsərlər qələmə aldı. Bu mərhələ Aristotelin ideyalarına əsaslanan, lakin yeni dövrün insanını əks etdirən bir teatr sənətini ortaya çıxardı.
Barokko və Klassisizm Dövrləri
XVII əsrdə Avropada formalaşanBarokko dövrü teatrı daha çox zəngin dekorasiyalara, möhtəşəm səhnə effektlərinə üstünlük verirdi. Bu teatr forması ictimai dəyişikliklərin, feodalizmin zəifləməsi və mütləqiyyətin güclənməsi ilə bağlı olaraq meydana çıxmışdı.
Məhz bu dövrdə Vilyam Şekspirin dramaturgiyası özünəməxsus gücü ilə seçilirdi. Şekspir insanın daxili aləmini, ziddiyyətli hisslərini, sevgi və nifrətini, qəhrəmanlıq və xainliyini tamaşaçının gözləri önündə canlandıraraq, teatrı sadəcə hadisə təsvirindən çıxarıb insan həyatının fəlsəfi dərkinə çevirdi. Onunla yanaşı, ispan dramaturqu Pedro Kalderon da teatrı “dünya bir səhnədir, hər kəs öz rolunu oynayır” ideyası ilə zənginləşdirirdi.
Romantizm və Sonrakı Dövrlər
XIX əsrdə Romantizm hərəkatı teatrda daha çox lirizmə, fərdi hisslərin ifadəsinə yol açdı. İnsan duyğularının gücü, təxəyyül və azadlıq arzusu bu dövrün pyeslərinə hakim oldu.
XX əsrdə isə teatr yeni cərəyanların təsiri altında dəyişdi. Naturalizm, ekspressionizm, sürrealizm, absurd teatr kimi istiqamətlər səhnəyə gəldi. Bu dövrdə Konstantin Stanislavski aktyor sənətində psixoloji realizmin əsasını qoydu, Bertold Brext isə “epik teatr” nəzəriyyəsi ilə tamaşaçını passiv müşahidəçidən aktiv düşünən şəxsiyyətə çevirməyi hədəflədi.
Antonin Artaud “qəddar teatr” ideyası ilə tamaşanı sadəcə əyləncə yox, sarsıdıcı bir həyat hadisəsinə çevirməyə çalışdı. Samuel Bekketin “absurd teatrı” isə müasir insanın mənasızlıq və tənhalıq hisslərini səhnəyə gətirdi. XX əsrin sonu və XXI əsrin əvvəllərində postmodern teatr ənənəvi sərhədləri aşaraq, müxtəlif incəsənət növlərini sintez edən yeni eksperimentlərə yol açdı.
Teatrın minilliklər boyu keçdiyi yol göstərir ki, bu sənət daim insan cəmiyyətinin ehtiyaclarına uyğun olaraq dəyişmişdir. Dini mərasimlərdən doğan teatr sonralar siyasi, estetik və fəlsəfi ideyaların ifadə vasitəsinə çevrildi. Antik Yunan faciələrindən başlayaraq postmodern tamaşalara qədər teatr insanın özünü dərk etməsi, həyatın mənasını anlamağa çalışması, ictimai problemləri bədii dillə ifadə etməsi üçün ən güclü vasitələrdən biri olmuşdur.
Bu gün də teatr yalnız keçmişin mirası deyil, həm də gələcəyin axtarış meydanıdır. O, insanın iç dünyası ilə cəmiyyət arasındakı əlaqəni açan, insanı düşündürən, həyəcanlandıran və birləşdirən bir sənət olaraq öz aktuallığını qorumaqdadır.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Beyləqanda Yusif Nəğməkarla unudulmaz görüş
Rəqsanə Babayeva,
Beyləqan Rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” Xalq Teatrının rəhbəri, yazıçı, “Ədəbiyyat və incəsənət” üçün
Beyləqan ədəbiyyatsevərlərinin yaddaşına silinməz iz buraxan bir gün yaşandı. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yusif Nəğməkar” təxəllüsü ilə tanınan, Azərbaycan ədəbiyyatına dərin mənəvi çalarlar gətirən şair və yazıçı Yusif Mədətovun 70 illik yubileyinə həsr olunmuş ədəbi görüş Mədəniyyət Mərkəzində keçirildi. Bu tədbir, təkcə bir yaradıcının yubiley gecəsi deyil, eyni zamanda ədəbiyyatın, poeziyanın, milli mənəviyyatın təntənəsi idi.
Görüşün aparıcısı, tanınmış ədəbiyyatşünas və tənqidçi Əsəd Cahangir Yusif Nəğməkarın bədii-estetik dünyasından söz açaraq onun yaradıcılığını “sözün mənəvi ahəngi” adlandırdı. Əsərlərində insan ruhunun, xalq yaddaşının, torpaq sevgisinin və poetik düşüncənin harmoniyasını təhlil edən tənqidçi, Nəğməkarın şeirlərindəki səmimiyyətin onun şəxsiyyətindən qaynaqlandığını vurğuladı.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, yubilyarın ədəbiyyatımıza verdiyi töhfələrdən danışaraq onun yaradıcılığını “gənc nəslin mənəvi mayakı” kimi dəyərləndirdi. O, dövlət başçısı cənab İlham Əliyevin ədəbiyyat və mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğının bölgələrdə ədəbi mühitin canlanmasına mühüm təkan verdiyini bildirdi. Əziz Əzizov həmçinin Yusif Nəğməkarın Çanaqqalada Azərbaycan ədəbiyyatını layiqincə təmsil etməsini xüsusi qürur hissi ilə qeyd etdi.
Rəsmi çıxışların ardınca şairin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş etdirildi. O anlarda zalda həm nostalji, həm də qürur dolu bir səssizlik hökm sürdü – hər kəs özlüyündə bu böyük qələm sahibinin yolunu təkrar yaşadı.
Ədəbi görüşdə Millət Vəkili Səyyad Aran, filologiya elmləri doktoru Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər və digər ədəbiyyat xadimləri çıxış edərək Yusif Nəğməkarın poetik irsindən parçalar səsləndirdilər. Onlar şairin bədii üslubunun özünəməxsusluğunu, milli poeziyamıza gətirdiyi yenilikləri və onun yaradıcılığının gənc nəslin milli düşüncəsinin formalaşmasında rolunu vurğuladılar.
Tədbirin musiqi hissəsi də bədii atmosferi tamamladı. Yusif Nəğməkarın sözlərinə bəstələnmiş mahnılar Beyləqan Rayon Mədəniyyət Mərkəzinin musiqiçiləri tərəfindən ifa olundu və zalda bir anlıq poeziya ilə musiqinin birləşdiyi sehri yarandı.
Yubilyar Yusif Nəğməkar sonda çıxış edərək doğma Beyləqanına, İcra Hakimiyyətinin rəhbərliyinə və tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirdi. O, doğma yurdunun onu unutmamasını “şair üçün ən böyük mükafat” adlandırdı. Ardınca tar ifası ilə tədbirə xüsusi ruh qatdı – sanki şeir dili ilə danışan tar, Yusif Nəğməkarın poeziyasını musiqi sədaları ilə tamamladı.
Tədbir kitab təqdimatı və xatirə şəkli ilə yekunlaşdı.
Bu görüş, Beyləqan ədəbi mühitində yeni bir nəfəs, gənc yazarlar üçün isə bir məktəb oldu. Yusif Nəğməkarın 70 illik yubileyi təkcə bir yaradıcının ömrünün mərhələsi deyil, ədəbiyyatın əbədiyaşarlığının sübutu idi.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Maraqlı söhbətlərdə Hitler və Nepal kralı
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1939-cu ildə dünya müharibəsinin yaxınlaşdığı bir vaxtda Adolf Hitler Nepal kralı Tribhuvana dəbdəbəli bir “Mercedes-Benz” hədiyyə edir. Bu diplomatik jest olduqca qeyri-adi idi. Çünki, Üçüncü reyxin füreri elit bir alman avtomobilini ucqar, dünyadan demək olar ki, təcrid olunmuş dağ ölkəsinin monarxına hədiyyə edirdi.
Bəs niyə axı?
Hitler üçün bu, incə siyasi gediş idi: Asiyada nüfuzu gücləndirmək və Almaniyanın sənaye gücünü nümayiş etdirmək istəyirdi. Nepal üçün bu, xarici dünya ilə görünməmiş təması və həm elitanın, həm də sadə insanların gözündə simvolik bir status idi.
Amma ən əsas məsələ, avtomobilin krala çatdırılması idi. Çünki bu asan məsələ deyildi: Nepalda inkişaf etmiş yol şəbəkəsi yox idi. Buna görə həmin maşını ölkəyə sözün əsl mənasında əl ilə sürükləyərək gətirməli olurlar. Yüzlərlə adam ağır "Mercedes"i ölkənin paytaxtı Katmandudakı yeganə asfaltlanmış yola çatdırmaq üçün onu Himalay dağlarından keçən sıldırım dağ cığırları ilə əl ilə aparmalı olurlar.
Bu isə "Mercedes"i sadəcə təmtəraqlı, dəbdəbəli maşına yox, az qala miflərlə əhatə olunmuş müqəddəs bir obyektə çevirir.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
"Türk" etnonimi və törələri haqqında – Nizami Cəfərov
“Ədəbiyyat və incəsənət” portalı akademik Nizami Cəfərovun yazıçı, publisist Yunus Oğuzun "Türk" etnonimi və törələri haqqında” adlı yeni kitabı barədə qeydlərini diqqətinizə çatdırır.
Yalnız məşhur romanları ilə deyil, vaxtaşırı apardığı akademik araşdırmaları, elmi- publisitik yazıları ilə də türk tarixinin qaranlıq, mübahisəli tərəflərinə bu və ya digər dərəcədə aydınlıq gətirməyə çalışan (və geniş ictimai maraq doğuran) Yunus Oğuz oxucuların müzakirəsinə (bundan öncə onun "Qədim Anadolu və Azərbaycan türkləri", "Türkün tarixinə yeni bir baxış", "Türkün gizli tarixi", "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" kitabları nəşr edilmişdir. Bunlardan ikisi Elm və Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərdə dərs vəsaiti kimi nəzərdə tutulub) məzmun-mündərəcə etibarilə kifayət qədər siqlətli yeni bir əsər vermişdir ki, burada ən azı üç ciddi problem diqqət mərkəzinə çəkilməkdədir.
Onlardan birincisi "türk" sözünün etimologiyasıdır. Bu barədə çox yazılmış, çox deyilmiş, dünyanın bütün görkəmli türkoloqları "türk" sözünə öz interpretasiyalarını izhar etməyə ehtiyac duymuşlar. Və nəticə etibarilə, türk"ün a) "igid", "hünərli", "cəsarətli", b) "gözəl", "ürəyəyatan", "könülaçan" və c) "törəli", "qanun- qayda sevən" və "qanun- qaydaya riayət edən" mənalarını bildirdiyi qənaətləri yayılmışdır. O da məlumdur ki, "türk" sözünün tərkibi "t + r" və "k" hissələrindən ibarətdir: "tar", "tor", "tur" "tür" və s. kökü ilə "ıq", "ik", "uq", "ük" şəkilçisi. Sözün kökü məna dəyişikliklərinə həddindən artıq həssas olmuş, şəkilçi isə sadəcə mücərrədlik bildirmişdir.
Yunus Oğuz "türk" etnoniminin həm Mahmud Kaşğarinin "Divan"ındakı, həm də "Qədim türk sözlüyü"ndəki izahlarını xatırlatdıqdan sonra, ən yeni dövr türkoloqlarının mülahizələrini nəzərdən keçirir. Və "türk"ün ən qədim dövrlərdən müxtəlif mənbələrdə əks olunmuş "törəmələr"ini göz önünə gətirir: turuk, tarku, turşa, etrusk, turça, turkha, türkü, tursü, turka, türkilinq,turoba (Troya), turçi, trek, turça, Turan və s. və i.
Mənə məlum olduğu miqyasda ilk dəfədir ki, Yunus Oğuz "türk" etnoniminin daxil olduğu etnoqrafik- mədəni sferanın anlayış- konseptlərini də tədqiqata cəlb edir ki, buraya, ilk növbədə, "el", "oba", "bil", "tağ" və s. aiddir. Heç şübhə yoxdur ki, həmin istiqamətdəki araşdırmalar "türk" etnoniminin ideya- məzmununun daha aydın təsəvvürünə müəyyən imkanlar açacaqdır.
Müəllifin toxunduğu ikinci problem Avrasiyanın Qərb ucqarlarındakı türk toponimləridir ki, bunlar Strabonun "Coğrafiya"sından, yəni son dərəcə mötəbər bir mənbədən gətirilir: Alp, Apatur, Arvak, Asta, Atamon, Evbey, Bardul, Dondar, Etrusk, Kimmer, Kenoba, Onoba, Salar, Salqan, Arat, Bark, Qarpak, Azan, Temen və s.
Həmin mənbədə türkçülüyün ilk baxışdan "zəmanət verən", ancaq təbii ki, müfəssəl araşdırma tələb edən bir sıra etnonimləri də var: akuti, albiy, albula, ana, araq, asay, atak, bat, duriy, taq, tavr və s. və i.
Yunus Oğuzun türkşünaslıq araşdırma üslubudur ki, faktları bol- bol sadalamaqla öz fikrini, mövqeyini bu və ya digər "nəzəriyyə"yə ehtiyac duymadan bildirir: deyir ki, türklər hər hansı halda Qərbi Avropada olmuşlar!..
Əsərdə diqqət mərkəzinə çəkilən üçüncü problem türklərin Avrasiya boyu Şərqdən Qərbə, yoxsa Qərbdən Şərqə hərəkətidir ki, burada müəllifin məqsədi, əlbəttə, artıq çoxdan başlamış bir ideyaya (konsepsiyaya!) dəstək verməkdir. Belə ki, türklərin "xalqların böyük köçü"ndən - ilk orta əsrlərdən çox- çox əvvəl Qərbdən Şərqə də axınları olmuşdur... Yunus Oğuz tamamilə haqlıdır ki, bu axınlar Qərbi Avrasiyadan (İspaniyadan) da ola bilərdi, Ön Asiyadan (Şumerdən) də... Burada söhbət, Yunus Oğuzun böyük bir ehtiramla həmişə istinad etdiyi L.Qumilyovun sözləri ilə desək, sosiosferin yox, biosferin verdiyi imkanlardan gedir. Yəni xalqların köç hərəkətlərinə (və hərəkatlarına) cəmiyyətdən daha çox təbiət təkan verir. İqlimin dəyişməsi elə güclü bir amildir ki, xalqların ruhundakı "vətən sevgisi"ni çox çəkmədən xoş bir xatirəyə çevirir.
"Türk" sözünün etimologiyasından başlayıb Avrasiyanın Qərb ucqarlarındakı türk izlərinə gələn, oradan da türklərin Şərqdən Qərbə, Qərbdən Şərqə axınlarından hansının onların tarixi taleyində daha böyük rol oynadığı məsələsini bir daha müzakirə meydanına çıxaran Yunus Oğuzun növbəti əsərindəki strateji məqsəd türklüyün (və türkologiyanın) problemlərinə hansısa "məhəlli" yox, yalnız ciddi elmi- metodoloji səviyyədən yanaşmaq imkanlarını bir daha yada salmaqdan ibarətdir. Və türk tarixşünaslığı yaddaşının bu cür təzələnməsinə ehtiyacın həmişə olmasına mən heç vaxt şübhə etməmişəm. Xüsusilə dostum Yunus Oğuz kimi qüdrətli türkçünün (və istedadlı türkoloqun) nümunəsində...
Yunus Oğuz bu kitabda "türk" etnoniminin sanballı izahı ilə yanaşı ilk dəfə olaraq elmi-publisistik ədəbiyyatda islamaqədərki türk törələrindən də bəhs edir. Elmi ədəbiyyatımızda Bilgə xaqan və uyğur törələrini, Dədə Qorqud buyruqlarını qələmə alır.
Yazıçı "Türk törəsi nədir" sualına belə cavab verir: "...törə anlamı səndən yuxarıda duran, ocaq başında oturan" mənasını verir və yazılmayan, yəni şifahi olaraq ağızdan-ağıza keçən, bəylikləri, eli (dövləti) idarə edən əsas qaydalar toplumudur. Bir sözlə, müasir dildə desək, toplumda siyasi, sosial, dini, iqtisadi və digər məsələləri müəyyənləşdirən, düzən verən, yazılı olmayan hüquq qaydalarına törə deyilir". Bu çox vacibdir, çünki əgər islamdan sonra cəmiyyəti və dövləti Qurana əsaslanan şərait idarə edirdisə, islamöncəsi dövrdə türk dünyasının həyat tərzini, əsasən törələr müəyyənləşdirirdi.
Bu da çox vacibdir ki, Yunus Oğuz otuz üç türk törəsini sadalamaqla işini bitmiş hesab etmir, eyni zamanda türk törəsinin özəlliklərindən, törə qaydalarından bəhs edir, cəmiyyətdə, yaxud toplumda qadının tutduğu yerdən yazır, başqa xalqlardakı qadınların oynadığı rolla, türk toplumundakı qadınların müqayisəli analizini verir. Türk həyatında müstəsna rol oynayan qadınların (Tomris xan, Sultan Raziyyə bəyim, Türkan xatun, Möminə xatun və başqalarının) həyat tərzini qələmə alır. Eyni zamanda, o türk fəthlərindən söhbət açarkən törələrə uyğun dövlətin və cəmiyyətin idarə olunmasında türk ədalətini xüsusi vurgulayır.
Bundan başqa Yunus Oğuz çoxdan yaddan çıxmış türk dəfn törənlərindən və toy mərasimlərindən geniş yazır. Yazıçı tapınaqlar və inanclar haqqında formalaşmış fikirlərdən də yan keçmir, onların bəzilərinin hələ də toplumda tətbiq olunduğunu göstərir.
Nəhayət Yunus Oğuz bu qiymətli əsərini Bozqurd kultunun özəllikləri və türklərin yaşadığı coğrafı areal ilə bitirir. O yazır: "Göründüyü kimi dünyanın bir çox yerlərində harada yaşamasından asılı olmayaraq türk əsilli insanlar, yaxud türk dillərinə bölünən qrupların demək olar ki, hamısının bu və ya digər şəkildə simgələri (rəmzləri) Bozqurddur.
Bu altı qrup türk dilləri aşağıdakılardır..."
Ən sonda isə o türk duasının tam mətnini verməklə islamöncəsi türk dünyasına işıq salmış olur. Əminəm ki, bu əsər geniş oxucu kütləsində böyük marağa səbəb olacaq.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Ali məktəb tələbələri arasında məqalə müsabiqəsində portalımızın əməkdaşı fərqlənib
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı, “BDU könüllüləri” təşkilatının dəstəyi ilə ali məktəb tələbələri arasında “Hər qarışı Vətəndir” mövzusunda məqalə müsabiqəsi keçirilib, qaliblər müəyyənləşdirilərək mükafatlandırılıblar.
BDU-da keçirilən mükafatlandırılma mərasimində çıxış edən universitetin rektoru Elçin Babayev Qərbi Azərbaycanın əzəli torpaqlarımız, qan yaddaşımız olduğunu bildirib. O qeyd edib ki, Qərbi Azərbaycan məsələsini milli-mənəvi yaddaşımızda daha da möhkəmləndirmək üçün ali təhsil müəssisələrinin, alim və tələbələrin üzərinə böyük məsuliyyət düşür. Bunun üçün arxiv sənədləri, şəkilləri əsasında tədqiqatlar aparılmalı, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı beynəlxalq hüquq istiqamətində atdığı addımlara dəstək göstərilməlidir. Keçirilən müsabiqə də bu baxımdan çox önəmlidir. Prezident İlham Əliyev ən yüksək kürsülərdən ölkəmizin mövqeyini bəyan edir. Qərbi Azərbaycan İcması bu istiqamətdə uğurla fəaliyyət göstərir. BDU-da Erməni Araşdırmaları və Təlim Mərkəzi fəaliyyət göstərir. Son illər BDU-da Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb. Hazırda bir neçə fakültənin iştirakı ilə Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu, MM Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışlarında müsabiqənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, milli yaddaşın və tarixin öyrənilməsində ədəbiyyat çox təsirli vasitədir. “Hər qarışı Vətəndir” mövzusunda məqalə müsabiqəsi tarixi yaddaşa qayıdış yolunda önəmli vasitədir.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.
1-ci yer. Qasım Xəlilov, BDU
2-ci yer. Hümbət Bədəlov, BDU
3-cü yer, Nigar Xanəliyeva, SDU.
Azərbaycan Dövlət İqtisad Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələri Aygün Fərzəliyeva, Yasin Salehov və Rahilə Məmmədova isə həvəsləndirici mükafata layiq görülüblər.
Xatırladaq ki, Nigar Xanəliyeva portalımızın əməkdaşıdır, hazırda Türk Mədəniyyəti və İrsi Fondu ilə portalımızın birgə Türk dünyası ünlüləri layihəsini icra edir.
Sonda bütün mükafatçıları, o cümlədən Nigar xanıma elmi və yaradıcı fəaliyyətlərində uğurlar arzu edirik!
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Sosial medianın ulduzu – Kəramət Böyükçöl
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əlbət ki sosial mediada Kəramət Böyükçöl adı çox məşhurdur. Facebook-da statusunu 1000 plyus adam oxuyur, internet televiziyalarında müsahibəsini 20-30 min insan izləyir. Statusman kimi daha məşhurdur. Amma “yazıçı Kəramət Böyükçöl” kimi təqdim edilir, demək, yazıçılarımız arasında Çingiz Abdullayevdən sonra ən məşhurudur
Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Atası, məşhur şair Qəşəm Nəcəfzadə tələbə yoldaşı və şair Kəramət Şükürovun adını ona qoyub. Səbail rayonu 51 saylı orta məktəbi bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olub. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.
Kəramət Böyükçöl üzvlükdən kənarlaşdırılqdan sonra da davamlı olaraq Azərbaycan Yazıçılar Birliyini və onun üzvlərini tənqid edir. O, koronavirus dönəmində - 18 avqust 2020-ci ildə kirayə qaldığı evdə sərxoş halda "Facebook" hesabından açdığı canlı yayımda hökuməti sərt tənqid edərkən bir günlük həbs həyatı da yaşayıbdır, bir gün sonra sərbəst buraxılıb və xəstəxanada məcburi müalicəsinə başlanılıb.
"YouTube" kanalında "Kəramətinə şükür" adlı həftəlik proqram hazırlayıb və bu proqramda siyasi və ictimai mövzular müzakirə edilib. 7 oktyabr 2021-ci ildə sağlamlıq problemləri ilə əlaqədar olaraq təkrar məcburi müalicə üçün Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib və 3 həftə sonra, 26 oktyabr 2021-ci ildə müalicəsini tamamlayaraq buraxılıb.
2023-cü ildə "Elçibəyin sirri" adlı kitabını oxucularına təqdim edib
Uzun müddət fəaliyyətini səyyar kitab satıcısı kimi davam etdirib, 31 yanvar 2024-cü ildə Kerazon adlı kitab mağazasını açıb. O, daha sonra bu mağazanı bağlayıb və"yeriyən kitab mağazası" ilə ölkənin regionlarında kitablarının satışını təşkil edib.
O, 2025-ci ilin avqustundan "Böyükçöl" adlı mikroavtobus səyyar kitab evini açıb.
Kitabları
1. Çatlamış fincan
2. Çöl
3. Səkkizinci gün
4. Məni kim tapa bilər?
5. Əlqəmə
6. Səs
7. Fərarinin həyat sevgisi
Və mütləq onu da deyim ki, Kəramətin status tənqidindən qorxan əksər məmur kitab festivallarında qapı ağzında stol qoyub kitab satan Kəramətin kitabını almağa minimum 50 manatlarından keçirlər.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Kann kinofestivalının laureatı olan azərbaycanlı rejissor
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Anadan olmasının 110-cu ildönümü olan operator və həm rejissru tanıyaq və anaq. Kinomuzun inkişafında xeyli xidmətləri olubdur. Özü də, nəzərə alaq ki, sovetin ən ağır illərində yaşayıb yaradıbdır. Haqqında çox az məlumat var. Amma bu az məlumatlardan məlum olur ki, SSRİ dönəminin say-seçmə rejissorlarından olub, Lenin mükafatı alıb, Xalq artisti adı alıb, bunlar da bir yana, Kann kinofestivalının laureatı da olub.
Cavanşir Məmmədov 17 oktyabr 1915-ci ildə Lənkəranda anadan olub. 1937-ci ildə Aşqabad Kino Texnikumunu bitirib. Kinoda operator şagirdi (1932), operator köməkçisi, operator assistenti (1934), II dərəcəli operator (1935), II operator (1938), xronikal filmlər üzrə I dərəcəli operator dərəcələrinə yüksəlib.
1937-ci ildə Aşqabad kinostudiyasında operator işləyib. Müharibə illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. 1950–1960-cı illərdə Bakı kinostudiyasında 12 sənədli film çəkib. 1960-cı ildən Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında ("Sentrnauçfilm") "Kino Səyahəti" almanaxının yaradıcılarındandır.
Filmoqrafiya
Rejissor kimi
1. 416-cı (film, 1942) (qısametrajlı sənədli film)
2. S. M. Kirov adına körfəzdə (film, 1954) (qısametrajlı sənədli film)
3. Keçmişin şahidləri (film, 1956) (qısametrajlı sənədli film)
4. Təbiətin dostları (film, 1958) (qısametrajlı sənədli film)
Operator kimi
1. 416-cı (film, 1942) (qısametrajlı sənədli film)
2. Xəzər dənizçiləri (film, 1944) (tammetrajlı sənədli film)
3. Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film)
4. Sovet Azərbaycanı (film, 1950) (qısametrajlı sənədli film)
Adlar və mükafatlar
1. Kann festivalının mükafatı
2. "Dənizi fəth edənlər" və "Xəzər neftçiləri haqqında dastan "filmlərinə görə Lenin Mükafatı
3. "Türkmənistanın əməkdar incəsənət xadimi" fəxri adı
4. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
5. "Azərbaycan SSR xalq artisti" fəxri adı (1 dekabr 1982)
1997-ci ildə Moskvada vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Şərlənmə, həbs, Parkinson xəstəliyi, yaddaşını itirmə...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Haqqında danışacağım şəxs çox keşməkeşli həyat yaşayıb. Çingiz Ələkbərzadəni deyirəm. Məşhur yazıçı Əbülhəsənin oğlunu. Müğənnilər Sevda Ələkbərzadə və Elmira Ələkbərzadənin atasını..
O, 1936-cı il oktyabrın 17-də Bakı şəhərində anadan olub. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbini bitirib. Musiqini, mahnı ifaetməyi çoxsevirmiş, gözəlsəsiolub. Ailəsində qurduğuməclislərinhamısında şeirvə musiqilərifaetməyixoşlayıb. “Leylivə Məcnun” poemasındanxeylihissəni əzbərsöyləyərmiş.
ADU-nun filologiya fakültəsində təhsil alıb. Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunub. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlayıb.
Ailədə iki qardaş olublar. Qardaşı otuz yaşında rəhmətə gedib.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləyib. İsmayıllı rayonundakı İvanovka kəndində müəllim, Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri, İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri, Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir olub.
Elə həbsxana həyatına səbəb də jurnalistika fəaliyyəti olubdur.
Özü isə 49 yaşında şərlənərək həbs olunub. Qızı Sevda Ələkbərzadə müsahibələrinin birində belə deyir: “Nə qədər ki, babam sağ idi, atama toxuna bilmirdilər. Özləri də etiraf edirmişlər ki, nə qədər, Əbülhəsənin nəfəsi gedib-gəlir, biz onun oğluna əl vura bilmərik. Babam rəhmətə getdi, qırxı çıxmamış atamı həbs etdilər. Atam öz atasının qırxına gələ bilmədi. Atam jurnalist idi. O vaxtlar da bir kanalda nəsə xoşagəlməyən material gedirdisə, hər şey bitirdi. Atam da, yəqin ki, kiminsə xoşuna gəlməyən süjet hazırladı, onu efirə verdi ki, ona qarşı belə davrandılar. Biz, əslində, onun həbs olunmasının təfərrüatlarını, kim tərəfindən təşkil olunmasını da bilirik”.
Yazıçıya on iki il iş kəsilsə də, sonradan günahsız olduğu məlum olur və o, iki ildən sonra azadlığa çıxıb. Gözlədiyi bəraəti alıb. Lakin, o, həbsdən sonra tamamilə dəyişib, əsəbi, qapalı insana çevrilib. Stressdən, əsəbdən səhhətində problem yaranıb, parkinson xəstəliyinə tutulub.
Məhkəmə zamanı onun üzünə durmaq üçün on altı yalançı şahid tuturlar. Ən yaxın dostlarından biri, uzun illər onun operatoru kimi işləmiş, ailə üzvlərindən birinə çevrilmiş insan da həmin şahidlərin içərisində olur və yazıçının əleyhinə ifadələr verir. Çingiz Ələkbərzadə həbsdən çıxandan sonra isə həmin adam onlara gələrək yazıçının qarşısında diz çöküb bağışlanmasını istəyərək deyir: “Məni bağışla, başıma silah dayamışdılar ki, sənin üzünə durum. Mən də həyatımdan qorxdum, nə edə bilərdim?”Bu sözlərdən sonra Çingiz Ələkbərzadə keçmiş dostunu bağışlayır.
Yazıçı həbsdən çıxandan sonra “Türmə mənim ahımdır” şeirlər kitabı və həbsxana həyatından bəhs edən “Zindan” adlı roman yazır. Kitabın üz qabığı üçün şəkil çəkdirmək lazım gələndə o, ailəsinin narazılığına baxmayaraq saçlarını həbsdəki kimi dibindən qırxdırıb şəkil çəkdirir və deyir: Orda həyat necədirsə, mən də onu elə göstərməliyəm. 30 min tirajla çap olunan roman qısa zaman ərzində satılır.
Qızı Sevdanın müğənni olmasını istəməyib. Buna görə ailə daxilində xeyli mübahisələr yaşanıb. Lakin, o, nəhayət qızının müğənni olmasına razılıq verib. Xasiyyətcə kövrək olan Çingiz bir dəfə hamıdan xəbərsiz qızının ifasında "Laçın" mahnısını dinləyib ağlayır. Qızı Sevda atasının ağlamağını görsə də, bu barədə ona heç vaxt heç nə deməyib.
Anası rəhmətə gedən zaman yazıçı həbsdə olur. Bu xəbəri ondan gizlədirlər. Ailəsi onunla görüşə gedəndə həyat yoldaşı Çingizə evdən gətirdiyi plovu verir. Çingiz dərhal ona belə deyir: “Gətirdiyin aş anamın ehsanıdır. Gecə yuxuda çoxlu çay daşlarının qəbirdaşına çevrildiyini görmüşəm. Məni aldatmayın, bilirəm ki, anam artıq yoxdur”.
Kitabları
1. Yarpaqlar töküləndə
2. Güllələr dənizdə sönür
3. Qızıl yəhərli at
4. Çılpaqlı (roman)
5. Vulkan (povest və hekayələr)
6. Öndən
7. Qumarbaz.
8.“Türmə mənim ahımdır” (şeirlər)
9.“Zindan”
Filmoqrafiya
1. Günlərin bir günü...
2. Vulkana doğru
Ölümündən bir müddət əvvəl “Mən kiməm?” adlı bioqrafik roman yazmağa başlasa da, yarımçıq qalıb. O, kitabdan yalnız bir neçə səhifə yaza bilib.
Ömrünün son günlərində yaddaşını itirib. Ölənə yaxın isə gözlərini açaraq övladlarına baxıb deyir: “Qorxmayın, gedirəm. Amma hər şey yaxşı olacaq".
7 yanvar 1999-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)