Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın dahi şairi, Türk dünyasının tanınmış mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orjinaldan Türkiyə türkçəsinə tərcüməsi və nəşri layihəsi həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, “Xəmsə”yə daxil olan əsərlərin orjinaldan Türkiyə türkçəsinə tərcüməsi Ərzurum Atatürk Üniversitetinin professoru, tərcüməçi Nimet Yıldırım tərəfindən həyata keçirilir.
Mərkəzin növbəti layihəsi ilə dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsində Ankarada nəşr olunub.
Kitaba yazdığı “Ön söz”də professor, kitabın tərcüməçisi Nimet Yıldırım Nizami Gəncəvinin Azərbaycanın, eləcə də bütün Türk dünyası mədəniyyətinin fəxri, ədəbiyyatın inkişafına isə müstəsna təsir göstərən parlaq sima kimi səciyələndirərək, şairin “Leyli və Məcnun” əsəri ilə Şərqin möhtəşəm məhəbbət dastanını qələmə aldığını vurğulayıb.
O, dahi Nizaminin doğulduğu Azərbaycanın qədim şəhəri Gəncənin orta əsrlərdə Azərbaycan, Orta Asiya və Yaxın Şərqdə əhəmiyyətli elm, ədəbiyyat və mədəniyyət mərkəzi kimi tanındığını vurğulayaraq, şairin ömrü boyu Gəncədə yaşadığını, misilsiz əsərlər yaradaraq poeziya dünyasına əvəzsiz töhfələr verdiyi qeyd edib.
Mədəniyyət Mərkəzindən qeyd edirlər ki, Azərbaycan klassik irsinin təbliği məqsədi ilə bugünə kimi dahi Nizami Gəncəvinin “İskəndərnamə” və “Sirlər xəzinəsi” əsərləri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr olunub. Nəşrin Türkiyənin aparıcı kitabxanalarına, mədəniyyət mərkəzlərinə, elm, təhsil, tədqiqat müəssisələrinə hədiyyə olunması planlaşdırılır. Nizami Gəncəvinin Türkiyə türkçəsində çapdan çıxan “Leyli və Məcnun” əsərinin isə cari il 14 dekabr tarixində Azərbaycan və Türk alimlərinin iştirakı ilə 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təqdimatı nəzərdə tutulub.
Qeyd edək ki, Nizami Gəncəvi “Xəmsə” ilə epik poeziyanın əbədi incilərini yaratmış, zəngin yaradıcılıq xəzinəsi ilə bəşər ədəbiyyatının zirvəsini fəth etmişdir.
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)


