
Super User
Əvvəllər mənə desəydilər ki, tanınmış aktrisa olacaqsan, bəlkə də, gülərdim
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əgər haqqında rəsmi danışsaq, sənəd dili ilə qeydlər aparası olsaq, belə bir mənzərə yaranar: Aktrisa Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə Ağdaşda anadan olub. Bu gün yubileyidir, 35 yaşı tamam olur.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İlk dəfə "Qarabağnamə" filminə çəkilib. 2012-ci ildə isə "Həyat Varsa" serialına çəkilib. 2013-cü ildə "Oğurlanmış arzular" teleserialında baş rol alıb. 2014-cü ildə "İkinci Bahar" serialıdada baş rolda oynayıb. 2015-ci ildə "Tufanlı Səma" serialında Anar Heybətovla baş rolda oynayıb. Həmin il "Gecə Qonağı" filminə çəkilib. "Ay Brilliant" adlı komedik filmində də çəkilib. 2017-ci ildə "Bacanaqlar" serialında Delya rolunu alıb. Hal hazırda "Dəmir Qazan" və "Gecə Qonağı 2" filmlərinə çəkilir.
Filmoqrafiya
1. Həyat varsa...
2. Qarabağnamə
3. İkinci bahar
4. 4.1 şəhər motivləri
5. Ay brilyant
6. Oğurlanmış arzular
7. Gecə qonağı
8. Tufanlı səma
İndi isə, necə deyərlər, maqazin xəbərlərinə keçid alaq. Bundan ötrü, onun müsahibələrinə nəzər salırıq.
Bir müddət əvvəl karyerası üçün Türkiyəyə köçən aktrisa Pərvin Abıyeva orada "Astral həyat" adlanan ekran işində rol alıb. Lakin o yenidən vətənə qayıdıb.
Pərvin Abıyeva şəxsi həyatı barədə belə danışır:
“Uşaq vaxtı müğənni olmaq istəyirdim. Amma 16 yaşıma gəldim, artıq həvəsim olmadı. Çünki həmin vaxt nişanlandım. Daha sonra ayrılıq oldu. Sırf onun acığına mən bu sənətə gəldim. Bir çox xoşagəlməyən hərəkətlərini görürdüm. Ona görə də, o nəyi qadağan edirdi, nəyə icazə vermirdi, onu elədim. Məşhur olmağımı istəmirdi, onun acığına oldum. İtirdiyim bir şey var - ailə. Yaxşı ki, onunla evlənməmişəm, çox şükür. Qohumlarım məşhur olmağımı istəmirdi. Amma sonra mən məşhurlaşdıqca bunu qəbullandılar, hətta deyirdilər ki, Pərvini göstərsəydilər, baxardıq”.
Bəs niyə ayrılıb?
“17 yaşında nişanlı qız idim. 19 yaşımda toyumun olacağını bilirdim. O şəxs mənim məhəbbətim deyil, ailəmin qərarıydı. Ən çox anam istəyib ki, mən o insanla ailə qurum. Lakin alınmadı. Məlum oldu ki, həmin insan həm evil, həm nişanlı olub. Həyatında xeyli qadın olub. Bu səbəbdən də münasibət alınmadı. Bədbəxt olsam belə o, insanla ailə qurmağa hazırlaşırdım. Daha sonra işə girdim, həyatım dəyişdi və ayrıldıq".
Sosial şəbəkələrdən nə qədər qazanc əldə edir?
“TikTok” sosial şəbəkəsinə qatıldığı ilk ay 35-36 min dollar (təxminən 59 500-61 200 AZN) qazandığını bildirib.
Pərvin bu onlayn platformadan gündəlik 2-3 min dollar (təxminən 3 400-5 100 AZN) gəlir əldə etdiyini də deyib.
Niyə tənqid edilir?
Sosial şəbəkədə tez-tez tənqid və təhqir olunan Pərvin Abıyeva əsəbi statuslar yazır. O tənqid və təhqir olunmağının səbəbini nədə görür?
“Göz önündəyəm, reytinqim çoxdur. Sevənlərim qədər sevməyənlərim də var. Adətən, qadın qadına paxıllıq edir, gözü götürmür. Qadınlar qala-qala kişilər məni təhqir edirlər. Bu hallar mənə təsir edir. Bəzən isə tanınmış şəxslər bir-birini təhqir etdirir. Bir dəfə belə bir hadisənin şahidi oldum. Tanınmışlardan biri həmkarını başqa profillə təhqir edirdi. Ondan niyə bu addımı atdığını soruşanda susdu. O şəxsə dedim ki, mənim də başıma belə hadisə gəlsə, səndən şübhələnərəm. O olay məni şoka salmışdı.
Sosial şəbəkədə fotonu insanların rəyini öyrənmək üçün paylaşırsan. Lakin artıq-əskik şərhlər görəndə əhval-ruhiyyəm pozulur. Mənə deyilən sözlər təsir etmir, təhqir edən şəxsi əngəlləyirəm. Valideynlərimi, ailəmi təhqir edirlər, onlara toxunmaq qəbul edilməzdir. O şəxsləri bağışlamayacağam”
Pərvin Abıyevanın həyatında kimsə var?
“Şəxsi həyatım haqda danışmaq istəmirəm. Media nümayəndələrindən də xahiş edirəm ki, mənə belə suallar verməsinlər. Düzdür, nişanlımdan ayrılmışam. Hazırda həyatımda heç kim yoxdur. Bundan başqa heç nə deyə bilmərəm.
İlk məhəbbətim çox olub. Hansı birini deyim? Mən gözəllik xəstəsiyəm. Fərqi yoxdu, qız ya oğlan. Keçmişimə ilişib qalan insan deyiləm. Gələn gedəni unutdurur. Həmişə gələcəyimə baxıram. Həyatımda biri var. Onu uzun müddətdir sevirəm”
Gündəmdə olmaq üçün açıq-saçıq şəkillər paylaşır?
“Mən gündəmdə olmaq üçün nəsə etməmişəm. Özüm də bilmədən şou-biznesin içinə girmişəm və gündəmi zəbt eləmişəm. Əvvəllər mənə desəydilər ki, Azərbaycanda tanınmış aktrisa olacaqsan inanmazdım. Bəlkə də, gülərdim”.
Həyatının anidən dəyişdiyini qeyd edən Pərvin əvvəllər menecer işlədiyini, mal sağa bildiyini, yaxşı yemək bişirmək qabiliyyətinin olduğunu da söyləyib.
Pərvin Abıyevanın bacı-qardaşı var?
“Ailədə ortancılam. Məndən böyük bir bacım, özümdən altı yaş balaca bir qardaşım var”.
Harda yaşayır?
“Əvvəlcə torpaq alıb, sonra üzərində bağ evi tikmişəm. Mən o bağ evini yavaş-yavaş tikdirmişəm. Gedim böyük bir məbləğ verim və o evi hazır alım... Mənim o gücüm olmayıb. Nə yalan deyim!? Əvvəlcə torpaq almışam. Hissə-hissə, yavaş-yavaş tikdirmişəm. O ev 2-3 il ərzində başa gəlib. Mən bunu afişa etmirdim. Çünki niyə edim ki, ay millət baxın “Qarğa məndə qoz var” ev tikirəm. Bu bir az da görməmişlikdir. Onu da çıxardıb bəzi müğənnilərimiz, aktrisalarımız kimi... Onlar kimi birdən-birə çıxım deyim ki, baxın mən bağ evi almışam. Mən bu kimi şeyləri sevmirəm. Olanı və olmayanı var. Nə qədər evində ac yatan, balasına çörək apara bilməyən insanlar var. Onlara mən başa sala bilmərəm ki, necə bunu, hansı əziyyətlərlə etmişəm və neçə müddətdə ərsəyə gəlib. Ona görə də bu şeyləri alışdıra-alışdıra, yavaş-yavaş çalışıram edim. Onsuz da mənə qarşı aqressiya çoxdur, bu şeylərə görə daha da çox olmasın”.
Seriala neçəyə çəkilir?
“Gələn təkliflərdən imtina edirəm. Burada tək faktor verilən qonorar deyil. Ssenari də mənim üçün çox vacib məsələdir. Yeni gələn aktrisa deyiləm ki... Çəkilmək və görsənmək naminə hansısa ekran işinə “Hə” deyə bilmərəm. Hələ qurd ürəyi yeyib mənə filmə və ya seriala çəkilmək üçün aylığıma 500 manat qonorar təklif edən olmayıb. Aktyorların ən böyük səhvi odur ki, özlərinə layiqli dəyəri və qiyməti qoymurlar. Günü 50 və 100 manata çəkilən aktyorlar var. Ona görə bu da təsir edir. Aktrisalığı atmamışam. Gözəl iş, ssenari və yaxşı pul, qonorar istəyirəm”
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Gənc və istedadlı aktyor
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Teatrımızda və kinomuzda gənc və istedadlı aktyorlar yetərincədir, bəzən biz tamaşanı, filmi izləyirik, oradakı məşhur, hamı tanıyan aktyorların kimliyini bilirik, amma heç maraqlanmırıq ki yeni adlarla da tanış olaq. Halbuki, ümidverici gənclər diqqətə layiqdirlər və buna ehtiyac da duyurlar. Diqqət qazanmaq onları faha yaxşı çalışmağa ruhlandırır həm də.
Azərbaycanın əməkdar artisti Rasim Cəfərovdan danışaq. Niyə məhz ondan? Çünki dediyimiz istedadlı və gənc zümrəsinə aiddir, üstəlik, bu gün onun doğum günüdür.
Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000). 1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb.
İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub. Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb
Teatr səhnəsindəki rolları
- Azərbaycan Dövlət
Pantomim Teatrı
1. "Şəngülüm, Şüngülüm, Məngülüm"
2. "Şərqə səyahət"."Pantomim buketi"
3. "Zibillik pərvanələri"
4. "Eşq"
- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
1. "Pəri-Cadu" — Təlxək əcinnə
2. "Çəkməli pişik"
3. "Tıq-tıq xanım" — Siçan bəy, keçi
4. "Şelkunçik"
5. "Pələng ili" — Ağa
Filmoqrafiya
1. Salur Qazanın evi talandığı boy
2. Epizod
3. Manqurt
4. Oyun
5. Ana qaz
6. Üç qız
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
"QIZIL ALMA" LAYİHƏSİ - Ən məşhur türk dövlət xadimləri - I Qılınc Arslan -
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan birgə Qızıl alma layihəsində Ən məşhur türk dövlət xadimləri, Ən məşhur türk mədəniyyət xadimləri və Ən məşhur türk elm xadimləri təbliğ olunur. Həm Azərbaycanda, həm də Türkiyə, Qazaxıstan və Özbəkistan kimi türkdilli ölkələrdə yayımlanan layihə türk mədəniyyəti və irsinin təbliği baxımından əhəmiyyət daşımaqdadır.
Bu günkü söhbətimiz Ən məşhur türk dövlət xadimlərindən biri - I Qılınc Arslan barədədir.
Layihənin koordinatoru: Nigar Xanəliyeva
Növbəti təqdim edəcəyimiz şəxsiyyət uzaq 12-ci əsrdə yaşayıbdır. Onun türk dünyası qarşısında xidmətləri az deyil. Türklərin yeni coğrafiyalar fəthində, türk etnosunun formalaşmasında, türkdilli mədəniyyətin təşəkkül tapmasında xidmətləri böyükdür.
I Qılınc Arslan (təxmini 1107–1157) Səlcuq imperiyasının önəmli hökmdarlarından biri olmuşdur və xüsusilə Anadolu Səlcuqlarının siyasi və hərbi möhkəmlənməsində mühüm rol oynamışdır. O, Səlcuq dövlətinin mürəkkəb daxili və xarici siyasətində bacarıqlı hökmdar kimi tanınır və onun fəaliyyəti həm dövlət idarəçiliyi, həm də hərbi strategiya sahəsində nümunəvi hesab olunur.
Qılınc Arslan taxta çıxanda Səlcuq dövləti daxili parçalanmalar və xarici təhdidlər qarşısında idi. O, dövlət aparatını möhkəmləndirərək, iqtidarını mərkəzləşdirmiş, vilayətlərdə təyin etdiyi sadiq idarəçilər vasitəsilə mərkəzi hakimiyyətin nüfuzunu artırmışdır. Hökmdarlığı dövründə qanun və ədalət prinsiplərinə xüsusi diqqət göstərmiş, xalqın rifahını təmin etmək üçün müxtəlif inzibati tədbirlər həyata keçirmişdir.
O ən çox hərbi bacarığı və strateji zəka ilə tanınır. O, Bizans imperiyası ilə sərhədlərdə mübarizə aparmış, həmçinin digər Türk tayfaları və ərəb dövlətləri ilə diplomatik əlaqələri balanslı şəkildə idarə etmişdir. Onun dövründə Səlcuq ordusu həm süvari, həm piyadə və həm də mühasirə texnikası baxımından gücləndirilmişdir. Bu strategiya nəticəsində Anadolu üzərində Səlcuq hakimiyyəti daha möhkəm şəkildə formalaşmış və genişlənmişdir.
Hökmdar yalnız hərbi və siyasi fəaliyyətlə kifayətlənməmiş, həm də mədəniyyət və elmə diqqət göstərmişdir. Onun himayəsi ilə mədrəsələr, məscidlər və karvansaralar tikilmiş, dövlətin dini və mədəni həyatının inkişafına şərait yaradılmışdır. Bu dövr Səlcuq dövləti üçün həm siyasi sabitlik, həm də mədəni intibah dövrü kimi qiymətləndirilir.
I Qılınc Arslan Səlcuq imperiyasının güclənməsində və Anadolu Səlcuqlarının möhkəmlənməsində əsas fiqurlardan biri olmuşdur. Onun hökmdarlığı dövründə dövlət idarəçiliyi, hərbi strategiya və mədəni inkişaf sahəsində həyata keçirilən tədbirlər Səlcuqların uzunmüddətli varlığına zəmin yaratmışdır. O, tarixdə bacarıqlı hökmdar, strateq və dövlət xadimi kimi yadda qalmışdır.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
“İnsan haçan unuduldusa, bu onun ölümüdür” - MÜSAHİBƏ
“Ədəbiyyat və incəsənət” portalının Ən maraqlı müsahibələrimiz rubrikasında bu gün sizlərə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin ŞAİR adından başqa heç bir fəxri adı və mükafatı olmayan, işemik insult nəticəsində yaddaşını və sağlamlığını itirmiş gözəl şairimiz Məmməd İlqarla müsahibəsini təqdim edir. Müsahibənin götürülməsi tarixi düz bir il öncəyə təsadüf edir.
Mənim təcnis dostum, gəraylı dostum,
Yaddaşı ilqarsız, ilqarlı dostum.
Sənin yaddaşının itdiyi gündən,
Mənim bütün dostlar çıxdı yadımdan.
(Sabir Sarvan)
-Necəsiz, Məmməd müəllim?
-Pis deyiləm, bala. Ancaq, heç deyəsən, yaxşı da deyiləm.
-Ağrıyan yerinizmi var?
-Yox əşi, elə ağrıyan yerim zadım yoxdu. Elə belə dedim.
-Şairlər hardan gəlib, niyə bu dünya onları sıxır, darıxdırır?
-Mən şairləri ilahiləşdirməyi sevmirəm. Bilmirəm, yaxın dostlardan kiminsə sözüdür: “Bir ananın balasıdır şairlər", mənim də qənaətim belədir.
(Oğlu Babək kömək edir: -Ağamalı Sadiq Əfəndinin sözüdür.)
Ağamalının sözüdür? Ay sağ ol. Elə Ağamalı da sağ olsun. Sual necəydi, unutdum.
(Oğlu yenə kömək edir: -Şairlər hardan gəliblər və niyə darıxırlar?)
Darıxmaq...Mənim belə bir şeirim var:
"Dünya sənin anan ölsün
Bic oğlu bic dünyasanmış.
Hayıf mənim göz yaşıma
Sən ki gülünc dünyasanmış.
Çırpındım uça bilmədim,
Barından keçə bilmədim.
Elə qapıların oldu,
-qılıqsız aça bilmədim...
Anan ölsün, gidi dünya"...
Məncə, sualınızın cavabı elə bu şeirdədir.
(Oğlu yenə düzəliş edir: "İntəhası, şeirin müəllifi sən yox, Ağamalı Sadiq Əfəndidir").
Bilirəm hə, Ağamalınındır.
(-Sən dedin, mənim şeirimdir -oğlu xatırlatmağa çalışır.)
Mən elə şey demərəm. Ağamalının şeiridir! (Qətiyyətlə deyir, həm də elə bil, əsəbiləşir oğluna.)
-Bir çox şairlər kimi Sumqayıt “sizin də ilham mənbəyiniz” olub. Burda ağlamısınız, burda sevinmisiniz. Çoxmu sevirsiniz bu şəhəri? Az da olsa, siz xöşbəxt edibmi bu şəhər?
-Hə, Sumqayıtda yaşamışam. Evimiz olub orda. İntəhası elə də çox xatırlaya bilmirəm. Məsələn, soruşsanız harda, hansı küçədə yaşamışam, xatırlaya bilmərəm. Gərək uşaqlara deyim, bir gün aparsınlar məni Sumqayıta.
(-Hal-hazırda Sumqayıtdayıq, -oğlu yenidən xatırladır.)
Doğrudan? -təəccüblənir,- Bura kənd deyil ki? Həə, elə bildim kənddəyik.
(Əliylə saçına daraq çəkib baxışlarını pəncərəyə dikir.)
Sumqayıtda gözəl günlərim olub, bilirəm. Bir başqa vaxt yadıma salıb danışaram.
-Sabir Sarvanın hansı şeirini daha çox sevirsiniz? Onu tez- tezmi xatırlayırsınız?
-Sabir dostumdu mənim. Həm də gözəl şairdi. Çoxdandı görmürəm onu. Siz görüb eliyirsinizmi onu?
(Ortalığa sükut çökür. Baxışlarını üzlərdə gəzdirib cavab ala bilməyəndən sonra əlavə edir:)
Görsəniz, salam deyin ona. Deyin, Məmməd İlqar salam deyir, tanıyacaq məni. (Dediyindən şübhəyə düşüb yenidən əlavə edir:)
Hər halda tanıyar, elə bilirəm.
-Fələyin yaxası əlinizə keçsəydi ona nə deyərdiniz?
-Fələyin yaxasının əlimə keçməyi üçün gərək əvvəlcə mənim yaxam fələyin əlinə keçə. Yəni, gərək əvvəlcə öləm.
(Üzümüzdə təbəssümü görüb o da istehzayla gülümsəyir.)
-Allah gecindən versin, deyək ki, tutalım bir gün bu baş verdi. Onda nə deyərdiniz fələyə?
(Yenə əlini daraq edib saçına çəkir. Xeyli sükutdan sonra dillənir:)
O vaxt bir şeir yazmışdım:"Məni baxtıma tapşırma", yəqin onu deyərdim.
-O şeiri bütövlüklə deyə bilərsiniz?
-Yadıma salan olsa deyərəm!
("Dağın bir üzü görünməz,
Dərdin tüstüsü görünməz"-oğlu şeirin əvvəlini xatırladan kimi qalanını özü deyir:)
"Dağın bir üzü görünməz,
Dərdin tüstüsü görünməz.
Kimsən, a gözəgörünməz?
Haqqın taxtını aşırma!
Yetər bunca sınadığın,
Çək üstümə qanadını.
Ta arzumu inadımın
Ölən vaxtına tapşırma.
Ən zulumlu dərdə tapşır,
Bu yiyəsiz yurda tapşır.
İtə tapşır, qurda tapşır-
Məni baxtıma tapşırma..."
(Şeiri bitirib içini çəkir.)
-Sumqayıt sizə nə verdi və nəyi əlinizdən aldı?
-Sumqayıt mənə dostlar verdi, Allah hamısının canını sağ eləsin. Uşaqlarım bu şəhərdə doğuldu. Aldıqlarını deyə bilmərəm, bir az çətin sualdı.
-Azərbaycan ədəbiyyatında sayılıb- seçilən imzalardsınız. Amma indiyə kimi heç bir fəxri ad və mükafat almamısınız.Bu tale məsələsidi,yoxsa?
-Yəqin ki, o dediyiniz mükafatlara, adlara layiq şeir yazmamışam hələ, ona görə. Bu gün sayıb məni axtarırsınızsa bu da mənim bəsimdi. Elə mükafat sayıram bunu. Dostlarımı da mükafat sayıram özümə.
-Həyat nədir, insan niyə dünyaya gəlir? Heç özünüzün özünüzə suallarınız olur?
-Bu sualınızın cavabı ölümdə gizlənib. Ölməmiş bu sirri faş etmək mümkünsüzdür. Ancaq insan dünyaya gəldisə bütün hallarda əxlaqlı olmalıdır. Özünü tərbiyə etməlidir. Başqalarının yaşayışına yaxşı mənada təsir etmək gücündə deyilsə, o adamlara zərər də verməməlidir. İnsanı digər canlılardan fərqləndirə biləcək əsas keyfiyyət də məncə budur.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
-Şəhər rəhbəri Şakir Abışovdumu? Mənim dostumdu.
(Qətiyyətlə deyir. Araya xeyli sükut çökür.)
(Düzəliş edirəm:)
-Xeyir, Məmməd müəllim, Zakir Fərəcovdu şəhərin rəhbəri. Şəhərimiz üçün, mədəniyyətimiz üçün xeyli işlər görüb, ədəbiyyata, sözə, sənətə dəyər verir.
(Susur)
-Eləmi, bala?
-Bəli, Məmməd müəllim.
-Nə bilim, ay bala, mən çoxdandı Sumqayıta getmirəm, kənddə oluram...
(Gözləri yol çəkir)
Elədirsə, demək onu rəhbər təyin etməkdə yanılmayıblar. İşlərində uğurlar arzulayıram Zakir müəllimin. Allah köməyi olsun!
-Sizi daha çox nə güldürür və nə ağladır?
-Üzümü nəvəm İlqar güldürür bircə, hardadı o?
(Gözü İlqarı gəzir.)
-Bəs sizi nə ağladır, Məmməd müəllim?
-Nə ağladır yox, xanım, kim ağladır soruşsaydınız mən də deyərdim Fatma (xanımını deyir) ağladır.
(İstehzayla gülümsəyir.)
- Ölüm var olmaqdı, sizcə?
- Ölümdən nə çox danışdıq (gülümsəyir yenidən). Elə ölülər var ki, aramızda yaşayır. Yəni yaddaşımızda, könlümüzdə yaşayır. İnsan haçan unuduldusa,
bu onun ölümüdür.
-AYB Sumqayıt bölməsinin işindən razısınızmı?
-Hal- hazırda heç kimdən narazı deyiləm.
-75 yaşlı gənc şəhərimizə arzunuz. Şəhərimizin 75 illik yubileyi ərəfəsində istək və təklifləriniz?
-Sumqayıtı nəzərdə tutursunuz da?
-Bəli. Bu il şəhərimizin 75 illik yubileyidir. Yeri gəlmişkən, üzümüzə gələn bu yaxın aylarda sizin də 75 yaşınız tamam olur. Bəri başdan sizi təbrik edib, uzun, sağlam ömür arzulayıram sizə.
Həmyaşıdınız sayılan doğma şəhərimizə- Sumqayıtımıza arzularınızı eşitmək istəyərdik.
-Əmin-amanlıq arzulayıram. Evlərimizdən körpə qığıltılarının, körpə gülüşlərinin səsi gəlsin. Ağ yuxular yatıb, aydın sabahlara çıxsın Sumqayıtımız.
-Ürəyinizdən keçən bir bənd şeir?
-"Dünya, sənin anan ölsün,
Bic oğlu bic dünyasanmış
Hayıf mənim göz yaşıma,
Sən ki, gülünc dünyasanmış"
(Yenə Ağamalı Sadiq Əfəndidən bu parçanı deyir.)
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
“QIZIL” PAYIZ haqqında deyilən sözlər
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
1. "Payız gözəldir! Mənim qəlbim onunla kəbin kəsdirib və əgər mən quş olsaydım, onda Yer ətrafında uçaraq növbəti payız axtarışına çıxardım". (Corc Eliot)
2. "Oktyabr! İlahi, o mənim çox sevdiyim aydır, onu yeməyə və qoxusunu nəfəsimə çəkməyə hazıram. Ah, bu qiyamçı və kədərli ay... Baxın, onunla görüşündən yarpaqlar necə qızardı. Oktyabrda dünya alova bürünüb". (Rey Bredberi)
3. "Oktyabrın ikinci yarısında dünyadan təzə bişmiş piroq kimi qoxusu gəlir". (Elis Hoffman)
4. "Oktyabrda yarpaqlar artıq saralıb, solanda hava boz və tutqun olanda torpağı görməmək üçün başını arxaya çevirmək və buna inanmaq olar ki, "Hələ sevinclidir, hələ də yaydır". (Yevgeni Zamyatin)
5. "Payız hiyləgər yaya bir təpik atdıqdan sonra (Bu, hər dəfə sentyabr ayının ortalarında belə olur) o, çox darıxdığın dost kimi qonaq gəlir. O, uzun müddətli, həm köhnə dost kimi sevdiyin kreslonda oturaraq nahardan sonra sənə bu vaxta kimi harada olduğu və son görüşdən bəri nə ilə məşğul olduğu haqqında danışır". (Stiven Kinq)
6. "Hər payızda mən yenidən çiçək açıram". (Aleksandr Sergeyeviç Puşkin)
7. "Qış qravüra, bahar - akvarel, yay yağlı boya, payız isə hər üçünün mozaikasıdır". (Stenli Xoroviç)
8. “Payızın iki səhvsiz səsi var: Xırçıldayan yarpaqların xışıltısı, küçə boyunca təqib olunan şiddətli külək və köçəri quşların cikkildisi..." (Hel Borland)
9. "Payız ilin ən heyranedici son təbəssümüdür". (Uilyam Brayant)
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
DÜNYA ƏDƏBİYYATI - Barbara Uokerin “Dişi canavar” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı “Tərcümə saatı”nda sizlərə Barbara Uokerin yaradıcılıq nümunəsini təqdim edir. “Dişi canavar” hekayəsini dilimizə Alsu çevirib. Bu, 94 yaşlı yazıçının azərbaycanlı oxucularla ilk görüşüdür.
Barbara Uoker ruhanilik, feminizm və mifologiyaya dair kitabları ilə tanınan amerikalı yazıçıdır. 1930-cu il, iyulun 2-də dünyaya gələn B.Uokerin həm də toxuculuğa və sənətkarlığa dair kitabları var. Doğulduğu Pensilvaniya ştatında jurnalistika üzrə təhsil alan yazıçı 1970-ci illərdə zorakılığa məruz qalan qadınlara kömək edən yerli Qaynar xətdə xidmət edərkən feminizmlə maraqlanıb. Uoker təhsilini bitirdikdən sonra dinlərin müqayisəsi, mifologiya və feminizmlə bağlı araşdırmasını davam etdirib və bu, onun ən məşhur əsərlərini – “Qadınların miflər və sirlər ensiklopediyası”, “Qadınların ritualları”, “Tarotun sirləri: mənşəyi, tarixi və simvolizmi”, “Tac: yaşlı, hikmətli və güclü Qadın”, “Feminist nağıllar”ı yazması ilə nəticələnib. Amerika Humanist Dərnəyi 1993-cü ildə onu “Humanist qəhrəman” adlandırıb və 1995-ci ildə “Tarix yaradan qadınlar” mükafatını alıb.
DİŞİ CANAVAR
hekayə
Canavarlara sitayiş Avropanın bütpərəst qəbilələrinin dövründən, onlardan bəzilərinin qurda müqəddəs totem kimi pərəstiş etməsindən başlayıb. “Qurd”un nəsil adı olaraq günümüzə gəlib çıxması bunu sübut edir. Qurd totemli qəbilələrin üzvləri canavar dərisi geyinir və canavarı imitasiya (təqlid) edən rəqslərlə ritual olaraq özlərini heyvan ruhlarına çevirirdilər.
Yunan mifologiyasında tanrı Zevsin də canavar formasına çevrilməsi təsvir edilir. Xristian hakimiyyətləri tərəfindən “şeytanlaşdırılan” canavara inam orta əsrlərdə likantropiya (qurda çevrilən insan) haqqında xurafatlara səbəb olur. Bu da canavarları mənfi obraz kimi əks etdirən nağılların yaranmasına gətirib çıxarır. Daha dəhşətli, qorxunc canavar təsviri böyük ehtimalla hər hansı canavardan daha çox, insanlarda uşaqlıqdan yaranmış iri, dişləyən it xofundan qaynaqlanır... Uşaqlığımdan bəri itləri çox sevirəm, ona görə də nağıllarda canavarların dəhşətli təsvirlərinə baxmayaraq, onlara heç vaxt qorxuyla baxmamışam. Maraqlı və ecazkar bir canlını niyə pisləyirsiniz? Canavar totemli qədim qəbilələrin üzvləri, yəqin ki, likantropiyanın sehrli bir transformasiya (çevrilmə) vasitəsilə insanların kəskin qoxu və eşitmə hissini, canavarın çevikliyini, gücünü və cəldliyini bəyənmişdilər. Bir canlının – canavarın bu qeyri-adi xüsusiyyətlərinə müəyyən paxıllıq, demək olar ki, bütün insan cəmiyyətlərində özünü göstərir...
Biri vardı, biri yoxdu, qızı Lupa ilə kiçik bir fermada, balaca daxmada yaşayan kasıb, dul kişi vardı. Torpaq, demək olar ki, onlara lazımi qədər yemək vermirdi, tək ümid yeri inəkləriydi – onları süd, yağ, pendir kimi qidayla təmin edirdi. Bu kişinin həyatda yeganə sevinci qızıydı, ən böyük arzusu da onun böyüməsini görmək idi. Atasının göz bəbəyi olan Lupa isə ağıllı, həm də mehriban bir qızcığazıydı.
Bir gün fəlakət baş verdi: inək xəstələndi və öldü. Artıq nə süd vardı, nə də pendir, yağ. Dul kişinin nəinki təzə inək, heç bir-iki toyuq almağa da pulu yox idi. O, ölmüş inəyi kəsdi, ətini qızı ilə köməkləşib doğradı, bu ət onları bir müddət tox saxladı. Amma inəyin əti qurtarandan sonra onların yeni məhsul üçün əkilmiş toxumlardan başqa, demək olar ki, heç nəyi qalmamışdı.
Kişinin mərhum arvadı bacarıqlı dərziydi və onun bir neçə qobeleni hələ də evdə qalırdı. Lupanın atası onları zirzəmidən çıxardı. “Bunları anandan yadigar olaraq saxlamağı düşünürdüm” – o, kədərlə qızına dedi:
– İndi isə bu qobelenləri satmaqdan başqa çarəm yoxdur. Sabah mən yaz əkininə başlamalıyam. Sən də bu əl işlərini bazara aparmalı və bacardığın qədər ən yüksək qiymətə satmağa çalışmalısan.
Ertəsi gün səhər tezdən Lupa qobelenləri də götürüb yola düşdü. Evlərindən mərkəzi bazara yol uzaq olduğu üçün o, bir neçə kilometr yol getməliydi. Yolda ikən hava tutqunlaşdı və şiddətli tufan qopdu. O, daldalanmağa bir yer tapmadığına görə dayanmadı və yoluna davam etdi. Hava sakitləşəndə Lupa tamamilə islanmışdı… Qobelenləri sıxıb sudan təmizləmək üçün çantasından çıxaranda dəhşətə gəldi: bütün rənglər bir-birinə qarışmışdı!.. Anası solmayan, rəngi getməyən boyalardan istifadə etmədiyi üçün qobelenlərin üzərindəki təsvirlər islanıb dağılmış, gözəlliklərindən əsər-əlamət qalmamışdı...
Başına gələnlərdən məyus olan Lupa çarəsiz halda yolun kənarına çöküb ağlamağa başladı. Dolanmaq üçün son şanslarını itirməkdən əlavə, anasının əmanəti olan əl işləri də artıq yox idi… Atasının ən çox buna kövrələcəyini bilən Lupa nə olur-olsun, bazara getmək qərarına gəldi. Məqsədi ya qobelenin kətanını satmaq, ya da bir parça çörək üçün dilənmək idi. Yolunun üstündəki meşədən keçəndə o, həzin ulama səsi eşitdi. Bir o qədər də uzaqdan gəlməyən bu səs ona öz kədərinin izharı kimi göründü... Qorxu hissini kədərindən unutmuş bu qızcığaz səsin sahibini axtarmağa başladı və sağ qabaq ayağından tələyə düşmüş, ağrıdan acı-acı ulayan boz, iri, sarı gözlü dişi canavarla qarşılaşdı.
“Ah, yazıq canavar”, – dedi təmizürəkli Lupa, – “Sənə kömək edə bilərəmmi?”
Onun çox heyrətləndiyini görən canavar “məni bu tələdən xilas elə” – deyə yalvardı:
– Yuvamda körpələrim var. Mənsiz onlar məhv olarlar.
Lupa qalın çubuq götürüb tələnin ağzını açdı və canavarın ayağını ordan çıxartdı. Daha sonra paltarından bir az cırıb canavarın yarasını şəfqətlə sarıdı. Canavar yardımına, həyatını qurtardığına görə qızcığaza təşəkkür etdi və “balalarımla mən borcundan çıxmaq üçün həmişə hazırıq”, – deməyi də unutmadı. Lupa isə “təəssüf ki, mən o qədər pis vəziyyətdəyəm, heç kim mənə kömək edə bilməz”, – pıçıldadı və başına gələnləri, inəklərinin ölümündən tutmuş, qobelenlerə qədər hər şeyi canavara danışdı. Canavar ona bazara getməyi deyil, evə qayıtmağı məsləhət gördü və əlavə etdi:
– Narahat olma, hər şey yaxşı olacaq.
Bunu deyərək ana canavar axsaya-axsaya, amma sürətlə uzaqlaşdı. Lupa çox təəccüblənsə də, düşündü ki, danışan sehrli bir canavara etibar eləmək lazımdır. Atasının qobelenləri pis halda görməsini istəməyən Lupa onları meşədə torpağa basdırdı və əliboş evə qayıtdı. Atasına qobelenləri satdığını, lakin pulunun yolda oğurlandığını deyərək ağ yalan danışdı. Atası bütün gün işləmişdi, qızı kimi həm yorğun, həm də ac idi. Lakin onların yeməyə bir neçə toxumdan başqa bir şeyləri olmadığından qarınları quruldaya-quruldaya yatmağa getdilər. Gecə boyu hər ikisi meşədə canavarların səsinə tez-tez oyanırdılar. Səhər açılanda Lupa özünü hələ də yorğun hiss etdiyindən yerindən qalxmaq istəmirdi, amma qəflətən atasının qışqırığını eşidib onun yanına qaçdı. “Bir bax!” – atası ağlayaraq deyirdi: “Budur, qapının astanasında!”
Burada təzəcə kəsilmiş, kənarları cırıq-cırıq olmuş, sanki cəmdəyindən vəhşicəsinə parçalanmış iri bir maral əti parçası varıydı. Sevincək olan ata-bala dərhal ətdən doğrayıb bir neçə tikə qızartdılar və uzun müddət sonra ilk dəfə yaxşıca yeyib qarınlarını doyurdular.
Ertəsi gün isə həmin qapının astanasında kralın mühafizəçilərini görüb mat-məəttəl qaldılar. Onların arasındakı kapitan əlindəki qılıncın sapı ilə qapını döyərək qışqırırdı: “Qapını açın, qanunsuz ovçular!”
Lupanın atası tələsik qapını açdı: “Mən sadəcə yoxsul bir kəndliyəm. Siz səhv adamın dalınca düşmüsünüz”, – deyə yalvarmağa başladı. Kapitan daha da hiddətləndi: “Sən kral meşəsində kralın maralını ovlamısan! Boynuna al! Biz meşədən qan izi ilə bu qapıya gəlib çatmışıq”. Kapitanın əmri ilə mühafizəçilər daxmanın qapısından içəri keçib mətbəxdə, tavandan asılmış maral ətini gördülər. Kapitan içəri nəzər salıb bunu görən kimi dedi: “Hər ikiniz həbs olunursunuz”. Lupayla atası çox dil tökdülər ki, günahları yoxdur. Əti onların qapılarına hansısa “naməlum” bir varlıq qoyub desələr də, heç bir faydası olmadı. Elə daxmadaca onları tutdular, əli-ayağı bağlı halda mühakimə üçün kral sarayına apardılar.
Zindanda iztirablı, acınacaqlı gecə keçirdikdən sonra səhərisi gün ata və qızını sürüyərək kral və kraliçanın saray əyanlarının əhatəsində taxtlarında əyləşdiyi zala gətirdilər. Hətta əkiz körpə şahzadələr də beşiklərində kraliçanın taxtının yanında idilər. Qızılla bəzənmiş qara məxmər geyimli məmur zaldakı bütün cinayətkarlara qarşı ittihamları oxuyub sübutları təqdim etdi. Növbə Lupanın atasına gələndə o, bütün ittihamları inkar etdi və kral qarşısında diz çökərək günahsızlığını bildirdi. O, hadisəni belə izah edirdi ki, əti gecə saatlarında naməlum şəxs və ya şəxslər onun qapısının ağzına qoyublar... Kişinin bu hadisəni təkrar-təkrar danışması kralı bezdirdi. Təqsirləndirilən şəxs də izahının nə qədər zəif, əsassız olduğunu başa düşdü və utanaraq susdu. Amma kralın əksinə olaraq, kraliça bu məsələyə daha maraqla, həvəslə yanaşır, qıza və atasına diqqətlə baxırdı.
Lupa kraliçanın gözlərinin qeyri-adi, sarı rəngdə olduğunun fərqinə vardı. “Sən bu ikisi haqqında heç bir hökm çıxarma”, – deyə qətiyyətlə kraliça dilləndi, – “onları öz yanıma işə götürəcəm”. “Ancaq əzizim, qeyri-qanuni ovçuluğun cəzası edamdır”, – deyərək kral etiraz elədi. Lakin kraliça “mən də deyirəm ki, bu ata-bala edam edilməyəcək”, – dedi və əminliklə: “mühafizəçilər, onları mənim otağıma aparın!” əmrini verdi.
Beləliklə, Lupa və atası kraliça gələnədək onun otağında mühafizəçilərlə birgə gözlədilər. Kraliça gələn kimi onların qandallarını çıxartdırdı və sonra hamını otaqdan qovub ata-bala ilə tək qaldı. Lupa və atası onun qarşısında diz çökərək göstərdiyi mərhəmətə görə təşəkkür elədilər, o isə cavabında “Mən mərhəmətli deyiləm, sadəcə dürüst və vicdanlıyam. Mən borclarımı geri ödəyirəm. Keçən dəfə bunu eləyəndə sizin başınıza əlavə iş açdım, indi isə hər şeyi yoluna qoymaq mənim öhdəmə düşür”, – dedi.
Lupa qorxa-qorxa dillənib heç nə başa düşmədiklərini bildirdi. “Bu, tanış gəlir?” – deyə kraliça soruşdu. O, sağ qolunu, dirsəyindəki qanlı sarğını göstərdi. Lupa diqqətlə baxaraq paltarının parçasını tanıdı. “Kraliçamız dişi canavardır?” – Lupa heyrətlə pıçıldadı. “Bir də heç vaxt bu haqda danışmayacağıq. Sən, Lupa, mənim qulluqçum olacaqsan, atan isə kral bağbanı. O da çoxlu qızıl qazanacaq və yaxşı dolanacaq, sən də. Acınacaqlı günləriniz bitdi”.
Kraliçanın sözlərini eşidər-eşitməz ata-bala sevinclə onun əlini öpdülər və bir də heç vaxt o kasıb daxmalarına qayıtmadılar, kral sarayında məskunlaşdılar. Lupa illər uzunu kraliçaya sədaqətlə xidmət elədi. Atası da kralın bağına qayğıyla yanaşdı və günlərin bir günü də baş bağban təyin olundu. Lupa anasının qobelenlərini basdırdığı meşəyə gedib onları qazaraq çıxartdı, ucuz boyalarını yuyaraq təmizlədi və yenidən tikilməsi üçün saray dərzilərinin ən yaxşısına təhvil verdi. Nəticədə ortaya çıxan əsər onun adı ilə bütün dünyada məşhurlaşdı. İllər keçsə də, bu əsərlər milli muzeylərin vitrinlərində göz oxşayır…
İnsanlar o vaxtlar deyirmişlər ki, bəzi aysız gecələrdə Lupa və atası qəribə bir dəyişiklik keçirir və sarı gözlü, sağ qabaq ayağı yaralı olan iri, boz dişi canavarın başçılıq etdiyi vəhşi canavar sürüləri ilə birgə meşə boyu qaçırlar...
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
“Kim nə deyir desin, Yol xüsusi isimdir!” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Müqəddəs? – Yox! Müdrik? – Yox! Şaman? – Yox! Öncəgör? – Yox! Tənha Dədə Qorqud!..
Hardan gəlib hara getdiyi bilinmir..
2.
“Ruh gözün baxdığı yerdə,
Cisim gözün özündədi.
Qəlb ulduz axdığı yerdə,
Tənha göyün üzündədi.”
3.
Kim nə deyir desin, Yol xüsusi isimdir!
4.
Bütün zamanların çox ədalətli və dəqiq bir qanunu var - tarazlıq qanunu. Elmdə qazanırsan, həyatda itirirsən. Səni sevirlər, işdən qovulursan. İşdə hörmət sahibisən, evdə sayan yoxdur. Nə qədər desən bu tarazlıq zəncirini çəkib uzatmaq olar.
5.
Folkner: “Əgər yazıçı gördüyü, tanıdığı adamların surətini yaradırsa, bu, ədəbiyyatın böhranıdır.” Obrazdan ideyaya yox, ideyadan obraza! Ədəbiyyatın yolu budur.
6.
“Kainat sonsuzdur” fikrini anlayıb qəbul etmək çox çətindir. Çünki biz onu mövcud dilimiz, mövcud sözlərimiz vasitəsilə qavramaq istəyirik. Sonsuzluğun dərkini isə sonlu sözlər vasitəsilə anlamaq mümkün deyil. Bu anlayışın öz “qrammatikası”, öz “lüğəti” olmalıdır.
7.
Platonovun dil səthi azərbaycanca, Sabirin dil səthi rusca hələ tərpədilməyib.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
İğdırda Dədə Qorqud irsi yad edilib
İğdırda “Türk dünyasının ortaq mədəni irsi: Dədə Qorqud” adlı beynəlxalq elmi konfrans baş tutub. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi, İğdır Universiteti, Naxçıvan Dövlət Universiteti, İğdır Azərbaycan Evi və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konfransda alimlər, rəsmi qurumların nümayəndələri, QHT və media təmsilçiləri, tələbələr iştirak ediblər.
Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb, sonra “Dədə Qorqudun izində, sözündə” sənədli filmi nümayiş olunub.
İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Dədə Qorqudun Türk dünyası üçün mənəvi və mədəni əhəmiyyətindən danışıb: “Bu gün biz təkcə elmi bir toplantı keçirmirik, həm də ortaq mədəniyyətimizin əsas dayaqlarından biri olan Dədə Qorqudu tarixi və ədəbi yönləri ilə yenidən dəyərləndiririk”.
İğdır valisi Ercan Turan onu “Türk millətinin mənəvi mənbə kodu” adlandırıb, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Dədə Qorqud irsinin ortaq yaddaşda xüsusi yerə sahib olduğunu qeyd ediblər.
Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev isə Dədə Qorqudun beynəlxalq səviyyədə tanınan və qorunan bir dəyər olduğunu vurğulayaraq, bunun bütün türk xalqları üçün qürur mənbəyi adlandırıb.
Tədbir panel iclası ilə davam edib. Dosentlər Oğuz Doğan və İsmayıl Abalının moderatoru olduğu iclasda Kamal Abdulla, professorlar Metin Ekici, Ramazan Korkmaz, Esma Şimşek, Səlahəddin Bəkki, Ayşə Çətin, Mehmet Çeribaş və Refiye Şenesen Dədə Qorqudun şəxsiyyəti və türk dünyasındakı rolu barədə məruzələrlə çıxış ediblər.
Sonda iştirakçılara hədiyyə və sertifikatlar verilib və “Türkiyə–Azərbaycan qardaşlıq türküləri” adlı musiqi proqramı təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(16.10.2025)
“Günahların arındığı gecə...“ - Zemfira Məhərrəmlinin hekayəsi
“Ədəbiyyat və incəsənət” yazıçı Zemfira Məhərrəmlinin “Günahların arındığı gecə...“ adlı yeni hekayəsini təqdim edir.
Neçə il idi ki, doğma kəndini görməmişdi. Qaraş hər daşından, kəsəyindən uşaqlığının, erkən gəncliyinin acılı-şirinli, daha çox küskün xatirələri boylanan yurd yerinə axşam çağı, qaş qaralanda gəlib çatmışdı. Kənddə çox şey dəyişmişdi: kərpicdən tikilmiş dükanı indi dəbdəbəli “Supermarket” əvəz edirdi. Ətrafdakı boş yerlər hasarlanmış, həyətlərdə damları kirəmidli, ikimərtəbəli evlər ucaldılmışdı. Asfalt yolun kənarında sıra ilə əkilmiş cavan çinarlar bayaqdan güclənmiş yağışın səsinə öz həzin pıçıltısını qatan şaxlı-budaqlı ağaclar olmuşdu.
Həsənlə dalaşdığı, onu bıçaqladığı gün düşdü yadına. Elə burda, köhnə dükanın yanında vurmuşdu onu - bacısı Əsmərə görə. Əsmər isə Qaraş tutulandan sonra Həsənə qoşulub qaçmışdı. Bu xəbəri eşidəndə Qaraş bərk sarsılmış, özünə söz vermişdi ki, “burdan çıxım, onların ikisini də öldürüb yenə türməyə qayıdacam.” Bu, Qaraşın qəti fikri idi və o, beynində bu qara fikirlə təskinlik tapırdı.
Qaraş yatsaydı, yuxusuna da gəlməzdi ki, o, adam bıçaqlayar. Düzdü, yumruq davasına düşmüşdü, döymüşdü də, döyülmüşdü də. Amma adam bıçaqlamaq... Yox, bu, Qaraşın işi deyildi. O, Həsənə xəbər göndərmişdi ki, bacısının adını çəkməsin. Əsmər onun tayı deyil, gedib axtarsın, tayını tapsın. Həsən Qaraşın bu “nota”sını qulaqardına vurmuşdu. Sözarası demişdi ki,” qoy Qaraş sevinsin ki, Həsən kimi yeznəsi olacaq.” “Heç eybi yox, mən sənə göstərərəm sevinmək necə olur”, deyə Qaraş o gündən Həsənlə danışmağa fürsət axtarırdı. Qaraş bunu heç gizlətmirdi də. Onun bu niyyətini kənddə uşaqdan- böyüyə hamı bilirdi. Və bu fürsət elə bir gündə, elə bir vaxtda yarandı ki, onun dava eləməyə nə həvəsi vardı, nə də taqəti. O, iş gününü təzəcə başa vurmuşdu, yorğun idi. Sürdüyü yük maşınını dükandan bir az aralıda saxlayıb siqaret çəkir, ucadan danışan tay-tuşlarına qulaq asırdı. Birdən qarşı tərəfdən Həsənin səsi gəldi. Elə bil qurbağa gölünə daş atdılar. Onun səsini eşidəndə Qaraşın sanki ürəyinin sapı qırıldı. Fikirləşdi ki, heyf, şər qarışan vaxta düşdü... Hamı bilir ki, Qaraş Həsənlə hesablaşmalıdır. Bəlkə saxlasın başqa vaxta?..
Azca əvvəl bir-birlərinə danışmağa macal verməyən yoldaşları Həsənin səsini eşidib, bayaqdan aralarında varlığı hiss olunmayan, susqun Qaraşa baxdılar.
Həsənin dəstəsi onların yanından sakitcə, dinməz-söyləməz keçib bir qədər aralıda cəm oldu. Səsləri gəlmirdi. Ətrafdakı gözlər hələ də Qaraşa zillənmişdi - əriyirdi, məhv olub gedirdi bu baxışların altında Qaraş. Fikirləşdi ki, bircə an da vaxt itirsə, gecikəcək. Həsənin dəstəsi qarşıdakı tini burulandan sonra gec olacaq və o, başını qaldırıb bayaqdan baxışlarıyla onu izləyənlərin gözünün içinə heç vaxt baxa bilməyəcək. Daha tab gətirmədi, nəhayət:
‒ Ey, bir mənə bax, ‒ deyə uca səslə Həsəni çağırdı və Qaraş az qala özü öz səsini tanımadı. Elə bil boğulurdu Həsəni çağıranda. Sol qıçı titrəyirdi. Özünü ələ almaq istədi, bacarmadı, bu onu bir az da əsəbiləşdirdi. Yoldaşları görsəydi, fikirləşərdilər ki, qorxaqdı Qaraş. Doğrudan da, Qaraşın qorxudanmı, əsəbdənmi qıçları titrəyirdi - bu vəziyyətdə heç özü də nə istədiyini ayırd edə bilmirdi.
Həsənin dəstəsi dövrəsində səf çəkib dayanmışdı... Dönüb Qaraşa baxırdılar, matdım-matdım, səssizcə. Qaraşın ürəyi yerinə gəldi, deməli, gecikməyib.
‒ Mənnənsən? ‒ Həsənin səsi eşidildi.
‒ Həə, sənnənəm, adını yaxşı bilirsən, ‒ dedi Qaraş.
Həsənin curlarından biri:
‒ Gedək, baş qoşma ona, ‒ dedi.
Həsən donub qalmışdı yerində, nə irəliyə gedə bilirdi, nə də geriyə. Qaraş Həsənə tərəf ağır addımlarla yeriyərək:
‒ Nədi, nə dayanmısan, yaxın gəl, işim var sənnən... İkilikdə söhbət eliyəcəyik...
Həsən:
‒ Duelə çağırırsan məni? – deyərək candərdi Qaraşa sarı addımladı.
Mübahisə etmək yeri deyildi. Qaraş fikirləşdi ki, çatan kimi Həsənə bir yumruq vursun, amma əksinə oldu. Rəqibinin qəfil zərbəsi alnının ortasından dəyəndə Qaraşın gözü qaraldı. Tez özünü ələ alıb, Həsənin çənəsinin altından elə ilişdirdi ki, o, özünü saxlaya bilməyib yerə yıxıldı... Toparlanıb ayağa qalxanda Həsən Qaraşın əlində parıldayan bıçaq gördü. Boğazı qurudu Həsənin, udqundu, geriyə çəkilə-çəkilə yavaşcadan:
‒ Axmaq olma, Qaraş, at bıçağı, ‒ dedi:
Həsənin bu halı Qaraşı bir az da qızışdırdı. O, əlində bıçaq bir az da irəlilədi:
‒ Sənin əlindən çoxdan yığmışdım, qızın adını...
‒ MənƏsməri çox istəyirəm, Qaraş... Doğrudan istəyirəm. Əsmər də razıdır... Ailə quracağıq, ‒ deyə Həsən Qaraşın sözünü ağzında qoydu.
Qaraş Həsənin üstünə yeridikcə o, geri çəkilirdi. Həsən dükanın yanında üst-üstə yığılmış boş yeşiklərdən birini qaldırıb əlində tutdu. Əlləri titrəyirdi, az qalırdı ki, yeşiyi yerə salsın. Həsən yalvarmağa başladı:
‒ Anama yazığın gəlsin... Bilirsən ki, məndən başqa heç kəsi yoxdu, tək yetimiyəm, ‒ dedi.
‒ Mən də tək yetiməm... Amma sən eləyən qələtləri eləmirəm..
‒ Vallah Əsmər də razıdı... Evlənəcəyik...
‒ Mumla, alçaq ‒ deyə Qaraş bağırdı.
Həsən hər şeydən əli üzüldüyünü görüb, tutduğu yeşiyi ona yaxınlaşan Qaraşın sifətinə çırpdı. Onun üzü al qana büründü. Qaraşın Həsənin üstünə şığıması ilə bıçağı işə salması bir oldu. Həsən xəstəxanaya, Qaraş isə türməyə düşdü.
…Qaraş mağazadan aralandı, tini burulub dar küçə ilə Həsəngilin evinə gedən yola çıxdı. Sol əlini pencəyinin yan cibinə saldı. Bilirdi ki, bıçaq cibindədir, amma qeyri-ixtiyari bir də yoxladı.
Yağış güclənirdi. Küçədə kimsə görünmürdü. Addımlarını yeyinlətdi, sol əli hələ də pencəyinin cibindəydi. Bıçağı bərk-bərk sıxırdı, elə bil cibindən düşüb itəcəkdi.
Artıq Həsəngilin darvazasının ağzında idi. Əlini cibindən çıxartdı. Qapı bağlı olduğundan hasarın üstündən cəld aşıb həyətə düşdü. İslanmış budaqlarından damcılar süzülən ağacların arasıyla evə yaxınlaşdı. İşığı zəif pəncərələrə yarımpərdələr vurulmuşdu.
Səs-küy salmadan, ayaqlarının ucunda pəncərəyə yaxınlaşdı. Uşaq səsi gəlirdi: “Həə... yeri, yeri...” İçərini dinşədi. Gülüş səsləri ətrafa yayılırdı. Sonra oğlan uşağının səsi gəldi, qız uşağı da ağlamsınıb, “Mən də, mən də istəyirəm,” ‒ dedi. Daha sonra Həsənin səsi eşidildi: “Yaxşı, sən də gəl.” Qaraşı sövq-təbii maraq bürüdü. O, başını qaldırıb pəncərənin açıq hissəsindən içəri boylandı. Gördü ki, Həsən əllərini və dizlərini yerə qoyub uşaqları belində gəzdirir. Uşaqlar atasının boynundan tutub, ayaqlarını qarnına döyəcləyir, onu at kimi çapırdılar. Bu vaxt qonşu otaqdan Əsmərin səsi eşidildi. Qaraş həyəcanlanıb geri çəkilərək kürəyini divara söykədi. Ürəyinin döyüntüsünü açıqca eşidirdi...
Yağış səngimək bilmirdi. Qaraş islanmışdı, bədəni büsbütün suyun içində idi. Bir tərəfdən də onu öskürək yaxalamışdı, boğazı qovuşurdu. Özü ilə bacarmırdı, udquna-udquna qalmışdı. Əllərini ağzına tutub ustufca öskürdü, sonra çevrilib başını qaldırdı, pəncərənin lap qırağından otağa yenidən göz gəzdirdi. Əsmər uşaqları bir-bir Həsənin belindən götürüb yataq otağına aparırdı...
Əsmər dəyişmişdi, sanki boyu bir az da ucalmışdı. Əynindəki güllü, uzun xalat onu daha qədd-qamətli göstərirdi. Uşaqların ətrafa yayılan cingiltili gülüşü Qaraşı ovsunlamışdı. O donub qalmış və anlaşılmaz hisslər yaşayırdı. Əsmərlə balalarının səsi qulaqlarından getmirdi.
Birdən gözü divardan asılmış şəkillərə sataşdı. Əsmərlə Həsənin qoşa şəklinin yanında Qaraşın portreti vurulmuşdu. Qaraşın içi sızladı. Bu sızıltı onun ürəyini, beynini ovxarlayıb tökürdü.
‒ İşə bir bax, adımı əziz tutublar, ömrümə qılınc çalsalar da, əziz-xələf biliblər məni... Bir müddət keçəcək, Qaraş tamam unudulacaq, bu şəkil də gərəksiz bir şey kimi atılacaq zibilliyə… ‒ hər halda belə düşünürdü Qaraş.
Payız yağışı daha da güclənmişdi. Qonşu həyətdən həzin kaman səsi gəlirdi. Deyəsən radio verılişiydi, Segah muğamını çalırdılar. Qaraş üçün üzüntülü olan bu gecəni kamanın ah-naləsi bir az da ağırlaşdırır, yağışın şırıltısı isə elə bil o həzin musiqiyə züy tuturdu. Qaraş kövrəlmişdi... fikrini yayındırmaq istəyir, ancaq bacarmırdı... İsti göz yaşları yanaqları boyunca axırdı. Elə bil yuxuda idi, ayıldı, hər iki əlini yumruqlayıb var qüvvəsi ilə alnına vurdu. Özü ilə bacarmır, qəhər onu boğurdu...
Bacısıgil işıqları söndürdü, ətraf zil qaranlıq oldu. Kaman da nalə çəkməkdən usanmışdı, səsi gəlmirdi daha. Güclü yağış isə hələ də ara vermir, sanki hirsini-hikkəsini sonacan boşaltmaq istəyirdi. Qaraşın bədəni keyimişdi, bircə onu anlayırdı ki, kaman indi onun içində odlanıb nalə çəkir. Bir də uşaqların ‒ bacısının günahsız balalarının məsum çöhrəsi gözü qarşısından çəkilmir, onların şaqraq gülüşlərini eşidirdi. Nə qədər çalışsa da, canını bu səslərdən qurtara bilmirdi. Peşmançılıq, utanc hissi onu üzürdü.
... Qaraş tiyəsində adı yazılmış zəhmli bıçağı ‒ həbsxana yadigarını cibindən çıxarıb zərblə pəncərənin taxta çərçivəsinə sancdı və gəldiyi yolla da geri qayıtdı. Bayaq üstündən bir göz qırpımında aşdığı hasarı indi çox çətinliklə adlaya bildi. Yerişini itirmişdi, gah ayağı sürüşür, yıxılır, gah da xırda gölməçələrə girirdi. İçinə su dolmuş ayaqqabıları ona ağırlıq edirdi.
Mağazanın yanından ‒ vaxtilə Həsənlə haqq-hesab çəkdiyi yerdən keçib magistral yola çıxdı. Addımlarını yeyinlətdi və birdən var gücüylə qaçmağa başladı. Yol boyu qaça-qaça yağmurdan islanmış pencəyini, sonra köynəyini çıxarıb atdı. O qaçdıqca qaçır, uzaqlaşdıqca sürətini artırırdı. Sanki suçundan, yanlışlarından, mənhus yaşantılarından qaçıb qurtulmaq istəyirdi. Gecənin sükutunu pozan güclü yağış Qaraşın qurşaqdan yuxarı çılpaq bədəninə çiləndikcə canında bir rahatlıq duyur, suyun aydınlığından sanki arınıb-durulurdu…
“Ədəbiyyat və incəsənət”
(16.10.2025)
“Ədəbiyyat ən azı bir addım irəlidə olmalıdı” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Yaşamaq çox kədərli bir şeydir. Sağa baxıram, sola baxıram – darıxıram
2.
Anlaşılmaz qəribə nisgillə yaşamağa hazırlaşdığımız səhərlərdən biri başını yana əyərək yavaşca, utana-utana etiraf edir: “Mən səhər deyiləm, gecəyəm” deyir.
3.
Hər bir adam öz içində istədiyi mürəkkəb melodiyanı “çala bilir”. Öz içindəki harmoniyanı qoruyub saxlayır. Amma əgər o adam haman melodiyanı “içindən buraxıb” səsli halda təqdim etmək istərsə, buna nail ola bilməyəcək. İçindən çıxdısa, səni tərk etdisə, o zaman harmoniya dağılır.
4
“ -Günahlarım ürəyimdə dağ oldu,
Sap qırıldı, mirvarilər dağıldı.
Hamısı da təkcə sənə oxşadı – birindən başqa. Sonra gördüm, yox, o da sənə oxşayır.”.
5.
Biz “şair” xalq deyilik. Biz harmoniyaya - qafiyəyə, ritmə, ölçüyə can atan xalqıq.
6.
“Ədəbiyyat xalqa yaxın olmalıdır” ideyasına şübhə ilə yanaşmaq lazımdır. Ədəbiyyat ən azı bir addım irəlidə olmalıdı. Kimisə arxasınca apara bilmək üçün.
7.
“Arzuların dil açıb yalvarar ki,
Əvvəl-axır bir oyuncaq ver mənə.
Olacağın olmağına nə var ki,
Bircə dənə olmayacaq ver mənə.”
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)