“Misra” 20 gəncin misralarına şahidlik etdi Featured

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

26 aprel tarixində Misra Book Cafe-də Gənc Yazarlar İttifaqının 20 üzvünün qələmə aldığı “Hər qələmdən bir həyat” adlı antologiyanın təqdimat mərasimi keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca aparıcı, jurnalist və yazar Nuray Rəşid tədbiri açıq elan edib.

Rəsmi hissədə ilk söz Gənc Yazarlar İttifaqının sədri, yazar Səbinə Dənizə verilib. O, çıxışında ittifaqın fəaliyyəti barədə ətraflı məlumat verərək, təşkilat daxilində yaradılmış ədəbi klublardan bəhs edib. Səbinə Dəniz bildirib ki, təqdim olunan antologiya GYİ-nin ilk ədəbi layihəsidir və bu təşəbbüs gələcəkdə yeni layihələrin əsasını qoyacaq.

Daha sonra söz GYİ ilə əməkdaşlıq edən “Portuqa” nəşriyyatının naşiri, yazar Akşin Xəyala verilib. O, antologiyanın çap prosesi haqqında məlumat verərək, Gənc Yazarlar İttifaqı ilə əməkdaşlığın gələcəkdə daha geniş və əhəmiyyətli layihələrlə davam etdiriləcəyini vurğulayıb.

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. Bir çox müsabiqələrin qalibi olan qiraətçi və şair Qorxmaz Mahmudov özünün, eləcə də Eltun Səfərlinin, Bəsti Alıyevanın (Kölgə) və Rəşid Nəsirzadənin şeirlərini səsləndirib.

Bədii hissənin sonunda tədbirə rəng qatmaq məqsədilə Gənc Yazarlar İttifaqının şeir və nəsr yazan üzvləri arasında 10 dəqiqəlik müsabiqə təşkil olunub. Qonaqların münsif heyəti kimi iştirak etdiyi yarışmada səsvermənin nəticələrinə əsasən Qorxmaz Mahmudov qalib elan edilib.

Tədbirin yekununda GYİ üzvü Ədilə Əliyeva ittifaq adından çıxış edərək sədr Səbinə Dənizə hədiyyələr təqdim edib. Səbinə Dəniz də öz növbəsində üzvlərə xatirə hədiyyələri verib.

Tədbirdə bookbloggerlər də iştirak edib, həmçinin GYİ üzvlərinin müəllifi olduğu kitablardan ibarət satış stendi qurulub.

Sonda xatirə şəkilləri çəkilərək tədbir başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.