
Super User
Sabir Rüstəmxanlıdan “Atamın ruhu”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Sabir Rüstəmxanlının “Atamın ruhu” adlı kitabını oxuyuram. Bu kitabda xalq şairi atası Xudu kişinin ömrünün son günləri ilə bağlı xatirələrini əbədiləşdirib. Kitabda eyni zamanda o ərəfələrdə ölkədə baş verən müəyyən hadisələrə də yer verilib...
Müəllif yazır:
“Mənə elə gəlirdi ki, son saatlarında onu bu dünyanın işlərindən çox, gedəcəyi dünyanın işləri düşündürürdü. Bu dünyadan çətin-asan gəlib keçmişdi, ömrü yola salmışdı. Bu ömrün bəhrələri – yüzə yaxın övlad və nəvə-nəticə, öz bacı-qardaşları və onların uşaqları yanındaydı. Onlardan həmişə gördüyü məhəbbətin böyüklüyünü bir daha hiss edirdi, dal gündən elə bir rahatsızlığı yox idi. İndi əsas məsələ axirətə hazırlıqdı, o dünyayla ləyaqətli görüşdü. Onunla keçirdiyim günlərin hətta ən ağırının da yadımda olduğunu, mənim üçün əziz xatirəyə döndüyünü də ehtiyatla, dolayı yollarla bildirmək istəyirdim. Başqa vaxtlarda belə yumşaq, kişinin ürəyini üzən, qolunu boşaldan söhbətləri yaxın qoymazdı. Bizim münasibətlərimiz sərt, sentimentallıqdan uzaq, amma dərin bir istəyə söykənir. Buna görə də qalıb-qalıb belə vəziyyətdə illərlə etiraf etmədiyim duyğuları açıqlamaq, kövrək xatirələrə qayıtmaq, sarı sim üstə köklənmək düzgün anlaşılmaz, birdən-birə belə yuxalmağın nədənini kişi əlüstü hiss edər, yüngüllük gətirməkdənsə, onun üçün əlavə suallar doğururam. Bunu bilə-bilə hərdənbir zarafatla köhnə günlərin bəzi hadisələrini xatırladıram. Atamın yarıyumulu gözləri açılır. Baxışları sanki çox-çox uzaqlara dikilir. Sonra elə bil üzü tutqunlaşır və sakit-sakit münasibətini bildirir: Daha onların nəyini xatırlayırsan. Olub keçdi... Bəli, olub keçdi... Böyük bir ailəni saxlamaq üçün gecə-gündüz çalışan iri əllər ağ üzlü yorğanın üstünə düşüb. Qollar arıqlayıb. Bir vaxtlar mənə dünyanı qucarcasına enli görünən sinəsinin sümükləri çıxıb. Təkcə günəşdə yanmış dərisi yenə də cavan adamın dərisi kimi sağlam, təmiz və parlaqdır. Saqqalı son günlərdə daha da ağarıb, uzanıb, sifətinin arıqlığını sezilməz edib. Nəsilliklə saqqalları çənədən qırmızı rəngə çalır. Bir vaxtlar sataşırdım: “Qağa, sizin hamınızın saqqalı peyğəmbər saqqalına bənzəyir". Sonra bu qızılı xətt ağarır və bu ağlıq tədricən bütün saqqalını bürüyür. Səliqə ilə daranan cod tüklər o qədər “diridir” ki, bu bədənlə birgə torpağa tapşırılacağına inanmaq olmur. Kip sıxılan dodaqlarında qəribə bir uşaq təbəssümü var. Üzün ayrı cizgilərini, yumulu gözlərin qırışlarını nəzərə almasan, bu dodaqların sahibini dünyanın hər işindən razı bir adam sayarsan. Atamın bütün dözümü, mərdliyi, ölümlə əlbəyaxa anlarının dəyanəti dodaqlarında əks olunub...”
Kitabı oxuduqca həm müəllifin qələminin səmimiyyətinə və həm də ata-oğul məhəbbətinin saflığına heyran qalıram. Axı, bu hislər çoxumuza tanışdır, doğmadır...
Yeri gəlmişkən, çoxdandır Sabir Rüstəmxanlıdan xəbər yoxdur. Görəsən, gələn il səksən yaşını qeyd edəcək xalq şairi necədir? Allah ömrünü uzun, canını sağlam, əhvalını xoş eləsin!..
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
Sənə prava verənin... - BİR XATİRƏ YAZISI
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Piyada keçidləri həssas yerimizdir. Sanki bütün şürücülər öz aralarında gizli söyüş qoyub, sırf piyada keçidinə çatanda qaza minirlər. Hələ də bəzi sürücülərə çatmır ki, piyada keçidi maşını zorla saxlamaq üçün yox, ona yaxınlaşmamış sürəti azaltmaq, ehtiyatlı olmaq, yol vermək üçündür. Adam təəccüb edir. Bəlkə də bunlara piyada keçidi “sərbəst sürüş zolağı” kimi öyrədilib. Gəmiyə minib gəmiçi ilə dava eləməyə bənzəyir bu hal. Yadıma bununla bağlı bir xatirə düşdü.
Gözümüzü açıb onu kəndimizə sarı avtobusda sürücü işlədiyini görmüşdük. Zarafatından qalmaz, kəndin bütün camaatı ilə kef-əhval edərdi. Yasəmən xalanın əri Qafar əmini, Əbilinin itini, Əlişin xoruzunu, Müslümün quşunu soruşar, hamının hər şeyinə yaranmağa çalışardı. Elə bil, kəndin canlı “yeriyən yaxşılığ”ı idi. Əlləri daim telefonun xatırladıcısı kimi qeydlərlə dolu idi. Çox zaman kənd camaatı, əsas da yaşlı nəsil, ona evinə bazarlıq etsin deyə pul və siyahı verərdi, o da maraqlanıb, soraqlaşıb ən ucuz qiymətə alıb gətirərdi. Vallah, and içərəm ki, üstündə bir qəpik də qazanc güdməzdi.
Biz böyüdükcə sarı avtobusu rafla, rafı isə taksi ilə əvəzlədi. Mənimlə bərabər universitetə hazırlaşan kasıb uşaqları bir qəpiksiz aparır, “sizin duanız lazım deyil, siz universitetə qəbul olun, mənim ən böyük mükafatım odur” deyirdi. Elə oxuma-yazması olmasa da, yaxşılıq üçün dünyaya gəldiyi danılmaz idi. Bəlkə də məqsədi bu dünyaya sonuncu dəfə gəlib, geriyə qalan bədənindəki günahkar ruhunu arındırmaq idi.
Əlləri daim mazut içində olan Musa əmi bəlkə də ömründə bir tikə çörəyi ailəsi ilə süfrə arxasında yeməmişdi. Gecənin o başında saat üçdə yola çıxar, axşam yeddidə ağır-ağır yellənərək evinə qayıdar, sabahkı gün üçün maşının çatışmayan tələbatlarını ödəyərdi. Rəhmətlik bəlkə elə o əllərlə də yemək yeyir, yatır, səhəri yenidən yoluna davam edirdi. Maşınında mütləq kolbasa, pomidor, çörək və su olardı. Elə hey “sən mənim ölmüşüm, bir tikə yeyin” deyib loxmasını adamın gözünə soxardı.
Kənddən şəhərə gedəcəyimiz gecələr sübhədək yatmaz, şəhərin yolunu gözlərdik. Xəyalımızda min dəfə soyunub-geyinər, yola hazır olduğumuzu dəfələrlə nəzərimizdən keçirərdik. Əlimizdə səsgücləndirici mikrafon və yaxud kəndin hər bir sakinin nömrəsi olsa, zəng edib hamıya xəbər verəcək qədər məsum idik.
Səhər sübhdən oyanıb o məşhur sarı avtobusun gəlişini gözləyirdik. Elə ki, uzaqdan səsini eşidirdik, sevincdən çığırtımız düşürdü küçəyə. Musa əmi əli ilə işarə edərək deyirdi: “A bala, aralı durun, maşının altında qalarsız.” Elə ki, avtobusa mindik, olurduq dünyanın ən xoşbəxt adamları. Sanki avtobus yox, Disneyland idi.
Musa əmi sükan arxasında bir başqa aləm idi. Başını pəncərədən çıxararaq qarşıdan gələn və yaxud onu ötən şoferi yüksək səslə söyərək deyirdi: “Sənə prava verənin...” Bəli, bəli eynən bu cür deyirdi. Sonra da başını arxaya çevirərək bütün sərnişinlərdən təsdiq istəyir, biz də gülməkdən qırılırdıq. Avtobusun ən arxa oturacağında hoppanıb düşürdük. Musa dayıya da bu mənzərə ləzzət edir, avtobusu daha da böyük çuxura salaraq bizim qəhqəhəmizi bir az da gurlaşdırırdı.
Bunlara baxmayaraq, bir dəfə də olsun yol hərəkəti qaydalarını pozduğunu, nə də ona cərimə yazıldığını görmədik. Müsbət xasiyyətlərini insanların yolunda süpürgə edən bu adam, günlərin bir günü hamının dərdini ürəyinə yığıb bu dünyadan köç etdi. Bəlkə də yaxşılıqları elə “axır dünyəvi qazanc” kimi yığırmış. İndi inanıram ki, istədiyi dünyada ağrılardan uzaq, bütün etdiyi yaxşılıqların bəhrəsini sürür.
Əslində söhbətdən yayındıq bir az. Az öncə işdən çıxıb bilmədiyim ünvana addım-addım gedərkən bir yaşlı, axsaq, ortayaşlı xanım da mənimlə birgə piyada keçidinin üstündə durub, hərəkət edə-edə yol alırdıq ki, maşınlar ac yalquzaq kimi üstümüzə şığıdı. O an qadının dilindən sivişib çıxan sözlər isə mənim bütün uşaqlıq yaddaşımı diriltdi: “Sənə prava verənin...”
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
Davud Nəsib yaradıçılığının qoşa qanadı: poeziya və proza
\
Ötən gün görkəmli şair Davud Nəsibin anadan olmasının 83-cü ildönümü qeyd edildi. Əlbəttə ki, bu əalmətdar tarixlə bağlı portalımızda da şairin yaradıcılığı barədə yazı yayımlandı. Bu gün isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Dilarə Adilgilin “Davud Nəsib yaradıçılığının qoşa qanadı: poeziya və proza” məqaləsini diqqətinizə çatdırırıq.
Şair, yazıçı, publisist, tərcüməçi, ictimai xadim Davud Məcid oğlu Nəsibov 1942-ci ildə Qazaxda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (hazırkı BDU) daxil olmuş, daha sonra bir çox ədəbiyyat adamları kimi təhsilini Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdindəki İkiillik ali ədəbiyyat kursunda davam etdirmişdir. Bakıya qayıtdıqdan sonra, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında işə başlamış, poeziya şöbəsinin müdiri olmuş və ömrünün sonuna qədər burada çalışmışdır. 1978-80-ci illərdə Macarıstanda yaradıcılıq ezamiyyətində olmuşdur. Dövrünün nüfuzlu təltiflərinə – Azərbaycan və Ümumittifaq Lenin komsomolu mükafatlarına layiq görülmüşdür. Baxmayaraq ki, deyirdi: “Şübhəsiz, şairi tanıdan və sevdirən fəxri adlar və mükafatlar deyildir, üzərində düşünüb-daşındığı mövzu, poetik sözünün vətəndaşlıq ləyaqəti və kəsəridir”.
Əhatə olunduğu ədəbi mühit, Moskva məktəbi və Macarıstan səfəri – hər biri ayrı-ayrılıqda D.Nəsibin gələcək inkişafında, dünyagörüşündə, yaradıcılığında mühüm rol oynamışdır.
Bu – D.Nəsibin epitetlərdən uzaq, yığcam ensiklopedik bioqrafiyasıdır. Yaradıcı bioqrafiyası isə 1956-cı ildən başlayır. Rayonun “Qalibiyyət bayrağı” qəzetində “Mənim doğma çayım – mənim Kür çayım” şeiri dərc olunanda 14 yaşı var idi və gələcək şöhrətindən də xəbərsiz idi. O vaxtdan ömrünün sonuna qədər (50 ilə yaxın) fəal ədəbi fəaliyyətlə məşğul olan D.Nəsib “Gözüm səni axtarır” adlı ilk kitabından sonra müntəzəm çap olunmağa başlayır. “Dağlar danışaydı”, “Məhəbbət yolları”, “Ürək sözsüz danışır”, “Əsrin laylası”, “Azərbaycan bayatısı” və b. kitabları işıq üzü görür. Hər yeni kitabı ilə də, özünü bir daha, başqa rakursdan, başqa perspektivdən, bir başqa cür təsdiq edir. Bu kitablarda toplanan şeir və poemaları ilə də “şeirimizdə vətəndaşlıq hüququ qazanır”.
Davud Nəsib 14 kitabın müəllifidir. Bundan başqa, Moskvada, “Sovetski pisatel” nəşriyyatında “Anama məktublar”, “Ocaq daşları”, “Müsahibə” adlı şeir kitabları çap edilmişdir. Zamanının sevilən şairlərindən, “qəlb həmdəm”lərindən olan D.Nəsibin Azərbaycan ədəbiyyatının “qızıl əsr”ində özünəməxsus yeri, öz çəkisi vardır.
D.Nəsib şeirimizə bir ata arxetipi gətirib. Ata obrazı bizim ədəbiyyatda ana qədər “baş rolda“ olmasa da, Əli Kərim, B.Vahabzadə, Zəlimxan, R.Rövşən ata adına layiq qiymətli şeir nümunələri yaratmışdılar. D.Nəsibin ata mövzusunun isə başlanğıcı və sonu yoxdur, həm əvvəl, həm axırdır, yaradıcılığının bütün mərhələlərindən aparıcı xətt kimi keçir. Akademik Nizami Cəfərovun dediyi kimi, poeziyamızın ata tematikasında yazılmış ən emosional, zəngin mündəricəli, səviyyəli şeirləri məhz onun adı ilə bağlıdır. Hər kəsə doğma və əziz olan ata adının arxasında şairin uşaqlıq zədəsi, həyatının dramı dayanır. O, müharibə nəslinin uşağı olub. Demoqrafik kaqortaya görə onlara “səssiz nəsil” də deyirlər. Yetkinlik çağı müharibədən sonrakı dövrə düşən D.Nəsib müharibənin ağrı-acısını həmişə özü ilə daşıyıb. O illər yaddaşında “qış, qaranlıq gecə” kimi qalıb, elə assosiosiya yaradıb. Poeziyamıza ata obrazını gətirən D.Nəsibin özünü də poeziyaya gözünü açandan yanında görmədiyi, daim ehtiyac duyduğu ata həsrəti gətirib, atası cəbhədə ikən dünyaya gəlib. Bu mövzu onun yaradıcılığının epiqrafı ola bilər.
Bu dərddən Davud xəstə,
Mən ölsəm qəbrim üstə
Salın yada laylamı:
Çalın ata laylamı.
Nisgili elə dərin olub ki, xəyalındakı ata obrazı sanki ona “ruhani bələdçi”lik edib, “əlindən tutaraq, Davuddan Davud Nəsibə yüksəldib”. Hətta, beşikdə yatan oğlunu da atasının əvəzi görür, “qınamayın, ay ellər, ata yırğalayıram, ata böyüdürəm mən” deyə onunla təskinlik tapmaq istəyir. O bu mövzuda “tək” deyil. Meksika yazıçısı Xuan Rulfonun “Mənim atam” hekayəsi “ədəbiyyat tarixinin ən kədərli mətnlərindən” biri adlandırılır. Axtarsaq, elə klassik Rus ədəbiyyatında neçə “tanınmış“ ata obrazı taparıq. Ən müxtəlif. Puşkindən, Qoqoldan tutmuş, A.Qrinin məşhur “Al yelkənlər” povest-feeriyasına qədər. D.Nəsib “vətən müharibəsi” dediyimiz, ataların gedib-qayıtmadığı ll cahan müharibəsinə yas tutarkən, (şairin atası Mozdok uğrunda gedən döyüşlərdə həlak olub, 3 əmisi, 4 əmisi oğlu müharibədən qayıtmayıb) müstəqillikdə özümüzün məruz qaldığımız, zorla cəlb edildiyimiz öz Vətən müharibəmiz başımızın üstünü kəsdirdi. Ata həsrətli şeirləri “qaçqınçılıqla, köçkünçülüklə səsləşməyə” başladı, öz “oğullarımız vətənləşdi”. D.Nəsib poeziyamızdan qırmızı xətt kimi keçən ana mövzusuna bir ata xətti də əlavə etdi. Hər bir normal insan uşaqlığından böyüklük həyatına müqəddəs iki obraz aparır: Ata və Ana. Onun arxetipik motivlərindən ikincisi ana obrazıdır. D.Nəsibin “Ana”sı həzin, kədərli, nisgillidi... “Ata paltosu”nda bu iki obraz birləşir:
Anam üç qardaşı çağırıb deyir: artıq böyümüsüz – hamı halıdır,
Paltoya, kim geysə gövdəylə deyil, ata qeyrətiylə sığışmalıdır.
40 illik ədəbi fəaliyyətinin böyük əksəriyyəti sovet dönəmində keçsə də, onun yüksək fəxri mükafatlarını alsa da, yaradıcılığı ilə sovetin yox, öz ideologiyasına xidmət etmişdi. Onun zərif ruhlu, incə duyğulu poeziyasının idealı insan idi. İnsan mənəviyyatı, onun problemləri, kainatda rolu, təbiətlə bağlılığı – bütün bunlar D.Nəsib poeziyasının özəyi idi. D.Nəsibdə çoxlu lirik ithaflar var. O.Sarıvəlli və onun həyat yoldaşı Sayalı xanıma, Hüseyn Arifə, S.Bəhlulzadənin xatirəsinə, və s. Özünün də dediyi kimi, poeziyasının aparıcı mövzusu isə ata-ana, nənə-baba, bacı-qardaş, doğmalar, övladlar, soy-kök idi. Yaradıcı insan gördüyünü, bildiyini, yaşadığını yazanda daha səmimi, daha real alınır. O, “Azərbaycan poeziyasında həm də, yurd, vətən sevgisinin uğurlu poetik ifadəçisidir“. (Könül) Onun üçün vətən ana, ana da vətən idi. Macarıstanda olanda yazırdı:
Qürbətdə olanlar vətəndən demiş,
Qürbətdə köksündə vətən döyünür,
Vətən gör nə qədər yaxında imiş,
Vətən uzaqlardan yaxın görünür.
Yurd-yuva onun üçün elə müqəddəs, həm də, geniş anlayış idi ki, təsadüfən yuvasını dağıtdığı quşun fikrindən, daha orada qala bilmədiyi üçün yaşadığı bağı satmalı olur... Davud Nəsib bu qənaətdə idi ki, yazıçı hissiyyatının süzgəcindən keçirdiyini yazmalıdır. Bir şey duyub, başqa bir şey yazmaq əlbəttə ki, əsl ədəbiyyat ola bilməzdi. Yazıçı qələmə aldığı mövzunu ideya, sənət səviyyəsinə qaldırmağı bacarırdı. Həssas insan, şair olduğundan ətrafında baş verənlərə emosional yanaşır, zərrədə böyüklük görür, sevdiyini ideallaşdırırdı. Bu mövzular ən müxtəlif ola bilirdi; avtobioqrafik, od-ocaq, insan həyatı və münasibətləri, təlim-tərbiyə, o tay, dünyanın təzadları, təbiətin gücü... Mənfur qonşularımızın torpaq təcavüzünü “şeytan oyunu” adlandırırdı: “Bizim maddi-mədəniyyət abidələrimiz, zəngin tariximiz üstündə qurublar ermənilər “dənizdən dənizə” uydurmalarını”. Dünyanın ədalətsizcəsinə, saymazyana “konflikt” adlandırdığı bu qeyri-bərabər, vəhşi müharibə onun yaradıcılığına da təsirini göstərmiş, romantik bir şair olan D.Nəsib bu umumi prosesə qoşularaq, daha çox vətənpərvərlik ruhunda məqalələr yazmağa başlamışdı.
Bir də o, “lap uşaqlıqdan yolları və qatarları sevirdi”. “Yollar” qurtaranda “Cığır”a düşürdü. Dünya ədəbiyyatının ayrılmaz parçası olan qatar onun poeziya pəncərəsindən motiv və məkan kimi təkrar-təkrar keçir. Kitabının bir fəsli də “Ümid qatarı” adlanır.
Bir uşağın intizardan köksü yaralı,
Gedib-gələn qatarları bir-bir sayırdı.
Qatar keçir gecəyarı, kənddən aralı –
“Sən tələsmə, o, gələcək”– pıçıldayırdı.
D.Nəsibdə yol simvoldu, qatar mistika, vaqon ümid yüklü, rels arası cərgə-cərgə, dilim-dilim... Həm də taledi. Uzaqdan sürətlə üstünə şığıyan iki qırmızı göz. Uzun bir yola çıxan şairin ömrü elə yolda da dayanır.
Tərcümələrinin içindən də vaqon keçir, qatar səsi eşidilir, stansiya görünür.
D.Nəsib bir məhəbbət şairidir. Trubadurlardan tutmuş günümüzə qədər hər şairin saya alıb baş köşəyə qoyduğu məhəbbət lirikası ondan da yan keçməmişdi. O, sevgiyə başqa kateqoriyadan yanaşırdı. Şəxsiyə çox keçmirdi. Sevgi şeirlərinə də şəxsi həyat kimi təmkinlə, mühafizəkarlıqla yanaşırdı. Onun sevgisinin qammaları başqa idi. D.Nəsibin məhəbbət lirikasına bir “dərin-düşündürücü ovqat” hakim idi: “Yer üzündə kədər varmı məhəbbət qədər?!” Şairə görə, şeir istənilən halda Allahdan gəlirdi, Allahın özünün istədiyi vaxt gəlirdi. Onun üçün yalnız “ürək, sevgi, insanlıq və gözəllik vardı”. (Mina Rəşid) Şeirlərində eşq təbiətə qarışır, “məhəbbət, sədaqət hacalanmayır”, heyranlıq önə çəkilirdi. Hər şeir poeziya sayılmır. Əsl poeziya məzmun və məna vəhdəti, dil gözəlliyindən əlavə, bir də çatdırmaq bacarığıdır. D.Nəsibdə duyum da, deyim də, eyni dərəcədə güclü idi.
O, həm də, təbiət şairi idi. D.Nəsibin təbiət təsvirləri spesifikdir, sanki canlıdır; üfüqləri xəyala dalır, səhərləri göz qırpır, dağları göz-gözdür... Qış dişini ağardır, yellənən yarpaq elə bil oğluna əl edir... Onun poeziyasında bütün “ümidsiz” romantiklərin sevimli mövsümünə də yer var. “Son payız”, “Payızın rəngi”, “Payız addımı”... kimi şeirlərinə sonbaharın duyğuları, rəngləri, izləri hopub. Həm sondur, həm bahar. Şair “qışda yazı, yazda yayı arzulasa da, tək payızda başqa fəsil xatırlamırdı”. Onun payızı da elə kədəri kimidi. Hüzün vermir, “sevinc verir, duyğu verir təbiətin payız qəmi”, gələcəyə ümid verir.
Fəsillər dörd ömür, yoxsa dörd tanış?
Gödəkdir elə bil payızın ömrü –
Bu başdan yay kəsir, o başdan da qış.
Beləcə, çarx fırlanır, hər payız özü ilə yeni köç yolu gətirir. Bu dağ köç yolu isə dolana-dolana şair qəlbindən keçir...
Payız peyzajı, onun epitetləri, metoforik obraz onun şeirlərində qol-qanad açır...
Güneylər soyuyub quzeyə döndü.
Düzüldü qatara durna şərqisi.
Dəli dağ çayları quzuya döndü.
Açıldı dağlarda payız sərgisi.
Bir dəfə yazmışdım. Hər kəsin ömründən bir tut ağacı keçir. D.Nəsibin “Tut ağacı”nı isə 90-larda qaz-işıq olmayanda kəsib yandırmışdılar.
D.Nəsibdə bir müraciət, xitab var. Bu çağırış konkret adama da aid ola bilər, abstrakt bir məfhuma da, təbiətə də, İlahiyə də. Ümumi bir yalvarış da, hayqırtı da ola bilər. “Qayıdın, atalar”, “Mənə sübut eylə, məni inandır”, “Hanı o köç yolu? Olmayıb demə!” kimi istək, tələb də. Bu, şeirin mənasını açmaqla, həm də, emosional ovqat verir.
D.Nəsib düşüncə şairi idi. Bu düşüncə bəzən dərin fəlsəfi də ola bilirdi. Dünyanın öz-özü ilə əbədi davasından, qovğasından nigaran idi. Şair bu düşüncələrini ümumiləşdirilmiş obrazlar, ritm, bədii təsir vasitələri ilə ifadə edirdi.
O, əqidə, amal şairi idi. Müharibə başlayandan daim cəbhə bölgələrinə can atır, yardım aparırdı, əsgərlərlə görüşür, onlara şeirləri ilə ruh verirdi. Sanki bununla qəlbi bir az aram olur, ürəyini soyudurdı. Müharibənin qızğın vaxtında ona ayrılan 3 otaqlı mənzildən qaçqınların xeyrinə imtina etmişdi. Oğlu əsgər gedəndə sevinmişdi. Onun haqqında deyilmiş “nə yazıbsa, elə bil and içirmiş kimi yazıb” sözləri əməlin sözü doğrultmasının bir nümunəsidir. Necə ki, “tövbə etməyən vaizlik edə bilməz”.
S.Vurğun ədəbi məktəbinin davamçısı kimi şeirlərinin dili sadə, xalq dilinə yaxın idi. Onun “poetik ifasında” hər element, hər söz məna ifadə edir, müəllif fikrini dəqiq çatdırmağa yönəlirdi. Əks təqdirdə, belə yaddaqalan uşaq şeirləri yaza bilməzdi. Lakin şairin leksikasında dialekt sözlərə, “müasir dövrlərdə işlənməyən, arxaikləşən sözlərə də vaxtaşırı rast gəlmək olur”. Bu da, dili qorumağın, qoruyub zənginləşdirməyin, nəsildən nəslə ötürməyin əsas yoludur.
D.Nəsib yaddaşlarda və könüllərdə sevilən mahnıların müəllifi kimi də qalıb. Onun sözlərinə yazılmış mahnıları Xalq artistləri Flora Kərimova, Baba Mahmud oğlu, Əminə Yusif qızı (şeirlərin ifası), Nürəddin Mehdixanlı, Davud Əhmədov, Mübariz Tağıyev, İslam Rzayev və b. ifa etmişlər. Bəstəkar mahnılarından əlavə, onun şeirləri bu gün də aşıqların, muğam ustalarının dilindədir.
D.Nəsib poemalar müəllifi kimi də məşhurdur. Poema “ən qədim və ən müasir” (Rafiq Yusifoğlu) janr olmaqla, həm də çətin yazılır. Epik, lirik, ya da, ikisi birində ola bilir. Şairin poemalarında da, şeirlərində olduğu kimi bir kameralıq, yığcamlıq müşahidə olunur. “Müharibə mənim taleyimdir” deyən D.Nəsib poemalarında da mövzusuna xilaf çıxmır. Qara xəbərdən, “Əsgər oğlu”ndan, əsgər yadigarından, “Oğlumun nağıllar”ından yazır. Atalar ölməsin, deyir. Müharibə gülləsi uşaqların oyuncaqlarını yerə salmasın... Nağıl-nağıl, ağıl-ağıl böyüsünlər... Onun poemaları epik lövhələrlə zəngindir. D.Nəsibin ən təsirli poemalarından biri... bəlkə də, birincisi “Rekviyem”dir. Rekviyemə xas lirik başlanğıc, matəm messası süjetin üst qatıdır, getdikcə nastolji bir nağıla keçir. Poema ölümdən çox yaddaş üzərində qurulub, D.Nəsibə xas tərcümeyi-hal, şəcərə xarakterlidir. Ailəyə, bacı-qardaşa bağlı olan şair böyük bacısının itkisini faciə kimi yaşayır, oxucunu da buna inandırır. Müəllif zaman paralelləri aparır, xəyalən keçmişə gedib qayıdır. Bütün bunları obrazlı şəkildə, səmimiyyətlə edir: “O günlər necə gözəl, o günlər bir nağıldı; O günlər əl eləyib qucağına çağırdı”.
“Hacıkərim Sanılının “Aran köçü” poemasını xatırladan “Göyqurşağı” etnoqrafik poeması milli yaddaşımızı özündə daşıyan xalça sənətinə həsr olunub”. (Yadigar Əsgərova) 1975-76-cı illərdə şair “Yatmış şəhərin əfsanəsi”ni yazır. Bu poema D.Nəsib üçün tarixə bir keçhakeç, tramplin olur. Artıq itib batmaqda olan tarixi abidələrimiz, onlarda gizlədilən tariximiz ona dinclik vermirdi. Gələcək fəlakətlərimizi də hiss etmiş kimidir, “poeziya yalnız zahiri əlamətlərin, hadisələrin təsviri deyil”, ola biləcəklərdən də xəbər verir.
1991-ci ildə D.Nəsib “Karvan gedir”i yazır. Bu, şairin ən böyük poeması olub, M.P.Vaqifin müasiri Dərviş Mahmud haqqındadır. Poemanın qəhrəmanı – şairin özünün də başlanğıcda ipucu verdiyi kimi sıradan olmayan bir ömür yaşamış, dövrünün tanınmış fikir adamlarından, şairlərindən olmuşdur. Poema maraqlı üslubda yazılmış, Dərviş Mahmudun əlimizdə olan az saylı şeirləri ilə süslənmişdir. Sonra işğalın ağır illəri başlayır, şair sarsıntısını, el-oba dərdini içində çəkir, içində yaşayır, oxucularından uzaq düşür. Amma qələm-kağızdan da aralanmır, sadəcə, poeziyanı pauzaya qoyur, “tarixə uzun səyahətə çıxır”. Nədən ki, əsl “şair həmişə xalqın görən gözü, vuran nəbzi, döyünən ürəyi” (Qəzənfər Paşayev) olmuşdur. Zəmanəsinin şairi olsa da, qədim tariximizlə hələ 80-ci illərdən dərindən maraqlanırdı. Mingəçevir “dənizi” onu hey özünə çəkir, elə hey sahilinə qayıdırdı. Bu həyəcan illər sonra “Cavanşir”in Son Sözündə sözünü deyəcək: “Sularda qərq elədik daş dilli naxışları, izləri Mingəçevirdə”. Alban tarixinin adı belə çəkilməyən dövrdə İrəvandakı alban məbədlərini, qədim qəbiristanlıqları gəzən, öyrənən D.Nəsib şüuraltı addım-addım “Cavanşir”ə doğru gedirdi. Məqamı gəlincə, yaradıcılığında zaman adlaması edir. 9 il “yay ilə yaylayıb, qışla qışlayan”dan sonra oxucularının görüşünə əli, qucağı dolu gəlir. “Cavanşir” romanı ilə. Bu müddət ərzində bütün alban tarixi mənbələrini araşdırmış, Vll əsrdə yaşayıb 40 il hakimiyyətdə olan sərkərdə Cavanşir haqqında layiqli tarixi roman ortaya qoymuşdu. Roman böyük alban hökmdarı Cavanşirin qəhrəmanlıqla zəngin, keşməkeşli, fatal sonluqla bitən həyat və döyüş yolundan bəhs edir. Mövzu onu elə zəbt etmişdi, “tarixi qəhrəmanlarımızı gündəmə gətirmək” arzusu elə güclü idi ki, uzaq tarixi keçmişimizdən qopa bilmirdi. Cavanşir kimi şəxsiyyət başqa xalqların tarixində çox azdır, – deyirdi. “Cavanşir”in ardınca, “Cavanşirsiz məmləkət” romanını yazıb çap etdirir. Akademik Nizami Cəfərov haqlı olaraq, bu tarixi romanları ona dövrün, zamanın yazdırdığını deyirdi. Vaxtında və uzaqgörənliklə yazılmış bu romanlar düşmənlərimizin alban məbədlərinin erməniləşdirilməsinə, alban katolikosluğunun erməni katalikosluğuna tabe etdirilməsi cəhdinə böyük zərbə idi. Əlbəttə ki, bunun da arxasınca torpaq iddiaları gəlirdi. O, “xalq qəhrəmanı Cavanşir haqqında elə maraqla danışırdı, sanki onunla bir zamanda yaşamış, qəhrəmanlıqlarının şahidi olmuşdu. İçində bir Cavanşir obrazı yaratmışdı”. (R.Göyüşov) Romanın məsləhətçisi akademik B.Budaqov “Davud Nəsib Cavanşirin vurğunu idi”, – deyirdi. Təbii ki, bu belə də olmalı idi. Yoxsa ki, nə belə möhtəşəm əsər yarada bilərdi, nə də belə mükəmməl obraz. Yazıçı tarixi faktlarla, dəlil-sübutlarla Xosrov Pərvizin hakimiyyətində bir neçə erməni ailəsinin Qafqaza məqsədli şəkildə, xəbərçilik üçün köçürüldüyündən bəhs edir. Və nəticədə, sərkərdə Cavanşirin aradan götürülməsində erməni variantından istifadə olunur. Erməni fitvası ilə Qafqaz Albaniyasının mərkəzi Bərdədə misli görünməyən soyqırım törədilmişmişdi və bu qırğın romanda öz bədii əksini tapmışdı. “D.Nəsib elə bu romanları yazmaqla özünü Azərbaycan ədəbiyyatı tarixinə yazmış oldu”. Yazıçı bu mövzuya həm də, özünə ideal hesab etdiyi M. Hüseynin “Odlu qılınc”, ”Cavanşir” əsərlərindən bəhrələnərək müraciət etmişdi. Ömrünün sonlarında qələmə aldığı bu romanlar sübut etdi ki, “onun nasir kimliyi şair kimliyindən heç də geri qalmayıb”. Başqa sözlə, şair kimi tanınması onun nasirliyini ədəbiyyatın əyalətinə ata bilmədi. Hələ zamanında qiymətini alan, zamanımızda daha da aktual olan bu iki roman ayrıca tədqiqatın mövzusudur. Romanın Son sözündə əlimizdən çıxanları yana-yana sadalayanda, unutqanlığımızı, başısovuqluğumuzu xatırladanda bir yazıçı öyüdü də edir : “Torpağının, xalqının danışıq dilini sandıq-sandıq daşıdılar vaxtilə... Eramızın əvvəllərindən indiyə kimi yadellilər poza-poza, başqa yerlərə yoza-yoza dəyişdiriblər xalqımızın qanıyla cümlə-cümlə yazılan tarixini. İtirdiklərimizi indən belə dişimizlə-dırnağımızla, sürünə-sürünə düzəldib yerinə qoymalıyıq”, – deyir. Romanı yazarkən Kəlbəcərdəki alban məbədlərinə əlinin çatmadığından yanıb yaxılırdı. Fəlakətlərimizin səbəbini götür-qoy edəndə də obyektivliyini itirmir, ağacın bir ucunu da öz çiynimizə endirir, tarix boyu qənim kəsildik özümüzə – deyir... Əgər D.Nəsib yaradıcılığını obrazlı olaraq bir məmləkət xəyal etsək, onun mərkəzi heç şübhəsiz “Cavanşirsiz məmləkət”dir. Ömür vəfa etsəydi, “Cavanşir” trilogiya olacaqdı, ingilis dilində çap olunacaqdı. Amma nə yazıq ki, olacaq var, olmayacaq var. Yaradıcılığının yekunu olan bu romanlar həm hesabat, həm də, sanki bir sənətkar vəsiyyətidir, “yalnız bu yurdu, bu xalqı canından artıq istəyənlərə aiddir”. Nekrasov deyirdi ki, şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan. O da ola ki, həm şair, həm vətəndaş olasan, “vətəndə vətən, millət yanında millət” (N.Həsənzadə) olasan.
Roman zamanında öz qiymətini almış, mütəxəssislər, oxucular tərəfindən yüksək dəyərləndirilmişdi.
Nəriman Həsənzadə: Cavanşiri oyatdı,
özü əbədi yatdı.
“Cavanşir”ləri ona zaman yazdırsa da, bu əsərlər İsa Hüseynovun təbiri ilə desək, “faktlarla, ixtiralarla“ zəngin olsa da, D.Nəsib ilk növbədə şair idi, anadan şair doğulmuşdu. (Elə gedişi də şairanə oldu. An məsələsi). “Şeirsiz həyatda quru nəfəsəm” deyən şairin “içi şeirlə qaynayırdı”. Lakin dövrün tələbi, vətəndaşlıq vəzifəsi ilə şeirdən uzaq düşmüş, “ikiləşmişdi”.
Vidadi Babanlı: “D.Nəsib Qavqaz Albaniya tarixini 60-cı illərdın sonra araşdırmağa başlamışdır. Vətən pərvərlik ruhu yüksək olduğuna görə Cavanşir əsəri uğurla ərsiyə gəldi”.
Professor Qiyasəddin Qeybullayev: D.Nəsib Cavanşir romanında bu böyük tarixi şəxsiyyətin bədii obrazını canlandıra bilmişdir. Müasir dövrdə ermənilərin azərbaycanlara qarışı haqsiz torpaq tələbinin kökləri də həmin tarixi hadisənin gedişi ilə bağlıdır. Müəllif Qafqaz Albaniyasının şairi Qoca Davbək və episkop Bakurun tariximiz üçün əvəzsiz xidmətlərini qeyd etmişdir.
Rus yazarı Anatoliy İvanovun 1984-cü ildə D.Nəsibin Qafqaz Albaniyasının araşdırdığı materilarına görə söylədikləri:
Дорогой Давуд,
как хорошо ты выразил своё ведение
придёт тот день и созреет плод из всех корней:
ни что никогда не забывается.
В историю ты сделаешь свой вклад
начем будет расти
великодушный патриотический Азербайджанский народ.
D.Nəsib tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Moskva mühiti nəşr, tərcümə sahəsində də münbit olmuş, şair rus, SSRİ xalqları ədəbiyyatından tərcümələr etmişdir. Ən yaxşı tərcümələrini isə macar poeziyasının ən gözəl nümunələrindən etmişdi. Özünə və şeirə son dərəcə məsuliyyət və həssaslıqla yanaşan D.Nəsib “yalnız orijinal bədii sözün qarşısında təslim olurdu”. (İ.Umudlu)
Keçən əsrin 70-80-ci illərində Macarıstanda yaradıcılıq ezamiyyətində olan D.Nəsibi XX əsrin görkəmli liriklərindən biri M.Rodnoti yaxından maraqlandırmışdı. Azadlıq mücahidləri F.Q.Lorka, Musa Cəlil, P.Lumumba, Çe Gevara ilə bir sırada dayanan Rodnotinin yaradıcılığı, yaradıcılığından heç də az təsirli olmayan həyatı, yaşadıqları diqqətini çəkmiş, onunla bağlı araşdırmalar aparmış, tanıyanları ilə görüşmüşdür. Bu ezamiyyət məhsuldar olmuş, D.Nəsib Rodnotinin şeirlər və ekloqalardan ibarət “Yaralı ağrılar” kitabını dilimizə tərcümə edib nəşr etdirmişdi. Ata həsrəti D.Nəsibin tərcümələrində də özünü biruzə verir və eyni həyəcanla oxunurdu. Tərcümə obyekti də təsadüfi deyildi. Rodnoti də, şairin atası kimi qısa ömür yaşayıb, elə atasının yaşında, onun kimi ll Dünya müharibəsində həlak olmuşdu.
“İnsan nə qədər sevirsə, o qədər yaşayır və insan nə qədər sevilirsə, həm də o qədərdi ömrü”. D.Nəsibin nümunəsində bu fikir birbaşa və məcazi məna daşıyır. “Davud” sevimli deməkdir. Doğrudan da, bir insan nə qədər sevilərmiş? Yaradıcılığı ilə, həmkarları arasında, dostları içərisində, Onun yaradıcılığına yüksək qiymət verən, poeziyalarının oxşar cəhətlərindən söz açan Xalq şairi Vaqif Səmədoğlu D.Nəsibin mənəvi saflığını, paklığını da dönə-dönə vurğulayır, fiziki yoxluğunun yerində acı bir qəribçiliyin qaldığını da təəssüflə qeyd edirdi. O elə insanlardan idi ki, varlığı ilə cəmiyyətin əyər-əskiyini düzəldirdi, onu parlaq, canlı edirdi, boşluğu doldururdu. Doğrudan da, D.Nəsib xoşbəxt sənətkarlardandır.
2013-cü ildə hər biri 600 səhifədən artıq olan ikicildlik “Ata laylası” adlı şeir və poemalarından ibarət kitabı çap olunmuşdur. Bu, onun xatirəsinə bir ehtiram, həm də, möhtəşəm abidədir.
2019-cu ildə İstanbulda “Cavanşir” romanının təqdimatı keçirilmişdir. Şairin 80 illik yubileyi AYB-ın təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində anılmışdır.
Deyirlər, yaxşılar, gözəllər, qəhrəmanlar, istedadlar (bir sözlə, çoxluqdan seçilənlər – D.A.) dünyadan tez köçürlər. “Bəlkə əbədi və əzəli torpaq bununla özünü daha yaraşıqlı, daha qüdrətli“ (akademik T.Bünyadov D.Nəsib haqqında) etmək, göstərmək istəyir? Amansız əcəl onu istedadının, yaradıcılığının kamilləşən dövründə həyatdan, qələmdən, sevdiklərindən ayırdı. “Əsl Davud Nəsibi bundan sonra tanıyacaqsınız” deyirmiş. Lakin... sən saydığını say. Həmin gün çox pis hava varmış. Yağış, külək, dənizdə tufan... Belə havada böyüklər “yəqin dənizdə adam batıb” deyərdilər. Amma həmin gün faciə dənizdə yox, quruda baş vermişdi. “Amma onun içindəki “qəza” daha əvvəl baş vermişdi”. (B.Qaraca) “Keşməkeşli həyatımızın burulğanlı durumları ona rahatlıq vermirdi”. (Q.Paşayev)
Belə bir şair vardı... Anasının adı İnsan, özü ata nakamı, milli kimliyin daşıyıcısı, elsevər, “xalq arasında sevilən, yaradıcı ziyalılar arasında seçilən”, tək özü üçün yox, həm də başqaları üçün yaşayan, hamıya çatan, hamı üçün əlçatan... Torpağın şəninə sağlıq deyən, onu “ayağının altında yox, ürəyində hiss edən” D.Nəsibi elə torpaq da hərisliklə apardı. D.Nəsibi aparan avtomobil qəzasını törədənin qaçqın olduğunu öyrənən ailəsi onu bağışlamağa qərar verdi.
Bu gün Azərbaycan poeziyasının “nəsib simalarından” olan Davud Nəsibin söz ömrü “şeirlərinin sətirləri arasında yaşayır”. (M.Arazın“sənətdə son mənzil olmur” təbiri burada necə yerinə düşür).
Həm də, insanlığının, şəxsiyyətinin, vətəndaşlığının məcmusunda.
Yaddaşlarda da elə qalır.
Özü kimi.
Davud Nəsib olaraq...
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
“Qərbi Azərbaycan musiqi irsinin izi ilə” layihəsi davam edir
“İz – Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan musiqi irsinin izi ilə” adlı layihənin icrası uğurla davam edir.
İctimai Birliyin anallitik informasiya bölümündən redaksiyamıza daxil olan xəbərə görə layihənin əsas məqsədi Qərbi Azərbaycan musiqi irsinin unudulmaq və itirilmək təhlükəsinin qarşısını almaq, zəngin musiqi nümunələrini toplayaraq gələcək nəsillərə ötürməkdir. Bu məqsədlə toplanan materialların yazıya alınması və nota salınması aparılır.
Layihə rəhbəri Fəridə Mirişovanın sözlərinə görə, görülən işlər çərçivəsində Gəncə şəhərinə ezam olunaraq Göyçə mahalından olan ustad aşıqlar – Aşıq Fətullah Göyçəli və Aşıq Saleh Tağıyev ilə görüşlər keçirilib:
“Bu görüşlərin əsas məqsədi Qərb aşıq mühitinə məxsus olan ‘Çoban Məhəmməd və Səlvi Xuraman’ dastanını onların ifasında yazıya almaq və nota köçürmək idi. Bununla yanaşı, ustad aşıqlardan bölgənin zəngin aşıq irsinə aid başqa nümunələr də qeydə alındı. Artıq dastanların yazıya alınması başa çatıb, nota köçürülməsi isə davam edir.
Topladığımız materiallar yazılı, audio və video formatlarda arxivləşdirilir. Yaxın zamanda toplanmış materiallar kitab olaraq işıq üzü görəcək.” – deyə layihə rəhbəri bildirib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunmuşdur. Qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunmuşdur. Və şübhəsiz ki, Azərbaycan muğamı gününün məhz 26 avqusta təyin edilməsi Azərbaycan muğanının yorulmaz təbliğatçısı olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu gün doğum günü olması ilə əlaqəlidir.
Muğam Azərbaycanın qədim musiqisi olub, 1975-ci ildə YUNESKO tərəfindən “Musiqi mənbələri” seriyasına daxil edilmişdir. Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yüzillik lərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynamışdır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə, dünyada ilk dəfə olaraq, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsi xüsusi olaraq qeyd edilməlidir. Festival çərçivəsində keçirilən Respublika Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak etmişlər.
Son illərdə “Qarabağ xanəndələri” albomu buraxılmış, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilmişdir. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanmışdır. Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti məkanına daxil olmağa başlamışdır. 1971-ci ildə YUNESKO 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” plastinkasını da daxil etmişdir. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində də səslənmişdir. Bütün bunlarla yanaşı muğamlarımız təkcə Yer kürəsi sakinlərini deyil, həm də göy cisimlərini özünə cəlb etmişdir. ABŞ Milli Kosmik Agentliyi (NASA) Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini 1977-ci ildə peyklə kosmosa göndərmişdir. Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin daim diqqətini cəlb etmişdir.
Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. YUNESKO-nun qərarı ilə muğamın dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir. Bu gün Azərbaycan muğam sənətinin nüfuzlu simaları dünya miqyasında Azərbaycan muğam sənətini təbliğ edərək bu sənəti nadir əsər tək tamaşaçılara çatdırırlar. Demək olar ki, bu gün Azərbaycan muğamı dünyanı fəth edib. Bu sənətin qocaman, yaşlı, gənc sənətkarları hər zaman öyrənir, öz üzərlərində çalışır və Azərbaycan muğamını çoxsaylı tamaşaçılara təqdim edirlər.
Belə bir sənət növü ilə hər bir azərbaycanlı qürurlanmaqda haqlıdır!
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
Gənclər Kitabxanasında Fikrət Qocanın 90 illik yubileyi çərçivəsində növbəti material istifadəçilərə təqdim edilib
Ötəngün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın anadan olmasının 90 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Fikrət Qoca – sönən deyil bu ocaq” adlı virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, materialda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Xalq şairi Fikrət Qocanın müxtəlif orden və medallar ilə təltif edilməsi, yubiley tədbirlərinin keçirilməsinə dair imzaladıqları rəsmi sənədlərin mətni ilə yanaşı, Xalq şairi Rəsul Rzanın, Xalq yazıçısı Anarın, akademik Nizami Cəfərovun şair haqqında söylədikləri dəyərli fikirlər də yer alır. Virtual kitab sərgisində Fikrət Qocanın müəllifi olduğu əsərləri və onun haqqında qələmə alınan nəşrlərin, məqalələrin tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Xalq şairi Fikrət Qocanın zəngin bədii irsindən, yaradıcılıq yolundan bəhs edən “Bu dünyadan bir Fikrət Qoca keçdi”, “Gözəl şair, kamil ziyalı”, “Şeirləri sevgidən yaranan şair”, “Azərbaycan poeziyasının Fikrət Qoca dünyası”, “Fikrət Qoca gecəsi” kimi məqalələrin tam mətni sərgilənir.
“Fikrət Qoca – Sönən deyil bu ocaq” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
Gənclər Kitabxanasının sosial şəbəkə hesablarında https://www.ryl.az/our-activity/fikret-qoca-90 mütəmadi olaraq Fikrət Qocanın yaradıcılıq nümunələrindən ibarət paylaşımlar, məlumat xarakterli qısa tanıtım çarxları da istifadəçilərə təqdim edilir.
Bundan əlavə kitabxananın rəsmi saytında yaradılan “Fikrət Qoca - 90” adlı elektron resurslar bazasına yeni materialların əlavə edilməsi işi davam edir. Xatırladaq ki, bazada internet məkanında görkəmli şair haqqında dərc edilən materiallar toplanır.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Uşaqlıqdan onu Bəxtiyar kimi – “7 oğul istərəm” filminin qəhrəmanı kimi hər birimiz sevmişik, yaşa dolduqca onun digər filmlərini də maraqla izləmiş, harda onu görmüşüksə, Həsən Məmmədov oynayır, əla kino lacaq demişik.
Bəli, Azərbaycan SSR xalq artisti Həsən Məmmədov, unudulmaz aktyor. Bu gün onun anım günüdür, sevə-sevə xatırlayır, Allahdan rəhmət diləyirik.
Həsən Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulub. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. Amma marağı kinoya, teatra olduğundan burada çox duruş gətirə bilməyib. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.
Sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunub, 1962-ci ildə oranı bitirib. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda işləyib. 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. O, elə həmin ildən kinoda da fəaliyyət göstərib. 50-dən çox filmdə çəkilib.
İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. O, 1989-cu il 17 mayda dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il 21 noyabrdan ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.
Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Artıq ürəyində bağışlayır oğlunu. Onun nə üçün inad etdiyini, ata sözündən nə üçün çıxdığını anlayır.
Üçüncü kursda oxuyanda Həbib İsmayılov Həsəni “Böyük dayaq” filminin sınaq çəkilişlərinə dəvət edir. Həmin vaxt “Qaraş” rolunun sınaq çəkilişinə güləş üzrə dünya çempionu Sadıq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşündü ki, məşhurun oğlunu qoyub, yəqin ki, onu filmə çəkməyəcəklər. Tətildə çıxıb gedir Salyana. Bədii Şura sınaq çəkilişlərində “Qaraş” obrazına kimi çəkəcəyi barədə tərəddüd edir. Bu zaman Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədurə Əfqanlı deyir ki, Həsən elə əsl “Qaraş”dır, o çəkilsin. Bundan sonra qərar verilir. Salyana teleqram vururlar ki, tez gəl, səni filmə təsdiqləyiblər.
Lətifə xanım (həyat yoldaşı) bir hadisəni də xatırlayır: "Arif Babayev "Birisi gün, gecə yarısı" filmini çəkirdi. Çəkilişlər axşam aparılırdı. Bir gün gecə saat 11-də qapı döyüldü. Açanda gördüm filmin ikinci rejissoru gəlib. Əlində də kabab və çörək. Məndən xahiş etdi ki, bəlkə, evdə sulu xörək olar. Demə, bütün restoranları gəzmişdilər, amma heç yerdə tapa bilməmişdilər. Mən gətirib bir qazan duru xörək verdim. Çörəklə kababı da götürmədim. Geri qaytardım ki, özləri çəkilişdə yeyərlər. Sonra bilmişdim ki, Həsən yemək yeyəndə nəsə ona tanış gəlib və deyib: "Ay bala, bu yemək mənə tanış gəlir". Arif Babayev də ondan soruşur ki: "Hə, xörək necəydi, xoşuna gəldi?" Həsən də cavab verir: "Hə, yaxşı idi. Amma bilmirəm, nədənsə bizim xörəyə oxşayır". Arif Babayev də gülərək "elə sizin evin xörəyidir", - deyib.
Yaxın dostu kino adamı Şeyx Əbdül Mahmudov deyib: “Sovet məkanında onun kimi ikinci aktyor V. Tixonov hesab olunub. Bir onu soruşurdu ki, filmi hansı planda çəkirsən? Qalanını özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən. “Kapriz” deyilən bir şey onda yox idi. Çəkilişi qurtarırdı, meydançadan getmirdi ki, birdən rejissorun ağlına nə isə gələr, lazım olaram, bir də niyə arxamca maşın göndərib axtarsın məni? İşə gəlmişəm, çəkilişim qurtarsa da, çəkiliş boyu burda olmalıyam. Onun qədər ikinci əxlaqlı aktyor yoxdur, içi mən qarışıq. Zarafatımız vardı, bir dəfə qastrolda gördüm ki, ətrafda nə qədər qadın, qız var, hamısı bunun əsiridir, bunun heç eyninə deyil. Eyham vurdum ki, adə, hərəkət elə, mənə elə acığı tutdu ki, olmayan kimi”.
Filmoqrafiya
1. Böyük dayaq
2. Möcüzələr adası
3. Zirvə
4. Arşın mal alan
5. Yenilməz batalyon
6. İstintaq davam edir
7. İnsan məskən salır
8. Bir cənub şəhərində
9. Dəli Kür
10. Sevil
11. Yeddi oğul istərəm...
12. Axırıncı aşırım
13. Qızıl qaz
14. Gün keçdi
15. Nəsimi
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Azərbaycan SSR Lenin komsomolu mükafatı
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Əmək igidliyinə görə" medalı
- SSRİ Dövlət mükafatı
- Şöhrət ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkib. Ürəyindən ağır əməliyyat keçirib. 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Nə qədər ki, Qızıl Fondumuzda olan o filmlər var, Həsən Məmmədov da olacaq.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
Milli Birliyin təzahürü – BU GÜN LAÇIN ŞƏHƏR GÜNÜDÜR
Mövlan Məmmədov,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
“Ədəbiyyat və incəsənət” portalı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Mövlan Məmmədovun “Milli Birliyin təzahürü” adlı məqaləsini təqdim edir.
Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri zəngin və rəngarəngdir. Bu dəyərlərin özünəməxsus şəkildə yaşadıldığı, tarixi hadisələrlə yadda qalan Laçın xalqımızın mənəvi yaddaşında xüsusi yerə malikdir.
Laçın rayonu Azərbaycanın cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Tarixi mənbələrə görə, Laçın ərazisi qədim dövrlərdən bəri insan məskənidir. Burada çoxsaylı arxeoloji tapıntılar, tarixi abidələr, qalalar və digər memarlıq nümunələri mövcuddur ki, bu da onun zəngin tarixini sübut edir. Laçın Azərbaycanın strateji əhəmiyyətli bölgələrindən biridir. Bu şəhər hər zaman həm iqtisadi, həm də hərbi nöqteyi-nəzərdən önəmli olmuşdur. Laçın həmçinin zəngin təbii sərvətləri, meşələri, dağları və təmiz havası ilə fərqlənir. Laçın əhalisi əsrlər boyu Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qoruyub saxlamış, özünəməxsus mədəniyyət və adət-ənənələri ilə seçilmişdir. Burada yaşayan insanlar musiqi, rəqs, xalq yaradıcılığı və sənətkarlıq sahəsində böyük zənginliyə malikdirlər. Laçın folkloru Azərbaycan folklorunun ayrılmaz hissəsi olub, burada ifa olunan mahnılar, dastanlar, nağıllar və rəqslər ölkəmizin mədəni xəzinəsini daha da zənginləşdirir. Tarixi abidələr – qalalar, məscidlər, türbələr – Laçının mədəni irsinin qorunmasında və gələcək nəsillərə ötürülməsində böyük rol oynayır. Bu abidələr həm də Laçının çoxəsrlik tarixini, xalqımızın iradəsini və sənətkarlığını əks etdirir.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qaldı. Bu, Azərbaycan tarixində ən faciəli və ağır günlərdən biri oldu. Laçınlılar öz doğma torpaqlarından qovuldu, minlərlə insan məcburi köçkün vəziyyətinə düşdü. İşğal dövründə Laçın şəhəri və ətraf kəndlərdə infrastruktur məhv edildi, tarixi və mədəniyyət abidələri dağıdıldı, insanların həyatı əzablı və ağır şəraitdə keçdi. Məcburi köçkünlər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdı. Onlar üçün yeni evlər tikildi, sosial dəstək göstərildi, amma heç bir şey doğma yurdun həsrətini tam əvəz edə bilməzdi. Həmin illər Azərbaycan xalqının qəlbində Laçına olan sevgini və həsrəti daha da artırdı.
2020-ci ilin payızında Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində böyük qələbələr qazandı. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu hadisə Azərbaycan xalqı üçün tarixi qələbə, milli birliyin və ədalətin bərpası oldu. Laçın şəhərinin azad olunması ilə Azərbaycan üçün böyük bir həsrət sona çatdı və yeni ümidlər doğdu. Laçın şəhəri günü məhz bu əziz torpaqların azad edilməsinin, xalqımızın böyük qələbəsinin qeyd olunduğu xüsusi bir gündür.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Laçın şəhəri günü bütün Azərbaycan xalqı üçün milli qürur, birlik və gələcəyə olan ümidlərin simvoludur. Bu gün xalqımız bir daha təsdiq edir ki, hər qarış torpaq, hər şəhər və kənd Azərbaycan dövlətinin əzəli və əbədi hissəsidir. Laçın şəhəri günü hər il müxtəlif tədbirlərlə, anma mərasimləri və bayram tədbirləri ilə qeyd olunur. Həmin gün ölkəmizin bütün bölgələrində Laçınla bağlı silsilə tədbirlər təşkil edilir. Dövlət rəsmiləri, hərbi veteranlar, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri bu günün əhəmiyyətini vurğulayır, Laçının azad olunmasının milli həmrəyliyin təcəssümü olduğunu bildirirlər. Laçın şəhərinin bərpasına böyük diqqət yetirilir. Şəhərin infrastrukturunun yenidən qurulması, yolların çəkilməsi, sosial obyektlərin – məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzlərinin – tikilməsi sürətlə davam edir. Bu prosesdə həm dövlət investisiyaları, həm də xarici dəstək proqramları rol oynayır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Eyni zamanda kənd təsərrüfatı, turizm, sənaye kimi sahələrə investisiyalar yatırılır. Laçının təbii gözəllikləri, tarix və mədəniyyət abidələri turizm potensialını artırır. Məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtması üçün xüsusi proqramlar hazırlanıb və həyata keçirilir. Bu, həm sosial, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Laçın Azərbaycanın milli-mənəvi ruhunun, vətənpərvərlik duyğularının mərkəzlərindən biridir. Burada yaşayan insanlar Azərbaycanlı olmaqla fəxr edir, tarixlərini, mədəniyyətlərini və ənənələrini qoruyur və inkişaf etdirir.
Laçın şəhəri günü yalnız bir şəhərin azadlıq və bərpa gününü deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, vətənpərvərlik duyğusunun və həmrəyliyinin təcəssümüdür. Laçının azadlığı ilə bağlı bu əlamətdar gün bizə göstərir ki, ədalət zəfər çalır, haqq öz yerini tapır.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
MEHRİBAN ƏLİYEVA - Nüfuzlu dövlət xadimi, humanist insan
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” üçün
Hər kəs doğulduğu torpağın, mənsub olduğu millətin, məmləkətin boy aldığı soyun bir parçasıdır. Azərbaycan Respublikasının I vitse prezidenti, Birinci xanımı Mehriban Əliyeva məğrurluğu, müdrikliyi, məhəbbət, mərhəmət, nəcibliklə dolu qəlbi, insansevərliyi ilə tarixdə iz qoyan qüdrətli xatunlarındandır.
Tanrı Mehriban xanım Əliyevanın qismətinə üç müqəddəs soyun işığından pay verib. O, iki böyük müəllim və alimin, yazıçı Mir Cəlal Paşayevin və jurnalist-pedaqoq Nəsir İmanquliyevin ocağında dünyaya gəlib. Atası AMEA-nın həqiqi üzvü Arif Paşayev fizika, texnika və kosmonavtika sahəsində qüdrətli alim olmaqla, Azərbaycanda ilk Milli Aviasiya Akademiyasının qurucusudur. Anası görkəmli alim, pedaqoq və ictimai xadim Aida xanım İmanquliyeva ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısıdır. O, AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olmuşdur.
Mehriban xanım Əliyeva bütün ömrünü Milli dövlətçilik tariximizin yenidən yazılmasına həsr edən, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev və insanlara ömrü boyu işıq paylayan Zərifə Əziz qızı Əliyevanın ocağının gəlinidir. Həyat yoldaşı Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Üç övlad anası, biri-birindən qiymətli doqquz nəvənin nənəsidir. Bütün bunlar onun alın yazısı, Tanrıdan tale payı olsa da, həyat yolunu və fəaliyyət dairəsini O, özü müəyyənləşdirib.
Ən böyük səadəti və mükafatı qazandığı xalq məhəbbəti, insan sevgisidir
Qloballaşan dünyaya, ümumbəşəri dəyərlərə töhfələrinə görə O, Azərbaycanın və dünyanın bir sıra mükafatlarına layiq görülüb. Bu mükafatlar onun ictimai-siyasi fəaliyyətinə və Birinci xanım kimi xidmətlərinə görə verilib. Yüzilliyin mesenatları Beynəlxalq Xeyriyyə Fondunun Yaqut Xaç ordeni və "Qızıl Ürək" beynəlxalq mükafatları ilə təltif olunan xoşməramlı səfir kimi Şərq və Qərb ölkələrində şöhrət qazanan Mehriban xanım Əliyevanın ən böyük səadəti və mükafatı ictimai-siyasi xadim kimi qazandığı xalq məhəbbəti, insan sevgisidir.
Sivilizasiyaları dialoqa, bəşəriyyəti birliyə, dostluğa çağıran, Şərqlə Qərbi İpək yoluna səsləyən Mehriban xanım Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci ildə 23 saylı orta məktəbi qızıl medalla bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1983-cü ildə Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Heydər Əliyevin oğlu İlham Əliyevlə ailə həyatı qurduqdan sonra təhsilini Moskvada M.Seçenov adına I Moskva Tibb İnstitutunda davam etdirib. 1988-ci ildə oranı fərqlənmə diplomu ilə başa vuraraq 1988-1992-ci illərdə Moskvada Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda oftalmoloq kimi çalışıb.
1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, 1996-cı ildə Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən "Azərbaycan-İrs" jurnalının təməlini qoyub. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sonrakı illərdə isə sədr müavini seçilib. Mehriban xanım Əliyeva ona göstərilən etimada hər zaman böyük hörmət və məsuliyyətlə yanaşdığından qısa zaman kəsiyində bütün sahələrdə çox böyük uğurlar və nailiyyətlər əldə edib. Azərbaycan tarixinin, mədəniyyətinin təbliğində mühüm vasitələrdən sayılan “Azərbaycan-İrs” jurnalının kitab seriyasından olan layihələri müxtəlif dillərdə ayrı-ayrı ölkələrdə təqdim edilib. Onun rəhbərliyi ilə gerçəkləşən Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları, Beynəlxalq konfrans, simpozium və forumlar, muğam müsabiqələri ölkəmizin nüfuzuna nüfuz qatır.
Elmi humanizmin əsasını qoydu
2004-cü ildə şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə UNESKO-nun və çoxşaxəli, genişmiqyaslı fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə və islam aləmində gördüyü işlərə görə isə 2006-cı ildə İSESKO-nun xoşməramlı Səfiri adına layiq görülən Mehriban xanım Əliyeva 2005-ci ildə 14 saylı Əzizbəyov seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2005-ci ildə müdafiə etdiyi "Eftanaziya və təbabətdə humanizm probleminə həsr olunan namizədlik dissertasiyası ilə elmi humanizmin əsasını qoymuşdur. Azərbaycanın Birinci xanımının dövlət və xalq qarşısında ən böyük xidməti 2004-cü ildə təsis etdiyi Heydər Əliyev Fondu ilə bağlıdır. Onun rəhbərlik etdiyi bu Fond dünyaşöhrətli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və onun yaratdığı milli dövlətçilik ideyalarının, Azərbaycançılıq məfkurəsinin yeni nəsillərə çatdırılması və inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlər göstərir. Mehriban xanım Əliyeva eyni zamanda Azərbaycan-Amerika və Azərbaycan-İngiltərə parlamentlərarası dostluq qrupunun rəhbəri kimi mühüm xidmətlər göstərmiş, nəaliyyətlər əldə etmişdir. "Muğam" jurnalının təsisçisi kimi şöhrət qazanan ölkənin I vitse prezidenti “Muğam” portalını və Muğam Mərkəzinin qurucusu kimi tarix yaradıb. Bu gün Azərbaycanın Birinci xanımı vətənində olduğu kimi, Şərqdə və Qərbdə, inkişaf etmiş Avropa ölkələrində, ABŞ-da, Türk dünyasında ehtiramla qəbul edilir və sevilir. UNESKO-nun 41, İSESKO-nun 51 Xoşməramlı səfirindən biri kimi ilklərə imza atan Mehriban xanım Əliyeva müxtəlif ölkələrin ayrı-ayrı mətbuatında beynəlxalq aləmdə humanist fəaliyyətinə görə M.Rastrapoviç, K.Kardinal, L.Məryəm, V. Adamkus, Tereza Ana kimi insanlarla müqayisə edilir. Dinindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs ümid çırağı kimi onun nəcibliyinə və xeyirxahlığına pənah gətirir.
"Təhsilə dəstək" layihəsi sərhədləri aşdı
Ölkənin I vitse prezidenti, Azərbaycanın Birinci xanımı "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələri ilə yüzlərlə orta məktəb binasının təməlinin qoyulmasına və bərpasına nail olub. Onlar müasir-texniki avadanlıqlarla, kompüterlərlə, idman qurğuları ilə təchiz edilib. Belə möhtəşəm layihələr hətta ən ucqar dağ kəndlərində, çadır şəhərciklərində, indi isə artıq işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilir. Məhz Mehriban xanım Əliyevanın xidmətləri sayəsində Qax, Zaqatala və Balakən bölgələrində yaşayan gürcü dilli inqiloylar üçün "Təhsilə dəstək proqramı çərçivəsində tikilən yeni məktəblər tədris ləvazimatları və dərsliklərlə təmin olunub. Bakıda yəhudi uşaqları üçün Xabad-Or-Avner təhsil mərkəzinin təməli qoyulub. Uşaq evləri və internat məktəbləri Birinci xanımın qayğısı, mərhəmət hissi ilə yeniləşən Azərbaycanın bir parçasına çevrilib. Bir vaxtlar İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşudbanu Natəvan Qarabağın Üzeyir bəy Hacıbəyli kimi istedadlı gənclərini Qurani-Kərimin altından keçirərək Qori Müəllimlər Seminariyasına oxumağa göndərirdi. Sonralar bu müqəddəs ənənə Azərbaycanın qüdrətli maarifpərvərlərinin - XX əsrin əvvəllərində neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin, Şamaxı əsilzadələri - Mahmud Ağanın və onun oğlu Hacı İbrahimxəlil Ağanın, Naxçıvanlı mesenat Mirzə Nəsrulla bəy Əmirovun, Cümhuriyyət illərində Cümhuriyyət qurucularının, ötən əsrin 70-ci İllərində isə Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Heydər Əliyevin dövlət idarəçilik təliminin əsas prioritetlərindən birinə çevrildi.
Müqəddəs əməlləri amalına çevirən, millətin nicatını elm-ürfanda görən Mehriban xanım Əliyeva vətəndə həyata keçirdiyi genişmiqyaslı layihələrlə kifayətlənmir. Onun "Təhsilə dəstək" layihəsi sərhədləri aşır, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız unudulmur. Gürcüstanda tarixi dədə-baba torpaqlarında Tiflis-Borçalı məktəbləri bərpa olunur, anadilli dərsliklərlə təmin edilir. Eyni siyasət Moskvada, MDB və Avropa dövlətlərində də həyata keçirilir. 30 illik işğal dövründə Dağlıq Qarabağ münaqişəsinin dəhşətlərini yaşayan, bir milyondan çox həmvətəninin, qaçqın və məcburi köçkünün haqq səsinə dönən Mehriban xanım müharibənin və təbii fəlakətin acılarını yaşayan Pakistanda Qız Məktəbinin təməlini qoymaqla Hacı Zeynalabdin Tağıyevin ötən əsrin əvvəlində Pakistanda tüğyan edən xəstəliklərin qarşısını almaq məqsədi ilə verdiyi mənəvi dəstəyi təkrarladı. I Qarabağ savaşında eyni cəsarətli və ləyaqətli addımı Bənazid Bühuddo atmış, Milli Ordumuzun fonduna 2 milyon ABŞ dolları məbləğində yardımda bulunmuşdur. Həm Hacı Zeynalabdin Tağıyevin, həm də, xanım Əliyevanın Pakistan xalqına və dövlətinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən Pakistan xalqı və dövləti baş nazir İmran Xanın simasında 44 günlük Vətən Müharibəsində birliyin, bütövlüyün rəmzinə döndü. Şuşa qalasında üç əzəmətli Bayraq dalğalandı: Azərbaycanın, Türkiyənin və Pakistanın özgürlük rəmzi olan Bayraq!
Muğamın xilaskarı, mədəniyyətin himayədarı
Azərbaycan Mədəniyyət Fondunun və Heydər Əliyev Fondunun xətti ilə sənəti və mədəniyyəti himayə edən Mehriban xanım Əliyeva müasir Azərbaycandan əski çağlara cığır açmış oldu. Azərbaycanın tarixi abidələri, muğamları dünyanın maddi-mədəni inciləri sırasına yazıldı. Bununla yanaşı Mehriban xanımın iradəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və UNESKO-nun keçmiş baş katibi, Azərbaycan mədəniyyətinin dostu Koişiro Matsuuranın xeyir-duası ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməli qoyuldu. Muğamın inkişafı və təbliği istiqamətində atılan bu möhtəşəm addım "Azərbaycan muğamları" layihəsi ilə müşayiət olundu. Layihə çərçivəsində işıq üzü görən "Qarabağ xanəndələri" albomu ilə ölməz muğam ifaçıları yenidən dünyaya təqdim edildi. Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Bülbül kimi və bu gün muğam dünyamızı zinətləndirən Şərqin bənzərsiz muğam ifaçıları Qarabağ həqiqətini muğamın dili, səsin sehri ilə dünyaya bir daha təqdim etdi. "Muğam - Dəsgah" layihəsi çərçivəsində muğam dəsgahları birbaşa konsertlərdən lentə yazıldı. Mehriban xanım "Muğam Ensiklopediyası" layihəsinin də gerçəkləşdirilməsinə, onun elektron variantının hazırlanmasına nail oldu. "Muğam portalı"nın yaradılması, "Muğam İnternet" layihəsinin, muğamla bağlı beynəlxalq konfransların, festivalların, simpoziumların həyata keçirilməsini nəzərdə tutan "Muğam dünyası" layihəsi Mehriban xanımın Azərbaycana, eyni zamanda sənətşünaslığa və musiqişünaslığa bəxş etdiyi ən müqəddəs töhfələrdir.
XII-XVI yüzillərdə dəyərli sənət əsərləri və risalələri yaradan Səfiyəddin Ürməvi və Fətullah Şirvani kimi qüdrətli sənətşünasların kitablarının "Muğam Antalogiyası layihəsi çərçivəsində işıq üzü görməsi Azərbaycan muğamlarının himayədarının nüfuzunu təkcə vətənində deyil, dünyada artırdı. Gənc istedadlara, muğam ifaçılarına daim diqqətlə yanaşan Azərbaycanın Birinci xanımı müxtəlif muğam müsabiqələrini dəstəkləməklə onların dostuna çevrildi
Azərbaycan qadınının gerçək obrazını bəşəriyyətə təqdim etdi
Tarixin müxtəlif dönəmlərində qüdrətli şəxsiyyətlər, sərkərdə-xaqanlar yetirən Azərbaycan qadını ən ağır döyüşlərdə ərinə, oğluna arxa olmuş, onunla çiyin-çiyinə dayanmışdır. Bu gün Azərbaycan qadınının haqq səsinə dönən Mehriban xanım dünyaya sülhün, barışın, qardaşlığın gözü ilə baxır. Qloballaşan dünyanı tolerantlığa, dünyəvi dəyərlərə, insan haqlarına sayğıya çağırmaqla, Azərbaycan qadınının əsl obrazını bəşəriyyətə tanıdır. Bu səbəbdən də dünyanın məşhur elmi mərkəzləri, media və kommunikasiya vasitələri tərəfindən aparılan elmi araşdırmalar nəticəsində Azərbaycanın I vitse prezidenti dünyanın siyasi və mənəvi mənzərəsinə təsir edən dövlət xadimləri, birinci xanımlar və mesenatlarla müqayisə olunur.
Şərqin, Türk dünyasının və Azərbaycanın ən qüdrətli şəxsiyyətləri, sərkərdə xaqanları, pirlərə, övliyalara, Tanrı evlərinə, üləmalara ehtiram göstərib. Saraylarında fikir və düşüncə sahiblərini himayə etdikləri kimi, onların şərəfinə türbələr, məqbərələr ucaldılıb. Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində bir çox abidələrin və dini məbədlərin bərpa olunması da məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Əfşar, Qacar hökmdarlarının, Osmanlı sultanlarının, Şirvan şahlarının dinlərin dialoquna göstərdiyi ehtiram hissi bu gün Mehriban xanım Əliyevanın əməli fəaliyyətində gerçəkliyə çevrilir. Raşidi xəlifəsi Ömərin Fələstin torpağına ayaq basarkən Süleyman Peyğəmbərin məşhur məbədinin xarabalığında namaz qılması, əmir Teymurun kilsələrə Tanrı evi kimi baxması yüz illər sonra Heydər Əliyevin dövlətçilik ideologiyasında yaşadı. Onun ideyalarının carçısı və davamçısı olan, məscidlər və minarələr ucaldan Mehriban xanım kilsələrə, sinaqoqlara da diqqət və qayğı ilə yanaşır. Babur şah sevimli xatunu Mümtaz Mahalın eşqinə Tac-Mahalı, Atabəy Məhəmməd Mömünə xatun, Əmir Teymur Bibixanım türbəsini ucaltdı. Unudulmaz ömür-gün yoldaşı Zərifə xanıma abidə ucaldan Heydər Əlirza oğlu Əliyev Cavid məqbərəsini, Şəhidlərin ruhuna "Şəhidlər" kompleksini qurdu. Azərbaycanın Birinci xanımı, ölkənin I vitse prezidenti bu müqəddəs ənənəni bu gün Azərbaycanın bütün guşələrində həyata keçirir. Onlarla türbələrin, məscidlərin təməli qoyulur. Azərbaycanın bütövlük və azadlıq rəmzi olan Cavad xanın məzarı üstə məqbərənin ucaldılması, Gəncənin maddi-mədəni incilərinin bərpa etdirilməsi, Gəncə Qalasının darvazasının yaddaşlara qaytarılması, Gəncənin 2500 illiyinin təntənə ilə qeyd edilməsi, Gəncə xanlığının bayrağının bərpa edilməsi, "Cavad xan" filminin yaradıcı heyətinə dəstəyin verilməsi Mehriban xanım Əliyevanın milli dövlətçilik tariximizin qızıl səhifələrinə yazılmış xidmətlərindəndir. Bu, həm də sinəsinə Sisianovun oğul və ər dağı çəkdiyi Bəyim xanımın ruhuna hörmətin əlamətidir (Onu da qeyd edək ki, bütün bu layihələr gerçəkləşərkən ikinci paytaxt şəhərimiz olan Gəncəyə nüfuzlu dövlət xadimi Eldar Əziz oğlu Əliyev rəhbərlik edirdi - Ş.C.).
Millətə hörmət, tarixə sədaqət hissi ilə
Azərbaycanın qüdrətli xatunları və görkəmli dövlət xadimləri qılınc və qələmin vəhdətində dövlət quran sərkərdə xaqanlara təkcə dayaq olmadılar, onlar həm də möhtəşəm ideyaların müəllifləri və memarları oldular. Dünyanın müqəddəs yerlərini ziyarətdə bulunan Mehriban xanım öz fəaliyyəti ilə həm də Böyük İpək yolu layihəsinə, milli dövlətçilik tariximizə, sivilizasiyaların dialoquna töhfələr verir. 1918-ci ildə Şərqin ilk Demokratik Cümhuriyyəti qurulanda onun etiraf olunması, özgürlüyünün tanınması üçün Əlimərdan bəy Topçubaşov kimi qüdrətli diplomatlar çətinliklərlə üzləşirdi. Erməni daşnaklarının, çar Rusiyasının, Azərbaycanı azad görmək istəməyən bəzi Avropa dövlətlərinin təzyiqinə baxmayaraq, 1919-cu ildə Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin iradəsi ilə Fransanın Versal sarayında Azərbaycanın bir dövlət kimi mövcudluğu təsdiq olundu. Versal sarayının və Əlimərdan bəy Topçubaşovun adı milli dövlətçilik tariximizə yazıldı. Üstündən yüz ildən artıq bir zaman kəsiyi ötəndən sonra Versal sarayının önündəki üç abidənin bərpasını məhz Heydər Əliyev Fondu öz üzərinə götürdü. Prezident İlham Əliyevin tapşırığı ilə Əlimərdan bəy Topçubaşovun Fransadakı məzarı üzərində onun abidəsi ucaldıldı. Mərasimdə Azərbaycanın Birinci xanımı da iştirak etdi. Mehriban xanım Əliyevanın dövlətə sədaqət, millətin keçmişinə hörmət hissi bununla bitmir, məhz onun diqtəsi, iradəsi ilə Gürcüstanda torpaq müqəddəsliyinə qovuşan Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Əhməd bəy Ağayev kimi maarifpərvərlərin, dövlət xadimlərinin məzarları bərpa edildi, qəbirüstü abidələri yaradıldı. Mirzə Cəlilin, Nəriman Nərimanovun Tiflisdəki ev-muzeyləri təmir edildi. Heydər Əliyev Fondunun Gürcüstan nümayəndəliyi fəaliyyətə başladı və eyni siyasət Rusiyada da həyata keçirildi. Moskvada təməli qoyulan Heydər Əliyev Fonduna Leyla İlham qızı Əliyevanın rəhbərlik etməsi isə Mehriban xanımın nəciblik və xeyirxahlıq dolu ideyalarının sərhədlərini daha da genişləndirdi. Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində görülən işlər, Arzu xanım Əliyevanın təsis etdiyi Bakı Media Mərkəzinin xətti ilə çəkilən sənədli filmlər, tarixi ədalətin bərpası və təbliği üçün mühüm məqam olmaqla yanaşı Mehriban xanımın ailə dəyərlərinə münasibətinin göstəricisidir.
Humanizmin ünvanı
Heydər Əliyev ənənələrini amalına, ictimai-siyasi fəaliyyətinin prioritetlərinə çevirən Mehriban xanımın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi Amnistiya Aktı minlərlə məhkumun üzünə zindanların qapısını açdı. Dövlətçilik tariximizi diqqətlə nəzərdən keçirdikcə biz bu müqəddəsliyi Möminə Xatun, Əleykə Könüldaş, Ağabəyim Ağa, I Şah İsmayıl Xətainin nəvəsi və I Şah Təhmasibin qızı Pərixan xanım kimi qüdrətli xatunların simasında görürük. Bütün ictimai-siyasi fəaliyyəti ilə milli dövlətçilik tariximizin altun səhifələrini yaradan, fəqət adları xaqan atalarının, qardaşlarının, ərlərinin fəaliyyətinin kölgəsində qalan bu xatunlara bu gün Mehriban xanım öz əməli ilə sanki yenidən nəfəs və ruh verdi. Mehriban xanım Əliyevanın cəmiyyətin inkişafı naminə gördüyü müqəddəs işlər Azərbaycan qadınının ictimai-siyasi fəallığını daha da artırır. Bütün bunlar eyni zamanda siyasi proseslərdə milli-mənəvi dəyərlərin, qadın qəlbinin hərarətinin daha çox nəzərə alınmasına və siyasi mühitdə təmiz, saf abı-havanın qorunmasına rəvac verir. Siyasətdə olsa da, siyasi adam olmayan, zamanı gələndə silahları kitabların, hərbçiləri alimlərin əvəz edəcəyinə inanan Mehriban xanım xalqın mənəvi zənginliyini onun ululuğu ilə bağladığından sənətin və mədəniyyətin himayədarına çevrilir. 2006-cı ildə Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Amerikaya səfəri zamanı Vaşinqton Tekstil Muzeyində Azərbaycanın maddi-mədəni incilərindən olan, lakin fars xalçası kimi təqdim edilən Şeyx Səfi xalısının Azərbaycan xalqı və onun dövlətçilik tarixi ilə bağlı olması barədə muzey əməkdaşına məlumat verən Mehriban xanım həqiqət carçısı, mənəviyyat elçisi kimi yaddaşlara yazıldı. Onun etiraz səsi əslində "Gülüstan və Türkmənçay" müqaviləsi ilə ikiyə parçalanan Azərbaycanın haqq səsi idi. Bu səs 500 ildən çox tarixi dövlətçilik ənənəsi olan Səfəvilər dövlətinin, Əfşarlar və Qacarlar imperiyasının, I Şah İsmayıl Xətainin, Nadir şah Əfşarın, Ağa Məhəmməd şah Qacarın səsi idi. Bu səs həm də Sankt-Peterburqa, Ermitaja və dünyanın bir çox muzeylərinə sürülən Şeyx Səfi kitabxanasının, Səfəvilər, Əfşarlar, Qacarlar sarayının gileyi, üsyanı idi.
Yeni minillikdə əski dəyərlərin hamisi, klassika ilə müasirliyin körpüsü
Bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsindən, Ermənistanın Qarabağı yerlə-yeksan etməsindən, maddi-mədəni incilərinin qəddarcasına dağıdılmasından, Ermənistan silahlı qüvvələrinin təcavüzündən danışan Azərbaycanın Birinci xanımı xoşməramlı səfir kimi bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırır. Bütün varlığı, ruhu və duyğuları ilə Azərbaycanın, Şərqin və türk dünyasının bir parçası olan Mehriban xanım bəşəri ideallara sədaqət hissi ilə dünya insanı, dünya vətəndaşıdır!
Dinlərə və sivilizasiyalararası dialoqa töhfələrinə, fikir və düşüncə azadlığına, insan şəxsiyyətinə, milli-mənəvi dəyərlərə ehtiramı ilə O, həm də yeni minillikdə əski dəyərlərin hamisi, klassika ilə müasirliyin körpüsüdür! Sivilizasiyalararası dialoqda gənclərin rolunu dəyərləndirən Mehriban xanım Əliyeva dünyanın müxtəlif bölgələrindən olan gənclərin iştirakı ilə Şərqlə Qərbin qovuşduğu Azərbaycanda beynəlxalq konfranslar təşkil edir, “Könüllülük hərakatı” ilə onların ümid, inam çırağına çevrilir.
Sonsuz qürur, iftixar hissi ilə qeyd etməliyik ki, bu gün milli dövlətçilik və müstəqillik tariximizin yeni və parlaq səhifəsinə ilk dəfə olaraq qızıl hərflərlə yazılmış Birinci Xanım İnstitutu da məhz Mehriban xanım Əliyevanın adı, imzası və onun sərhədlərə sığmayan xoşməramlı fəaliyyəti ilə bağlıdır.
Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır
Bütün ruhu, duyğuları ilə Azərbaycan olan xanım Mehriban Əliyeva üç qüdrətli fikir və düşüncə sahibinin, mesenatın, qələm və kəlam müqəddəsliyi ilə müjdələnən yazıçı, publisist, mütəfəkkir alim kimi şöhrətlənən ziyalının genetik kodlarından cücərdi. Əfşarlara, Qacarlara, Şirvan şahlarına bağlı olan babası Mahmud Ağanın Şamaxıda malikanəsində qurduğu Muğam Mərkəzinin – “Qızılı Salon”un səsi-sorağı Avropaya çatdı. Malikanəsində qonaq olan ata Aleksandr Düma “Qafqaza səyahət” əsərində Dərbənddən Tiflisə qədər gördüyü sarayların ən dəbdəbəlisinin ona məxsus olduğunu yazdı. Aleksandr Düma Muğam müsabiqələri təşkil edən bu qüdrətli mesenatın, sənət, mədəniyyət himayədarının münsiflər heyətini iki başqanına Cabbar Qaryağdıoğluna “Qızıldan qaval”, Sadıxcana “Qızıldan tar” bağışladığını, Seyid Əzim Şirvaninin rəhbərlik etdiyi “Beytüs-səfa” ədəbi məclisini malikanəsində himayə edən, Şamaxı ziyalılarını ziyarətə gələn Qarabağ xanlığının vərəsəsi Xurşudbanu Natəvanı “Qızılı işləməli fayton”la Şamaxıdan Şuşaya yola salan əsilzadənin fəaliyyətini sonsuz ehtiram hissi ilə təsvir etdi.
Tanrı Mehriban xanım Əliyevaya ana babası – Mahmud ağanın XIX əsrdə başladığı layihəni təntənəli şəkildə başa çatdırmaq üçün imkan verdi. Azərbaycan muğamları onun iradəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına yazıldı. Azərbaycanda Muğam Mərkəzinin təməli qoyuldu. Muğam sənəti dövlət himayəsinə alındı. Xurşudbanu Natəvanın abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə ucaldıldı. 30 illik işğaldan sonra Ağdamda – İmarət Qərvənddə dağıdılan türbəsi, qəbirüstü abidəsi bərpa edildi. Natəvanın abidəsi Üzeyir bəyin, Bülbülün abidəsi ilə birlikdə öz məkanına, məqamına – Şuşaya qaytarıldı. Azərbaycan Respublikasının I vitse prezidenti ata tərəfdən “Azərbaycan gec qızar, gec soyuyar” nidası ilə əfşarlardan və qacarlardan sonra Əbədi istiqlalın dastanını yazan Səttərxana, “Xürrəmilər doğuran bir millətin azadlıq istəyini boğmağa güc yetməz!” nidası ilə rejimin üstünə yeriyən Şeyx Məhəmməd Xiyabaniyə, Milli Firqənin qurucusu Seyid Cəfər Pişəvəriyə, “İtə ataram, yada satmaram!” hikməti ilə “Yusif – Züleyxanın” əzəmətini imperiyalara sübut edən, “Bir gəncin manifesti” əsəri ilə mənsub olduğu millətin “İstiqlal Manifesti”ni yaradan Mir Cəlala bağlıdır. Tanrı Azərbaycanın I vitse prezidentinin alnına təkcə Əbədi istiqlala qovuşan Azərbaycanın sarayında sultan olmaq deyil, həm də onun əzəmətini yaşamaq və yaşatmaq səadətini yazıb. Azərbaycan muğamları ilə yanaşı, Azərbaycan xalısı da, məhz onun iradəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil edilib. Bakıda, Xəzərin sahilində, babası Mir Cəlalın yaşadığı “Ziyalılar Binası”nın önündə Xalça Muzeyinin təməli qoyulub.
Ulu Öndər Heydər Əliyev sıradan bir dövlət xadimi deyildi. O, təhlükəsizlik orqanlarında ən kiçik rütbədən və vəzifədən ən alisinə yüksəlmişdi. Azərbaycanda kimin, daha doğrusu hansı yaradıcı insanın nə ilə nəfəs aldığını hər kəsdən, hamıdan yaxşı, daha yaxşı bilirdi. Şübhəsiz ki, o, sarayına sultanı, ölkəsinin Birinci xanımı, nəvələrinə ananı seçəndə övlad məhəbbəti ilə yanaşı, Mir Cəlal təmizliyini, Nəsir İmanquliyev əyilməzliyini də nəzərə almışdı. Zaman mənsub olduğu millətin, məmləkətin Haqq aşiqinə, Azadlıq carçısına, İstiqlal rəmzinə dönən Ulu Öndərin qərarının əzəmətini ölkəmizdə Avroviziya mahnı müsabiqəsi, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları təşkil olunanda 30 illik işğaldan, intizardan sonra təməlini qoyduğu “Xarı Bülbül” musiqi festivalının, “Vaqif poeziya günləri”nin, Molla Pənah Vaqifin dağıdılmış məqbərəsinin bərpasından sonrakı açılış mərasimlərində sübut etdi.
Xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu adında ucaltdığı Abidə ilə Ulu Öndərin Azərbaycançılıq məfkurəsinin tərcümanına çevrildi. Onun irsinin tədqiqi və təbliği istiqamətində mühüm layihələri gerçəkləşdirdi. “Mən İlham Əliyevə özüm qədər inanıram!” – deyən Ümummilli Lider Heydər Əliyevin varisinin arasında bir qüdrətli xatun kimi dayandı. “Hər bir qüdrətli kişinin arxasında bir qüdrətli qadın ömrü əriyir” hikmətini gerçəyə çevirdi. Bununla o, həm də “Ən böyük nailiyyətim ailəm, ən qüdrətli əsərim övladlarımdır!” nidası ilə qələm çalan babası Mir Cəlalın ruhunu şad etdi.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
Xalçaçı rəssamlar niyə tanınmır?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Rəssamların çəkdikləri portretlər, peyzajlar, natürmortlar və digərləri məhz elə onların adları ilə təqdim edilir, bu səbəbdən də rəssamlar həmişə üzdə olurlar. Xalçaçı rəssamlar isə gözəl xalçaların yaranmasına vəsilə olduqları halda adları gizlində qalır. Amma onlar tanınmağa layiqdirlər.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Gülmurad Bəbirov dan danışacağam - xalça rəssamından.
Gülmurad Bəbirov 26 avqust 1958-ci ildə Bakıda dünyaya göz açıb. 1973–1977-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Sonra 1982–1987-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirib. Bəbirov süjetli və ornamental xalçaların müəllifidir. Onun yaradıcılığında miniatür janrı və şərq üslubuna böyük üstünlük verilir. O, yun və ipəkdən müxtəlif ölçülərdə orijinal xalçalar toxuyur. Həmçinin, Bəbirov Azərbaycanın milli xalça sənətinin inkişafına böyük töhfələr verib.
Əsərləri müxtəlif ölkələrdə nümayiş etdirilib. Onun xalçaları Almaniya, Bolqarıstan, Monqolustan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə sərgilənib. Onun ən məşhur əsərlərindən bəziləri arasında "Leyli və Məcnun", "Ovçuluq", "Beyrəklə Banuçiçəyin görüşü" və "Muğam" adlı xalçalar yer alır. Bu əsərlər Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyində saxlanılır. 2023-cü ildə "Yalnız sevənlər üçün'" adlı şerilər kitabının təqdimatı olub.
Beynəlxalq simpoziumlarda da fəal iştirak edib və əsərləri müxtəlif sərgilərdə nümayiş olunub. Adları dəyişdirilmiş Azərbaycan xalçaları mövzusunda çıxış edib.
Məşhur əsərləri
1. Min bir gecə
2. Şahın ov məclisi
3. "Şeyx Zahid ibn-Sultan Əl-Nəhyan" portret xalçası
Gülmurad Bəbirov haqqında bir çox televiziya proqramı və film hazırlanıb. Onun sənətini və yaradıcılığını geniş auditoriyaya tanıtmaq məqsədilə müxtəlif yerli telekanallarda dərslər, reportajlar və sənədli filmlər yayımlanıb. Bu verilişlərdə rəssamın xalça sənətinə verdiyi töhfələr, əsərlərinin yaradılması prosesi və sənətinin unikal cəhətləri geniş şəkildə işıqlandırılıb. Həmçinin, Bəbirov haqqında hazırlanmış filmlər və verilişlər, onu daha da tanıdan və geniş auditoriyaya çatdıran əhəmiyyətli layihələrdir.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)