Sovet ədəbiyyatı dönəminin tanınmış romançısı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ötən əsrin 70-80-lərində Azərbaycan sovet gəncləriinin əlindən düşməyən romanlardan biri də "Mənim bəlalı sevgim" olub. Xalq yazıçısı Bayram Bayramovun yazdığı roman sevgi faciələrini ümumiləçdirən, əsl sevginin təsnifatını verən, yolayrıcında azıb qalanlara yol göstərəm bir roman idi.

 

Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olub. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirib. Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim, Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri, Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri işləyib.

 Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak edib, ağır yaralanıb. Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik edib. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq edib. Bayram Bayramov bədii yaradıcılığa 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Körpü" adlı ilk hekayəsi ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Bayram Bayramov ilk əsərlərindən başlayaraq, müasir Azərbaycan kəndinin həyatına, məişətinə dərindən bələd olan bir yazıçı kimi tanınıb.

 60-cı illərin sonlarına doğru bilavasitə şəhər mövzusunda, əsasən intelektual peşə adamlarının həyatından bəhs edən romanlar yazıb. Yazıçı ondan artıq roman, çoxlu hekayə və on beşdən çox povest yazıb. Ədibin ilk povesti olan "Tək adam" 1954-cü ildə qələmə alınmışdır. Yazıçı povestin mövzusunu kənddən almışdır. Həmin povesti qələmə alanda bir neçə hekayəsi və oçerki çap edilmişdir. Ədibin ikinci povesti olan "Müqəddəs vəzifə" 1955-ci ildə qələmə alınıb. Kollektivləşmə dövrünün hadisələrindən bəhs edən "Yasəmən" povesti istisna olmaqla, ədibin, demək olar ki, bütün əsərlərinin mövzusu müasir həyatdan, əsasən, yazıçının şahidi olduğu hadisələrdən, yaxşı tanıdığı adamların həyatından alınıb.

Bayram Bayramovun "Karvan yolu" epopeyasında görkəmli yazıçı-demokrat Cəlil Məmmədquluzadənin həyatına müraciət edilib. Ədib "Mən ki gözəl deyildim" povestində namuslu əməyin, halal zəhmətin və alıntəri ilə qazanılan çörəyin insana gətirdiyi sevinci və qürur hissini öz müsbət qəhrəmanlarının timsalında əks etdirib. Müəllifin 1960-cı ildə çap olunan "Gördüyümüz günlər" povestində sosializm mühitinin, onun bərqərar etdiyi birgə yaşayış prinsiplərinin müsbət, tərbiyəedici təsiri qabarıq göstərilib. "Gördüyümüz günlər" povestində də "Mən ki gözəl deyildim…" və "Sənsz" povestlərindəki kimi konkret bir gəncin həyat tarixçəsi, daha doğrusu, həyatının bir mərhələsinin təsviri və tənqidi öz əksini tapıb.

 

Romanları

 

"Xəzinə"

"Yarpaqlar"

"Mənim bəlalı sevgim"

"Fəhlə qardaş"

"Cıdır düzü"

"Tək palıdın kölgəsi"

"Şəhərdən gələn qız"

"Gün batanda"

"Yazılmamış kitab"

"Arakəsmələr"

 

Povestlər

"Sənsiz"

"Bələdçi"

"Sərinlik"

"Qoz ağacı"

"Ayna"

"Sevirsə qayıdacaq"

"Gördüyümüz günlər"

"Mən ki gözəl deyildim..."

 

Ömrünün sn dönəmində Qarabağın azadlığı cəbhəsində olub, parlamentdə yer qazanıb. Qarabağa Xalq Yardımı Komitəsinə rəhbərlik edib. 9 noyabr 1994-cü ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.