Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Onları sovetlər dönəmi xalqa düşmən kimi tanıdırdı. Amma dövran dəyişdi və biz anladıq ki, onlar düşmən yox, qəhərmandırlar.
Valiyyə Kazımbəyli 1900-cü ildə Gəncə şəhərində anadan olub. Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xan Xoyskinin qızıdır. Sizə onun taleyi barədə söhbət açacağam.
Valiyə xanım 1919-cu ildə Azərbaycan Milli Ordusunun zabiti Cahangir bəy Kazımbəyli ilə ailə həyatı qurur. Onların Abbas, Mustafa, Əli adında üç övladı dünyaya gəlir.
O, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dövründə müxtəlif vəzifələrdə çalışıb. 1920-ci ildə AXC-nin işğalı, Fətəli xan Xoyskinin qətlindən sonra Valiyyə xanımın həyat yoldaşı Cahangir bəy Gəncə üsyanında iştirak edir. Üsyan yatırıldıqdan sonra ailə üzvləri bir-birindən ayrı düşürlər.
Cahangir bəy əvvəl Gürcüstana, sonra isə Türkiyəyə gedir. Ailə üzvləri bir il sonra İstanbulda görüşüb bir-birlərini tapırlar. 1925-ci ildə Atatürkün göstərişi ilə Valiyyə xanımın atası Hüseynqulu xan və qardaşı İsgəndər hərbi məktəblərdə tərcüməçi kimi işləməyə başlayırlar.
Ancaq bir müddət keçir, Valiyyə xanım ailəsi ilə birgə Polşaya köçür. Cahangir bəy Polşa ordusunda xidmət edir. Sonra Azərbaycan Legionunun lideri Əbdürrəhman Fətəlibəyli Düdənginskinin yanında yer alır. II Dünya müharibəsi zamanı əsir düşsə də, əsirlikdən qaçaraq bir müddət Almaniyada, daha sonra İtaliyada yaşayır.
Valiyyə xanım həyatı boyu bütün mübarizələrdə həyat yoldaşının yanında olur. Mühacirətdə olduğu müddətdə hər il mayın 28-də yürüşə çıxaraq üçrəngli bayrağımızı daşıyır.
II Dünya müharibəsi illərində Valiyyə xanım almanlara əsir düşmüş, Varşava hərbi xəstəxanasında yatan xəstə, yaralı Azərbaycan əsgərlərinə kömək edir. Qardaşı Zahid xan öz xatirələrində bacısı haqqında bunları qeyd edir:
“Bacım Valiyyə xanım Varşavadakı evimizdə Yardım Komitəsi qurdu, xəstəxanalarda olan azərbaycanlılara əlimizdən gələn yardımı etdik. Mən şəxsən həftədə iki-üç dəfə gedərək bizim vətəndaşlarla danışır, onların mənəvi vəziyyətlərinə dəstək verirdim. Komitəmiz İsveçrə Qırmızı xaç təşkilatından gələn hər növ yardımları onlara paylayır, bacım bəzi çox xəstə olan əsgərlərə evdə yemək bişirib özü aparırdı”.
Valiyyə xanım 1943-cü ildə Berlində keçirilən ümum-Azərbaycan qurultayında yaradılmış Milli Birlik Məclisinin üzvü olur.
Müharibədən sonra ingilislər legionda döyüşmüş sovet əsgərlərini Stalinə təhvil verirlər. Stalin isə Moskvada onları edam etdirir. Romada isə 100-dən çox azərbaycanlı əsir vardı. İngilislər onları da SSRİ-yə verməyə hazırlaşırdılar. Bu xəbəri alan Milli Birlik Məclisi Ankaraya və Misir kralına müraciət edir. Azərbaycanlı əsirlərə öz vətənlərində sığınacaq vermələrini təklif edir. Misir kralı 100 azərbaycanlını gizlin yolla Neapola yollayır.
Valiyyə xanım 1947-ci ildə Milli Birlik Məclisinin xüsusi tapşırığını yerinə yetirmək üçün Romadan Türkiyəyə göndərilir. O, burada II Dünya müharibəsindən sonra Türkiyədə sığınacaq tapıb gizlənən yüksək rütbəli azərbaycanlı zabitləri SSRİ əks-kəşfiyyatının əlindən qurtarmaq üçün onları Romaya aparmalı idi. Türkiyədə olarkən atası Hüseynqulu xanın və qardaşı İsgəndər xanın köməyi ilə hərbçi azərbaycanlılara saxta sənədlər düzəldərək 1947-ci ilin aprelin 26-da təyyarə ilə İstanbuldan Romaya yola salır. Valiyyə xanımla birlikdə 12 nəfər yüksək rütbəli zabitin olduğu təyyarə Afina üzərində müəmmalı şəkildə qəzaya uğrayır. Valiyyə xanım Kazımbəyli beləcə şəhid olur, İstanbulun Feriköy məzarlığında dəfn edilir. Onu Türkiyədə “Millət qurbanı və millət yolunda şəhid” adlandırırlar.
Həyat yoldaşı Cahangir bəy isə 1955-ci ilin dekabrında sovet kəşfiyyatının əli ilə Berlində öldürülür. Elə Berlində də dəfn edilir.
Bax belə bir acı tale.
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)


