Super User

Super User

Cümə, 12 İyun 2026 14:04

Payına düşən ömür…

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bölgə ədəbiyyatı…

Elə ədiblər var ki, ömürlərini öz doğulduları bölgəyə sərf edirlər, Bakıya karyera dalınca getmədən palçıqlı vətən yollarını paytaxt asfaltından üstün tuturlar. Siz belələrinə misal olaraq Musa Yaqubu gətirəcəksiniz. Bir ad da mən deyim – mərhum Şəkər Aslan.

 

Şair və dramaturq Şəkər Aslan 10 oktyabr 1937-ci ildə Lənkəran şəhərində dünyaya göz açıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub, 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. 

 

Əmək fəaliyyətinə Lənkəran mədəniyyət evində başlayıb. "Leninçi", Lənkəran rayon qəzetində ədəbi işçi, Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, "Leninçi" (sonralar "Lənkəran") qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1993-cü ildə "Söz" ədəbi-bədii jurnalını təsis edib. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olub. 

 

O, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına və "Şərəf nişanı" ordeninə layiq görülüb. "Sən kimsən, Ata?", "Birtərəfli hərəkət" pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. Şeirlərinə musiqi bəstələnib.

 

Kitabları 

 

1. Bahar yağışı

2. Ürəyimi açıram 

3. Sənə nəğmə deyirəm 

4. Məhəbbət fəsli 

5. Sevgi günü 

6. Səni sevdiyim gündən 

7. Bu günlərdən iz qalacaq

8. Döy mənim qapımı 

9. Evə məktub

10. Payıma düşən ömür 

 

Şəkər Aslan 1995-ci il iyunun 12-də vəfat edib. Lənkəran şəhərində mərkəzi küçələrdən biri və 16 saylı Sütəmurdov kənd kitabxanası onun adını daşıyır. 60, 65, 70, 75 və 80 illik yubileyləri Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olunub. 85 illik yubileyi Lənkəran Dövlət Dram Teatrında qeyd edilib.

Bu gün onun anım günüdür.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

Cümə, 12 İyun 2026 13:28

Məsləhətli adam axtarılır

Qoşqar İsmayılzadə,

“Ədəbiyyat və incəsənət”

 

Bir qrup şəxs öz işində məsləhətli adam axtarırdılar. Gündüz vaxtı əldə fənərlə axtarış da bir nəticə vermədiyindən, polisə müraciət etmək qərarına gəlmişdilər. Axtarılan şəxsin vizual görüntüsü, biometrik məlumatları haqqında təsəvvür belə yox idi. Polis mümkün məlumatları əldə edərək, ibtidai istintaq tədbirlərini həyata keçirib, axtarışa davam edirdi. Faktla bağlı araşdırma aparılır.

 

Onlar axtarışı sürətləndirmək məqsədilə xoşqədəmə yox, Xoşqədəm xanıma ehtiyac duyulduğunu hiss etdilər. Sağ olsun Xoşqədəm xanım ki, bir qrup şəxsi qəbul edib, televiziya ekranlarından məlum hadisəni işıqlandıraraq daha çox insana çatmasına kömək etmək qərarına gəlmişdi. Amma çox təəssüf ki, ailə problemlərini böyük iştahla tum çırtlayaraq izləməyə alışmış Pakizə xala və digər həmkarları, onların maraq dairəsinə uyğun olmayan bu dəfəki verilişin başlanğıcını görüb "tfu belə verilişə" deyərək, televizoru söndürmüşdülər...

 

İndi bütün ölkə həmin şəxsdən agah olmuş, onu axtarırdı. Ancaq bir nəfər də olsun "gördüm" deyən yox idi. Bizim qəhrəmanlar axtarışı sürətləndirmək və bu istiqamətdə olan auditoriyanı genişləndirmək məqsədilə, təsir dairəsi geniş olan Lalə Azərtaşa da müraciət etməyi unutmadılar. Sağ olsun, Lalə xanım da bu bir qrup tifilləri yalnız buraxmadı. Münsiflər heyəti bu dəfə onlara uyğun olmayan mövzu ilə rastlaşdıqlarından susqun vəziyyətdə, sponsorların verdiyi yumşaq mebeldə əyləşərək yuxulamışdılar. Artıq bu axtarış geniş vüsət aldığından, bikar adamlar normal olaraq şayiələr yaymış, tez-tez efirə zənglər etməyə başlamışdılar.

 

"Orda gördüm", "burda gördüm" cümlələri artıq qulaq qanatmağa başlamışdı. Yalnız içlərində deyilən bir xəbər inandırıcı idi...

O, ölkədən qaçıb gedib...

İndi onu tapmaq üçün Interpola müraciət etmək lazım gələcəkdir.

 

Polis axtarır, televiziya bağırır, insanlar soraqlaşır, qonşular pıçıldaşır, səhifələr paylaşır, TikTok şir istəyib, reytinq axtarır...

Hamının gözünün kökü saralaraq yol gözləyir, qulaq telefon zəngi, "Alo, mənəm" kəlməsini intizarla eşitmək istəyir.

 

Və birdən ümidlər sönmək üzrəykən zəng gəlir. Ümidlər yenidən közərməyə başlayır. Telefon dəstəyi götürülür,

– Alo, kimdi? – soruşulur.

Çox keçmədən cavab eşidilir:

– Qadan alım, mənəm ey, Nərbala, xolodilnik ustası.

– Ay dayı, nə lazımdı?

– Sizin adamı tapmışam.

– Necə, necə? Nə danışırsınız? Tez olun, deyin görək, hardan, necə?

– Hə, tapmışam. Çox nahaq yerə bu qədər əziyyət çəkib onu səhv yerdə axtarmısınız. Ölkəni ayağa qaldırmısınız. O, öz yerində olub həmişə.

Həmin məsləhətli adam – sən demə, boş keçən dərslərdə, "şirinliklə" yazılan qiymətlərdə, tanışlıqlarla düzəldilən işlərdə olub...

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Kino sənətimizin sonuncu mogikanları kimlərdir? Belə bir sual səslənsə, məncə bütün cavablarda mütləq iki ad hallandırılar – Ramiz Fətəliyev və Oqtay Mirqasımov.

Oqtay Mirqasımovu son dəfə Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xəyal Rzanın “Mina” filminin premyerası zamanı görmüşəm. İllər yaş üstə yaş gətirsə də o, elə əvvəlki kimi gümrahdır, həvəslidir, kinomuzun uğurları uğrunda yenə tər tökür. Sadəcə, meydan istəyir. Meydan olsun, nəticə özünü çox gözlətməz.

 

Azərbaycan Respublikasının xalq artisti Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2 avqust 2018-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.

 

Filmoqrafiya 

 

1. Tatarıstanda Azərbaycan günləri 

2. Vətəndaş, həkim, alim 

3. Yeddi qoyun nağılı

4. Yenidənqurmanın işığında... 

5. Nəzarətin reydi "Mozalan"ın qeydi 

6. Ovsunçu

7. Öpürəm 

8. Rəşid Behbudov 

9. Silinməyən izlər... 

10. Şeytan göz qabağında 

11. Şəhidlik zirvəsi 

12. Qara Qarayev-60 

13. Qaşqayın son proqnozu 

14. Qisas almadan ölmə. Keçmişdən məktublar 

15. Qobustan 

16. Qorunmağa möhtac qoruq

 

Mükafatları 

 

1. "İstiqlal" ordeni 

2. "Şərəf" ordeni 

3. "Cəfər Cabbarlı" mükafatı

4.Azərbaycan Respublikasının Xalq artisti fəxri adı.

 

Ustad sənətkar ömrünün 83-cü baharına qədəm qoydu. Ona sağlamlıq arzulayırıq, qoy şərəfli ömrü bundan sonra da uzansın, kinomuzun inkişafına sərf edilsin.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

 

 

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət”

 

Birinci yazı

Tarixi Helionis kahini Manefen tərəfindən yazılan, Papirusları icad edən, ehramlar diyarına çevirən məmləkət

 

Yuxuların, duyğuların, Tanrıların şəhəri, Sina çölünün incisi, Aralıq dənizinin mirvarisi, Afrika qitəsinin möcüzəsi, Nilin zümrüd qaşı Misirin zinəti İsgəndəriyyə mayakı, İsgəndəriyyə kitabxanası olsa da, ən böyük sərvəti İlahi hikməti Misir ehramlarıdır. Sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoq və tolerantlıq ünvanı olan Misirin Nilin hövzəsində yerləşməsi bu sirli, soraqlı diyarı bineyi-qədimdən əski çağ mədəniyyətinin, eyni zamanda qüdrətli iqtisadiyyatın əsas ünvanlarından birinə çevirmişdir.

 

 

 

Misirlilər əlifbadan deyil, heroqliflərdən istifadə edirdilər

Min illər boyu ruhunu, duyğusunu, sevgisini, həyat tərzinin, düşüncəsinin aynası olan şifahi xalq ədəbiyyatı nümunələrinə köçürən əski insanlar dünyanın ilk tədris  mərkəzi kimi məhz sərt, sıldırım qayaları, qayaüstü abidələri seçdilər. Orxon-Yenisey abidələri, Bilqamıs dastanı, ilk yazı nümunələri sayılan  “Papirus”lar  tarixlə müasirlik arasında körpüyə çevrildilər. Dünya mədəniyyətinin incilərini yaradan misirlilər  bitki gövdəsindən hazırlanan lülə halında bükülən kağızdan – papirusdan istifadə etməklə həm də dünyanın antik mədəniyyətinin əsasını qoydular. Əlifbadan deyil, heroqliflərdən istifadə edən misirlilər heroqlifləri sözə və cümləyə çevirməklə onlara məna gətirdilər. İşarənin dili ilə yazmaq və anlamaq mədəniyyətinin təməlini qoydular.

 

Qədim zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılırdı

Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, Misir Afrika qitəsinin şimal-şərq hissəsində yerləşir. Ölkənin şimalı Aralıq dənizinin suları ilə əhatə olunur. Buradan Sina yarımadası vasitəsi ilə ölkənin Yaxın Şərqə çıxışı vardır. Qədim zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılsa da sonrakı dövrlərdə onun ərazisi xeyli dərəcədə genişlənmişdir. Nil çayının burada  mövcud olmasına görə ən qədim zamanlarda əkinçilik və heyvandarlıq üçün əlverişli imkanlar yaranmışdır və bu region, Mesopotamiya ilə birlikdə, bəşəriyyətin ən qədim mədəniyyət mərkəzlərindən, qədim yaşayış məskənlərindən biri sayılmışdır. Nil çayının və buradakı ərazilərin Aralıq dənizinə yaxınlaşan hissəsi üçbucaq şəkilli olduğuna və eyni adlı yunan hərfinə bənzədiyinə görə buraya Delta deyilmişdir. Qədim Misirdə mədəniyyəti formalaşdıran insanlar əkinçilik və heyvandarlıqla məşğul olmaqla yanaşı, suvarma sistemlərini yaratmış, daş və misdən düzəldilmiş əmək alətlərindən istifadə etmişlər.

 

 

Şumerdəki kimi, hər bir vilayət müstəqil əraziyə malik olmuşdur

Eramızdan əvvəl V-IV minilliklərdə, ibtidai icma quruluşunun dağılmasından sonra, Misirdə tədricən kiçik dövlət qurumları yaranmışdır. Şumerdəki kimi, hər bir vilayət müstəqil əraziyə malik olmuşdur. Onların baş şəhərləri, idarə etmə sistemləri, orduları və tanrıları olmuşdur. Bu vilayətlər bir-birləri ilə ittifaq qururdular və ya savaşırdırlar. Lakin sonra birləşmə meylləri artmış və ölkə ikiyə – yuxarı və aşağı hissələrə bölünmüşdür. Bu hissələrin çarları savaşlar aparmış və ölkənin birləşdirilməsi üçün çalışmışlar. Bu səbəbdən də həmin dövrə Misirin “Sülalələr öncəsi dövrü” deyilir. Eramızdan əvvəl  III minilliyə aid olan bir daş lövhəsində qədim Misirin şimal çarlarının siyahısı verilmişdir. “Sülalələr öncəsi dövrü” nə vaxta qədər davam edib, demək çətindir. Hər halda artıq eramızdan əvvəl III minillikdə vahid dövlət mövcud olmuşdur və burada iki çar sülaləsi olmuşdur və bu tarixdən Misir dövlətinin tarixi başlanmışdır. Misir çarlarını “firon” adlandırmışlar. Əldə olunan məlumatlardan o da bəlli olur ki, Misirin 30-a yaxın çar sülaləsi olmuşdur.

Misirin qədim tarixi eramızdan əvvəl IV-III əsrlərdə yaşamış Manefon adlı tarixçi tərəfindən qələmə almışdır. O, Heliopolis şəhərinin kahini olmuş və onun tarix əsəri zəmanəmizə qismən, başqa müəlliflərin əsərləri vasitəsi ilə çatmışdır. Məhz Manefon Misir tarixini 30 firon sülaləsi ilə təsvir etmiş və bu bölgü tarix elmində qəbul olunmuşdur. Manefon qələmə aldığı hadisələrin şahidi olmasa da, çox etibarlı qaynaqlarla, sənədlərlə, qədim tarixçilərin əsərləri ilə işləmiş və onlara istinad etmişdir.

 

 

Misirlilər ölənlərin dirilməsinə inanırdılar

Ən qədim zamanlardan başlayaraq, Misir dünya mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. Manefonun bölgüsünə görə, hələ Birinci sülalənin hakimiyyəti dövrünə aid olan misdən və başqa növ metallardan düzəldilmiş əmək alətlərindən – baltalar, bıçaqlar, mismarlar, çəkiclər və iynələrdən istifadə edilmişdir. Bunlar arxeoloji qazıntılar zamanı məzarların birindən tapılmışdır. Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, misirlilər ölənlərin dirilməsinə və bu əşyalardan istifadə etməsinə inanmışlar. Onları ölülərlə birlikdə məzarlara qoymuşlar. Eyni zamanda, həmin dövrdə onlar daş alətlərindən də istifadə etmişdirlər. Bunlardan başqa, məzarlarda kətan parçasının qalıqları və iplər də tapılmışdır. Bu fakt onu da sübut edir ki, hələ o zamanlar Misirdə parça  istehsalı da mövcud olmuşdur.

 

Ölkədə bütün ağır işləri kölələr görmüşlər

Əski çağlardan başlayaraq Misirdə Nil çayı boyu şəhər və qəsəbələr salınmışdır. Tikinti zamanı kərpicdən və taxtadan istifadə edilmişdir. Misirlilər artıq taxta məmulatlarından, mis, gil və saxsı qablardan da məişətdə geniş istifadə etmişlər. Əkinlərinin suvarılması üçün misirlilər kanallar qazıb, Nil çayının sularını uzun məsafələrə apara bilmişlər. Əkin sahələrində müxtəlif yeməli bitki növləri, o cümlədən buğda, üzüm əkilmişdir. Misirlilər xırda və iri buynuzlu heyvanlar, atlar saxlayaraq iqtisadiyyatlarının genişləndirmişlər. Buna sübut kimi qədim qablar üzərində olan rəsmləri göstərmək olar. Əldə edilən məlumatlardan o da bəlli olur ki, ölkədə bütün ağır işləri kölələr görmüş, savaşlar, ağır müharibələr nəticəsində Misirə minlərlə əsirlər gətirilmişdir. Onların hamısı kölə olmuş, müxtəlif sahələrdə işləmişlər.

 

Fironların ölkənin hər iki hissəsini simvolizə edən ağ və qırmızı rəngli iki tacı olmuşdur

Manefonun təsnifatına görə qədim Misir tarixi bir neçə dövrə bölünür: ən qədim, qədim, orta, yeni və ən yeni. Misirin şimal və cənubu birləşdikdən sonra, birləşmiş ölkə fironlar tərəfindən idarə olunmuşdur. Onlar çox vaxt tanrılaşdırılmış və Horus tanrısının təcəssümü kimi təsəvvür yaratmışlar. Fironların ölkənin hər iki hissəsini simvolizə edən ağ və qırmızı rəngli iki tacı olmuşdur. Onların çoxlu sayda məmurları, canişinləri, xidmətçiləri də var idi. Onlar dövlət işlərini aparmışdırlar. Rəvayətlərə görə, “ola bilsin ki, vahid Misirin birinci hökmdarı Menes olmuşdur. O, cənublu idi və şimal çarlığa qalib gəlib, ölkəni birləşdirə bilmişdi. Bəlkə də o, Birinci sülalənin yaradıcısı olmuşdur. Lakin başqa rəvayətlərə görə, hələ Birinci  sülalə bərqərar olmamışdan öncə, Misir artıq birləşmişdi. Ola bilsin ki, Birinci sülalədən öncə ölkədə birləşmə prosesləri başlanmış, və birinci fironlar dövründə başa çatmışdır. Yenə rəvayətə görə Menes birləşmiş Misirin baş şəhəri olmuş, onu Memfisi inşa etmişdir. Lakin qədim bir abidənin üzərində şimali Misirə qalib gələn və ölkəni birləşdirən adamın adı Narmerdir. Bəlkə də, Menesi həm də Narmer çağırmışlar”. İkinci sülalənin fironları özlərini Horusun deyil, Set tanrısının təcəssümü kimi ifadə etmişlər. Bu sülalənin sonuncu fironları isə hər iki Tanrıya öz himayədarları kimi baxmışlar.

 

 

İlk piramida firon Zoser üçün inşa edilmişdir

Misirdə vahid dövlət yarandıqdan sonra, fironlar öz hakimiyyətlərini genişləndirməyə, nüfuzlarını artırmağa çalışmışlar. Buna nail olmaq üçün onlar qonşuları ilə savaşlar aparmışlar. Üçüncü sülalədən olan firon Zoserin (e.ə. 2635—2611) dövründə Misir çox güclənmişdir. O mis və filizi ilə zəngin olan Sina yarımadası uğrunda oradakı köçəri tayfalarla uğurlu savaşlar apararaq həmin əraziləri öz ölkəsinə qatmış və oranı idarə etmək üçün canişin təyin etmişdir. Cənubda isə o həbəşləri məğlub edə bilmişdir. “Rəvayətlərə görə, Zoser müxtəlif tanrıların kahinlərini razı salaraq, onlara böyük ərazilər və əmlak hədiyyə etmişdir. Zoserin yardımçısı məşhur vəziri İmhotep olmuşdur. O həmdə Misirin baş kahini olaraq, ölümündən sonra tanrılaşdırılmışdır. Məhz İmhotep fironların dəfn olunan yeri kimi məşhur Misir piramidalarının inşa edilməsi təşəbbüsü ilə çıxış etmiş və onların layihəsini təklif etmişdir. İlk piramida firon Zoser üçün inşa edilmiş və bu gün də Qahirənin yaxınlığında yerləşən Sakkara kəndində tarixi abidə kimi qalmaqdadır. Bu cür nəhəng tikililərin qurulması üçün savaşlar zamanı əsir gətirilən kölələrin əməyindən istifadə olunmuşdur. Minlərlə kölə bu ağır və əzablı işə cəlb olunmuşdur və onların canları bahasına piramidalar ucalmışdır.

 

 

 

Fironlar özlərini günəş tanrısı Ranın oğulları kimi tanıtmışlar

Dördüncü sülalənin fironları da şimal və cənubda qonşuları ilə savaşlar aparmış və uğurlar əldə etmişlər. Onların dövründə Nil çayında gəmiçilik inkişaf etmişdir. Beşinci sülaləsinin hökmdarları əslən Heliopolis şəhərindən olmuşlar. Buna görə də bu şəhərin baş tanrısı günəşin – yəni Ranın kultunu dövlət səviyyəsinə ucaltmışdırlar. Bu kult gələcəkdə Misir tarixində çox əhəmiyyətli rol oynamış və fironlar özlərini günəş tanrısı Ranın oğulları kimi tanıtmışlar. Altıncı  sülalənin ən tanınmış fironları I Pepi və onun oğlu II Pepi olmuşdurlar. Onların fironluğu dövründə böyük uğurlar əldə edilmişdir, ölkə möhkəmlənmişdir.  II Pepi hakimiyyətə 6 yaşında gəlmiş və 94 il Misiri idarə etmişdir. Onun hakimiyyəti dünya tarixində ən uzun sürən hakimiyyət sayılır. II Pepinin qoşun başçısı Hirhuf hətta Afrikanın ekvator hissəsinə qədər yürüş etmiş və oradan xeyli sayda qara dərili kölələr gətirmişdir. Lakin bu uğurlara baxmayaraq, sonda vilayət canişinlərinin nüfuzu artmağa başlamışdır və bu proses II Pepinin varislərinin fironluğu zamanı ölkənin parçalanması ilə başa çatmışdır.

Bəzi fironlar ölkəni birləşdirmək və gücləndirmək istəsələr də, buna nail ola bilməmişlər

Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki, Misirin inkişaf tarixində mühüm mərhələ olan Birinci və İkinci keçid dövrlərində mühüm nailiyyətlərə imza atılsa da, sonrakı mərhələlərdə kədərli hadisələr  cərəyan etmişdir. Yeddinci sülalənin hakimiyyəti dövründən başlayaraq burada mədəniyyət və dövlətçilik sahələrində geriləmə prosesləri baş vermişdir. Ölkə dağınıq vəziyyətdə olmuş və hətta xarici basqınlara məruz qalmışdır. Bəzi fironlar yenə də ölkəni birləşdirmək və gücləndirmək istəsələr də, buna nail ola bilməmişlər. Bu zaman fironlar öz iqamətgahlarını Memfisdən Herakliopolisə köçürmüşlər.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

Eyvaz Qocayev,

jurnalist, yazar.

“Ədəbiyyat və incəsənət”

 

Bəzən bir əsər işıq üzü gördükdən sonra sadəcə oxunmur, həm də müzakirə olunur. Son günlər Azərbaycan ədəbi mühitində diqqət çəkən belə əsərlərdən biri yazıçı, millət vəkili İmamverdi İsmayılovun “Labirint” – bir ölüm haqqında povestidir. Qısa müddət ərzində oxucuların, ədəbiyyatsevərlərin və ziyalıların diqqətini cəlb edən əsər ətrafında müxtəlif fikirlər səsləndirildi, müzakirələr aparıldı.

Bu marağın səbəbi “Labirint”-in müasir insanın ən həssas və ən mürəkkəb suallarına toxunmasıdır.

Tənhalıq, ölüm düşüncəsi, yaddaş, vicdan, həyatın mənası və insanın öz daxilində apardığı görünməz mübarizə povestin əsas mövzularını təşkil edir. Müasir Azərbaycan nəsrində insanın daxili aləmini bu qədər dərindən araşdıran əsərlərin çox olmadığı bir vaxtda “Labirint” oxucunu gündəlik həyatın səs-küyündən ayıraraq onun öz düşüncələri ilə üz-üzə qoyur.

Povesti oxuduqdan sonra yaranan təəssüratlar və əsər haqqında düşüncələrimi oxucularla bölüşmək istədim.

 

***

Bəzən insan heç bir divarı olmayan bir labirintdə yaşayır. Küçələr açıqdır, yollar görünür, qapılar bağlı deyil. Amma yenə də çıxış tapılmır. Çünki ən mürəkkəb labirintlər daşdan yox, insanın düşüncələrindən qurulur.

İnsan ömrü boyu müxtəlif yollardan keçir: uşaqlıqdan gəncliyə, ümiddən məyusluğa, sevgidən ayrılığa, sağlamlıqdan qocalığa doğru. Lakin elə məqam gəlir ki, yol gedən insan birdən dayanıb geriyə baxır və özünə ən çətin sualı verir: “Mən hara gəlib çıxmışam?”

Yazıçı İmamverdi İsmayılovun “Labirint” povesti məhz bu sualdan başlayır. Müəllif oxucunu şəhərin səs-küylü küçələrindən götürüb insan ruhunun qaranlıq dəhlizlərinə aparır. Burada nə xəritə var, nə də istiqamət nişanları. Burada yalnız ölümlə üz-üzə qalan bir insanın düşüncələri, xatirələri, peşmanlıqları və cavabsız sualları var.

İlk baxışda povest bir günün hadisələrindən bəhs edir. Əslində isə bu bir günün içində bütöv bir ömür yaşayır. Sübh çağından gecəyə qədər uzanan zaman kəsiyində insan həyatının ən böyük həqiqətləri ilə qarşılaşırıq. Elə buna görə də “Labirint”i oxuyarkən hadisələri izləmirsən, bir insanın daxili dünyasında yol gedirsən.

İmamverdi İsmayılov ölüm haqqında yazır. Amma onun əsas mövzusu ölüm deyil. Onu maraqlandıran ölümə doğru gedən insanın ruhunda baş verənlərdir. Əsərin bədii gücü də məhz burada üzə çıxır: müəllif ölümü yox, yaşamağın mənasını araşdırır.

***

Əsərin ən maraqlı bədii seçimlərindən biri qəhrəmanın adsız olmasıdır. Onun adı yoxdur. Çünki müəllif konkret bir insanın taleyini deyil, ümumən insan taleyini qələmə alır. O, hər kəs ola bilər: qonşumuz, əzizimiz, dostumuz və ya özümüz.

Müasir şəhərin ortasında yaşayan bu insanın ən böyük faciəsi ölüm deyil, hətta ölüm qorxusu da deyil. Onun əsas faciəsi yaşamağı unutmasa da, yaşadığını hiss edə bilməməsidir.

Qəhrəman rəqəmlərə sığınır. O, addımlarını sayır, əşyaları sayır, pillələri sayır, hesablayır, yoxlayır, təkrar yoxlayır. Sanki həyatın xaosunu rəqəmlərlə ram etmək istəyir. Lakin daxilindəki qarışıqlıq heç cür sakitləşmir. Müəllif burada incə bir həqiqəti göstərir: insan bəzən ən çox nəzarət etməyə çalışdığı şeyin əsirinə çevrilir. Qəhrəman da saydığı rəqəmlərin dustağına çevrilib. Əslində isə onun axtardığı rəqəmlər deyil, rahatlıqdır. Daxili sükutdur. Bəlkə də urvatlı ölümdür.

***

Povestin ilk mühüm dayanacağı həkim otağıdır. Gənc təbib qəhrəmanın vəziyyətinə müasir psixiatriyanın dili ilə ad qoyur: obsessiv-kompulsiv pozuntu. Sayma, təkrar yoxlama, əl yuma vərdişləri, saplantılar və ölüm düşüncələri artıq tibbin müəyyən etdiyi anlayışlardır. Diaqnoz doğrudur, simptomlar aydındır. Lakin müəllif bununla kifayətlənmir.

Çünki insan yalnız tibbi terminlərdən ibarət deyil. Həkim xəstəliyin adını bilir, amma ağrının dərinliyini bilmir. Qəhrəmanın daxilində yanan od hansı dərslikdə təsvir olunub? Anasını itirməyin ağrısını hansı resept sağalda bilər? Tənhalığın dərmanı hansı aptekdə satılır? Müəllif məhz bu sualları qabardaraq göstərir ki, insan ruhu hər zaman diaqnozlardan daha mürəkkəbdir.

Qəhrəmanın resepti cırıb atması da tibbin inkarı deyil. Bu davranış insan varlığının yalnız xəstəliklər və onların müalicə sxemləri ilə izah olunmadığını göstərən bir etirazdır. Bəzən insanın problemi xəstəlikdən çox həyatın özündə gizlənir.

***

Povestin ən işıqlı səhnələrindən biri gülsatan uşaqla qarşılaşmadır. Ölüm, qocalıq və fanilik haqqında düşüncələrin arasında qəhrəmanın qarşısına birdən həyat çıxır. Bu həyat bir uşaq simasında görünür.

Müəllif təsadüfən məhz gülsatan uşağı seçmir. Çünki o, dilənmir, kömək istəmir, zəhmətlə pul qazanır. Yaşamaq üçün çalışır. Onun dilindən səslənən sadə bir cümlə əsərin ən güclü fikirlərindən birinə çevrilir:

“Mən dilənmirəm, gül satıram!”

Bu sözlərdə insan ləyaqəti, zəhmətə hörmət və həyat eşqi var. Qəhrəman uşağa baxarkən sanki özünün illər əvvəl itirdiyi bir hissi görür. Yaşamaq həvəsini, gələcəyə inamı və sabaha olan marağı.

Əsərdə maraqlı bir qarşılaşdırma yaranır. Uşaq yaşamaq üçün sayır, qoca isə yaşadığını unutmaq üçün. Bu iki obraz arasında isə bütöv bir həyat fəlsəfəsi dayanır.

***

Povestin ən təsirli xəttini ana obrazı təşkil edir. Maraqlıdır ki, ana fiziki olaraq hadisələrdə iştirak etmir. O, səhnəyə çıxmır, danışmır, görünmür. Amma əsərin demək olar ki, hər səhifəsində yaşayır. Qəhrəmanın yaddaşında, vicdanında, dualarında və düşüncələrində ana daim mövcuddur.

Müəllif ana haqqında danışarkən əsərin dili də dəyişir. Kədər yumşalır, sərtlik azalır, mətndə qəribə bir istilik yaranır. Burada ana nəsihətləri qəhrəmanın mənəvi kompası kimi çıxış edir:

“ Könül süfrə deyil ha, açıb hamıya göstərə biləsən…”

“Hər qapı açana ürəyini açma…”

“Xeyrə atırsan at, şərə atırsan yat…”

Bu sözlərdə əsrlərin xalq müdrikliyi yaşayır. Təsadüfi deyil ki, qəhrəman ən ağır məqamda yenə anaya qayıdır. Çünki insan həyatının ən çətin anlarında həmişə ilk sevgisini, ilk sığınacağını və ilk mərhəmətini xatırlayır.

“Ay ANA!..”

Bu fəryad ölüm qarşısında özünü yenidən uşaq kimi hiss edən bütün insanların harayıdır.

***

İlk baxışda “Labirint” povesti ölüm mövzusuna həsr olunmuş əsər təsiri bağışlayır. Lakin povestin dərinliklərinə endikcə aydın olur ki, müəllifin əsas qayəsi ölüm deyil. Onu düşündürən əsl mövzu yaşamaqdır.

Povestdə ölüm tez-tez yada salınır. Qəhrəman qəbir haqqında düşünür, öz sonunu təsəvvür edir, hətta dəfn xərclərini belə hesablayır. Lakin bütün bunların arxasında daha böyük bir sual dayanır: insan ömrü nəyə sərf olundu?

Əsərin ən maraqlı anlayışlarından biri “urvatlı ölüm” ifadəsidir. Bu fikir ölümə qorxulu son kimi yox, insan ömrünün yekun hesabatı kimi yanaşır. Necə ki, tacir qazancını hesablayır, bağban məhsulunu yığır, insan da ömrünün sonunda qazandıqlarını özü ilə aparır.

Məhz buna görə əsərdə ölümün özü deyil, ölümə hazırlıq daha vacib görünür. Bu baxımdan povest qədim stoik filosofların fikirlərini xatırladır. Onlar insanın hər gün öləcəyini xatırlamasını tövsiyə edirdilər ki, necə yaşamalı olduğunu unutmasın. Qəhrəman da sanki eyni həqiqətin içində yaşayır.

***

Əsərin ən ağrılı qatlarından biri müasir şəhər həyatına münasibətdir. Qəhrəman küçələrdə gəzir, müxtəlif məkanlardan keçir, insanların arasına qarışır. Əslində bu gəzinti müasir insanın mənəvi xəritəsidir.

Müəllif diqqəti kiçik görünən, amma böyük məna daşıyan detallara yönəldir. Bir tərəfdə doğum evi, digər tərəfdə mərasim zalı yerləşir. Bir bina insanın dünyaya gəlişinə, o biri isə dünyadan gedişinə xidmət edir. Bu iki məkanın yanaşı dayanması təsadüfi deyil. Sanki şəhər insan ömrünün başlanğıcı ilə sonunu bir küçənin iki başına yerləşdirib.

Bu detalın arxasında daha böyük bir fikir dayanır. Müasir sivilizasiya inkişaf etdikcə şəhərlər böyüyür, texnologiyalar artır, küçələr genişlənir, binalar yüksəlir. Lakin eyni zamanda insanın daxili dünyası daralır. Əlaqələrin sayı çoxalır, amma yaxınlıq azalır. İnsan izdihamın içində daha çox tənhalaşır.

Qəhrəmanın şəhərdə dolaşması əslində özünü axtarmasıdır. O, cavab axtarır. Lakin şəhərin ona verəcəyi cavab yoxdur. Şəhərin dili pulla danışır, onun axtardığı isə mənadır.

***

Povestin ən sərt və düşündürücü sualları maddiyyat ətrafında formalaşır. Müəllif pulu düşmən kimi təqdim etmir. O, pulun həyatdakı yerini qəbul edir. Lakin pulun insanın yerini tutmasına etiraz edir.

Qəhrəmanın düşüncələrində davamlı olaraq bir sual dolaşır: bazarda hər şeyin qiyməti məlumdur, bəs insanın qiymətini kim müəyyən edir? Bu sual əslində dövrümüzün ən mühüm problemlərindən biridir. İnsan nə vaxt özünü əmtəəyə çevirir? Vicdanın qiyməti varmı? Dostluğun bazar dəyəri varmı? Ləyaqət satıla bilərmi?

Müəllif bu suallara hazır cavab vermir. Əksinə, onları oxucunun qarşısında açıq saxlayır. Çünki böyük ədəbiyyatın məqsədi hər zaman cavab vermək deyil. Bəzən onun vəzifəsi insanı öz vicdanı ilə üz-üzə qoymaqdır.

Qəhrəmanın düşüncələri göstərir ki, insan həyatını yalnız qazanc və itki ilə ölçməyə başlayanda mənəvi müflislik təhlükəsi yaranır. Pul vacibdir, amma həyatın mənasını izah etməyə qadir deyil.

***

“Labirint”də təbiət sadəcə dekorasiya rolunu oynamır. O, hadisələrin iştirakçısına çevrilir. Dəniz, yağış, külək və göy əsərin fəlsəfi yükünü daşıyan obrazlar kimi çıxış edir.

Xüsusilə dəniz povestdə mühüm yer tutur. Azərbaycan insanının düşüncəsində dəniz çox vaxt əbədiyyətin, sonsuzluğun və qüdrətin rəmzi kimi qəbul edilir. Lakin müəllif bu ənənəvi yanaşmaya fərqli rakursdan baxır. Onun qəhrəmanı dənizə baxarkən yalnız əzəmət görmür. O, yorğunluq da görür.

Qəhrəmanın hissləri sanki təbiətə köçürülür. Ona elə gəlir ki, dəniz də qocalır, dəniz də yorulur, dəniz də fanidir. Bu düşüncə insanın öz ölüm qorxusunun təbiətdəki əks-sədasıdır.

Yağış isə əsərin son akkorduna çevrilir. Gün boyu toplanan kədər gecə yağışında boşalır. Sanki göy özü ağlayır. Yağışın azan səsi ilə qoşalaşması isə bu anı adi həyat hadisələrindən çıxarıb mənəvi müstəviyə yüksəldir.

***

Povestə maraqlı yanaşma yollarından biri də onu riyazi düşüncə prizmasından oxumaqdır. Povestin qəhrəmanı sanki həyatı rəqəmlərlə idarə etmək istəyir. O, sayır, hesablayır, ölçür, yoxlayır, yenidən yoxlayır. Addımlar sayılır, pillələr sayılır, səki daşları sayılır, balıqlar sayılır. Elə bil insan ömrünün mənası hansısa hesablamanın sonunda üzə çıxacaq.

Lakin İmamverdi İsmayılov göstərir ki, həyat heç vaxt tam hesablana bilən sistem deyil. İnsan ruhu riyazi düsturlara sığmır. Kədərin çəkisi yoxdur, sevginin ölçüsü tapılmır, tənhalığın sərhədlərini müəyyən etmək mümkün deyil.

Bu məqamda əsər qeyri-səlis məntiqin banisi Lütfi Zadənin irəli sürdüyü həqiqəti xatırladır. Həyat yalnız ağ və qara rənglərdən ibarət deyil. Həqiqətlə yalanın, ümidlə ümidsizliyin, qorxu ilə inamın arasında saysız-hesabsız keçidlər və çalarlar mövcuddur. Qəhrəmanın daxili aləmi də məhz həmin qeyri-müəyyən sahədə yaşayır. O, nə tam yaşamaq istəyir, nə də ölümə təslim olur. Nə ümidini tam itirib, nə də gələcəyə inamını qoruyub saxlaya bilir.

Əsərin fəlsəfi yükü də burada ortaya çıxır. İnsan ömrü nə qədər hesablamalarla, planlarla və rəqəmlərlə əhatə olunsa da, onun mahiyyəti son nəticədə ölçüyəgəlməz olaraq qalır. Qəhrəman bütün əsər boyu həyatın düsturunu axtarır, lakin anlayır ki, insan taleyi heç bir formulun həll edə bilməyəcəyi qədər mürəkkəbdir.

Povestin sonunda bütün hesablar bir nöqtəyə gəlib çıxır. Həndəsədə nöqtənin ölçüsü yoxdur, amma bütün xətlər onunla başlayır və onunla tamamlanır. İnsan həyatı da buna bənzəyir. Nə qədər uzun, mürəkkəb və dolaşıq görünsə də, sonda bir nöqtədə yekunlaşır. “Labirint” bu mənada insan ömrünün riyazi paradoksudur: insan həyat boyu saysız-hesabsız hesablamalar aparır, lakin ən vacib nəticəni yalnız yolun sonuna yaxın anlayır.

***

“Labirint”i oxuyub başa vurduqdan sonra insanın yaddaşında konkret hadisələrdən çox, düşüncələr qalır. Bu, hər əsərin nəsib olmadığı bir uğurdur. Çünki yaxşı əsər oxucuya məlumat vermir, onu düşündürür. İmamverdi İsmayılovun povesti də məhz belə əsərlərdəndir.

Müasir Azərbaycan nəsrində insanın daxili aləminə bu qədər dərindən enən, ölüm, tənhalıq, yaddaş, vicdan və yaşamaq kimi əbədi mövzuları bu qədər səmimi və təbii şəkildə qələmə alan əsərlərə tez-tez rast gəlinmir. “Labirint” bu baxımdan həm də insan ruhunun bədii portretidir.

İmamverdi İsmayılov bu əsərdə sadəcə bir qəhrəmanın taleyini göstərmir. O, müasir insanın mənəvi vəziyyətini, daxili təlatümlərini, qorxularını və ümidlərini ədəbiyyatın dilinə çevirir. Onun yaratdığı adsız qəhrəman konkret bir şəxs olmaqdan çıxaraq hər birimizin daxilində yaşayan sualların daşıyıcısına çevrilir.

Təsadüfi deyil ki, “Labirint” haqqında düşünərkən insanın yadına əsərin süjetindən daha çox onun yaratdığı ovqat düşür. Oxucu povesti oxuyub bitirdikdən sonra da qəhrəmanın sualları onunla birlikdə yaşayır. Bu isə həqiqi ədəbiyyatın ən mühüm əlamətlərindən biridir.

İmamverdi İsmayılovun yaradıcılığında “Labirint” insanın öz daxilinə doğru etdiyi çətin səfərin bədii salnaməsi kimi yadda qalır. Bu əsər oxucuya hazır cavablar vermir. Əksinə, onu öz həyatı, öz seçimi və öz labirinti haqqında düşünməyə məcbur edir. Bəlkə də povestin ən böyük uğuru elə budur.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

 

Cümə, 12 İyun 2026 10:43

Antidepressant kitab

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

İstedadlı yazıçı, publisist, şair Aysel Əlizadənin “Qanun” nəşriyyatında işıq üzü görən “Xoşbəxtlik haqqında” kitabı həm də antidepressantdır.

Bu sadəcə bir kitab deyil, özünü qaranlıqda hiss edən insanın qaranlıqdan işığa doğru yolunun  bələdçisidir.

 

Bu sözləri şair-publisist Kamalə Abiyevaya məxsusdur, o, kitabın redaktorudur.

Kitab “Adam həmişə xoşbəxt ola bilməz. Xoşbəxtlik ötəridir-deyirlər. İlahi! Niyə “bədbəxtlik ötəridir”demirlər?”-sualını cavablandırmağa kömək edir.
Avtobioqrafik, psixoloji publisistika janrında olan “Xoşbəxtlik haqqında”- antidepressant kitabının üz qabığının dizaynı rəssam-dizayner Günel Dənizə, mətn dizaynı Günay Seyidovaya məxsusdur.

Korrektor Aygül Yelmarlıdır.   

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)                       

 

 

“Ədəbiyyat və incəsənət” portalının “İsti-isti” rubrikasında sizlərə yeni, mürəkkəbi hələ qurumamış şeirlər təqdim edirik. Bu dəfə sizlərə Türkiyədə yaşayıb yaradan Həyat Şəminin “De ki mübarək olsun” şeiri təqdim edilir. Şeirin yazılma tarixi 9 iyun 2026-cı ildir.

 

 

HƏYAT ŞƏMİ

DE Kİ MÜBARƏK OLSUN

 

Şeir yüklü ürəyim,

Yükün mübarək olsun,

Ağırlaşıb daşırsan,

Çəkin mübarək olsun.

 

Hər kəsdən qoca sözdü,

Səs daxma, baca sözdü,

Enən ipucu sözdü-

Çəkim, mübarək olsun...

 

Yer fani sığınacaq,

Ömür son dayanacaq,

Yerimdə söz qalacaq -

Töküm, mübarək olsun!

 

Söz içində bişirəm,

Toxum kimi şişirəm,

Xam torpaqdı ağ sinəm,

Əkim, mübarək olsun.

 

Sözə ərk eləyirəm,

Ərki bərk eləyirəm...

Rəbbim, dərk eləyirəm -

De ki mübarək olsun.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

Cümə, 12 İyun 2026 11:00

Yaxın görünən uzaqlıq

 

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

 

Bir neçə gün bundan əvvəl səmada ecazkar astronomik hadisə insanların diqqətini cəlb etdi, əminəm ki, mənim kimi bir çox yaradıcıların bu mənzərə qarşısında təxəyyülləri danışdı. İki planet - Venera və Yupiter arasında yüz milyonlarla kilometr məsafə olsa da, onları bir-birinə yaxın görürdük. Kainat bizə sanki nağıl söyləyirdi: Biri var, biri yox...

 

Biz onları yaxın - mehriban görürdük, amma onlar heç də yaxın deyildi. Amma bu nağılda bir gerçəklik gizlənirdi.

Bəzən bir dam altında yaşayan iki nəfər "yaxın" görünür, elə səmanın nümayiş etdirdiyi optik illüziya kimi.

Lakin əslində onların hər biri bir planetin "sakinidir".

Ayrı-ayrı qatarların sərnişini, ayrı-ayrı şəhərlərin sakini.

Qoşa addımlasalar da, yolları ayrıdır, ruhları da barışmır.

Uzaqdan, xoşbəxt, daxilən isə dünyanın ən bədbəxt sakinləridir.

Bir düşünün, biri yazdırsa, biri payızdır.

Yazın al-əlvan çiçəklərini payız öz soyuq nəfəsi ilə xəzələ çevirir.

Biri yaydırsa, biri qışdır.

Qış acımadan isti qəlbi buza döndərir -döyünmə-söyləyir.

Biri sevincdir, biri kədər.

Biri gecə, biri gündüz.

Bəs bunun əksini necə düşünürsünüz?

Yəni aralarında böyük məsafə olsa da, görünməz tellərlə bağlı olanların cazibəsini.

Bu böyük məsafə o cazibəni məhv edə bilmir.

Ruhlar eyni, istək eyni, xəyal eyni.

Niyyət eyni, duyğu eyni.

Bölünmüş ruh parçaları, bu parçalar birləşməsə də, vəhdəti hiss edir. Fəsillərin, ayların, illərin gücü çatmaz bu ruhları yadlaşdırmağa.

O doğmalıq, o bağlılıq əbədi sədaqət andına həmişə sadiqdir.

Onların görüş yeri yağış damlalarındadır. Onların görüş yeri aşiqlərin göz yaşlarındadır, onların görüş yeri üfüq xəttindədir.

Fiziki var olan hər şeyin sonu var, amma sevən ruhun işığı zamanın fövqündə yaşayar!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Poeziyamızın günəşi – Səməd Vurğun” adlı ədəbi-bədii gecə keçirilib.

 

Tədbirdə Oğuz rayonunun şair və yazarları, ziyalılar, kitabxana əməkdaşları və fəal oxucular, məktəblilər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də böyük şairin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı müstəsna xidmətlərindən, yaradıcılığının milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan bəhs ediblər.

Tədbir çərçivəsində şairin həyat və yaradıcılığını əks etdirən kitab və foto sərgisinə baxılıb. Daha sonra iştirakçılara Səməd Vurğunun zəngin ədəbi irsini əks etdirən ədəbi-bədii kompozisiya təqdim olunub, şairin vətənpərvərlik mövzusunda şeirləri səsləndirilib, sözlərinə yazılan musiqi nömrələri ifa edilib.

Tədbirin əsas məqsədinin gənc nəslə milli-mənəvi dəyərlərimizi aşılamaq, klassik ədəbi irsimizi təbliğ etmək və böyük söz ustadının yaradıcılığını geniş oxucu kütləsinə tanıtmaq olduğu vurğulanıb.

Sonda kitabxana fəaliyyətində fəal iştirak edən kitabxanaçılara və tədbirdə maraqlı çıxışları ilə fərqlənən fəal oxuculara Oğuz rayon MKS-nin rəhbərliyi tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

 

 

                                                                          

 

 

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

-Yaradıcılığınıza aid bir sıra əsərləri gözdən keçirdikdə pessimist əhval-ruhiyyə hiss etdik. Bu nə ilə bağlıdır?

-Deməzdim, çünki siz bütün əsərlərimə təbii ki, baxa bilməmisiniz. Ancaq yaradıcılıq prosesində əhval-ruhiyyə də öz təsirini təbii ki, göstərir. Ovqatdan asılıdır.

Bir müsahibədən.

 

Azərbaycan Respublikasının xalq rəssamı Xanlar Əhmədov 12 iyun 1946-ci ildə Bakıda anadan olub. Əsasən dəzgah və monumental heykəltaraşlıq sahəsində işləyən rəssam bir sıra məşhur monumental layihələrin müəllifidir. Xocalı faciəsini əks etdirən silsilə əsərlərini yaradıb.

Bu cür heykəltaraşlıq və qrafika əsərləri sırasında "Nalə", "Ana körpəsi ilə", "Yanmış qadın", "Ata fəryadı", "Fikir", "Ana", "Tomris ana", "Soyunan", "Leyli və Məcnun", "Əzmkarlıq" əsərlərini misal çəkmək olar. Azadlıq prospekti metrostansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Həmçinin, metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri yaradıb.

 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib. Bir sıra əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Onunəsərlərisırasındabirsıragörkəmli şəxsiyyətlərinevmuzeyləri üçünhazırladığı xatirə lövhələridə çoxdur. H.Cavidə həsretdiyiev-muzeyiningiriş qapısı önündəkikompozisiyalı qorelyefgörkəmlisənətkarındahisözustasınaməhəbbətinintəzahürüdür. Bundanbaşqa Ə.Əzimzadə, H.Cavid, C.Cabbarlı, Q.Xalıqov, S.Bəhlulzadə kimisənətnəhənglərininxatirə lövhələridə Xhmədovungərginəməyininməhsuludur.

 

 

Mükafatları

"Humay" mükafatı

Azərbaycan Respublikasının əməkdar rəssamı

 

X.Əhmədovun maraqlı işləri sırasında “Azadlıq prospekti” metrostansiyasının foyesini də misal göstərmək olar: “Bu il mən Arif Qazıyev və qardaşım Zakir Əhmədovla birgə “Azadlıq prospekti” metrostansiyası ilə bağlı sifariş işlərini yerinə yetirdik. Orda çox böyük həcmli relyef əsərlər var. Metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri biz hazırlamışıq”, -deyir rəssam.

Qayıdaq müsahibələrə.

DAŞKƏND BARƏDƏ

-Siz bir müddət təhsilinizi Daşkənddə davam etdirmisiniz. Bilirik ki, bir çox hallarda o dövrdə sənət adamları Moskva mühitində təhsilə önəm verirdi. Bəs siz nə üçün Daşkəndi seçdiniz?

-Mən uşaq yaşlarımdan ürək ağrıları və revmatizmadan əziyyət çəkirdim. Ona görə də mənim orqanizmim Rusiya iqliminə uyğunlaşa bilmirdi. Həkimlərin məsləhəti ilə mən təhsilimi Daşkənddə davam etdirdim. Bəxtimdən orada müəllimlərimizn əksəriyyəti Pribaltika ölkələrindən, həmçinin Moskva və Leninqraddan idi.

Məkanı nəzərə almasaq, mən elə Moskva təhsili almışam. Mən orada təhsilimi bitirdikdən sonra Bakıya gəldim. Burada SSRİ Rəssamlar İttifaqının nəzdində aspirantura təhsili vardı. Burda Ömər Eldarovun rəhbərliyi altında həmin aspiranturanı da bitirdim. Bu, birbaşa Moskva ilə bağlı bir təhsil prosesi idi.

-Daşkənd mühiti sizə nə verdi?

-Dil və mühit mənə yaxın idi. Bundan başqa bu mühit Şərq arxitektura sənətini təlqin edirdi. Müəllimlərimin Rusiyadan olması da bu mühitlə gözəl bir tandem yaratmışdı. Şimal və Şərq mühiti birgə mənə çox gözəl təsir edirdi.

SƏRGİLƏR BARƏDƏ

-Rəssamlar daha çox Avropada sərgi keçirməyə can atırlar. Bəs Xanlar Əhmədov üçün bu nə dərəcədə əhəmiyyətlidir?

-Rəssam üçün adi balaca bir kafedə belə sərgi keçirmək önəmli bir hadisədir. Harada nümayiş olunmasından asılı olmayaraq əgər rəssam öz əsərlərini camaata sərgiləyirsə, bu böyük bir qəhrəmanlıq tələb edir. Yəni biri var bir əsərlə çıxış edirsən, biri də var ki, sən fərdi sərgi keçirirsən. Əlbəttə, Şərqlə Qərbin bir az fərqli cəhətləri var.

Mən Qərb ölkələrində demək olar ki, tək-tək əsərlərlə çıxış etmişəm. Bilirsiniz ki, Avropada sərgi keçirmək çox bahalıdır. Mən istənilən ölkədə Azərbaycanı layiqincə təmsil etməyə can atıram. Sərginin harada keçirilməsindən asılı olmayaraq, çalışıram bilinsin ki, nümayiş olunan əsərlər Azərbaycan heykəltəraşına məxsusdur. Yəni məni heç kimlə səhv salmasınlar. Bu mənim iş prinsipimdə ən başlıca məqsəddir.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

2 -dən səhifə 2936

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.