İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Mənbələrə istinadən deyə bilərik ki, Qarabulaq areal (təkrar olunan) toponimdir. Faktlar göstərir ki, nəinki Azərbaycanda (Qarabağ, Füzuli, Gədəbəy, Göygöl, Xızı, Xocalı, Qax, İsmayıllı, Xanlar və s. regionlarda), eləcə də Qərbi Azərbaycanda (ən azı 4 yerdə), Cənubi Azərbaycanda və İran ərazisində (20-yə yaxın yerdə), Gürcüstanda, Qazaxıstanda, Qırğısıstanda, Özbəkistana, İnquşetiyada, Çeçenistanda, İraqa, Türkiyədə, Bolqarstanda, Rusiyada (Saratov vil.) və digər yerlərdə də bu adda kəndlər, dağlar, çaylar, meşələr, qışlaq yerləri, istirahət mərkəzləri olmuşdur və çoxu indi də var.
Qarabulaq adlı kəndlərdən biri də Oğuz rayonundadır. Bu kənd rayon mərkəzindən 36 km. cənubda, Türyançayın sağ sahilində, Baş Qafqaz silsiləsinin yamacında, dəniz səviyyəsindən 550 metr yüksəkdə yerləşir. Böyük Söyüdlü İnzibati Ərazi Vahidinə daxildir.
Qarabulaq kəndinin yaxınlığındakı qədim xristian məbədlərinin xarabalıqları bu ərazinin əzəldən yaşayış yeri olduğunu sübut edir. Haqqında söhbət gedən Qarabulaq kəndinin indiki ərazidə mövcudluğu isə XX əsrin 30-cu illərinə təsadüf edir. Tarixi mənbələr, o cümlədən kameral təsvirlər göstərir ki, XX əsrin 20-ci illərinə kimi bu kəndin yerində və ya çox yaxınlığında Xoşkaşen adlı kənd mövcud olmuşdur. Bu kəndin sakinləri isə əsasən udilər, molakanlar və ermənilər olub.
AXC-nin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK-nın) üzvü Ç.B.Klossovskinin ermənilərin vəhşilikləri haqqında məruzəsindən belə bəlli olur ki, 1918-ci ildə Qutqaşının (Qəbələnin) Kürd kəndində çoxu qadın və uşaq olan 68 kənd sakininin və Savalan kəndi yaxınlığında ləzgi millətindən olan 7 nəfərin ağılasığmaz vəhşiliklə qətlə yetirilməsində Xoşkaşenin erməni silahlıları (udu və malokanlarla birlikdə) da fəal iştirak etmişlər.
Yuxarıda qeyd etdiyimiz kimi, haqqında söhbət gedən Qarabulaq kəndinin indiki ərazidə mövcudluğu XX əsrin 30-cu illərinə təsadüf edir.
“Azərbaycan toponiomlərinin ensiklopedik lüğəti”ndə (I cild, səh: 19) göstərilənlərə görə, bu kəndin adı Şəki rayonunun Oxud kəndindən çıxmış (bəlkə də 1877-ci ildə oralarda baş vermiş üsyana görə) ailələrin Filfilli kəndi yaxınlığında Qarabulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. (Maraq üçün qeyd edək ki, vaxtı ilə (1877) Oxud kəndindən çox da uzaq olmayan ərazidə də Qarabulaq adlı yer olub.)
Kəndin əsasını bir nəfər molla qoyduğuna görə əvvəl Molla Qarabulaq adlanmışdır. Sonralar burda Fıy keçidindən keçib gəlmiş ləzgi qardaşlarımız da məskunlaşmışlar. XX əsrin 30-cu illərində həmin kəndin sakinləri keçmiş Xoşkaşen kəndinin ərazisinə köçmüş və Qarabulaq adını da özləri ilə bura gətirmiş, yeni yerləşdikləri kəndi də Qarabulaq adlandırmışlar. Onu da qeyd edək ki, Qarabulaq kəndinin yaxınlığında eyni adlı dağ da var.
Oykonimin mənası “gur sulu, daim çağlayan, aşıb-daşan (böyük) bulaq” kimi şərh olunur. Demək olar ki, əsasən, belə də qəbul olunub. Haqqında söhbət gedən kəndin adını da belə şərh edənlərin yadına salmaq istərdim ki, axı bu kəndin adı ora hazır gətirilib, necə oradakı - o ərazidəki gur sulu bulaqla, yaxud da "qara su" (içməyə yarmayan su) ilə əlaqələndirilə bilər?! Bəs həmin adda olan dağ, meşə, qışlaq yerləri necə olsun?! Həm də yuxarıda qeyd etdik ki, bu adda toponimlər çox sayda çox ölkələrdə var. Bəyəm, bu kəndlərin, dağ, meşə, qışlaq yerlərinin hamısının yanında “gur sulu, daim çağlayan, aşıb-daşan (böyük) bulaq"lar və ya "qara su" olub ki, hamısı Qarabulaq adlanıb!? Bəzilərinin deyilən səbəbdən Qarabulaq adlandırılmasına inanırıq. Amma hamısının eyni səbəblə Qarabulaq adlandırılması inandırıcı deyil. Və yaxud bunların bir qismi də çay adıdır. Çayın adının bulağın adını daşıması da bir qədər mübahisəlidir. Bu çayların hamısının yanında bulaqların olmasının iddia edilməsi isə absurddur. Əhalinin onlarla və özü də müxtəlif olkələrdə olan qarabulaqlara bir Qarabulaq yaşayış məntəqəsindən yayılması da ağıl kəsən deyil. Yəni hamısının adının bir kəndin adından götürülməsi boş söhbətdir. Bunun daha əsaslı səbəbi olmalıdır!
Bizcə, bu oykonim türkmənşəli, bütün türk ölkələrinə yayılmış qədim Qarabulaqlılar tayfasının adı ilə bağlıdır. Mən “daim çağlayan, aşıb-daşan böyük” təyinini də bulağa yox, həmin tayfaya, onun üzvlərinə aid edirəm. Yəni "daim çağlayan, aşıb-daşan, kükrəyən, böyük Qarabulaqlılar".
Tarixi mənbələr də belə bir etnosun, tayfanın varlığını təsdiq edir. İndiki Füzuli şəhərinin adı 1403-cü ildən 1905-ci ilədək həmin tayfanın adını daşıyıb, yəni Qarabulaq adlanıb. Osmanlı mənbələrində 1593 və 1727-ci illərdə adı çəkilən Qarabulaq qışlağı da o tayfanın adı ilə bağlılıdır. K.Arsenyev özünün "Qısa Ümumi Coğrafiya" (Moskva, 1841) adlı kitabında həmin dövrdəki Qafqaz tayfalarından bəhs edərkən Qarabulaqlar tayfasının da adını çəkir. Digər bəzi mənbələrdə isə onlar Qafqaz silsiləsinin dağlıq və dağətəyi bölgələrində yaşayan xalq kimi təqdim olunurlar. Qarabulaqlar XIX əsrin sonları XX əsrin başlanğıcında ruslara qarşı ən geniş mübarizə aparan xalq olub. Bu səbəbdən rus çarı I Aleksandr qarabulaqların qadınlı-kişili, qocalı-cavanlı tamamilə məhv edilməsi haqqında əmr evrib. Bu əmrdən sonra çar ordusu qarabulaqlara aid çoxlu kəndi yandırıb, böyük qırğınlar tərədib. O zaman sağ qala bilən qarabulaqlar dağlara çəkilib və vaynaqların içərisində əriyib. Bir qismi isə Türkiyəyə və digər ölkələrə deportasiya olunublar. Yerdə qalanlar da digər xalqlara qarışmışlar.
Çeçenstan Respublikasının Prezidenti C.Dudayev deyirdi ki, “Mən əslən Qarabulaqlı türküyəm”.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri K.İmanov Qarabulaqlıları orta əsr Subarlarının ən güclü qollarından sayır. O, yazır ki, “Qafqazın Qarabulaq adlı toponimlərinin çoxu (Qarabağdakılar da daxil olmaqla) Subar-Sabirlərin eyniadlı qolunun adı ilə bağlıdır”).
Mənbələr Qarabulaqlıların Azərbaycan ərazisində də yaşadıqlarını sübut
edir. Onların əsas məskəni əsasən Naxçıvan olub. Qarabulaqlılar Kəngər tayfalar birliyinin bir qolu sayılırlar. (Zənnimizcə, Qərbi və Cənubi Azərbaycanda və İran deyilən ərazidə bu adda toponimlərin sayca çox olması da buraların Naxçıvanla ərazi yaxınlığı -bir vaxtlar eyniliyi- ilə əlaqədardır.)
Qarabulaqlılar tayfasının sonralar (xüsusən Səfəvilər dövründə) bütün Azərbaycana və türk ölkələrinə yayıldığı söylənilir. Səfəvilər dövründə onlar xüsusi imtiyazlar əldə etmiş, ən yaxşı otlaqlara sahib olmuş, əsasən yarımköçəri həyat tərzi keçirmiş, heyvandarlıqla məşğul olmuşlar. Çox güman ki, onların məskunlaşdıqları və yaşadıqları məntəqələr və ərazilər tayfanın adına uyğun olaraq Qarabulaq adlanmışdır. Sonralar bu ərazilərdə əvvəldən mövcud olan və daha sonra salınmış kəndlər, buradakı çaylar, dağlar, meşələr, bulaqlar onların adını daşımışdır.
Nə isə, çox uzatmayaq. Biz də Qarabulaq toponiminin qədim türk tayfasının (Qarabulaqların) adı ilə bağlı olduğunu iddia edirik.
Tayfa adı olan “Qarabulaq” oykonimi “qara” və “bulaq” sifət və isminin birləşməsi ilə formalaşıb. Burada “qara” rəng yox, “böyüklük, yenilməzlik, mərdlik” mənasındadır. Tədqiqatçılar göstərirlər ki, etnotoponimlərdə “qara” sözünün işlədilməsi etnosların güc və qüdrətini ifadə etməkdən əlavə, həm də nəsildən nəslə keçən bir aləmətin göstəricisi kimi çıxış edir. “Bulaq” isə rəmzi mənada olub, “daim çağlayan, aşıb-daşan, kükrəyən” deməkdir. “Qarabulaq” tayfasının üzvlərinin böyük, yenilməz, igid; bulaq kimi aşıb-daşan, daim çağlayan və kükrəyən insanlar olması anlamını daşıyır.
Tayfanın adı da burdan gəlir, bizcə. Yəni yenilməz, igid, uca, böyük; həmişə kükrəyən, çağlayan insanların birliyi – tayfası.
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)


