Taylandın paytaxtı Banqkokdakı “Chindamanee School”-da Beynəlxalq Qida və Mədəniyyət Festivalı (International Food and Cultural Festival) keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla, ümumilikdə 23 ölkə öz milli mətbəxini və mədəniyyətini nümayiş etdirib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Tailandda yaşayan soydaşlarımız Fatimə və Elşən Bənnayevlərin təşəbbüsü ilə hazırlanan Azərbaycan guşəsi öz orijinallığı və zəngin təqdimatı ilə seçilib. Guşədə milli geyimlər, rəqslər və ənənəvi mətbəx nümunələri, şirniyyatlar nümayiş olunub. Azərbaycan çayı və paxlavası gün ərzində stendi ziyarət edən qonaqların xüsusi marağı ilə qarşılanıb.
Azərbaycan guşəsinin uğurlu təqdimatı ölkəmizin zəngin mədəni irsinin beynəlxalq auditoriyaya tanıdılması istiqamətində növbəti əhəmiyyətli addım kimi dəyərləndirilib.
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)


