Super User

Super User

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Tarixdə elə adlar var, onları unutmaq olmaz. Bizim də missiyamız zaman-zaman bu adları xatırlatmaqdır. 19-cu əsrdə yaşayıb yaratmış görkəmli Azərbaycan maarifçilərindən olan, həm yazıçı kimi tanınan Rəşid bəy Əfəndiyev barəsində danışacağam.

 

Rəşid bəy Əfəndiyev 5 iyun 1863-cü ildə Şəki şəhərində ruhani ailəsində anadan olub. O, ibtidai təhsilini Cümə məscidində yerləşən mollaxanada, Əbdürrəzzaq Tahirzadə adlı bir müəllimdən alıb. 1873-cü ildə məscid məktəbini bitirib, təhsilini rus dilində əvvəl qəza məktəbində, sonra şəhər məktəbində davam etdirib.

 Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını, sonralar Qori seminariyasında dramaturqun digər komediyalarını tamaşaya qoyub, eyni zamanda baş rolları ifa etmişdir. R. Əfəndiyev hələ XIX əsrin 80-ci illərində Qori müəllimlər seminariyasında oxuyarkən dram ilə maraqlanıb, ilk "Qan ocağı" pyesini yazıb məktəb səhnəsində tamaşaya qoyub.

O, Mirzə Fətəli Axundovdan sonra ilk dramaturqlardan hesab edilib. Bu əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olub. On il Qutqaşendə müəllimlik etdiyi, 8 il Tiflis dini işlər idarəsində katib müavini vəzifəsində çalışdığı və nəhayət, 16 il Qori seminariyasında müəllim olduğu zamanlarda heç vaxt yazıçılıqdan uzaqlaşmayıb, xüsusilə təlim-tərbiyəyə aid səhnə əsərləri yazmağa səy edib.

Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf edib. Onun "Uşaq bağçası" adlı əlifba kitabı və "Bəsirətül-ətfal" adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanan ilk dərs kitablarındandır. O, dəfələrlə İstanbula gedir, düzəltdiyi dərs kitablarını min zəhmət ilə çap etdirirdi.

Bununla yanaşı, səhnə əsərləri yazır, bunların birinci növbədə məktəb səhnələrində qoyulmasını təşkil edib, hətta şəxsən artist kimi iştirak edib. Rəşid bəyin "Qan ocağı"ndan başqa, "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə yox getmirdər"1, "Pul dəlisi", "Bir saç telin qiyməti", "Tiflis səfirləri", "Diş ağrısı", "Təbiətdə əhvali-məişət" adlı dramları vardır.

Geniş yaradıcılıq diapazonuna malik pedaqoq olan Rəşid bəy Əfəndizadə iki hissədən ibarət "Müxtəsər şəriət" dərsliyinin də müəllifidir. O, etnoqrafiya ("Nuxada evlənmək adətləri", "Qəbələ mahalı", "Qutqaşen kəndi haqqında bir neçə məlumat" və s.), ədəbiyyatşünaslıq ("Azərbaycan türklərinə məxsus ədəbiyyat", "Azərbaycan ədəbiyyatı nümunələri", "Lev Nikolayeviç Tolstoy", həmçinin "Seyid Əzim Şirvani" və s.) sahəsində də fəaliyyət göstərib.

Azərbaycan xalq əfsanə və rəvayətləri , adət və ənənələri, eləcə də barədə, xalq sənətkarlığı, coğrafiya və təbabətə aid məlumatlar toplayıb , "СборникматериаловдляописанияместностейиплемёнКавказа" məcmuəsində çap  etdirib. Əfəndizadə 1924-cü ildə Azərbaycanın Birinci Ölkəşünaslıq Qurultayının nümayəndəsi və Etnoqrafiya Cəmiyyəti Şəki şöbəsinin elmi katibi seçilib.

 

Dərslikləri

1. Bəsirət-ül-ətfal

2. Uşaq bağçası

 

Ədəbi əsərləri

1. Qonşu-qonşu olsa, kor qız ərə gedər

2. Saqqalın kəraməti

3. Arvad məsələsi

 

Əsərləri

1. Müxtəsər şəriət. I cild. Nuxa: "Mədəniyyət" mətbəəsi, 1910

2. Müxtəsər şəriət. II cild. Tiflis: "Kultura" mətbəəsi, 1910

3. Qan ocağı. Tiflis: "Kəşkül" mətbəəsi, 1885

4. Qan ocağı. Tiflis: Məhəmməd ağa Şahtaxtinski mətbəəsi, 1904 (ikinci çapı)

5. Pul dəlisi

6. Dram əsərləri.

7. Məktəbə dəvət

 

1942-ci avqustun 31- də Rəşid bəy Əfəndizadə Şəkidə vəfat edib. Hal-hazırda Şəki şəhərində ev muzeyi fəaliyyət göstərir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

1917-ci il bütün dünyada Rusiya imperiyasındakı bolşevik inqilabı ilə səs salmışdı. Həmin gün Bakıda bir uşaq dünyaya gəldi. Adını Zəfər qoydular. Ad bəxti müəyyənləşdirər, beləcə, onu zəfərə yönəltdilər...

 

Azərbaycanın görkəmli rejissoru, pedaqoq Zəfər Nemətov 5 iyun 1917-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçib.

 1943-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, 1954-cü ildən baş rejissor vəzifələrində çalışıb. Bu teatrın Azərbaycan və rus bölmələrində "Qaraca qız, "Polad necə bərkidi", "Qarlar kraliçası", "Tamahkar", "Yaşar", "Bir saat xəlifəlik", "Anacan", "Qırmızı şeytan balaları", "Romeo və Cülyetta", "Müfəttiş", "Polad üzük", "Zorən təbib", "Zoluşka" və s. tamaşalara quruluş verib.

Gənc rejissorlar üçün "Rejissor sənəti haqqında" (Mehdi Məmmədovla birlikdə) və "Əliağa Ağayev" (Tofiq Kazımovla birlikdə) kitablarının müəllifidir. 1960–1971-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutan bir sıra tədbirlər, o cümlədən 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilən ASSİTEJ-in festivalı onun təşəbbüsü və gərgin əməyi sayəsində keçirilib.

Bu gün Teatr Xadimləri İttifaqının yerləşdiyi bina (Bakı şəhəri, Xaqani küçəsi, 16) ulu öndər Heydər Əliyevin himayədarlığı, görkəmli sənətkarlar Mustafa Mərdanov və Zəfər Nemətovun təşkilatçılığı və zəhməti bahasına başa gəlib.

 

Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi tamaşalar

1."Məlik Məmməd" (Ə.Abbasov)

2. "Müfəttiş" (A.Qoqol)

3. "Qaraca qız" (A.Şaiq)

4. "Yaşar" (C.Cabbarlı)

5. "Anacan" (Y.Əzimzadə)

6. "Romeo və Culyetta" (U.Şekspir)

7. "Komsomol poeması" (S.Vurğun)

8. "Əlvida Hindistan" (Q.Rəsulov)

9. "İki həyat" (R.İsmayılov)

 

Zəfər Nemətov 19 noyabr 1971-ci ildə vəfat edib. 1917-də doğulub və 1971-də vəfat edib. Rəqəmlərə diqqət etdinizmi?

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Mübaliğəsiz demək olar ki, Azərbaycanın ən çox sevilən şairin Mikayıl Müşfiqdir. Çox duyğusal lirik şeirlər yazan yaraşıqlı nakam şairin gənc ikən sovet terroruna qurban getməsi və nəşinin belə tapılmaması onu milyonların sevimlisinə çevirib. Bu gün onun doğum günüdür.

Hər il onun doğum günündə Xəzərə qərənfillər səpilir...

 

"Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardı. Çoxumuza "qızım", "oğlum" deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvazökar olan Müşfiq müəllimə bu sözlər çox yaraşırdı…"

Onun şagirdlərindən biri Mikayıl Müşfiqi belə xatırlayır...

Mikayıl Müşfiq 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Müşfiqin böyüyüb boya-başa çatmasında, şair kimi yetişməsində nənəsi Qızqayıt xanımın böyük rolu olub. Nənəsinin söylədiyi nağıllar, atalar sözləri, bayatılar gələcək şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynayıb.

Müşfiq nadir hafizə sahibi idi. O öz hafizəsinə arxayın olub, çox vaxt qoşduğu şeiri uzun müddət vərəqə köçürməyib, şeirlərini, eləcə də bir çox klassik şairlərin əsərlərini əzbərdən bilib.

Çox gənc yaşlarından yaradıcılıq fəaliyyətinə başlayıb, həyatını, taleyini şeirlə bağlayıb və ömrünün sonuna kimi ondan ayrılmayıb. O, poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bu gün" şeiri ilə başlayıb və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış edib.

 

1927-ci ildən "Maarif və mədəniyyət" və "Komsomol" jurnallarında və "Gənc işçi" qəzetində dərc olunub. 1930-cu ildə şairin ilk "Küləklər" adlı şeir kitabı işıq üzü görüb. Kitabda müəllifin əlli üç şeiri və iki tərcüməsi toplanıb.

1930-cu illərdə Azərnəşrdə redaktor vəzifəsində işləyib.

1931-ci ilin mayında Müşfiq Geoloji İnstitutun buraxılış gecəsində Dilbər Axundzadə ilə tanış olub. Dilbər xanım Müşfiqin əmisi arvadı Fəramuşla tələbə yoldaşı olub.

Tanınmaqda olan gənc şairlə Dilbəri əmisi arvadı tanış edib. Bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları göndərib, hər görüşə yeni şeirlə gəlib. Müşfiq növbəti görüşlərin birində Dilbər xanıma elçi göndərmək və tez vaxtda nişanlanmaq istədiyini bildirib.

 1932-ci ilin aprel ayında cütlük nişanlanıb. Onların kəbini isə təxminən bir il sonra, 1933-cü il iyun ayının 20-də kəsilib. 1934-cü ilin mart ayında onların Yalçın adında oğulları anadan olub, lakin 2 ay sonra yüksək hərarətlə seyr edən xəstəlik nəticəsində vəfat edib

1932-ci il Müşfiqin yaradıcı həyatı çox məhsuldar olub "Günün səsləri", "Vuruşmalar", "Pambıq", "Buruqlar arasında" kitabları, daha sonra bir-birinin ardınca "Şeirlər", "Çoban", "Mənim dostum", "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı" əsərləri nəşr edilib. Şair zorən, məcburən quruluşu mədh edən şeirləri yazırdı ki, qırmızı terrora tuş gəlməsin, millətşilikdə ittiham olunmasın.

1934-cü ildə o, Azərbaycan Yazıçılar İttifaqına üzv seçilib.

Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayrıb, bir-birindən gözəl əsərlər yaradıb. "Şəngül, Şüngül, Məngül", "Kəndli və ilan" mənzum nağılları, "Vuruşmalar", "Qaya" poemaları, "Coğrafiya", "Məktəbli şərqisi", "Zəhra üçün" və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırıb.

1936-cı ildə Mikayıl Müşfiqin "Səhər" poeması Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən müsabiqədə "Yeddi yaxşı ədəbi əsər" mükafatına layiq görülüb.

 

Filmoqrafiya

Qızıl gül olmayaydı...

Mikayıl Müşfiq

Yenə o bağ olaydı

Qeybdən gələn səs

Bakı bağları. Buzovna

Cavid ömrü

Şeirin Müşfiq zirvəsi

Muğamat var olan

 

1937-ci ildə çapa hazırladığı "Çağlayan" kitabına şair on bir illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən "Səhər", "Azadlıq dastanı", "Sındırılan saz", "Əbədiyyət nəğməsi", "Şeirim", "Yenə o bağ olaydı", "Duyğu yarpaqları", "Tərtərhes nəğmələri", "Mingəçevir həsrəti" və digər şeir və poemalarını daxil edib, lakin kitabı nəşr etdirmək şairə qismət olmayıb.

1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verib. Hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət alıb.

Mikayıl Müşfiqin xatirəsinə çoxlu sayda əsərlər həsr olunub. Bunlardan Hikmət Ziyanın "Bu dərdi kim unudar", Mədinə Gülgünün "Ölməz Müşfiq üçün", Hüseyn Arifin "Bir gül açdı, sarı gül", Balaş Azəroğlunun "Yenə o bağ olaydı", Əli Kərimin "Müşfiqə", Əliağa Kürçaylının "Müşfiqi yaşıdından sordum", Nüsrət Kəsəmənlinin "Müşfiqin tarı" əsərlərini qeyd etmək olar.

Şəmsəddin Abbasovun nəşriyyatdan Müşfiqin sonuncu "Çağlayan" poemasının qovluğunu 1937-ci ildə xilas edib götürdüyü sonradan məlum olub. Kitabdakı şeirlər çap edilib. 1957-ci ildə şairin bəraətdən sonra ikicildliyi çap edilib

Mikayıl Müşfiqin sözlərinə Zeynəb Xanlarovanın ifasında "Qal sənə Qurban" və "Sənin üçün", Şövkət Ələkbərovanın "Qurban olduğum" və "Neçin gəlmədin", Gülağa Məmmədov "Oxu Tar", Eyyub Yaqubovun "Yenə o bağ olaydı", "Küləklər" və "Ana Dedim", Nǝzakǝt Mǝmmǝdovanın "Oxu sevdiciyim", Alim Qasımovun "Söylə" mahnılarını qeyd etmək olar.

1977-ci ildə adının ədədiləşdirilməsi məqsədilə Xəzər Gəmiçiliyi İdarəsi tərəfindən "Mikayıl Müşfiq" quru yük gəmisi suya buraxılıb. 1988-ci ildə Mikayıl Müşfiqin 80 illik yubileyi çərcivəsində Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə Xızı rayonunun Sayadlar kəndində şairin atası Əbdülqədirin bağ evinin yerində "Mikayıl Müşfiq ocağı" yaradılıb.

Muzeydə şairə simvolik məzar qoyulub. 2004-cü ildə Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə Xızıdakı "Mikayıl Müşfiq ocağı" "Mikayıl Müşfiqin Xatirə Muzeyi" statusu alıb. 2008-ci il iyun ayının 23-də 100 illik yubileyi ilə əlaqədar Xızı rayonunun Sayadlar kəndində şairin yeni bərpa olunmuş evinin tətənəli açılışı olub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Kino sadəcə vizual görüntü deyil; o, hər şeydən əvvəl sözdür, ideyadır və təfəkkürün ekrandakı əksidir. Azərbaycan kinematoqrafiyasında intellekti və ssenari mədəniyyətini tamamilə fərqli, modern bir mərhələyə daşıyan sənətkarlardan danışarkən, ağla gələn ilk imzalardan biri, şübhəsiz ki, Xalq artisti, ssenarist və rejissor Ramiz Fətəliyevdir. 2026-cı il iyunun 7-si bu böyük ustadın düz 80 illik yubileyidir. O, təkcə yerli deyil, keçmiş SSRİ məkanında bədii-siyasi və detektiv janrın ən unikal ustadlarından biri kimi adını tarixə silinməz hərflərlə yazdırıb.

 

 Neft Mühəndisliyindən Moskva kino kurslarına uzanan yol

7 iyun 1946-cı ildə Bakıda anadan olan Ramiz Fətəliyevin ilkin gənclik illəri sənətdən uzaq görünən bir sahəyə – neft sənayesinə bağlı olub. O, 1969-cu ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirsə də, içindəki yaradıcılıq alovu onu tamamilə fərqli bir səmtə yönəldir.

Həyatının əsas dönüş nöqtəsi 1972-ci ildə Moskvanın nüfuzlu *"Ali Rejissorluq və Ssenaristlər Kursu"nu* bitirməsi olur. Bu təhsil onun daxili potensialını cilalayır və o, böyük kinoya tam silahlanmış şəkildə qədəm qoyur. 1974-cü ildən etibarən onun yaradıcılıq bioqrafiyası rəsmən "Azərbaycanfilm" kinostudiyası ilə bağlanır.

 

SSRİ-ni fəth edən ssenari müəllifi

Ramiz Fətəliyev təkcə Bakıda oturub yerli filmlər yazan bir ssenarist deyildi. Onun qələminin gücü ittifaqın ən müxtəlif studiyalarında – Ukrayna, Özbəkistan, Rusiya və Ermənistanda rəğbətlə qarşılanırdı. SSRİ-nin müxtəlif kinostudiyalarında onun ssenariləri əsasında 20-dən çox bədii film lentə alınıb. Bunların arasında Ukraynada çəkilən "Öz səadəti" (1979), "Köhnə məktublar" (1981), "Qraçlar" (1982) və məşhur rejissor Rodion Naxapetovun "Mosfilm"də çəkdiyi "Təzə evlənənlər üçün çətir" (1986) filmləri kinosevərlərin yaddaşına birdəfəlik həkk olunub.

Onun ssenarilərindəki hadisələrin dinamikası, psixoloji gərginlik və personajların dərin intellektual dialoqları onu digər həmkarlarından fərqləndirən əsas cəhətlər idi. Təsadüfi deyil ki, Ramiz müəllim *1987–1991-ci illərdə Siyasi və Detektiv Romanların Sovet Assosiasiyasının vitse-prezidenti* vəzifəsini icra edib.

 

 "Azərbaycanfilm"in intibah və böhran illərinin rəhbəri

Ramiz Fətəliyev kinomuzun idarəetmə sistemində də silinməz izlər qoyub. O, 1985–1986-cı illərdə "Azərbaycanfilm"in baş redaktoru, 1986–1995-ci illərdə isə kinostudiyanın direktoru* kimi fəaliyyət göstərib. Onun rəhbərlik etdiyi dövr həm sovet senzurasının zəiflədiyi "yenidənqurma" illərinə, həm də müstəqilliyin ilk çətin, maddi sıxıntılı mərhələsinə təsadüf edirdi. Məhz onun rəhbərliyi və dəstəyi ilə Azərbaycan kinosunda cəsarətli, fəlsəfi və tənqidi filmlər ərsəyə gəldi.

Onun ssenari müəllifi (bəzən də həmmüəllif) olduğu yerli şedevrlər bu gün də maraqla izlənilir:

 "Birisigün, gecəyarısı" (1981) – Azərbaycan kinosunda kəşfiyyat janrının ən uğurlu nümunələrindən biri.

 "Sizi dünyalar qədər sevirdim" (1985) – General Həzi Aslanovun şərəfli döyüş yoluna həsr olunmuş tarixi-bioqrafik ekran əsəri.

 "Yaramaz" (1988) – Vaqif Mustafayevin rejissorluğu ilə çəkilən və sovet cəmiyyətinin mənəvi aşınmasını satirik dillə ifşa edən, dövrün partlayış effekti verən filmi (Ramiz Fətəliyev ssenari həmmüəllifidir).

 "Aşkarsızlıq şəraitində" (1986) və "Burulğan" (1986) – Cəmiyyətin görünməyən tərəflərinə işıq tutan psixoloji dramlar.

 

 Rejissorluq karyerası və ilk Heydər Əliyev obrazı

Ramiz Fətəliyev 2002-ci ildən etibarən özünü rejissor kürsüsündə də sınamağa başlayır və bu sahədə də uğur qazanır. Onun ilk irihəcmli rejissor işi İsa Nəcəfovun "Gecə yarısı qətl" romanının motivləri əsasında çəkdiyi "Bir anın həqiqəti" (2003) 12 seriyalı bədii televiziya filmidir.

Tarixi Fakt: "Bir anın həqiqəti" filmi Azərbaycan kino tarixində Ümummilli Lider Heydər Əliyevin bədii obrazının yaradıldığı ilk ekran əsədir.

 

Daha sonra o, rejissor kimi "Məhəllə" (2003) komediyasına, Rusiyanın NTV kanalı üçün "Qraf Krestovski" (2004) serialına və böyük tarixi əhəmiyyət kəsb edən "Hökmdarın taleyi" (2008) filminə quruluş verib. O, həmçinin unudulmaz "Dolu" (2012) filminin redaktoru olaraq gənc nəslin hərbi-vətənpərvərlik ruhunun formalaşmasına da öz töhfəsini verib.

 

 İctimai-siyasi fəaliyyəti və dövlət mükafatları

Ramiz Fətəliyev təkcə sənət adamı deyil, həm də ölkənin taleyüklü dövrlərində səsini ucaldan bir ziyalı olub. O, 1990–1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, daha sonra Milli Məclisin üzvü* kimi fəaliyyət göstərib, Xocalı faciəsini araşdıran parlament komissiyasının rəhbəri olub.

Dövlət onun yaradıcılığını hər zaman yüksək qiymətləndirib. Ramiz Fətəliyev Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatıdır. 2016-cı ildə kino sənətindəki uzunmüddətli və səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamları ilə eyni vaxtda həm "Xalq artisti" fəxri adına, həm də "Şöhrət" ordeninə" layiq görülüb. 2019-cu ildə isə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının "Milli Kino Mükafatı" ilə təltif edilib.

 

 Əbədi irs və müdrik ağsaqqal obrazı

Ramiz Fətəliyev bu gün Azərbaycan mədəniyyətinin canlı mənəvi ensiklopediyası, kinomuzun müdrik ağsaqqalıdır. Onun vaxtilə verdiyi hər bir müsahibə, geridə qoyduğu intellektual mülahizələr bu gün də gənc ssenaristlər və rejissorlar üçün əsl dərslik xarakteri daşıyır. Səhhəti bu gün yaradıcılığa imkan vermir, amma o, daim aktualdır. Şablonlardan uzaq, hər zaman orijinal və cəsarətli düşünməyi bacaran Ramiz Fətəliyev, adını Azərbaycan mədəniyyət tarixinə silinməz hərflərlə yazdıran, ömrünü sənətə və millətə xidmətə həsr etmiş əsl ziyalı örnəyidir. Ustad sənətkarın zəngin yaradıcılıq irsi hələ də gənc kinematoqrafçılar tərəfindən dərindən öyrənilir və hər zaman öyrəniləcəkdir.

Yubileyiniz mübarək, əziz Ramiz müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

Cümə axşamı, 04 İyun 2026 17:13

“Rasim həmişə mənim qəhrəmanım olub…”

Mina Rəşid,

“Ədəbiyyat və incəsənət”

 

Polis serjantı Rasim Oqtay oğlu Məmmədov 2023-cü il sentyabrın 19-da Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı şəhadətə ucalıb. Bu günlərdə şəhidimizin anası Xuraman müəllimə ilə Şuşa Musiqili Dram Teatrında görüşdük. “7 ruh: Cənnətə” adlı tamaşada onun övladı Rasim Məmmədovun da obrazı gənc aktyorlar tərəfindən canlandırılmışdı...

 

Tamaşa olduqca təsirli idi. Bir ananın öz şəhid övladının obrazına tamaşa etməsi isə olduqca ağırdı... Amma Xuraman müəllimə kimi şəhid analarının belə çətin anlarda da təmkini, duruşu qarşısında ancaq baş əymək olar. Doğru deyirlər ki, qəhrəman oğulların anaları da elə qəhrəmandırlar...

Tamaşadan sonra Xuraman müəllimə ilə onun şəhid övladı Rasimlə bağlı söhbət etdik. Şəhid anası deyir ki, övlad həmişə anasının qəhrəmanı olur, müharibədən kənarda olsa belə: “Rasim mənim gülən üzüm, 7 oğul əvəzi kimi bir övladımdır. O həmişə mənim qəhrəmanım olub. Orta məktbdə oxuduğu illərdə hələ onunla bağlı xoşagəlməz bir söz eşitmədim. Çox zəhmətkeş insan idi, polis olmaq onun arzusu olmuşdu. Ona görə ali təhsil aldıdan sonra bu arzusunu gerçəkləşdirdi”.

Qeyd edək ki, Xuraman xanım 40 ilə yaxındır ki, Xətai rayonunda 254 saylı tam orta məktəbdə ibtidai sinif müəllimidir. Bir vaxt övladının da təhsil aldığı bu məktəbdə onun dərs dediyi sinif bu gün Rasimin adını daşıyır.  Xuraman xanım burada sanki hər an balasının səsini duyur, nəfəsini dinləyir. Bunu Rasim də hiss edir, axı şəhidlər ölümsüz olur…

 

Mən də bu sinifdəyəm,

Ana, səni görürəm.

Hər gün qucaqlayıram,

Saçlarından öpürəm.

 

Bilirsən ki, şəhidlər

Heç vaxt ölmür, anacan!

Atama salam söylə,

De ki, əmanətdir can...

 

Çox üzməsin özünü,

Görüşəcəyik yenə.

Hamıya salam söylə,

Bacıma dönə-dönə...

 

Səninlə fəxr edirəm,

Necə mətanətlisən.

Mənim müəllim anam,

Yurda əmanətimsən!

 

Valideyn üçün övlad itkisindən böyük imtahan varmı? Xuraman müəllimə ilə Oqtay Məmmədov da indi belə bir imtahan qarşısındadırlar. Gündüz həmişə gözləri Rasimi gəzir, gecələr isə bəzən onu yuxularında görürlər…

Xuraman xanım üçün övladının şəhid olması xəbəri gözlənilməz olsa da deyir ki, Rasim illərlə bu işin içində olub. Onları Qarabağa aparırdılar, Rasim bu torpaqları qarış-qarış gəzmişdi. Xuraman xanım ürəyində tufanlar qopsa da həmişə özünə nəzarət etməyi bacarır. Onun bir müəllim kimi ciddi, həm də həlim səsi, duruşu, baxışı, davranışı bizə nümunədir: “Həmişə gənc müəllimlərə deyirəm ki, Siz təkcə bu gün üçün işləmirsiniz, həm də sabahımız üçün çalışırsınız”. Yəqin elə bu düşüncədəndir ki, onun məktəbdə çalışdığı 40 il ərzində nə iş yoldaşı, nə də bircə valideynlə heç vaxt konflikti olmayıb. Xuraman müəllimə elə bu gün də, 61 yaşında məktəbə böyük həvəslə gedir. Bilir ki, onu dogma sinifində balaca fidanları gözləyir. Elə ona güc, qüvvət verən də budur…

Rasimin torpağa tapşırıldığı gün doğmalarından bunları dinlədik. Hamısı onun mülayim, mehriban, imanlı bir insan kimi ədəb-ərkanından danışırdılar. Ot kökü üstə bitər, deyiblər…

Xuraman xanım özü də etiraf edir ki, övladını onun şəhadətindən sonra daha yaxşı tanıyıb: “Mən bilməzdim ki, Rasim özünə bu qədər hörmət qazanıb, onu bu qədər sevən insanlar varmış…”        

Rasimin atası Oqtay Məmmədov ali təhsilli mühəndisdi, hazırda təqaüddədir. O, Xuraman xanım kimi Rasimin adı çəkilən bütün məclislərə gedə bilmir. Buna onun övlad acısı ilə bir an dinməyən ürəyi imkan vermir. Rasim onların yeganə oğul övladı idi, onun bircə bacısı var...

Anası deyir ki, Rasim uzun bir ömrü sanki bu 35 ilə sığışdırıb. Babası, əmiləri onu çox sevirdilər: “Ona görə ki, balam doğmalara, yaxınlarına qarşı çox qayğıkeş, canıyanan idi. Özündən, yaşından böyük işlər görürdü…”

İndi Rasimin iki övladı Vətənə əmanətdir. Rüstəm 8-ci sinifdə, Rəsul isə 6-cı sinifdə oxuyur.  

Şəhid Rasim Məmmədov 8 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Xətai rayonu 254 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2005-ci ildə həmin məktəbi bitirib. Ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Akademiyanı bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini bitirib, 2009-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmətə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı 19 sentyabr 2023-cü ildə Xocavənd rayonu ərazisində düşmənin mina terroru nəticəsində şəhid olub.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Rasim Məmmədov “Vətən uğrunda” medalı ilə təltif olunub.

Rasim kimi oğulları Vətən, xalq heç vaxt unutmur. Onların adına əsərlər yazılır, kitablar çap edilir, nəğmələr bəstələnir. Rasim Məmmədovun təhsil aldığı Azərbaycan İdman Akademiyasında da onun adının əbədiləşdirilməsi üçün xeyli işlər görülüb. Belə ki, akademiyada 17 şəhid məzundan biri kimi onun da adına təqaüd təsis olunub və bir auditoriyaya adı verilib.

Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Rasim balamız!

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində klassik Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, Şərq intibahının zirvəsi hesab olunan şair, filosof və mütəfəkkir Əfzələddin Xaqani Şirvaninin zəngin bədii irsinin geniş kütlələrə çatdırılması məqsədilə iki videoçarx hazırlanmışdır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib.

 

         “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  28 yanvar 2026-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış videoçarxlar Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyaşöhrətli şair, filosof və mütəfəkkir Xaqani Şirvani dəyərli fikirləri ilə başlayır.

         Birinci videoçarxda Xaqaninin keşməkeşli həyat yoluna, saray mühitinə qarşı üsyankar ruhuna və azadlıq fəlsəfəsi haqqında məlumatlar yer alır. Bildirilir ki, 8 yaşında atasını itirən Əfzələddin əmisinin himayəsində böyümüş və ərəb əlifbasını, xəttatlıq qanunlarını və Quranı öyrənməklə təhsilinə başlamışdır. Şairin məşhur Şərq səyahəti, Şirvanşahlar sarayındakı fəaliyyəti və ömrünün son illərini keçirdiyi Təbriz dövrü təsvir olunub.

         Videoçarxda Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvi ilə Xaqani Şirvaninin tarixi görüşünü əks etdirən məşhur “Nizami” filmindən kadrlar da nümayiş olunur.

         İkinci videoçarxda mütəfəkkirin ədəbi irsinə – onun fəlsəfi lirikasına və epik poemalarına fokuslanır. Azərbaycan ədəbiyyatı tarixində Qətran Təbrizi ilə başlanan qəzəl janrı Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında kamillik zirvəsinə çatmışdır. Qeyd olunur ki, böyük şairimiz fars dilində yazıb-yaratmışdır. O, “Töhfətül-İraqeyin” əsəri ilə Azərbaycan ədəbiyyatında poema janrının əsasını qoymuşdur. “Töhfətül-İraqeyn” məsnəvisinə nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mənsur məktubları mürəkkəb bədii tərzi ilə diqqəti cəlb edir. Bildirilir ki, “Mədain xərabələri” adlı məhşur fəlsəfi qəsidəsində İran dövlətinin keçmiş paytaxtı olan Mədain xərabələri şairi dərin, sarsıdıcı, ibrətli düşüncələr aləminə aparmışdır. Şairin nəzərində Mədainin xərabələri ibrət aynasıdır.

Videoçarxda M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən yazıçı Şahzadə İldırımın və şair-qəzəlxan Ceyhun Möhübbinin səsləndirdiyi böyük şairin qəzəlləri də yer alır.

Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib:

https://www.youtube.com/watch?v=qGskpwvkjEE

        https://www.youtube.com/watch?v=Rft-99Q6PgU

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

Cümə axşamı, 04 İyun 2026 11:46

“Qafqazın iki müstəqil səsi”

  

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 28 May - Azərbaycanın Müstəqillik Günü və 26 May – Gürcüstanın Müstəqillik Gününə həsr olunan “Qafqazın iki müstəqil səsi” adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdəGürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneulinin meri Daur İsmayılov, Dmanisinin meri Koba Muradaşvili, yerli özünüidarəetmə orqanlarının əməkdaşları, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov, yerli ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

“Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov Azərbaycan və Gürcüstan arasında formalaşan dostluq və strateji tərəfdaşlığın önəmini vurğulayıb, hər iki ölkənin müstəqillik bayramlarının birgə qeyd edilməsinin xalqlarımızı birləşdirən qarşılıqlı ehtiramın və ümumi dəyərlərin bariz ifadəsi olduğunu bildirib.  

Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı 26 və 28 may tarixlərinin Azərbaycan və Gürcüstan xalqlarının azadlıq, dövlətçilik və milli iradə yolunda əldə etdiyi tarixi nailiyyətlərin simvolu olduğunu deyib. Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində göstərdikləri tarixi xidmətləri xatırladıb.

Marneuli meri Daur İsmayılov və Dmanisi meri Koba Muradaşvili müstəqilliyin xalqların ən böyük sərvəti olduğunu bildirib, Azərbaycan və Gürcüstan arasında dostluq, qarşılıqlı etimad və strateji əməkdaşlığın regionun inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov müstəqillik, birlik və həmrəyliyin cəmiyyətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını, Azərbaycan-Gürcüstan qardaşlığının xalqlar arasında qarşılıqlı anlaşma və etimadın daha da güclənməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində GAİM-in nəzdində fəaliyyət göstərən “Sarvan” folklor ansamblının təqdimatında Azərbaycan və gürcü milli rəqsləri nümayiş olunub. Tanınmış ifaçılar Şaban Məmmədov, İamze Jgeli, Ramin Pirməmmədov və aşıq Nərgiz Mehdiyevanın ifaları tədbirə şən ab-hava qatıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

"Ulduzlu görüşlər"in növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Məhəmməd Turan olub.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “Ulduz”jurnalı redaksiyasından məlumat verilib.

 

AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri və ədəbiyyatsevərlər iştirak ediblər. "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs öz həmyaşıdları arasında  fərqlənməyi  bacaran Məhəmməd Turanın yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib. "Ulduz" jurnalının şöbə redaktoru Taleh Mansur gənc həmkarı haqqında qənaətlərini bölüşüb. Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti mərkəzinin keçmiş rəhbəri Şəfa Məmmədova Belarus Dövlət İqtisadiyyat Universitetində təhsil aldığı müddətdə Məhəmməd Turanın  fəallığı  və yaradıcılığı ilə Belarus ictimaiyyətinin diqqətini cəlb etdiyini vurğulayıb.

Məhəmməd Turan görüşü təşkil etdiyinə görə "Ulduz" ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Öz düşüncələrini bölüşüb, şeirlərini səsləndirib. Tələbələrin çoxsaylı suallarını cavablandırıb. Ədəbiyyat və yaradıcılıqla bağlı fikirlərini səsləndirib.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

Könül Əliyeva,  

“Ədəbiyyat və İncəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onun anası rəssam, atası isə pianoçudur. Brunel Universitetində beynəlxalq biznes üzrə təhsil almışdır. Amma sonda atasının sənətinə üz tutmuşdur...

Bu gün ünlü türk müğənnisi Cem Belevinin doğum günüdür.

O, 4 iyun 1987-ci ildə İzmirdə dünyaya göz açmışdır.

 

Dedik ki, eyni mahnı ona həm məyusluq, həm də şöhrət yaşadıb. Söhbət 2013-cü ildə buraxdığı “Bilmezsin” adlı debüt albomundan gedir. "Günaydın Sevgilim" (Günaydın mənim sevgilim) albomun aparıcı mahnısı və ilk klipi olmuşdur. Albom çox diqqət çəkməsə də, mahnı türk musiqisinin icraçı direktoru Samsun Dəmirdən təsirlənmişdir. Mahnı daha sonra Enbe Orkestrası & Behzat Gerçekerin albomunda yenidən aranjiman edilmişdir. 2014-cü ildə "Kim Ne Derse Desin" filmi üçün Ayşe ilə duet oxumuşdur.

Mahnı Türkiyədə çox uğurlu olmuşdur və ən yaxşı debüt kateqoriyasında 2014 Türkiyə Musiqi Mükafatlarına namizəd olmuşdur. Məyusluğa gəlincə, müğənnini plagiatda qınayıb ona iztirablı anlar yaşatmışlar musiqi tənqidçiləri.

 

2015-ci ildə o, daha əvvəl Zeki Müren və Muazzez Ersoyun oxuduğu Suat Sayının cover mahnısı olan "Sevemez Kimse Seni" adlı ikinci sinqlını çıxarmışdır. Klip 25 may 2015-ci ildə Hasan Kuyucunun rejissorluğu ilə işıq üzü görmüşdüd. Video Santorinidə çəkilmişdir.

2015-ci ildə FOX-da yayımlanan "İnadına Aşk" serialında rol almağa başlamışdır.

 

Studiya Albomları

 

Gönül Yarası 

Kolay Değil

Aşkın Kanunu 

Zır Deli

Dönme Dolap

İki Kelime

Aramızda

Bilmezsin 

Bundan Sonra

Cemiyet Gazinosu

Yaz 35 °C 

 

Sinqlları

 

"Kim Ne Derse Desin" — Ayshe ft. Cem Belevi

"Sevemez Kimse Seni"

"Sor"

"Hayat Belirtisi" 

"Alışamıyorum"

"Aç Kollarını" 

"Dumanlı Sevda"

"Yedi Düvel"

"Mışıl Mışıl" 

 

TV serialı

 

1997 — Sıdıka — Harun

1999 — Dış Kapının Mandalları — Yiğit

2003–2005 — Yedi Numara — Volkan

2005 — Yarım Elma — İsmail

2006–2008 — İki Aile — Hakan

2010–2011 — Türk Malı — Ömer

2015–2016 — İnadına Aşk — Deniz

2016 — Rengarenk — Pars

2017 — Kalk Gidelim — Sinan

2021 — Menajerimi Ara — Cem

2022 — Aşk Mantık İntikam — Efe

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

 

 

Cümə axşamı, 04 İyun 2026 16:40

O, Hollivudda türk kinosunun izlərini qoyur

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Gəlişi gözəl sözlər söyləmirəm ki. Həqiqəti söyləyirəm.

Haqqında danışacağım Türk aktyoru və prodüseridir Kərəm Bursin Hollivudda çəkilən filmlərdə ingiliscə və türkcə rollar aparır.

 

 

Kimdir Kərəm Bursin? Yeni dalğa türk kinosunun ünlü simalarındandır. Kərəm Bursin 4 iyun 1987-ci ildə İstanbulda dünyaya göz açmışdır. İngiliscə səlist bilməyi ABŞ uöurunda pay sahibidir.

Əlbəttə ki, Hollivudda möhkəmlənmək hər oğulun işi deyil. Dünyanın hər guşəsindən hər il minlərlə insan şöhrət və para dalınca Hollivuda üz tutur. Onlardan yalnız cüzi hissəsi uğur qazana bilir. Kərəm Bursin məhz həmin o cüzi hissəni təmsil edir.

Məsələn, onun “Şeref meselesi” filmində canlandırdığı qısqanc ər obrazı o qədər canlı, real alınıb ki, tamaşaçı baxdığının real olduğuna inanıb, bərk həyəcan keçirir. 

 

 

Filmoqrafiya 

 

-  Unutursam Fısılda

- Palace of the Damned

- Sharktopus

-  Sharktopus

- Wendigo

- Strawberry Melancholy

-  Thursday

- Güneşi Beklerken

- Şeref meselesi 

- Bu şehir arkandan gelecek 

- Cesur

- Killian

- The Architect

 

Teatr tamaşaları

 

Harold's Fall

Mariner

The Music Man

Fiddler on The Roof

All out

 

Reklamlar

 

El Polo Loco (ABD)

LİNE (TR)

LİPTON (TR)

TÜRKCELL SÜPER ONLİNE (TR)

 

Musiqi Klipləri

 

Summer set-chelsea (2009)

 

Sonda bizə nə qalır? Aktyoru təbrik edib ona yeni uğurlar arzulamaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

10 -dən səhifə 2930

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.