O "pis şeylər", əslində, bizim yeni mərhələyə keçid rituallarımızdır Featured

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Hər kəsin içində gizli bir güman var. Əgər istədiklərim gerçəkləşsə, hər şey düzələr. Sanki kainatın mərkəzində dayanan bir qapı var və biz o qapını açan kimi həyatımızın xəritəsi işıqlanacaq. Amma qəribədir dostum, nə vaxt ki, arzular öz şəklini tapmağa başlayır, elə həmin anda həyatın kənarında, gözə görünməyən bir kölgə də uzanmağa daha aydın desək qaranlıq böyüməyə başlayır. Elə bil ki, xoşbəxtliyin hər doğan günəşi arxa tərəfdə bir qaranlıq yaradır.

 

Biz istəklərimizi ardımızca sürükləyirik, amma heç vaxt onların qiymətini düşünmürük. Çünki hər gerçəkləşən arzu, kainatın başqa bir nöqtəsində görünməz bir nə isə alır. Bəzən sakitliyi, bəzən tarazlığı, bəzən isə özümüzə olan əminliyi. Sanki həyat bizə deyir, "Heç nə pulsuz deyil, hətta xoşbəxtlik belə." İnsan arzuları ilə genişlənir, amma reallığın sərt qanunu ilə daralır. Bu daralma bəzən ürəyə toxunurzl, çünki biz istədikcə, həyat da bizdən nələrisə istəyir. Gah bir münasibət düzəlir, gah başqa bir dostluq dağılır. Gah bir qapı açılır, gah başqa bir pəncərə bağlanır. Gah bir yol işıqlanır, gah digərinin üstünü duman örtür. Elə bil ki, dünya bizə bir növ səssiz müqavilə təqdim edir,  "istəyinə çatacaqsansa, itirməyə də hazır ol." Amma bu itkilər həmişə fəlakət deyil. Bəzən həyatın yandırdığı şeylər bizim daşınmadığımız yük olur. Bəzən dağılanlar, getməsi lazım olanlar idi. Bəzən biz qaranlıq sandığımız hadisələr, əslində, işığın yerini boşaldan sükut idi.

 Həyatın paradoksu da budur, xoş şeylər baş verəndə pisliklərin gəlməsinin səbəbi bizi qorxutmaq deyil, bizi ayıltmaqdır. Bizə deməkdir ki, qeyri-mükəmməllik həyatın öz nəfəsidir. Təmiz saf sevinc yoxdur, içində həmişə bir az narahatlıq, bir az risk, bir az bilinməzlik var. Çünki insan yalnız xoşluqla dəyişmir. İnsan, əsasən, çətinliklə böyüyür. Və arzular gerçəkləşərkən baş verən o "pis şeylər", əslində, bizim yeni mərhələyə keçid rituallarımızdır.

Bəlkə də bu ona görədir ki, həyatın öz ritmi var. O ritm bizə öyrədir ki, xoşbəxtlik yeknəsək bir sistem deyil, işıq və kölgənin növbələşdiyi bir landşaftdır. Bizim irəliləyişimiz də bu növbələşmənin içində baş verir. Hər qazanılan şey, dünyanı bir az daha kompleks, bir az daha real göstərir. Və buna görə bəlkə də qorxmağa ehtiyac yoxdur. Çünki arzularımız həyata keçərkən yanlarında gətirdikləri o qaranlıqlar, bizim məğlubiyyətimiz yox, yetkinliyimizin sübutudur. Bu o deməkdir ki, həyat bizi hələ də formalaşdırır, hələ də bizdən kimisə yaradır..

 Sonda insan anlayır, arzular reallaşanda pis şeylərin baş verməsi, xoşbəxtliyin lənəti deyil, məhz onun qiymətidir. Amma maraqlıdır ki, bu qiyməti ödəməkdən şikayət etmirik. Çünki içimizdə bir səs həmişə pıçıldayır:

"Əgər bu yolun sonunda bir az işıq varsa, mən bu kölgədən keçməyə hazıram."

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.